Seçmə şeirlər – RƏSUL RZA, “Rənglər” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

“RƏNGLƏR”

Uvertüra

 

Ağ, qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
bir səbəb görən var.
Kim bilir, kim sınamış,
kim bunu ilk dəfə demiş.
Qara – matəm,
qırmızı – bayram,
sarı nifrət rəmzi imiş.
Kim bilir keyfinin nə vaxtında,
kim olmuş rəngləri belə damğalayıb,
belə ayıran.
Qırmızı qan da ola bilər,
bahalı üzük qaşı da.
Qara matəm rəmzi də ola bilər,
məhəbbət rəmzi də,
nifrət rəmzi də.
Ağ gözümüzü nurdan sala bilər,
çiçək-çiçək bəzəyə bilər süfrəmizi də.
Biri yaşıl görür yarpağı,
biri qırmızı.
Ancaq yarpaq öz rəngində qalır.
Yaşıl olur, qızarır, saralır.
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
Qəlbimizə dolur müxtəlif rənglər kimi.
Rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.