DÜNYA MEMARLIĞI – Bütün tarixi özündə yaşadan bir bina Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mən İstanbula gedəndə hamı kimi ənənəvi turistik məkanları seçirəm. Aya Sofya məbədi, Soltan Ahmed məscidi, Topqapı, Ekbatan sarayı, Qapalı Çarşı bazarı... Amma bu şəhər başdan-başa sirr və möcüzəylə doludur, onun hər küçəsində, hər tinində mütləq yeni bir gözlənilməzliklə qarşılaşırsan. İndi sizə haqqında danışdığım bina isə həqiqətən də möcüzədir. Özündə bütün tarixləri cəmləşdirib.

İstanbulun Çagaloğlu rayonunda, Alayköşkü küçəsində yerləşən bir bina şəhərin çoxqatlı keçmişini üzə çıxarır. Binanın təməlində, eramızın təxminən II əsrinin sonu və ya III əsrinin əvvəllərində tikilmiş sarnıcın içərisindən qalan Roma sütunları yerləşir.

Onların üzərində, ehtimal ki, IV əsrə aid olan bir Bizans tağbəndi var və bu, şəhərin erkən Roma dövrünü əks etdirir. Daha yuxarıda isə XV əsrə aid Osmanlı dövrünə məxsus daş divar yerləşir ki, bu da şəhərin imperiya dövrünü əks etdirir.

Nəhayət, binanın üst mərtəbələri 1920-ci illərə aid bişmiş kərpicdən hazırlanmışdır və bunlar Türkiyə Cümhuriyyətinin ilk illərini simvolizə edir.

Beləcə, bu bina İstanbulun zəngin tarixini 1800 illik bir zaman xətti ilə nümayiş etdirir, şəhəri bu gün də sivilizasiyaların qovşağı edən mədəniyyət və imperiyaların qarışığını göz önündə canlandırır.

İndi siz deyin, möcüzə deyil, bəs nədir?

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.