Super User

Super User

Şuşada ilk dəfə “Natəvan” operası təqdim edilib. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə ilk yaşanıb və Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb. 

Qeyd edək ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub. 

 

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

Operanın təqdimatından sonra Yalçın Adıgözəlov deyib: “Natəvan” operasının Şuşada səslənməsi tarixi bir hadisədir. Bu gün bəstəkarın da ruhu şaddır. Çünki opera ilk dəfə Vasif Adıgözəlovun doğulduğu şəhərdə səsləndi. Bakıda dəfələrlə bu operanı səsləndirsək də, bu gün Şuşada bu sənət əsəri başqa bur ovqat yaratdı. Bundan gözəl nə ola bilər. Buz bu anı 30 ildir gözləyirdik. Bizi qarşıda böyük zəfərlər gözləyir, inanıram ki, yeni əsərlər yaradılacaq və bu əsərlər Zəngəzurda, Xankəndində səslənəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Onu uşaqlar Bəhram əmi, böyüklər bakılı oğlan deyə çağırır. Növbəti xəbərimiz onjn barəsindədir.

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, rejissor və aktyor, publisist, Əməkdar artist Bəhram Bağırzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış incəsənət xadimi mərkəzin fəaliyyət istiqamətləri ilə maraqlanıb, təlim prosesini izləyib. O, benefisiarlarla müxtəlif mövzularda fikirlərini bölüşərək, onları motivasiya edib. 

Müəllif yeni nəşr olunmuş “Sualtı varlıqlar”, “Quranda adı keçən heyvanlar”, “Elektrikin tarixi” kitablarını imzalayaraq, mərkəzin kitabxanasına bağışlayıb. Benefisiarlarla görüşən Bəhram Bağırzadə yeni kitablarını onlara hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

 

AzərTAC xəbər verir ki, konsert proqramı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra iki gün əvvəl açılışı olan Mehmandarovların malikanə kompleksində təşkil olunub. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi olub.

Doğma ata-baba ocağında olmaqdan qürur hissi keçirdiyini deyən dirijor təəssüratlarını bizimlə bölüşüb: “Bildiyiniz kimi, bu günlərdə Şuşa möhtəşəm tədbirə ev sahibliyi etdi. Belə bir tədbirin iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Hazırkı konsert proqramı da “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olundu. Açığını deyim, ağlıma gəlməzdi ki, nə vaxtsa Şuşada konsert verə bilərəm. Çalışdığım Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin heyəti ilə reallaşan bu konsert şəxsən mənə də xüsusi zövq yaşatdı. Bu malikanənin yüksək səviyyədə təmir-bərpasına görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Malikanədə bütün işlər zövqlə, bütün incəliklə işlənilib. Ümid edirəm ki, bu məkan bundan sonra da adından göründüyü kimi, qonaqlar – mehmanlar üçün açıq olacaq, qonaqlı-qaralı olacaq, hər zaman bu məkanda möhtəşəm tədbirlər keçiriləcək. Eyni zamanda, bizim tarixin də gələcək nəsillərə ötürülməsində bu məkan böyük rol oynayacaq”.

Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası, Niyazinin “Lirik rəqs”i, Tofiq Quliyevin “Laylay”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından fraqmentlər və xalq mahnısı “Sarı gəlin” səsləndirilib.

Konsert proqramı maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

Gənc yazıçı Təvəkkül Boysunarın “Qadınlara mədhiyyə” adlı ilk nəsr kitabı işıq üzü görüb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müəllif öz ilk kitab sevincini bu cür izhar edib: 

 

“Bu gün ilk kitabım çapdan çıxdı.

Bu kitab ərsəyə gəldikcə, yavaş-yavaş, hissə-hissə düzəlib tamamlandıqca elə qəribə, elə xoş və həyəcanlı hisslər keçirirdim ki, istər-istəməz təəccüblənirdim: yəni, doğrudanmı, bir kitab müəllif üçün bu qədər əhəmiyyətli ola bilərmiş. 

Başqa yazıçıları bilmirəm, amma mən həm keçirdiyim duyğulara, həm də gözəl və maraqlı yazılarımın bəzilərini bir araya topladığına görə bu ilk kitabıma - bu sevimli mənzərəyə minnətdarlığımı bildirirəm”.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Ədəbiyyata həyatdan gələn qəhrəman” məqaləsini təqdim edir.

 

 

“Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam” – deyərək bir şəxsiyyət kimi yetişməsində ədəbiyyatın rolunu xüsusi vurğulayan Ümummilli lider Heydər Əliyev zamanın elə bir məqamı gəlir ki, həyatda qəhrəman olmaqla yanaşı, ədəbiyyatın da qəhrəmanına çevrilir. Çox sevdiyi ədəbiyyatın, teatr səhnəsinin qəhrəmanı olur, onun sözlə portreti yaradılır, səhnə öz işıqlarını müxtəlif rakurslardan onun üzərinə salır. Ədəbiyyat tarixi gerçəklikdən, zamanın özündən ədəbiyyata gələn Heydər Əliyevi həm də tarixin yaddaşına köçürür. O, səhnənin işıqları altında dahi lider, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi, sadiq həyat yoldaşı, ləyaqətli övlad və ata kimi görünür. Və diqqət çəkən məqam odur ki, Heydər Əliyevin səhnədəki obrazı özünü gələcək oxucusuna, tamaşaçısına tanıtmaqdan, təqdim etməkdən daha çox öyrədən rolunda, funksiyasında görünür. Çətin, çıxılmaz vəziyyətdə çıxış yolu tapmağı, vaxtında, yerində müdrik qərar verməyi, gələcək strateji məqamları əvvəldən görməyi, onu düzgün axara yönləndirməyi, özünün malik olduğu milli dövlətçilik baxışlarını və ictimai ideallarını öyrədir.

Bəzən bədii ədəbiyyat tarixi tarixin özündən yaxşı öyrədir. Heydər Əliyev haqqında yazılan dram əsərləri oxucuya Heydər Əliyevi bir tarixi şəxsiyyət, tədbirli dövlət başçısı kimi göstərməklə yanaşı, həm də o epoxanın ictimai-siyasi vəziyyətini əks etdirən salnamə hesab oluna bilər.

Dram əsərinin əsas ünvanı teatrdır, səhnədir. O, oxudan çox tamaşa üçün nəzərdə tutulur. Bu baxımdan, Heydər Əliyev haqqında yazılan dram əsərlərinin əksəriyyəti öz ünvanına çatıb. Belə ki, bu əsərlərin çoxu öz səhnə həyatını yaşamışdır.

Ümummilli lider haqqında olan dram əsərlərində milli-siyasi qarşıdurmalar, vətəndaş qırğını, Topxana meşəsində ağaclara vurulan baltaların Bakı meydanlarında eşidilən əks-sədası, böyük imperiyanın çöküşü, Heydər Əliyevin Bakıya dönüşündən təlaşa düşən qüvvələrin dirənişi, öz müqəddəratını yenidən xilaskar liderinin ixtiyarına vermək istəyən xalqın çabaları, rus qoşunlarının törətdiyi 20 Yanvar faciəsi və bir-birini əvəz edən bu tragik səhnələr fonunda Heydər Əliyev qətiyyəti, Heydər Əliyev əzəməti görünür. Görünür, səhnə də, aktyorlar da tarixin o biri başından gəlmiş qəhrəmandan çox, şahidi, iştirakçısı olduqları tarixin qəhrəmanını canlandırmaqdan zövq alır və buna görə də bu əsərlərin əksəriyyətinin səhnə həyatı da uğurlu alınmışdır.

Təbii ki, tarixi şəxsiyyətlərin öyrənilməsi, onların fəaliyyətinin tədqiq olunması elmi tarixin vəzifəsi olduğu qədər bədii ədəbiyyatın da borcudur. Ədəbiyyat tarixin yetişdirdiyi simaların obrazını yaratmaqla həm də dünən, bu gün və sabah arasında ünsiyyət körpüsü qurmuş olur.

Tarixin elmi araşdırmaya ehtiyacı olduğu qədər “bədii tədqiqata” da ehtiyacı var. Xalqın taleyi, mənəvi keçmişi, onun zamanın müxtəlif dönəmlərində meydana çıxardığı ayrı-ayrı şəxsiyyətləri tarix və tarixçilər tərəfindən araşdırılmaqla yanaşı, bədii ədəbiyyatın da işığına ehtiyac duyur. Bədii fikrin tarixə müraciəti, tarixi keçmişdən bəhs etməsi böyük zərurətdən doğur. Ədəbiyyat keçmişin qaranlıq qatlarını aydınlatmaqla yanaşı, onun tarixi şəxsiyyətlərinin bədii obrazını yaratmağa da borcludur. Bu amil həm də ədəbiyyatın bu gün və sabahla bağlılığını şərtləndirir.

Nəzəri-estetik prinsiplərdə tarixi şəxsiyyətlərin həyatına müraciətin vacibliyi bir neçə amillə şərtləndirilir. Ən əsası ona görə vacib hesab edilir ki, tarix və onu yaradanlar ədəbiyyat vasitəsi ilə təbliğ olunur, böyük şəxsiyyətlərin, filosof və sərkərdələrin, söz və düşüncə adamlarının bədii təqdimi tarixin öyrənilməsində, yaşananlardan dərs alınmasında böyük rol oynayır. Bu şəxsiyyətlərin bədii surəti nə qədər monumental yaradılarsa, onlar öz xalqlarının milli obrazını, sahib olduğu dəyərləri o qədər aydın əks etdirmiş olarlar. Epoxaların, baş verən hadisələrin, təbəddülatın dərki prosesində bədii tarixin rolu elmi tarixin əhəmiyyətindən heç də az deyil və buna görə də tarixi həqiqətlərin bədii gerçəkliyə çevrilməsi böyük fəlsəfi – estetik dəyəri olan məsələ hesab edilir.

         AMEA-nın müxbir üzvü Yaşar Qarayev ulu öndərin 75 illiyi ərəfəsində yazdığı məqaləsində deyirdi: “Heydər Əliyev olmaq, ümumiyyətlə, çətin işdir. 75 il fasiləsiz, hər ay, hər gün sərasər Heydər Əliyev olub qalmaq isə xüsusilə çətindir”.

Həyatda Heydər Əliyev olmağın çətinliyinə etiraz edən tapılmaz. Həyatda çətin olan bu işin ədəbiyyatda əksi, gerçəkdəki Heydər Əliyevi tarixi yaddaşdan ədəbi yaddaşa köçürmək, onun bədii obrazını yaratmaq ikiqat çətin işdir. Əgər bu obraz, bu bədii portret uşaqlar üçün yaradılırsa, azyaşlı oxucu üçün təqdim olunursa, işin çətinliyi bir qədər də artmış olur.

Heydər Əliyev olmaq iki aspektdən çətin idi. Birinci, zaman və xalq, tarix və cəmiyyət qarşısındakı məsuliyyət, əldə olunmuş müstəqilliyin qorunması yolundakı əziyyətlər, ölkəni çıxılmaz durumdan çıxarmaq üçün tələb olunan “siyasi intellekt” və “strateji diplomatiya” sərgiləmək baxımından idisə, ikinci, Ulu öndərin bütün bu sadalananlarla vəhdət təşkil edən bioqrafiyası idi. Yaşar Qarayevin yenə həmin yazısında oxuyuruq: "Ümumiyyətlə, bu tərcümeyi-hal çox ziqzaqlıdır: o, imperiya lideri də olub, fərdi təqaüdçü də; istiqlal lideri də olub, DTK generalı da. Ən böyük təqdirin də hədəfi olub, ən kəskin tənqidin də; ləyaqətinə şər atmaq üçün də, şəninə mədhiyyə demək üçün də mikrofonda növbəyə düzülənlər həmişə tapılıb. Amma bu dəyişən mərhələlərin də hamısında təkcə bir şey dəyişməyib: eyni bir daxili, fitri ideala xidmət əzmi, milli Azərbaycan ideyası!"

 

Heydər Əliyevin uşaq ədəbiyyatındakı obrazına işıq saldıqda o, göz önündə xilaskar, varlığı ümid və nicat vəd edən, Azərbaycanın özünəqədərki milli dövlətçilik, idarəçilik təcrübəsini bir daha nümayiş və təsdiq etdirən, təkcə həmfikirlərinə deyil, həm də opponentlərinə qəbul etdirən bir şəxsiyyət, xalqının qəhrəmanı, müdrik lider, milli öndər, millət atası kimi görünür. Milli öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılmışdır.

Bu şeirlərdə müşahidə etdiyim maraqlı dilemmalara diqqət yönəltmək istəyərdim. Bədii nümunələrdə Heydər Əliyevdən həm tarixin və zamanın yetir­di­yi, həm də tarixin özünü yaradan, onu idarə edən, yönləndirən kimi danışılır. Elə söykənən, elin söykəndiyi, yol açan, özü yol olan, xalqdan güc alan, xalqın güc  aldığı, genetik yaddaşın, tarixi təcrübənin yetirdiyi və özü nümunəyə, məktəbə çevrilən, vətənin həm əsgəri, həm generalı... Bu dilemmalar bəzən eyni şeirdə, bəzən də ayrı-ayrı, tam fərqli nümunələrdə özünü göstərir:

Heydər Əliyevin uşaq ədəbiyyatında görünən obrazı güclü və suveren dövlət qurmağı bacaran, Azərbaycanın əbədiliyini təmin edən, vətənə tuşlanan zərbələrə sinə gərən, 7-dən 77-yə hər kəsin qayğısını şəxsi problemi hesab edən “Heydər baba” kimi görünür. Düşünürəm ki, bundan sonra da enerjisini tarixdən alan və gələcəyə ötürən milli liderin həyat salnaməsini əks etdirən bədii əsərlər yazılacaqdır və yazılmalıdır... 

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)

 

 

BU GÜN MAQSUD İBRAHİMBƏYOVUN DOĞUM GÜNÜDÜR

 

 

“Bütün yaxşılıqlara ölüm” və “Kərkədan buynuzu”… 70-ci, 80-ci illərdə yeniyetmələr və gənclər sevə-sevə bu romanları oxuyurdu. Sanki kommunist ideologiyasının buxovlarından cana gələn, ideologi buzda buzlaşan insanlar bu romanlarda bir istilənmə duyurdular. Bu romanların müəllifi Maqsud İbrahimbəyov idi. O, dahi rejissor və ssenarist Rüstəm İbrahimbəyovun qardaşı idi həm də.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli yazıçı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun anadan olmasından 88 il ötür.

Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov XX əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib. Deyilənə görə, yazıçı üçün əsas tanınma onun yaratdığı personajların onun özünü yaşatmasıdır. Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları – böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də onlarla yeni nəsil tanış olmağa davam edir və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır. Təsadüfi deyil ki, Maqsud İbrahimbəyov hətta Tom Soyer, Heklberri Fin kimi məşhur uşaq qəhrəmanlarını yaddaşlatdan sildirib ora öz qəhrəmanlarını pərçim etməyi bacarırdı. 

 

Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil alıb. 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxuyub.

Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışıb, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.

Maqsud İbrahimbəyov qısa müddət ərzində istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin altmışıncı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Böyük oxucu dairəsinə malik olan yazıçının əsərləri Ümumittifaq səviyyəsində geniş yayılan “Novıy mir”, “Yunost” və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Onun pyesləri Moskvanın “Malıy teatr”ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarla teatrda tamaşaya qoyulub. Onun "Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlara ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.

Hazırda Bakıda fəaliyyət göstərən Maqsud İbrahimbəyovun adını daşıyan mərkəz yazıçının irsini yaşatmaq və təbliğ etmək üçün yeni-yeni layihələr həyata keçirir.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat edib. 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri xiyabanda dəfn edilib.

Görkəmli yazıçı və ictimai xadim Maqsud İbrahimbəyovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

Günün fotosu: Bakıda atəşfəşanlıq

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bu gecə Bakıda, Dənizkənarı Bulvarda təşkil edilən atəşfəşanlıqdan bir görüntü.

Fotonun müəlliflik hüququ: AzərTAC-ındır.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

“Ədəbiyyat və incəsənət” portalında statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmi

 

 

1.Çox yol qarşısında dayanan insan həmişə əziyyət çəkəcək, bir yol qarşısında dayanan insan düşünməyəcək, qarşısında yol olmayan insan özündə güc tapıb yeni yol arayacaq.

2. Əvvəl ad, sonra çoxlu pul qazansan, insanlar sənə mərhəmətli olar, əksinə, pul qazanıb, sonra ad qazanmaq istəsən, sənə şübhə ilə yanaşarlar.

3. Ağıllı insanlar bu həyatda qonaq olduqlarını yaxşı bilirlər.

4. Tərifi qədərində edin ki, rastlaşanda utanmayasınız.

5. Müasir tibbin çalışdığı odur ki, heç kim öz əcəli ilə ölə bilməsin.

6. Arzunuzdan imtina edib geri dönməyin, bilin ki, arzunuz da sizin ona çatacağınızı gözləyir.

7. Şahmatda ən cəsarətli fiqurlar piyadalardır: onlar mübarizəyə birinci atılır və özlərini qurban verməkdən qorxmur.

8. Bacarıq insanın bildiyini həyata keçirə bilmək qabiliyyətidir.

9. Sənin gözlərini, qulaqlarını və qəlbini eyni vaxtda yalnız insan sevindirə bilər.

10. Cavabları ilə nə edəcəyini bilmədiyin sualları heç vaxt vermə.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

“Ədəbiyyat və incəsənət” Elman Eldaroğlunun növbəti doğum günü təbrikini təqdim edir

 

Xeyirxahlıq İlahi əməllərdəndir. Bunu hər kəs bacara bilməz. O qədər imkanlı iş adamları, kifayət qədər zəngin vəzifə sahibləri tanıyırıq ki, heç vaxt bir yetimi sevindirməyiblər. Ona görə yox ki, onlar bunu bacarmırlar, ona görə ki, bunun üçün Allahın izni olmayıb. Və heç bir zaman bu izni Tanrıdan diləməyiblər…

 

Haqqında söhbət açmaq istədiyim insan uzun yol keçib. Ac qalıb, çətinliklər görüb, min bir əzaba qatlaşıb, nəhayət qərib bir diyarda- Qırğızıstanda var-dövlət, nüfuz sahibi olub. İki ali təhsilə yiyələnib. Vətəndən uzaqda yaşasa da ürəyi həmişə Azərbaycanla döyünüb, Azərbaycanla nəfəs alıb. Elə buna görədir ki, indiyədək həyata keçirdiyi xeyirxah layihələrin böyük əksəriyyəti Azərbaycanla bağlıdır.

Onun nə qədər kimsəsizi sevindirdiyi, xəstələrin şəfa tapmasından ötrü çəkdiyi xərclər, imkansızlara payladığı sovqatlar haqqında danışmayacam. Çünki yerin-göyün sahibinin bunlardan xəbəri varsa, kifayət edər. Mən ancaq onun həyata keçirdiyi rəsmi tədbirlərdən danışmaq istəyirəm. Yadınızdadırsa, 2008-ci ildə dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatov Bakıya gəlmişdi. Böyük Türk yazıçısını müşayət edən 31 nəfərdən ibarət heyətin Azərbaycana səfərinin bütün xərclərini, bu səfəri təşkil edən bir şəxs kimi, o, ödəyib. Həmin vaxt Azərbaycan prezidenti onları qəbul da edib...

2006-cı ildə "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu" yaradaraq qeydiyyatdan keçirən bu soydaşımız 2006-2007-ci illərdə Bişkekdə, Almatada, Bakıda Azərbaycan Respublikasının rəsmi nümayəndələrinin iştirakı ilə I, II, III "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" adlı elmi-nəzəri konfranslar keçirib. Dediyinə görə, 2007- ci ildə Almatada keçirdiyi II elmi nəzəri konfrans Azərbaycanda ilin mühüm hadisəsi elan olunub…

2008- ci ildə Çingiz Aytmatovun ölümündən bir az əvvəl, Qırğızıstan dövlət filarmoniyasında Heydər Əliyevin 85, Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar möhtəşəm tədbir təşkil edib. Çingiz Aytmatovun da iştirak etdiyi bu tədbirə Azərbaycandan rəsmi nümayəndələr, MM deputatları və bir sıra elm və mədəniyyət xadimləri iştirak ediblər…

2012- ci ilin fevral ayında Vahid Mustafayevin ərsəyə gətirdiyi “Xoca” filmini Qırğız dilinə dublyaj etdirərək Qırğızıstanın elm və mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatını keçirib. Tədbirdə demək olar ki, Qırğızıstanın bütün tanınmış adamları iştirak ediblər. Həmin filmi Qırğızıstanın bütün aparıcı telekanalları nümayiş etdirib. Sonra Qırğızıstanın tanınmış elm və mədəniyyət adamlarının Azərbaycana səfərini təşkil edib. Səfərin bütün xərclərini özü ödəyib…

2009- cu ildə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi 11 nərəlik nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edib. Həmin il mart ayının 13-də prezident İlham Əliyev həmin heyəti qəbul edərkən, o da qonaqların arasında olub. Bu onun prezidentlə ikinci görüşü kimi əbədi yadında qalıb...

Deyir ki,- "Böyük lider Heydər Əliyevin Bişkekdə parkının salınması, heykəlinin qoyulması ən böyük arzumdur. Qırğızıstanın bütün dövlət orqanlarına müraciət ünvanladım. Bunu eşidən ermənilər mənə qarşı əks hücuma keçdilər. Məni qaralamaq, şərləmək istəyirdilər. Çox təzyiqlərlə məruz qaldım və nəhayət bütün sənədləri əldə etdim. Sənədlərdə yazılıb ki, "Türkdilli dövlətlərin siyasətinə dəstək fondu"nun müraciəti əsasında Heydər Əliyev adına Parkın salınması üçün 5 hektar yarım torpaq sahəsi ayrılsın. Amma Qırğızıstandaki sapı özümüzdən olan baltalar bu parkı başa gətirməyə imkan vermirlər"…

2016- cı ildə tanınmış tarixçi yazıçı Yunus Oğuzun iki kitabını rus və qırğız dillərində çap etdirib. Kitabın təqdimatını Qırğızıstan prezidentinin birinci iqamətgahını kiraləyərək, orada keçirib.

“Prezident İlham Əliyev” adlı hər biri təxminən 800 səhifəyə yaxın 3 cildlik kitabı ərsəyə gətirib. Heydər və İlham Əliyevlərdən bəhs edən "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabını rus dilində çap etdirərək, Qırğızıstanın idarə və təşkilatlarına hədiyyə edib...

Bir neçə il öncə Heydər Əliyevin təbliği çərçivəsində 2004-cü ildə təsis etdiyi "Qırğızıstan Heydər Əliyev fondu"nun sifarişi ilə Bişkekdə “İki dahi Şəxsiyyət...” adlı film çəkdirib. Film Türk dünyasının iki böyük oğlu- Heydər Əliyev və Çingiz Aytmatovdan bəhs edir...

Bu günə kimi Azərbaycanla bağlı 112 kitabı müxtəlif dillərdə nəşr etdirib. Onun vəsaiti hesabına 2 Azərbaycan filmi Qırğız dilinə dublyaj olunub...

2017-ci ildə Qırğızıstanda prezident seçkiləri keçirilərkən öz namizədliyini Sooronbay Jeenbekovun xeyrinə geri götürüb. Bir sözlə, haqqında söhbət açdığım Nüsrət Məmmədov Azərbaycanı Qırğızıstanda ləyaqətlə təmsil edən soydaşımızdır...

Nüsrət müəllimin 66 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

11-ci dərc

 

Tahir müəllim bərk-bərk əlimi sıxıb, -Mən sizə inanıram, Bəxtiyar müəllim, inanıram ki, tezliklə Nərmin balamızı tapacaqsınız, -dedi. Müəllimin əlləri titrəyirdi.

-Narahat olmayın, müəllim, əlimdə olan bütün imkanlardan istifadə edəcəyəm, -deyib sağollaşdım.

Tahir müəllimin şagirdi üçün keçirdiyi həyəcan, təlaş çox səmimi idi.

Bilirsiniz, mən öz millətimi çox sevirəm. Biz çox gözəl, son tikəmizi belə bölüşməyə hazır olan qonaqpərvər bir millətik. Bizimlə dost ol, beş qat dostluq görəcəksən.Tarix boyu hər zaman qonşularımızın köməyinə gəlməyə hazır olmuşuq. Heç kim deməsin ki, çox sadə olmaq da bir şey deyil. Xeyr, bu sadəlik yox, Böyük Tanrının millətimizə lütfüdür. Baxın, Tanrı bizə millət olaraq bu gözəl sifəti, ermənilərə də bildiyimiz kimi məkrlilik, yaltaqlıq, satqınlıq kimi simaları verib. Hansı yaxşıdır?

Belə bir hədis var. İmam Əli əleyhissalama sual ediblər ki, bu qədər ki, sizə pisliklər olunur, niyə siz də o adamlara pislik etmirsiniz. Cavab verib ki, onlar pisliklərindən qalmırlarsa, mən yaxşılığımdan niyə qalım. 

Hər bir şeyin cavabı mütləq gəlir, pisliyin də, yaxşılığın da.

O ki qaldı ermənilərə, onlar da vaxtilə bizim qonaqpərvərliyimizdən istifadə edib kifayət qədər ayağımızın altını qazıblar. Sonra açıq-aşkar düşmənçiliyə keçdilər. Və baxın. Qazandıqları nə oldu? İşğal etdikləri torpaqlarımızda tək-tük məskunlaşmış erməniləri nəzərə almazsaq, heç bir həyat yoxdur, ola da bilməz. Ermənistan isə iflasa uğramış bir dövlət kimi dünya ölkələri arasında bütün sahələrdə sonuncu yerlərdən birini tutur və əhalisinin böyük bir hissəsi oradakı dözülməz həyat şəraitindən bezərək xarici ölkələrə üz tutub.

Bir fikrimi də bölüşmək istəyirəm. Kimsə fikirləşməsin ki, torpaqlarımızın zəbt olunması millət olaraq bizim qürurumuza xələl gətirir. Hamımız bu torpaqların hansı fövqəlqüvvələrin himayədarlığı nəticəsində zəbt olunduğunu bilirik və həmin dövrlərdə müstəqilliyinin ilk addımlarını atan Azərbaycan üçün bu qüvvələr qarşısında duruş gətirmək çox çətin idi.

Bu hal o vaxt utancverici olar ki, millət olaraq bununla barışmış olaq. Bu isə mümkün deyil. Erməni özü də gözəl başa düşür ki, zəbt olunmuş torpaqlar onların deyil. Hətta artıq bəzi ziyalıları çəkinmədən bunu kütləvi informasiya vasitələrində etiraf da edirlər. Belə olmasaydı, o ərazilərdə heç olmasa bircə dənə birmərtəbəli tikili inşa edərdilər. Ancaq görürsünüz ki, etməyiblər. Çünki bu, özgənin həyətində ev tikmək kimi bir şey olardı.

Müharibənin gedişatıdır bu, gedişatda isə çox şeylər olar. Tarix boyu böyük-böyük dövlətlərin əraziləri hətta tamamilə istila olunub. Ancaq bu istilalar o millətlərin adına xələl gətirəcək heç bir şeylə yox, sadəcə işğal faktı kimi tarixə düşüb.

Zorla hərbi xidmətə çağırılan erməni gənclərindən fərqli olaraq, hərbi çağırış yaşı çatmış gənclərimiz qəlblərində qisas hissi ilə səngərlərə yollanırlar.

Danışdıqlarımda məntiq budur ki, biz elə həmişə yaxşı millət olaraq qalacayıq. Ancaq bu qonaqpərvərliyimiz kimlərisə yanlış fikirlərə salmasın. Yoxsa aqibətləri pis olar. Görək həmin düşmənliyi davam etdirən erməni bu gün bircə qarış torpağımızı ala bilərmi?

Millətimizin bir nümayəndəsi ilə bağlı bir hadisəni mütləq sizə danışmaq istəyirəm. Elə həm də yaxşılıq barədə dediklərimə gözəl bir nümunə olar.

XIX əsrin əvvəllərində indiki Pakistanın ərazisi ingilis ordusu tərəfindən zəbt edilərək Britaniya Hindistanının tərkibinə daxil edilmişdi. XX əsrin əvvəllərində isə azadlıq uğrunda mübarizə aparan Pakistanın bir çox əyalətlərində keçici olan və yüz faiz ölümlə nəticələnən vəba xəstəliyi tüğyan etməyə başlamışdı, sürətlə yayılan bu xəstəlikdən yüz mindən çox pakistanlı tələf olmuşdu.

Bu xəstəliyə qalib gəlməyin tək yolu, hələ epidemiyaya yoluxmayanlara xüsusi peyvəndin edilməsi imiş ki, bu peyvəndin də xarici ölkədən gətirilməsi tələb olunurmuş. Bu isə əsarət altında olan Pakistan üçün əlçatmaz bir şey idi.

Bax onda, son dərəcə ağır durumda olan pakistanlıların köməyinə bizim azərbaycanlımız Hacı Zeynalabdin Tağıyev gəlmişdir. Qızıl pulla Almaniyadan üç yüz min ədəd peyvənd sifariş edərək Pakistana gətizdirən xeyriyyəçimizin bu addımı epidemiyaya qalib gəlməkdə əsas rol oynamışdır.

Bununla kifayətlənməyən Hacı, məsələni dünya ictimaiyyətinin də nəzərinə çatdırmışdır, müxtəlif ölkələrdən imkanlı insanlar yardımlar edərək pakistanlıların bir xalq kimi məhv olaraq yer üzündən silinməsinin qarşısını almışlar.

Bu fakt 1947-ci ildə müstəqillik əldə etmiş Pakistanın məktəb dərsliklərinə salınmışdır və hər bir pakistanlı Azərbaycanı qardaş ölkə, azərbaycanlıları isə qardaş hesab edir.

Təsadüfi deyil ki, Pakistan Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini tam dəstəkləyir və müstəqilliyimizi tanıyan ilk dövlətdir, Ermənistanı da bir dövlət kimi tanımadığını bəyan edib.

Əhalisinin sayına görə dünya ölkələri arasında altıncı, müsəlman ölkələri arasında isə İndoneziyadan sonra ikinci olan bir dövlətin tək bir azərbaycanlının vaxtilə etdiyi yaxşılıq nəticəsində millətimizə və dövlətimizə qarşı belə bir mövqe nümayiş etdirməsi fakt deyilmi?

Bu dostluq və qardaşlıq münasibətləri bu gün də dövlət səviyyəsində inkişaf etdirilərək möhkəmləndirilir.

Məncə, fikirlərimlə razılaşdınız.

İndi növbəti gedişlərimi fikirləşməliydim. 

Bəli, cinayət baş vermişdi və mən bu halda artıq cinayətdən cinayətkarlara çıxmalıydım. 

Buna görə, indi hər iki şagirdlə görüşüb söhbət etməli, onların dediklərini də Tahir müəllimin dediklərinə əlavə edib, sonra Rəşad Qasımlıdan öyrəndiklərimlə uzlaşdırmaqla təhlil etməliydim. Əgər söhbət əsnasında yeni simalar ortaya çıxmasa idi.

Bu gecə yatmayacağımı bilirdim…

 

* * *

Samovarda qaynayan suyun pıqqıltısı şişmanı xəyallardan ayırdı. Tez ayağa qalxıb içinə quru çay tökərək hazır qoyduğu dəm çaydanını qaynar su ilə doldurub dəm alması üçün samovarın üstünə qoydu. Bir qədər sonra xəyalı onu yenə də onun üçün dəhşətə çevrilən son dövrün hadisələrinə apardı.

Evləri almağa və yenidənqurma işlərinə altı aya yaxın vaxt sərf olunmuşdu. Xüsusilə, evlərdən birinin sahibi buranın ata ocağı olduğunu deyib heç cür satmağa razılaşmırdı. Ancaq sonda sınaqdan çıxmış bir deyim bir daha özünü doğrultdu. “O şeyi ki, pulla almaq olmur, onu çox pulla almaq olar” deyimi. Uzun çək-çevirdən sonra şişmanın təklif etdiyi pulun məbləğini eşidən ev sahibi nəinki evin ata ocağı olmasını, az qala atasının adını da unutdu və evi satmağa razılıq verdi.

Təmir işləri başa çatdıqdan sonra ustalara bir gecə də qalmağı, həmin gecə yeyib-içməyi təklif edən Həsənağa ona çıxıb getməsini, səhər tezdən gəlməsini tapşırmışdı.

Səhər gələndə isə ustaların onunla sağollaşmadan çıxıb getdiklərini görmüşdü, üstəlik, bu da, bunkerdə gördüyü, özü üçün izah edə bilmədiyi bəzi şeylər də ona çox müəmmalı gəlmişdi. Hər şey isə belə olmuşdu:

Həsənağanın tapşırdığı kimi saat 9-da ustalarla sağollaşmağa gələn şişman maşını dalanda saxladı. Düşüb yaxınlaşarkən həyətin qapısını kilidli gördü. Qapının cəftəsi içəridən vurulmamışdı. “Görəsən bunlar qapını kilidlə niyə bağlayıblar. Yəqin axşamki qonaqlıqdan sonra dəmləşib yatıblar”, -deyə fikirləşib, bir-iki ağız çağırsa da, səsinə hay verən olmadı. Özündəki açarla qapını açıb həyətə, oradan da evə keçdi. Evdə heç kim yox idi.

“Bəs bunlar haradadırlar görəsən”, -şişman fikirləşdi. “Belə tez getməli deyildilər axı. Heç sağollaşa da bilmədim. Bəlkə sığınacaqdadırlar”.

Şişman sığınacağın giriş qapısının mexanizmini işə salan, evin içərisində gizli yerdə quraşdırılmış düyməni basıb həyətə çıxdı. Bunkerin giriş qapısı səsizcə açılmışdı. Küçə qapısını içəridən kilidləyib yavaş-yavaş pilləkənlərlə aşağı, bunkerə düşdü. Burada da heç kim yox idi. Axşamdan stolun üstündə qalan yemək qalıqlarının iyi hansısa xoşagəlməz iyə qarışıb ətrafı bürümüşdü. Masanın ətrafındakı stullardan ikisi aşmış, döşəmə isə hansısa bulanıq mayeyə bulaşmışdı.

“Yəqin ustalardan hansınınsa halı pisləşib, yediyini qaytarıb”, -şişmanın ağlına gələn ilk fikir bu oldu. Sonra dəsmalı ilə burnunu tutub bunkerdəki otaqları bir-bir yoxlamağa başladı. Ancaq otaqlar hamısı boş idi. Sonuncu otağa yaxınlaşanda  bunkerin uzaq küncündə vaxtilə Həsənağanın tapşırığı ilə ustaların qazdığı, eni və uzunluğu bir, dərinliyi iki metr yarım olan, yenə də Həsənağanın tapşırığı ilə içərisindən çıxan torpağı yanında saxlanılan quyunun doldurulduğunu və üstünün betonlandığını gördü. Əyilib barmağı ilə betona toxundu. Beton hələ nəm olsa da, artıq bərkimişdi.

“Görəsən, bu nə ola bilər? Yeyib-içəndən sonra bu quyunu doldurmaq axı bunların haradan yadına düşmüşdü və nəyə lazım idi? Qumun da yarıdan çoxu yerindədir”.

Şişman içəridəki üfunətdən ürəyinin bulandığını hiss edib yuxarı qalxdı. Hovuza yaxınlaşıb üzünə su vurdu. Bir qədər yüngülləşdi.

Ancaq hələ də bunkerin içində gördüklərindən bir şey anlaya bilmirdi.

Yaxşı, deyək ki, lap ustalar səhər obaşdan getməyə qərar vermişdilər. Lap elə içkinin təsirindən hansınınsa halı xarab olub və yediyini qaytarıb. Bəs bu quyu məsələsi nədir? Bax bunu şişman heç çür başa düşə bilmirdi.

Gecə baş verənlərə aydınlıq gətirmək üçün Həsənağaya zəng vurmaq qərarına gəldi. Çəpgöz yeddinci zəngdən sonra yuxulu səslə telefona cavab verdi:

-Eşidirəm.

-Mən buradayam, dediyin kimi saat 9-da gəlmişəm. Ustalar haradadırlar, burada nə baş verib?

-Heç yerə getmə. Bunkerə əl gəzdir. Mən gələnə tərtəmiz olsun. Gec yatmışam, bir az yuxumu alım gələcəyəm,- Həsənağanın amiranə səsi şişmanın növbəti suallarının qarşısını aldı. Onsuz da, heç az əvvəl verdiyi suallara da cavab ala bilməmişdi.

-Yaxşı, -deyib, əlaqəni kəsdi.

…Həsənağa gələndə şişman təmizlik işlərini təzəcə bitirib çay dəmləmişdi. Hazır çay olduğunu görən çəpgözün yuxusuzluqdan şişmiş sifətində sevincə oxşar bir ifadə əmələ gəldi.

-Hə, bax bu yaxşı oldu, yoxsa ağzım zəhər dadır, süz görüm, -deyib hovuzun kənarında oturdu.

Şişman evə keçib iki stəkan və qəndqabı gətirdi. Yenicə dəm almış çaydan stəkanlara süzüb Həsənağa ilə üzbəüz oturdu.

-Ustalar niyə belə tez gediblər, ay Həsənağa?

-Kənd adamlarıdırlar da. Saat altıdan oyanıb məni də oyatdılar, dedilər getməliyik. Mən də daha nə deyəcəkdim ki, halallaşıb yola saldım. İçkili olduğumçün maşınla aparmadım. Dedilər avtovağzaladək taksi tutacağıq.

-Bəs o quyu niyə doldurulub? -şişman səhərdən onu narahat edən əsas sualı verdi.

-Quyu drenaj sisteminə əlavə nasos quraşdırmaq üçün bizə lazım olacaqdı. Sonra məlum oldu ki, ikinci nasosa ehtiyac yoxdur. Amma yadımdan çıxmışdı deyim doldursunlar. Səhər ustalar oyananda dedim, sağ olsunlar, yarımca saata doldurub üstünü də betonladılar.Yoxsa qalsaydı gərək sən dolduraydın,- Həsənağa hiss elətdirmədən diqqətlə şişmana baxdı.

-Yəni deyirsən ki, səhər tezdən?

-Hə də, daha yuxuda doldurmayacaqdılar ki. Hə, sənə də çoxlu üzrxahlıq etdilər, dedilər qardaşa de, onu görə bilmədik, şəhərə gələndə mütləq baş çəkəcəyik.

Şişman soruşmaq istədi ki, bəs hava və günəş dəyməyən yerdə iki-üç saata da beton elə bərkiyərmi, ancaq birdən elə bil onu nə isə saxladı. Tez sözünü dəyişdi:

-Hə, lap yaxşı, sağ olsunlar, -deyib özünü inanmış kimi göstərdi.

-Birini də süz görüm, -Həsənağa boşaltdığı stəkanını şişmana uzatdı.

Bu söhbətdən sonra şişmanın beyninə dolan şübhələr sonrakı aylarda daha da artdı.

Həsənağa çoxlu avadanlıq gətizdirərək həyətə yığdırdı. Gecələr həmin avadanlıqları ikisi birlikdə bunkerə daşıdılar. Quraşdırılmasını isə sonradan biri həkim olduğu bilinən, Azərbaycan dilində danışsalar da, əcnəbi olmaları dərhal hiss olunan iki nəfər həyata keçirdi.

Sonradan əcnəbi həkim tez-tez gəlib Həsənağaya hansısa tapşırıqlar verir, bir müddət keçmiş gəlib necə yerinə yetirilməsini yoxlayırdı.

Bu işlərə də üç ay vaxt sərf olundu. Yeraltı mini tibb klinikası artıq fəaliyyətə hazır idi.

Bundan sonra bunkerə müxtəlif dərman preparatları, məhlullar, tənzif, pambıq və tibbi alətlər gətirib xüsusi dolablara yerləşdirdilər. Bütün bunları izləyən şişmana bir sual rahatlıq vermirdi. Əgər bunların məqsədi tibb müəssisəsi açmaq idisə, bunu yerin altında niyə tikirdilər…

Şişman qorxaq və tamahkar olsa da, ağılsız adam deyildi və nə baş verdiyini yavaş-yavaş anlamağa başlayırdı. Ancaq geriyə yolu olmadığı üçün, xüsusilə sivri burunlunun qorxusundan  susub gözləməyə məcbur idi.

Bircə təsəllisi var idi ki, indiyədək burada nə baş vermişdisə, o dolayısı ilə iştirak etmişdi və dua edirdi ki, gələcəkdə də baş verənlərdə birbaşa iştirakçı olmasın.

Ancaq qorxduğu onun başına gəldi. Hər şey hazır olandan bir ay sonra bu evdə gecələmək tapşırığı alan şişman Həsənağanın telefon zənginə yuxudan oyandı. Tez darvazanı açıb onun maşınını içəri buraxdı. “Pajero” markalı maşınından düşən Həsənağa -Tez ol, kömək elə, -deyib, asta səslə şişmanı maşının yanına çağırdı. Maşının arxa oturacağında huşsuz vəziyyətdə təxminən iyirmi altı yaşı olan bir oğlan uzanmışdı. Şişman fikirləşdi ki, yəqin çəpgöz onu maşınla vurub, indi də izi itirmək üçün maşına qoyub bura gətirib.

Ancaq köməkləşib oğlanı qucaqlarına aldıqdan sonra çəpgözün işarəsi ilə bunkerə aparıb oradakı çarpayı quraşdırılmış otaqlardan birinə uzatdıqda şişman, bunun avtoqəza olmadığını başa düşdü.

-Bu kimdir belə, nə olub buna? -deyə çəpgözdən soruşdu.

Otağın işığında çarpayıda uzanan oğlana diqqətlə baxan şişman, -Bu hansı millətdəndir? -deyə bir də Həsənağaya müraciət etdi.

-Az danış, otağın qapısını çöldən kilidlə. Oğlana heç nə olmayıb. Bu gecə səhərəcən oyanmayacaq. Ona başınla cavabdehsən. Gəl maşını boşalt mən getməliyəm, -deyə çəpgöz çımxırdı.

Maşında ancaq ərzaq olduğunu görən şişman, -Bu qədər yeməyi kiminçün almısan? -deyə yenə sual verdi.

-Bax bu yaxşı sualdı, -bu dəfə çəpgöz mülayim danışdı. Bu oğlan bir neçə gün qonağımız olacaq. Yaxın günlərdə başqa qonaqlarımız da olacaq. Bu gündən sən buranı tərk etməyəcəksən. Heç bir halda. Oğlanın gündə üç dəfə yeməyini sən verəcəksən. Onunla heç bir kontakt yaratmırsan. Ayaqyolu otaqda nəzərdə tutulub, bilirsən, ona görə də, ancaq qapıdakı kiçik nəfəslikdən yeməyini verib yuxarı qalx. Bu ərəfədə öz telefonunu söndür, ancaq mənim bildiyim nömrə olan ikinci telefonu işlət.

Bunları deyib Həsənağa maşına mindi. İrəli-geriyə verərək maşını döndərdi və sürüb həyətdən çıxdı. Bir azdan gecənin qaranlığında uzaqlaşan maşınının işıqları da görünməz oldu.

Şişman cəld darvazanı bağlayıb yenidən bunkerə qayıtdı. Oğlan yatırdı.

“Bu ki, insan oğurluğudur”. Ağlına gələn fikirdən şişmanın dizləri qatlandı və yerə çökdü.

Necə yəni hələ yenə qonaqlarımız olacaq? Bununla Həsənağa nə demək istəyir. Yəni ki, yenə də kimisə oğurlayıb gətirəcək? Bəs sonra? Bu aparatlar, dərmanlar bunların nəyinə lazımdır? Hələ o əcnəbi həkim. Lap cəllada oxşayır. Deyəsən axı, təkcə insan oğurluğu yox, həm də insan orqanlarının alveridir bu.

O, qorxusundan çökdüyü yerdən tərpənə bilmirdi.

Sonrakı hadisələr şişmanın fikirləşdiklərini tam təsdiqlədi və növbəti gün daha iki nəfər də həmin üsulla, yatızdırılıb bunkerə gətirildi. Onlar da qeyri millətin nümayəndələri idilər.

Oğurlanmış adamlar ayrı-ayrı otaqlarda saxlanılır, gətiriləndən bir müddət sonra, ayılana yaxın əcnəbi həkim gələrək onlara hansısa iynəni vurur, bu iynə ilə onlar bütün müqavimət qabiliyyətini itirərək özlərini çox sakit aparırdılar.

Sonra isə onlar həkimin təyin etdiyi cədvəl üzrə və xüsusi dərmanlar qatılmış yeməklərlə qidalandırılır, vaxtaşırı qəssaba oxşayan həkim tərəfindən labarator analizləri götürülərək yoxlanılırdı. Qidaya qatılan preparatların tərkibində də sakitləşdiricilər olduğu üçün saxlanılan adamlar günün çoxunu yatmaqla keçirirdilər.

Lazım olan adam sayı hazır olandan və xüsusi dərmanlar verilməyə başlayandan üç gün sonra, bazar günü gecə saatlarında həkim yanında bir qadınla bunkerə gəldi. Həsənağa da onlarla bunkerə düşdü və həmin gün şişmanı bunkerə buraxmadılar. Yalnız bir neçə saatdan sonra əllərində xüsusi dəmir örtüklü çantalarla çıxıb Həsənağanın maşınında getdilər. Gedərkən yenə ona bunkerə girməməyi tapşırmışdı Həsənağa.

Bundan sonra, həkim gələrək gecə yarısınadək bunkerdə olduğu günlərdə cib telefonunu lap səhərdən söndürməyi dönə - dönə tapşırmışdı ona Həsənağa. Bu, sivri burunlunun Həsənağaya verdiyi təlimat idi və şişman buna həkimin sonrakı belə gəlişlərində də sözsüz əməl edirdi. Yalnız içində təkcə çəpgözün bildiyi nömrə olan başqa telefonu işlək vəziyyətdə saxlayır, onunla lazım olanda bu telefon vasitəsilə əlaqə yaradırdı çəpgöz. Ailə üzvlərinə isə şəhərdə olmadığını deyib ona zəng vurmamağı tapşırırdı.

Artıq sivri burunlunun illərlə hazırladığı məkrli, qanlı planın əsas fazası işə düşmüşdü. Rusiyadakı tanışından bir neçə insan orqanı sifarişi alandan sonra Həsənağaya tapşırıqlarını verir, digər tərəfin tələbinə görə bu orqanları eyni gündə təhvil verməli olduğu üçün münasib qurbanlar seçib onları müxtəlif üsullarla aldadaraq yatızdırır və bunkerə gətirirdilər. Əsasən şəhərə işləməyə gələn əcnəbi miqrantları tora salmağı Həsənağaya tapşırmışdı sivri burunlu cəllad. Bu adamların tam sağlam olması, tələb olunan orqanlarında hər hansı fəsadın olmaması ən böyük şərt idi. Daha bir şərt isə qurbanların yaşının otuzdan çox olmaması idi. Lazım olan qurban sayı düzələnədək o biriləri xüsusi rejimdə və həkimin nəzarətində saxlanılmaqla onlara şişman qulluq edirdi. Sifariş sayından asılı olmayaraq, sonuncu qurban da gətiriləndən sonra adamlar tam üç sutka həkimin verdiyi xüsusi preparatlar qatılmış yeməklərlə qidalanmalı idilər və bundan sonrakı gün əməliyyat başlayırdı.

Şişman bir şeyi də müşahidə etmişdi ki, bunkerə gətirilən insanların iradəsi həkimin birinci inyeksiyasından sonra müqavimət hissini itirir, onlara təklif olunan qidaları məmnuniyyətlə qəbul edirdilər. Təkcə iki halda nə isə düz getməmiş, dərman sanki əks təsir göstərmiş və ayrı-ayrı vaxtlarda gətirilmiş iki qurban onlara iynə vurulduqdan sonra sanki quduzlaşmıış, ucadan çığırmağa başlamışdılar. Onlardan biri lap canavar kimi ulamışdı. Hər ikisini sakitləşdirmək heç də asan olmamış, lakin sonda onlar da digərləri kimi iradələrini və müqavimət qabiliyyətlərini itirib ram olmuşdular.

Sivri burunlu da sifarişçilərə bir şərt qoymuşdu. Tələb olunan insan orqanları hazır olandan sonra şəhərdə sifarişçinin adamına təhvil verilirdi, ölkə hüdudlarından hansı yollarla çıxarılacağına sivri burunlu müdaxilə etmirdi. Qarşı tərəf bu şərtlə razılaşmışdı. Hiyləgər cəllad öz imkanlarını həmişə düzgün qiymətləndirirdi və buna görə də, indiyədək başı salamat qalmışdı.

Həsənağa gecə yarısı qayıtdı. Şişmana onunla bunkerə düşmək göstərişi verdi. Bunkerdə qara rəngli xüsusi torbalara qoyulmuş üç cansız insan bədəni yan-yana uzadılmış, meyitlərdən birinci otağın qapısınadək döşəməyə düşən qan damcıları qurumuşdu. Meyitləri görəndə az qaldı şişmanın ürəyi getsin. Ancaq çəpgözün hökmlü səsi onu ayıltdı.

-Nə durmusan, götür görək.

İki meyiti Həsənağanın maşının yük yerinə, birini isə arxa oturacağa uzatdılar.

-İndi yerdəki qan ləkələrini sil, sonra istəsən qal, istəsən gedə bilərsən, -gedərkən Həsənağa dedi.

Gecə yarısı olmasına baxmayaraq şişman bir dəqiqə də burada qalmaq istəmirdi. Artıq qanlı cinayətin iştirakçısına çevrilməsi, bunun nə ilə nəticələnəcəyini dərk etməsi, iki dəfə həbsxana həyatı yaşamış Həsənağadan fərqli olaraq onun üçün bir dəhşətə, kabusa çerilmişdi.

Birtəhər yerdəki qurumuş qan damcılarını sildikdən sonra əvvəlcə bunkeri bağladı, sonra həyət qapısını da bərk-bərk bağlayıb küçədə saxladığı maşınının mühərrikini işə saldı. Buradan mümkün qədər tez uzaqlaşmaq istəyirdi…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(11.05.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.