“Ədəbiyyat və incəsənət” portalı yola saldığımız payız barədə gözəl lirik peyzaj yaratmış Təranə Dəmirin iki şeirini təqdim edir. Sabahsa şairin insan duyğularından yaratdığı iki lirik peyzaj sizlərə təqdim ediləcək.
ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar, köpəklər,
Sənə batırmağa dişi olmaya.
Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.
Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.
Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın-
Bu dağlar, dərələr, təpələr - sənin.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
İNDİ BU PAYIZDAN ..
İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.
Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.
Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən, yağışdan tutub gedirik.
İndi bu payızın sevdası ayrı,
İndi bu payızın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.
Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.
İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)