İlqar İsmayılzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Zəfər" Media Mükafatı laureatı
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyim növbəti nümayəndə Cəlilabad ədəbi mühitinin ağbirçəyi və mənəvi anası, eyni halda Cəlilabad rayonunun ilk xanım jurnalisti olan şair, yazıçı-publisist Solmaz xanım Məmmədovadır.
Qısa təqdimat:
Məmmədova Solmaz Həsənalı qızı (Solmaz Məmmədova) 11 sentyabr 1950-ci ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun Göytəpə şəhərində dünyaya göz açmışdır. 1957-ci ildə Göytəpə şəhərində orta məktəbə daxil olmuş, 1967-ci ildə həmin məktəbi bitirərək orta təhsil haqqında Attestatını almışdır.
1968-ci ildə sabiq Kirov adına Universitetin (Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil olmuş, 1974-cü ildə ali təhsil haqqında Diplomunu almışdır.
1973-cü ildə Cəlilabad rayonunda çap olunan "Yeni gün" qəzetində jurnalist kimi müxtəlif vəzifələrdə əmək fəaliyyətinə başlamışdır.
1974-cü ildə Ənvər Məmmədovla ailə həyatı qurmuş, onların bu evlilik həyatından 3 övladı (2 qız və 1 oğlan) dünyaya gəlmişdir. Birinci qızı BDU-nin Jurnalistika fakultəsini bitirmiş və Azərbaycan Televiziyasında Uşaq verlişləri redaksiyasında, ikinci qızı tibb üzrə ali təhsil alaraq, Cəlilabad və Bakı şəhərlərində tibb işçisi kimi çalışmışdır. Oğlu Elnur Məmmədli isə xaricdə jurnalistika üzrə ali təhsil alaraq vətənə dönmüş və mediada "Elnur Ənvəroğlu" imzası ilə fəaliyyət göstərir. Hal-hazırda ingilis dilində nəşr edilən "AzerNews" qəzetində baş redaktorun müavini vəzifəsində çalışır. O, mediada araşdırmaçı-jurnalist və siyasi şərhçi kimi tanınır.
Onun həm də 4 əziz nəvəsi var. Məlumat üçün qeyd etmək lazımdır ki, Solmaz xanım Məmmədova Sovetlər dönəmində Cəlilabad rayonu üzrə yeganə qadın jurnalist olub. Bu sahədə onun təxminən yarım əsrə yaxın (46 il) əmək fəaliyyəti vardır.
Solmaz xanımın ədəbiyyat sahəsinə gəlişi orta məktəb illərinə təsadüf edir. Belə ki, onun Göytəpə şəhərində orta məktəbin IX sinifdə oxuyarkən yazdığı ilk şeiri "Taxılçı" qəzetində çap olunmuşdur. 1968-ci ildə yazdığı "Bakı" adlı şeiri isə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görmüşdür. Şeir və poeziyadan əlavə, həm də nəsr janrında müxtəlif mövzularda hekayələr yazmış, qələmə aldığı şeir və hekayələri "Yeni gün", "Münasibət", "525-ci", "Sözün işığı", "Region səs" və digər bu kimi mətbu orqanlarda çap olunmuşdur.
2003-cü ildə Cəlilabad Rayon Qadınlar Şurasının sədri işləmiş, 2 dəfə Respublika Qadınlar Qurultayının iştirakçısı olmuşdur. 2003-cü ildə isə rayon qadınlarının təklif və arzularını nəzərə alaraq həmin qurultayda çıxış etmişdir.
Solmaz xanım "Yeni gün" qəzetində işləyərkən qəzetin nəzdində "Qönçə" Yaradıcı Qadınlar Birliyini təsis edərək onun sədri olmuş, rayonda yaradıcı qadınların axtarışına çıxaraq, onların qələmə aldıqları şeir, hekayə və s. qəzetin 4-cü səhifəsində dərc etmişdir. Əvvəllər SSRİ Jurnalistlər Birliyinin, müstəqillikdən sonra isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İndiyədək Solmaz Məmmədovanın aşağıda göstərilən üç kitabı işıq üzü görmüşdür:
1. "Cəlilabad istedadları";
2. "Zirvəyə doğru gedənlər";
Hər iki kitab onun Cəlilabad rayonunun məktəblərində sahə araşdırmaları nəticəsində ərsəyə gəlmiş Cəlilabaddan olan istedadlı uşaqlar haqqındadır.
3. "Xatırla məni".
2001-ci ildə işıq üzü görmüş bu kitab isə müəllifin ardıcıl zəhmətləri sayəsində Vətənin bütövlüyü, azadlığı və istiqlaliyyəti uğrunda canından keçmiş 90 şəhidin həyatı haqqında məlumatları təqdim edən ilk topludur.
Hal-hazırda şeir və hekayələrdən ibarət olan dördüncü kitabı üzərində çalışır. Həmin kitabda indiyədək qələmə aldığı şeir, poeziya və nəsr nümunələrini toplayaraq oxucularının görüşünə gələcəkdir.
Həyatda "Unutsaq, unudularıq" devizinə sadiq olan Solmaz xanım Məmmədova imkanları daxilində dəyərli və istedadlı insanların, şəhidlər və qazilərin, yaşlılar və unudulan insanların axtarışına çıxmış və bu sahədə böyük uğurlara və səmərəli xidmətə imza atmışdır.
Solmaz xanım öz ictimai və ədəbi fəaliyyəti ilə Cəlilabadın tanınmış ziyalı xanımlarından sayılır. O, həm də həyatda dini dəyərlərə xüsusi əhəmiyyət verən, Tanrıya inanan və bağlı olan dəyərli xanım-xatınlarımızdan biridir...
Bədii ədəbiyyat nümunələri:
Unuda bilmirəm səni
Düşdü xatirələr yadıma yenə,
Baxıram həsrətlə şəkillərinə.
Uşaqtək bağladın məni özünə,
Neyləyim, unuda bilmirəm səni.
Sənsiz ev-eşiyim qalıbdır tənha,
Ümidim heç yoxdur çıxam sabaha.
Vəfa, vəfasızı gördüm bir daha,
Neyləyim, unuda bilmirəm səni.
O uzun gecələr oldu qəfəsim,
Nəfəsim daralır, çıxmayır səsim.
Gəl, xilas et məni, yoxdur bir kəsim,
Neyləyim, unuda bilmirəm səni.
Ayrılıq nə yaman ağır bir yükmüş,
Ümidim hər yerdən əlini çəkmiş.
Qəm məndən əl üzmür, sinəmə çökmüş,
Neyləyim, unuda bilmirəm səni.
Göz yaşım sellənir, silənim yoxdur,
Ürəyim doludur, bilənim yoxdur.
Daha sənin kimi sevənim yoxdur,
Neyləyim, unuda bilmirəm səni.
Kaş ki, məzar daşın özüm olaydım,
Gecəli-gündüzlü sənlə qalaydım.
Burda şırin-şirin mən də uyaydım,
Neyləyim, unuda bilmirəm səni.
Anamın sandığı
Anamın naxışlı sandığı vardı,
Qapağın açanda, tez toplaşardıq
Gəlinə, qızlara cehiz almışdı,
Bir-bir çıxaranda,biz də baxardıq...
Gəlinlər də gəldi, qızlar da köçdü,
Sandıq yavaş-yavaş dolub-boşaldı
Sanki unuduldu, yaman üzüldü,
Üstündə anamın xalçası qaldı...
Yukdən azad etdi evin gəlini,
Sandığı aparıb bir küncə qoydu
Sandıq yaşamışdı neçə ilini,
Bu evdə niyə bəs, gərəksiz oldu...
O ki, sadiq olub ev sahibinə
Qoruyub salamat bağlamaları
Ağır yük qoyulub hələ üstünə,
Saxlayıb çiynində ağırlıqları...
Bir gün gözlərimə heç inanmadım,
Sandıq neçə vaxtdır yox idi evdə
Anamçün darıxdım, yaman ağladım,
Mən onu görəndə, mal pəyəsində...
Qocalıq
Gözləri torlanıb, qulaq eşitmir,
Yerindən durmağa güc də qalmayıb
Gələn bir adamı o, daha seçmir,
Deyirlər bu kişi yaman qocalıb...
Məsləhət alan yox,danışdıran yox,
Tanıyan gizlincə deyir: -"Ay yazıq"
Heç özü də bilmir acdır, yoxsa tox,
Əlində qalmayır bir adi qaşıq...
Nabələd birisi soranda bir söz,
Dərhal yaxınları: -"Boşa ver"-deyir
Dil söz söyləməyir, baxır yalnız göz,
Harda deyilirsə, orda əyləşir...
Nəvə də utanır, gəlin də bezir,
Onun uşaq kimi hərəkətindən
Bəzən paltarını tərsinə geyir,
Ayağı büdrəyir, yıxılır birdən...
Hanı, bu qocanın "bərk gedən vaxtı"?
Həcini gələndə külfət susardı
Yalanla, hay-küylə yox idi saxtı,
Hamı məsləhəti ondan alardı...
Hər kəsə qocalıq "Xoş gəldin"-,deyir,
RƏBBİM hiss etmədən, verdiyin alır
Burda anlayırsan dünya fanidir,
O qıvraq günlərin arxada qalır...
Gəlin, qocaların qədrini bilək,
Etdiyi səhvləri üzə vurmayaq
Qoca olan evdə vardır bərəkət,
Gətirib yuxarı başda oturdaq,
Gətirib yuxarı başda oturdaq…
Son olaraq doğma elimizin tanınmış jurnalisti, yazıçı-publisisti və Cəlilabad ədəbi mühitinin mənəvi anası sayılan Solmaz xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)