Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən düşünürəm. Sadəcə düşünürəm. Hər şeyi, amma heç nəyi. Ağlımda o qədər düşüncə var ki, adına nə desəm, nə qoysam, bilmirəm. Bir şeyi bilməmək yox, özümü bilməmək yorur məni. Nə adını qoya bilirəm, nə də ünvanını tapa.
Nə çox uzaqdasan, nə də yaxında. Bu bir qaçış da deyil, çıxış da. Hər nədirsə, mən adını qoya bilmirəm. Anlamağa çalışıram. Hər şeyi sorğulamaq istəyirəm. Ancaq hər şey düşüncələrimə böyük gəlir.
Bəzən içimdə bir dağ kimi ağırlaşır, bəzən də bir külək kimi yox olur. “Bəzən” ilə başlayan hər şey məni yorur. Çünki nə sabit deyil, nə də dəyişkən. Bu, ortada qalmağa bənzəyir. Hərəsindən bir pay almış kimi. Ən çox ortada qalmaq yorur insanı.
Hər çıxış bir başqa yoldur. Bir yol, bir seçim, bir duyğu, bir düşüncə yoxdur. Hamısı iki və daha çoxdur. Sən isə tək bir nəfərsən. Bir canda min düşüncə, min əzab var. Sən təksən, ruhun isə sanki bir ordudur — hər biri ayrı istiqamətdə. Hər biri bir tərəfə çəkilir. Bir hissə bağlanır, bir hissə qopur. Kimisi dönmək istəyir, kimisi daha çox uzaqlaşmaq. Nə istədiyini nə bilən var, nə də soruşan.
Bəlkə də bu yorğunluq tək olmaqda deyil — çox olmaqdan gəlir…
Yunus Əmrənin də dediyi kimi:
Beni bende demem, bende değilim,
Bir ben vardır bende, benden içeri…
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)