Super User

Super User

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında “Skamya” komediyası nümayiş olundu.

 

Əsas rolları İrina Apeksimova və Qoşa Kutsenko ifa edirdilər.

“Skamya” - dramaturq Aleksandr Gelman tərəfindən yaradılan səmimi əhvalatdır. Tamaşada çətin yol keçən və bir-birinə ürəklərini açan kişi və qadından söhbət gedir. Əvvəlcə tamaşanın janrı komediya kimi göstərilir. Lakin burada həm romantika, həm intriqa, həm də zəngin hisslər ahəngi mövcuddur. 

Tamaşa dünyanın 30 ölkəsində göstərilib. “Skamya” Moskvanın “Büllur Turandot” mükafatına və Nitsada keçirilən Rusiya incəsənəti festivalının Qran-prisinə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə “Armud ağacı” adlanır.

 

 

ZAHİRƏ CABİR

 

 

Armud ağacı

 

Naxçıvanda hər evin həyətində, yaxud qarşısında tut ağacı görərsən. Ümumiyyətlə, tut ağacı əkmək bir adətdir. Bu ağac daş kimi bərkimiş torpaqda belə bitir. Uşaqlar tutun yetişməsini səbirsizliklə gözləyirlər. Elə ki, tut yetişdi, səhər obaşdan yataqdan qalxan kimi ağaca dırmaşıb doyunca tut yeyir, sonra səhər yeməyinə başlayardılar. Ağappaq tutlar iri və bal kimi şirin olurdu.

Heydərgilin həyətinin aşağı tərəfində, quyunun yanında bir armud ağacı var idi. Çox qəribə armud ağacı idi. Bu armudlardan demək olar ki, heç bir həyətdə yox idi. Deyilənə görə bu ağac başqa ölkədən gətirilmişdi. Nəhəng, qollu-budaqlı ağacın meyvələri noyabrın axırınadək ağacda qalırdı, armudların hər biri az qala bir kilo ağırlığında, daş kimi bərk olardı. İzzət ana armudları yığar, evin altındakı zirzəmidə saxlayardı. Zirzəmi çox soyuq olurdu. İzzət ana süpürgə düzəldilən kollardan cod çubuqlar qırıb dirəklərə bağlayar, armudları saplağından həmin asılqandan asırdı, buna Naxçıvanda «milax» deyirlər. Asılqandan asılan armudlar bır qədərdən sonra yumşalıb, dondurma kimi soyuq, ətırli, şirin olurdu. Marta qədər qalırdı. Naxçıvanda qış çox sərt keçirdi. Qışda meyvə tapmaq müşkülə dönürdü. İzzət ana armudları onun qapısını döyən hər bir insana, yəni tanıdığı, tanımadığı, ürəyi armud istəyən hər bir xəstəyə göndərərdi.

Fevral ayının axırları idi. Boz ay özün göstərir, qarlı çovğunlu günlər bir-birini əvəz edirdi. Belə günlərin birində Heydərin dərs dediyi məktəbdə tarix müəlliməsi artıq iki həftə idi ki, dərsə gəlmirdi. Az sonra uşaqlar xəbər tuturlar ki, müəllimənin anası xərçəng xəstəliyinə tutulub, yataqdadır. Heydər bu xəbəri eşidəndə çox pis olur. Evə gəlib anasına deyir ki, həmin armuddan müəllimənin anası yesə sağalar. İzzət ana “Əlbəttə ki, oğlum”- deyə Heydərə təsəlli verir. Bir neçə armuddan, qızılgül ləçəklərindən bişirdiyi mürəbbədən, bir ovuc gülqənddən müəllimin xəstə anası üçün pay düzəldir. İzzət ananın bişirdiyi gülqəndin sorağı bütün qonşuların dilindən düşmürdü. O, qızılgülün ləçəklərini qənd tozu ilə döyüb ona zəncəfil, darçın qatardı. Belə gülqənd mədə və soyuqdəymə xəstəliklərində istifadə olunan ən təsirli, əvəzsiz dərman hesab edilirdi.

Səhərisi gün Heydər anasının hazırladığı bağlamanı, yəni xəstə payını götürüb müəllimənin evinə gedir. Müəllimə Heydəri görəndə təəccüblənir:

- Heydər nə zəhmət çəkib gəlmisən. Mənim üçün darıxmısan? Tarixdən keçilənləri öyrənə bilirsən? Yəqin ki, tarix dərslərini əvəz edən müəllim qoymaz ki, siz dərslərdən geri qalasınız.

Heydər əlindəki bağlamanı açıb içindəki armudları göstərib deyir:

-Baxın, müəllimə görün nə gətirmişəm. Bu armudları yeyən hər bir xəstə mütləq şəfa tapır. Anam deyir ki, bu armudlar çox şəfalıdır, ölünü də dirildir. Kim yeyirsə mütləq sağalır.

Müəllimə bağlamadakı armudlara xeyli tamaşa etdi. Ürəyinə gəldi ki, doğrudan da belə armud heç görməyib, sehrli armudlardan mütləq anasına yedirtməlidir. Müəllimə Heydərə təşəkkür edib anasına salamını çatdırmağı tapşırır.

Yazın əvvəli idi. Bu gün Heydər məktəbə böyük həvəslə gedirdi. Elə bil ürəyinə dammışdı ki, tarix müəlliməsi dərsdə olacaq. Doğrudan da məktəbdə müəlliməni görəndə sevincindən gözləri yaşardı: ”Müəllimə nə yaxşı gəldiz. Sizin üçün çox darıxmışdım. Ananız necədir?”

Müəllimə də sevincli gözləri ilə onu qucaqlayıb, bağrına basdı: “Oğlum, sənin gətirdiyin sehrli armudlar onu həyata qaytardı. İnanılmaz möcüzə baş verdi. Həkimlər, - bu möcüzədir, ancaq biz bu möcüzənin izahını tapa bilmirik, - deyə heyrətlərini bildirirdilər”.

Həmin gün Heydər çox böyük sevinclə məktəbdən evə gəldi. Paltarlarını soyunmamış anasını qucaqlayıb əllərindən öpdü:

-Anacan sənin göndərdiyin armudlar doğrudan da sehrli imiş. Müəllimənin anası sağaldı. Amma, mənə elə gəlir ki, həmin armudları şəfalı edən sənin mərhəmətin, qızıl ürəyin, insanlara olan böyük sevgindir.  

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

Gənc şair Ümid Nəccarinin illərlə çapı dayandırılmış və "mücəvviz" almamış şeirlər kitabı Saleh Səccadinin zəhməti sayəsində Tehranda nəşr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Divarların o tayı” adlanan kitab “Şani" nəşriyyatında işıq üzü görüb. 

Kitabın redaktoru təbrizli şair Murtaza Salmani, korrektoru Cavid Nik Xesal, qrafisti Rza Qəffaridir.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. “Ədəbiyyat və incəsənət” portalı yazıçı, professor Əlibala Məhərrəmzadənin “5-6 il qabağı görmək bacarığı” adlı yazısını təqdim edir.

 

 

Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.

Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.

1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.

Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.

Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.

Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski, redaktoru Möhsün Qədiroğlu) və müvəffəqiyyətlə nümayiş olunub.

Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000  qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.

Kitabımızın mövzusunun daha yaxşı əhatələnməsi üçün Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə  bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.

 

                                                           Birinci xatirə

«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.

Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».

Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)

 

                                               İkinci xatirə

«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.

Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».

Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)

 

                                               Üçüncü xatirə

«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».

Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»

İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.

Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»

Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində akademik Nizami Cəfərov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrinə Azərbaycan dilində mühazirələr oxuyub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, mühazirədən əvvəl tarix və filologiya fakültələrində olan azərbaycanlı alim  fakültələrdə tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüb, müzakirə və fikir mübadiləsi həyata keçirib. Fakültə rəhbərləri universitetdə təhsil alan tələbələrin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə dərindən maraqlandıqlarını diqqətə çatdırıblar. 

Nizami Cəfərov da çalışdığı ali təhsil ocaqları haqqında söhbət açaraq, gənclərin elmə, biliyə olan münasibətlərini müsbət hal kimi dəyərləndirib. Daha sonra tələbələr akademik Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı ilk mühazirələrini dinləyiblər. 

Azərbaycanlı aliminin Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki mühazirələri iki gün davam edib.

Onu da qeyd edək ki, Nizami Cəfərovla bərabər Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov da tədbirlərdə iştirak edib. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması və azərbaycanlı alimlərin Özbəkistan ali məktəblərində mühazirə oxuması layihəsi çərçivəsində işlərin növbəti tədris ilində də aparılması planlaşdırılır. 

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN

MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİ KİMİ

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı, Akademik Kamal Abdullanın Ümummilli lider Heydər Əıliyevin 100 illik yubileyi münasibətilə yazdığı məqaləsini təqdim edir.

 

 

        

Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi durur. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında başlamışdır. Məlum olduğu kimi, o vaxt Azərbaycan Çar Rusiyasının bir əyaləti idi. Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti milli azlıqların ruslaşdırılması diskriminasiyası və istimarına əsaslanırdı. Qeyd olunan vaxt Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi azərbaycançılıq ideyasının formalaşmasının əsas hərəkətverici qüvvəsi idi.

 

***

        

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideyası tarixində tamamilə yeni bir mərhələ başlandı. Bu mərhələ azərbaycançılıq ideyasının bütün tarixi inkişafının zirvəsini təşkil edir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illlərdə dövlətçiliyimizin əsasları qoyuldu, milli ideologiya – azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi”. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

         Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycançılıq ideyasının inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, Ümummmilli lider Heydər Əliyev Azərbaycançılıq ideyasını əsas tutaraq onun bütün sahələrdə inkişafını təmin etdi. O, ilk dəfə olaraq multikulturalizmi Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi.

         Hər bir mərhələnin başlanğıcını mühüm bir tarixi hadisə təşkil edir. azərbaycanın milli ideyasının formalaşması tarixinin yeddinci mərhələsi 1993-2003-cü illəri – ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərini – əhatə edir.

Multikulturalizm siyasəti azərbaycançılığın tərkib hissəsi kimi onun cəmiyyətdə geniş yayılmasını təmin edir, daha da möhkəmlədir. Sözün dar mənasında multikulturalizm məfhumu cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti bu müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını əks etdirir. Cəmiyyətdə məskunlaşmış milli azlıqların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasəti azərbaycançılığın sosial bazasını daha da möhkəmlədir, bu ideologiyanı ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına çevirir. Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişini təmin etməkdə azərbaycançılıq ideologiyası multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə edir.

         Ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etdi. O, siyasi və hüquqi sahələrdə multikulturalizmin dil və milli xüsusiyyətlərini sənədlərlə təsdiq etdi. Buna görə də o, Azərbaycan multikulturalizminin siyasi banisi hesab olunur.

 

***

 

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.

         “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz  nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi.

         Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa başladı. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

 

***

        

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi.

         Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!

         Azərbaycan multikulturalizminin siyasi banisi kimi ümummillli lider Heydər Əliyev multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi. Ulu öndər daima Azərbaycanın yuxarıda adları sadalanan təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edirdi. Onun rəhbərliyi altında Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların müdafiəsi sahəsində bu təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasına müvəffəq olmuşdur. Ölkəmiz insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Belə konvensiyalardan Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” nı göstərmək olar. Bu konvensiya Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. Azərbaycan Respublikası hər beş ildən bir “Millli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasına hesabat təqdim edir.

         Beləliklə, ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkəmizdə multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş müasir dövrdə onun layiqli davamçısı prezident İlham Əliyevin adı ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

Azərbaycandakı qoruqları ziyarət edənlərin sayında kifayət qədər artım var.

 

Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova açıqlama verib.

“Qoruqların saxlanılmasında vətəndaşlardan əldə olunan gəlirlər mühüm rol oynayır. Agentliyin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi var. Bu publik hüquqi şəxs əldə etdiyi gəlirləri qoruqların maddi təminatının yaxşılaşdırılması, problemlərinin həll edilməsi istiqamətində xərcləyir”, - deyə o qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)


Kubanın paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Birinci Beynəlxalq Konqres keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin  ilk günü qonaqları qəbul edən Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söhbət açaraq 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzulayıb.
Konqres çərçivəsində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü olub. 
“Dayanıqlı inkişaf naminə Mədəniyyət” mövzusunda keçirilən görüşdə Şərqlə Qərb arasında yerləşən ölkəmizin zəngin tarixi-mədəni irsə sahib olduğu və bütün dünyada mədəniyyətlərarası dialoqu fəal təbliğ etdiyi diqqətə çatdırılıb. 
Çıxışda ölkəmizin təşəbbüsü olan “Bakı Prosesi” və bu çərçivədə mütəmadi baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının qlobal platforma kimi əhəmiyyəti bir daha vurğulanıb.

“Ədəbiyyat və incəsənət”
(08.05.2023)

 

Bu ilin sentyabr ayında "Xınalıq kəndi və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.

 

AzərTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

“Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq. Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb”, - deyə Azadə Hüseynova bildirib.

Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

 

Onun adı yaddaşlarda adına olan müəssisə ilə həkk olunub: Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbi. Halbuki onun musiqinin qızıl fondunda bəs deyincəyə qədər əsəri var, sadəcə, bayağı musiqinin hökmran olduğu günümüzdə klassika, simfonik musiqi əsla yad edilmir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 104 il ötür. 

Azərbaycan musiqi mədəniyyəti tarixinə əbədi daxil olmuş Soltan Hacıbəyovun simfonik musiqimizun təşəkkülü və inkişafında mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.

Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.

Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır. 

İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.