ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Rəsm qalereyası: Kenne Qrequar, “İtaliya maskalar teatrı” silsiləsindən

 

Holland rəssamı Kenne Qrequar (Jan Josken Qrequar) çağdaş rəngkarlığın ən görkəmli nümayəndələrindən biridir. Onun ən böyük təlabat duyulan əsəri del-arte stilində yaratdığı “İtaliya maskalar teatrı” silsiləsidir ki, sizə bu silsilədən rəsmlər təqdim edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

Ermənistan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələr tarixi baxımdan müəyyən bir təcrübə və özlərinəxas gələnəyə malikdir. Güney Qafqazdakı türk-müsəlman respublikası Azərbaycanın bu iki xristian qonşusunun coğrafi, dini yaxınlığı, tarixi təmasları və bəzi oxşar etno-mədəni özəllikləri onların ədəbi-mədəni sahədə qarşılıqlı təsirinə zəmin yaradıb.

 

Mədəniyyət və sivilizasiya ocağı olan Qafqazın, tarixən müxtəlif mədəniyyətlər və dinlərin təsiri altında olduğu bəllidir və ermənilərlə gürcülər də bu təsir altında formalaşıb. Özəlliklə, XIX yüzildə, hər iki xalqın tərcümə ədəbiyyatı vasitəsilə Doğu və Batı mədəniyyət(lər)ini öyrənməsi onların bağlarının dərinləşməsində önəmli rol oynayıb. Gürcü monastırlarının Ermənistan yazı mədəniyyətinə təsiri və əksinə, “erməni əlyazmaları”nın gürcü ədəbiyyatında yer alması, bu qarşılıqlı təsirin bir göstəricisi sayılır.

 

Hər iki xalqın tərcüməçiləri zaman-zaman fars, yunan, Roma və Bizans qaynaqlarından təsirlənərək öz ədəbiyyatlarına müəyyən yeniliklər qatıb. Tərcümə əsərləri vasitəsilə hər iki xalq bir-birinin ədəbiyyatını daha yaxından öyrənə bilib.

Özəlliklə XIX-XX yüzillərdə, Tiflis ədəbi-mədəni mərkəz olaraq hər iki xalqın yazıçı və şairlərinin bir araya gəldiyi, fikir alış-verişi apardığı önəmli məkanlardan biri olub.

 

Gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin (შოთარუსთაველი; 1172, Rustavi – 1216, Qüds, Əyyubilər xanədanı) ünlü “Pələng dərisi geymiş pəhlavan” əsərinin erməni ədəbi dairələrinə təsiri olub.

Erməni yazıçıları Hovannes Tumanyan (Հովհաննես Թումանյան; 19.02.1869, Dsex, Loru-Borçalı, Allahverdi – 23.03.1923, Moskva) və Aksel Bakunts (Aleksandr Stepani Tevosyan; Ակսել Բակունց; 13.06.1899 – 08.07.1937) kimi ədiblərin əsərləri gürcü ədəbi dairələrində daha çox diqqət görüb.

Bəlli olduğu kimi, bəzi akademik ədəbi çevrələrdə Şota Rustavelinin dahi Azərbaycan şairi Nizami Gəncəvidəntəsirləndiyi vurğulanır; eyni zamanda, ermənilər Nizami Gəncəvinin irsindən, əsərlərindən (örnəyi, “Fərhad və Şirin”)özlərinə “pay” çıxarmağa çalışır... Erməni yalanı, plagiatı yalnız Nizami Gəncəvi irsinə münasibətdə, yalnız ədəbiyyatda deyil, ümumən Azərbaycan mədəni irsinə münasibətdə özünü həmişə göstərib. Bəs kim iddia edər ki, yalana, kopyalamağa aşina bir topluluq, onlara bizdən bir köynək daha yaxın olan gürcülərdən də nələrisə “oğurlamayıb”?..

Ritorik sualımız öz yerində və cavabında qalsın, indi isə digər məsələlərə toxunaq:

Gürcü kilsə memarlığının bəzi elementlərinin erməni memarlıq üslublarına təsir göstərdiyi bilinən mövzudur. Eyni zamanda, erməni daş heykəltəraşlıq gələnəyi gürcü sənətkarlarının diqqətindən qıraqda qalmayıb. Əlbəttə, Ermənistan Respublikası ərazisindəki qədim daş abidələrin mütləq əksəriyyəti (o cümlədən qəbirüstü qoç abidələri) türk mədəniyyətinin izlərini daşımaqdadır. – Yəni həm bu, həm digər əməli sənət sahələrində (daha çox kulinariya sahəsində) ermənilərin özgələşdirməyə (erməniləşdirməyə) çalışdığı bir çox hadisələr, gürcülərə öz olaraq yox, özgələşmiş şəkli ilə çatmış ola bilər. Gürcüstanın xas insanlarının, örnəyi, “Armyanski lavaş”, “Armyanski xalva”, “Armyanski dolma”abuq-sabuqluğuna biganə qalmaması lazım...

 

Qafqaz xalqlarının musiqi gələnəkləri də bir-birinə təsir edib, bu, özünü özəlliklə xalq musiqisi və dini melodiyalar sahəsində daha qabarıq göstərib.

 

Sovet dönəmində Ermənistan və Gürcüstan teatrları, kinostudiyaları arasında sıx işbirliyi olub. Bu işbirliyi erməni-gürcü mədəniyyət təsərrüfatlarını daha da yaxınlaşdırıb.“Gürcüstan-film (“ქართული ფილმი“), habelə, keçmiş SSRİ dönəmində “Len-filim” (“Ленфильм”), “Mos-film”(“Мосфильм”) və b. kinostudiyalarda çəkilmiş gürcü filmlərində erməni rejissorları, aktyorları iştirak edib, rol alıb.Erməni rejissoru, aktyoru olan filmlərdə, illa bir ideoloji-mədəni maxinasiya, qondarmaçılıq olmayıbmı, sizcə?..

 

Çağdaş dönəmdə Ermənistan və Gürcüstan yazıçıları arasında işbirliyi davam edir. Birgə festivallar, kitab sərgiləri və mədəni tədbirlər erməni-gürcü ədəbi-mədəni bağlarını gücləndirir; lakin siyasi və bölgəsəl problemlərin bu bağlara bəzi mənfi təsirləri olduğunu da deməliyik.

Əlbəttə, kimin kiminlə ədəbi-mədəni bağlar qurması, belə bağları gücləndirməsi yaxud zəiflətməsi bizim işimiz deyil; bununla belə, o alış-verişdə bizim çıxarlarımıza tərs düşən nəsnələr varsa, biganə qalmağımız gözlənilməsin gərək. Əgər Gürcüstanda nəşr olunan, sərgilənən yaxud daimi ekspozisiyalarda nümayiş olunan erməni nəşrlərində və s. anti-Azərbaycan, anti-Türk, anti-İslam məzmunu varsa, heç kəs qüsura baxmasın, bunun bir bəraəti yoxdur, sağlam açıqlaması da ola bilməz. Gürcüstana yaraşan, yorğun qazı misalında olduğu kimi, “düz deyirsiz”, “siz də düz deyirsiz”yatışdırma formulunda davranmaq deyil, doğru-dürüst olana meydan tanımaqdır. Gürcülər də, biz də Qafqazlıyıq, Qafqazlı xarakterimiz var, bir-birimizi çox yaxşı başa düşməmiz üçün əcdaddan gələn gələnəklərə sahibik. 

Azərbaycanla bütün əməli çalışma sahələri üzrə işbirliyi Gürcüstanın çiçəklənməsinə xidmət edib (edir); Ermənistanla hər hansı işbirliyi Gürcüstana nə verib, nə verə bilər?.. – Bu sualın cavabını biz aramamalıyıq. Amma əminəm, o cavabaydın bir mənzərəni ortaya qoyacaqdır. Yoxsa, bizimqonşumuzun iç işlərinə, dış siyasətinə qarışmaq kimi bir dərdimiz yoxdur.

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: eeməni-gürcü dostluğunun bariz nümunəsi “Mimino” adlı Sovet filmini hesab ermək olar. Kikabidze və Mkrtçyan. 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyirdi ki:- “Muğamı heç nə sıxışdıra bilməz. Muğam elə bir sərvətdir ki, xalq durduqca duracaq. Qızıl nə qədər torpaqda qalsa da, qızıllığını itirmir. Nə vaxtsa, öz parlaqlığını göstərir. Nə qədər ki, Azərbaycan xalqı, dilimiz, dinimiz yaşayır, muğam da yaşayacaq. Muğamı aradan götürmək üçün əvvəl dilimizi, dinimizi, xalqımızı ortadan götürmək lazımdır. Bu da baş tutan iş deyil. Çünki Azərbaycan xalqı həmişə var olacaq...”

 

Çox sadə insan idi. Heç kimin xətrinə dəyməz, könül bulandırmazdı. Ağayanə davranışı, müsbət xüsusiyyətləri ilə seçilirdi...

 

“Xalqımız çox istedadlı xalqdır. Hansı millətin bu qədər dahi şairi, rəssamı, bəstəkarı var?! Götürək Nizamini, Füzulini, Üzeyir bəyi, Səttar Bəhlulzadəni, Tahir Salahovu. Mən hələ bəzilərinin adlarını çəkdim. Belələri bizdə çoxdur və gələcəkdə də olacaq. O cümlədən də muğam ifaçılarımız.”- söyləyirdi.

 

O, 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdu. Asəf Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil almışdı. Əvvəlcə Əbilov adına Mədəniyyət evində, sonra isə Asəf Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışırdı. Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkərək 25 dekabr 2016-cı ildə 66 yaşında ikən vəfat edib. Vəsiyyətinə əsasən, o Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb...

 

Bəli, söhbət Xalq artisti, “Şöhrət” ordenli Ağaxan Abdullayevdən gedir. Artıq 9 ildir ki aramızda olmadığına baxmayaraq, hələ də muğamsevərlərin yaddaşında yaşayır. Şirin ifası, alicənablığı ilə insanların qəlbində yuva qurub...

 

Həmkarı- Xalq artisti Mənsum İbrahimov onu belə xatırlayır:

 

- “Ağaxan Abdullayev Azərbaycan klassik muğam sənətinin görkəmli nümayəndələrindən biri idi. O, çox böyük sənətkar, şəxsiyyət idi. Mən hələ Ağaxan müəllimi Asəf Zeynallıda oxuyan vaxtımdan tanıyırdım. Yəni hardasa 30 ildən çox tanışlığımız var idi. Elə oldu ki, biz onunla dəfələrlə xarici ölkələrdə, Azərbaycanın müxtəlif bölgələrində  səfərlərdə olduq. Muğam Televiziya Müsabiqələri başlayandan, 2005-ci ildən  münsif yoldaşı idik. Müsabiqələr zamanı bölgələrdən uşaqların seçilməsində, məclislərdə, dövlət tədbirlərində-demək olar ki, hər yerdə birlikdə olmuşuq. Ağaxan Abdullayev həm də gözəl insan idi. Yaxşı insan olmaq hər kəsə nəsib olmur. Ağaxan müəllim gənclərə xüsusi diqqət və qayğı göstərirdi. Bu insanda paxıllıq hissi yox idi və hər zaman yaxşılıqla məşğul olur, insanlar üçün əlindən gələni edirdi. Mən ancaq onda gözəl keyfiyyətlər gördüm. Təəssüf ki, aramızdan çox tez getdi. Xalqımızın , dövlətimizin sevimli sənətkarı idi. Azərbaycanın istənilən bölgəsinə gedəndə onun necə hörmətlə qarşılandığının dəfələrlə şahidi olmuşam. Təbii ki, özü fikizi cəhətdən aramızda olmasa da, ruhən həmişə bizimlədir. Çünki onun qoyub getdiyi sənət, səs, ifalar hər zaman xalqımızın qəlbində yaşayacaq”...

 

Fevralın 6-sında 75 yaşı tamam olacaqdı...

 Ruhuna salam olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Murad Vəlixanov “Ədəbiyyat və incəsənət” 

 

Müsəlman dünyasının xüsusi rəğbət bəslədiyi,  hörmət və ehtiramla yad etdiyi insanlar çoxdur. Bunlardan biri də Xəlid İbn Vəliddir.

 

Onun 583-587-ci illər arasında anadan olduğu güman edilir. Anası Lübabə, atası isə Məhzum ailəsindən olan Vəlid İbn Muğirdir. Onun ailəsi hərbi məsələlərdə ixtisaslaşmış  Qüreyş qəbiləsindəndir. Gəncliyində nizə, qılınc, kaman və atdan istifadə etməyi öyrənmişdir. Bədr döyüşündə iştirak etməyən Xalid ilk dəfə Uhud döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Müsəlmanlığı qəbul etdikdən sonra  Bizans və Sasanilərə qarşı döyüşlərdə sərkərdə kimi iştirak etmişdir. Bunlardan ən diqqət çəkəni isə Yərmuq müharibəsində Bizans ordusunu məğlub etməsidir.

İslam mənbələrinə görə Xəlid İbn Vəlid yüzdən çox döyüşdə iştirak edib, bunların heç birində məğlub olmayan nadir İslam sərkərdələrindəndir. O üç il  kimi qısa bir müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Qəhrəmanmaraşa qədər uzanmışdır.

Xəlid  İbn Vəlid etdiyi fəthlər və müsəlmanlar arasında qazandığı hörmət və ehtirama görə Seyfullah (ALLAHIN qılıncı) ləqəbini almışdı.

638-ci ildə Ömər İbn Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə yerləşdirilmişdir. O, bir il sonra bu vəzifəsindən ayrılmış və 642-ci ildə vəfat etmişdir. 

 

“Ədəbiyyat və İncəsənət” 

 (06.02.2025)

 

 

Cümə axşamı, 06 Fevral 2025 15:36

ÖRNƏK - Fədakarlıq simvolu Səkinə

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Örnək” rubrikasında bu dəfə sizlər üçün Xalq yazıçısı İlyas Əfəndiyevin “Söyüdlü arx” romanından “Kürdobadakı Səkinə ilə Mahal Murovunun Əhvalatı”nı təqdim edəcəyəm.

 

Qarabağ - igidlərin canını yolunda fəda etdikləri VƏTƏN.

Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda "Kürdoba" deyilən bir tərəkəmə obası var idi. Bu obanın əhalisi təmiz azərbaycanlı idi, niyə onlara Kürdoba deyilirdi naməlum idi. Onlar nərlər, qoyunlar saxlayardılar. Qarabağ atları minərdilər. Bu tərəkəmələr qışda qışlağa, yazda isə Haramılara köçərdilər. Haramıların hər tərəfi qırmızı lalə olurdu.

 

Qapıya gələn aşığı boş yola salmayan, köməksizə əl tutan, kasıba yardım edən Kərbalayi İbixan adlı biri var idi. Mahal murovu - yaşı 60 və dörd arvadı olan bu insan İbixanın qızına aşiq idi. Bir dəfə evlərinə gəlir, bu vaxtı Səkinənin atası obada olmur. Murova süfrə salarkən qızın biləyindən yapışır, o da güclə əlindən çıxıb qaçır. Nişanlısına bu barədə danışanda Gülməmməd (nişanlısı) Səkinənin anasına deyir: Bibi, Kərbəlayi dayıma denən o kor murov bir də bura gəlsə onu öldürəcəm. Bu barədə yoldaşı Kərbəlaya deyəndə, o da murova qulaqburması edir. 

 

Bir gecə İrandan keçən quldurlar "Mandılı" deyilən qışlaqda qoyun sürüsü saxlayan binələrə basqın eləyib, Gülməmmədgilin sürüsünü atdöşü eləyəndə ucaboylu və enli kürək olan Gülməmməd onlara qoyundan çıxmağı əmr edir. Lakin nəticə sıfır olur. Bu vaxtı Gülməmməd çomağını endirəndə, quldurbaşı da qılıncını endirdi. Onun çomaq tutan əli boşaldı, əlinin biləyindən qələmə kimi kəsildiyini gördü. Onun tayqol olmasına mərdlər üzüldü, namərdlər isə sevindi və dedilər Səkinə artıq ona getməz. Ancaq Səkınə özü mərd, sevgisinə sadiq biri idi, onlara 3 gün, 3 gecə toy edildi. 4 oğlan 1 qızları oldu.

Öncə Kərbəlayi İbixan, sonra isə Məşədi Gülməmməd rəhmətə getdi. Başçılıq etmək vəzifəsi Səkinənin üzərinə düşdü. Oğlu Bayram gimnaziyada oxudu, qızıllı-paqon taxıb, padşahın idarəsində qulluq etdi. Rus dilini bilən Bayrama bəy deyirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Sırdaş

Təbriz

 

Bir qərib duyğudur qonağım bu gün,

Siz allah qoymayın, ürəyim gedir!

Çox zaman sürməyib bizim sevgimiz,

Şirin arzularım, diləyim gedir.

 

Birazdan başlanar soyuq bir savaş,

Küləklər dondurar yollarımızı.

Qasırğalar bizə şillə atsa da,

Gəlsənə açmayaq qollarımızı!

 

Sözünü tutmadın, oyun pozuldu,

İçimdə fitnəni doğub gedirsən.

"Gələcək bizimdir" nə tez unutdun?

Süd əmər sevgimi boğub gedirsən.

 

Tanrının utancı düşür gözümdən,

Sənsə kirpiyimdən yerə axırsan.

Duzlu əllərini göyə qaldırıb,

Yalvarıb-yaxarıb kimə baxırsan?!

 

Mələklər göz vurub səni səsləyər,

Sənsə qanadlanıb göyə uçursan.

Qaranlıq sarayda buraxıb məni

Hansı xarabaya işıq saçırsan?!

Hansı xarabaya?.. 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

                  

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

 

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

1-ci qayda:

 

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

 

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

 

Heç vaxt başqalarına qulaq asmayın

 

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Cümə axşamı, 06 Fevral 2025 13:35

İnsan və aləm: varoluşun gizli hikməti

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan kainatın bir aynasıdır, hər bir zərrəmizdə cahanın sirri gizlənmişdir. “Âdemi bul âdem ol âlemde âdem gizlidir, Etme tahkîr âdemi âdemde âlem gizlidir” – bu dərin misralar insana özünün və varlığın mahiyyətini anlamağa çağırır. Burada “âdem” insanı, “âlem” isə kainatı ifadə edir. Şair bizə deyir ki, insanı tanıyan, əslində kainatı tanımış olur, insanı alçaldan isə bütün varlığı dərk etmə qabiliyyətindən məhrum qalır.

 

Bu misraların müəllifi tam dəqiqliklə bilinməsə də, onların Osmanlı dövrünün sufi-şairlərindən olan İbrahim Hakkı Erzurumiyə aid olduğu ehtimal edilir. XVIII əsrdə yaşamış bu müdrik şəxs “Mârifetnâme” adlı əsəri ilə tanınır və onun fəlsəfi görüşləri insanın kainatla olan bağlılığını vurğulayır. O, sufizmin əsas prinsiplərinə söykənərək insanı kiçik bir kainat kimi təsvir edir və daxili kamilliyə aparan yolu göstərir. Lakin bəzi mənbələrdə bu misraların başqa sufi şairlərə və ya anonim bir qaynağa aid olduğu da iddia edilir.

 

İnsanlığın itirilmiş mənası

Müasir dövrdə insanlar öz varlığının dəyərini, iç dünyasının dərinliyini unutmuş kimi görünürlər. İnsanlar maddi aləmin içində itib-batır, ruhlarının susqun fəryadlarını eşitmirlər. Halbuki, insan kainatın ən ali varlığıdır. Onun ruhu göylərin əks-sədasıdır, qəlbi Allahın işığını əks etdirən bir aynadır. Amma əgər insan öz mahiyyətini unudarsa, o zaman kainat da onun üçün mənasızlaşar.

Bu gün bir çoxları başqalarını alçaldaraq özlərini yüksəltməyə çalışırlar. İnsan insanı kiçiltməyə çalışır, halbuki, bilmirlər ki, bir insanı alçaltmaq, əslində, bütün insanlığı kiçiltmək deməkdir. Çünki hər bir insanın içində bütün kainatın təcəllisi var. Əgər sən bir insanı dəyərsiz görürsənsə, sən əslində, Allahın yaratdığı ən böyük sirri görməzdən gəlirsən.

 

İçimizdəki kainat

Bəs bu həqiqəti necə dərk etmək olar? İnsan nə zaman anlayır ki, onun daxilində bütün bir kainat gizlidir? Bunun üçün insan daxili səyahətə çıxmalıdır. O, öz qəlbinin dərinliklərinə enməli, orada gizlənmiş sonsuz həqiqəti kəşf etməlidir. Bu, sufizmin “özünü tanı və Rəbbini tanı” fəlsəfəsi ilə üst-üstə düşür.

Hər bir insanın ruhu bir aləmdir. Onun arzuları, duyğuları, xəyalları, ağrıları – bunların hamısı kainatın müxtəlif halətlərinin insan ruhunda təzahürüdür. Bəlkə də, bir insanın göz yaşında göylərin fırtınası, bir qəhqəhəsində baharın sevinc küləyi, bir baxışında sonsuzluğun sükutu gizlidir. Biz bir-birimizi anlamadıqca, bu sirli kainatı da dərk edə bilmərik.

 

Ədalət və insanlığa dəyər vermək

Bu misralar bizə insana hörmət etməyin vacibliyini öyrədir. Hər bir insan ilahi bir sirrin daşıyıcısıdır. Əgər biz bir insanı dəyərsiz görsək, o zaman öz içimizdəki dəyəri də itirərik. İnsanları alçaltmaqla, əslində, özümüzü alçaldırıq, çünki hər bir fərdin içində bütün kainatın əksi var.

Bəlkə də, insanlığı xilas edəcək tək şey budur: hər kəsin qəlbində bir kainat olduğunu qəbul etmək. O zaman nə müharibələr, nə nifrət, nə ədalətsizlik qalar. Çünki kainatı sevən insan, onu məhv etməz. Kainatın bir parçası olduğunu anlayan insan, başqasına zərər verməz.

Bizi xilas edəcək olan insana dəyər verməkdir. Çünki insanlıq qorunduğu yerdə kainat da yerində qalar.

 

 “Ədəbiyyat və incəsənət”

(06.02.2025)                                                     

 

Cümə axşamı, 06 Fevral 2025 13:03

Rəngli kağız gəmilər- PRİTÇA

Конец формы

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

 

İki reyhan şitilinin arasındakı boşluqda yağışdan sonra bir ovucluq gölməçə yaranmışdı.   Günortadan sonra ağacların əhvalını soruşmağa gəlmiş meh gölməçəni dalğalandırmağa ürək eləmirdi.  Çoxdan bilirdi ki, bəzi  düşüncələr təkadamlıqdır... 

Meh bir az zoğal ağacının başına dolandı, yeni-yeni  özünü göstərən  sarı çiçəklərə öz aləmində məsləhət də verdi: 

-Tələsməyin tökülməyə! Etdiyiniz fədakarlığı həyatın qanunu bilir insanlar. 

Sonra  gilas ağacına baş çəkmişdi: 

` -Tumurcuqlarını yarpaqların altında gizlətmə. Əksinə, onların bolluğunu insanlara göstər ki, səni lazımsız bilib kəsməsinlər. 

Yönünü əncir ağacına çevirən meh reyhanların arasındakı balaca gölməçədə əlvanlıq gördü. Yaxınlaşdı. Barmaq boyda üç kağız gəmi  baş-başa vermişdi gölməçənin üzündə; sarı, yaşıl və qırmızı rəngdə idilər. Meh dayandı, onların burada nə gəzdiyini anlamaq istədi. Ha dilləndirsə də, kağız gəmilərdən səs çıxmadı. Handan-hana  gölməçə peşman-peşman  pıçıldadı: 

-Dəymə onlara... Öz dünyasını rəngləndirməyə çalışan bir qadın düzəldib onları.  

-Bəs sən niyə üzgünsən? –meh soruşdu.

-Qadının məni göl bilib kağız gəmilərini qoynuma itələməyi öldürür məni... 

Meh tələsik özünü əncir ağacına çatdırdı, onun iri yarpaqlarının arasında gizləndi.  Yarpaqlar onu eyninə almadı, amma iki yarpağın arasındakı hörümçək toru titrədi. Bu dəfə ölmək sırası mehdə idi-hörümçək toru onu külək bilib qorxmuşdu... 

(2024)

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

 

 

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Saat 3-ü vurur.

Mən təlaşla yuxudan oyandım. Həyatda başıma gələcəyindən qorxduğum şey yuxuda baş vermişdi. Nəfəsim tutuldu. Heç bir yuxu məni bu qədərnarahat etməmişdi. Yerimdə o yan -bu yana çevirərək yatmağa çalışdım. Belə şeyləryuxuda olar, sənin başına gəlməz, dedim, ancaq nə qədər çalışsam da içimdəkiboşluğu doldurmaq mümkün deyildi. Başqa yol yox idi. Bunu dəqiqləşdirmək lazımidi. Bəlkə bu bir işarə idi. Hər yuxum çin olmasa da, gerçəyə çevrilənlər də olurdu.

Bəs bu da onlardan biri olsa...

 

Saat 4-ə yaxınlaşır.

Mən artıq bir saata yaxındır düşünürəm. Düşüncələrim artdıqca cavabsız suallarım da artırdı. Və ürəyimin döyüntüsü daha da şiddətlənirdi. Yerimdən qalxdım. Telefonu əlimə alıb axtarmağa başladım: bir yad isim... yad şəkil... yad söz... yad nömrə...

Heç nə yoxdur...

Bir səs deyir: “Bax, hər şey qaydasındadır, yat, bu yuxudur.” Digər bir səs isə yenə narahatçılıq verir: “Yenə bax, əmin ol,” deyir. İnanmaq istədiyim üçün yenə yatmağa çalışdım. Ürəyim isə rahat durmurdu. Ağrı hiss etməyə başlayırdı. Mən nə qədər çalışsam da, yata bilmirəm. Yenə oyandım, yenə saatıma baxdım.

Saat 5 olurdu.

Sanki bir səs mənə səhər açılmadan gözlərini aç, deyirdi. Və mən təkrar qalxıb telefona yaxınlaşdım. Yenidən axtarmağa başladım. İndi bəzi şeylər bir-birinə zidd görünürdü. Şübhələrim, deyəsən, yanıltmırdı. Mən özümü itirməyə başladım.

Bədənim sözümə baxmırdı. Gah soyuqdan üşüyürdüm, gah da qızdırma içində yandığımı hiss edirdim. Hər şey hiss etdiyim kimi idi. Hisslərim məni aldatmamışdı.

Mən aldanmışdım... Hər şey gün kimi aydın idi. O an hər şeyi biləndə ürəyimdə ağrı hiss etdim. Heç vaxt belə incitməmişdi. Mən heç vaxt belə bir şey yaşamadım. Buna dözə biləcəyimi heç vaxt düşünməzdim. Ancaq acı gerçək var ki, həyat bizi çox zaman heç gözləmədiyimiz, güvəndiyimiz insanlarla sınayır. Və mən də onlardan biri oldum. Bir zamanlar ürəyim onu görəndə necə xoşbəxt hiss edirdisə, bu xoşbəxtlik nə qədər çox olsa belə, incitməzdi, indi isə onu görəndə hiss etdiyim ağrı çoxaldıqca mən ölmədiyimə şükür etdim...Bu ağrını azaltmaq üçün, sanki qəlbimin üstündəki görünməz bir düyməni basıb hər şeyi susdurmağa çalışıram... amma o, həmişə işləməyəndə, xatirələr yenidən səslənir...

Mən həmişə özümü zəif hiss edərdim, bəzi şeylərə dözə bilmərəm, deyərdim, indi isə bu güc məndə... hardandır? Mən necə güclü olmağı bacarıram? Onun gülümsəməsi üçün hər şeyi edən mən, indi göz yaşlarımı belə ona layiq görmürəm.

İndi qadın gücünün nələrə qadir olduğunu daha yaxşı anlayıram. “Mən heç vaxt dözə bilmərəm” dediyim “xəyanət”in indi mənim zəifliyim yox, gücüm olduğunu anladım...

Bu sevgi ilə yoğrulub, nifrəti acıdan bir həyat hekayəsidir...

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.