Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır. 

 

 

Səhər Xiyavi

 Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

 

NİYƏ ÇIXDIQ YOLA BİZ?!

 

Gedirdik qasırğalı havada,

dağ-dərəli, uçurumlu yollarda.

Töküllürdü başımıza xəzəllər,

Beynimizdə püskürən volkan

Ürəyimizdə dəlisov dəniz.

Gedirdik tuzanaqda,

başı havalı, sərsəm.

Çör-çöp gözlərimizdə,

Ayaqlarımız qabar-qabar.

Açarkən gözlərimizi

Çıxılmaz küçələr idi.

Açarsız qapılar

Hər yer divar-divar...

Biz idik peşman ayaqlar

Hüzünlü baxırdıq arxamıza.

Gəldiyimiz qanlı-qadalı yollara!

Axıtdığımız qan tərə!

Qaranlığa axışan sonuclara!

Gecənin dərisi daha qatılaşmışdı

Zavallı əllərimiz qısır,

Kal arzularımızın boyu əl çatmaz.

İndi qurtarmaz gecələrdə

Sivrilmiş hulqumlarla

GÜNƏŞ bağırırıq,

SƏHƏR çığırırıq.

Görəsən günəş bir də

Qonaq gələcəkmi,

Nəmiş dustağımıza?!

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

Mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır. 

Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var. 

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.

“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq. 

Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına (www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllimi Elman Eldaroğlunun Eyvaz Borçalının 85 illik yubileyi ilə bağlı yazısını təqdim edirik.

 

Deyir ki,- "Vəfat edəndən sonra məni kim yada salar, xatırlayar, sağ olsun. Yoxsa ki, yubiley tədbiri keçirirlər, adamı əyləşdirirlər səhnədə. Çıxan tərifləyir. Mən nə etmişəm ki, sadəcə öz işimi görmüşəm. Heç kimdən nəsə ummuram. Bircə narazılığım təqaüddəndi. 400-500 manat təqaüd alıram. İndiki zamanda bu pulla necə dolanmaq olar?.."

 

Onun adı Azərbaycanda çox məşhurdur. Bütün ömrü boyu “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Ötən əsrin 70-90-cı illərində kinomuzun tərəqqisində böyük xidmətləri var. Bəli, Eyvaz Borçalını deyirəm. O Eyvaz Borçalını ki, 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı rayonunun Ağaməmmədli kəndində dünyaya gəlib. Onbirillik məktəbi bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun IV kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə göndərilib. 1964-cü ildə buranı bitirdikdən sonra, “Azərnəşr”də redaktor kimi əmək fəaliyyətinə başlayıb. Tezliklə "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü seçilib. 1971-1984-cü illərdə "Mozalan" satirik kino-jurnalının baş redaktoru işləyib. 1984-1986-cı illərdə isə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edib...

 

“Halımı soruşursan. Ev dustağıyam. Dustaq necə olar?  Ahıl yaşındayam. Xroniki xəstəliyim də var. Bayıra çıxmağa icazə yoxdu, evdəyəm. Daim evdə oturmaq da insanı yorur, bezdirir. İstəyirsən, küçəyə çıxasan, şəhəri görəsən. Görmə qabiliyyətim də zəifdi…”- söyləyir.

 

Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlayıb. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirib. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetində üç çağırış deputat olub. Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. Sinəsini “Şərəf nişanı” ordeni və “Tərəqqi” medalı bəzəyir…

 

Deyir ki,- “Bu gün, kinoya az fikir verilir. Məsələn, bir neçə dəfə Rusiya istehsalı filmləri izləmişəm, onlar səviyyəni saxlayıblar. Bilirsiz, keçid dövründə kinostudiyanı məhv etdilər. Mən rəhbər olduğum dövrdə kinostudiyanın 2000 işçisi vardı. Indi 60-70 işçi qalıb, ya qalmayıb. Onlar da əmək haqlarını vaxtlı-vaxtında ala bilmir. Kinomuzun dirçəlməsi üçün yaxşı maliyyə və uzun zaman lazımdı…”

 

Kinostudiyanın bu hala düşməsindən çox təəssüflənir. Hiss olunur ki, bir vaxtlar rəhbərlik etdiyi müəsissənin tənəzzülə uğraması ürəyini göynədir, onu çox narahat edir.

 

“Bəstəkarlarımızın yaratdığı o gözəl mahnıları niyə sevirik? Onları sevə-sevə, ürəyimiz riqqətə gələ-gələ dinləyirik. Çünki onlarda xalqın ruhu var. Filmlər də belə olmalıdır…”- söyləyir.

 

Yaşının bir əsr olmasına on beş il qalmasına baxmayaraq, hələ də hafizəsi yerindədir, olub keçənləri yaxşı xatırlayır. Zadəganlara xas olan davranışı var. Onunla ünsiyyətdə olanda sanırsan ki, dünyanın ən yaxşı insanlarından biri ilə üz-üzə dayanmısan. Elə bil, kübarlıq onun alın yazısıdır, fitrətindən gəlir…

 

Deyir ki- “Əvvəlki filmlər bir başqa aləm idi. Məsələn, “Tütək səsi” filmi. Filmin gözəl alınmasında İsa Muğanna kimi dahinin və Rasim Ocaqov kimi böyük rejissorun zəhməti var. Bu şəxslər həyatda tamam fərqli insanlar idi, amma birləşdikdə möhtəşəm bir iş ortaya qoyurdular. Kino millətin ruhudur. Bu adamların ikisində də o ruh vardı! Amma indiki filmlərdə qışqır-bağır, şit hərəkətlər, mebel, kolbasa-sosiska, hətta “qadın bezi” reklam edilir. Adət-ənənələrimiz, xeyir-bərəkət, evin odu-istisi ixtisara düşdükcə itib gedir. Bu məsələlərə diqqət edən də yoxdur ki, filmlərlə nəyi təbliğ edirik, nəyi kənara itələyirik…”

 

Sevimli jurnalistimiz İlhamiyyə Rzanın sözü olmasın, “Borçalı” kəlməsini brendə çevirən Ayvaz Məhəmməd oğlu Ayvazovun- Eyvaz Borçalının mayın 5-də 85 yaşı tamam olur. Bu yaşda insana nə arzulamaq olar- uzun ömür, can sağlığı, ağrı-acısız günlər və dolanışığını təmin edəcək qədər təqaüd…

 

 “Mən ümumiyyətlə uşaqlıqdan ad günü nədir, bilməmişəm. 65 yaşm tamam olanda Anar müəllim dedi ki, gəl sənə yubiley keçirək. Dedim, sağ olun, istəmirəm. Mənim fikrimcə, yubileylər dahilər üçün keçirilməlidir...”

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Friday, 05 May 2023 12:15

“Qalib gəldi, qalib getdi…”

“ULDUZ" JURNALININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ XÜSUSİ NÖMRƏSİ İŞIQ ÜZÜ GÖRDÜ

 

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.

Heydər Əliyev

 

"Ulduz" jurnalının aprel sayı işıq üzü görüb. "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti" və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin  ortaq layihəsi çərçivəsində dərc olunmuş dərginin özəl sayı Ümummil lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı dərginin baş redaktoru Qulu Ağsəsə istnadən xəbər verir ki, dərgidə ilk olaraq yer alan Xalq yazıçısı Anarın " Qalib gəldi, qalib getdi" sərlövhəli məqaləsi müəllifin Ulu öndərlə bağlı düşüncələrini,  xatirələrini və unudulmaz ədəbi görüşləri ehtiva edən mülahizələrini əhatə edir. 

Xalq yazıçısı Elçinin "Dünya axirət əkini", filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Ədəbiyyata həyatdan gələn qəhrəman",  eləcə də professor Mahirə Nağıqızının "Ulu öndər Heydər Əliyev və natiqlik sənəti" yazılarında  Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər yetirilir. Ədəbiyyatşünas Yaşar Qarayevin "Müstəqillik dövrünün milli öndəri",  akademiklər İsa Həbibbəylinin "Heydər Əliyevin böyük ədəbiyyat siyasəti", Nizami Cəfərovun "Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni", Xalq yazıçısı Kamal Abdullanın "Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi", şair-publisist,  "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin "Heydər Əliyev və müasir ədəbiyyat", filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı",  professor Qəzənfər Paşayevin "Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz"  məqalələrində Umummilli lider Heydər Əliyevin ədəbiyyatımızın,  incəsənətimizin tərəqqisinə  bəxş etdiyi əvəzsiz töhfələrdən söz açılır, milli - mənəvi dəyərlərimizin qorunması  yolunda yorulmaz fəaliyyətinə nəzər salınır. "Ədəbiyyat qəzeti"nin  baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın "Heydər Əliyev barədə yazılmış ilk poetik mətn" məqaləsi Cənubi Azərbaycanın böyük şairi  Bulud Qaraçorlu Səhəndin "Elimin dayağı, yurdumun fəxri" şeiri ətrafında  qeyd və mülahizələri özündə ehtiva edir. YAP-ın idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın "Ədəbi yaddaşımızın Heydər Əliyev məqamı" müsahibəsinin əsasını Xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyevlə bağlı  xatirə və düşüncələri təşkil edirsə, "Heydər Əliyevin gücü, yaxud özünəqayıdışın Cavid intibahı" yazısında,  adından da göründüyü kimi, Hüseyn Cavid ədəbi irsinə, eləcə də ədibin ailəsinə Heydər Əliyevin diqqət  və qayğısından söhbət açılır. "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Tural Axundovun "Ulu öndərin xeyir-duası" yazısı Heydər Əliyevin nəşriyyat və poliqrafiya sahəsinin inkişafı yolunda göstərdiyi  fəaliyyətə işıq tutur.   Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun "Heydər Əliyev və Səməd Vurğun ocağı" məqaləsi Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun ailəsinə göstərdiyi dərin ehtiramın  tarixçəsidir. Dərgidə son olaraq yazıçı Xeyrəddin Qocanın "Heydər Əliyevlə görüşlər, söhbətlər" xatirə yazısı təqdim edilib. Qeyd edək ki, dərginin sözügedən sayında Ulu öndərin kəlamları və ona həsr edilmiş şeirlərlə yanaşı, dahi şəxsiyyət haqqında  ölkə xaricində çap edilmiş kitablardan seçmə fikirlər də yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Üsyankar bir cərəyanın kitabı –  “Pozitiv psixologiya”

 

 

“Ədəbiyyat və incəsənət” portalı İlahə Ümidlinin Rona Hartın “Pozitiv psixologiya” adlı əsəri barədə qeydlərini təqdim edir. 

 

 Pozitiv psixologiya... bu adı eşidən hər kəs bir anlıq da olsa düşünür, görəsən pozitiv psixologiya nədir, necə yaranır. Pozitiv düşüncə tərzi, pozitiv yanaşmalar necə formalaşdırılır? Həqiqətənmi pozitiv düşünməkdən ötrü mütləq pozitiv psixologiyanı öyrənmək lazımdır?

İyirmi ildən artıqdır ki, üsyankar bir cərəyan kimi meydana çıxan pozitiv psixologiya həyatımızı dəyişmək üçün ən yaxşı açardır.  

Kitabın üzərində belə bir cümlə var: “Pozitiv psixologiya: təməl” tələbələr, praktiki psixoloqlar, akademiklər və gözəl bir həyatın mahiyyətini dərk etmək istəyən hər kəs üçün vacib qaynaqdır. Nə gözəl ifadədir: “gözəl bir həyatın mahiyyətini dərk etmək istəyən hər kəs üçün.”

Bir dəfə bu kitabı əlimdə görən PHD xanım dedi ki, ”oy Azərbaycanın bütün əhalisinə bu psixologiyanı öyrətmək lazımdır.”

İndi geriyə dönüb həyatıma baxanda görürəm ki, nə qədər gözəl xəyallar qurmuşamsa hər biri gerçəkləşib, nə qədər mənfi düşüncələrim olubsa, onlar da həyatımda yaşanıb. Deməli həqiqətən də insan düşüncələrinin nəticəsidir. Pozitiv psixologiya isə bunu mühakimə etmədən və günahlandırmadan vurğulayır. Gözəl düşüncə və həyatı gözəl yaşamaq istəyən hər kəs üçün bu kitab təməl hesab edilə bilər.

Kitab BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsi, eyni zamanda TEAS Press Nəşriyyat evinin böyük zəhmətinin nəticəsidir. Kitab satış üçün nəzərdə tutulmayıb, lakin nə gözəl olardı, bu kitablar satışa çıxarılsın, hər kəs alsın, hər kəs oxusun, bəlkə insanımız gözəl düşünməyə başladı.

Bu tədqiqat əsəri haqqında yazmağı özümə ona görə vicdan borcu bildim ki, burada yazılan çox şeyləri özüm bilmədən həyatıma tətbiq edib gözəl nəticələrini gördüyümə görə, istəyirəm xalqımın hər bir insanı bu kitabları oxuyub tətbiq etsin, aydınlansın. Bu kitab sadəcə öyrətmədi, o həm də mənim düşüncələrimi elmi əsasla təsdiqlədi.

Öyrənmə təməldən başlayır, müəllif də bu cərəyanın lap təməlindən yazmağa başlayıb. Rona xanım pozitiv psixologiyanın inkişaf yolunu təsvir edir, onun nailiyyətlərini və əsas mövzularının hər birini nəzəriyyə, tədqiqat və müdaxilələri araşdıraraq onlara yenilənmiş bir baxış təqdim edir.

 Tədqiqat əsəri ümumilikdə 13 fəsildən ibarətdir. Və Sizlər bu kitabdan öyrənəcəksiniz, öyrənəcəksiniz ki, əslində:

 

✓ Psixologiya, sadəcə, insanların zəif tərəflərini və mənəvi zərərlərini öyrənmir, eyni zamanda onların güclü tərəflərini və üstün keyfiyyətlərini də öyrənir.

✓ Müalicə – aldığımız zədələri sağaltmaq deyil, həm də daxilimizdəki ən yaxşı tərəfimizi inkişaf etdirməkdir.

✓ İnsanlar öz xoşbəxtliklərinə görə məsuliyyət daşıyırlar.

✓ “Ümid” pozitiv gözləntilərlə yanaşı, qayğı və hətta narahatlıq hissi də gətirə bilər.

✓ Pozitiv psixologiya psixologiyadır, psixologiya isə bir elmdir.

✓ Daha çox – həmişə daha yaxşı demək deyil.

✓ Əsasən əkizlər üzərində aparılan tədqiqatların nəticələri genetik izdən yayınmağın çətin olduğunu sübut edir.

✓ Pul xoşbəxlik səviyyəsinin artmasına səbəb ola bilər, xüsusən də tərəzinin yoxsul tərəfində olanlar üçün.

✓ Emosiya əhval-ruhiyyə deyil, emosiyalarla müqayisədə əhval sabitdir.

✓ Xoşbəxtlik artdıqca soyuqdəymə əlamətlərinin özünü göstərməsi ehtimalı azalır.

✓ İstək məqsədlə toqquşanda məcrada qalmaq səyimizi poza biləcək nəfs kimi qəbul edilir.

✓ Şəxsiyyət bizim kim olduğumuz hissidir, şəxsi bütövlük isə ümumi əminlik hissidir.

✓ Əzm qeyri-adi məhsuldarlıq göstərənləri başqalarından fərqləndirən bir keyfiyyətdir.

✓ Ən böyük qorxu ölüm vaxtı gələndə, əslində heç yaşamadığımızı anlamaqdır.

✓ Bütün güclü tərəflər bərabər dəyərə malikdir.

✓ Güclü tərəfləri aşkar etmək, vurğulamaq və vərdiş kimi istifadə etmək lazımdır.

✓ Münasibət görünməzdir, varlığını yalnız təsirlərini müşahidə etməklə dərk etmək olar.

✓ Sevgi hüceyrələrin arzuladığı zəruri qidadır.

✓ Qadınların dostluqları “üz-üzə”, kişilərinki isə “yan-yana” olur.

✓ Əksər insanlar zəif əlaqələri olan şəxslərlə münasibətlərinin sayəsində iş tapırlar.

✓ Tənhaıq sosial təcrid deyil.

 

Rona Harta görə, bu kitab insanın inkişaf qabiliyyətinin, özünün və başqalarının ehtiyacları arasında tarazlıq yarada bilməsi və xeyirə yönəltmək bacarığının təsdiqidir. Əsər təsəvvürlərinizə zənginlik gətirən bir səyahət olacaq. O, eyni zamanda yaşamağı gözəlləşdirən bir dəyərdir.

Və sonda bir daha düşünəcəksiniz: Optimizm həmişə faydalıdırmı?

 Mütləq oxuyun!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyata keçirdiyi “START-2023” film layihəsi müsabiqəsinə yekun vurulub. Və müsabiqənin qalibləri kinostudiyanın nəzdində yaradılmış ekspert şurası tərəfindən seçilib. 

 

Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri filologiya üzrə fəlsəfə doktoru, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir. 

Qeyd edək ki, mayın 5-də Nizami Kino Mərkəzində kinostudiyanın direktorunun və ekspert şurasının üzvlərinin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək. Mətbuat konfransında qaliblərə diplomlar təqdim olunacaq. 

Xatırladaq ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq və bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə təşkil edilmiş müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti qoyulmayıb. 

Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

 

8-ci dərc

 

Bu vəziyyət sizə hansısa kəşfiyyat oyununu xatırlatdısa, səbəbini deyim. Çox-çox illər əvvəl, vaxtilə mənim hami tərbiyəçim və müəllimim, sonradan isə rəisim olmuş, əməliyyat işinin əlifbasını mənə öyrədən polkovnik Arif Dadaşzadə təqaüdə yollanarkən məni kabinetinə çağırıb təklikdə belə bir söhbət etdi:

-Bəxtiyar, bilirsən ki həyatımı həsr etdiyim bu yolda az çətinliklərim olmayıb. Bu çətin və şərəfli yolda çox uğurlar qazanmış, neçə-neçə qatı cinayətkarı zərərsizləşdirmiş, böyük təcrübəyə yiyələnmişəm. Və böyük zəhmət hesabına uzun illər yaratdığım agentura şəbəkəsinin təqaüdə getməyimlə bir anda dağılmasını istəmirəm, əldə etdiklərimin məndən sonra da həm peşəmizə, həm də xalqımızın əmin-amanlığına xidmət etməsini istəyirəm. Səni ilk gündən öz balam kimi çox istədim və yaxşı əməliyyatçı olacağın barədə zənnimdə yanılmadım. Ona görə də sənə ən qiymətli inanılmış şəxsimi miras qoyuram. Bir şərtlə - sən onun kimliyini heç vaxt bilməyəcəksən. Yalnız dediyim yerdə və vaxtda onun təklif etdiyi qaydada verdiyi məlumatları sənə çatdıracaqlar.

Bax elə bu səbəbdən, mənə bir qədər avantüralı görünsə də, bu təklif olunan qayda ilə razılaşmalı oldum. Şərtləri mən təyin etmirdim…

Bu söhbətdən az sonra tumsatan vasitəsilə həmin şəxsin verdiyi ilk məlumatı alarkən həqiqətən də onun necə qiymətli bir agent olduğunu başa düşdüm. Ancaq kimliyi mənə indiyənədək sirr qalan o adam haqqında heç vaxt maraqlanmadım və nəsə öyrənməyə cəhd etmədim. Təkcə öz məntiqi təhlillərim əsasında belə qənaətə gəldim ki, o kimdirsə, cinayətkar aləmdə nüfuz sahibi və müəyyən dairələrə girişi olan biridir. Heç bir şeyə ehtiyacı yoxdur, hüquq-mühafizə orqanları ilə maddi maraq naminə deyil, ideya naminə əməkdaşlıq edir və bununçün onun özünün hansısa motivləri vardır. Tumsatana verdiyim əlli manat isə, yəqin ki, elə uzun illər onun xidmətində dayanan, ilk dəfə görərkən kriminal keçmişi olmasına şübhə etmədiyim tumsatanın zəhmət haqqıdır. Çünki polisdə işlədiyim müddətdə onun verdiyi bir neçə məlumatın dəyəri mənim fikrimcə on minlərlə manatdan da qiymətli olub. Və bu məlumatlar əsasında neçə qatı cinayətin üstü açılarkən onun niyə kölgədə qalmaq istəməsini başa düşmüşdüm. Əks təqdirdə kim olmasından asılı olmayaraq ən yaxşı halda onun meyiti belə ələ gəlməzdi. Onu da başa düşmüşdüm ki, şəbəkədə olan digər inanılmış şəxslərdən fərqli olaraq, məni məlumatlandıran şəxs barəsində heç bir kartotekada heç bir qeyd yoxdur və polkovnik Dadaşzadədən başqa onun varlığı belə heç kimə bəlli deyildir.

Hər halda bu vəziyyət mənə sərf edirdi və müəllimimdən fərqli olaraq, yaş həddi ilə deyil, öz arzumla polis sıralarından xaric olunaraq detektiv fəaliyyəti ilə məşğul olduğum üçün onun xidmətindən istifadə etməkdə davam edirdim. 

Hələ on dəqiqəm var idi. Tumsatan görünmürdü… Ola bilər ki, bu dəfə heç gəlməyəcəkdi.

Hiss etdirmədən ətrafı bir daha gözdən keçirdim. Yaxınlıqda baş verənləri ən xırda detallarına qədər nəzərdən keçirsəm də, şübhəli heç bir şey aşkar etmədim. Şübhə doğuran bir hal olardısa, peşəkar nəzərimdən qaçmayacağına əmin idim. Məhz illərlə işlənən və cilalanan vərdişlər peşəkarlıq adlanır. Ona görə də peşəkarlıq bir günə, bir aya, bir ilə yarana bilməz. Milis məktəbində oxuyarkən kəsildiyim ilk imtahan yadıma düşdü. Nə qədər qəribə olsa da, tək-tək dəvət olunduğumuz imtahan otağına daxil olarkən orada heç kimin olmadığını gördüm. Ətrafa baxaraq nə baş verdiyini anlamağa çalışarkən haradansa mikrofondan gələn səs məni otaqdakı digər qapıdan keçməyə çağırdı. Girdiyim qapı ilə üzbəüzdəki qapını açıb içəri keçdim. Böyük otaqda masanın arxasında imtahan komissiyasının üzvləri oturmuşdular. Yaxınlaşıb özümü təqdim etdim. Adətən bundan sonra bilet çəkmək təklif olunurdu, lakin bu dəfə stolun üzərində imtahan biletləri görünmürdü.

Müəllimlərdən biri üzünü mənə tutub dedi: -Müdavim Nəzərli, zəhmət olmasa deyin, bir qədər əvvəl keçərək gəldiyiniz otaqda hansı əşyalar var idi?

Bəli… Yaman yerdə axşamladıq… Təbii ki, belə bir suala hazır olmadığım üçün otağın divarlarına çəkilmiş boyanın rəngindən başqa heç bir şey xatırlaya bilmədim. Və imtahandan iki alaraq suyum süzülə-süzülə müəllimlərin göstərdiyi, binanın bir başqa dəhlizinə açılan qapıdan bayıra çıxdım. Dəhlizdə dayanmış növbətçi müdavim imtahan bitənədək kurs yoldaşlarımın toplaşdığı dəhlizə qayıtmağın qadağan olunması barədə məni xəbərdar etdi.

Sonradan bildim ki, həmin imtahandan kursumuzun yalnız bir müdavimi zorla üç qiyməti alıb. Onun da digərlərinə nisbətdə bir neçə əşyanı sadalaya bilməsinin müəllim heyəti tərəfindən nəzərə alınması səbəbindən, güzəşt qaydasında.

Növbəti gün isə, auditoriyaya daxil olan müəllimimiz, polkovnik Viktor Nikolayeviç Qrinko bütün dərsi məhz bu imtahan ətrafında diskussiyalara həsr edərək, milis zabiti üçün son dərəcə diqqətli olmağın, ətrafda baş verənləri nəzərdən qaçırmamağın və yadda saxlamağın nə qədər əhəmiyyətli olması barədə bizə uzun bir mühazirə oxudu. İlk baxışdan əhəmiyyətsiz görünən xırda detalların əməliyyat-axtarış işində necə fayda verə biləcəyini dəfələrlə vurğulayaraq məhz xırda detallar vasitəsilə açılmış, dərsliklərdə olmayan bir neçə cinayət hadisəsi barədə danışdı.

Mənə isə üzünü tutaraq, -Sizin ki, soyadınız Nəzərlidir. Səhv etmirəmsə, bu Azərbaycan dilində diqqətli olmaq mənasını verir. Siz niyə iki qiymət almısınız? -deyə bütün auditoriyanı güldürdü.

Həmin imtahandan sonra hamımız yaxın zamanda kəsirimizi düzəltmək üçün eyni tərzdə imtahan götürüləcəyini düşünərək, hər bir getdiyimiz yerdə diqqətimizi ətrafdakı əşyalara yönəltməklə məşq edir, bir-birimizə suallar verir, bir növ özümüzü imtahana hazırlayırdıq. Lakin aylar keçəndən sonra həmin imtahan yada düşmədi və bir çox müdavimlər ilk günlər onlara maraqlı olan bu məşğuliyyəti kənara qoyub sonradan tamam unutdular.

İmtahan isə nə az, nə çox, düz altı aydan sonra bir qədər fərqli formada təkrarlandı və polkovnik Qrinkonun nəsihətlərini unudanlar hamısı yenidən həmin imtahandan iki qiymət aldılar.

Həmin imtahanda mən suallara ardıcıl cavab verərək növbəti sualı gözləyərkən, müəllimlərdən biri, -Bir sualım var, ona cavab verə bilsəniz Sizə beş qiymət yazılacaq, -deyərək gözümün içinə baxdı.

Susub sualı gözlədim.

-Zəhmət olmasa deyin, Nəzərli, geriyə baxmadan hal-hazırda olduğumuz otaqda, sizdən arxa tərəfdəki divarda asılmış saatın saniyəölçəni haqqında nə deyə bilərsiniz? Otuz saniyə vaxtınız var.

İmtahan otağına daxil olarkən imtahan komissiyasının üzvləri qapı ilə üzbəüzdə qoyulmuş masanın arxasında oturduqları üçün arxa divara baxmaq imkanım olmamışdı. Yəqin ki, bunu müəllimlər də bilirdilər. Görmədiyim saatın saniyəölçəni haqqında nə deyə bilərdim ki? Bəs onda bu sualı verməkdə məqsəd nə idi?

Saniyələr gedirdi… on saniyə, on beş saniyə. Niyə axı saniyəölçən… Bəlkə məntiq…. Elədirsə, onda məntiq nə deyir… İyirmi saniyə…Pedaqoq heyətinin hamısı diqqətlə mənə baxırdılar. İyirmi beş saniyə… Və birdən sualın cavabını tapdım.

-O divarda saat yoxdur.

Müəllimlər bir anlıq baxışdılar.

-Afərin Nəzərli, beş qiymət alırsınız.

Bir sual dedikdə, illərin təcrübəsinə malik olan müəllimlər ikinci suala ehtiyac olmayacağını əvvəlcədən bilirdlilər. Bütün hallarda. Belə ki, ya mən cavabı tapmayıb 4 qiymət alırdım, ya da cavabı tapacağım təqdirdə necə tapdığımı onlar soruşmayacaqdı.

Yeraltı keçidin pilləkənləri ilə qalxan tumsatan parkın kənarında əkilmiş zeytun ağacının altında dayandı. Tum paketlərini qoyduğu  torbasını qucağına alıb, sakitcə müştəri gözləməyə başladı.

Tələsmirdim.

Bürmələdiyim əlliliyi ovcumda sıxıb ona yaxınlaşdım.

-Qardaş, mənə bir qırx qəpiklik qara “Beloçka” ver.

-Buyur, əmoğlu, -deyib tum paketini mənə verdi  və əlliliyi alıb cibinə qoyandan sonra o biri cibindən altmış qəpik xırda pul çıxarıb mənə uzatdı.

-Bazar olsun, -deyib uzaqlaşdım.

Əvvəllər Bakıda “Min bir xırdavat” kimi tanınan mağazanın yerində yerləşən “Beşqazan” restoranının yanından keçib Nizami metrosuna tərəf üz tutdum.

Ofisə girən kimi ilk işim yerimə keçib tum paketini açmaq oldu. Məlumat yazılmış vərəq həmişəki kimi nazik rulon kimi bükülərək paketin yan büküş yerində açılmış dəlikdən içəri salınmışdı. Dəliyi yalnız diqqətlə baxanda görmək mümkün idi.

-Bəxtiyar müəllim, yenə də semiçka almısız? Siz ki, onu çırtdamırsız. Neçəsi ağzı açılsa da, mətbəxdə toxunulmamış qalıb, -Layiqə təəccüblə mənə baxdı.

Hə, bircə bu çatmırdı… Sonuncu dəfə üç həftə əvvəl məlumat aldığım üçün Layiqənin həmin tum paketini çoxdan tulladığını düşünmüşdüm. O isə hələ əvvəlkiləri də saxlayıbmış.

Bu qız da deyəsən axırda detektiv olacaq.

-Ürəyim istədi nəsə. O birilərinin qaldığını bilsəm almazdım, -deyib, “indi gərək bu tumun ən azı yarısını çırtlayım” fikri ilə Layiqəyə hiss elətdirmədən tum paketindən çıxartdığım bürmə kağızı açdım.

Kağızda bircə cümlə yazılmışdı -“Kaftar” ova çıxıb.

Bəli… Bu da Qocanın şəhərdə olmağının ikinci təsdiqi. Deməli Tatarın verdiyi məlumata şübhə qalmırdı. Qocanın bir ləqəbi də “Kaftar” idi və bu məlumatda da söhbət məhz ondan gedirdi. Özü də tək şəhərdə olması yox, ova çıxması barədə. Bu isə çox ciddi siqnal idi. El arasında goreşən də deyilən “Kaftar” ləqəbli bu cinayətkarın ovunun nə olduğunu ancaq onun barəsində məlumatı olan çox az adam bilirdi. Bu barmaqla sayıla biləcək adamlardan biri də mən idim.

“Kaftar” ləqəbi ona “Qoca” ləqəbindən də əvvəl verilmişdi. Yırtıcı, goreşən xislətinə görə. El arasında yayılmış “qoca kaftar” ifadəsindən qaynaqlanaraq sonradan “Qoca” ləqəbi də ona yapışsa da, heç kim indiyədək bu iki ləqəbi birlikdə onun üzünə deməyə cəsarət etməmişdi.

Əməliyyat marağı doğuran şəxs kimi çoxdan diqqət mərkəzinə  düşsə də, olduqca gizli həyat tərzi yaşayan bu adam haqqında əməliyyat aparatı o qədər də çox məlumata malik olmadığından, sonra isə uzun illər ölkəni tərk etdiyindən o demək olar ki, unudulmuşdu. Bununla belə, fotoşəkli və barəsində toplanılmış, birbaşa təsdiqlənməsi mümkün olmayan cüzi məlumatlar xüsusi bazada saxlanılırdı.

Kağızı xırda tikələrə bölüb hamamxanaya keçdim. Unitaza atıb suyu buraxdım. Kiçik kağız parçaları unitazın çənindən axan suyun yaratdığı burulğanda dövrə vurub gözdən itdilər.

Əllərimi yuyub otağa qayıtdım.

Layiqə televizora baxırdı. Gözucu ekrana baxdım. “Ağdağ” natural gips suvağının reklamı gedirdi. ”Mən evimi Ağdağla suvayacağam. Ailəm də sağlam qalacaq, mən də”. Bəh-bəh. Bu reklama baxandan sonra, respublikadakı bütün xəstəxana və əczaxanaları bağlayıb yerində “Ağdağ” natural gips suvağının zavodlarını tikmək istəyirsən. Görəsən bu gips suvağının istehsalçıları nə əcəb indiyənədək Səhiyyə Nazirliyindən lisenziya alıb sağlam qalmaq üçün “Ağdağ”ı toz və həb şəklində də qəbul etməyi vətəndaşlara təklif etməyiblər?

Sənayemizin bu qabaqcıl istehsalçısını daha yaxşı reklam etmək olmazdımı?

Yenidən keçib yerimdə oturub fikrə getdim. Əslində, əlimdə elə çox məlumat da yox idi: Qocanın şəhərdə olması və bununla bağlı zəng edərək dəqiqləşdirdiyim bəzi şeylər…Təbii ki, telefonda yalnız mənə və zəng etdiyim adamlara məlum olan ifadələrlə danışmışdıq və kənar qulaqlar üçün bu, bir-birini çoxdan görməyən köhnə  dostların söhbətini xatırladardı.

Hansısa mülahizə yürütmək üçün bunlar kifayət etmirdi.

Qocanın şəhərdə olması, hətta hansısa cinayət törətməsi, müstəqil detektiv kimi mənim üzərimə hər-hansı məsuliyyət qoymurdu. Lakin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşı olmur. İstənilən halda baş verənlər haqqında məlumatlılığın nə qədər vacib olduğunu bildiyim üçün bu məlumatı qulaqardına vurmaq istəmirdim. Xüsusilə, onun ova çıxmasını bildikdən sonra… Çünki bu, hansısa günahsız insanın və ya insanların fəlakəti anlamına gəlirdi və buna göz yuma bilməzdim.

Ancaq hələlik hər şeyi zamana buraxmaqdan başqa çarəm yox idi.

Sizi isə yəqin ki, intizarda qoydum. İmtahandakı son sualın cavabını necə tapdığımı sizə deyim. Sualda saniyəölçən barədə soruşulanlar əsas yayındırıcı məqam idi. Niyə saat özü yox, saniyəölçəni… Bu psixoloji gediş idi. Saniyəölçənin necə olması artıq yüz faiz saatın divarda asılması fikrini yaradaraq cavab verənin bütün fikrini ancaq saniyəölçənə yönəldirdi. Onun nə rəngdə olması, işləyib işləməməsi, xarabdırsa, hansı rəqəmin üzərində dayanmasını götür-qoy edən şəxsin fikirləri əsas istiqamətdən yayınır, verilmiş otuz saniyə elə əvvəldən yanlış şeylərə sərf olunurdu. 

Bunu başa düşən kimi dərhal indiyə qədər olduğum dərs və imtahan otaqlarını bir-bir yadıma saldım. Onların heç birində heç vaxt divar saatı görmədiyim dəqiq idi.

Bu dediklərimə bilirsinizmi nəyi də əlavə etdim? Deyim bilin. Sualın cavabına otuz saniyə vaxt verən müəllimlər hamısı bu müddət ərzində diqqətlə mənə baxmış, heç biri bir dəfə də olsun sual obyekti olan, mənim arxa tərəfimdə, onlarla isə üzbəüzdə, guya divardan asılmış saata tərəf baxmadılar. Nə qədər peşəkar olsalar da, ən azı onlardan birinin nəzərləri bu otuz saniyə ərzində ötəri də olsa o istiqamətə, sualın predmeti olan həmin saata yönəlməli idi. Ancaq bunu etmədilər. Olmayan bir şeyin nəyinə baxacaqdılar ki. Onlardan biri qol saatına baxaraq vaxtın bitdiyini bildirəndə mən artıq sualın cavabını tapmışdım.

İmtahanın eynilə təkrarlanmaması üçün müəllimlər bu dəfə imtahan otağına gələrkən keçdiyimiz dəhlizdəki əşyalar haqqında suallara bir qədər də məntiqi suallar əlavə etmişdilər.

Bu, peşəkarların yetişdirilməsi düsturunun əlifbası idi. Qeyri -adi müşahidə qabiliyyəti, yaddaşı olan və məntiqi mülahizə yürütmək bacarığına malik müdavim təhsil illərində aldığı nəzəri və xidmət illərində topladığı təcrübi biliklərin vəhdəti nəticəsində neçə illər sonra peşəkar adlanmaq hüququ qazanırdı.

Hər əməkdaşa müyəssər olmayan hüququ…

Və mən uzun illərdən sonra bu hüququ qazanarkən indi sizlərə danışdığım epizodla bağlı bir həqiqəti də anladım.

Komissiya üzvlərinin guya divarda asılmış saat tərəfə deyil, məhz nümayişkəranə şəkildə diqqətlə mənə baxmaları verilmiş sualın cavabında elə əsas açar imiş. Mən isə heç vaxt görmədiyim bir saat haqqında verilmiş sualın cavabında bu yolla mənə qəsdən ip ucu verərək məntiqi düşüncə tərzimi yoxlayan pedaqoqlarda, guya, kiçik bir səhv tutduğumu düşünərək cavanlığa xas olan necə bir müştəbehliyə yol vermişdim.

Mənim müdrik müəllimlərim…

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(04.05.2023)

Mayın 3-dən 5-dək Azərbaycan paytaxtında Bakı Şəhər İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskva hökuməti tərəfindən təşkil olunan “Moskva Günləri” keçirilir. 

 

Bakıda “Moskva Günləri” çərçivəsində Heydər Əliyev Mərkəzində Rusiya Coğrafiya Cəmiyyətinin “Köhnə Bakı Rusiya Coğrafiya Cəmiyyətinin obyektivində: şəhərin ilk fotoşəkilləri” fotosərgisi açılıb, eləcə də “Turetski xoru” və “SOPRANO” bədii kollektivinin konserti keçirilib.

AzərTAC xəbər verir ki, tədbiri Moskva hökumətinin naziri, Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sergey Çeremin açıb. O qeyd edib ki, Azərbaycan ilə Rusiyanı ildən-ilə möhkəmlənən uzunmüddətli dostluq münasibətləri birləşdirir.

Heydər Əliyev Mərkəzinin foyesində qonaqlar hələ XIX əsrin ortalarında Aleksandr Ulski tərəfindən çəkilmiş Bakının ilk fotoşəkillərinə maraqla baxıblar. O, Nikolay İvaşintsovun rəhbərlik etdiyi Xəzər Hidroqrafik Ekspedisiyasının üzvü olub. “Bu köhnə Bakının unikal kadrlarıdır, onların sayəsində biz keçmişə “qayıda” və Azərbaycan paytaxtının 100 ildən çox əvvəl necə olduğunu görə bilərik. Bakının ən erkən fotoşəkili 1857-ci ildə Aleksandr Ulski tərəfindən çəkilib. Bu fotoşəkil “Quba” gəmisinin qəzaya uğradığı "Şoulan burnunda qaya" adlanır. Ola bilsin ki, bu Qafqazda ilk mənzərə şəklidir”, - deyə Rusiya Coğrafiya Cəmiyyətinin icraçı direktorunun birinci müavini İlya Qurov bəhs edir. Qeyd edək ki, Rusiya Coğrafiya Cəmiyyətinin fondlarında Azərbaycanla bağlı böyük miqdarda kitab, fotosənəd və xəritələr saxlanılır. Ən qədim xəritə XVI əsrin əvvəllərində nəşr olunub.

Sonra "SOPRANO" qadın qrupunun solistləri ilə birlikdə Rusiyanın “Turetski xoru” bədii qrupunun konserti olub. Artistlər Bakı sakinləri üçün rus xalq mahnılarından tutmuş dünya operettasının və Avropa estradasının şah əsərlərindən ibarət proqram hazırlayıblar. Konsert Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısı ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

“Avroviziya-2023” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yaydığı məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflərin verəcəyi səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış aparıcı Azər Süleymanlı olacaq.

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Friday, 05 May 2023 11:00

Böyük sevgi ilə!

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

 

 

Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin dəstəyi ilə “Vətən oğulsuz olmasın” adlı kitab nəşr olunmuşdur. 

Kitabın redaktoru və ön sözün müəllifi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri şair, publisist Güllü Eldar Tomarlıdır.

 

“Ədəbiyyat və incəsənət” portalı Vüsal Sehranoğluya - Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müşavirinə istinadən xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda  Ümummilli lider Heydər Əliyevin Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı hər iki tarixi şəxsiyyətin çıxışları, Mirvarid Dilbazinin Heydər Əliyevə həsr etdiyi şeirlər toplanmışdır.

Kitaba ön söz yazan Güllü Eldar Tomarlı yeni nəşri sədri olduğu Ictimai Birliyin Ulu Öndərin 100 illiyinə və “Heydər Əliyev ili”nə töhfəsi kimi dəyərləndirmişdir. Ön sözdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə ədəbiyyatımızın inkişafında rolu, xidmətləri, qayğısı, söz və sənət adamlarına diqqəti önə çəkilmişdir. Bu kitabın əsas məramıdır.

Cavidi Vətənə gətirən Vaqif və Cavid məqbərəsinin “memar”ının, dünyanın tanınmış ölkələrində Nizaminin 840, 850 illik yubileylərinin keçirilməsinin, Bakının mərkəzində bir çox şair və yazıçıların heykəllərinin ucaldılmasının Heydər Əliyevin tarixi xidməti olduğu da ön sözdə öz əksini tapmışdır.

Mirvarid Dilbazi Ümummilli liderin həmişə diqqətində olmuş, onun poeziyasındakı hiss və duyğuların saflığını görüşlərdə xüsisi vurğulamışdır. Təsadifi deyil ki, ağbirçək Xalq şairi ona səmimi və ərkyana “oğlum” deyə müraciət edirdi.

Heydər Əliyevin  rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının, sonradan Yazıçılar Birliyinin bütün qurultaylarında iştirakı və proqram əhəmiyyətli nitqləri ədəbiyyata qayğının mükəmməl sübutu kimi kitabda qeyd olunmuşdur.

Kitabda toplanan Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi şeirlər Azərbaycan ədəbiyyatı tarixində qiymətli söz inciləri kimi yadda qalacaq.

Inaniriq ki, “Vətən oğulsuz olmasın” kitabını geniş oxucu auditoriyası maraqla qarşılayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.