ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İbrahim Aybarsın şeirləri təqdim edilir. 

 

 

Titanik, bəlkə də 

batar içində... 

 

Bir ürək bu qədər kövrələcəksə, 

Sirrini dil niyə tutar içində? 

Əzmlə sahilə üzən insanın 

Titanik, bəlkə də batar içində... 

 

Dərd-qəm sizlərə gəlməsin şirin, 

Şirinsə, dərdimin götürün birin.

Bu coşqun adamı gecə dindirin,

Əsrin yorğunluğu yatar içində... 

 

Köhnələn oyunlar və köhnə hamam, 

Qəlbləri daşdandır, qayadandır tam. 

Həyatda arzuya çatmayan adam

Asılmış bir dara çatar içində. 

 

 

Yıxılar, gülüm

 

Unutmaz Tanrı heç olub-keçəni, 

Hər şeyə məhşərdə baxılar, gülüm. 

Bir özgə üzüyə küsər əllərin, 

Vaxt gələr, barmağın sıxılar, gülüm!

 

Axı çox gözəldi sənin gülüşün, 

Axı məhv elədi məni gedişin.

Axı həsrətini çəkdim keçmişin, 

Çıxar axırımıza "axı"lar, gülüm.

 

Məni sən ovutdun, səni seanslar,

Pozulub həyatda olan balanslar.

Taleyin hökmüylə bütün bu şanslar

Bizim üzümüzə çaxılar, gülüm!

 

Bu zaman oxundan geriyə baxsaq, 

Sevgimiz olmazdı bu cürə axsaq.

Bir illik həsrətin əlin buraxsaq 

Böyüməz, böyüməz yıxılar, gülüm!

 

 

Gözlədim mən səni...

 

Gözlədim mən səni, harda qalmısan?

Gözlərim yol çəkir, şəkil əvəzi.

Gözlədim mən səni, harda qalmısan?

Yoruldu qəmlərdən sınıq tərəzi...

 

Gözlədim mən səni, harda qalmısan? 

Doğmatək girmişdim bəs ürəyinə?!

Gün gələr, torpaqla doğmalaşaram

Torpaq qucaqlayar sənin yerinə.

Gözlədim mən səni, harda qalmısan?

Həsrətin gör məni nə hala salıb.

O günəş gözlərin uzaqlaşandan 

Günün gündüzündə günüm qaralıb.

 

Gözlədim mən səni, harda qalmısan?

Gözləmək yerinə, kaş getməyəydi.

Kabuslu yuxudan oyanan zaman 

Dərdimi başqası eşitməyəydi...

 

 

Mən uşaq olanda

 

Mən uşaq olanda belə deyildi, 

Heç nə bilmirdim, amma xoş idi. 

Nə qədər qəlbi boş bədən gəzirmiş, 

Onda "kukruz"ların içi boş idi... 

 

Mən uşaq olanda belə deyildi, 

Yaramı öpərdi, anam keçərdi.

Böyüdük, ölümlü həyatı gördük, 

Onda oyuncağın daşı ölərdi.

 

Mən uşaq olanda belə deyildi, 

Zaman da sovrulub tez keçməz idi.

Mən belə anladım, onda əcəl də 

Bizdən can almağa tələsməz idi.

 

Mən uşaq olanda, uşaq olanda 

İstərdim böyüyüm bir an içində.

Və tapdım özümü zaman köçündə...

 

Öyrəndim dərdimi gizli tutmağı, 

Öyrəndim şad günü mən unutmağı.

 

Böyüyün göz yaşı böyük olarmış, 

Böyüklük gizlicə ağlamaq imiş. 

Uşaqlıq həsrəti, öz uşağında 

Axtarmaq, qoxlamaq, aramaq imiş... 

 

 

Yıxanım oldun

 

Gedirəm mən daha çox uzaqlara,

Qismətdən, taledən, bəxtdən uzağa. 

Gedirəm, düşünmə səndən uzağa, 

Sən mənim ən uzağ yaxınım oldun.

 

Fərhad, ya Şirintək işim yox ünlə,

Gedibsən, özünü apar özünlə.

Mən sənə "yaxınım" desəm də fəqət, 

Sən acı sözünlə yıxanım oldun. 

 

Bülbül intizarla nə deyir mənə?

Sevgini duymayan kəs gülür mənə. 

Bəlkə də, çox idi xoş ömür mənə, 

Ömrümü axıra çıxanım oldun.

 

 

*

Poladtək sınmayan dilək əridi,

Havanın nə şıltaq, dəcəl fəslidi.

Mindiyin qatarın yolu bəllidi,

Vaqonun içində geri gəzirsən...

 

Sevgidə kim uddu, kimsə uduzdu,

Yırtıcı bir hicran qəlbimə cumdu.

Tutaq ki, lap mənə acığın tutdu,

Yazdığım məktubu niyə əzirsən?

 

Könüldə olan yük qalxmaz əlimlə 

Həyatı maraqlı etmisən kimlə?! 

Sən uşaq deyilsən, axı mənimlə 

Oynayıb-oynayıb niyə bezirsən?..

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

“Teatr ağır sahədir və adamdan zəhmət tələb edir. Aktyorların səhnədə harada səhv etdiyini yalnız özləri və həmkarları bilirlər. Tamaşaçı bunu hiss etmir. Kinodan fərqli olaraq teatrda elədir ki, aktyor axırıncı cərgədə oturan tamaşaçıya da öz hislərini çatdırmağı bacarmalıdır. Ancaq kinoda bütün bu işləri kamera görür. Bu da aktyora daha çox rahatlıq gətirir və işlərini asanlaşdırır. Əslində mən teatr aktyoruyam, ancaq kinoda da az çəkilməmişəm...”

 

Bu sözlər, haqqında söhbət açmaq istədiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüqar Məmmədəliyevə məxsusdur. O, 23 fevral 1975-ci ildə Sumqayıt Şəhərində dünyaya gəlib. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Gənclər Teatrının, 1999–2000-ci illərdə isə "İlham" Miniatür teatrının aktyoru olub. 2006-cı ildən Bakı Kamera Teatrının, 2009-cu ildən isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur...

 

Deyir ki:- “Hələ orta məktəbdə oxuyarkən aktyor olmaq istəyirdim. Ümumiyyətlə, incəsənət həmişə mənə maraqlı olub. Bir zamanlar Sumqayıt Teatrı bütün Azərbaycana səs salmışdı. Rəhmətlik Rövşən Almuradlının hazırladığı “Dəyirman” tamaşasındakı dörd balaca uşaqdan biri mən olmuşam. Elə həmin tamaşadan da başlamışam səhnədə rol ifa etməyə. Onda çox kiçik idim. Və heç vaxt danmıram, mənim üzərimdə Təranə Mahmudovanın zəhməti çox böyük olub. Məni İncəsənət Universitetinə o xanım hazırlaşdırıb. Orta məktəbi bitirən il bir bal çatmadığı üçün, ali məktəbə qəbul ola bilmədim. Heç atam da istəmirdi ki, mən İncəsənət Universitetinə sənəd verim. Amma qərarım qəti idi. Nəhayət növbəti il İncəsənət Universitetinin tələbəsi oldum...”

 

Dərin emosional quruluşa, optimist bir təbiətə malikdir, çox güclü hissləri var. Adamlarla münasibətdə səbirli, mərhəmətli və diqqətlidir. Həmsöhbəti danışarkən, onu saatlarla dinləməyi bacarır. Amma kiminsə əziyyət çəkməsinə dözümsüzdür, kömək etmək üçün əlindən gələni əsirgəməməyə hazırdır. Yüksək mənəviyyatı, sədaqəti onu həmişə insanlara sevdirə bilib və sevdirir də...

 

“Ali məktəbi bitirəndən sonra Əkrəm Əylislinin “Yazığam, sevmə məni” adlı əsəri əsasında tamaşa hazırlanırdı. Orda mənə parlaq görünən bir rol verildi. Ondan sonra rəhmətlik Hüseynağa müəllim mütəmadi olaraq mənə tamaşalarda öndə olan rol verirdi. Görünür, rəhmətliyin etimadın doğrultmuşdum. Doğrudur, heç zaman baş rol oynamağa can atmamışam. Teatrda elə aktyorlar var ki, baş rol ifa etməkdən ötrü az qalır özlərin öldürsünlər. Bir aktyor kimi mən həmişə belə düşünürəm ki, rol kiçik də ola bilər. Yetər ki, həmin rol yaxşı rol olsun. Xarakterik rolları çox sevirəm.”- söyləyir...

 

İnanılmaz dərəcədə romantik və sevgi dolu adamdır. Eyni zamanda, çox güclü intuisiyaya malikdir, xəyal qurmağı, macəraları, romantikanı xoşlayır. Səxavətinə söz ola bilməz, son tikəsini bölməyə hazırdır. Yaxşı bilir ki, insan bölüşə-bölüşə xoşbəxt olur...

 

Deyir ki:- “Bəzən aktyoru kinoya dəvət edəndə, aktyor umduğu qonararı söyləyir və hərə bir tərəfdən deyir ki, sən heç teatrda bu qədər maaş almırsan. Niyə yüksək qonarar istəyirsən? Mən həmişə bu məsələdə aqressiv oluram. Adama deyərlər ki, bəlkə mən teatrda bir tikə çörəyə çalışmalıyam? Məni aktyor kimi rola dəvət etmisən, mən də öz qonarar qiymətimi deyirəm. Sənə uyğundur razılaş, uyğun deyilsə “yox” de.”

 

Teatrda otuza yaxın obraz yaradıb, ona yaxın filmdə isə müxtəlif rolları canlandırıb. Onun oynadığı filmlərdən “Yanmış körpülər”, “Aşiqlər”, “Qardaşımdan yaxşısı yox idi”, “Səhərə inan”, “Bir ovuc torpaq”, “Ömür elə qısadır ki...”, “Oğlan evi” kimi filmləri nümunə göstərmək olar... 

 

Ötən gün - fevralın 23-ü Vüqar Məmmədəliyevin 50 yaşı tamam oldu. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Çox səhvim ola bilər, amma əsla ilk səhv məndə olmayıb.

Bəzən insanın səhvləri külək kimi dalğa-dalğa üzərinə gəlir. Birini düzəltmək istədikcə digəri peyda olur. Sanki özünü müdafiə etməyə çalışdıqca daha çox günahkar çıxırsan. Amma bir həqiqət var: hər səhvin bir başlanğıcı var, bir qığılcımı, bir səbəbi… Və mən heç vaxt o ilk qığılcımı yandıran olmamışam.

 

Mənim günahım, bəlkə də, həddindən artıq inam olub. Mənim səhvim, bəlkə də, hər kəsi özümdəki kimi bilmək olub. Heç kimə qarşı pis niyyətim olmayıb, amma bəziləri bunu zəiflik sanıb, verdiklərimi götürüb getməyi seçib.

 Mən yanlış hərəkət edə bilərəm, amma heç vaxt ilk addımı səhv atmamışam. Mən insanları itirmiş ola bilərəm, amma heç vaxt ilk atan olmamışam. Mən susqunluq qarşısında susmamış, xəyanət qarşısında göz yummamış, biganəliyə biganəliklə cavab vermişəm. İnsanlar bunu səhv sayırsa, deməli, mən elə səhv olaraq qalmağa hazıram.

Çünki mən heç vaxt bir sevginin sonunu gətirən olmamışam. Amma bitmiş bir sevgidə qalacaq qədər də aciz deyiləm. Mən heç vaxt bir inamı sarsıdan olmamışam, amma sarsılan bir inamı da yalandan qorumaq istəməmişəm. Mən heç vaxt ilk səhv etməmişəm, amma səhvlərin məni dəyişdirdiyini inkar edə bilmərəm.

Bəzən insanlar səni incidər, sonra da səni günahkar çıxararlar. Sanki onlar heç nə etməmiş, sən isə hər şeyi pozmuşsan. Amma mən bilirəm: hər səhvin kökündə bir başlanğıc var. Mən isə heç vaxt o başlanğıc olmamışam.

Bəlkə də kimlər üçünsə bu sadəcə bir bəhanədir. Amma mənim üçün bir prinsipdir: Kiməsə ilk zərbəni vurmaram, amma vurulan zərbəni cavabsız da qoymaram.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Bazar ertəsi, 24 Fevral 2025 16:03

MİLLİ KİNOMUZ - Tariximizin zirvəsi “Babək”

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Ta əzəldən həm millət,  həm də dövlət olaraq azadlığımız uğrunda canını, qanını fəda edənlərin xatirəsini hər zaman uca tutmuşuq. Bu gün haqqında danışacağım film də məhz bu qəhrəmanlardan biri olan Babəkdən bəhs edən “Babək”  filmi haqqındadır.

 

Film 1979-cu  ildə  rejissor Eldar Quliyev tərəfindən çəkilib.  Hər zaman millətini, dövlətini sevən və onlara sadiq olan Babək ərəblərin əhaliyə qarşı tutduğu divanı və etdikləri vəhşiliyi görür və buna səssiz qalmayaraq dağlara çəkilir, onlara qarşı mübarizə aparmaq üçün ordu toplayır. Onu da qeyd edim ki, Naxçıvanda baş tutan çəkilişlər zamanı aktyor azlığına görə çəkilişlərin axsadığı barədə məlumat alan Heydər Əliyevin tapşırığı ilə o dönəm üzüm yığımı ilə məşğul olan Naxçıvan əhalisinin də filmin çəkilişlərində “massovka” adlanan kütləvi səhnələrdə iştirak etməsi təmin edilir. Beləcə filmin çəkilişi baş tutur və çox uğurlu şəkildə də alınır. Film müharibə janrı üzərində çəkilmişdir.  İlk vaxtlarında hamı kimi zərdüşt olaraq oda sitayiş edən Babək əhalinin başına gətirilənləri gördükdən sonra xalqına qənim kəsilənlərə qarşı mübarizəyə qalxır.  

Hətta filmdən bir neçə səhnənin çıxarıldığı da bildirilirdi. Məsələn,  Babəkin əslən erməni olan Səhl İbn Sumbat tərəfindən satıldığı səhnə Moskvanın təkidi ilə çıxarılmışdır. Səbəb isə iki millət arasında problem yaranmaması idi.  

Sonda Babək ərəblər tərəfindən ələ keçirilir və ərəblərin başçısı Əbu İmranın əmri ilə vəhşicəsinə edam edilir.

 Babəkin son sözləri isə hər zaman qulaqlarımızdadır: “Mən hər zaman səninləyəm, Azərbaycanım”.  

 

“Ədəbiyyat və İncəsənət” 

(24.02.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizə doğum günü olan növbəti Milli Qəhrəman barədə söhbət açmaq istəyirəm.

Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov barədə.

 

O, 24 fevral 1963-cü ildə dünyaya göz göz açmışdır. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və taqım komandirinin müavini təyin edilmişdir.

1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən ona leytenant hərbi rütbəsi verilmişdir.

11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqan Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.

1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi" medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandir təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. 

Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.

Həmin dönəmdə gün-gündən mətinləşən, yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yeni alay yaranması məsləhət görmüşdür. Həmin alayın ilk komandiri Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Hüseynov Əfqan Qaraxan oğlu təyin edilmişdir. Yeni təyin olunmuş təcrübəli komandir Milli Qvardiyanın rəhbərliyinin köməyi və özünün təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını və təlimini qısa bir vaxt ərzində lazımı səviyyəyə çatdırmışdır.

Qubadlı, Laçın bölgələrində acınacaqlı vəziyyət yaranmışdı. Dişinə qədər silahlanmış ermənilər daim təhlükə yaradırdılar. 186 saylı sərəncamı ilə 26 oktyabr 1992-ci il tarixində alayın şəxsi heyəti, başda alay komandiri mayor Hüseynov olmaqla həmin bölgələrə göndərilmişdir. 

 

Bu döyüşdə alay komandiri mayor Hüseynov xüsusi fədakarlıq göstərmişdir. Bacarıqlı, igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmışdır. Lakin özü 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı başına dəyən düşmən gülləsindən əbədi olaraq gözlərini yummuşdur.

Onun bu itkisi Milli Qvardiyanın zabit və əsgərlərini çox məyus etsə də, sonrakı döyüşlərdə onlar Əfqanın intiqamını almaq arzusu ilə ağır döyüşlərə girmiş, belə döyüşlərdə itkilər versələr də şərəflə çıxmışdılar.

Əfqan Hüseynovun bir qız övladı yadigar qalmışdır.

Allah qəhrəmanımıza rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Bazar ertəsi, 24 Fevral 2025 13:29

Nədir mədəniyyət? - BİLGİLƏR

Rəqsanə Babayeva, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “ Gənclik” xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Mədəniyyət bir cəmiyyəti digər cəmiyyətlərdən fərqli edən, keçmişdən bəri dəyişməyə davam edən, özünəməxsus sənəti, inancları, adət-ənənələri, anlayışı və davranışı ilə onun kimliyini formalaşdıran yaşayış və düşüncə tərzidir.

Xalqın maddi və mənəvi dəyərlərinin məcmusuna mədəniyyət deyilir.

 

Tarixi-ictimai inkişaf prosesində yaranmış bütün maddi və mənəvi dəyərlərin, onların yaradılması və sonrakı nəsillərə ötürülməsi üçün istifadə olunan vasitələrin məcmusu insanın öz təbii və sosial mühiti üzərində hökmranlığının miqyasını göstərir. Və insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir.

"Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture"- "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa - maarifçilik, bilik, adət-ənənə kimi sözlər kimi tanınmağa başladı.

Mədəniyyət (cultura) sözü ilk olaraq Qədim Romada təcəssüm etmişdir. Bu sözün ilk mənası torpaqşünaslıq və bitkiçilik anlamına gəlmişdir. Bu söz zamanla dəyişərək insanın əxlaqı, tərbiyəsi örnək yaşam tərzi mənasında işlədilməyə başlamışdır. Tarixdə Maarifçilik əsri kimi tanınmış XVIII əsrdə mədəniyyət anlayışı ancaq mənəvi mədəniyyət statusunda işlədilmişdir. “Cultura” termini geniş mənalar kəsb etməyə başladı. Buraya bilikli, tərbiyyəli, düşüncəli, xoş ünsiyyətli, başqalarına qarşı hörmətli, xalqın tarixi, dili, dini, adət-ənənəsi, elmi, ədəbiyyat və incəsənəti daxil idi. Mənəvi dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydaları, dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamış və davam etməkdədir. 

Bugünkü günümüzdə mədəniyyət maddi və mənəvi mədəniyyət olaraq tanımlanır.  Maddi mədəniyyətə tarixi abidələr, kitablar və s... kimi anlayışlar, mənəvi mədəniyyətə isə incəsənət, ədəbiyyat, adət- ənənə və s... anlayışlar  daxildir. 

İncəsənət, teatr, musiqi mənəvi mədəniyyət nümünəsi olub insanlara xoş duyğuları aşılamağla yanaşı nəsildən – nəsilə ötrülərək yaşadılır. İnsan hansı mədəni mühitdə doğulub yaşayırsa  o mühitin mədəniyyəti ilə  mədəniyyətə xas davranış nümunələri və düşüncə sistemi, dolayısıyla şəxsiyyət əldə edir.

Mədəniyyətin əhəmiyyəti nədir?

Mədəniyyəti xarakterizə edən ortaq dəyərlər, adət-ənənələr və tarixlər insanın düşüncə tərzini, hərəkətlərini və dünyaya baxışını formalaşdırır. Ortaq mədəni irs qrupun üzvlərini birləşdirir və cəmiyyətdə qəbul və aidiyyət hissi yaradır.

Hər bir xalqın özünəməxsus mədəniyyəti vardır. Bu mədəniyyəti yaşatmaq, nəsildən- nəsilə ötürmək onun hər bir fərdinin mənəvi borcudur. Çunki mədəniyyəti yaşayan, var olan xalq daim var olacaqdır!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Bazar ertəsi, 24 Fevral 2025 14:00

SUMQAYIT SƏHNƏSİndə Turqut Özakmanın "Ocağ"ı

Fərhad  Dost, “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıt Dövlət Dram Teatrında türkiyəli yazıçı Turqut Özakmanın "Ocaq" psixoloji dramının səhnə təcəssümünə tamaşa etmək üçün şəhərin mədəni elitası toplaşmışdı.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

                          

 

Tamaşanın sujet xətti, personajlar və onların xarakteristikası, dramatik yükü və tamaşaçıya təsiri.

 

Tamaşa tamaşaçılara sosial-iqtisadi çətinliklər içində mübarizə aparan yoxsul  Türk ailənin hekayəsini təqdim edir. Ailə dörd uşaqdan, ana,  ata və nənədən ibarətdir. Və ailənin hər üzvü yoxsulluq, xəyallar, ümidsizlik və birlik anlayışları arasında sıxışıb qalıblar. Əsər ailənin birliyi və yoxsulluqla mübarizəsini göstərməklə yanaşı, nəsillərarası konfliktlərə və dəyişən cəmiyyətin yaratdığı problemlərə işıq tutur. Hər bir personaj fərqli dünyagörüşünə sahibdir, malikdir  və bu da dramın əsas dinamikasını yaradır. “Ocaq”  pyesi ailənin yaşadığı dramı tamaşaçının gözləri önündə canlandıraraq, onları dərin bir emosional səyahətə çıxarır. Əsərin əsas mesajlarından biri də odur ki, ailə çətinliklərə baxmayaraq, bir ocaq ətrafında birləşməlidir. Əsərin əsas gücü, tamaşaçını ailənin içindəki çətinlikləri hiss etməyə vadar etməsi və sevgi ilə fədakarlığın birləşdirici gücünü vurğulamasıdır. Turqut Özakman “Ocaq”  pyesi vasitəsilə tamaşaçını yalnız bir ailənin yoxsulluq və mübarizə dolu həyatına aparmır, həm də ailə bağlarının, sevginin və fədakarlığın insanı birləşdirən gücünü vurğulayır. Tamaşaçı bu emosional səyahət boyunca kədər, ümid, sevgi və  acizlik arasında gedib-gəlir, lakin sonda ailənin birlikdə qalmasının əsl dəyərini anlayır.

 

Personajlar və onların xarakteristikası

 

Evin atası Tarık (Əməkdar artist Rauf Ağakişiyev) obrazı, ailənin bütövlüyünü qorumaq və ailə üzvləri arasındakı birliyi təmin etmək məqsədilə mübarizə aparan bir  ata modelini əks etdirir. Xarakterin təqdimatında, onun məsum ifadələri və çətinliklər qarşısında yaşadığı çarəsizlik hissinə baxmayaraq, ümidini itirməməsi xüsusi  vurğulanır.  Aktyorun interpretasiyası, atanın psixoloji və emosional dinamikasını ustalıqla ifadə etməklə, tamaşaçıya xarakterin daxili dünyasını dərindən anlama imkanı yaradır.

Evin anası Səfiyyə  (Əməkdar artist Xatirə Süleymanova)  obrazı, ailənin əsas dayağı kimi mühüm funksiyanı yerinə yetirən və müxtəlif  sosial-psixoloji yükü daşıyan bir xarakter kimi təqdim olunur. O, təkcə övladlarının deyil, həmçinin anasının və həyat yoldaşının emosional vəziyyətini tənzimləmək və ailədaxili balansı qorumaq vəzifəsini icra  edir. Tamaşa boyu onun əhval-ruhiyyəsində hər hansı bir dəyişiklik müşahidə edilmir, bu da xarakterin iradəli və prinsipial mövqeyini vurğulayır. Safiyyə, bir tərəfdən həyat yoldaşının inancına tamamilə sahib olmasa da, onu dəstəkləməyə davam edir, digər tərəfdən isə övladları arasındakı münaqişələri idarə edərək, ailə içində harmoniya yaratmağa çalışır. Bundan əlavə, yaşlı anasının xəstəliyi və qızının yaşadığı emosional çətinliklər fonunda, obrazın situativ analiz qabiliyyəti və hadisələrə münasibəti məntiqli və adekvat şəkildə təqdim edilir.

Əməkdar artist Cəlal Məmmədov tamaşada evin böyük oğlu Nihat obrazını canlandırır. Nihatın xarakteri, məsuliyyətsiz, sərbəst həyat tərzinə üstünlük verən, avara və xəyalpərəst bir fərd kimi qurulmuşdur. Onun obrazı klassik Romeo tipajına yaxın olmaqla, tamaşada dinamik və emosional kontrast yaradır. Aktyorun ifası, zarafatları, canlı intonasiyaları və səs tonu ilə obrazın xarakterik xüsusiyyətlərini vurğulayır. Həmçinin, ağır psixoloji yüklü səhnələrə qatdığı yüngül və təbii oyun tərzi tamaşanın ritmini balanslaşdırır və tamaşaçılar üçün emosional rahatlıq yaradır.

Səhnə əsərində atası ilə birgə ailənin dolanışığını təmin etməyə çalışan Fazil obrazı, aktyor Oktay Mehdiyev tərəfindən yüksək ustalıqla təqdim edilmişdir.  Fazıl obrazı realizm və xəyalpərəstlik arasında tarazlıq saxlayan, ailə üzvlərinin maddi və mənəvi rifahını təmin etmək üçün fədakarlıq edən bir şəxs kimi xarakterizə olunur. O, qardaşına cib xərcliyi verəcək qədər məsuliyyətli olmaqla yanaşı, ailədaxili gərginlikləri öz daxilində yaşayan, emosional baxımdan çətinlik çəkən və bu səbəbdən də hər an gərgin vəziyyətə düşə biləcək bir obrazdır. Aktyor bu xarakterin daxili dünyasını dərindən təhlil edərək, onun psixoloji vəziyyətini tamaşaçılara obyektiv şəkildə çatdırmağa nail olmuşdur.

Aktyor sənətində obrazın tamaşaçıya təbii və inandırıcı şəkildə təqdim edilməsi mühüm rol oynayır. Xüsusilə fiziki məhdudiyyətləri olan obrazları ifa etmək aktyor üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, tamaşada Sevda obrazını canlandıran Şəhla Məmmədova öz rolunu yüksək peşəkarlıqla icra edirdi. O, tamaşa boyu fiziki vəziyyətini daim nəzarətdə saxlayaraq, obrazın təbii davranışlarını ustalıqla nümayiş etdirirdir. Bu personajın hissi keçidləri – tamaşanın əvvəlindəki pozitiv əhval-ruhiyyədən finaldakı ümidsizlik və peşmançılığa qədər olan duyğular, aktrisa  tərəfindən yüksək inandırıcılıqla çatdırılırdı.

Ailənin kiçik oğlu, tələbə Özcan obrazında Şəmistan Süleymanlının  ifası xarakterin özünəməxsus xüsusiyyətlərini vurğulamaq baxımından diqqətəlayiqdir. Özcan obrazı, sosial və iqtisadi reallıqlara uyğun şəkildə, dominant qüvvələrin təsiri altında mövqeyini müəyyən edən bir gənc kimi təqdim edilir. O, həyatdakı mövqeyini dəyişən şəraitə uyğunlaşdıran və bu yolla varlığını qorumağa çalışan tipik bir tələbə xarakterini əks etdirir. Aktyor bu xarakterin psixoloji motivasiyalarını uğurla mənimsəmiş və tamaşaçılara dolğun şəkildə təqdim edirdi.

Nənə (Əməkdar artist Fəranə Musayeva) obrazı yaşlılıq bunaması əlamətlərini özündə əks etdirən bir şəxsiyyət kimi təqdim edilir. Aktyorun ifasında yaşlı insana xas olan nitq intonasiyası və səslənmə tonu davamlı olaraq qorunmuş, bu da tamaşanın realizmini artırırdı. Xüsusilə diqqət çəkən məqam odur ki, aktisa səhnədə uzun müddət eyni vəziyyətdə qalaraq, hər hansı qeyri-iradi hərəkətlər etmədən obrazın psixoloji və fiziki vəziyyətini qoruyub saxlamağa nail olmuşdur. Onun minimal fiziki hərəkətlərlə xarakterin daxili aləmini ifadə etməsi, peşəkar teatr ifaçılığında yüksək səviyyəli ustalıq nümunəsi kimi qiymətləndirilə bilər. Obrazın bədən dili və fiziki jestləri də mükəmməl şəkildə aktrisa tərəfindən idarə olunmuşdur. Aktrisanın hərəkət etmədiyi vəziyyətlərdə belə, səhnə plastikasını qoruması və personajın yaşı ilə uyğun olan fiziki məhdudiyyətləri (məsələn, belin əyilməsi, addımlardakı çətinliklər) ardıcıl olaraq nümayiş etdirməsi xarakterin inandırıcılığını artırmışdır. Bu yanaşma tamaşaçılara obrazın gerçəkçiliyini hiss etdirmiş və onun psixoloji vəziyyətini daha aydın başa düşməyə imkan yaradırdı. Əməkdar artist Fəranə Musayevanın ifası, teatr sənətində realist ifa üslubunun ən mühüm göstəricilərindən biri olan xarakterin ardıcıl və təsirli təqdimatına nail olunduğunu nümayiş etdirmişdir. Bu baxımdan aktrisanın performansı yüksək dəyərləndirilməli və peşəkar teatr ifaçılığında uğurlu nümunə kimi qeyd olunmalıdır.

Beləliklə, tamaşa iştirakçılarının hər biri öz obrazlarını yüksək səviyyədə canlandıraraq, tamaşanın uğurlu alınmasına töhfə verdilər. Aktyorların hərəkətləri, mimikası və bədən dili onların oynadıqları personajların xarakterik xüsusiyyətlərini dəqiq çatdırmağa imkan yaradırdı.

 

Tamaşanın dramatik yükü və tamaşaçıya təsiri

 

Əsər, sadə yoxsul ailənin gündəlik mübarizəsini və yoxsulluğun onların münasibətlərinə necə təsir etdiyini realist şəkildə təqdim edir.Tamaşaçı bu çətinliklərin içində öz ailəsindən və ya tanış olduğu insanlardan izlər tapa bilər, bu da əsəri daha təsirli edir. Ana və atanın övladları üçün çəkdiyi əziyyətlər, sevginin fədakarlıqla birləşdiyi anları ortaya qoyur. Böyük uşaq ailəni tərk edib getmək istəyir, amma ata və ana üçün bu,  “ocağın sönməsi” deməkdir. Bu nöqtədə sevgi ilə gələcəyin axtarışı arasında böyük bir konflikt yaranır. Evin tək qızı sevdiyi oğlan ilə qoşulub qaçsa da aylar sonra təkrar ata evinə qayitmaq məcburiyyətində qalır. Getdiyi yerdə də xoşbəxtçiliyi tapmayan Sevda, bir zamanlar bədbəxt yuvası olaraq gördüyü ocağa təkrar geri dönür. Nənə, keçmişin və ailə dəyərlərinin qoruyucusu kimi ənənəvi ailə bağlarının gücünü xatırladır. Tamaşaçılar bu ailənin yaşadığı emosional sınaqlara şahid olduqca, öz həyatları ilə paralellər qurmağa başlayırlar. Ailədəki münaqişələr universal bir mövzu olduğundan, pyes hər kəsin qəlbinin sarı siminə toxuna bilən gücə malikdir. Çətinliklərə baxmayaraq, ailənin bir yerdə qalması və ocağın sönməməsi üçün göstərilən fədakarlıqlar ümid mesajını gücləndirir.  Əsərin sonunda ailənin birliyi qorunur və tamaşaçıya müsbət və təsirli bir nəticə verir.

Bəli. Mən qətiyyətlə deyə bilərəm ki, “Ocaq” tamaşası Sumqayıt Dövlət Dram Teatrının ən yaxşı tamaşalarından biridir. Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmov tərəfindən də yüksək peşəkar səviyyədə qurlub. Onun tərəfindən verilən  mizanlar özləri tamaşaçı ilə danışır. Buna görə də tamaşanı daha baxımlı edir. Bu tamaşanı təkcə Sumqayıt  tamaşaçılarına  yox, məmləkətin və xarici ölklərin tamaşaçılarına da göstərmək olar və inanıram ki, onlar tərəfindən də çox maraqla qarşılanar.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Bütün ölkə ağ yorğana bürünüb. Eləcə də, bizim Ağdam rayonu. Qarlı bazar günü – 23 fevral barədə reportaj hazırlamaq istədim. Bir neçə foto çəkdim kameramla. Amma sözlər nədirsə şeirlə gəldi.

Bəzən hisslərimiz yalnız şeirlə ifadə olunur.

Kədərli bir şeir yarandı. Amma bu, insanın fərdi kədəri deyil, ümumbəşəri kədərdir.

 

Doğmalar içində bir yadam mən.

Sanki yaddan çıxıb, unudulub

xatirə dəftərinin vərəqləri arasında

qurumuş gül ləçəkləri…

 

Dərdlərimi çətir etdim başıma.

döyəcləyir yaz yağışı.

Öz əlimlə ağı qatdım aşıma.

Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.

 

Yaralı budaqlar sərilib yerə,

Əlimdə ağlayır nar çiçəkləri…

Dua etdim üflədim ovuclarıma.

Uça bilmədi…

Arzularım, istəklərim, diləklərim

qanadları islanmış may böcəkləri…

 

Qar yağır varlığıma.

Ruhumda fırtınalar, tufanlar

İçimdə şaxta, sazaq.

Ürəyim buz bağlamış bir qaya.

Boynubükük ümidlərim günəşə boylanan

qar çiçəkləri…

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)                                

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Hər bir kəsin öz uğur hədəfi var. Amma bu uğur hədəflərinin əksəriyyəti yaxşı maddi təminatı olan güzəran qurmağa hesablanır. Yəni ki, uğur deyəndə, çoxumuz üçün bu, müəyyən madiyyat əldə etmək anlamını bildirir. Bir qism insan çalışdığı müəssisədə uğurlu karyeraya can atır, bir qism insan isə gənc yaşlarından başlayaraq öz şəxsi biznesini qurur.

Statistik hesablamalara görə hər il daha çox insan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, pul qazanmağın, firavan həyat qurmağın yolunu bunda görür.

Dünya təcrübəsi göstərir ki, kiçik və orta biznesin potensialı nəhəngdir. Bir sıra inkişaf etmiş ölkələrdə o, ümumi daxili məhsulun 30-50 faizini, dövlət büdcəsinə bütün daxilolmaların 50 faizdən çoxunu təşkil edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin hər 100 nəfərinə düşən kiçik müəssisələrin sayı 35-dən (Fransa) 75-ə (ABŞ) qədərdir. Ölkələrin iqtisadiyyatının gücündən, həyat şəraitindən asılı olaraq böyük ölkələrdə kiçik bizneslə məşğul olanların daha çoxu şəxsi müəssisələr açaraq hüquqi şəxs statusunda fəaliyyət göstərir. Əsas sahələr isə, adətən, məişət xidməti, iaşə, ticarət, təmir və tikinti, nəqliyyat, hüquqi yardım, kənd təsərrüfatı, səhiyyə olur.  Kiçik iqtisadiyyatlı ölkələrdə isə «bizneslə məşğul olmaq» anlayışına daha çox kiçik topdansatışla məşğul olmaq, habelə dükan və mağazalarda alver etmək aid olur.

Beləliklə, təkrar edək ki, get-gedə daha çox insan biznesə üz tutur. Amma acı reallıq budur ki, hər bir insan da bu yolla pul qazana bilmir, firavan həyat qura bilmir.

Bill Qeyts, Uorren Baffet, Mark Tsukerberq, Ceff Bezos, Çarlz Kox, Amansio Orteqa və bu qəbildən olan dünyanın ən varlı insanlarının sırasına düşmək şansı təbii ki, çox cüzidir. Əgər hazırda dünyada təqribən 8 milyard insan yaşayırsa və bu əhali arasında təqribən 2 000 nəfərin varidatı milyard dollardan yuxarıdırsa, demək, hər milyon adamdan yalnız biri milyardçı ola bilir. Milyardçıları, milyonçuları bir kənara qoyaq, özünə normal güzəran qurmuş adi statistik planet sakinini götürək. Həmin bu «normal güzəran» qurmaq yolu əksəriyyət üçün sahibkarlıq fəaliyyətindən keçirsə, uğurlu sahibkar olmağın zəruri şərtləri bəs nədir?

Mən bu mövzunu illərdir ki, araşdırmışam. Araşdırmalarımın nəticəsi olaraq «Biznesdə uğur qazanmanın düsturu»nu qurmağa müvəffəq olmuşam. Və sevinirəm ki, bu düstur uğurla işləyir, faydalar verir.

İqtisadliyyatı bazar və situasiyalar idarə edir, düzdür! Ancaq dünya iqtisadliyyatının tarixinə nəzər salsaq, görərik ki, həm bazarın, həm də iqtisadi situasiyaların böhran vəziyyətinə düşməməsi, uçuruma yuvarlanmaması üçün hər bir zaman insan faktoru həlledici olmuşdur. Daha dəqiq desək, «dahi insan faktoru» . Dünya iqtisadiyyatının bugünkü uğurlarının, dünya bazarının bugünkü funksionallığının arxasında hər bir zaman dahi iqtisadçılar, strateqlər, liderlər durmuşlar.

Sadəcə olaraq, qarşınıza qoyduğunuz məqsədlərə çatmağın istiqamətlərini müəyyən edin. Uğurlu biznesmen olmaq istəyinizi sizin bütün düşüncənizi, varlığınızı bürüməli olan bir istək kimi hiss edin. Onda siz qaçılmaz olaraq qarşınıza çıxacaq bir çox problemləri həll edə biləcəksiniz.

Aşağıdakı suallara düzgün, açıq şəkildə cavab verməyə çalışın:

- Şəxsi biznesimi yaratmaq, ona sahib olmaq və onu idarə etmək üçün mənim hər hansı təcrübəm (səriştəm) varmı?

- Mən özüm hər hansı biznesə başlaya bilərəmmi? Hansı biznesə? Hansı sahədə mən daha güclüyəm? Mən nə ilə məşğul olum?

- Müxtəlif adamlarla mənim qarşılıqlı təmasım yaxşıdırmı? Mən konfliktliyəmmi? Mən güzəştlərə gedə bilərəmmi?

- Mən müxtəlif qərarları nə dərəcədə çevik və düzgün qəbul etməyi bacarıram?

- Mənim biznesi idarə etmək üçün hər hansı məhdudiyyətlərim varmı?

- Mən işi nə dərəcədə yaxşı planlaşdıra və təşkil edə bilərəm?

- Bİznesdə idarəetməyə meyilliyəmmi?

- Mənim biznesim mənim ailəmə necə təsir edəcək?

Yolun əvvəlində hətta özünüzün də genişləndirə biləcəyiniz bu suallar sıralanmasına cavab verərkən siz dəqiqliklə müəyyən edə biləcəksiniz:

Təzə nə isə etməyə başlamağa dəyərmi? Həyatınızı dəyişməyə dəyərmi? 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Məhsa Əbdüləlizadədir.

 

Məhsa Əbdüləlizadə

Təbriz

 

SARI İŞIQ

 

Yenə səslərini başlarına atıblar. Heç gecə-gündüz də düşünmürlər. Beynimi kazarma edib hər an parad getməkləri əsəblərimi qarışdırır. Səsləri anamla atamın savaşdıqlarını anımsadır. Sanıram atam yenə patı çəkib anamın canını əlinə alıbdır. Kölgəsi artıq qısalmış, gözyaşı otağımın divarına hopur. Kölgənin anam olduğunu, atamın şilləsini, saçının otağımda tapılmasından sezirəm. Atamdan sonra kimsə onu belə vura bilməzdi. Anamın səsi divarların arasından gəlir, düşünürəm.

Kölgələr otağımdakı divarlarda savaşanda, heç görmədiyim sinemada oturub, sonu yox bir filmə baxıram sanki. Yaxınlaşdıqca yerimin içində sıxılıb, uşaqlıqda həsrətində qaldığım qırmızı neylon topa oxşayıram.

Kölgələr savaşırdılar. Əsəblərim bir-birilərini bıçaqlayırdılar. Anamın qarnından damcılayan qan, alnımın ortasına sıçrayır. Diksinib atamın əlindən bıçağı alıram. Eləyə bildiyim qədər çığırıb divara sarı yürüyürəm.

Anam divara sərilir. Divarı qucaqlayıb uca səslə ağlayıram. Əllərimi anamın qarnında gəzdirdiyimdə qarnımın içi gicişir. Bıçaqla qarnımı qurdalayıb içimdəkiləri tökməyim gəlir. Əlim bıçağa sarı getdikdə kölgəsinin divara əsməsini duyuram. Əlimi kəpənək edib kölgəsi ilə oynamağım gəlir.

Patı çəkənlər adamları olduqları kimi görmürlər. Dünən tərəvəz arıtladığımda qəzetdəki titri zığ bürümüşdü. Əlimlə təmizləyib oxumuşdum. "Bir kişi 12 yaşlı uşağını meymun gördüyünə başını kəsdi!"

Anamın kölgəsinin qıçından yapışıb, son gücümlə silkələyirəm. Boyumun qıssa olduğundan gözlərinə baxa bilmirəm.

Otağın guşəsindəki çarpayını gətirib üstünə çıxıram. Özümü onun gözlərinə soxuram. İllər boyu ürəyimə yığdığım sözləri deməyim gəlir. Əlindəki qanlı bıçağın kölgəsindən qorxub, "Səndən zəhləm gedir" - deyə bilmirəm.

Baş barmağımı gözünə soxub, çıxardır. "İndi de görüm məni nə cür görürsən?" Çığırıram. Səsim otağıma yayılır. Səsim təzə yetkinlik yaşında olan oğlanların səsinə oxşayır. Səsimdən qorxub pişik kimi divarı cırmaqlayıram. Çarpayıdan yerə axınıram. Alt köynəyim masanın qırağına ilişib cırılmağının səsi qulağıma dolur.

Atam iki-üç il öncə çarpayının üstünə çıxıb, zirzəmidə özünü asmışdı. Anam yeralma-soğan gətirməyə ora getməsəydi, indi neçə kəfən çürütmüşdü. Çığırmağını eşitdiyimdə "Yəqin yenə siçan ya pişik ölüsü görüb ha..." - deyib, zirzəmiyə qaçdım. Atamın üz-gözü göyərmiş, zirzəminin ortasında böyürü üstdə qalmışdı. Boğazında kəndirin izini gördüyümdə, bir an xəfələnib, örtüyümün düyününü boşaltdım. Anam məni görcək üz-gözünü didib "Yeri qonşulara hay sal, yox ey, əminə zəng vur" - deyib, yaşı min yerdən tökürdü. “Bu kişi hər kim olsa da, uşaqlarımın atasıdır” - deyə ömür boyu yaşayırdı. Qırmızı kəndir ilan kimi atamın gövdəsinə yayılmışdı...

Əlimi arxama uzadıb, köynəyimin harası cırıldığını axtarıram. Kürəyim göynəyir. Baş barmağımda bir damcılıq qan izi qalır. Divardakı kölgələrin filmi bitmiş kimi, səslərin freskanı azalmışdı.

Atamın sələmçidən pul götürdüyü gündən hər nə başlamışdı. Borclular həyətin ortasında yaxasından yapışıb, pullarını istəyirdilər.

Bizə xor baxanda cınqırını çıxarda bilmirdi. Nənə-bacı yamanını eşidəndə, həyətə çıxıb abırını tökməyim gəlirdi. Oyuncaq kimi qucaqdan qucağa atılırdım demək. Sanırdım uşaqlıq etmədən, boy atıram. Uşaqlara qoşulmağım gəlmirdi artıq. Gözümün qabağında onların oynadıqları oyunların anlamını unudurdum.

Ayın işığı otağın ortasında, sanki LED çırağı yanırdı. Bacım yuxudan durmasın deyə çarpayını yavaşca yerinə qaytarıram. Dil-dodağım quruyub. Otaqdan çıxıram. Yavaşca otağa gedirəm. Soyuducunun qapısını açdığımda sarı işıq ayağımın altından otağın divarına sarı süzüb bacımın sifətində dayanır. Dodağının üstündəki qara xala dalıram. Sanki anamın başını kəsib onun sinəsinə qoyubdurlar. Üzdə qara saçını darayıb hörüyümdə hıçqırığımı udub gizlədirəm. Haçansa "Yenə ağlayırsan" - sorğusunu soruşanda bir cavab tapa bilmirdim.

Soyuducunun içindəki düzülmüş araqların qoxusu burnumu gicişdirir. Qonşuların anama "Bu kişidən sənə bir şey aid olmaz, boşan, çıx get" - söz yadıma düşür. Xəyal quşum ərik ağacımızın budağında oturub mən ilə bacımın hovuzun başında ağladığımıza baxır. Anam çadrasını başına atır. Qolumdan yapışır. Həyətdən eşiyə çıxırıq. Seyid Əmi küçədə anamın qabağını alıb onu danlayır. Danışarkən əlini oynadanda təsbehinin səsi qulağıma dolur. Özü öldükdən sonra təsbehi arvadının əlindən düşmür. Yekə muncuqlu göy rəngli təsbehdir. Anam evlərini təmizləyəndə gizlicə götürüb baxmışdım. Muncuqların üstünə Allah, Məhəmməd yazılmışdı. Arvad deyirdi qayın atam bunu Kərbəladan gətirmişdi. Qurban olduqlarım qəbirlərinə sürtülüb deyəndə küçənin arvadları təsbehi gözlərinə qoyub öpürdülər. Böyük nənəm gilə yetişənədək anam dodağının altında danışırdı. "Biqeyrət kişi, təkcə arvad almağın qalmışdı." Eşitdiyim sözlərin anlamını düşünmədən yaşımı gizlətmək üçün dostlarımdan ayrılıram. Atamın hər günki işi idi. Ayın başı gəlmədən anamın gözünün altında badımcan əkib onun aylığını verirdi. Dırnaqlarımı anamın yayın istisində düzəltdiyi sarıkök bəstəsi kimi dərmədən yeyirdim.

Dayılarım onu arvadı ilə gördüklərini anama deyən gündən evdən eşiyə çıxa bilmədim. Dostlarımın məktəbdən gələndə səslərini küçədən eşidirəm. Eşiyə çıxa bilmədiyimə dişlərim bir-birinə sürtülürdü. Daha ən yaxın yoldaşım atamın hər günki cibimdən oğurladığım siqara və böyük anam düzəltdiyi taxta matışqası olmuşdu. Səhər bacımı qabağıma qoyub eyvanda darıxmalarımı onunla paylaşırdım. Ağlayarkən dodağım əsəndə Səhər ovunurdu. Güləndə təzə çıxmış iki dişi görsənirdi. Yatağından tutub "Dovşanımsan" - deyirdim. Anam evdə olmayanda daha çıxıb məktəbdən gülə-gülə gəldiyimiz yola donuxub bir bucağa sıxılıram. Siqaraya qullab vurub, atam kimi hər nəyə xəyalsız olmaq istəyirdim.

Siqaret çəkdiyim gündən anam ilə də ara açırdım. Qorxurdum məni qucaqlayıb üzümdən öpəndə siqaranın qoxusunu paltarımdan duysun. Həyətimizdə əkdiyim qızılgüllərini yeyirdim. Evdə az danışırdım.

Soyuducunun içindən su parçını götürüb nənəliyimin vasvası olduğunu vecimə almadan başıma çəkirəm. Hər gün həyətdən tualetin kafelinədək təmizləyir. Atam evə gələndə həyətdəki hamama saldırmayınca evə qoymur. Suyun soyuqluğu beynimdəkiləri doldurub məni sitildədir. Nənəliyimin yuxu davaları ərinin araq şüşələri kimi soyuducuda sıralanmışdı. Əlimi uzadıb birini götürürəm. Minlər fikir beynimə gəlir, gedir. Anamın kölgəsi aşpazxananı canına çəkir.

Qabaqlar qonşumuzun qızı bu davalardan qaçmaq üçün, özünü damdan atıb öldürmüşdü. Yazıq atası zorla ərə vermək istəyirdi. Nənəsi hamıya "Qızımı ərim öldürdü. Yoxsa on beş yaşında bir qız nə bilir özünü öldürmək yəni nə?" - deyirdi.

Anam bu sözü eşitdiyi gündən tualetə də gedəndə bizim arxamızca gəlirdi.

Davanı o qədər əlimdə sıxmışdım, ovcumdakı tər muncuq kimi üstündə qalmışdı. Onu yerinə qaytarıb otağa qayıdıram. Atamla arvadının üst qatdan gülüşmələrinin səsi qabaqkı evimizin tavanı kimi başıma yağır. Köhnə yaralarım göynəyir. Anamın bir dəfə əri ilə ürəkdən gülmə səsi arzusunda qaldığı yadıma düşür. Dişlərimin qıcıldamasından tüküm biz-biz durur. Sanıram atam yenə patı çəkibdir. Nənəliyimin gülməsinin səsi daha ucalır. Divarların dörd bir yandan gövdəmi sıxmasını hiss edirəm.

Addımlarımı otağa sarı atıb qapının astanasından Səhərə baxıram. Üstü açıq qalmış yerinin içində neylon toplara oxşayır! Yuxu davalarını atmaq fikri gözlərimdən axan yaş kimi beynimə axır. Atamla arvadının səsi ilan kimi içimə süzülürlər. Fısıltılı səsi ürəyimi sancır. Ağ mələfəni Səhərin üstünə çəkdiyimdə sanki ölü birisinin üstünü çəkdim. Üşüyürdüm. Yuxum gəlmədən yatmaq istəyirdim. Səhəri qucaqlayıb öpmədən sarı işığın yolunu tutub gəldiyim yolu geri qayıdıram...

 

 “Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.