Super User
“Sənin ki, bu qədər təmizliyin var...” - Musa Yaquba ithaf
“Ədəbiyyat və incəsənət” portalı Rafael Tağızadənin illər öncə qələmə aldığı və “Musa Yaqubun 80 yaşına bu sətirləri İsmayıllı səfərindən sonra yazmaq istədim: Ucalıqları müqayisə edərək!” deyərək iqtibas etdiyi məqaləsini oxucularına təqdim edir.
İsmayıllının ən hündür ağacları, dağları, sıldırım qayaları da Musa Yaqub əzəmətinin qarşısında kiçik görünür.
Buludun Musa Yaqub həsrətinə tökdüyü göz yaşı onun görüşünə gələnlərlə ara verdi. Təbiət daha gözəl görünsün deyə, hava, ağaclar, dağlar yuyulub təmizləndi. Bu təbiəti sevən şairə təbiətin sevgisi idi.
Şairin səsini eşidən ağaclar yarpaq pıçıltısını dayandırdı, dilindən şeirini eşidən şəlalə səsini içinə çəkdi. Bu sevgiyə düzənlər qırmızıya büründü. Banuçiçəklər, Turallar lalələrin arasında itdi.
İsmayıllı hələ belə coşqu görməmişdi. “Qız qalası” sözün sehrinə düşmüşdü.
Təbiət şairin səksən yaşını, onu sevənlər söz bayramını qeyd edirdilər. Bu gün burda göy üzü, təbiət dupduru idi. Musa Yaqubun şeirləri kimi.
Hamı bu duruluğun içində təmizlənirdi. Durulurdu. Ruhlar təzələnirdi. Yeni bir ovqata köklənirdi. Musa Yaqub ovqatına.
Onunla təmasda, ünsiyyətdə olanda elə bilirsən ki, təbiətin qoynundasan. Uca bir ağacın sərin kölgəsindəsən. Qayaya söykənmisən. Təbiət səninlə aram-aram danışır.
Musa Yaqubun dilindən şeir dinləmək ayrı bir xoşbəxtlikdir. Onun ləzzəti tam başqadır. Öz doğmalığıyla, cazibəsiylə, səsinin ahəngiylə.
Pıçıldaşan misralar bir anın içində coşur. Bilirsən ki, həmin an dağlara yağış yağır, sel-su, çayın səsi aləmi büyüyüb. Sonra şeir yenə aram-aram öz axarıyla gedir.
Musa Yaqub yaz havalı şairdi. Hərdən payıza, yarpaqların rəngarəng çalarlarına köklənsə belə.
Tez-tez tənhalığa çəkilsə də, cəmiyyət adamıdır. Sözü kimi özü də adamları özünə çəkir. Başına yığır. Başına yığışırlar. Arı pətəyə yığışan kimi. O gəlişiylə məclisə yeni bir ovqat, yeni ruh gətirir.
Sözləri ürəyə yatan şairin özü də sözü kimidir.
Sözü kimi özü üçün də darıxırsan. Onunçün darıxmamaq olmur. “Öyrətmə özünə, öyrətmə məni”, - deyən şair, hamını özü üçün darıxdırır:
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Onun sevgisi də özü kimi safdır. O, bu yaşda da tərtəmizdir. Hisləriylə, duyğularıyla, sözləriylə bir mənəviyyat, əxlaq adamıdır. Budur Musa Yaqub:
Tək bənövşə bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü-
Xırda ləçəklərlə titrəyir səsin.
Atam da, anam da yatır yanında,
Necə danışaq ki, eşidilməsin.
Musa Yaqub təbiətin özü, bir parçası olmaqla bərabər, həm də həyatın özüdür. Onun reallıqları ilə birlikdə. Hər şeyin təbii düzənini sevən şairin azadlıq istəyi sonsuzdur:
Azadlıq nə gəzir bu yer üzündə,
Azadlıq gəzirəm elə özüm də.
... Qartal caynağında quş azad deyil,
Saray divarında daş azad deyil.
Nə qədər qurd ağzı, şir pəncəsi var,
Cüyürlər qıçını qatlaya bilməz.
Azadlıq nə gəzir bu yer üzündə.
Musa Yaqubun şeirlərini yayın istisində aranda oxuyanda, dinləyəndə elə bilirsən ki, dağın döşündə, meşənin dərinliyində, sakit bir çayın kənarında dayanmısan. Suyun səsini eşidirsən...
Şeirlərində təbiət adamın gözündə canlanır. O yola düşüb, nəinki sevdiyi bulağı, onun sevdiyi bütün ağacların içində o dediyi yarpağı tapa bilirsən.
İsmayıllı dağları, meşələri, qayaları, daşları Musa Yaqub üçün insanlardan daha çox darıxır. Vəsf olunmaq üçün. Yenidən sevilmək üçün.
O, təbiəti elə təsvir, elə tərənnüm edir ki, təbiət qayıdıb özü-özünə vurulur.
Təbiətin göyərməyən qara daşına, özü-özü ilə sakitcə danışan gecəsinə, ağacına, dağına, adamına yazdığı şeirlər vurğunluq nümunəsidir.
Sən Allah, bu gülün keyfinə dəymə,
Çevirmə üzünü qüruba sarı.
... Bu qızıl güllərdən mənə qanad hör,
Sən Allah, bu gülü yasa aparma.
Gülə ancaq Musa Yaqub belə yanaşa bilər.
Səsiylə, sözüylə, baxışıyla təbiəti canlandıran, insanlara yeni ruh, yaşam həvəsi verən, həyatı, dünyanı şeiri kimi nizama səsləyən, sevgilər içində, əhatəsində olan Musa Yaqubun ömrü təbiətin ömrü qədərdir.
Nə əvvələm, nə indiyəm,
Səksənimin içindəyəm.
Axırıncı keçiddəyəm-
Keçidimi keçim gedim.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
... O qapıdan girmiş idim,
Bu qapıdan çıxım gedim
- deyən şairə şeirləri kimi sevgi dolu sakit bir səslə pıçıldayırsan: “İsmayıllıya gedin, Bakıya gəlin. Uzağa getməyin. Həmişə yanımızda olun. Darıxmağa qoymayın bizi”, əziz Musa Yaqub...
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Mədəniyyət naziri Adil Kərimli Xaçmazda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü ilin 26 may tarixində saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 2) əsasən Xaçmaz, Quba, Qusar rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 19 may 2023-cü il tarixinə qədər nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.
Festival çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Ağalı kənd tam orta məktəbində keçirilən tədbirdə Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq xanəndəlik sənəti, Azərbaycan xalq çalğı alətləri ifaçılığı (tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə çıxış ediblər.
Çıxışlar Əməkdar artist, xanəndə İlkin Əhmədov, bədii qiraət ustası Xəzər Süleymanlı, pianoçu Fəqan Həsənli və tar ifaçısı Emin Bəhramlıdan ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Tədbir çərçivəsində həmin uşaqlar üçün münsiflər heyəti tərəfindən ustad dərsləri də keçirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçısı var.
Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
İlandağ əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə “İlandağ əfsanəsi” adlanır.
O, baharda dünyaya gəlmişdi, ağaclar yaşıllaşanda, çiçək açanda... Bəlkə də ona görə idi ki, hər bahar gələndə yenicə çiçək açmış ağaclara öz baxışları ilə sığal çəkər, sonra bu mənzərələri rəsmlərində canlandırardı. Olduqca təvazökar, qəlbən kövrək, ilk baxışda sərt görünsə də xasiyyətcə çox mülayim idi. Tanrı ona sadəlik, səmimilik, zəhmətsevərlik, böyük qəlb, istedad bəxş etmişdi.
Əsl həqiqətdə rəssamlıq unikal bir sənətdir. Rənglərin dilini bilmək, ruhi aləminə daxil olmaq hər adama nəsib olan səadət deyil. Kətan üzərində möcüzə yaratmaq üçün özün də bir möcüzəyə çevrilirsən. Bəs rənglərin musiqisini duymaq? Bu, artıq ikiqat möcüzədir. Rəsm çəkərkən zümzümə edərdi, onun çox gözəl səsi vardı. “Dəli ceyran”, “Uca dağlar başında” xalq mahnılarını oxuyardı. Məktəbdə tarix dərslərini təbiətin qoynunda, tarixi memarlıq abidələrin qarşısında keçirərdilər. Müəllim həmin tarixi abidələrin yaranma tarixindən danışardı. Evə qayıdanda isə gördükləri barədə inşa yazardı. Heydər həm inşa yazırdı, həm də həmin gördüyü abidənin şəklin çəkirdi. Məktəb yaşlarında rəsmə həvəsi olan Heydər Naxçıvanın bir çox mənzərəli yerlərini, xüsusilə də İlandağı (Haçadağı) fırçaya almış, akvarellə çəkmişdi. Heydərin həmin dağdan çox xoşu gəlirdi. Çəkdiyi bu rəsmin öz tarixçəsi vardır.
Bu dağ Naxçıvanın Culfa ərazisində yerləşir. Söylənən əfsanəyə görə ilanlar dağda məskən salırlar. Bir gün ilanlar şahının oğlu dağ keçisini çalıb udmaq istəyəndə keçinin buynuzları ilişib boğazında qalır, uda bilmir. Az qalır ki, ölsün. İlanlar başına toplaşıb bir əlac edə bilmirlər. Axırda qərara alırlar ki, dağa qalxıb Tanrıdan kömək istəsin. İlanlar şahının oğlu ölümcül vəziyyətdə sürünüb dağın lap başına çatır. Tanrının xoş saatında ondan kömək istəyən ilana yazığı gəlir, ilanın dişində zəhər yaradır ki, buynuzu əritsin. Buynuz əriyir. Amma ilan Tanrıya şükür etmək əvəzinə, zəhəri ilə bundan sonra özünə yaxşı ov edə biləcəyi haqqında planlar qurur. Qəlbləri oxuyan Tanrı həmin an şimşək çaxdırır, dağı iki yerə bölür.
Heydər uşaqkən atasının söylədiyi İlandağ haqqında bu əfsanəni həmişə gözünün önündə canlandırardı.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Ən qədim dövrlərdən zəmanəmizədək davam edən batini sənət növünü qorumalıyıq
Mənəvi dünyamız həm gözəlliyimizdir, həm kamilliyimiz. “Ədəbiyyat və incəsənət” portalının poçtuna AYB üzvü Vüsalə Vətənxanın “İxvan-üs-Səfa dərnəyi” yazısı daxil olub. Maraqlı yazını oxucularımıza təqdim edirik.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, mədəniyyəti, irsi təfəkkürü, ürfü-ənənəsi, milli mənəvi dəyərləri ilə digər xalqlardan daim seçilmişdir. Əlbəttə, hər bir xalqın özünəxas mədəniyyəti və tarixi vardır. Azərbaycan xalqının da tarixi mədəniyyəti və dəyərləri aşkarda olduğu kimi batində də öz əksini tapır.
Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığında ən qədim rolu olan strateji mövqeyə malik tarixi kitabları və ən qədim əlyazmalarının toplanıldığı xəzinədir ki, günümüzə qədər gəlib çıxmışdır.
Bizim təbiətimizin gözəlliyi, iqlimi, təbii sərvətlərimizin zənginliyi qədər şüur zənginliyimiz də vardır ki, həmin təhtəlşüurumuz vasitəsilə müxtəlif sənət növlərini, eləcə də ruh və cismin tənasübündəki MƏANı (mənanı) kəşf edə və bilavasitə ruhumuzdakı mənaya enə bilərik.
Bunun üçün heç bir əqidə hökmünü daşımayan, sadəcə və sadəcə tarixi məfkurəmizdəki təqiyyə anlayışını, alleqrotik kitablar və terminlərdən ibarət elmi araşdırmaq və oxumaq lazımdır. Hər nə qədər səthi inkişafa meylli olsaq da, biz bilməliyik ki batinimizdən doğan inkişaf daha da uğurlu və yüksəkdir. Görə bildiklərimiz qədər görə bilmədiklərimiz bir çox şeylər də var ki, biz onları görməkçün gördüklərimizin daxilinə (MƏANa doğru) enməliyik. Bu yöndə eqzoterik, ezoterik mənaları ayırd edən təfəkkürə malik bir çox batini xüsusiyyətlər görə bilərik.
Zamanın, məkanların və əşyaların da batini həqiqəti var. İnsanın da - üzünün gözəlliyi zahiri gözəllik, ağılının gözəlliyi isə batini gözəllikdir.
Bizim vətənpərvər ustadlarımızdan olan hacı Süleyman Qaraqoyunlu, (1830-cu il, Göyçay.) zahiri və batini elmlərdə bir çox uğur qazanmışdır. Süleyman kimi bir çox ustadların yarıda qoyub getdiyi elmi mənəvi dəyərləri günümüzdə də inkişaf etdirən, gənclərə öz tövsiyyələrini verən "İxvan-üs-səfa" dərnəyi ilə tanış olaq.
"İxvan-üs-səfa" dərnəyinin əsas funksiyası və tələbi Azərbaycan xalqının dini-fəlsəfi məfkurəsini, o cümlədən Azərbaycan qeyri-maddi mədəni irsini incələmək və milli müqəddəsat əsaslarına söykənən türk milli mədəniyyətinin, tarixinin, mənəvi dəyərlərinin təbliği üzərində işləməkdir.
Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması və bu irsin ayrı-ayrı sahələri - folklor, bədii qiraət, intellektual yaradıcılıq və digər əsas sahələr üzrə fəaliyyətinin bilavasitə təşkilidir.
Batini-irfani yaradıcılığın və Azərbaycanın qeyri-maddi mədəni irsinin hüquqi təminatının inkişaf etdirilməsi, o cümlədən beynəlxalq normativ bazanın inkişaf və tətbiqini icra etməkdir.
Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Belə ki, bu inkişaf yolu vəhdət təşkil edərək Azərbaycan incəsənətini, mədəniyyətini, milli mənəvi dəyərlərini ortaya qoyaraq geniş bir zəmində varlığını təmsil etməyə çalışmışdır.
"İxvan-üs-Səfa" dərnəyi, eləcə də ən qədim dövrlərdən zəmanəmizədək davam edən batini sənət növünün inkişafı üzərində tədbirlər, seminarlar təşkil edərək, milli mənəvi dəyərlərimizi davam etdirir, qoruyub saxlayır və gələcək nəsillərə ötürməkdədir.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixin salnaməsi” sərgisi keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi “Tarixin salnaməsi” adlı sərgini və “Milli sərvətimiz” adlı sənədli filmi ictimaiyyətə təqdim etdi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Sərgidə təqdim edilən xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və ornamentləri canlandırmaq məqsədilə Qobustan qayaüstü rəsmlərinin, ov səhnələrinin, “Yallı” milli rəqsinin, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı Koroğlunun, Azərbaycanın üçrəngli bayrağının, görkəmli mütəfəkkir Nizami Gəncəvinin poemasından, həmçinin dahi lider Heydər Əliyevdən sitatların, Novruz bayramının əsas atributu olan səməninin, alov rəmzi olan butanın, müqəddəs ağacın və digər elementlərin animasiya videosundan ibarət videoproyeksiya nümayiş olunur.
Həmçinin, sərgidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film təqdim edildi.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
R.C.Abdullayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayevə Heydər Əliyev Mükafatı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2023-cü il
“Odur ki, bütün dərdlərə boyluyam…” - Güneyli Sara Turinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri Sara Turinin şeirləri ilə tanış edəcək.
Sara Turi 1977-cı ildə Səraskənd şəhərinin Çaybaba kəndində doğulmuşdur. Orta məktəb dövründən şeir və ədəbiyyata marağını göstərmişdir. Onun “Oxu gözlərimdən”, “Çinar ağacı, çilbaş ilə sarı dimdik”, “Günə baxanda”, “Yaramaz ilə sehirli alma”, “Hel qəyə” və “Səhəri kim açır?” adlı kitabları çap olunmuşdur.
AY SAÇIM
Ay saçım!
Mənim günah biletimsən cəhənnəmə,
Və qiyamətə açılan ilk qapı
Hər telində min bir cəza
Hər telində etiraz,
Bağırtı, qovğa...
Məni saçımdan asın!
Asın ki, bu dünyanın
Demokratiya havası
Bir nəfəs alsın!
Rahatlasın...
VƏSİYYƏT
Tikə, parçayam
Məni Arazda suya tutun
Azərbaycanda quylayın!
Tikələrim birləşdikcə
Qəbrimdə göy ot bitəcək.
***
Dünyanı ikiyə böldülər
Acgöz siyasətçilər
Ətini yeyib,
Sümüyündən qəfəs qurdular “Azadlığa”...
***
Mən günah daşıyıram
Qadın adıyla
Odur ki, bütün dərdlərə boyluyam
Və hər gün sancı çəkib
Nisgil doğuram
Ad qoyurlar üstümə
Oluram “Birinci”-nin
“İkinci”-si.
***
Səməd əmi gəlmədi!
O gündən bütün mədrəsələr yetim qaldı
Bu həngamədə vay düşdü ürəklərə
Birdən uşaqlar ayıldı!
Özlərini vurdular Araz çayına
Qarabalıq tuturlar Səməd eşqinə...
“Ədəbiyyat və incəsənət”
(11.05.2013)
Şəkər tozu ixracı artıb
“Ədəbiyyat və incəsənət” portalının Açıq portfel rubrikasında Dövlət Gömrük Komitəsinə istinadən növbəti statistika gətirəcəyik.
Bu ilin yanvar-mart aylarında 13,5 min ton şəkər tozu ixrac edilib. Və ixrac edilən şəkər tozunun dəyəri 9.8 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 7,6 milyon dollar olmaqla 11,8 min ton şəkər tozu ixrac edilib.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Sahilsiz, sahibsiz və sarvansız... – Sadiq Qarayevlə müsahibə
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar yazar, bioliq Sadıq Qarayevdən müsahibə götürüb. İki bir-birinə əsla yaxın olmayan sahənin adamının hər iki sahədə uğur sıralaması, sizcə, hansı səbəblərdən ola bilər?
Öncə özünüz haqqında məlumat verərdiniz.
Sadıq Qarayev - Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqanın
üzvü, Prezident təqaüdçüsü, Qızıl kəlmə mükafatçısı. Elm və Təhsil
Nazirliyi Botanika İnstititu “Geobotanika” şöbəsinin aparıcı elmi işçisi.
Bioligiya üzrə fəlsəfə doktoru, dosent.
İlham mənbəyiniz nədir?
İstənilən yazıçının, şairin və yaxud da alimin ilham mənbəyi onun
təfəkküründən, maraq dairəsindən, xarakterindən qaynaqlanır. Bizim də
maraq dairəmiz təbiət, cəmiyyət, cəmiyyətdə, təbiətdə baş verən
proseslər, onlar arasındakı üzvi əlaqələrdir. İnsanın həm özünü, həm də
onun mənsub olduğu xalqı narahat edən məsələlərdir. Ümumiyyətlə,
bizim əsərlərin ana süjet xətti Azərbaycançılıq məfkurəsi, təbiət və
cəmiyyətdəki proseslərdən bəhs edir.
Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr
hansılardır?
Xəyal dünyası, təsəvvüretmə, fantaziya bir yazar, bir tədqiqatçı, hətta
bir siyasətçi üçün çox önəmli məsələdir. Təsəvvüretmə ağlın gördüyü
dairə genişliyidir. Bu nə qədər böyük olarsa, o insanın yaradıcılığında,
fəaliyyətində bir o qədər zənginlik, rəngarənglik olar. Eynşteyn qeyd
edirdi ki, mən oxuduqlarıma görə yox, fantaziyamın genişliyinə görə bu
nailiyyətləri əldə etmişəm. Bizim də xəyal dünyamızın genişliyi keçdiyimiz
həyat yolu ilə bağlıdır. Gəncliyim, yeniyetməliyim yaylaqda keçib. Orada
müxtəlif insanlarla münasibətlər də buna təsir etmişdir. Beş nömrəli
kimya-biologiya liseyi, daha sonra aspiranturadakı təhsilim, oradakı
müxtəlif insanlarla ünsiyyətim, eyni zamanda yazıçılarla əlaqələrim də
xəyal dünyamın genişliyinə təkan vermişdir.
Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?
Əsərlərimi daha çox (“Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” romanları,
“Sarvansız zamanlar” esse və hekayələr) evdə, xüsusən mətbəxdə
yazıram. Sakit məkanlarda, əsasən gecələrdə yazmağa daha çox
üstünlük verirəm.
Hər üç kitabın başlığı məhdudiyyət bildirir, sahilsiz, sahibsiz və sarvansız... Yazmaq sizin üçün nə deməkdir?
Yazmaq öz daxilindən gələn müəyyən proseslərə öz təxəyyülünlə,
mühakimənlə fikir yürütməyin deməkdir. Yazıçı düşünəndə, danışanda
deyə bilmədiklərini yazanda deyə bilən insandır. Yazmaq hər kəsə nəsib
olmayan xüsusi bir istedaddır.
Yazıçı üçün zaman nə deməkdir?
Ümumiyyətlə zaman anlayışı nisbidir. Məsələn insanla digər başqa
canlılar arasında zaman anlayışı müxtəlifdir. Burada həyat tərzinin,
rejimin öz rolu vardır. Müxtəlif işlə məşğul olan insanlar üçün də zaman
olduqca fərqlidir. Yazıçı üçün zaman daha çox yazarkən əhəmiyyətlidir,
həmçinin düşünərkən də. Yazıçı günlük həyatında hər zaman fikirləşir.
Məsələn, yazacağı hər hansı bir əsər, yeni ideyalar
haqqında düşünür və bütün bu proseslərdə yazıçı zamanı dəyərləndirir.
Qlobal mənada yazıçı üçün zaman daha bütövdür. O, həm keçmişin,
həm bu günün, həm də gələcəyin içində yaşayır, səyahət edir.
Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra
üstünlük verirsiniz?
Bütün zamanlara xitab edən kitabları daha çox sevirəm. Məsələn
“Səfillər”, “Cinayət və Cəza” və s. Bu kitabları oxuduğumuz zaman insan
həm maariflənir, həm də yazıçının nə demək istədiyini dərindən
düşünür. Daha çox öz sahəmə aid kitabları sevirəm.
İlk dəfə nə vaxt “yazıçı olacam” demisiniz?
Ümumiyyətlə bu haqda heç zaman düşünməmişəm. Müxtəlif elmlərlə
bağlı çox fikirlərim vardır və bu fikirləri romanda ifadə etmək daha
məqsədəuyğundur deyə düşündüm. “Sahilsiz təzadlar” romanım
adından da göründüyü kimi xeyli sayda təzadları özündə təşkil edir və
ziyalılarımız, yazıçılarımız tərəfindən çox bəyənildi. Kitablarıma hörmətli
ziyalımız İsa Həbibbəyli ön söz yazmışdır. Uşaqlıqda bir sıra şeirlərim də
yazılmışdır.
Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
İlk növbədə kitab oxumağa həvəs olmalıdır. Müasir dövrümüzdə xeyli
sayda TV-lərin, sosial şəbəkələrin olması da kitab oxumağa vaxtı azaldır.
Həmçinin insanlar daha çox görüntülü, səsli verlişləri izləməyə,
dinləməyə üstünlük verirlər.
Yeni bir kitab yazmaq planınız varmı?
Yeni roman yazmağı düşünürəm. Bu haqda xeyli maraqlı fikirlərim
vardır. Amma növbəti kitabımı doktorluq dissertasıyamdan sonra
yazacağam.
Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?
Yazıçı güclü müşahidəçi olmalıdır. O, dövrünün proseslərini izləməli,
eyni zamanda dünyəvi elmlərdən də, yüksək səviyyədə olmasa da
xəbərdar olmalıdır. Dahi Nizami qeyd edirdi ki;
Dünyada nə qədər kitab var belə,
Çalışıb əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım
Yazıçı həm milli mədəniyyətdən, həm də dünya xalqlarının mədəniyyətindən
məlumatlı olmalıdır. Onların oxşar və fərqli xüsusiyyətlərindən
yararlanmalıdır. Daha yaxşı olardı ki, öz təxəyyülü ilə yox, real həyatdan
olan hadisələri qələmə alsın. Məsələn, dahi şəxsiyyətlərimizdən, vətən
müharibəsində iştirak edən qəhrəmanlarımızdan bəhs edən əsərlər
yazmaq olar. Ümummilli liderimiz Heydər Əliyev, onun Azərbaycana və
dünyaya bəxş etdikləri haqqında kitablar yazmaq çox gözəl olardı.
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)