Super User
Ölkəmizə gələn turistlərin sayı 33 faizdən çox artıb
ƏN ÇOX GƏLƏN RUSİYADANDIR
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu rəqəm pandemiyadan əvvəlki dövrün rəqəmlərinə qismən yaxın rəqəmdir. Qeyd edək ki, gələnlərin statistikası aşağıdakı kimidir:
31,7 faizi Rusiya Federasiyası,
17,7 faizi Türkiyə,
7,5 faizi İran,
4,9 faizi Hindistan,
4,7 faizi Gürcüstan,
4,4 faizi Səudiyyə Ərəbistanı,
2,6 faizi Qazaxıstan,
2,4 faizi Pakistan,
2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,
1,8 faizi Özbəkistan,
1,6 faizi İsrail,
1,5 faizi Küveyt,
1,5 faizi Ukrayna,
1,4 faizi Belarus,
1,2 faizi Türkmənistan,
1,1 faizi Böyük Britaniya,
11,9 faizi digər ölkələrin vətəndaşları.
Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan 3,2 dəfə, Hindistandan 2,4 dəfə, Özbəkistandan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Belarusdan 1,7 dəfə, Rusiya Federasiyasından 1,6 dəfə, İtaliyadan 1,5 dəfə, ABŞ-dan 39,5 faiz, İsraildən 39,2 faiz, Gürcüstandan 32,9 faiz, Böyük Britaniyadan 27,0 faiz, Küveytdən 22,3 faiz, Türkiyədən 19,6 faiz, Almaniyadan 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 11,8 faiz, Ukraynadan 5,1 faiz artıb.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının gedişatı
Xəbər verdiyimiz kimi, Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub.
Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, “DokuBaku”nun təsisçisi və direktoru, kino və teatr rejissoru İman Həsənov çıxış edərək festivalın keçən il olduğu kimi bu il də gender bərabərliyinə sadiqliyini qeyd edib. Belə ki, bu il qalib adını qazanaraq, festivalda iştirak edən filmlərin 40 faizi məhz qadın əməyinin məhsuludur.
Sonra “Yüz yaşa” filmi nümayiş olunub.
Ekran əsəri dünyanın ən uzunömürlü sakini kimi “Ginnesin rekordlar kitabı”na düşmüş Şirəli Müslümov və onun ailəsindən bəhs edir. Həmçinin Lerik rayonunda yaşayan digər uzunömürlü şəxslərin həyat və yaşayış tərzləri haqqında maraqlı kadrlar yer alıb.
Rejissor film haqqında festival iştirakçılarını məlumatlandırıb. Bildirib ki, onun Azərbaycanda çəkdiyi ilk filmdir: “Çox sevinirəm ki, filmin premyerası məhz milli kinonun yaranmasının 125 illiyinə təsadüf etdi. Arzu edirəm ki, uzunömürlü Azərbaycan kinosu qəlbimizdə həmişə yaşasın”.
Qeyd edək ki, 2017-ci ildən keçirilən festival Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Builki festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü” adlanır. İndi bəşəriyyət Dolça əsrinə qədəm qoyduğuna görə, biz qloballaşmaya və sehrdən fərqlənməyən elmin sürətli inkişafına hazır olmalıyıq. 30 il əvvəl bizə yalnız ssenaristlərin və yazıçıların ixtirası kimi görünən ideyalar artıq həyata keçir və varlığımızın bir hissəsinə çevrilir.
Festivalın proqramı 43 nümayişdən ibarətdir. Festivalda 29 ölkədən 61 sənədli film nümayiş etdiriləcək.
Festival ən yaxşı tammetrajlı film, ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main müsabiqə, müsabiqədən kənar və DokuKids olmaqla beş kateqoriyaya bölünür. Festival ərzində istehsal olunan yeni filmlərin premyeralarının da keçirilməsi nəzərdə tutulur.
Hər nominasiya üzrə qalibləri isə Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları təqdim olunacaq. Qaliblər “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı ilə də təltif olunacaqlar.
Festivalın builki rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi, Almaniyanın ölkəmizdəki səfirliyidir.
Festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək, eləcə də dövrümüzün reallığı olan rəqəmsallaşma və həyatın çılğın tempi ilə bəşəriyyət necə ayaqlaşa bilər, insana dəyər biçən kimdir, insan texnologiyadan istifadə etmədən uğur qazanmaq arzusunun öhdəsindən ən yaxşı şəkildə necə gələcək kimi suallar çərçivəsində kinematik araşdırmaları bölüşməkdir.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
ÇIXIŞIN QISA İCMALI
Xəbər verdiyimiz kimi, 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Sentyabrın 26-da nazir “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunan 12-ci Konfransda çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən nazirin çıxışının qısa icmalını xatırladır.
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransına yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Qətər Dövləti Hökumətinə və ICESCO rəhbərliyinə, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Hamad Saniyə təşəkkürünü bildirən nazir daha sonra qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatla əməkdaşlığa xüsusi önəm verir. Eyni zamanda ölkəmizin ICESCO ilə əməkdaşlığı Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın yaxından dəstəyi ilə daha da möhkəmlənir və genişlənir.
“Əlaqələrimizin möhkəmləndirilməsində təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin də səyləri təqdirəlayiqdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda bu il ICESCO-nun Regional ofisi açılacaq və bu da İCESCO ilə münasibətlərin, bütünlükdə İCESCO gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır ” deyə nazir qeyd edib.
Sonra o, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyi bildirilib. Qeyd edib ki, təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda da iştirakının əhəmiyyətli olacağı diqqətə çatdırıb.
Ölkəmizin tarixi-mədəni zənginlikləri və İslam irsi barədə məlumat verən Adil Kərimli qeyd edib ki, ölkəmizdə İslam mədəniyyəti təkcə qədim dini tikililərdə, onun memarlığında deyil, həm də qeyri-maddi irs və adət-ənənələrimizdə, xalq yaradıcılığında, ədəbiyyat, musiqi, rəqs, xalçaçılıq, tətbiqi sənət, kino və s. sahələrdə özünü göstərir.
Daha sonra çıxışda Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 30 illik işğalı zamanı buradakı tarixi-mədəni irsin tamamilə dağıdıldığı, mədəni və dini irsin yer üzündən silindiyi, yaxud mənimsəməyə məruz qaldığı diqqətə çatdırılıb. Bölgədə 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscidin yerlə-yeksan edilib dağıdılması diqqətə çatdırılıb.
Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi birləşmələrinin qalıqları Azərbaycan ərazilərində təhlükəsizliyə və sülhə təhdid yaradırdı. Belə ki, 2020-ci ilin noyabr ayından Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin yerləşdirdiyi minalar nəticəsində əksəriyyəti mülki şəxslər, o cümlədən jurnalistlər də olmaqla 300-dən çox azərbaycanlı həlak olub. Buna görə də Azərbaycan ötən həftə lokal antiterror tədbirlərinə başlamaq qərarına gəlib və 24 saat ərzində qanunsuz qüvvələrin təslim olmasına və tərksilah edilməsinə nail olub, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiya prosesinə başlanılıb. Bu çərçivədə Azərbaycan hökuməti yerli sakinlərə lazımi humanitar yardım göstərir və təhlükəsiz və dinc reinteqrasiya prosesini təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirir.
Sonda nazir Şuşanın 2024-cü il üçün İslam Dunyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar qonaqları Şuşa ilə bağlı video materiala baxmağa dəvət edib.
Şuşa şəhərinin mötəbər tribunadan video- təqdimatı olub. Təqdimat iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.
Vətən oğullarının misli görünməmiş fədakarlığı və şücaəti ilə otuzillik işğal cəmi 44 gün ərzində başa çatdırılıb, Qarabağ və Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad edilib. Ordumuzun parlaq Qələbəsi ilə xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də Mədəniyyət Nazirliyinin əməkdaşları başda nazir Adil Kərimli olmaqla Bakıda inşası davam etdirilən Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Günay Əfəndiyeva Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunda iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunun açılış mərasimində iştirak edib.
Fonddan verilən məlumata görə, Forumun əsas məqsədi türkdilli dövlətlər arasında mədəniyyət və dil sahələrində əməkdaşlığı genişləndirmək, hazırkı dövrdə və gələcəkdə türk dilinin inkişafı və qorunub saxlanmasına diqqətin daha da artırılması ilə yanaşı, linqvistik məsələlərlə bağlı müzakirələr aparmaq olub.
Tədbirdə Qırğızıstanın Dövlət katibi Suyunbek Kasmambetov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Medetkan Şerimkulov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerzhan Mukaş, türk dövlətlərin Qırğızıstanda akkreditə olunmuş səfirləri və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən alim və dil mütəxəssisləri iştirak ediblər.
Tədbirdə çıxış edən Günay Əfəndiyeva Forumun əhəmiyyətini vurğulayıb, türk dillərinin qorunub saxlanması və inkişafı üçün vacib olan əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, Forum Türk xalqlarının böyük irsi və birləşdirici gücü olan ortaq dilimizə həsr edilib. Bu platforma dil haqqında anlayışımızı hərtərəfli şəkildə dərinləşdirməyə imkan yaradır.
G.Əfəndiyeva dil birliyinin vacibliyinə toxunaraq qeyd edib: “Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir. Bu, mürəkkəb və əhəmiyyətli prosesdir. Azərbaycan bu keçidi Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla həyata keçirib. Azərbaycanın Türk dünyasına inteqrasiyasında Heydər Əliyevin bu addımı mühüm rol oynayıb”.
Fondun prezidenti Türk dövlətlərində dil təhsilinin əhəmiyyətini vurğulayaraq bildirib: “Türk dövlətlərimizdə dil təhsilini həyata keçirməklə, biz dillərimizin mənşəyini daha dərindən öyrənə bilərik. Məqsədimiz yenilənmiş kommunikasiya vasitəsilə gələcəyə doğru ortaq yola çıxmaqdır”.
O, petroqliflər, tamqalar, runik işarələr kimi qədim türk yazılarının öyrənilməsinin də aktuallığına diqqət çəkərək əlavə edib ki, bu yazıları dərk etmək qədim mesajlar ilə keçmişimizin sirlərini açmaqdır. Bu da ortaq türk dilinin formalaşmasına böyük töhfə verəcək.
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qədim türk yazılarının tədqiqi istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu il Türk Akademiyası ilə əməkdaşlıq çərçivəsində, Türk yazısının (Türk Bitig) oxunmasının 130 illiyinə dair beynəlxalq konfrans təşkil etmişik. Bundan əlavə, Fond qədim türk yazılarına həsr olunmuş böyük layihə başlayıb və artıq Niderlandda sərgi keçirib”, – deyə Günay Əfəndiyeva vurğulayıb.
Türkdilli Dövlətlərin Beynəlxalq Forumu Bişkek Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)
Xınalıqda 20 ev təmir olunur
“Bu il Quba rayonunun Xınalıq kəndində 20 evin təmir-bərpası həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov bildirib.
"Hava şəraiti imkan versə, bu evlərin hamısının təmir-bərpası sona çatdırılacaq. Əks təqdirdə 17 ev təhvil veriləcək. Ümumilikdə Xınalıqda 4 il müddətində - 2021-2024-cü illərdə 60 evin təmir-bərpası layihələndirilib. 2021-ci ildə 16, 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ilə isə qalan evləri təmir-bərpa etməyi planlaşdırırıq", - deyə o qeyd edib.
E.Ağalarov vurğulayıb ki, Xınalıq tarixi yer olduğu üçün evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa edilir.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı davam edir
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilir.
Festival oktyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü”dür.
Festivalın proqramı 43 nümayişdən ibarətdir. Bu müddət ərzində beş kateqoriya üzrə 60-dan çox film nümayiş etdiriləcək. “Ən yaxşı tammetrajlı film”, “Ən yaxşı qısametrajlı film” və digər nominasiyalar üzrə qalibləri 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək.
Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara mükafatlar veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.
Festival tərəfdaşlarının sayı ildən-ilə artır. Bu il Bakıda keçirilən festivalda Saloniki Beynəlxalq Film Festivalının nümayəndəsi Yanis Palavos, eləcə də Lissabon Sənədli Filmlər Festivalının proqram tərtibatçısı Castin Cekl iştirak edir.
Nəzərinizə çatdıraq ki, festival nazirliyin maliyyə dəstəyi ilə 2017-ci ildən bəri hər il keçirilir.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Anım gününün ovqatına köklənmiş şeirlər
“Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bugünkü Anım gününün ovqatına köklənmiş şeirlərini təqdim edir
QƏLBİMDƏSƏN, BİRDƏNƏM
(Şəhid xanımının dilindən)
Hərdən səsin gəlir qulağıma,
sevinirəm.
ah, o təbəssümün...
gülümsəyirəm…
əllərim havalanır,
sənə doğru uçuram…
adın gəlincə qızımızın dodağı büzülür,
oğlumuzun qaşları çatılır...
uşaqların səsinə aşağı enirəm
sənə uzanan əllərimlə
iki balamızı qucaqlayıram.
sənin qoxun gəir,
səsin gəlir,
sən həmişə bizimləsən,
qəlbimdəsən, birdənəm...
HƏR ŞƏHİD BİR BAYRAQDI
Bu ana Vətənimin
Haqq səsidi Şəhidlər.
Min bir adın içində
Müqəddəsdi Şəhidlər!
Şəhid oldu oğullar
Vətən yaşasın deyə.
Qarabağ azad olub
Haqqa qovuşsun deyə.
Şəhidlərin adları
Bütün eli dolandı.
Bayrağımız Şuşada,
Laçında dalğalandı.
O quruca torpağın,
Daşın sağ olsun, Vətən.
Hər Şəhid bir bayraqdı,
Başın sağ olsun, Vətən!
AZƏRBAYCAN ƏSGƏRİ
Oddan-alovdan keçib,
Düşmən üstünə getdin.
Hər barmağı bir silah
Yağıları məhv etdin.
Azərbaycan əsgəri.
Şimşək kimi çaxdın sən,
Zülməti yarıb qalxdın.
Şuşada bayrağımı
Alıb köksünə sıxdın.
Azərbaycan əsgəri.
Ucaltdın adımızı,
Cəsarətlə, şərəflə.
Sən yenidən doğuldun
Qəlbimdə bu zəfərlə
Azərbaycan əsgəri!
Yeni bir tarix yazdın,
Sadiq qaldın andına.
Qurban olum, mən sənin
Şəhid, Qazi adına
Azərbaycan əsgəri!
ŞƏHİDƏM, ÖLMƏMİŞƏM
Şəhiddir mənim adım,
Vətən üçün doğuldum.
Vətən üçün yaşadım,
Uğrunda Şəhid oldum.
Mən cismən olmasam da,
Şəhidəm, ölməmişəm.
Sağım-solum gülüstan
Cənnət budur, gəlmişəm.
Mənimtək neçə oğul
Qurban oldu bu yurda.
Təki Vətən sağ olsun,
Elim qalmasın darda.
Anam da qürurludur,
Adım Vətənlə təndir.
Mənim ilk beşiyim də,
Məzarım da, Vətəndir!
NƏ YAXŞI VARSAN, OĞLUM!
Doğum günün mübarək,
Nahid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?
Bulud kimi dolub, bax,
Anan da, "Salam!"- deyir.
Bacı-qardaşların hey,..
Hey səni əzizləyir.
Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum!
Fəxr edirəm səninlə
Nə yaxşı varsan, oğlum!
QAR YAĞSIN
İstəyirəm qar yağsın,
Qara gün qarda batsın.
Adamlar bir-birinə
Güllə deyil, qar atsın.
Qara günlər ağarsın,
Dünyaya yağsın bu qar.
Qışın tən ortasında
Günəştək doğsun bu qar.
Müharibə sözünü
Görüm qar-çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
POETİK QİRAƏTdə “Köçhaköç”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Yusif Nəğməkarın “Köçhaköç” şeirini təqdim edirik.
Bir vaxtlar onlar bizi öz rus havadarlarının dəstəyi ilə yurd-yuvamızdan qaçqın salmışdılar. İndisə özləri getməli olublar…
K Ö Ç Ə K Ö Ç...
Bir vaxt köç başlamışdı
Qərbi Azərbaycandan...
Namərdlər daşlamışdı;
Can ayrılmışdı candan!..
Zaman çönüb əyişdi;
Yetdi qisas günü - öc...
Hökmün xımı dəyişdi;
İndi özgə köçəköç!..
Çərxin də pəri dönür,
Zəhər dolur tabağa...
Bu gün köç geri dönür,
Axsaq düşür qabağa...
Yolsuzluq girdabında
Yön tut yolda tıxaca -
Sanki dabaq sürünü
Toplayıblar arxaca...
Bu iştaha balansı
Yarıtoxdur, yarıac...
Kimlər oldu çalansı,
Kimlərdən keçdi arğac?!.
Tanrı düzən qaydanın
"Eyvah"ı, "kaş"ı yoxdur...
Dünya da köç meydanı;
Bu baş, o başı yoxdur...
Bürüş böhtanın əmrü
Zatən heç uzun deyil,
Bu da şər - şurun ömrü --
Əbədi izn deyil!..
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)
Milli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim olunub
27 Sentyabr - Anım Günü ilə əlqədar Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(27.09.2023)