Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri yenidən sevilən şairimiz Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə ünlü şair “Özünü yüksəkdən atan qızcığaz” deyəcək.

 

 

Ölüm sərgisinə bir can çıxartdın…

Öldün, ölümü də haldan çıxartdın.

Bəlkə tanrı səni yoldan çıxartdı-

Özünü yüksəkdən  atan qızcığaz?!

 

Gəl, indi ovudaq bu boyda yası, 

Su da soyutmazmış… ay su sonası.

Nə azmış yer ilə göyün arası-

Özünü yüksəkdən atan qızcığaz…

 

Nəyi gözləyirdik, gör nəyi seçdin? 

Tanrının tikdiyi köynəyi seçdin…

Seçdin, ölməyə də göyləri seçdin,

Özünü yüksəkdən atan qızcığaz.

 

Bu gün gəlincikdin, sabah gəlindin,

Ölüm, canın yansın, gəlhagəlindi.

Bəlkə yaxamdakı sənin əlindi-

Özünü yüksəkdən atan qızcığaz?!

 

Həyat da quyuymuş-çoxmuş  qatları…

Hərdən düz yolda da dizin qatlanır.

Sən kimdən almışdın o qanadları- 

Özünü yüksəkdən atan qızcığaz?

 

Çapdı öz atını, şeytan düşmədi,

Meydana girmişdin, meydan düşmədi…

Hər şey bu dünyada göydəndüşmədi-

Özünü yüksəkdən atan qızcığaz…

 

Duz yükü  var imiş düz ilqarın da,

Rəngi qara oldu yerdə qarın da.

Bir kaman ağlayır yuxularımda 

Özünü yüksəkdən atan qızcığaz.

 

Kim səni yıxdı ki? niyə yıxıldın?

Bulud üstündəki şehə yıxıldın…

Göydən yıxılmadın, göyə yıxıldın,

Özünü yüksəkdən atan qızcığaz.

 

Səbəb soran olsa, “lalam “deyərsən.

O körpə oğluma “balam” deyərsən…

Məndən də tanrıya salam deyərsən-

Özünü yüksəkdən atan qızcığaz.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

“BN Team Orchestra” simfonik orkestri türk seriallarını xoşlayanlar üçün “Türk serialları dünyası” adlı unikal layihə hazırlayıb. Konsert mayın 23-də Heydər Əliyev Sarayında olacaq. 

 

“BN Team Orchestra” simfonik orkestri Qazaxıstanda müxtəlif janrlar üzrə ixtisaslaşan gənc və enerjili musiqiçi, aktyor və aktrisalardan ibarət yaradıcı və kreativ komandadır. 

Orkestr “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini toplayıb. Tamaşaçılar sevimli seriallardan ən yaxşı parçaları böyük ekranda da görəcəklər. 

Söhbət sadəcə serialları müşayiət edən musiqidən getmir. Bu musiqi ekran qəhrəmanlarının bütün iztirablarını tamaşaçıya çatdırır, onu kino aləminə aparır və həmişəlik yadda qalır. 

 

Konsertə getmək arzusunda olanlar biletləri şəhər kassalarında və iticket.az saytından ala bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

İctimai Televiziyanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşa prezidentim, yaşa!” mahnısının yeni versiyası və klipi 24 ildən sonra yenidən və daha təkmil formada çəkilərək, tamaşaçılara təqdim olunub.

 

İTV-dən verilən xəbərə görə, çəkilişlər Heydər Əliyev Mərkəzində aparılıb. 

Bu gündən efir vasitəsilə geniş ictimaiyyətə təqdim edilən və sosial şəbəkələrdə yayılan mahnının sözləri Xalq şairi Fikrət Qocaya, musiqisi “Rast” qrupunun rəhbəri, Əməkdar artist Rəşad Haşımova məxsusdur. Mahnının ərsəyə gəlməsində Xalq artistləri Samir Cəfərov, Teyyub Aslanov, Əməkdar artistlər Rəşad Haşımov, Lamiyə Haşımova, Xəyyam Nisanov, Fərid Əliyev, müğənnilər Zamiq Hüseynov, Mehin Hümbətova, Cəmilə Həşımova, Dilarə Kazımova iştirak ediblər. Təqdim olunan klipi qeyd olunan link https://www.youtube.com/watch?v=vjdsPzBJwYc vasitəsilə izləmək mümkündür.

Xatırladaq ki, vaxtilə Fikrət Qoca ölümlə üz-üzə qalarkən Ulu Öndər Heydər Əliyev ona köməklik etmiş, şairin təbirincə desək, ikinci həyat bəxş etmişdi. Heydər Əliyevin səhhətində problem yaranan zaman mərhum şair “Yaşa prezidentim, yaşa” şeirini yazmaqla, Ümummilli Liderə dayaq olmağa, dua etməyə çalışmışdı. Sonradan 1999-cu ildə mərhum Milli Məclisin deputatı, ictimai xadim Anar Məmmədxanovun ideyası ilə “Yaşa prezidentim, yaşa” mahnısı ərsəyə gətirildi. Ulu Öndər sağlığında bu mahnıdan çox məmnun olduğunu bildirmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

“Heydər Əliyev İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqünün inkişaf etdirilməsinə xidmət məqsədlə keçirilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.

 

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən festival müsabiqəsinin sərgiləri bu gündən - mayın 11-dən başlayaraq 12, 13 və 15-də Xətai Sənət Mərkəzində növbəli şəkildə təşkil olunacaq.

Əsərlər çərçivələnmiş formada və çərçivənin arxasında şəxsi məlumatlar qeyd olunmaqla Xətai Sənət Mərkəzinə təqdim edilməlidir.

Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 3000-dən çox əsər göndərilib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində təyin olunmuş bir vaxtda Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəlliminin nəzarəti altında rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əsəri sərgidə nümayiş olunan müəlliflər, həmçinin fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, sərgilənən əsərlərin arasından “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

Mədəniyyət Nazirliyinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin əməkdaşları Ulu Öndərin məzarı önünə tər çiçək dəstələri qoyub, Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Azərbaycanın yeni tarixinin bütöv bir qərinəsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, onun inkişafına, zəngin mədəni irsimizin, incəsənətimizin dünyada tanınması və təbliğinə hər zaman diqqət və qayğı göstərib. Bütün Azərbaycan xalqı kimi, mədəniyyət sahəsində çalışan insanlar da tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini daim ehtiramla yad edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ ÖZBƏKİSTANIN VƏ AZƏRBAYCANIN XALQ ARTİSTİ NƏSİBƏ ABDULLAYEVANIN PORTALIMIZA AÇIQLAMASI

 

Bu gün 100 illik yubileyi qeyd olunan ümummilli lider Heydər Əliyevi dünyanın hər yerində yaşayan  türklər də böyük iftixarla yad edirlər. Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva əməkdaşımız Aida Eyvazlı ilə söhbətində Heydər Əliyevlə bağlı çox maraqlı xatirələrini paylaşıb.

O deyib: “Özbəkistanda keçirilən türkdilli dövlətlərin prezidentlərinin görüşlərinin birində qonaqların şərəfinə verilən konsertdə  mən də çıxış edirdim. Həmin konsertdə özbək və Azərbaycan mahnılarını ifa etdim. Qonaqların şərəfinə verilən konsertdən sonra Türkdilli ölkələrin prezidentləri bizimlə ayrıca görüşdülər. Və hətta məni prezidentlərin oturduğu otağa dəvət etdilər. Prezidentlərdən biri rəhmətlik İslam Kərimova dedi ki, Nəsibə xanımı göndərin, bizim də ölkəmizdə konsert proqramı versin. Özbəkistan prezidenti İslam Kərimov isə ata mehri ilə mənim çiynimdən tutatraq belə cavab verdi: “Nəsibə xanım banderol deyil ki, onu göndərim, dəvət edərsiniz, baxarıq...”.

Daha sonra rəhmətlik Heydər Əliyev mənimlə Azərbaycan dilində danışmğa başladı.  Prezident İslam Kərimov yenə də zarafatla dedi: “Həəə... öz dilinizdə danışın, ancaq Nəsibə bizim qızımızdır”. Heydər Əliyev cənabları isə cavabında dedi ki, o həm sizin, həm də bizim qızımızıdır. Həm özbək, həm də Azərbaycan millətinin sevimli qızıdır. Bu görüşdə o mənim Bakıdakı qohumlarımla, ailə vəziyyətimlə maraqlandı, mahnılarımı sevdiyini söylədi.

Onun üzündə xoş bir səmimilik, böyüklük hiss etdim. Elə bil ki, hər zaman yanımda görmüşdüm. O qədər mehriban və xoşrəftarla söhbət etdi ki, həmin gündən Heydər Əliyev mənim yaddaşıma dünyanın ən gözəl insanı kimi yazıldı.

Daşkənddə keçirilən görüşlərin ikinci günü isə Azərbaycan səfirliyində olduq. Heydər Əliyev adəti üzrə burada yaşayan diaspora üzvləri ilə də görüşürdü.  Bu görüşdə Azərbaycanın xalq artısti rəhmətlik Firəngiz Əhmədova və onun həyat yoldaşı, hazırda Özbəkistanın Opera və Balet Teatrının baş rejissoru işləyən Özbəkistanın xalq artisti Firudin Səfərov da iştirak edirdi. Onlar Heydər Əliyevə dedilər ki, biz istəyərdik ki,  bundan sonra gəlib Azərbaycanda yaşayaq. Bu xahişin cavabında Heydər Əliyev gülə-gülə : “Sizin hər biriniz  bizim sevimlimizsiniz, biz də sizləri çox sevirik. Azərbaycanda azərbaycanlı çoxdur, mən istəyirəm ki, dünyada azərbaycanlı çox olsun! Ona görə də qardaş ölkədə işləyin ki, bizi daha yaxşı tanısınlar!”.

O gün bu gün mən onun bu müdrik sözlərini unutmadım.  Bu böyük insan mənim xatirəmdə fırtına kimi, böyük bir ürək sahibi kimi, çox dərin daxili mədəniyyət sahibi kimi, böyük bir ziyalı kimi qalıb. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

Wednesday, 10 May 2023 17:00

80 ilin məktubları

 

Ötən gün Qələbə gününü qeyd etdik. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı əməkdaşı Aida Eyvazlının cəbhə məktublarından biri barədə yazısını diqqətinizə çatdırır.

 

Bu məktub cəbhədən gəlib. İndi 80 yaşı var. Onu yazan, atamın dayısı Ağaşahın bəlkə də bu səlist və səliqəli məktubu yazanda 20 yaşı olub. Şamaxının  Zarat-Xeybəri kəndində müəllim işləyən gənc Ağaşah, o cümlədən kəndimizin nə qədər cavanları  Sovet İttifaqının Vətən müharibəsinə getdilər... qayıtmadılar.  Ağaşah müəllimin əlimizdə heç şəkli də yoxdur ki, baxanda deyək ki, bu kişi bizim babamız idi. Özündən sonra övladları da qalmamışdı. Vətən müharibəsinə Ağaşahın qardaşı Babaşah da getmişdi. Heç birisi o döyüşdən dönmədilər.

Göz yaşları içərisində oxuduğum bu "Son məktubu" mənə nəsil şəcərimizin bir yarpağı olan Gülşən Əhməd gətirib. Gülşənin babası Dədəşah dayı atamın sağ qalan yeganə dayısı idi. Bu igid oğlanların atası, babamız Musavatçı Mustafa  Ağayev isə Nuru Paşanın ən yaxın silahdaşı idi.  Həəə... Gəlin görək, döyüşçü  Ağaşah səngərdən nə yazırdı:

"Əziz və hörmətli qardaşım Dədəşah! Əvvəla biləsiniz ki, bu balaca məktubu siz əzizlərimə yazana kimi çox şükür Xudaya,  sağ salamat olub, şad yaşamaqlarınızı Xudadan arzulayıb, Pürhani Lələmə-anama, Xanbikə, Ağasəf, Əlsafaya, Mehdiquluya, Şah bacıma, Hənnətə və uşaqlarına, bacım-Zərif Ceyrana, bacım Şüşəxanım və tifil Tamaraya, Soltanmahmud kişiyə və bütün külfət uşaqlarına çoxlu salamlarım var.  Sevimli qardaş Dədəşah və əziz Lələm(Lələ- Mustafa babanı belə çağırırdılar uşaqları), biləsiniz ki, mən sizdən yenə məktub almadım. Bilməyirəm, Allah eləməmiş sizlərə nə olmuşdur ki, mənə siz kağız yazmaq istəməyirsiniz. Amma biləsiniz ki, mənim işim yaxşı olanda hər gün sizlərə 3-4 məktub yazıb, göndərirəm. Daha bilməyirəm, sizlərə çatır, yoxsa çatmayır. Sizdən xahiş edirəm ki, bu məktubum sizə çatan kimi qısaca cavabını yazıb mənə göndərəsiniz.

Daha mən sizlərə nə yazım, sizdən məktub almayıram ki, cavabınıza da çoxlu sözlər yazım. Bununla məndən bütün qohum-qardaş və dostlara, bütün kəndin kolxozçu kişi, qadın və uşaqlarına və bu məktubumu oxuyarkən maraqlanıb, yanınızda durub qulaq asanlara da üstəlik məndən çoxlu salamlar. Qardaşın Ağaşah.  14.08.43".

 

Bax, beləcə babamızın 1943-cü ildə yazdığı bu səlist və savadlı məktubu kəndimizə 8 ay sonra çatır.  Dədəşah dayı danışardı ki, heç onlar özləri də qardaşına mütəmadi məktub yazardılar, lakin Şamaxının bu ucqar dağ kəndindən yazılan məktublar ünvana çatmırmış. O vaxtlar bu kəndə maşın işləmirdi, gediş-gəliş də atla idi. Mənfur Sovet İmperiyası aydınlarımızı Vətən müharibəsinə borclu kimi aparırdı. Onun ailəsi, övladı, kəndi isə onu düşündürmürdü. Kəndlərdə isə kolxozçu qadınlar cəbhədəkilər üçün yorğanlarının yunundan corab toxuyurdular.

Şah nənəm Qızdarağa bu məktubu alıb kənddə əl-əl gəzidirib şah qardaşı Ağaşahı belə ağlamışdı:

Qardaş kişmiş kimidir,

Cibə düşmüş kimidir.

qardaşı ölən bacı,

Gözdən düşmüş kimidir...

Bax, belə bu da bizim nəsil şəcərəmizdən olan bir qəmli həyat hekayəti.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.

Turizm Mərkəzinin məlumatına görə, yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, Dövlət bayrağını dalğalandırıblar.

Yürüşün qısa videoçarxı ilə bu linkdən - https://we.tl/t-BVtD57choF tanış ola bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb.

 

Fonddan bildirilib ki, görüşdə türk xalqlarının qədim və zəngin tarixi-mədəni irsinin qorunması və təbliği istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı fəaliyyətlərinin əhəmiyyətindən söhbət açılıb. İki türk təşkilatının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın Qazaxıstanda uğurla keçirilməsinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə kimi vurğulanıb. Fond və akademiyanın iş birliyi ilə “Manas” kitabının nəşr edilməsi ümumtürk dastançılıq ənənələrinin yaşadılması və müasir dövrdə daha anlaşıqlı dildə çatdırılması yönündə önəmli layihə kimi qiymətləndirilib.

Görüşdə iki qurum arasında yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihələrin perspektivləri müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

 

Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cıdır düzündə konsert proqramı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTACa istinadən  xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifalar dinlənilib.

Konsertdə incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.

Möhtəşəm konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.

Sonda Türk dünyasının solistləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər.

Konsertdən sonra festivalla bağlı təəssüratlarını AZƏRTAC ilə bölüşən tanınmış bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov deyib ki, hər zamankı kimi, budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da əsl musiqi bayramıdır: “Festival çox yüksək səviyyədə təşkil olunub. Burada gözəl ifalara qulaq asır, bir-birindən rəngarəng musiqiləri dinləyirik. Biz bu gün çox qürurluyuq. Ona görə ki, doğma Vətənimizə, gözəl Şuşamıza demək olar ki, bütün Türk dünyasının ən ünlü sənətkarları qonaq gəlib. Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qarşıda bizi bir-birindən maraqlı neçə-neçə konsert, tədbir gözləyir”.

Sərdar Fərəcov xüsusi olaraq qeyd edib ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının belə yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir: “Azərbaycan xalqı belə gözəl günlərə layiqdir. Çünki dünyada biz heç kimə pislik etməmişik və heç kimin torpağında gözümüz yoxdur. Biz gözəlliklər yaradan xalqıq və belə festivallar bunun əyani sübutudur”.

Rusiya Federasiyasının Tıva Respublikasının “Edegey” Rəqs və Kostyum Teatrının direktoru Kima Donqak Azərbaycanda olmaqdan məmnunluğunu söyləyib. Ölkəmizə ilk dəfədir gəldiyini bildirən K.Donqak deyib: “Burada gördüyüm səmimiyyət, insanların qonaqpərvərliyi məni heyran etdi. Bu gözəl diyara indiyədək gəlməməyimə çox təəssüflənirəm. Hazırda Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Festival çox gözəl təşkil olunub. Burada olmağımızdan çox məmnunuq. Qismət olarsa, növbəti illərdə də bu musiqi festivalında iştirak edəcəyik”.

Azərbaycan xalqına sonsuz sevgisini bildirən Qırğızıstanın Xalq artisti, Dövlət mükafatı laureatı Salamat Sadıqova 30 il bundan əvvəl Şuşada iştirak etdiyi “Xarıbülbül” festivalını bir daha xatırlayıb: “O günlər yaxşı yadımdadır. “Xarıbülbül” festivalı hələ ilk addımlarını atmağa başlayanda - 1990-cı illərin əvvəllərində biz bu musiqi bayramına qatılan ilk iştirakçılardan idik. Onda festival yeni beynəlxalq status almışdı. O vaxt festivalda dünyanın 16 ölkəsindən nümayəndələr iştirak edirdi. Ondan sonra Azərbaycana gəlmək imkanı olmadı. 30 ildən sonra yenidən Bakını görmək, Şuşaya gəlmək və belə bir festivala yenidən qatılmaq olduqca xoş hisslərdir. 33 il bundan əvvəl olduğu kimi, yenə də mən festivala öz doğma - “Kambarkan” folklor-etnoqrafik ansamblı ilə qatılmışam. Festival çox yüksək səviyyədə təşkil olunub. Bu gözəl imkanı bizə yaradanlara çox minnətdaram. Şuşa turizm baxımından da çox əlverişli bir yerdir. İnanıram ki, yaxın illərdə bu festivalın coğrafiyası daha da genişlənəcək”.

Qeyd edək ki, üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur. 

Festival günlərində Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, tamaşalar, sərgilər, film nümayişləri olacaq. 

Festival çərçivəsində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.