Super User

Super User

Daşkənddə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi önündə böyük mərasim keçirilib. 

 

AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Saidov, mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər. 

Əvvəlcə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi önünə çoxsaylı əklillər və gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla anıblar. 

Sonra Özbəkistan millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rüstam Kurbanov çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün də bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Səfir Hüseyn Quliyev 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisinin Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun ölkədə təhsil, infrastruktur, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Səfir, eyni zamanda, Heydər Əliyevin 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas etdiyini və dinamik inkişaf yoluna çıxardığını söyləyib. O, bu gün Azərbaycanın qazandığı uğurlarda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb. 

Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Ulu Öndər Heydər Əliyevin hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini bildirib. O, Ümummilli Liderin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi haqqında söhbət açıb, bu böyük siyasətçinin mədəniyyətə, ədəbiyyata, şeirə, sənətə yüksək qiymət verdiyini diqqətə çatdırıb. 

Digər çıxışçılar Mirabad rayonu Məhəllə komitəsinin sədri Mehriban Rəhimova və Özbəkistanda yaşayan azərbaycanlı şair Əli Nəsirli çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev yalnız Azərbaycan xalqı deyil, bütün Türk dünyası üçün nadir şəxsiyyət idi, bu böyük siyasətçinin fövqəladə idarəçilik qabiliyyəti olub. Onlar Heydər Əliyevin Özbəkistanla əlaqələrə daim xüsusi diqqət ayırması, özbək liderlər Şərəf Rəşidov və İslam Kərimovla dostluq münasibətlərini, eyni zamanda, bugünkü gündə dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Ulu Öndərin xüsusi xidmətlərini qeyd ediblər. 

Sonra Daşkənd şəhərindəki Mərkəzi Fotoqrafiya Evində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, akademik Akmal Nur sərgini açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevildiyini bildirib və onun mədəniyyətə, incəsənətə böyük diqqət verdiyini vurğulayıb.

Komitə sədri Rüstəm Kurbanov və səfir Hüseyn Quliyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söyləyiblər.

Ümummilli Lider Heydər Əliyevin istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar. 

Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev Ulu Öndər Heydər Əliyevi dünyaşöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə edib.

Fotosərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə dair, habelə Heydər Əliyev Fondunun Ulu Öndərin irsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələrə dair fotoşəkillər öz əksini tapıb. 

Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

«Ədəbiyyat və incəsənət”

(12.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri yenidən sevilən şairimiz Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə ünlü şair “Min göydələn yağışa” deyəcək.

 

 

Min göydələn yığışa…

 

Niyə qara boyası çox-

Dünya necə əl işidi?

Ürəyim sancır… deyəsən,

Xəbərdarlıq atəşidi.

 

İndi kimçün darıxasan?

Tərgidirəm darıxmağı.

Adam niyə ölməyə də,

Gözəl yer axtarır axı?

 

… Can da sənin deyilsə,

Can atmağın da əbəs.

Min göydələn yığışa

Bir göy üzü eləməz.

 

Səs də sənsən, söz də sən-

Qəsidəsən, ilahi.

Hardan çağırım səni,

Eşidəsən, ilahi?!

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan” Art Qrupun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgi mayın 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində (Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3) açılacaq.

Sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə ermənilər tərəfindən dağıdılmış maddi və mədəni irsimizi, bu coğrafiyanın təbiət gözəlliklərini, tarix-memarlıq abidələrini və etnoqrafik xüsusiyyətlərini bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə təşkil olunacaq sərginin ekspozisiyasında “Karvan” Art Qrupuna üzv olan 13 rəssamın (Cavid Mammadov (Qrup rəhbəri), Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İntiqam Ağayev, Günel Ravilova, İlqar Tahiri, Məhərrəm Əli, Nigar Familsoy, Vüsalə Şərifova, Aynurə Mustafayeva, Ülvi Yadigarlı, Murad Zevnalov, Hüsevn Kəngərli, Rauf Şamilzadə) əsəri yer alacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Friday, 12 May 2023 11:15

Oğlum, sən əsil istedadsan

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun. 

 

Oğlum, sən əsil istedadsan

 

Heydər dərsdən sonra klubda təşkil olunmuş təsviri sənət dərnəyinə üzv olmuşdu. Müəllimləri ona evdə rəsm çəkmək üçün tapşırıqlar verərdi. O, təbiət, görüş səhnələri çəkməyi çox sevirdi. Rəngli karandaşlarla rus yazıçısı Lev Tolstoyun portretini, Puşkinin Danteslə görüşünü çəkmişdi. Çəkdiyi şəkillərə baxanda çox sevinər və həmin günü həyatının ən xoş günü hesab edərdi.  Bu rəsmlər müəllimin də çox xoşuna gəlmişdi. Rəsmləri çoxaldıqca sevinci birə-beş artırdı. Bir gün Heydərin oxuduğu kollecdə fərdi sərgisini təşkil edirlər. Rəsmlərə baxan yaşıdları, müəllimlər gələcəkdə onun böyük rəssam olacağını söyləyirlər. Heydərin təkcə rəsmə deyil, teatra da böyük həvəsi vardı. Sinif yoldaşları ilə birlikdə Qasımgilin ikimərtəbəli evlərinin zirzəmisində səhnə düzəltmişdilər. Ora pərdələr asıb əsil səhnə abu-havası yaratmışdılar. Təşkil etdiyi teatr klubunda tamaşalardan səhnələr qoyurdu. Hətta teatrda “əldəqayırma” nəfəs alətləri orkestri də vardı. Yayda isə Heydər öz repertuarı ilə dördillik Urud məktəbinin səhnəsində kənd uşaqları üçün teatr tamaşaları göstərirdi. Hazırladığı bu tamaşalara quruluş verməklə yanaşı, həm də özü iştirak edirdi. Çox ciddi repertuarı vardı: Şillerin “Qaçaqlar”ını, M.F.Axundovun “Lənkəran xanının vəziri”ni, S.Vurğunun “Vaqif”ini, M.İbrahimovun “Həyat”ını tamaşaya qoymuşdu. Bir dəfə  Heydər Qacar rolunu səhnədə oynayırdı. Rola elə girmişdi ki, yəni, yüksək hiss-həyəcanla, böyük emosiya ilə danışırdı. Sən demə, Lətif  müəllim qıraqdan dayanıb ona baxırmış. Məşq bitəndə müəllim Heydəri yanına çağırıb, əlini kürəyinə qoyub fərəhlə dedi: Oğlum, afərin sənə. Sən əsil istedadsan.  

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

Mayın 11–də Praqa şəhərinin mərkəzində yerləşən “Lutserna” sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.

 

“Çex-Azərbaycan Birliyi” təşkilatının layihəsi əsasında, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Praqa Film Orkestri də yaxından iştirak edib. 

AzərTAC xəbər verir ki, 400 nəfərlik konsert zalına Çex Respublikası ictimaiyyəti, Azərbaycan icmasının üzvləri və bizə dost olan icma və təşkilatların nümayəndələri toplanıb.

Konsertin təşkilatçısı olan “Çex-Azərbaycan Birliyi”nin sədri Eldar Vəliyev bildirib ki, bu il eyni zamanda Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Bu əlaqələrin yaranmasında isə Heydər Əliyev böyük rol oynamışdır. Burada bu gün belə bir tədbirin keçirilməsi hər mənada ibrətamiz haldır. Yəni, yaxşı işlər unudulmur və indi iki yubileyi eyni zamanda qeyd edə bilirik.

Sonra çıxış edən Praqa Film Orkestrin təmsilçisi Mixaela Ştrausova xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətlərini auditoriyanın diqqətinə çatdırıb.

Çıxışçıların ardınca Praqa Film Orkestri və Slovakiyadan dəvət olunmuş məşhur violonçel ifaçısı Jan Pospişilin Çex və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır. 

 

 

Səhər Xiyavi.

Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

DARIXMA XANIM

 

Qadın oturmuşdu ayna önündə,

Özündən getmişdi, özündə dalğın.

Keçmiş xatirələr keçir önündən

Mat qalıb özünə, üzündə dalğın.

 

Əl çəkib üzünün cizgilərinə,

Ah çəkib içindən şivən qopardı.

Xəyalı bir ləhzə, bir an içində,

Gəlinlik, gənclik çağa apardı.

 

Kremlə gizlətdi cizgilərini,

Dodağa nar rəngi matiki yaxdı.

Gözünün altına çəkib midadı,

Birazca sevincək üzünə baxdı.

 

Nə vaxtdan süzürdü qadını, əri,

Xanımın düşünüb gəldi arxaya.

Dedi: "Boş ver, xanım, bu şey-şüyləri,

Bunlarsız bənzirsən canımçün, aya.

 

Yaşayış yolunun çal-çuxurunda,

Ağaran saçının olum qurbanı.

Üzündə cizginin qadasın alım,

Səni bəyənmişəm hər halda yəni.

 

Üzülmə, darıxma, ömür ilində,

Hər anın, hər fəslin gözəlliyi var.

Xınalı payız da gözəldir gülüm,

Payızın başqa bir özəlliyi var.

 

Darıxma, darıxma, ana köksünü,

Hazırla körpəcik nəvəli çağa.

Gülümsə, gülümsə bütün ömrünü,

Bircə gülüşünə verim sadağa.

 

Anamsan, bacımsan, həm də yoldaşım,

Bütüncə həyatım üzünə qurban.

Gözündən başlandı ömür təqvimim,

Ağlama, yaşarma, gözünə qurban."

Sarıldı boynuna, aldı qadını,

Kişi qollarının çərçivəsinə.

Qadının qəlbinə dinclik gəldi,

Başını dayadı sol sinəsinə...

 

Tapbatap vururdu ikicə ürək,

Dodaqlar qovuşmaq üçün yanırdı.

Nağılın sonunda çəkildi pərdə,

Ulduz yaşmaq çəkib ay utanırdı.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyevanın yeni iş yeri məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində (RİH) İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Leyli Mirzəyeva bir neçə gün öncə Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb.

O, bu vəzifədə 2016-cı ildən çalışırdı.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Friday, 12 May 2023 10:15

Təbaşir, işarə, həyat...

“Ədəbiyyat və incəsənət” portalı şair Qəşəm Nəcəfzadənin essesini təqdim edir. 

 

 

10-cu sinfi bitirdim, ali təhsil almaq üçün atam məni şəhərə apara bilməyəcəkdi. Çünki şəhəri tanımırdı. Ömür böyu qoyun otarmışdı. Çoban idi.

Atam uzaq qohumumuz Abbas müəllimə zəhmət haqqı kimi iki yüz manat pul verdi ki, apar Qəşəmi Gəncəyə, bir ev tut, qalsın orda, sənədlərini versin instituta.

Axşam ailəmizlə “ayrılıq” çörəyi yedik (Atam belə deyirdi), sabah gedəcəkdim şəhərə. Atam  çox ağlayırdı, şəhəri tanımadığına və məni apara bilmədiyinə görə pis olmuşdu atam.

Səhəri yol çantamı  götürüb  evdən çıxanda  atam boynumu qucaqlayıb  yenə ağladı. Elə bilirdik, atamız ağlamaz. Atamız ağladı  deyə, hamı ağladı, anam, bacım və qardaşlarım, qonşular...

Sonra itimiz, atımız, qoyun-quzularımız arxamca boylandı. İtimiz xeyli maşının arxasınca yüyürdü.

Abbas müəllim Gəncənin  Bağbanlar qəsəbəsində “padvalda” mənə bir otaqlı ev tutdu. Sonra qayıtdı kəndə. 

Mən otağın pəncərəsindən küçədən keçən adamların ayaqqabılarını görürdüm.  Böyük otaqda yeganə  həmdəmim tək çarpayı və onun altına səliqəsiz tökülmüş kitablar idi.

Hər gecə şüşə qabda əmizklə süd içirdiyim quzu yuxuma girirdi. Bilirdiim ki, o quzu məni axtarır.

Sabah sənədlərimi Gəncə Dövlət Universitetinə verməli idim. Bəs necə edim?  Mən universitetin  yerini tanımırdım.

Səhər tezden əl - üzümü yuyanda üzüm çardağının altındakı yeşikdə xeyli təbaşir gördüm. Birini götürüb ehmalca atdım cibimə.  Bu, mənim həyatda ilk oğurluğum idi.

Səhər  universitetin yerini soruşa-soruşa getdikcə, ağaclara, divarlara təbaşirlə  kiçik işarələr qoyurdum. Xəlvət edirdim ki, heç kəs görməsin.  Bu minvalla universitetə gəlib-getməyi öyrəndim. Artıq işarələrə baxmağa ehtiyac duymurdum. Sonralar bu cür işarələr həyatımda mühüm rol oynadı.

Əslində götürəndə bu işarələr  mənim üçün  yol-hərəkət qaydaları idi.

Şəhərin yol işarələrinə qarışmayan  təzə qayda-qanunlar...

Sonralar küçələri  yox, adamları müəyyən sözlərlə işarələdim, tanıdım.

Ədəbiyyatda, şeirdə də işarələr var. Öyrəndiyim şeirlərin gizli işarələri məni şeirin dərinliklərinə apardı. 

O vaxt sevdiyim bir mahni vardı: “Mən arifəm işarədən qananam”.  Işarələr,  işarələr...

Yaşadığımız həyat da yol-küçə kimidir. Orda da işarələr, yol nişanları var. Ayrılıqlar, mübahisələr o zaman başlayır ki, biz həyat küçəsində yol-hərəkət qaydalaraına əməl etmirik.  Toqquşuruq, qəza törədirk. Həyat nişanları da yol nişanları  kimidir. Məsələn, sevdiyim yazıçı  Qərib Mehdi mənə dərs deyərkən ədəbiyyat nişanlarını -  işarələrini mənə belə öyrətdi. Vaqif Bayatlı küçəsi ilə get, sonra dön sağa- Vaqif Səmədoğlu küçəsinə, burda çox dayanma tez dön sola, düz get, gəlib Nazim Hikmət küçəsinə çıxacaqsan, burdakı dayanacaqda  bir az dayan.  Amma burda çox qalma. Sən tünlükdən tez çıxmalısan, Ramiz Rövşən küçəsinə girmə, tünlükdü.  Sürətlə get, get, get, yenə sağa dön, sonra sola, yenə düz  get, get görəcəksən yolunun ağzında bir göy qurşağı sallanır, çıx  göy qurşağına, bu sənin   küçəndi, Qəşəm.

Tabaşirlə başlayan işarələr, nişanlar sonralar məni heç vaxt  tərk etmədi.

Güllərə, çiçəklərə, dağlara, adamlara  

öz nişanlarımı vurdum.

Ona görə də şeirlərim heç kəsin şeirlərinə bənzəmir.

Heç vaxt yadımdan çıxmır:  Atamın məni şəhərə apara bilmədiyinə görə ağlamağı.

Atamın ağlamağı da mənim üçün bir işarə  idi. Hələ bu sirrin ucunu tapa bilmirəm.

İşarələri mənə atam öyrətmişdi. O, köç  vaxtı, Kəlbəcər dağlarına gedəndə  tanımadığı yerlərə  daş-uyuq qoyurdu ki, qayıdanda azmasın. Adam təkçə şəhərdə azmır, həyatda da azır. Atamn nişanlarını mən həyata daşıdım. Atam böyük şair idi, lap Səməd Vurğun kimi. Nə yazıramsa, hamısı onundur, ondan öyrənmişəm şeir yazmağı.

Mənim çoban atam,

Metroya minə bilməyən atam.

Mənim şair atam...

Savadsız olduğuna,  şəhəri tanımadığna və    məni şəhərə apara bilmədiyinə görə boynumu qucaqlayıb ağlayan atam...

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Azərbaycanın Malayziyadakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Kuala Lumpur şəhərində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

 

Səfirlikdən AzərTAC-a bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş sərginin mayın 10-da rəsmi açılış mərasimi təşkil olunub. Sərgiyə Malayziyanın nüfuzlu incəsənət mərkəzlərindən biri olan “KL City Art” qalereyası ev sahibliyi edir.

“Diplomatiyanın incəsənəti” devizi altında keçirilən sərginin açılış mərasimində hazırda Malayziyada səfərdə olan Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, Malayziya Nümayəndələr Palatasının tərkibində fəaliyyət göstərən Malayziya-Azərbaycan dostluq qrupunun üzvü Zahir Bin Hassan, Malayziya Xarici İşlər Nazirliyinin idarə rəisi Yubazlan Yusof, malayziyalı sənətsevərlər, yerli media təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak edib. “KL City Art” qalereyasının direktoru Maizon Omar qonaqları salamlayıb, bu cür mədəni tədbirlərin iki xalq arasında dostluğun möhkəmlənməsində böyük rolunu vurğulayıb. 

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov belə bir nəcib təşəbbüs əsasında Malayziyada Azərbaycan incəsənətinin təbliğinə həsr edilmiş tədbirin keçirilməsini bir sıra cəhətlərdən tarixi olmaqla yanaşı, eyni zamanda, əlamətdar mədəni hadisə kimi dəyərləndirib. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, onun əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb. Diplomat Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasi dəst-xəttini layiqincə davam etdirdiyini bildirərək, bu strateji və müdrik siyasətin Azərbaycan-Malayziya münasibətlərində də əks olunduğunu, iki ölkə arasında əlaqələrin qarşılıqlı etimada və dostluq prinsiplərinə əsaslanmaqla bir çox istiqamətdə uğurla inkişaf etdiyini qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov, Malayziya parlamentinin üzvü Zahir Bin Hassan və “Dirçəliş” mərkəzinin direktoru İslam Baxşəliyev çıxış edərək bu əlamətdar gün ilə bağlı təəssüratlarını bölüşüblər. 

Sonra qonaqlar azərbaycanlı rəngkarlıq ustalarının əsərlərinə baxış keçiriblər.

Qeyd edək ki, sərgidə tematik olaraq, “Şuşa qalası”, “Xarıbülbül”, Azərbaycan çalğı alətləri kimi milli mövzularla yanaşı, universal dəyərləri, təbiət gözəlliyini, eləcə də sadə insan həyatını özündə əks etdirən 36 tablo nümayiş olunur.

Malayziya ictimaiyyətinin, o cümlədən yerli sənətsevərlərin böyük maraq göstərdiyi sərgi mayın 16-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini diqqətinizə çatdırır. 

 

1. İsti havaya aldanıb qışda gül açmaq, isti münasibətə aldanıb qəlb açmaq hər canlıya xasdır.

 

2. Çay içmək üçün söhbət etmək qabiliyyəti olmalıdır.

 

3. Sevgi təcrübəli oğru kimi qəlbə girməmişdən əvvəl ağılı söndürür.

 

4. Sağsansa, qalan hər şey ikinci dərəcəlidir.

 

5. Hər kəs ona aidiyyatı olmayan işlərin bilicisidir.

 

6. Dünən çox yaxın görünsə də, ora qayıtmaq mümkünsüzdür.

 

7. Od əldə etmək istəyən tüstü udmağa hazır olmalıdır.

 

8. Atdığın hər addımda qorxu hissini də adlamırsansa, istiqamətin uğura deyil.

 

9. Pislər yaxşılardan yaxşı bəhrələnirlər.

 

10. Karyera zirvəsi dağ zirvəsi kimidir, orada da insan müvəqqəti qalır, soyuq və təklik isə onun kirəkeşləri olur.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.