İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Günəşli gündüzüm, ən şirin sözüm,
Əbədi hicrinə mən necə dözüm?
Bağçanda bitibdir nərgiz, bənövşə,
Sənsiz o gülləri mən necə üzüm?
Dilbər Axundzadə
Onu tarixə salan Mikayıl Müşfiq tərəfindən dəlicəsinə sevilməsi olubdur. Müşfiqdən sonra bir ömür Müşfiqsiz yaşayıb. Ailə həyatı da qurub. Övladı da olub. Bəzi mənbələr bu qız övladının elə Müşfiqin övladı oldüğunu yazır. Amma yox. Dilbər Axundzadənin sonrakı nikahından bir oğlu və Leyla adlı bir qızı olmuşdur. Müşfiqlə evlilikdən isə onların Yalçın adlı oğulları dünyaya gəlib. Amma cəmi 2 aydan sonra xəstələnib vəfat edib. Əlbəttə, biz indi tarixi həqiqətin axtarışına çıxmayacağıq, sadəcə, bu gün doğum günü qeyd edilən Dilbər Axundzadə barədə bir neçə kəlmə deyəcəyik.
İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.
Dilbərin doğmaca əmisi İdris Axundzadə bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu imiş. Həmin gün Müşfiq Dibərin arxasındakı oturacaqda oturubmuş və Dilbər onların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Bax elə bu andan da şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir: "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub".
Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində.
Çox təəssüf ki, amansız Stalin repressiyası onların bir-birindən kam almasına imkan vermir, böyük sevgilərini beşikdəcə boğur.
Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilir. Deyilənə görə, Nargin adasında güllələnir. Amma meyiti belə tapılmır. Və o gündən bəri Azərbaycan xalqı Müşgiqi yad edərkən Xəzərə qərənfillər səpir…
Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox” deyirdi yenə də.
Dilbər Axundzadə Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. Və bu həbs onu Azərbaycan Tibb İnstitutunda aldığı iki illik təhsilini yarımçıq qoymağa məcbur etmişdir.
Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairliklə məşğul olmuşdur. Bəlkə də, Müşfiqi yaşatmağın bir yolunu bunf=da görmüşdür.
Müşfiqi aparanda masanın üzərində “Dilbərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı.
Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab-əziyyətlər görmüş Dilbər Axundzadə Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta, dediyimiz kimi, özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab-əziyyətlər çəkmişdi.
Dilbər xanımın qızı Leyla Axundzadə anası barədə:
“Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək çatışmazlığı, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi...”
Leyla Axundzadə Mikayıl Müşfiq barədə:
Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim…”
Məşhur biblioqrafik "Müşfiqli günlərim" əsərinin müəllifidir Dilbər Axundzadə. Dini nikahla yenidən evlənməsi, dünyaya övladlar gətirməsi belə Müşfiqi onun əqlindən, qəlbindən silə bilməmişdir. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı.
1990-cı ildə Bakı şəhərində vəfat edib Dibər xanım. Və mən əminəm ki, o, son nəfəsində mütləq Müşfiqin adını çəkib.
Xatirəsi
2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.
2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.05.2025)