Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu gün sizə haqqında danışacağım Fərqli insan həqiqətən də fərqlilərin fərqlisidir. Yapon Tsutomu Yamaquçi (1916- 2010) 1945-ci il avqust ayında ABŞ tərəfindən Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atılmış hər iki atom bombasına tuş gələn və sağ çıxan yeganə şəxs kimi tarixə düşüb.
Məncə bu insan barədə ətraflı danışmağa dəyər.
T. Yamaquçi 1940-cı illərdə Naqasakidə “Mitsubishi” şirkətində texniki rəssam olaraq çalışırdı. İşi ilə əlaqədar Xirosimaya gedən Tsutomu qatardan düşən kimi bomba partlayışının təsirindən özünü itirir:
"Hava gözəl idi. Havada bircə təyyarə vardı. Aşağıya iki paraşüt buraxdı. Enən paraşütlərə baxarkən birdən koredici nəhəng işıq parıldadı, ardından yandırıcı hava dalğasıyla birlikdə gurultu səsi gəldi və ayaqlarım yerdən kəsildi".
Amerika bombardman təyyarəsinin buraxdığı “Balaca Oğlan” atom bombası Xirosimanın 580 metr yüksəkliyində partlamışdı. Yamaquçi davam edir:
"Bütün şəhər yanırdı və səma qaranlıq idi. Xirosima dümdüz olmuşdu. Məhşər günü kimi idi. Hər yerdə uşaqlar vardı. Kimi qaçır, kimi sürünərək irəliləməyə çalışırdı. Saçları yanmışdı, çoxu tamamilə çılpaq idi. Amma heç biri ağlamırdı. Yerdə çoxlu yanmış qadın və kişi vardı. Bəziləri ölmüş, bəziləri ölmək üzrə idi. Amma kimsədən səs belə çıxmırdı. Bunun üçün gücləri yox idi".
Tsutomu gecəni sığınacaqda keçirir, səhər tək qatar xətti ilə avqustun 8-də Naqasakiyə getməyi bacarır. Artıq xilas olduğunu düşünərək, ailəsinə qovuşduğu üçün sevinirdi. Yaralarını müalicə etməyə başlamışdı. Avqustun 9-da üzü sarıqlı işə gedir.
"Müdirim məni çağırıb Xirosimada nələr olduğunu soruşdu. Bir bombanın bütün şəhəri yerlə-yeskan etdiyini söyləyərkən mənə inanmadı. “Ağılını itirmisən”, - deyə, mənə qışqırdığı zaman birdən ətrafı işıq bürüdü. Ofis içindəki hər şeylə birlikdə havaya uçdu. Yıxılanda nə baş verdiyini dərhal anlamışdım. Bu Xirosimada olanla eyni şey idi".
Bu, avqustun 9-da Naqasakiyə atılan və “Gombul” adlanan ikinci atom bombasının partlayışı idi. Özünü ələ alıb evə gedən Tsutomu şüurunu itirmiş halda yoldaşı və 6 aylıq uşağı ilə birlikdə evinin altında qazıb düzəltdiyi sığınacağa yerləşərək orada yatır. Yalnız avqustun 15-də hökumət qüvvələri tərəfindən xilas edilir. İkinci atom bombasından sonra Tsutomunun bir qulağı kar olur. Həyat yoldaşı və övladı isə radiasiya təsirindən xərçəng xəstəliyinə tutularaq bu xəstəliyin əzabları içində ömür boyu yaşamağa məhkum olurlar.
"Hamı mənə deyir ki, bəxtəvər adamsan ki, o bəladan sağ çıxmısan. Amma heç kəs başa düşmək istəmir ki, bunu yaşadığım və bunun nə demək olduğunu öz üzərimdə hiss etdiyim üçün bəlkə də dünyanın ən bədbəxt adamıyam", - deyə Yamaquçi bildirir. Yapon hökuməti Tsutomu Yamaquçini Nidzyuxi-bakusya, yəni ikiqat nüvə bombasının qurbanı kimi hər iki hücumdan sonra sağ qalan yeganə şəxs kimi qəbul edib.
Tsutomu Yamaquçi 2010-cu ildə isə 93 yaşlı mədə xərçəngindən vəfat edib.
Bax belə bir qəribə əhvalat.
İki şəhərə atom bombası atılır. Və tale səni məhz həmin o bomba atılan saatlarda hər iki şəhərə təhkim edir. Təhkim edir ki, o dəhşətləri görüb canlı şahid kimi bunu növbəti nəsillərə danışasan.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)