Özünü daha istedadlı hesab etmək, digərlərini qəbul etməmək, həmkarının uğuruna sevinə bilməmək... – MÜSAHİBƏ Featured

İlqar İsmayılzadə,

Fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat ə incəsənət" portalının Cənub təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq, publisist Qafar Cəfərli ilə müsahibəni sizlərə təqdim edirəm.

 

-Qafar müəllim, AYB Lənkəran Bölməsinin yaranma tarixi barədə qısa məlumat verməyinizi xahiş edirəm. Bölmə hal-hazırda hansı rayonların yazarlarını ətrafında birləşdirir?

 

- 1934-cü ildə yaradılmasına baxmayaraq Azərbaycan Yazıçılar Birliyi uzun illər ərzində bir təşkilat olaraq yalnız Bakı şəhərində fəaliyyət göstərib. Bölgə yazarları isə dərnək və məclislərdə bir araya gəlməyə, ədəbi fikir və düşüncələrini bölüşməyə çalışıblar.

1850-ci ildə Mirzə İsmayıl Qasir Lənkəranda yazıb-yaradan şairləri öz ətrafına toplayıb «Fövcül- Füsəha» («Natiqlər yığıncağı») adlanan məclis təşkil etdi. Həmin dövrdə ölkədə ədəbi prosesi tənzimləyən başqa ədəbi məclislər də: Gəncədə «Divani-Hikmət», Qubada «Gülüstan», Naxçıvanda «Әncümənüş-şüəra», Şamaxıda «Beytüs-Səfa», Qarabağda «Məclisi-Üns», «Məclisi-Fəramuşan», Bakıda «Məcməüş-Şüəra» fəaliyyət göstərirdi. «Fövcül-Füsəha» həmin məclislərlə sıx əlaqələr saxlayırdı. «Fövcül-Füsəha» Qasirin rəhbərliyi ilə onun ölümünə qədər (1900) fəaliyyətini davam etdirdi.

Yeri gəlmişkən deyim ki, Seyid Әzim Şirvaninin ən çox sevdiyi şairlərdən biri də Qasir idi. 60-cı illərdə bütün respublikada olduğu kimi Lənkəranın ədəbi mühitində də yeni bir canlanma özünü göstərdi. Yazarlar Lənkəranda nəşr olunan yerli qəzetin redaksiyasında, Mərkəzi Kitabxanada, bəzən isə evlərdə təşkil olunan ədəbi məclislərdə görüşürdülər. Sonradan imzaları ölkə ədəbi mühitində qəbul olunan Firudin Ağayev, Camal Yusufzadə, Şəkər Aslan, Vaqif Hüseynov, Məmmədhüseyn Əliyev, Əlisa Nicat, Hüseynağa Qəniyev, Hüseynbala Mirələmov, Yaşar Rzayev, İltifat Saleh və başqaları məhz bu məclislərdə yetişdilər. Belə bir güclü ədəbi mühitin olması Lənkəranda Azərbaycan Yazıçılar İttifaqının Zona Şöbəsini yaratmaq zərurətini ortaya qoydu.

1978-ci ilin sentyabr ayında belə bir Şöbə yaradıldı və tanınmış yazıçı Məmmədhüseyn Əliyev Şöbənin məsul katibi təyin olundu. İlk dövrlərdə Şöbə Neftçala daxil olmaqla Astaraya kimi doqquz rayonu əhatə edirdi. AYB formalaşanda isə rayonların sayı altıya düşdü.

Hazırda AYB Lənkləran Zona Bölməsi Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayonlarında yaşayıb- yaradan söz adamlarını ətrafında birləşdirir.

 

-Qafar müəllim, AYB Lənkəran Zona Bölməsinin əsas işi və vəzifəsi nədən ibarətdir?

 

- İctimai təşkilat olaraq Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət istiqamətləri müxtəlif və çoxşaxəlidir. Konkret desək, Azərbaycan Yazıçılar Birliyinin cənub bölgəsindəki qurumu olaraq əsas işimiz-vəzifəmiz bölgədə ədəbi mühitin inkişafını təmin etməkdən, insanlarımızın mənən zənginləşməsinə, ədəbi dünyagörüşünün artmasına, onlarda vətənpərvərlik hisslərinin yüksəltməyinə kömək etməkdən, Vətənimizə, elə, obaya bağlılığı, xalqımızın çox əsrlik milli adətlərinə sevgi hisslərinin yaşanması və qorunmasına çalışmaqdan, həmçinin ədalətsizliyə, haqsızlığa və qanunsuzluğa barışmazlığı tərbiyə etməkdən, bölgə yazarlarının, xüsusən gənclərin təbliğinə və inkişafına, ölkə ədəbi mühitinə adaptasiya olunmasına yardım etməkdən, yaşadıqları problemlərin həllinə səlahiyyəti daxilində dəstək olmaqdan və s. ibarətdir.

 

-Odlar Yurdu Azərbacanın Cənub bölgəsində təxminən neçə qələm əhli (şair, nasir, ədəbi təhlilçi və tənqidçi) mövcuddur? Onlardan neçəsinin AYB-nə üzv olması ilə bağlı məlumat mövcuddurmu?

 

- Qeyd etdiyim kimi, cənub bölgəsində ədəbi mühit həmişə qaynar olub. Bu bölgədən çıxan çoxsaylı yazıçı və şairlər var ki, ölkə ədəbi mühitində imzaları qəbul olunan, sayılıb seçilən söz adamlarıdır. Hazırda AYB Lənkəran Zona Bölməsinin əhatə etdiyi rayonlarda ədəbi-bədii fəaliyyətlə məşğul olan çoxlu sayda yazarlar yaşayırlar. Onların sayı yüzlərlədir. AYB üzvü olanların sayı 200-ə yaxındır.

Vaxtilə bölgədə yaşayıb sonradan Bakıya və digər yerlərə köçənlər olduğundan bu sayı konkret rəqəmlə ifadə etmək çətindir. Amma o dəqiqdir ki, cənub bölgəsində yaşayan AYB üzvləri digər bölgələrə nisbətən üstünlük təşkil edir.

 

-"Şəfəq" jurnalı AYB Lənkəran Zona Bölməsinin rəsmi orqanıdır və indiyədək sizin rəhbərliyiniz sayəsində uğurlu bir yol qət edib. “Şəfəq”in fəaliyyəti barədə qısa məlumat verməyinizi istəyərdim. Cənub bölgəsində "Şəfəq"dən başqa daha hansı ədəbi jurnal və ya qəzet mövcuddur?

 

- AYB Lənkəran Zona Bölməsinin ədəbi-bədii orqanı olan “Şəfəq ” jurnalı 1991-ci ildən nəşr olunur. Jurnalda əsasən bölgədə yaşayan yazarlar çap olunurlar. 2020-ci ilin sentyabr ayında mən Bölmə sədri kimi işə başlayanda bəzi obyektiv və subyektiv səbəblər ucbatından “Şəfəq” jurnalı səkkiz ildən artıq idi ki, çap olunmurdu. Təbii ki, mənim əsas vəzifələrimdən biri jurnalın nəşrini bərpa etmək idi. Artıq 2021-ci ilin əvvəllərindən başlayaraq jurnal öz fəaliyyətini davam etdirməyə başladı.

Hazırda “Şəfəq” ildə iki dəfə geniş və maraqlı tərtibatda, gözəl formatda işıq üzü görür. Hər bir sayı 170-180 səhifəlik jurnal regionda çap olunan tək jurnal kimi AYB -nin rəsmi orqanı olaraq fəaliyyətini uğurla davam etdirir.

“Şəfəq” yurnalı bölgəmizdə çap olunan yeganə ədəbi-bədii orqandır. Təbii ki, bölgədə çap olunan digər qəzet və jurnalda ədəbiyyat səhifələri vardır.

 

-Ölkənin Cənub zonasında ədəbi mühitə aid olan gənclərlə iş necə təşkil olunur? Görüləcək işlərlə bağlı nə kimi planlarınız var?

 

- Bölgədə ədəbi mühiti inkişaf etdirmək əsas vəzifələrimizdən biri olsa da gəncləri bu mühitə cəlb etmək, onların ədəbi fəallığına nail olmaq fəaliyyət istiqamətlərimizdən biri və əsaslarındandır. Nəsillər dəyişir, yeni nəsil formalaşır. Həmin yeni nəsli yetişdirmək, onlara vacibi məsləhətlər vermək, kömək etmək, inkişaflarına yardım etmək, region və ölkə mətbuatında çap olunmasına dəstək olmaq bizim bu gün də, sabah da ən vacib saydığım fəaliyyət istiqamətlərimizdən hesab edirəm. Bu bizim borcumuz və vəzifəmizdir. Buna görədir ki, bölgədə istedadlı gənclərimizin sayı onlarladır və bu gənclərdən bir çoxunun imzasını ölkə ədəbi mühiti artıq qəbul edib.

 

-Hörmətli Qafar müəllim! Sizin bədii ədəbiyyat sahəsində yaradıcılığınıza nəzər yetirdikdə çoxsaylı hekayə, povest, roman və novellaların çap olunduğunu görürük. Artıq dramaturq kimi də tanınırsılz. Bir peşəkar və uğurlu qələm sahibi olaraq hansı əsərinizi, həm də hansı səbəb və ya xüsusiyyətlərə görə ədəbi həyatınızın ən parlaq imzası sayırsız?

 

- Vaxtımın çoxu xidməti işimə getməyinə baxmayaraq ədəbi yaradıcılıqdan da geri qalmamağa çalışıram. Son vaxtlarda çoxlu sayda hekayələr və novellalar yazmışam. Dramaturgiya ilə də daha fəal məşğul olmağa çalışıram. Təsadüfi deyildir ki, 2024-cü ildə “Şəhid bayrağı” adlı pyesim Lənkəran və Füzuli Dövlət Dram Teatrlarında tamaşaya qoyuldu. Bu il isə “Tanrı” əmanəti” pyesim Lənkəran Dövlət Dram Teatrlında tamaşaçılara təqdim olundu. Daha bir pyesim region teatrların birində tamaşaya qoyulacaq. Təbii ki, vaxt tapdıqca ədəbi-bədii, publisistik, ədəbi tənqidi məqalələr də yazmağa çalışıram.

Hansı əsərimi, hansı səbəb və xüsusiyyyətə görə ədəbi həyatımın ən parlaq imzası hesab etməyə gəldikdə isə bu suala cavab vermək çətindir. Əsərlərimin hər biri mənm üçün əzizdir. Təbii ki, bu və ya digər səbəblərə görə hansısa əsərin daha uğurlu və ədəbi aləmdə bəyənilməsi faktları vardır.

 

-Qələm əhli arasında səfa-səmimiyyətin yaranması üçün hansısa proqramınız varmı?

 

- Bütün sahələrdə olduğu kimi qələm əhli arasında da dedi-qodu, həsəd, paxıllıq, kin-küdurət və digər neqativ hallar var. Vaxtilə Azərbaycan yazıçı, şairləri arasında illərlə davam edən intriqalar və bunun acı nəticələri ədəbi aləmdə çoxlarına bəllidir. Yəni bu həmişə olub və yəqin ki, yenə də olacaqdır. Bunu hər hansı bir proqramla, bir tezislə aradan qaldırmaq mümkün deyildir. Bu insanın xislətindən irəli gəlir. Səbəb də əlinə qələm götürən hər kəsin özünü daha istedadlı hesab etmək, digərlərini qəbul etməmək, həmkarının uğuruna sevinə bilməmək, ona dəstək olmağı bacarmamaqdır. Bu cür insanlarla biz də rastlaşırıq. Əlbəttə ki, bunu hər kəsə də şamil etmək doğru deyil. Bir də ki, narazılıq, söz-söhbət ailənin içində belə olur. Ailə rəhbəri bütün bunlara ədalətlə yanaşmağı və həll etməyi bacarmalıdır. Mən də Cənub ədəbi mühitinin rəhbəri olaraq bu cür hallara diqqətlə, səbrlə və ədalətlə yanaşmağa çalışıram.

 

-Hörmətli Qafar müəllim! Azərbaycan çağdaş ədəbiyyatının tanınmış nümayəndələrindən biri olaraq bu sahədə gələcəyə baxışınız necədir?

 

-Bir mənalı olaraq deyə bilərəm ki, ədəbiyyatımızın gələcəyini gözəl görürəm. Dünyanın bu qarışıq zamanında, hər şeyin texniki tərəqqinin əlində cəmləşdiyi, süni intellektin cövlan etdiyi bir dövrdə ədəbi aləmdə yeni bir söz demək çox çətindir. Buna rəğmən mən sevinirəm ki, son dərəcə istedadlı, savadlı, zəngin dünyagörüşlü, geniş ədəbi təfəkkürə malik gənclərimiz yetərincədir. Məhz bu gəncliyin ədəbi bayrağımızı daha ucalara qaldıracağına əminəm. Necə deyərlər, ədəbi bayrağımız etibarlı əllərdədir.

 

-Sonda bir ağsaqqal, parlaq imza sahibi olan yazıçı-dramaturq kimi gənc yazarlara tövsiyənizi bildirməyi xahiş edərdim.

 

- Fikrimcə indiki gənclərə hansısa bir tövsiyyə vermək çətindir. Səbəb gənclərin yüksək intellektual səviyyələri, ölkə və dünya ədəbiyyatına bələd olmaları, ədəbi mühiti yaxşı tanımaları və bu mühitdən baş aça bilmək bacarığına malik olmalarıdır ki, belələrinə tövsiyyə verməyin özü məsuliyyət tələb edir. Bir ağsaqqal olaraq isə gənclərə məsləhətim budur ki, daima mütaliə etsinlər, üzərlərində mütəmadi olaraq çalışsınlar, hər gün qələmi əllərinə götürüb nəsə yazsınlar, həyatda vicdanlı, namuslu və ədalətli olsunlar, ətraflarında olan haqsızlığa barışmaz olsunlar və ən əsası isə Vətənini, elini, obasını sevsinlər, özlərinə və başqlarına dəyər verməyi bacarsınlar.

 

-Əziz və dəyərli Qafar müəllim, vaxt tapıb suallarıma cavab verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm! Nəsə əlavə sözünüz və fikiriniz varsa buyura bilərsiz!

 

-Bilirsiniz, bölgədə fəaliyyət göstərən ədəbi qurum olaraq işimiz çox vaxt elektron informasiya vastələrinin, portal və saytların diqqətindən kənarda qalır. Əlbəttə ki, istisnalar da var. Sizin təmsilçiniz olduğunuz “Ədəbiyyat və incəsənət” portalı, “Yeni səs.az”, “Ədalət.az” və başqa bir-iki saytlarda gördüyümüz işlər tez-tez işıqlandırılır. Amma digər saytlar da, xüsusən ədəbiyyat saytları regionda baş verən ədəbi hadisələrə diqqətli olsalar insanların məlumatlandırılması baxımından yaxşı olardı.

Bu mənada müsahibənizi yüksək qiymətləndirir və buna görə sizə və portalın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Var olun. İşlərinizdə uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.