Super User
“Öz gücünü özünə investisiya qoymağa sərf elə” – Stiven Kovi
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Beləliklə ən yaxşı onluq.
10 -2-cü yerlərlə tanış olmuşduq. Bu gün 1-ci yerlə tanış olacağıq.
10-cu yer:
Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
9-cu yer:
Riçard Brenson. «Çılpaq biznes»
8-ci yer:
Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»
7-ci yer:
Robert Kiyosaki. «Varlı ata, kasıb ata»
6-cı yer:
Ayn Rend. «Atlant çiyinlərini düzəltdi”»
5-ci yer
Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»
4-cü yer
Qay Kavasaki. «Startap»
3-cü yer
Napoleon Hill. «Düşün və varlan»
2-ci yer
Ceyms Allen. «Düşünən insan»
-----------------
1-ci yer
Stiven Kovi. Yüksək effektli insanların yeddi vərdişi
16 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.
Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kevi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.
Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?
- Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.
- Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.
- Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.
- İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.
- Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.
- Öz gücünü özünə investisiya qoymağa sərf elə.
- Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.
- İnsanlar dünyanı olduğu kimi görürlər.
- Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə qarşı o cür hərəkət etmələrini arzulayasınız.
Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.
Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».
Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:
- Siz nə iş görürsünüz?
- Beş saatdır ki, bu ağacı mişarlayıram.
- Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?
- Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.
Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Niyazinin mənzil-muzeyində Ulu Öndərin xatirəsi yad olunub
Mayın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş “Fortepiano musiqisi axşamı” adlı konsert proqramı təqdim olunub.
Muzeydən verilən məlumata görə, əvvəlcə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və tərəqqisində rolu, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısı haqqında ətraflı çıxış edib.
Tədbir konsert proqramı ilə davam edib.
Konsert çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ülkər Rüstəmli, Nəzrin Bayramova, Şəms Əsgərova tərəfindən Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib.
İfalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda videoçarx ilə müşayiət olunub.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Bakıda İƏT-in Turizm üzrə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib
Mayın 3-də Bakıda Azərbaycanın sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 10 dövlətin iştirakı ilə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib.
İclasda İƏT-in Baş katibi Hissein Brahim Tahanın tədbir iştirakçılarına salamlama mətni səsləndirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, toplantıya sədrlik edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edərək ölkəmizin turizm potensialının işğaldan azad olunmuş torpaqlar sayəsində daha da zənginləşdiyini, Qarabağın artıq beynəlxalq səyahətçilər üçün yeni turizm destinasiyası kimi tanıdıldığını bildirib.
O, iclasın ötən il Azərbaycanın sədrliyi ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində qəbul edilmiş mühüm qərarların icra vəziyyətinin və onların tətbiqi məsələlərinin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib.
Müzakirələr çərçivəsində İƏT-in “Turizm Şəhəri Mükafatı” üçün mövcud qiymətləndirmə meyarları haqqında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat tərəfindən müvafiq olaraq 2023 və 2024-cü illər üçün turizm şəhərləri seçilmiş Türkiyənin Şanlıurfa, Özbəkistanın Xivə şəhərlərinin fəaliyyət planları nəzərdən keçirilib və qəbul edilib.
Toplantıda Şanlıurfanın zəlzələdən təsirlənən şəhərlərdən olduğu bildirilib və iştirakçılar İƏT-in bütün müvafiq institutlarını şəhərin yaxın gələcəkdə yenidən qurulmasından sonra turizm potensialının bərpası məqsədilə səmərəli proqram və layihələr hazırlamağa çağırılıblar.
İclas iştirakçıları İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv dövlətlər arasında turizmin inkişafına dair qəbul edilmiş qətnamənin və “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin effektiv icrası ilə əlaqədar təqdimatlarla çıxış ediblər.
Tədbirdə üzv ölkələr İƏT-in noyabr ayında Qətərdə keçiriləcək sayca 3-cü turizm sərgisində fəal iştiraka dəvət olunub.
Əlaqələndirmə Komitəsinin 8-ci iclasının yekununda 9-cu iclasın İƏT Turizm Nazirlərinin 12-ci Konfransı çərçivəsində Özbəkistanda keçirilməsinə razılıq verib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Rejissor cizgi filmi hazırlamaq üçün ianə istəyir
Bilmirik, bu xəbərə necə şərh verək, amma bizim fikrimizcə, uşaqları Maşa, Spəydermən, Betmən azarına tutulan məmləkətdə uşaqlar üçün milli cizgi filmi çəkmək istəyən rejissor ətrafdakılardan ianə istəməməlidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məşhur “Tıq-Tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi uşaqlar üçün “Nərgiz” adlı yeni cizgi filmi hazırlamaq istədiyini və bunun üçün maddi dəstəyə ehtiyac olduğunu bildirib. O, bu səbəbdən də tamaşaçılara müraciət edib. Və bu xəbəri mediaya filmin prodüseri Rəşid Ağamalıyev verib.
Nədən bəhs edəcək bu film? Bildirək ki, filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır”.
Rəşid Ağamalıyev bu həyati əhəmiyyətli layihəyə dəstək olmaq üçün Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) və digər aidiyyəti qurumlara müraciət etdiklərini bildirib.
Qeyd edək ki, Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.
“Nərgiz” filminin məqsədi, həmçinin ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyatın diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.
Məlumata diqqət edin:
İanə kampaniyası Toxum.org portalında həyata keçirilir və dəstəkçilər üçün xüsusi mükafatlar nəzərdə tutulub: https://toxum.org/az/projects/nergiz-animasiya-filmi-176
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Əbədi ömrün yüz ili” kitabı təqdim olundu
“Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində onun xidmətləri daha dərindən dərk ediləcək. Amma bu, gələcək nəsillərin işidir. Bugünkü nəsillərin, onun çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu isə Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”
Bu cümlələr Xalq yazıçısı Anara məxsusdur. Elə sözügedəcək kitabı da bu cümlələr gözəl xarakterizə edir.
Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabının təqdimatı oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Əvvəlcə nəşrin layihə rəhbəri, tərtibçi və “Ön söz” müəllifi - AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli kitab haqqında məlumat verdi. Bildirdi ki, “Əbədi ömrün yüz ili” bədii-publisistik məqalələr toplusu baxımından çox dəyərli nəşrdir. O dedi:
“Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırladığımız bu kitab haqqında fikir söyləmək çox çətindir. Çünki bu kitaba Azərbaycan Yaziçılar Birliyinin üzvü olan dəyərli söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir. Yazı müəlliflərinin böyük əksəriyyəti Ulu Öndəri şəxsən tanıdıqlarından onların düşüncələri, xatirələri, bu böyük şəxsiyyət haqqında mülahizə və müşahidələri maraqlı və zəngindir. Ona görə də mən yalnız nəşrə bələdçilik etməyi öz üzərimə götürdüm, düşünürəm ki, gözəl bir kitab ərsəyə gətirə bildik. Kitabın ərsəyə gətirilməsinin əsas təşəbbüskarlarından biri də Anar müəllimdir. Ona görə də həm Anar müəllimə, həm Mədəniyyət Nazirliyinə, həm də bütün zəhməti keçənlərə təşəkkür edirəm. Müəlliflərə xüsusən minnətdarlığımı bildirirəm ki, mövzuya xüsusi həssaslıqla yanaşdılar, çox dəqiqəliklə işləyib bu gözəl kitabı hazırladıq. İlkin olaraq kitab 1000 nüsxə tirajla nəşr olunsa da, bunu artırmağı düşünürük. Bir çox bölgələrdə də bu kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur".
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Ulu Öndər Heydər Əliyevi yaxından tanımaq və onun ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq baxımından kitabın çapını yüksək qiymətləndirdi:
“Heydər Əliyev incəsənət adamları ilə çox ünsiyyətdə olurdu, o yazıçılara da xüsusi həssaslıqla yanaşırdı. Kitab çox maraqlıdır. Heydər Əliyevlə ünsiyyətdə olan adamların xatirələri xüsusən diqqət çəkir. Ölkədə ədəbi nəslin həyatında, inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Kitabın yaradılmasında töhfələrini əsirgəməyən, əməyi keçən müəllifləri təbrik edirəm. Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu, bizim “Heydər Əliyev İli”nə kiçik töhfəmizdir”.
AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev dedi:
“Bu çox gözəl təşəbbüsdür və düşünürəm ki, bu kitabın bu cür incəlik və həssaslıqla ərsəyə gətirilməsi Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramın göstəricisidir. Ümummilli Lider Heydər Əliyevlə bağlı digər təqdimatlar da gözlənilir”.
Xalq yazıçısı Elçin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramını bildirərək, kitabın əhəmiyyətindən danışdı:
“Ulu Öndər Heydər Əliyevin incəsənət, ədəbiyyat adamlarına olan qayğısı danılmazdır. Yaradıcılığı həmin dövrlərə düşən sənət adamlarından elə biri yox idi ki, Heydər Əliyev onun sənəti ilə maraqlanmasın və şəxsən onunla ünsiyyətdə olmasın. Onun şəxsiyyətinin miqyası çox böyükdür. O, bir tərəfdən Mstislav Rostropoviç ilə dostluq edirdi, eyni zamanda aşıq sənətinin inkişafına xidmət edənləri də unutmurdu. Bu da onun daxili aləminin zənginliyinin göstəricisi idi. O, incəsənətin bütün sahələrini duyurdu və qiymətləndirməyi bacarırdı. Ulu Öndər deyirdi ki, gənclik dövründə Naxçıvanda elə tamaşa olmurdu ki, o tamaşaya gedib baxmasın. Heydər Əliyev daxilən sənət eşqi olan zəngin şəxsiyyət idi. O, hətta müxtəlif pyeslərdə, əsərlərdə olan bir çox monoloqları əzbər bilirdi. 10 il mənim onu müşahidə etmək imkanım olub və Ümummilli Lider özü böyük məktəb idi".
Xalq şairi Nəriman Həsənzadə bu kitabın hazırlanmasının gözəl bir hadisə olduğunu dilə gətirərək, bu təşəbbüsün kitab həvəskarları, oxucular üçün böyük hədiyyə olduğunu vurğulayıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova, yazıçı Hüseynbala Mirələmov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı dövləti qarşısındakı böyük xidmətlərindən danışdılar və yeni çap olunan kitab haqqında fikirlərini bölüşdülər.
Xatarladaq ki, kitabın növbəti təqdimatı Qubada - Azərbaycan Ədəbiyyat Fondunun Heydər Əliyevin 100 illiyi münasibətilə keçirəcəyi Konfransda baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Sürgün günəş” - Səhər Xiyavidən
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır.
Səhər Xiyavi
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
SÜRGÜN GÜNƏŞ
Yadındadırmı sevgilim?
Demişdim: "Bir dərin mağara var içimdə
Heç nə ilə dolmur."
Milyonlar yaşı olan
Sönükmüş ulduzların
Mağarasından qoca və dərin!
Bu duyğu hələ də mənimlə var.
İti dişli mişar kimi
Gecə-gündüz dartır ruhumu.
Bütünsüz pazzeləm,
Yarımçıq roman!
Nə ilkim bəllidir, nə sonum.
Başımı itirmişəm dəhşətli dumanlarda
Gecə yarıları lapbadan düşünəndə
Dərin tənhalığımı,
Qışa dönürəm yay günü.
İnsanın tənhalıq duyğusu
Ətrafında olan adamlara deyil.
Cəmiyyətdə tənhalıq,
Yalqızlığın ən pis üzüdür.
Düşünmüşəm,
İnsan sonsuz bir yalqızlıqdır
Ucu-bucağı bilinməz.
Nə sevgi, nə həvəs
Doldura bilməz boşluğunu
Yalnız keçəri uydurmadır bunlar.
Naçar nərdivan qoyub,
Pillə-pillə içimdəki
Qırx qat dolanbaca enirəm.
İnanmazsan;
İllər boyu
Qapı-qapı axtardığım sürgün günəşi
Ürəyimin tən ortasında tapıram!
İsinirəm, tamamlaşıram.
Özümə sarılıb,
Özümü qucaqlayıram
Sən haqlı idin;
İnsanın dərin yalqızlığını
Özündən başqa kimsə doldura bilməz!
Sən də yalqızlığıma ortaq ol!
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Bu gün Xalq artisti Kamal Xudaverdiyevin anadan olduğu gündür
Elə aktyorlar var ki, sifətcə və xaraktercə o qədər bitkin, tamamlanmış olublar ki, onlara anadangəlmə rollar biçilib. Məsələn, mərhim Xalq artisti Kamal Xudaverdiyev kimi. Zəhmli, ciddi, sərt kişi obrazları onun alın yazısı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Kamal Xudaverdiyevin anadan olmasının 85-ci ildönümü tamam olur. Bu görkəmli aktyor yaratdığı bir-birindən bənzərsiz obrazlar qalereyası ilə adını Azərbaycan teatr və kino tarixinə əbədi həkk edib.
AĞIR UŞAQLIQ
Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Yarı-ac, yarı-tox uşaqlıq illərində 7-ci sinfə qədər həm işləyib, həm də oxuyub. Gündüzlər işləyən Kamal, axşamlar 6 saylı fəhlə-gənclər məktəbində təhsil alıb. Məktəb illəri başa çatdıqdan sonra o, çilingər kimi qaz idarəsində əmək fəaliyyət göstərib. Bacarıqlı işçi olduğu üçün onu Qazaxıstanın xam torpaqlarına ezamiyyətə də göndəriblər. Bakıya artıq 21 yaşlı gənc kimi qayıdan Kamal həyat yolunda vacib qərar qəbul etməli idi.
SEÇİM
O, məhz teatrı seçdi.
Özü də səbəbini bilmədən sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verdi. Kamal, 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə daxil oldu və böyük sənətkarlar Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasibdən həm sənət, həm də həyat dərsləri aldı. 1965-ci ildə ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə Akademik Milli Dram Teatrının baş rejissoru olan Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürüldü və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçdi, bu teatrın səhnəsində çoxsaylı rollar yaratdı.
ROLLAR QALEREYASI
Kamal Xudaverdiyev "Almaz”da İbad, "Aydın”da Surxay (Cəfər Cabbarlı), "Kral Lir"də Kral Lir (U.Şekspir), "Xoşbəxtlər”də Sadıq, "Yalan”da Fərman (Sabit Rəhman), "Vaqif” də Eldar, "Mahnı dağlarda qaldı”da Bahadır, "Bağlardan gələn səs”də Kamandar (İ.Əfəndiyev), "Yollara iz düşür”də Loğman (B.Vahabzadə), "Ah Paris... Paris”də süpürgəçi (Elçin), "Şah Edib"də Şah Edib, "İblis”də İbn Yəmin kimi xarakterik rolların ifaçısı oldu.
K. Xudaverdiyev güclü, diapozonlu və gözəl tembri olan unikal səsə malik idi. O səsə ki, ona kütləvi səhnədən tutmuş monoloqlara qədər istənilən zamanda, istənilən məkanda seçilmək imkanı verirdi. Kamal Xudaverdiyevin üz cizgiləri mərhəməti ilə ən yüksək səviyyəyə qalxa da bilərdi, Kral Lirin qəddarlığı, zalımlığı ilə vulkan kimi partlayış da yarada bilirdi. Onun səhnə görünüşü (hündür boyu, düz qaməti), gülüşü, həlim davranışı, eləcə də zabitəsi tamaşaçını cəlb etməyə bilməzdi.
AZTV MƏRHƏLƏSİ
Aktyor tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. "İstintaq davam edir" də Çingizov, "Dağlarda döyüş" filmində Rüstəmov, "Sonuncu məhəbbət"də Həsənov, "Nəsimi”də Yusif, "Abşeron”da Əli, "Üzü küləyə” filmində Kombinant müdiri, "Oteldə bir otaq”da Alim, "Dədə Qorqud”da Ata obrazları ilə kinematoqrafiya sənətinə öz adını əbədi həkk edib.
ADİL İSKƏNDƏROVDAN DƏSTƏK
Kamal Xudaverdiyev yaraydığı Çingizov obrazı haqqında belə deyib: “Filmə az çəkilmişəm. Çünki o zamanlar adətən rejissorlar başqa millətdən olan aktyorlarla işləməyə meyl göstərirdilər. Adil İsgəndərov kinostudiyanın direktoru işləyəndə xeyli milli kadrlar yetişdi. "İstintaq davam edir” filmi çəkiləndə Çingizov roluna Leninqraddan aktyor dəvət etmək istəyirdilər. Adil müəllim imkan vermədi, dedi ki, bu rola Kamal çəkiləcək”.
K. Xudaverdiyev də bu rolu məharətlə ifa etmişdi.
VƏ SONDA
Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Görkəmli aktyor 2008-ci aprelin 23-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır
Qazaxıstanın mədəniyyət və idman naziri Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Görüşdə birgə mədəni tədbirlərin keçirilməsi müzakirə olunub.
AzərTAC “Kazinform”a istinadla xəbər verir ki, Asxat Oralov hər iki dövlət başçısının mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsini dəstəklədiklərini qeyd edərək deyib: “Qədim türk yazılarına həsr olunan sərginin təşkili barədə məsələ üzərində iş gedir. Bu, bizim ortaq mədəniyyətimiz haqqında çox şey öyrənmək və türk sivilizasiyasının tarixi ilə maraqlananları bu sərgi ilə tanış etmək üçün yaxşı fürsətdir. Günay Əfəndiyeva Azərbaycanda Qazaxıstana aid hazırlanan tədbirlərdən də söhbət açdı”.
Qazaxıstanlı nazir əlavə edib ki, bu ilin avqust ayı üçün Azərbaycan ədiblərinin Abay Kunanbayev haqqında əsərlərinin daxil olduğu kitabın təqdimatı planlaşdırılıb. May ayında Jambul Jabayevin təsviri ilə poçt markasının buraxılışı planlaşdırılır. “Bundan başqa, Azərbaycan tərəfi avqust ayına nəzərdə tutulan sənətkarların beynəlxalq festivalında iştirak üçün dəvətimizi qəbul edib. Azərbaycanlı həmkarlarımız Qazaxıstanda tarixi-mədəni layihələrin təşkilini də maliyyələşdirməyə hazırdırlar. Biz Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər istiqamətlər üzrə Azərbaycan və digər türk ölkələri ilə mədəni əlaqələri möhkəmlətmək niyyətindəyik. Bu il biz Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri keçirməyi planlaşdırırıq. Artistlərimiz və yaradıcı kollektivlər səbirsizliklə bu fürsəti gözləyirlər. Biz mədəniyyət sahəsində çalışan işçilərin potensialının sərf olunmasından ötrü daha çox imkan yaratmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Asxat Oralov sonda deyib.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdüdür
Hər günün öz adı var. Hər il mayın 3-ü isə Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.
Dünyada ən qədim informasiya vasitəsi qəzetlər hesab edilir. Qəzet və jurnallar uzun illər ərzində bütün dünyada məlumat mənbəyi kimi istifadə olunub. Hazırda isə qəzet və jurnalları müasir dövrdə mobil telefonlar, televiziyalar və internet əvəz edir. Buna baxmayaraq, insanlar arasında çap mediasına hələ də böyük tələbat var.
XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib.
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.
Müstəqil Azərbaycan dövləti də ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycanda azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atılıb.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilib, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkişafı üçün əlverişli mühit yaradılmağa başlanılıb.
Ulu Öndər Heydər Əliyevin “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlayıb.
Qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları, o cümlədən orden və medallar ilə təltif olunmaları dahi Liderin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verib, milli mətbuatın inkişafında əsaslı dönüş yaradıb.
2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərib. Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynayır.
Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizdə jurnalistlərin mənzillərlə təmin olunması, müxtəlif orden və medallar, fəxri adlarla təltif edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, son olaraq isə “Media haqqında” yeni qanunun tətbiq edilməsi ölkəmizdə dövlətin azad mətbuatın inkişafına töhfələri kimi qiymətləndirilir.
Bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə durur. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)
Günün fotosu: Yudaşkin vəfat etdi
Günün fotosu: Yudaşkin vəfat etdi
Məşhur rusiyalı modelyer Valentin Yudaşkin vəfat edib. Onun 59 yaşı var idi.
Yudaşkin Bakıya gəlib zəngin defelelər göstərməyi sevərdi.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)