RƏSUL RZA: “Xalqımın doğma oğlu” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA SƏMƏD VURĞUN BARƏDƏ

“XALQIMIN DOĞMA OĞLU”

 

Elə sənətkarlar var ki, onlar səhrada tək qalmış ağaca bənzəyirlər. Zaman sankionların əlaqəsini kəsmişdir, yaxında pöhrələri, uzaqda toxumalarından zoğları yoxdur. Belə sənətkarlar nə qədər böyük olur-olsun, bədbəxtdirlər. Mən silsilədən ayrı yüksək dağ, xırda çayları qoynuna almayan böyük çay görməmişəm.

Əgər ağac obrazını şərti qəbul etsək, – çünki bütün təşbehlər şərtidir, – deyə bilərik ki, o sənətkar xoşbəxtdir ki, səhrada tək-tənha qalmış ağaca bənzəmir. Torpaq binəli, bahar qoxuludur, arxasında göz işlədikcə görünən qollu-budaqlı, köklü-köməcli, ondan hündür, ondan alçaq başqa ağaclar var. Ətrafında yarpaqlarının biçimi, budaqlarının şaxələri bir-birinə bənzəməyən, gövdələrinin kölgə naxışı bir-birindən fərqli neçə-neçə ağac var. Önündə yeni pöhrələr baş qaldırmışdır. Bu pöhrələrin böyük, dərin kötüklü, geniş şaxəli ağaca bənzəyənləri də var, bənzəməyənləri də. Onlardan öz görkəmi, boyu, yarpaqlarının naxışı, çiçəklərinin, meyvələrinin qoxusu ilə yeni bir mənzərə təşkil edənləri də var. Lakin bütün bunlar kökləri ilə bir torpağa bağlıdırlar, bir axardan su içirlər.

Əgər Azərbaycan xalqının ədəbi zənginliyini həmişəyaşıl təravət və gözəlliyini itirməyən, illərin, əsrlərin hökmünə baş əyməyib qocalmayan bir bağa bənzətsək, burdakı barlı ağaclar içərisində kökü torpağa dərin işləmiş, yarpaqlarında daim qəlbimizə munis bir hava duyduğumuz, ətri bizə doğma vətən torpağını xatırladan bir ağac vardır ki, bu, unudulmaz şairimiz Səməd Vurğunu xatırladan ağacdır. Onun arxasında dünya şöhrəti qazanmış babaları – Nizami, Füzuli, Vaqif, Sabir, onun ətrafında qələm dostları, müasirləri, Azərbaycan sovet ədəbiyyatını yaradan böyük ordunun sıra nəfərləri, onun qarşısında onu sevən, onun sənətinin gözəl nümunələrindən öyrənən, yeni axtarışlara, yeni üfüqlərə can atan gənclik vardır.

Səməd Vurğun öz zəhməti, yüksək poetik talantı, yorulmaz qələmi ilə böyük şöhrət qazandı. O, milyonlarla oxucunun qəlbini fəth etməyin sirrini yaxşı bilən bir sənətkar idi.

Məncə, biz hələ Səməd Vurğun yaradıcılığını lazımınca tədqiq etməmiş, öyrənməmişik. Onun zəngin yaradıcılığında səthi təhlil edilmiş, yersiz təriflənmiş əsərlər var, lakin hələ əsl qiymətini almamış səhifələr daha çoxdur.

Poetik talantının yeni bir qüvvətlə qol-qanad açdığı, yazıb-yaratmaq imkanlarının geniş meydan qazandığı zamanda sıramızdan getmiş Səməd neçə-neçə duzlu sözünü, gözəl şeirini, maraqlı poemasını, yeni pyesini, neçə-neçə onun və milli ədəbiyyatımızın şöhrətini daha da artıracaq əsərini sinəsində apardı. Lakin S.Vurğunun qısa bir ömür möhlətində yazıb-yaratdıqları böyük bir şair adı, qüdrətli bir sənətkar şöhrəti uzun illər hörmət və məhəbbətlə yad edilmək üçün dönə-dönə yetər. Azərbaycan xalqı yaşayıb-yaratdıqca onun əziz şair oğlu Səməd Vurğunun adı ürəklərdə yaşayacaq, dillərdən düşməyəcək...

1966

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.