Super User
Moskvada “IRS-Naslediye” jurnalının növbəti sayı işıq üzü görüb
Moskvada “IRS-Naslediye” jurnalının növbəti sayı işıq üzü görüb.
Nəşrin bu sayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Baş redaktor Musa Mərcanlı öz yazısında 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini oxuculara xatırladır.
Nəşrin bu sayında tarixçi alim Eldar Abbasovun sovet dövrünün sonunda erməni millətçilərinin Heydər Əliyevə hücumları ilə bağlı materialının son hissəsi dərc edilib. Məqalədə qeyd olunur ki, Heydər Əliyevin 1987-ci ildə SSRİ-də faktiki olaraq bu ali hakimiyyət orqanı daxilindəki qruplar arasında siyasi mübarizə nəticəsində Sov. İKP MK-nın Siyasi Bürosundan istefasından qısa müddət sonra erməni millətçiləri Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıcı olan separatçı hərəkata başladılar.
“IRS-Naslediye” jurnalının bu sayında tarix elmləri doktoru Emin Şıxəliyevin İranda ruhani rejimi, bu rejimin Ermənistanla əməkdaşlığı genişləndirmək siyasəti haqqında məqalə təqdim olunub.
Nəşrin digər materialları arasında sovet kosmonavtikasının çoxillik rəhbəri, “tamamilə məxfi” general Kərim Kərimova həsr olunmuş məqalə oxucunun diqqətini çəkir.
Tarix elmləri doktoru Georgi Mamuliyanın Azərbaycan diplomatiyası tarixinin mühüm səhifələrinə həsr olunmuş məqaləsinin birinci hissəsi tarixsevərlərin diqqətini cəlb edəcək. Filologiya elmləri doktoru Əbuzər Bağırov yazıçı Əbülhəsən Ələkbərzadədən bəhs edir.
Həmişə olduğu kimi, nömrədə jurnalın ənənəvi rubrikalarının materialları təqdim olunur. “Foto-irs” rubrikasında Heydər Əliyev şəxsiyyətinin Azərbaycan foto sənətində əks olunması haqqında material yerləşdirilib. Ümumilikdə, nəşrin bu sayı oxuculara Azərbaycan haqqında bilikləri genişləndirmək üçün yeni imkanlar təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
“Qızıl şah, qızıl yüzlük” kulinariya çempionatına az qaldı
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş milli kulinariya çempionatı keçiriləcək. Çempionatın keçirilmə tarixi mayın 17-dən 19-dəkdir, ünvan “Bakı Ekspo Mərkəzi”dir.
“InterFood Azerbaijan 2023” beynəlxalq sərgi çərçivəsində keçiriləcək çempionat komandalar və ayrı-ayrı şəxslərə öz sahəsində yüksək peşəkarlıq səviyyəsini, istedad və dünya miqyasında mehmanxana-restoran biznesinin tələblərinə uyğun olmaq istəyini nümayiş etdirməyə imkan verir.
Çempionat Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Worldchefs), Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi ilə birgə təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Anar – “Qalib gəldi, qalib getdi”
“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Ümummilli lider Heydər əliyevdən bəhs edən “Qalib gəldi, qalib getdi” essesinin təqdim edir. Bu esse 16 dekabr, 2003-cü ildə yazılıb.
ANAR
Xalq yazıçısı
QALİB GƏLDİ, QALİB GETDİ
Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətinin yaxşılaşdığını, tezliklə geri dönəcəyini eşitsək də, nigarançılığımız səngimirdi. Onun xəstə çağının görüntülərinin – kino-video kadrlarının, adicə fotolarının meydana çıxmamasını başa düşürdüm, çünki xasiyyətinə az-çox bələd idim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-ni ötmüş bir insanın vücudunda da, sifətində də, təbii ki, bir üzgünlük, zəiflik seziləcəkdi. Heydər Əliyev dostlarına da, düşmənlərinə də, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cür razı olmazdı. O, yaddaşlarda həmişəki kimi şax yerişli, məğrur duruşlu, xoş sifətli, gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insan kimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. Bu günlərdə müxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız rəsmi surətini yox, çox təbii, çox səmimi, çox insani cəhətlərini də gördük, şux zarafatlarını da eşitdik, dalğınlıq anlarının, qəmli-qüssəli məqamlarının, musiqidən təsirlənib gözlərinin yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da indi ayrı gözlə baxırıq. Neçə ayın həyəcanları, təlaşları içində bir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün Bakı hava limanında uçaqdan enib üstünə yüyürən jurnalistlərə təbəssümlə baxaraq: – mətbuat səhifələrində məni neçə dəfə dəfn etmisiniz? – deyəcəkdi – görürsünüz ki, sağ-salamatam – deyəcəkdi.
Dekabrın 12-dən 13-nə keçən məşum gecə ümidlərimiz puç oldu. ANS televiziyası qara xəbəri bütün Azərbaycana yaydı, xalqımız yetim qaldı. İlham Əliyev və Sevil xanım atalarını, Azərbaycan böyük oğlunu, mən isə çox doğma, çox yaxın, çox əziz adamımı itirdim.
Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə də yaş fərqi, ictimai mövqe etibarı ilə dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini və qayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə məndən ona pis niyyətlə deyənlər də az olmayıb. Yazıçıların XX qurultayında çıxış edərkən özü bu barədə danışdı. Amma onu da bilirəm ki, bütün bu donoslar mənə olan münasibətinə zərrə qədər də təsir etmirdi və edə də bilməzdi. Çünki insan sərrafı idi. Və kimin kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalı sözləri də gerçək əməllərdən seçib ayırırdı. Elə adamlar var ki, özləri lakey xislətli ola-ola, özgəsinin səmimi hisslərinə heç cür inana bilmir. İnana bilmirlər ki, sevgi təmənnasız da ola bilər, hörmət qarşılıqlı da ola bilər. Mənim heç bir vəzifə sahibindən heç vaxt şəxsi umacağım olmayıb. Və Heydər Əliyev iş başında olanda da, olmayanda da ona eyni hörmət və rəğbət hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusu deyə bilməmişəm, təmtəraqlı, gurultulu sözlərlə ifadə etməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. Halbuki, Heydər Əliyevin mənim haqqımda, ayrı-ayrı əsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. Yalnız bir dəfə 75 illiyində "Oqonyok" jurnalının sifarişi ilə onun barəsində "Şəxsiyyətin miqyası" adlı ayrıca bir məqalə yazmışdım.
İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim yazdığımdan da böyük olduğunu etiraf edirəm. Və şübhə etmirəm ki, illər ötdükcə bu miqyasların çox-çox daha böyük olduğunu da dərk edəcəyik.
Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində və Şanxayda, Alma-atıda, Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, ya küçələrdə adi adamlarla görüşlərində onu yaxından müşahidə etmək imkanım olub. Saysız-hesabsız toplantılarda, yubileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm.
İndi mənim bu böyük insanın xatirəsi qarşısında borcum – hafizəmdə və kağız üzərində qalmış bütün təfərrüatları, uzun illər müşahidə etdiklərimi və məhrəm söhbətlərimizin tam mətnini, eləcə də Heydər Əliyev fenomeni haqqında düşündüklərimi iri bir yazı şəklində qələmə almaqdır və mən mütləq bunu edəcəm.
Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə Heydər Əliyev taleyinin yalnız bir əsas cəhəti üstündə durmaq istəyirəm. Zənnimcə, Heydər Əliyev bu dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi.
O heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qabağından qaçmazdı. Ən qorxulu vəziyyətlərdən belə zəfər çalaraq çıxardı. Xalq Cəbhəsi hakimiyyətdə olan vaxt rus qoşunlarının Azərbaycandan çıxarılmasını böyük tarixi uğur hesab edirlər. Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlər korpusunun əsasını axı Heydər Əliyev çox-çox qabaqlar Sovet dönəmində Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçə gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu.
Sirr deyil ki, sovet dövründə Azərbaycanın hərbi çağırışçıları orduda ya tikinti batalyonunda, ya mətbəxdə işlədilirdilər. Böyük əhəmiyyətini yalnız 15-20 il sonra Qarabağ davası başlananda tam dərk etdiyimiz bu iş – milli hərbi kadrların yetişdirilməsi – sovet ehkamları üzərində qələbə idi. Azərbaycanı yalnız xammal ərazisi kimi görmək istəyənlərə qarşı – ən yeni sənaye ocaqlarının qurulması – SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlməkdi. 37-ci ilin milyonlarla repressiya qurbanlarından yalnız birinin – böyük Hüseyn Cavidin nəşinin tapılıb vətənə gətirilməsi hələ də zehinlərdə hökm sürən Stalin buzlaqlarının əridilməsi deməkdi. Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq mükafatlarına, təltiflərinə nail olması yalnız o konkret şəxslərin deyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanın nüfuzunu ucaltmaqdı. Bütün bunlar – Heydər Əliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin, uzaqgörənliyinin qələbəsi idi.
Və bütün bunlar bədnam qonşularımızı qıcıqlandırır, qızışdırır, qəzəbləndirir, yuxularını qaçırırdı.
Moskvaya, mərkəzi dairələrə donos donos dalınca gedirdi. – "Heydər Əliyev Naxçıvanı ermənilərdən təmizlədi, indi də Qarabağı təmizləmək niyyətindədir" – donosların əsas mövzusu bu idi.
Heydər Əliyev bunu bilirdi. Və bunu bilə-bilə məhəl qoymurdu. Brejnevlə xoş münasibətlərinin bir səbəbi də özünü və xalqını, respublikasını mikoyanlardan, baqramyanlardan və onların tör-töküntülərindən sığorta etmək idi.
Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə iki heykəlin – Nelson Stepanyanın və Tevosyanın büstləri olduğunu mən yaxşı xatırlayıram. Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi olduğu illərdə Dağlıq Qarabağda erməni millətçiliyi meyillərinə qarşı çıxarılmış partiya qərarı da yadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyi meyillərinə qarşı bu kəskinlikdə partiya qərarı qəbul olunub.
Bütün bunlara rəğmən, Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına da layiq görülür, Siyasi Büronun tərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın, neyləsin? Məni isə yandırıb-yaxan odur ki, Heydər Əliyev haqqında Moskvaya gedən donosların böyük bir qismi elə onun öz vətənindən, Azərbaycandan gedirdi. Onun öz soydaşları, azərbaycanlılar verirdilər bu donosları.
Səd heyif ki, yalnız ermənilərin deyil, bəzi "özümüzünkülərin" də Heydər Əliyevə bu bədxah münasibəti bizim günlərdə, müstəqillik dövründə də davam edir. Heydər Əliyev ermənilərlə mübarizə aparırdı, "özümüzünkülər" isə onun özüylə. Bu nə milli şakərimizdir belə, anlaya bilmirəm. Azərbaycanın hər hansı bir görkəmli övladı – istər siyasət sahəsində olsun, istər elm, sənət, ədəbiyyat – xalqına şöhrət gətirirsə, ölkəmizin sərhədlərindən kənarda ad qazanırsa, millətin beynəlxalq aləmdə layiqincə təmsil edirsə – həmin elə bu xalqın, bu millətin bir para insanları ona qənim kəsilir.
1987-ci ildə ermənilərin, erməni dairələrinin güclü təsiri altında olan Qorbaçovun birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə sonra isə adıbədnam akademik Aqanbekyan Parisdə Qarabağ kompaniyasına start verdi.
H.Əliyev istefaya göndərildi, ailə üzvləri basqılara məruz qaldı, Moskva qəzetlərində böhtanlar, iftiralar dərc olundu, barəsində cinayət işi açmaq üçün qurdalanmağa başladılar. Təkləndiyi, yaxşılıq etdiyi adamların çoxunun dönük çıxdığı (bu da milli şakərimizdi?) bir məqamda Heydər Əliyev heç nədən və heç kəsdən qorxub-çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlir, 90-cı ilin qara Yanvarını lənətlə damğalayır, bütün dünya mətbuatı qarşısında Qorbaçovu ittiham edirdi. Bu da onun qələbəsi idi.
O vaxt Moskvada Heydər Əliyevə telefon etmişdim. Moskva mətbuatındakı iftira dolu yazılardan ürək ağrısıyla danışırdı. – Belə yazılara fikir verməyin, – dedim – Siz tarixi şəxsiyyətsiniz və bunu hamı bilir.
Bu telefon söhbətinin bir başqa vacib məqamı və nəticələri haqqında gələcəkdə ətraflı yazacam. İndi isə ancaq onu deyim ki, bu söhbətdən Heydər Əliyevin daha Moskvada qalmaq, orada yaşamaq istəmədiyini başa düşdüm.
Əfsuslar olsun ki, Heydər Əliyevə nəinki Moskvada, heç Bakıda da yaşamağa imkan vermədilər. Tikilib qurulmasında bu qədər böyük zəhməti olan adama Bakıda bir mənzil də tapılmadı, doğulduğu yerə – Naxçıvana getməli oldu. Soyuq, şaxtalı, yanacaqsız Naxçıvan qışında ətrafındakı etibarlı insanlara – "ölsək də, bir yerdə öləcəyik, qalsaq da, bir yerdə qalacayıq" – dedi. İlk baxışda belə görünə bilərdi ki, siyasi karyerası bitmiş Heydər Əliyev, axır ki, məğlub edilib. Belə amansızlıqlarla üzləşmiş, belə dözülməz şəraitə düşmüş başqa birisi, bəlkə də, məğlub olardı. Hər hansı başqa birisi. Heydər Əliyev yox.
Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu, indi SSRİ-nin ilk və son prezidenti vaxtını öldürmək üçün radioda uşaq nağıllarını səsləndirir və cibini doldurmaq üçün Makdonaldsı reklam edir. Heydər Əliyev isə XX əsrdə müstəqilliyini ikinci dəfə qazanmış milli dövlətinin düz on il ərzində prezidenti oldu. Özü də elə bir prezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlət başçısıyla ən böyük məmləkətlərin rəhbərləri hesablaşırdı. Kim qalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıq etdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqda olan ölkəsini xilas edən, sonrakı çevriliş cəhdlərinin qarşısını alan, bir gecə yarısı televiziya çıxışı ilə prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?
Bəziləri Heydər Əliyevi atəşkəs sazişinə görə suçlayır, Qarabağ problemini həll etməməkdə təqsirləndirirlər.
Azərbaycanın hələ güclü ordusu olmadığı bir vaxtda Bişkək protokolu imzalanmasaydı, rus ordusunun açıq və gizli dəstəyilə ermənilər gəlib Yevlaxa çatsaydılar, Azərbaycan və Gürcüstan arasında yeni bir işğal zonası yaransaydı və neft boru kəməri əbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar, görən, onda nə deyəcəkdi?
Qarabağ probleminin gec-tez həll olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal edilmiş torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma bu problemin nə qədər çətin olduğunu da aydın dərk edirəm. Postsovet məkanının bu səpkili hansı problemi həll olunub - Moldova-Dnestrbasar problemi? Gürcüstanın Abxaziya, Cənubi Osetiya, indi də Acarıstan problemi? Və nəhayət, Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən İsrail-Fələstin qarşıdurmasını demirəm. – Siyasət – mümkün olana əsaslanmaq sənətidir – deyiblər. Hər halda, Qarabağla bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında Heydər Əliyev Azərbaycanın mənafeyinə zidd olan heç bir güzəştə getmədi. Və siyasətin mümkün olan əsasları baxımından bu da qələbə idi.
2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi başa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qabırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sözünə davam edir. Bir də yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində qələbə idi.
Şayiələr, dedi-qodular, ara söhbətlərinə əsaslanaraq insanı diri-diri basdıranlar, görəsən, öz yazdıqlarına inanırdımı? Türkiyə və Amerika kimi açıq ölkələrdə məşhur siyasi xadimin, ölkə başçısının ölümünün aylarla gizlin saxlanmasına kim inanar? Və əgər bunu yazanların özləri inanmırsa, oxucularını niyə ağılsız sayırlar?
Heydər Əliyev, həqiqətən, dünyasını dəyişən gün "biz bunu hələ dörd ay bundan qabaq xəbər vermişdik" deyə yazanlar özlərini nə qədər gülünc vəziyyətə saldıqlarını dərk edirlərmi?
Ucuz mətbuat şoularına Heydər Əliyev bu mənhus xəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşamasıyla, xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, prezident seçkilərində iştirakı və vaxtlı-vaxtında namizədlikdən imtina etməsiylə, seçkiləri izləməsi və nəticələrindən arxayın olmasıyla qələbə çaldı. Bəlkə də, bu gün yeganə təsəllimiz odur ki, prezidentimiz dövlətinin taleyindən arxayın getdi.
Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.
Heç kəsin xidmətini danmadan müstəqil Azərbaycanın qorunmasında, qurulmasında və yaşamasında Heydər Əliyevin müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab atanlar isə liliputlardır.
Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar unudulub gedəcək, Heydər Əliyevin möhkəmləndirdiyi, inkişaf etdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı təmin olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət partiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölüm hökmsüz, sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycan qalacaq. Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanı daha da gözəl, firavan, daha əzəmətli və daha ədalətli ola bilər və olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər qüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əl-ayağa dolaşanlara rəğmən, çətin doğulan əsər kimi yaratdı. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, dartışmalar, toqquşmalar xalqın taleyi qarşısında çox cılız görünür, bunlar böyük tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələrdir.
Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə bir dəfə qismət olan nadir şəxsiyyət idi. Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir-desin, nə yazır-yazsın, qalib gəldi, qalib getdi.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
V Milli Kitab Sərgisi keçiriləcək
27 may – 4 iyun tarixlərində İçərişəhərdə V Milli Kitab Sərgisi keçiriləcək.
İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi və müstəqil nəşriyyatların iştirakı ilə keçirilən sərgi Qoşa Qala qapısından Həsən bəy Zərdabi heykəlinə qədər olan geniş meydanı əhatə edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Təşkilat Komitəsinə istinadən xəbər verir ki, sərgi çərçivəsində təqdimatlar, müzakirələr, panellər, görüşlər və imza günləri keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi və Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarına veriləcək.
Bəzi tədbirlər isə qədim şəhərin müxtəlif məkanlarında, açıq havada keçiriləcək.
Oxucular kitabları müxtəlif endirimlərlə əldə etmək imkanı qazanacaqlar.
Sərgidə tanınmış xarici yazıçıların da iştirakı gözlənilir.
Tədbirin proqramı barədə geniş məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub
Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.
AzərTAC xəbər verir ki, filmin nümayişində dövlət və hökumət rəsmiləri, hazırda Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.
Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunub. Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin çıxışları əsasında onun siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.
Filmdə Ümummilli Liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasətdən bəhs olunur. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz illik işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Naxçıvanda böyük kitab bayramı keçiriləcək
Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının Sərginin Təşkilat Komitəsindən aldığı məlumata görə,
sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.
Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı və Varisin, tanınmış şair Rüstəm Behrudinin, habelə uşaq yazıçısı Zahid Xəlilin imza mərasimləri baş tutacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.
Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.
Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.
Qeyd edək ki, “Naxçıvan” Universitetinin həyətində baş tutacaq sərgi hər gün 10:00-dan 20:00-a qədər davam edəcək.
Əziz naxçıvanlılar, hamınızı sərgiyə dəvət edirik!
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Tom Piters, «Özünü brendə çevir»
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
1-3-cü yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 4-cü yerlə tanış olun.
1.Entoni Robbins. «Özündə nəhəngi oyat»
2.Robin Şarma. «Titulsuz lider»
3.Bodo Şefer. «Qaliblərin qanunları»
----------------------------
4.Tom Piters. «Özünü brendə çevir»
Tom Pitersin bu bestsellerində keçid dövrünü necə keçirmək qaydaları, «uğura döğru yolda müvəffəqiyyətə necə köklənməli», «xaraktercə və fiziki cəhətdən necə güclənməli» kimi sualların cavabları verilib. Tom Piters bəyan edir ki, get-gedə cəmiyyətlər dəyişəcək, ağ yaxalıqlı ofis və idarə işçilərinə bir azdan ehtiyac qalmayacaq, fərdin çəkisi artacaq, fərdçilik meydan sulayacaq, bu səbəbdən də fərd olaraq hər bir kəs özünü gələcəyə hazırlamaqçün bir brendə çevirməlidir.
Tom Pitersin devizi də maraqlıdır: «Aylıq əməkhaqqına güvənib düşünmə, qazanacağın günəmuzda güvənib düşün!»
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti olub.
AzərTAC xəbər verir ki, qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış edib.
Konsert çərçivəsində “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiya, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları təqdim edilib.
Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatıb.
Maraqla qarşılanan konsert proqramından sonra Xalq artisti Hacı İsmayılov təəssüratlarını bizimlə bölüşüb: “Hər dəfə Şuşada, Cıdır düzündə olanda elə bilirəm bu yerlərə ilk dəfə gəlirəm. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi festivallarında 3-cü dəfədir iştirak edirəm. Hər il burada rəngarəng konsert proqramı ilə yanaşı, təbiətin də qəribəliyinin, fərqliliyinin şahidi oluruq. Sevindirici haldır ki, bu festivallar təkcə Azərbaycanın yox, bütün türk xalqlarının iştirakı ilə keçirilir. Bu da insanı mənən qürurlandırır. Bu festivalda iştirak etmək böyük xoşbəxtlikdir. Biz çox sevincliyik ki, nə yaxşı ki, Qarabağımız, Şuşamız işğaldan azad olunaraq belə gözəl günlərinə qovuşdu. Bu festivallar Azərbaycan xalqının yüksək mədəniyyətindən xəbər verir. Yüksək mədəniyyətə malik olan xalqlar daim inkişaf edəcək və yaşayacaq”.
Özbəkistanlı müğənni Gülçöhrə Ruzukulova ilk dəfədir ölkəmizdə olduğunu bildirərək deyib: “Belə bir gözəl, unudulmaz festivalda iştirakdan çox məmnunam. Çox gözəl və həyəcanlı atmosfer var. Şuşa kimi cənnət bir guşədə türkdilli xalqların bir yerdə öz mədəniyyətini, incəsənətini təqdim etməsi olduqca qürurvericidir. Bu, bizim birliyimizi daha da möhkəmləndirir. Özbəkistandan bura gəldiyimiz üçün çox xoşbəxtik. İlk dəfədir Şuşadayam və qismət olsa növbəti festivallarda da böyük həvəslə iştirak edəcəyəm”.
Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Elə budəfəki “Xarıbülbül” Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.
Qeyd edək ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-də yekunlaşacaq. Festivalın tədbirləri Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarını əhatə edir.
Festival günlərində Şuşanın müxtəlif məkanlarında ayrı-ayrı mövzular üzrə guşələr yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar edilir, sərgilər nümayiş olunur, konsert proqramları keçirilir.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Heydər Əliyev və Səməd Vurğun ocağı
“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı” məqaləsini təqdim edir. Burada Ümummilli liderin Səməd Vurğunun ailəsinə göstərdiyi diqqət və qayğı barədə söz açılır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, məlum olduğu kimi, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. Bunu Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər özü də təsdiq edirdi: Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam".
H.Əliyev çıxışında Yusif Səmədoğlunun ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı xidmətlərini, bir yazıçı kimi özünəməxsusluğunu yüksək dəyərləndirməklə yanaşı, onun Vurğun ocağına mənsubluğunu da xüsusi vurğulayır, deyirdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə, elə bu bəs olardı. Ancaq, bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir".
H.Əliyev çıxışının davamında yenə də ata ilə oğul arasında paralellər aparır: S.Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramınıı xatırladır. XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd Vurğunun xidmətlərinin böyüklüyü səbəbindən xalqın onu sağlığında da sevib ona sitayiş etdiyinə şahidlik edir. Əlavə edir: "İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə-sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində, müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün Səməd Vurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk. Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrik edirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçə nəsildən ibarətdir... Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış, böyümüş övladlar Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə, güman edirəm, onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir. Güman edirəm, bu, ən yüksək qiymətdir".
Göründüyü kimi, H.Əliyev Y.Səmədoğlunun ən böyük xüsusiyyəti və dəyərini onun "həm yaradıcılığı, həm ictimai-siyasi fəaliyyəti, həm də ziyalılığı ilə atasının adına layiq övlad" olmasında görür və onun atasının yolunu davam etdirməsini-ədəbi xələfi olmasını, hətta, qəhrəmanlıq sayır, deyir ki, atasının yolu ilə gedib, atasının ədəbi xələfi olaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir şərtdir, deyə bilərəm ki, böyük bir qəhrəmanlıqdır.
Bu yanaşma ulu öndərin, bir tərəfdən ustad şairin şəxsiyyəti və yaradıcılığına sevgisindən qaynaqlanırdısa, digər tərəfdən şairin övladlarının özlərinin yaradıcılığı, xalqa xidməti və şəxsiyyətləri ilə bağlı olmuşdur.
Ulu öndər paralelləri davam etdirir: Y.Səmədoğlunun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük ictimai-siyasi xadim" olduğunu da xatırladır və əlavə edir ki, Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir.
1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi vurğulayan H.Əliyev deyirdi: "Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusi qeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi o, həmin illərdə böyük rol oynadı və onun öz adı da, atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi".
H.Əliyev ardınca Moskvada təcrid olunmuş şəraitdə yaşadığı vaxt 1990-cı ilin qanlı yanvar gecəsini – Y.Səmədoğlunun "Azadlıq" radiosu ilə bağlı məlum çıxışını xatırladır. Əlavə edir ki, Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olub. Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycanda milli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarət olmuşdur. Bunların hamısına görə də, bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onun özünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdır və şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət və ehtiramım var"...
H.Əliyev çıxışının davamında S.Vurğunun şəxsiyyəti və yaradıcılığına, eləcə də ailəsinə olan hörmətinə görə onun ailəsindən də özünə qarşı həmişə hörmət və ehtiram gördüyünü diqqətə çatdırır, şairin ailəsi ilə görüşlərini özü üçün "ən əziz xatirələrdən" hesab edir və belə əziz xatirələrdən birini, eyni zamanda ibrətamiz bir hadisəni –1990-cı ildə Moskvadan qayıtdıqdan sonra Naxçıvanda təcrid olunmuş çox ağır şəraitdə yaşadığı vaxt yanına, gözləmədiyi halda Aybəniz Vurğunqızının gəldiyini xatırladır. Əvvəlcə Aybəniz xanımın kiminləsə işi olduğundan Naxçıvana gəldiyini güman edən Ümummilli liderə sonradan məlum olur ki, o, yalnız Ulu öndəri "görüb, salam vermək üçün" gəlib. H.Əliyevin yanına o vaxt çoxları getsə də, bu görüş onun üçün, özünün də etiraf etdiyi kimi, çox qiymətli olub: "Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağır şəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın yalnız mənə salam vermək, mənimlə görüşmək üçün gəlmişdir. Bu, məni həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkli insanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir...
Mən bu faktı yüksək qiymətləndirməyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, Səməd Vurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi bir-birimizə mehriban, sadiq olmağa dəvət edir".
H.Əliyev Aybəniz Vurğunqızının "yüksək keyfiyyətə malik bu nəcib hərəkəti"ndən digər insanların ibrət götürməsini də tövsiyə edir. O, şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında, eləcə də müstəqilliyimizin qazanılması sahəsində öz fəaliyyətlərini yüksək dəyərləndirməklə yanaşı, onların atalarından gələn genetik kodların (istedadın, cəsarətin, xeyirxahlığın, nəcibliyin) daşıyıcıları olduqlarını xatırlatmağı da lazım bilir...
Yeri gəlmişkən, xatırladaq ki, H.Əliyev S.Vurğunun ədəbi irsinə hörmətlə yanaşmaqla yanaşı, şairin ailə üzvlərini də daim diqqətində saxlamış, onların ağır günlərində yardımçısı olmuşdur. H.Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə şairin ailəsinin onun qayğı və diqqətini hiss etdiyini təsdiqləyən S.Vurğunun həyat yoldaşı Xavər xanım şairin ev-muzeyinin məhz H.Əliyevin təşəbbüsü ilə yaradıldığını, onun açılışdan qabaq muzeyə gəlib təmirlə maraqlandığını, şairin ailə üzvləri ilə görüşdüyünü, hər bir eksponatı diqqətlə nəzərdən keçirdiyini, muzeyin açılışına çox məşhur simaları dəvət etdiyini, şairin 70 illik yubileyini Bakıda və Moskvada təmtəraqla keçirdiyini, eləcə də 1996-cı ildə onun 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını, sərəncamdan sonra bütün bölgələrdə "Səməd Vurğun günləri" keçirildiyini, 1997-ci il martın 6-da, 1975-ci ildə olduğu kimi, muzeyə gəldiyini, o böyük şəxsiyyətin özünün də "Vurğun şeirlərinin vurğunu" olduğunu diqqətə çatdırır.
Yusif Səmədoğlunun ağır xəstəliyə düçar olduğu vaxtlarda H.Əliyevin əlindən gələni əsirgəmədiyi də Xavər xanımın xatirəsində yer alıb: "Mənim möhtərəm prezidentim Yusifi Bakıya qayıdandan sonra da (Almaniyada müayinədən qayıtdıqdan sonra-A.S.) nəzarəti altında saxlayırdı. Hətta xəstəxanada yatanda da ona baş çəkməyə getmişdi. Ona deyirdi ki, səninçün hər şey edəcəyəm. Moskvadan Yusifə baxmağa xüsusi həkim də gətirtmişdi. Mən hiss edirdim ki, o, mənim qayğıma bir qardaş kimi qalır. Yusifə həmin vaxt "Xalq yazıçısı" fəxri adı və "Şöhrət" ordeni də verdi. Vəfatından sonra da onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və məzarüstü abidəsinin düzəldilməsi barədə sərəncam verdi. Yusifə əsl ata qayğısı göstərdi. Heydər Əliyevin fərmanı ilə oğlum Vaqif Azərbaycanın "Xalq şairi", mən və qızım Aybəniz "Əməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görülmüşük. Mən belə bir dahini, belə bir qayğıkeş insanı necə unuda bilərəm"...
Şairlər özlərindən sonra bir "iz qoymaq" istəyi ilə yazıb yaradar-ömür xərcləyərlər... və "iz" adı altında da, təbii ki, əsərlərini ("əsər" sözünün mənası da elə "iz" deməkdir) nəzərdə tutarlar. Ustad şair və böyük şəxsiyyət Səməd Vurğun isə "iz qoymaq" seçiminə bir qədər fərqli yanaşıb: o, istiqbala (özündən sonraya-gələcəyə) əsərləri ilə yanaşı, övladlarını da (öz ifadəsi ilə desək, şöhrətini, heykəlini, adını yox) yadigar qoymaq istəyində olub. Bəlkə, şair övladlarının ədəbiyyat adamı olacaqlarını heç xəyalına da gətirməyib, onların sənətindən-peşəsindən asılı olmayaraq, zamanın sınağından üzüağ çıxmalarını, şərəfli ömür sürmələrini, vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. Lakin, zaman şairin arzusunu "korrektə edib". Tale elə gətirib ki, övladları (Yusif və Vaqif Səmədoğlular) atalarının həm "ədəbi xələfi"nə, həm də ictimai-siyasi sahədə davamçısına çevrilib. Başqa sözlə, şairin həm öz əsərləri zamanın sınağından üzüağ çıxıb-poetik düsturunu verdiyi azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən birinə çevrilmiş, həm də övladları atalarının yolunu (həm sənət, həm də ictimai-siyasi baxımdan) şərəflə davam etdirmişlər. Azərbaycanda ilk olaraq özünün layiq görüldüyü "Xalq şairi" fəxri adını (təbii ki, "Xalq yazıçısı" adı da eyni statusun daşıyıcısıdır) oğulları da ləyaqətlə daşımaqla yanaşı, müstəqilliyimizin qazanılmasında da yaxından iştirak etmişlər.
Beləliklə də ustad şairin arzusu çin olmuş – o, istiqbala, milli ədəbiyyatımıza və dövlətçiliyimizə "əsərləri və övladları ilə birlikdə" əvəzsiz xidmət göstərmişdir. Bu əvəzolunmaz xidmət isə məhz "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamış, əsərlərindən bəhrələnmiş, onlardan mənəvi qida almış, ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüş" Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində əsl qiymətini almışdır.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
“Xarıbülbül” festivalının qonaqları Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra bu gün açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Ulu Öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtı ilə Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.
Sərginin ekspozisiyasından aydın görünür ki, Ulu Öndər dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilir, böyük diqqət və qayğı göstərərək onun inkişafına çalışırdı. 1969-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgədəki həyatın bütün sahələrində geniş islahatlar həyata keçirməyə nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə “Ağdam–Xankəndi” dəmiryolunun açılışı oldu və istifadəyə verildi. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.
Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.
Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)