İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
1.Göz yaşımı niyə silmədin
“Ayqılıq” sözünə ağladı göylər,
Yolu dəyişməmiş yolumu azdım.
Şirin olmasaydı sevgi bu qədər,
Ona acı-acı mən ağlamazdım!
B.Vahabzadə
Məhəbbətim üzümə ağladı, ağladım. Göz yaşımı niyə silmədin?
İşığına tələsdiyim, sevincimi axtardığım günlərin yoxluğuna yandım, külə dönə-dönə.
Qəlbimin billur çeşməsi isti göz yaşıyla çağladıqca hərarətli nəfəsin uzaqlaşdı, yadlaşdı...
Çilikləndirdiyim yaddaş pəncərəmdən baxa-baxa axıtdığı sellər hicran baxışlarımı ümmantək dərinləşdirdi...
Təklənib qəribsəyən ürəyim çənli dağa döndü...
Sənsizliyi çəkən könlüm son baharına ağladı, ağladım. Göz yaşımı niyə silmədin?
2.Tənhalıq
İlahi, gecə də, gündüz də bərabərləşir gözümdə tənha qalanda. Gecələr gözlərim dikilir göyə, ulduzlarla həmsöhbət olum deyə. Beləcə qarşlayıram dan üzünü. Səhərimlə salamlayıram dənizimi. Gecələr ən etibarlı həmdəmim olan ulduzların lal sükutunda qorunur kədərim, qəmim. Sirdaşım, dərddaşım olan dənizim sirrimi heç vədə verməz kimsəyə. Mavi ləpələrlə bölüşürəm sevincimi, kədərimi. Dəniz nəğmə oxuyur tənhalıq adında. Yadımda qalan sənin adın və sənli xatirələr. Anıram və bu an ömrümə nur saçılır. Açılır bənizim. Dənizim də, göy üzüm də, ulduzlar da, duyğular da pak, dupduru. Hamımızın arxasında Tanrı durur!
3.Tanrıma sevgim əlçatmazdır, toxunmazdır
Sevgimi, istəyimi qəfil torpağa basdırdım. Bu ağrı, bu acı məni göynətdi, inlətdi. Özüm istəsəm də, istəməsəm də dərdə ərk etdim, sevgimi tərk etdim. Qəfil üzüntü məni diriykən ölü etdi. Getdi həyata ümidim, itdi insanlara inamım. Gümanım çatmadı kimsəyə.
Vəfasız dünyanın vəfasız insanları yordu məni, soldu bənizim. Həzin-həzin göz yaşlarım axdı içimə. Heç kimə söyləyə bilmədiyim dərdim mənim ömür karvanımı sarvansız etdi. Bu karvan nə yol gedə bilir, nə yoldan dönə bilir. Talenin oyunu azdırıb onu. Sonu bilinməyən yollar haçalandqca qarşıya çıxan maneələr nələr-nələr bəxş edər. Bu bəxşişlər naümid yollarda sipərə dönür, sitəmə çevrilir. Mənə qənim kəsilənlər, mehriban düşmənər beləcə saxta sevgiləri ilə ömrümün olan-qalan nəyi varsa qapatdılar, qopartdılar. Təkcə ümid dərgahım Tanrıma sevgim əlçatmazdır, toxunmazdır.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)