İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Neçə sənə əmimin evində qalmaq mənim üçün əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaşa anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu."
Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının və dramaturgiyasının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.
Haqverdiyev 29 may 1870-ci ildə Şuşa şəhərindən 20 km məsafədə yerləşən Ağbulaq kəndində anadan olmuşdur.
Atası Əsəd bəy, qəza idarəsində katib kimi çalışırdı. O rus və fars dillərini bilən, savadlı bir adam idi. Əbdürrəhim bəy üç yaşında olarkən atası vəfat edir. Onu əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. Anası Hüsnü Cahan xanım isə üç il sonra kənd məmuru Həsənəli bəy Sadıqbəyovla evlənir. Əbdülkərim bəy bu evliliyə qarşı çıxmış, bu səbəbdən Əbdürrəhimi uzun müddət anasından uzaq tutmuşdur. Əsəd bəyin böyük qardaşı olan Əbdülkərim bəy də varlı və savadlı bir şəxs idi. 1875-ci ilin payızında Əbdülkərim bəy də dünyasını dəyişir. Əmisinin faciəli ölümü Əbdürrəhimi çox təsirləndirmişdir.
Əmisinin evində olarkən artıq yengəsi və onun qardaşının əziyyətinə məruz qalan Əbdürrəhim, bir gün evdən qaçaraq anasının yanına getmiş və ögey atası Həsənəli bəy onu öz doğma oğlu kimi qəbul etmişdir. Haqverdiyev bu barədə xatirələrində də yazıb və mən o yazılanları yazıma proloq kimi vermişəm.
Həsənəli bəy Əbdürrəhimin təhsili ilə şəxsən özü məşğul olmuşdur. Rus dilini bildiyi üçün Əbdürrəhimə rus əlifbasını da ilk dəfə özü öyrətmişdir. Əbdürrəhimin ailədə özündən başqa Nabat adlı bir bacısı da var idi. Nabat hələ uşaq ikən çayda boğularaq ölmüşdür.
Yazıçının ilk bioqraflarından olan Kamran Məmmədov yazır:
"Əbdürrəhimin səkkiz yaşı vardı… İsti yay günlərindən biri idi. Həsənəli bəy Sadıqbəyovun ailəsi qonşu ailələrlə bir neçə gün idi ki, Şuşadan yaxın yaylağa, çay kənarına köçmüşdülər. Günortaya az qalmışdı. Kişilər böyürtkən yığmağa getmişdilər. Kişilərin getməsindən istifadə edən qadınlar və uşaqlar çayda çimirdilər. Əbdürrəhimlə Nabat da bunların arasında idi… Birdən-birə hava qaraldı, göyün üzünü qara buludlar bürüdü, şıdırğı yağış yağmağa başladı. Az keçmədi ki, nərilti ilə gələn güclü sel hər tərəfi bürüdü… Bir əli ilə kiçik Nabatın, o biri əli ilə Əbdürrəhimin əlindən yapışan Hüsnücahanı güclü axın süpürləyib çaya saldı. Qadın özü də bilmədən uşaqların əlini buraxıb qışqırmağa başladı… Kişilər özlərini yetirib hər üçünü güc-bəla ilə cilovsuz selin-suyun ağzından qurtardılar. Nabat boğulmuşdu…
Bacısının faciəli ölümündən sonra Əbdürrəhim heç bir uşaqla oynamır, həmişə tək gəzirdi. Bəzən də atalığı Həsənəli bəy hara getdi, onu özü ilə aparırdı."
1880-ci ilin may ayında Həsənəli bəy müflis olduğu üçün ailəsi ilə birgə Şuşa şəhərinə köçür. Əbdürrəhim burada Yusif bəy Məlikhaqnəzərovun müvəqqəti yay məktəbində təhsil almağa başlayır. Buradaki təhsil məktəbə hazırlıq məqsədi daşıyırdı. Yusif bəy ögəy atası Həsənəli bəydən sonra Haqverdiyevin təhsilində əsas rol oynayan ikinci şəxsdir.
Əbdürrəhim həmin ilin sentyabr ayında imtahan verərək şəhər məktəbinə daxil olur və bir il müddətinə burada oxuyur. 1881-ci ilin oktyabr ayında Şuşada yeni açılan rus dilli realni məktəbə daxil olur və burada rus dilində təhsil almağa başlayır. Bu zaman Yusif bəy də burada müəllim işləyirdi. Onun teatra böyük marağı var idi və hər yay Şuşaya dincəlməyə gələn müəllim və tələbələrin köməyi ilə teatr tamaşaları təşkil edirdi. Haqverdiyevin teatrla ilk tanışlığı da məhz bu tamaşaların birində olmuşdur. O öz xatirələrində bu barədə yazır:
"1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin ‘Xırs quldur basan’ piyesini oynayırdılar. Teatrda pərdə açılmayınca, mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimlik Yusif Bəy əynində çuxa, başında Buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərin birini arvad libasında, birinin polis libasında görüb, teatrın və komediyanın nə olduğunu anladım."
Tamaşadan təsirlənən Haqverdiyev Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinə bənzər kiçik həcmli "Hacı Daşdəmir" hekayəsini yazıb müəllliminə təqdim edir. Yusif bəy əsəri oxuyub öz məsləhətlərini verir.
Yazıçı hələ sağ ikən çap etdirdiyi kitabları aşağıdakılardır:
- "Dağılan Tifaq" (Dram)
- "Millət Dostları" (Kiçik həcmli dram əsəri)
- "Kimdir Müqəssir" (İki Pərdəli Vodvil)
- "İki Hekayət" ("Ata və Oğul" ve - "Ayın Şahidliyi" hekayələri)
- "Ac Həriflər" (Komedi)
- "Xəyalət" (Pyes)
- "Ağa Məhəmməd Şah Qacar" (Tragediya)
- "Bəxtsiz Cavan" (Tragediya)
- "Dağılan Tifaq" (Dram)
- "Ədalət Qapıları" (Dram)
- "Şeyx Şəban" (Hekayə)
- "Ac Həriflər" (Komediya)
- "Köhnə dudman" (Pyes)
- "Marallarım"
1932-ci il mayın 3-də Bakıda, Türk teatrında Haqverdiyevin bədii yaradıcılığa başlamasının 40 illik yubileyi münasibətilə sadə bir yubiley mərasimi keçirilir. Haqverdiyevin öz istəyinə uyğun olaraq, təntənəsiz, sadə formada keçirilən bu mərasimdə "Pəri cadu" pyesindən üç pərdə nümayiş etdirilir və yığcam bir konsert təşkil olunur. Dadaş Bünyadzadə ona yaxşı təqaüd kəsiləcəyini vəd edir və Haqverdiyev bu vəddən ümidlənərək təqaüd təmin olunsa, oktyabrın 1-dən istefa verib istirahətə çəkilmək niyyətində olduğunu yazır. O, uzun müddətdir ki, yaşlı bir müəllim olaraq ətrafında gənc müəllimlərin arasında özünü qəribə hiss etdiyini ifadə edir. Lakin ömrünün sonunadək "yaxşı təqaüd" ala bilmədən işləməyə davam edir. Nəticədə, o, 1933-cü il dekabrın 11-də ürək xəstəliyindən vəfat edir və Bakıda Fəxri Xiyabanda dəfn olunur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.05.2025)