Super User
Fəridə Ləmanın 70 illik yubileyi sözlə, sazla qeyd olundu
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
“Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, "Məhsəti" jurnalının təsisçisi və baş redaktoru, "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri Fəridə Ləmanın 70 illik yubileyi keçirildi.
Yubileydə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, şair-yazıçılar, ziyalılar, media nümayəndələri iştirak edirdilər. Yubiley öncəsi Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov açaraq qonaqları salamladı. İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasından, fəaliyyətindən danışaraq dünyasını dəyişən ziyalıları rəhmətlə andı. İctimai Birliyin fəaliyyətində öz köməkliyini əsirgəməyən, ürəyi Vətənlə döyünən Fəridə Ləmanı 70 illik yubileyi münasibətilə təbrik etdi: "Fəridə Ləman təəssübkeş ziyalıdır. "Qazax" Xeyriyyə İctimai Birliyi yaradıldığı ilk günlərdən İctimai Birliyin gördüyü işlərdə fəal iştirak etmişdir. Qələmi ilə, sözü ilə el-obanın yanında dayanmış, itirilmiş torpaqlarımızın azadlığı üçün mücadilə etmişdir. "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradıcılarını hər zaman minnətdarlıq hissi ilə yad edirik. Dünyasını dəyişən üzvlərimizə Allahdan rəhmət diləyirik. Onu da qeyd edim ki, Fəridə xanım mərhum akademik Teymur Bünyadovun məsləhəti ilə "Dəli Kür" qəzetinin redaktoru təyin olunub. Biz də ənənəyə sadiq qalaraq "Qazax" Xeyriyyə İctimai Birliyinin aylıq mətbu orqanı olan "Dəli Kür" qəzetinin növbəti xüsusi buraxılışını Fəridə Ləmanın 70 illik yubileyinə həsr etməyi qərara aldıq. Xüsusi buraxılış çapdan çıxıb və bu gün oxucuların ixtiyarındadır".
Fəridə Ləman həmçinin Azərbaycan ədəbiyyatında xidmətlərinə görə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Xalq şairi Səməd Vurğun adına diplomla təltif olundu.
İlham Pirməmmədov Fəridə Ləmanı Şəhid ailələrinin, Qazilərin, Xalq şairi Nəriman Həsənzadənin, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun, hərbi jurnalist Şəmistan Nəzirlinin, İctimai-siyasi xadim Eldar Namazovun, İctimai Birliyin bütün üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından təbrik etdi.
Tədbirin aparıcısı Məti Osmanoğlu da öz növbəsində qonaqları salamlayaraq, Fəridə Ləmanın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi: "Fəridə xanımın yaradıcılığının ana xəttini Vətən, Şəhid mövzusu təşkil edir. Fəridə xanım təəssübkeş, Vətənpərvər ziyalıdır", deyə Məti Osmanoğlu qeyd etdi.
Akademik Nizami Cəfərov, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri Başxanım Abbaslı, Rövşən Babanlı, Rəfail İncəyurd, Natəvan Dəmirçioğlu, Güləmail Murad, Arif Mirzəyev çıxış edərək Fəridə Ləmanın Birinci Qarabağ savaşında qələmlə, sözlə Vətən keşiyində dayanmağından söz açdılar. Qazax Şəhidləri haqqında ilk kitabın müəllifi Fəridə Ləman olduğunu fəxrlə söylədilər.
Ziyalılar Arzu Nehrəmli, Nüşabə Məmmədli, Aidə Şirinova, Adilə Nəzər, Simuzər Baxış, Xalidə İlyasqızı, Hüsniyyə İsmayıllı çıxış edərək Fəridə Ləman yaradıcılığından, bir ziyalı olaraq onun Vətən qarşısında xidmətlərindən söz açdılar.
Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr əvəzi, millət vəkili Fazil Mustafanın təbrik məktubunu Fəridə Ləmana təqdim etdi.
Aşıq Şahin Süleymanov və Aşıq Aişə Səyyadqızı Fəridə Ləmanın müəllifi olduğu şeirləri sazda ifa etdilər. Sonda söz Fəridə Ləmana verildi. Fəridə Ləman tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbirin keçirilməsində əməyi olan insanlara, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova, akademik Nizami Cəfərova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr əvəzi, millət vəkili Fazil Mustafaya, tədbirin aparıcısı yazıçı-publisist Məti Osmanoğluya təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Bu gün və sabah Antalya Şəhər Teatrı Bakıda çıxış edəcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində bu gün Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı Bakıda “Gecikənlər” tamaşasını təqdim edəcək.
Tamaşa həmçinin sabah Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.
Tamaşaya giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
POETİK QİRAƏTdə İqbal Nəhmətin “Gəlmə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə gənc şair İqbal Həhmət görüşür.
Hələ ki, qonaqdı qarlı qış mənə,
Gözlə bahar gələr, onda gələrsən.
Gəlib oyadarsan bənövşələri,
Gələndə o güllü donda gələrsən.
Bizim buralarda soyuqdu, gəlmə,
Azan dənizçınin qayığındayam.
Yerin isti olsa məni düşünmə,
Mən hələ bu ömrün soyuğundayam.
Gəlib oyadarsan bənövşələri
Cücərər nazını çəkib gedərsən.
Kollara danışıb mənim sevgimi,
Bənövşə dibinə əkib gedərsən.
Ədəbiyyat və incəsənət”
(04.12.2023)
“Ay Laçın, can Laçın”
Tanınmış sahibkar, iş adamı, şair Xuraman Muradovanın Türkiyənin Ankara şəhərində "Ay Laçın, can Laçın" adlı ikinci şeir kitabı türkün türkcəsində yenicə çapdan çıxıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab “Gülnar yayınları” nəşriyyatında ərsəyə gəlib.
Xatırladaq ki, şairin birinci kitabı "Sənə məktub yazacam..." adlı mahnısının adıyla işıq üzü görmüşdür.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
“Qırmızı ləkə” - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Onu ən son görəndə gülərkən yanağında əmələ gələn qəmzələrin yerində qırmızı ləkələr var idi. Qəbul edirəm , onun yanaqları və burnu qızarsa belə bir "kloun" qədər əyləncə vəd edən siması yox idi. Amma mənə bu ləkələr çox maraqlı təsir bağışlamışdı. Axı buna nə səbəb ola bilərdi?Nə də olsa, onu sevgi sözcükləri ilə utandıran hündürboy, yaraşıqlı, könlünü xoş tutan bir qəhrəmanı yox idi, elə çox bəzək-düzək bacaran birinə də bənzəmirdi. O an tez baxışlarım əllərinə yönəldi, düşündüm ki, bəlkə onun da ailəsi bütün işlərini həll etdikdən sonra evdə çörək olmadığını xatırlayanlar topluluğuna daxildir və bu yaramaz da həmin çörəyin ən azı yarısını yeyərək evə çatmağa tələsir. Ya da kiminsə ağır şilləsinə tuş gəlib, yoxsa üzü niyə bu qədər qızarsın ki?
Bir az sonra ağlıma gəldi ki, bəlkə də səbəbi onda deyil başqa mövqelərdə axtarmalıyam. Başımı qaldırıb ətrafa baxdığım zaman onun bu aləmdə tək olmadığını gördüm. Onlarla onun kimilər küçələrdə qırmızının ağır tonlarına qarşı mübarizə aparırdılar. Bu mənzərə insana saraya sərilən xalça mənzərəsini xatırladırdı. Sonra gördüyüm ləkələrin onların hər birinin üzü ilə yanaşı bütün vücudlarını əhatə etdiyinin fərqinə vardım. Bu dəmdə sıxlıqdan asimana doğru titrək bir əl uzandı, cəld davranıb tutmağa çalışsam da, bir göz qırpımında geri çəkildi.
Sonra bir uşaq oyuncağının qırmızı axıntıya qarşı mübarizə apardığını gördüm, onu xilas etdiyim zaman sağ qolu yox idi. Gözlərim əlində oyuncağının qolunu bərk-bərk sıxan körpəyə sataşdı, anası da onun əllərini bərk- bərk sıxırdı. Səssiz bir insan sürüsü, bütün səssizlikləri ilə girdikləri ağır bir mübarizə...
Oradan ayrılmaq məcburiyyətində olduğumu bilirdim, amma son bir şeyi umutmuşdum. Axı bu çarəsizlik içində oyuncağı öz qolu ilə qovuşdurmaq tək çarə idi. Axı hər ayrılıq bu qədər gözəl sonla bitmir....
“Keçmişimiz və tariximiz unudulmur. Sonu gözəl olmayan bütün hekayələrə ...”
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub
Dekabrın 3-də Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilib. Azərbaycanın Türkmənistandakı səfirliyindən AzərTAC-a verilən məlumata görə, hər il olduğu kimi bu il də ölkəmiz festivalda təmsil edilib.
Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.
Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub.
Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.
Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
3-cü hissə
Narahatlıq girdabında
Süleyman bura qədər romanı çox maraqla oxudu. Amma hiss etdi ki, yuxusu gəlir. Göz qapaqları qeyri-iradi ağırlaşıb yumulmaq həsrətindəydi. Romanı bir tərəfə qoydu... Yataqda uyuyan həyat yoldaşına – Zərrinə baxdı. Zərrinin üzünün nuru yuxudada ona ilahi bir gözəllik verirdi... Pəncərədən düşən ay işığı sanki Zərrinin əvəzindən danışır, qadın müqəddəsliyindən bəhs edirdi.
Süleymanqadın ismətihaqda düşündü...Həyalı, sadiq qadın olmağın necə bir ucalıq olduğunu, belə bir xanımın atası, qardaşı, əri olmağın nə qədər gözəl olduğunu fikir süzgəcindən keçirdi. Belə qadının övladı olmağın xoşbəxtliyini düşündü.
Və... birdən fikirləri tamam əks cəbhəyə yönəldi. Bəs birdən fahişə qadının doğması olmaq necə? Həyalı qadına məxsus nurdan məhrum olmaq. Şux, üstündə sübhün şeh damcıları olan ətirli bir qızılgüllə əzik-üzük, saplağından üzülmüş bir gül gəldi gözlərinin qabağına...
Dəhşətli fikirlər beynini əsir etdi. Onun Zərrini ona xəyanət edə bilərmi?
İşıqlaşana yaxın bu sual daha ağır şəkildə ruhunu əzdi. Zərrin ona xəyanət edibmi?
Sakit, təlatümsüz həyatına axı haradan gəlib soxuldu bu saqqallı gədə? İkrah hissi ilə sinəsinə qoyduğu romanı götürüb döşəməyə tulladı. Hətta səsdən Zərrin yerində qımıldandı da. Qərar qəbul etdi ki, romanı daha oxumayacaq, oğlanı çağırıb deyəcək ki, “götür zibilini apar”.
İşə gedəndə bu qərarında qəti olduğuna tam əminlik var idi onda.
Otağına keçdi, amma özü də hiss etdi ki, qəribəlikləri davam etməkdədir. Əməliyyatçı qızlara, katibəsinə diqqətlə baxır, onlarda Ülkərin əlamətlərini axtarırdı... Fikri yenə hərlənib-fırlanıb romana qayıdır, qaldığı yerdən davamını oxumağa səbirsizlənirdi. Nahara yaxın hiss etdi ki, verdiyi qərarı pozacaq. Hiss etdi ki, onu tiryək kimi özünə çəkir bu kağız parçaları. Arada bir neçə dəfə əl atıb romanı götürdü, davamını oxumaq istədi, bəxtdən iş çox idi, müştəri əlindən göz açmağa imkan yox idi. İş vaxtının tezliklə bitməsini arzuladı ki, qayıdıb evdə romanı oxumağa davam etsin...
Fərqliydi, əsəbiydi. Rayondakı qızları, sinif yoldaşlarını, tələbə yoldaşlarını yad eləyirdi. Adı pisə çıxmış qızları birər-birər gözünün qabağına gətirirdi. Düşünürdü ki, bu roman onu narahat edən suallardan qopmağa, xalqı bu bəladan qurtarmağa kömək edəbilərmi, görən? Düşünürdü ki, romanı bitirəndən sonra burada yazılanların həqiqətən effekt verəcəyinə inanarsa, gənc, istedadlı yazarları dəvət edər, onlarla fikir mübadiəsi aparar,onları da bu aktual problemlə, bu bəla ilə mübarizədə xalqa kömək etməyə çağırar. Düşünürdü ki, bir vaxtlar ona sosiologiyadan dərs demiş ağsaqqal müəllimi, deputat dostları ilə də görüşüb bu məsələni müzakirə edər...Bəlkə də birlikdə bütün cəmiyyəti hərəkətə gətirəcək bir təşkilat qurar, fəaliyyət proqramı da hazırlaya bilərlər.
Evə gəlcək dərhal yemək yedi... Zərrin xanımla qızlarının təhsili ilə bağlı qısa bir söhbət edib öz kabinetinə keçdi. Romanı götürüb divana uzandı.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
“Üstünü xəzəllə torpaqlayalar” -Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yola saldığımız payız barədə gözəl lirik peyzaj yaratmış Təranə Dəmirin iki şeirini təqdim edir. Sabahsa şairin insan duyğularından yaratdığı iki lirik peyzaj sizlərə təqdim ediləcək.
ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar, köpəklər,
Sənə batırmağa dişi olmaya.
Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.
Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.
Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın-
Bu dağlar, dərələr, təpələr - sənin.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
İNDİ BU PAYIZDAN ..
İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.
Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.
Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən, yağışdan tutub gedirik.
İndi bu payızın sevdası ayrı,
İndi bu payızın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.
Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.
İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Müharibəsizlik və xəstəliksizlik!
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Şaxta baba uşaqların, bəzən də böyüməmiş ruhların yeni il müjdəçisidir. Şaxta babaya nə zamansa, məktub yazmağım, yaxud yazmamağım barədə bir fikrim yoxdur, daha doğrusu, yadımda qalmayıb. Amma indi bu yaşımda yazsa idim, yəqin ki, bir neçə il əvvəl yazacağımdan fərqli olacaqdı bu məktub.
2020-ci ildən başlayaraq mənim üçün həyat tərsinə dövr etməyə başladı sanki. Əvvəlcə müharibə dönəmində olan hadisələr, daha sonra öz həyatımda baş verən itkilərin hər biri bu məktubun məzmununa fərqli təsir edəcəkdir.
Özüm üçün yazsa idim, yəqin ki, zamanın geri addımlamasını istəyərdim. Amma əlimdə iki seçim olsa, geri qayıdıb bir səhər yuxudan durub hər şeyin əvvəlki kimi taraz olmasını, xəstəliksiz, itkisiz zamanı istəyərdim.
Ya da ki, bir söz var, çox vaxt deyirlər ki, keçmiş daha keçib, gələcəyinizi düzgün qurun. Mən də bu sözə uyğun gələcəkdə indi itirdiklərimin əvəzi olmasa da, yenə də ruhlandırıcı istəklərimə bir an öncə çatmaq istərdim.
İnsanlar üçün istəyə gəldikdə isə, təəssüf ki, cəmiyyət üçün problem yaradan xəstəliklər ki var, onların ziyanını görənlərdənik. Həmçinin özüm də müharibənin ağır itkilərini eşidən, bilən, araşdıran, üzülənlərdənəm. Ona görə həm bundan sonrakı öz həyatım üçün, həm ailəm üçün, həm də cəmiyyət üçün sülh içərisində yaşayış, çarəsi tapılmayan xəstəliklərin uzaq olduğu bir həyat istəyərdim.
Şaxta baba, biz səni öz ailəmizin timsalında tanıyırıq. Atamız, anamız, nənəmiz, babamızdır bizim Şaxta baba təmsilçimiz. Onlar hər zaman yanımızda olarsa, biz hər zaman Şaxta babadan razı olacayıq.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Bu dəfə gələcəyə səyahət edəcəyəm - QIZIMA SƏSLƏNİRƏM
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Səyahət etməyi sevirsiniz? Mən sevirəm. Ən çox da keçmişə səyahət etməyi sevirəm. Nə dəyişdi, nə düzəldi, nələri dəyişə bildik, nə qədər inkişaf etdik - bunları görmək ümidilə ən çox keçmişlə bugün arasında müqayisələr aparıram. Bir müddət öncə sizinlə qadın hüquqları mövzusunda bir yazımı paylaşmışdım. Son dönəmlər aktual olan mövzulardan biri. Bir digər aktual mövzu isə Qaraqandır ki, bununla bağlı ilk dəfədir nə isə yazıram. Qaraqanın "BİRİNCİ DƏRƏCƏ" komandası artıq təxmin edir mövzu nədir. "Qızım" tracki.
Bu səfər isə keçmişə yox, gələcəyə səslənəcəyəm.
Qızım. Çox qəribə bir dünyaya göz açacaqsan. Olduqca maraqlı, acı dolu, sevinc dolu, bəlkə çox uzun, bəlkə sıradan bir həyat yaşayacaqsan. Bilməyini istədiyim çox şey var. Bu həyatda nə olur olsun, güclü olmaq hər insanın, hər bir qadının ilkin borcudur. Amma mən istəyirəm ki, sən məcbur olmayasan heç nəyə. Mən sənin arxa, dayağın olacağam. Sən də mənim gücüm, hüzurum. Bu dünyada nə olur olsun, hər yıxılanda sənə baxacaq, səndən güc alacağam. Hal-hazırda mənim 19 yaşım var. Amma bir gün sən mənim olsan, mənim həqiqətən bir qızım olsa, sənə bu dünyadan fərqli bir dünya verəcəyəm, söz verirəm. Sən heç vaxt eşitməyəcəksən "Sən qadınsan, dur bu işi gör" cümləsini. Sən heç vaxt görməyəcəksən bədəninin hər hansı bir yerində mavi, yaşıl, bənövşəyi rəngləri. Qızım. Səninlə danışmaq istədiyim, sənə demək istədiyim bir neçə şey var, yaxşı dinlə məni. Sən bu dünyaya gələndə, bil ki, bir mələk kimi gələcəksən və ömrünün sonunadək bir mələk olaraq qalacaqsan. Heç kim sənin qürurundan, sənin qəlbindən, sənin səbrindən və xətrindən üstün olmayacaq. Heç kimin din anlayışı, mentalitet düşüncəsi sənin həyat tərzini bəlirləməyəcək. Sən azad bir qadın kimi yetişəcək, hür bir insan kimi formalaşacaqsan. Sənin öhtəliklərin olmayacaq, sənin seçimlərin olacaq. Sənin məcburiyyətin yox, istəyin olacaq. Qızım. Sənin gələcək planların nə olacaq bilmirəm, amma mənim sənlə bağlı arzularım odur ki, hər şeyin üstəsindən tək gələcək qədər güclü, əlini ağdan qaraya vurmaq istəməyəcək qədər də zərif olasan. Bütün dünyanın sirlərini açacaq qədər zəki, amma qəlibləşdirilmiş dərsləri vecinə almayacaq qədər də ağıllı olasan. Sən bu dünyada necə olursan ol. Ən gözəl şəkildə var olacaqsan.
Qızım. Mən səni kişilərə düşmən yetişdirməyəcəyəm. Sən həyatın hər anında insanları sevməyi öyrən, bunu istəyirəm, sevgi dolu ol. Bu dünyanın kirinə, nifrətinə inad, ən gözəl sən gül, ən çox sən xoşbəxt ol. Ruhumun sözü-avazı... Hər zaman əlinin biri yuxarı, biri aşağı baxsın. Mevlana rəqslərində olduğu kimi... Bir əlin dua etsin, bir əlin daim kömək etsin, daim ölümü bilsin və unutmasın. Nifrət, kin, əsəb kimi duyğulardan xəbərsiz ol. Sən bu dünyanı qüsursuz bil, qüsursuz tanı, qüsursuz yaşa. Amma səhv etməkdən də qorxma. Səhvlərinlə birlikdə böyü, düzlərinlə özünə bir cığır aç. Əsrlərin kitablarını oxu və bil ki bu dünya, sənin dünyan sadəcə sevgiylə, sənin o kiçik qəlbindəki nurla gözəlləşəcək. Daim işıq saç. Kiməsə görə yox, öz yolların aydınlıq olsun deyə. Kimdənsə qorxma, hətta yaradandan belə. Öz qəlbini o qədər gözəl tanı, o qədər gözəl yetişdir ki, tanrının səni sevdiyindən o qədər əmin ol ki, əllərin səmaya qorxuyla yox, hüzurla açılsın daim. Bil ki, sadəcə o olacaq sənin qəlbinə fərəhlik verən və sənin qurduğun, sənə qurduğum yepyeni nağıllar aləminə bənzər o dünyada sənə dəstək olan.
Sən biləcəksən ki, sənin anan əslində gənc bir yazıçı olmaq xəyalı qurub və minlərlə qadına aid yazı yazıb, hətta bəzən üsyanlar edib tanrıya ki, niyə bu qədər canlar yanır?! Amma sən elə bir dünyada yaşa ki, əsla üsyan edəcək səbəbin olmasın. Sən kişilərdən qorxmaq yerinə tanrıya "yaxşı ki bu dünya qadın və kişilərin birlikdə həyat sürdüyü yer olaraq qurulub" deyə biləcək qədər şanslı ol.
Qızım. Mən sənə söz verirəm ki, həmçinin sənin nə atan, nə qardaşın sənin həyatını almayacaq səndən. Sənə səndən başqası toxunmayacaq, səni səndən başqası gücdən sala bilməyəcək. Və mənim sənə yeganə şərtim odur ki, sənə yaradacağım dünyanın sənin olduğunu unutma. Unutma ki, səni heç sən də yıxa bilməz. Səni sevirəm. Mən var olmayan, amma var olanda daha çox sevəcəyim qızımı çox sevirəm. Diləyirəm, heç vaxt "kaş ki" deməzsən. Çünki mən sənin üçün bu cəmiyyəti "yaxşı ki" deyiləcək hala gətirməyə çalışacağam.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)