Super User

Super User

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakı ilə bağlı materialların təqdimatını davam etdiririk. 

 

Səfər  çərçivəsində Qədər Dövlətinin Mədəniyyət Nazirliyində bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüş keçirilib.

 

Nümayəndə heyətini salamlayan Şeyx Əbdülrəhman bin Həməd əl-Tani iki ölkə arasında mədəni əlaqələrdən söz açıb, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

 

Qətərli nazir Azərbaycanda olduğunu, ölkəmizin mədəniyyətini, insanlarını, mətbəxini sevdiyini bildirib. O, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin, eləcə də muzey sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

 

Nazir Adil Kərimli səmimi qəbula, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, dövlət başçılarımızın dostluq münasibətləri, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişafına zəmin yaradıb.

 

Görüşdə Qətərin mədəniyyət naziri bu ilin noyabrında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə və 2024-cü ildə paytaxtımızda təşkil olunacaq VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət edilib.

 

Bu il Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığı və tədbirin təqviminin və proqramının dəqiqləşdirilməsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

29-CU DƏRC

 

 

Gənc hakim çıxışına davam etdi:

-Məsələnin ciddiliyi Azərbaycanın qanunverici orqanı olan Milli Məclisinin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədi şəklində təqdim də edilib, Milli Məclisin «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» adlı Bəyanatında da öz əksini tapıb. Qeyd olunub ki, «Böyük Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış Azərbaycan xalqına məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir. Konkret olaraq, Azərbaycanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi xalqın folklor nümunələrinin bir neçə mənimsənilmə və oğurluq mərhələsini sistemləşdirmişdir ki, mən diktorlardan xahiş edərdim, həmin sənədi Divan üzvləri və auditoriya üçün oxusunlar.

Bir xanım diktor tribunaya keçib sənədi oxumağa başladı:

-Salam, dəyərli Divan heyəti, salam, dəyərli tamaşaçılar. Sizə paylanan materiallarda çoxlu təkzibedilməz faktlar var ki, qədim dövrlərdən gələn Azərbaycanın Daş-balıq, Daş-qoç, Daş-at abidələrini özününküləşdirən, qədim Alban torpaqlarını və abidələrini «Şərqi Ermənistan» ərazisinə çevirmək istəyən erməni saxtakarları Azərbaycan tarixinin xristianlıq dövrünün kilsələrini, stella və xaçdaşlarını, nişan-daşları və başdaşlarını və bunlarda həkk olunmuş milli dekoru, habelə digər maddi abıdələri də mənimsəmişlər. Bunlarla yanaşı, qədim dövr tarixçiləri Musa Kalanqatlının «Alban tarixi»ni, Karakos Gəncəlinin «Tarix»ini, Muxtar Kosanın «Alban xronikası»nı və «Adət hüququ»na aid Qaydalarını da erməniləşdirmişlər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını belə alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağlamışlar.

İş ondadır ki, Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman – zaman ermənilərin öz dili ilə də etiraf olunub. Məsələn, məşhur erməni yazıçısı Xaçatur Abovyan “Ermənistan yaraları” adlı əsərində yazıb: «Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür», «Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir», «Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq», «Bızım dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi».

Ermənilərin türkdən mədəniyyət işğal etməsi faktını hətta xarici şəxsiyyətlər də etiraf etmişlər. Rus Bestujev-Marlinski və alman Haksthauzen yazıblar: «Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar», «Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə türk dilində yazırlar”, «Bu dil ilə bütün Asiyanı başdan-başa dolaşmaq olar” və s.

 Haqverdiyanlar, Ağayanlar və digər erməni mədəniyyət xadimləri 19-cu əsrin ikinci yarısında «Əsli və Kərəm», «Şah İsmayıl», «Aşıq Qərib», «Koroğlu» kimi olduqca məşhur Azərbaycan dastanlarını da erməniləşdirməyə çalışmış, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində Fridrix fon Bodenştedt kimi əcnəbi tədqiqatçılar Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya erməni nümunələri kimi tanıtmışlar. Həmin Abovyan və Aqayan kimi erməni ədibləri “ermənilərin mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir», deyə-deyə, Azərbaycanın aşıq musiqisini erməni «aşıqların - «hüsanların» (türkün “ozan” sözündən gəlir) ifasında özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, ermənilərin baş aşığı sayılan Sayat Nova başda olmaqla 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar.

Gənc hakim diktor mətninə ara verdirib özü düşündüyü bir improvizasiyanı elan etdi. Erməni aşığı Sayat Novanın qiyafəsində bir aktyor səhnəyə çıxıb əlindəki kamançanı sınəsinə sıxıb ifa elədi, sonra azərbaycanca söylədi:

-Məclisimizdə nəinki türkçə yazıb-yaradan, həm də islam dininə sitayiş edən erməni aşıqlarımız çıxış edəcəklər. Ələvi-bektaşilik cərəyanının mahir söz ustalarından biri olan erməni aşığı Yeksani Türkiyə irfani ədəbiyyatının bir sıra gözəl nümunələrinin müəllifidir. Buyurub bir neçə kəlmə səsləndirsin.

Əlində saz, başında şiş papaq bir aktyor aşıq Yeksani obrazında çıxıb saz çala-çala bu bəndi söylədi:

 

İstəməm aləmdə qeyri-meyvəni

Dadına doyulmaz balımdır Əli.

İstəməm dünyayı versələr dahi

Qoxlasam sünbülü gülümdür Əli.

Yeksaniyəm, necə düşdüm dərdinə

Qərq oldu vücudum çilə bəndinə

Solmaz oldu könül kəndi-kəndinə

Söylər dəhanımda dilimdir Əli.

        Ardınca Sayat Nova obrazı səhnəyə başqa bir erməni aşığı obrazını dəvət etdi:

       -Əsl adı «Movses» olan, ələvilik dini cərəyanına qoşulduqdan sonra isə «Haqqı» təxəllüsünü götürən digər erməni saz və söz ustası da irfani şeirləri ilə təriqət içərisində böyük populyarlıq qazanmış, türk-islam düşüncəsinə uyğun sufi həyat tərzi sürmüşdür. İndi də onu dinləyək.

      Digər aşıq obrazı da saz çala-çala şeir söyləməyə başladı:

Haqqa çağırır yaradan Qəni,

Dərdlərin, dərdlilərin dərmanı,

Bundan sonra çox sürərik dövranı

Yetiş Allah, ya Məhəmməd, ya Əli!

Tamaşaçılar səhnəni çox bəyəndilər, alqışladılar, diktor mətni davam etdirildi:

-Uzun illər Azərbaycan xalqının iradəsindən asılı olmayaraq bu oğurluq faktlarının üstündən sükutla keçilmiş, istər Çar Rusiyası zamanında, istərsə də sovet dövründə folklor nümunələrinin və müəllif əsərlərinin oxşarlığını, hətta eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyası münasibətlərlə izah etmişlər. XX əsrin 80-cı illərində erməni tədqiqatçıları Təhməzyan, Sigsiyan və başqalarının «çalışmaları» nəticəsində saxtakarlıqla dolu «böyük erməni» mədəniyyəti röyası yaradılmışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında Şirinin milliyətcə erməni şəhzadəsi olması, Xosrov Pərvizin saray musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis olması barədə, hətta dünyaşöhrətli tədqiqatçı olan Bertelsi təhrif etməklə «araşdırmalar» aparılmışdır və ümumiyyətlə Ermənistanı mədəniyyət beşiyinə çevirmək üçün erməni mədəniyyətinin bütün Şərq xalqlarına təsiri barədə nağıllar belə uydurulmuşdur. Qəribədir ki, kəskin etirazlarına baxmayaraq, ermənilərin öz musiqilərində istifadə etdikləri musiqi alətlərinın belə adları türkcədir: saz, səntur, kaman, bağlama və s. Onlar utanıb çəkinmədən bu musiqi alətlərini də öz adlarına yazırlar. Erməni tədqiqatçısı Brutyanın «Erməni muğam ifaçıları Bakı və Şuşadan çıxmışlar» etirafına baxmayaraq, hazırkı dövrün bir sıra erməni musiqişünasları, o cümlədən Brutyan özü “ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolun”dan danışır, avantüraya əl ataraq muğamın kökünü erməni monodiya musiqisınə bağlamağa cəhd göstərirlər.

Xanım diktoru əvəz edən digər xanım diktor oxunuşu davam etdirdi:

-Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məşhur «Arşın mal alan» operasını oğurlayan ermənilər əsl müəllif dünya ictimaiyyətinə sübut olunandan sonra, 80-ci illərdə radio və TV vasitəsilə SSRİ hüdudlarında tanınmış  erməni bəstəkarı A.Babacanyanın vasitəsi ilə yenidən Üzeyir Hacıbəyova basqı etmiş, bu dəfə onun iki komediyasını Qarabağın hansısa erməni kəndinin melodiyaları kimi təqdim etmişdilər.

Tarixlərini iki min il yarımdan çox hesab edən ermənilər, ən qədim mədəniyyətə, o cümlədən folklorun mühüm bir hissəsi olan atalar sözlərinə malik olmaları ilə qürurlanırlar. Onlar 1967-ci ildə SSRİ EA-sının «Elm» nəşriyyatı vasitəsilə oğurlanmış Azərbaycan atalar sözlərini «Armyanskiy folklor» adı altında təqdim etmişlər. Halbuki, dərhal nəzərə çarpırdı ki, bu məsəllərin erməni dili ilə bağlılığı yoxdur. Çünki məsəl yarandığı xalqın dilində poetik forması, anonim və antonim sözlərin dərin məna çalarlığının müqayisəsi ilə seçilir, tərcümə olunduğu dildə isə informasiya yüklü adi cümlə formasında olur. Fikir verin, kitabda verilmiş rusca «Senu zolota znaet tolko yuvelir» məsəli erməni dilində də adi tərcümə xarakteri daşıyır, amma azərbaycanca «Zər qədrini zərgər bilər» şəklində - zər və zərgər sözlərinin poetik rədifliyi ilə zövq oxşayır.

Bu izah publikanın çox xoşuna gəldi, onlar bunu alqışlarla büruzə verdilər. Diktor alqışların bitməsini gözləyib mətn oxunuşunu davam etdirdi:

-Azərbaycan tərəfi ermənilərin məntiqə sığışmayan aşağıdakı uydurmalarından da Divana şikayətçı düşüb ki, bunlar da erməni oğurluğunun və plagiatının ana xəttini təşkil edir: Azıx, Qobustan, Gəmiqaya - bu adlar Azərbaycanın müxtəlif regionlarına: Qarabağ, Şirvan və Naxçıvana aid qədim mədəniyyətin parlaq nümunələridir. Məsələn, Gəmiqayadakı daş təsvirləri qədim Naxçıvanda e.ə. IV-I minilliklərdə yaşayan azərbaycanlıların, onların türk köklü ulu babalarının həyat tərzini, məşğuliyyətini, məişətini, dini və kosmoloji görüşlərini, totemlərini, mənəvi mədəniyyətini əks edən təsvirlərdir. Bunlar Qobustan təsvirlərinə (15-10 minilliklər e.ə.), habelə hazırda erməni işğalı altında olan Kəlbəcər qaya rəsmlərinə uyğundur. Bütün bunlar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin inciləridir. Lakin, erməni Ayvazyan Rusiya mətbu orqanlarında bunların ermənilərə məxsus olmasını çox canfəşanlıqla isbat eləməyə çalışıb. Yeganə «sübutu» isə ondan ibarət olub ki, erməni xalqı qədim xalqdır və yalnız hayklar bu gözəllikləri yaratmağa qadirdirlər. “Gəmiqaya Nuh gəmisinin təsviri kimi yalnız ermənilərin ola bilər” deyən ermənilərin “Noyev kovçaq” sərsəmləməsini kim eşitməyib ki?

Xanım diktorlar yenidən yerdəyişmə etdilər:

-Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisində yerləşən Azıx mağarasında ibtidai insan - «azıxantrop»un kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə çatdırılması erməniləri sakit qoymur. Mkrtıçyan soyadlı başqa bir erməni tədqiqatçı bütün bunları erməni mədəniyyətinin kökləri elan edir, onun «sübutu» isə bundan ibarətdir ki, erməni dilində «turş üzüm» «azox» kimi səslənir və bu səbəbdən də mağaranın və ibtidai insanın adları Azox və azoxantropdan təhrif edilərək Azıx və azıxantrop olmuşlar..

Başqa bir mənimsəmə faktı: «Kitabı Dədə Qorqud» abidəsi Azərbaycanın, ümumən türkçülüyün nadir eposudur. Yunanlar Homer poemalarını yunan eposunun inciləri kimi, almanlar «Nibelunqlar haqqında mahnı»nı, fransızlar «Roland haqqında mahnı»nı, ruslar «Bılinaları»nı qoruduğu kimi, türklər də «Dədə Qorqud»u türk xalqının qəhrəmanlıq abidəsi kimi əsrlərdən – əsrlərə keçirib bugünki nəsillərə çatdırıblar. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən bu eposun erməni təəssüratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və eposun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər.

Növbəti mənimsəməyə cəhd faktı: ermənilər Azərbaycanın Eldəniz hökmdarlarının sifarişi ilə məşhur memar Əcəmi Naxçıvaninin yaratdığı «Möminə Xatun» abidəsini də erməniləşdirməyə cəhdlər göstəriblər. Xaçaturyan soyadlı erməni memar bu xatirə kompleksində «erməni memarlıq üslubu» hiss olunduğunu bəyan edib. Ümumən, ermənilər tarixən Azərbaycan mədəniyyətinin saxtalaşdı- rılması, kontafaksiyası və mənimsəməsı niyyətləri güdərək erməniləşdirmə xəttini götürüblər.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Çar rusiyası və Sovetlər Birliyi dövründə ikiyə ayrılan Qaraçay-Malkar türkləri hal-hazırda Rusiya Federasiyasına bağlı Qaraçay-Çərkəz Muxtar Cümhuriyyəti, Kabarda-Balkar Muxtar Cümhuriyyətində məskundular. Elbrus dağının şərq və qərb hissəsindəki yüksək dağlıq vadilərində yaşayırlar. Əhali sayları son dövrün sayımına görə 223 min qədərdir. Bunların 202 min nəfəri Rusiya Federasiyasında yaşayır. Türkiyənin Konya, Əskişəhir, İstanbul, Kaysəri, Afyon şəhərlərində üç mindən artıq Qaraçay türkü məskundur. Qaraçay-Malkar türkləri tarix boyu buralarda hakimiyyət qurmuş Kimmer, Saka, Hun, Bolqar, Alan, Bolqar və Qıpçaq türklərinin minlərlə il çəkən etnik yöndən qaynayıb qarışmasından törəyib. 1960-1962-ci illərdə Qaraçayın qədim Xumara şəhərində arxeoloji qazıntıları aparıldıqda runik əlifbaya oxşar yazılı daşlar tapılıb. 1877-1878-ci illərində gedən Osmanlı-Rus hərbinin başlamasından qısa bir müddət sonra Qafqazyada ruslara qarşı üsyan başlayıb, ancaq Osmanlının məğlubiyyəti ilə ruslar bu üsyanı qanla yatırdıb. 

1905-ci ildə yaranan Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyəti ilə boyunduruq altındakı xalqlar öz müstəqilliklərini düşünməyə başlayıb. Lenin və Stalin 2 Noyabr 1917-ci il tarixində yaydıqları bəyaniyyədə Çar Rusiyasına tabe xalqların öz müstəqil dövlətlərini azadca yarada biləcəyini qəbul edib. 3 May 1917-ci il tarixində Qafqaz xalqları Tərək-Kala (Vladiqafqaz) şəhərində bir qurultay keçirərək “Birləşik Qüzey Qafqazya və Dağıstan Dağlıları Birliyi Mərkəzi Komitəsi”ni yaradıb. Həmin ilin Sentyabr ayının 18-i günü yerli xalqlar Andi qəsəbəsində ikinci bir qurultay toplayıb və 20 Noyabr 1917-ci ildə Rusiyadan ayrılaraq müstəqil dövlətlərini yaratdıqlarını elan edib. Osmanlı hökuməti ilə aparılan müzakirələrdən sonra 11 May 1918-ci il tarixində Qüzey Qafqazyanın müstəqil bir dövlət olduğu bir nota ilə qərb dövlətlərinə çatdırılıb. Ancaq Rusiya daxilində Bolşevik İnqilabını gerçəkləşdirən kommunistlər hakimiyyəti ələ aldıqdan sonra verdikləri sözü unudub, 1921-ci ildə müstəqil Qüzey Qafqazya Cümhuriyyətini tənəzzülə uğradıb. Qaraçaylı general  Mirzakul Kırımşavhal rəhbərliyindəki Qaraçay-Malkar ordusu beş ay boyunca Bolşeviklərə qan uddurub, ancaq hiyləyə başvuran bolşeviklər Qaraçay-Malkar türklərinə ani basqın verərək müqavimətlərini sındırıblar və başda ziyalılar olmaqla zabitlərinin tamamını güllələyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Cümə axşamı, 28 Sentyabr 2023 16:00

Cənnətə məktub...

Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət”

 

Həyat sınaqlarla doludur. İnsan deyilən varlıq dünyaya gəldiyi bir vaxtdan sınaqlardan keçməyə başlayır. Hər kəs öz payına düşənləri yaşayır. Kimiləri bu sınaqlardan sevinərək çıxır, kimiləri isə silinməz izlər qoyaraq…

Bu gün sevinc və kədər bir-birini evəz edir. Bu gün yoxluğundan var olduğum qəhrəmanımı sizinlə tanışdırmaq istəyirəm. Hər kəs Ana ola bilər, amma hər kəs sənin kimi qəhrəman ola bilməz. Qəhrəmanlar qəhrəman olaraq dünyaya bəxş edilir, onlar sonradan yaradılmır. Səni necə vəsf edəcəyimi bilmirəm. Saçların uzunmuydu, gözlərin qəhvəyiydi, yoxsa mavi? Nələri sevib, sevmədiyini belə bilmirəm. Çünki mən səni tanımadan böyüdüm.

Mənim əzizim, gəncliyinin ta başlarında ömrünü doya-doya yaşamayib, canı bahasına səbrsizliklə gözlədiyi qızını görmədən, qoxusunu duymadan, ana kəlməsini belə eşitmədən dünyayla vidalaşıb əbədi olaraq Allahın yanına getdin. Sən mənim üzünü görmədiyim, heç bir zaman saçları ağarmayacaq, hər zaman cavan qalan, 20-li yaşlarında cavan yaşda torpaq olanımsan. Nə sən məni tanıdın, nə də mən səni tanıdım. Səni mənə xatırladan nə səsin var, nə də ki, siman. Bir-birimizdən uzaq düşdük. Sən Allahın dərgahında şəhidlik məqamına ucaldın, mənsə bu vəfasız dünyanın sınaqlarıyla həyatı davam edirəm. Əzizim, bura çox soyuqdur, o incəcik bədəninin üşüdüyünü hiss edirəm. Dur gedək desəm, əlimdən tutub mənimlə gələrsənmi? Ömrü kimi ümidləri də, arzuları da yarım qalanım, şəhadətə ucaldığın anda cənnət qapısında səni kimlər qarşıladı? Kaş ki, son anlarında nə hiss etdiyini bilərdim, görən qəlbində nələr vardi? Kaş ki, qəlbimə axan göz yaşlarımı görə biləydin. O zaman bəlkə də ürəyin dözməzdi, gələrdin. Mən də sevinərdim ki, cənnətdən qonağım gəlib...

Məndən nigaran qalma, əzizim sən rahat yat, cənnətdə məni gözlə. Zamanı gələndə Allahın izniylə görüşəcəyik. İlk görüşümüz olacaq, amma heç vaxt bir-birimizdən ayrılmayacağıq, itirmək qorxusuyla yaşamayacağıq. Əbədi olacağımız günə kimi xudhafiz. Səni çox sevirəm, mənim qəhrəmanım...  

 

Bu yazımı zamansız dünyayla vidalaşıb şəhidlik məqamına ucalan qəhrəman analara həsr edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Diqqət! “Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sabah sizləri Məryəm Gözəlinin şeirləri ilə tanış edəcək. 

Qaçırmayın!

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

 

Mən ki uzaqlara Səndə Çatmışam,

Külək nəfəsindir, ruha qatmışam.

Ətrin qönçələnib, dəstə tutmuşam,

Ləçək tellərimə hörürəm Səni.

 

 

Şeirlərinin ahəngi, lirikası və rəngarəngliyi ilə seçilən bu mənalı sətirlərin müəllifi,  “Ədəbiyyat və incəsənət” portalının bugünkü qonağı zərif ruhlu qadın şair Minayə Abdullayevadır.

Minayə xanımla elə öz evində görüşmək qərarına gəldim. Minayə xanım məni çox xoş qarşıladı. Masada hazırlanmış gözəl çay süfrəsinin arxasına əyləşib müsahibəyə başladıq.

 

-İlk öncə özünüzü təqdim edin.

 

-Minayə Müslüm qızı Abdullayeva. “Göz yaşı əvəzi” və “Nurlu Sabaha” kitablarının müəllifi. 

 

 -Bir şair kimi şeirlərinizi yazmaqda sizə kömək olan qüvvə nədir?

 

-O elə bir hisdir ki, sözlə izahı yoxdur, ancaq o məqamı yaşamaq lazımdır. Sadəcə onu deyə bilərəm ki, hislər və duyğular olmadan heç bir misranı ərsəyə gətirmək olmaz.

 

- Sevimli kitablarınız arasında sizə dəyərli olan kitab hansıdır və nə səbəbə?

 

-Müəllif üçün əsərləri eynidir.

Amma dürüst olmaq gərəkirsə “Nurlu Sabaha” kitabım  mənim üçün çox qiymətlidir. O mənim üçün adicə kitab deyil, duyğularımın ən gözəl təzahürü, ünvanlı şeirlərimin mənbəyidir. 

 

 -Həyat sizin üçün nə qədər çətindir və bu zaman sizi motivasiya edən nədir?

 

-Hər kəsin həyatı kimi mənim də həyatımda çətinliklər olur, əlbəttə. Mənim motivasiyam şeirlərim və həsr etdiyim dəyərlimdir.

Şeirlərimin duyğularla bəzənmiş hər bir sözü  mənim üçün bir yaşam hekayəmdir. 

 

-“Yaxşı əsər pəncərə şüşəsi kimidir” deyirlər. Siz bu haqda nə düşünürsünüz? 

 

-Yaxşı əsər haqqında çox danışmaq, çox müzakirə etmək olar, bir halda ki fikirlər müxtəlifdir. 

 

-Əsl məhəbbət xəyala bənzəyir. Seirlərinizdəki məhəbbət nəyə bənzəyir? 

 

-Hər insan öz hekayəsini bənzərsiz yazsa onda bütün yaşadıqları xəyalüstü olar. Mənim şeirlərimdəki məhəbbət bənzərsizdir. Duyğularımın ən gozəli məhəbbət əfsanəsidir. 

 

 -Hansı şeir vəzninə daha çox üstünlük verirsiniz?

 

 -Mən bütün şeir vəznlərini çox sevirəm.

 

 -Səhvlərimizdən dərs çıxarırıqsa niyə səhv etməkdən qorxuruq?

 

-Əslində bu yanaşma insanlara görə dəyişir. Mən öncə səhv etməməyə çalışıram, bütün  qorxum  buna görədir. Qorxu gözəl hisdir. Bu, çox insanda yoxdur. Amma istənilən halda hər bir insanın səhvi olur. Bu zaman isə səhvlərimizdən nəticə çıxarmağa çalışmalıyıq.

 

 -Bir yazar kimi həyatınızın qalan hissəsində fayda verəcək nə edərdiniz?

 

-Mən də hər insan kimi faydalı olmağı özümə borc bilirəm və bunu  gözəl əsərlərimlə verməyi düşünürəm. 

 

Nəhayət sonuncu suala yaxınlaşdıq... 

Bu zaman Minayə xanım gülümsündü. Gözü divardakı saata sataşdı. Əlində tutduğu fincana sual dolu nəzərlərlə baxaraq bir qurtum çaydan aldıqdan sonra yenidən “Davam edə bilərik” nəzərlərlə mənə doğru dikəldi. Hər ikimiz də zamanın bu qədər sürətli keçəcəyindən xəbərsizdik. Belə səmimi və isti duyğu dolu söhbətdən heç ayrılmaq istəmirdik. Bir neçə saniyəlik sükutdan sonra mən   növbəti sualıma keçid aldım.  

 

 -Həyat çətinliklərin cəsarətlə, ümidlə, inamla olan mübarizəsidir. Gələcək üçün hədəfləriniz və ümidləriniz nədir?

 

-Hədəfim yaradıçılığımı genişlədib daha fəal olmaqdır. Ümidimiz bizi yaşadan amil, eyni zamanda bütün gözəl işlərimizin simvoludur. Ümidsiz insan mübarizə apara bilməz. Qaranlıq qaranlığı yox, qaranlıq işığı qovar. Hər bir gecənin bir gündüzü var əlbət.

Ümid isə onun son açarıdır.

 

Artıq müsahibənin sonuna gəlib çatdiq... Əziz oxucular, ümid edirəm ki, az da olsa Azərbaycan ədəbiyyatının yeni və gənc simalarından biri olan, yaradıcılığında müasir məhəbbət  ruhunu təcəssüm etdirən xanım şair Minayə Abdullayevanı  sizlərə tanıtmış olduq. Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranar. Əgər yaxşı bir əsər  müəllifə ölməzlik gətirərsə, sizlərə də bu əsərlərdə olümsüz məhəbbətin fəzilətini yaşamağı arzu edirəm.  

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə “Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışması keçiriləcək və yatışmanın mükafatları da elan edilib.

 

1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte edebiyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.

3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.

4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.

5. Mövzu sərbəstdir.

6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.

7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.

8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.

9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.

10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.

11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.

12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.

Münsiflər heyəti

Seçim:

1. Fikret Yazıcıoğlu
2. İdris Gürdal
3. Mehmet Özcan Yasdıbaş
4. Rabie Ruşid
5. Ülviyye Ebulfezqızı

Final:

1. Prof. Dr. Abdullah Şengül
2. Talat Ülker
3. Celalettin Kurt
4. Ali Saçıkara
5. Sündüs Arslan Akça
6. Mahmut Hasgül
7. Aysel Xanlarqızı Seferli

Yarışma təqvimi:

Elan: 24 aprel 2023

Son qəbul: 15 oktyabr 2023

Seçim: 15 oktyabr-5 noyabr 2023

Final: 5 noyabr-5 dekabr 2023

Nəticələrin açıqlanması: 10 dekabr 2023

Mükafatlandırma mərasimi: 24 dekabr 2023

Mükafat:

1-ci yer: 5000 TL

2-ci yer: 3000 TL

3-cü yer: 2000 TL

Həvəsləndirici mükafat: 1000 TL

Müraciət:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Cümə axşamı, 28 Sentyabr 2023 12:00

BİRİ İKİSİNDƏ - Seyid Aynurun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenə şeir vaxtıdır, Seyid Aynurun şeirləri ilə tanışlıqdır.

 

 

KƏPƏNƏK

 

Gözlərimin içində məskunlaşmış atom hissəciklərinin

göyün üzünə səpələnmiş bütün ulduzların sayından

trilyon dəfə çox olduğunu dəqiq bildiyim üçün

deyə bilərəm ki, məhəbbətin gözü kor deyil.

İnanmırsan, işıqları söndür,

gözlərimin içinə bax.

Gəl ümumdünya cazibə qanununu pozmayaq,

qollarımızı geniş açıb qucaqlaşaq səninlə.

Nə oldusa, bu gün oldu –

ömrümün ən uzun tıxacına düşəndən bəri...

İllərdir sənə doğru yol gəlsəm də,

səni gördüyüm heç bir dayanacaqda tapmadığımı anladım.

Özümü ayaqları ilə dad alan

kəpənəklər kimi hiss edirəm:

anam atamdan ayrılandan bəri

neçə bayramdır,

“Uşaqlıq” adlı sehrli şəhərə

 düşmür yolum.

 

 

LAYLA

 

Qar yağır yerə lay-lay,

Anam oxuyar layla.

Elin igid oğluna

Səngərlər deyər layla.

 

Əzizim, xarıbülbül,

Ağladı yarı bülbül.

Beşiyi dağlar oldu,

Saraldı sarı bülbül.

 

Düzləri ağ qar aldı,

Yol çəkən göz ağardı.

Axtarmayın əsgəri,

Əhdi dağlarda qaldı.

 

Əzizim asa məni,

Sırğatək asa məni

Don vurmuş bənövşəyəm,

Çağırın yasa məni.

 

 

AĞAC

 

And olsun təbiətə,

kəsilmiş ağacların

o səssiz hönkürtüsünə!

Mən sevgi şeirlərini

heç vaxt vərəqdə yazmadım:

Musiqi kimi gəldi,

nəğmə kimi zümzümə etdim,

üşüdü misralarımdakı ağaclar,

bir quş qanadı kimi

titrədi dodaqlarımda bir təbəssüm:

gecdir,

çıx get, dostum,

meşənin yuxusu gəlib.

 

 

SAÇLARIM

 

Çiçəyi içində gizli

Əncir ağacısan!..

Bir güldana qoyulmayacaq,

Bir evə sığmayacaq qədər

fərqli idik səninlə –

qərənfil və qızılgül kimi...

Səni tanıyandan

Saçlarım gül ətrini itirdi.

Qadın baxışları məktubdur –

ünvanlı, ünvansız,

 

 

ƏSGƏR

“Ölüm-qalım,

ya əlil”:

Canını döşək əvəzi torpağa,

Başını balınc yerinə

daşa qoyub pıçıldadı küləyə –

“Düşmənin başına kül ələdik, KOMANDİR!”.

 

 

NAR

 

Şelli dağının arxasında gizləndi,

O gün həmişəkindən tez batdı günəş.

Səhərədək göydən mərmilər yağdı –

Biz Əkbərlə Qaraqayaya yaralıları daşıdıq,

yuyat yerinin tək bircə pilləkanı qalmışdı.

Nə ölüyə,

nə diriyə acıdı erməni...

Qarın içində

bir qız uşağı

anasının cansız bədəninin üstünə şal atdı

və yana-yana qaldı ağacların üstündə narlar.

 

 

GÜLLƏ

 

Hardasa qışqırır bir körpə:

“Ana, mənə nə isə dəydi”

Güllələr,

Güllələr,

Güllələr...

 

 

ÇƏKMƏ

 

Sıxılıb bir küncə darıxır,

Vətən boyda yol gedən

 əsgər çəkmələri

Hardasa bir şəhidin ayağı üşüyür.

Ağappaq bir göyərçin

dimdiyində dəfnə yarpağı,

qonur çiynimə –

Gülümsəyir göyün üzü,

Gün çıxır.

 

 

FATMA

 

“Biri azdı, biri çox,

Biri vardı, biri yox”.

Kasıbların ac qarnı

Olmur almalarla tox.

Fatma qədər deyildim,

Kəndirimi açalar,

Bir qarının evinə

Əlçimimi atalar.

Yığ, ay qız, tellərini,

Nağıllarda yu asan,

Yox şəhərdə rəngli su,

Axı necə yuyasan?..

Diri vaxtı danışmır

İnəklər baş qatmağa

Çevrilmir sümüklər də

İpəyə ya başmağa.

Körpüdən keçən zaman

İtmir tayı başmağın,

Gəzə, araya səni

Adamları padşahın.

Gizlədəndə analıq

Banlamır xoruz damdan,

Nağıllarda quşlar da

Mərd olur adamlardan!..

 

 

QADIN

Bir qadın xəstəxana pəncərəsindən baxar:
anasının qoxusunu almış körpətək,
iməkləyər kor ölümün dalısınca.
Yaralı göyərçin qədər titrək,
payız yarpaqları kimi solğun,
siqaretdən yox, dərddən azarlamış
bir cüt ciyərini qollarıyla sıxar.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və düşünər:
müharibələri, köçkünləri, əsirləri,
qan leysanının yuduğu səhraları, çölləri,
səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
zibilliklərə atılmış körpələri.
Bir qadın xəstəxana pəncərəsindən baxar,
və unudar:
QADINLIĞINI!

 

 

ŞƏKİL

 

Həsrətin doğum günü.

Foto-albomları vərəqləyirəm,

şəkillər qovuşa bilməyənlər üçün

təsəllidir.

Ürəyimdə ayaq səslərin eşidilirdi:

Tap! Tap!

Adın dilimdə çiçəkləyirdi

ləçək-ləçək –

yaz gəlmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

 

 

Cümə axşamı, 28 Sentyabr 2023 14:00

Özlərini olduqlarından xeyli böyük sananlara xitabən

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Sən irəlilədikcə digər insanların səhvlərini görürsən. Bunu onlara bildirəndə isə onların bir çoxunun özlərini müdafiəyə atıldığını, sanki sənə qarşı sipər qurduğunu anlayırsan. Başa düşürsən ki, səhvi özündə görməyən insanlar hər daim haqlı çıxmağa çalışar. Ümumiyyətlə, müdrik insan başqalarının gözündə haqlı və ya haqsız olduğunu sübut etməyə çalışmaz. O sadəcə müşahidə edər, dinləyər. Səhvlərə də, deyilən düzlərə də diqqətlə qulaq asar. Və sonda növbəti addımda nəyi atacağına diqqət edər. Hədəfi hər zaman yuxarılar olar. Özündən aşağıdakılara baş qoşmaz. Yardım edər, köməklik göstərər, lakin uzatdığı əli özünə xor görənlərə də baş qoşmaz. Gülüb keçər, çünki bu cür insanlar başqalarının vəzifəsinə hörmət bəslər, qarşısındakı insanın ad-sanına görə susub susmayacağını seçər. Hə, bir də həmin adamdan tərif eşidib özünü böyük görə bilər. Çünki öz eqosunu sındıra bilmək insana ağır gələr. 

Lakin bir neçə pillə yuxarı çıxdığın zaman bunlar insana boş görünər. Sən qarşındakı adamın eqosunun artdığının və sənin önündə necə cılızlaşdığının fərqinə vararsan. Sən ona baş qoşmadıqca o daha da çox özünü böyük göstərmək istər. Lakin özünü nə qədər böyük göstərməyə çalışsa da, bir o qədər cılızlaşdığının fərqinə varmaz. 

Tənqidə açıq olmaq o demək deyil ki, sən ancaq haqlı rəyləri eşidə, haqsızları basdırmağa və susdurmağa çalışasan. Tənqidə açıq olmaq odur ki, "sən haqlı olsan belə, sənə can yandırıb üzünə deyən adama qarşı hörmətlə yanaşa biləsən". Səhvsiz insan olmadığı kimi səhvinizi deyən insanların da hər dediyinin doğru olmağına ehtiyac yoxdur. Önəmli olan odur ki, sən insanların söylədiyi tənqidlərə qarşı nəzakət göstərə biləsən. 

Əgər özünüzün haqlı olduğunuzu sübut etmək üçün dəridən-qabıqdan çıxırsınızsa, demək ki, yetərincə ağıla, kamala çatmamısınız. 

Son olaraq tənqid etdiyiniz insana nəzər yetirin. Mübarizəsi kiminlədir? Öz eqosunamı, sizə qarşı, yoxsa fikirlərinizə qarşı? Fikirlərinizə qarşıdırsa, aranızda diskusiya gedəcək, müzakirələr yaranacaq. Əgər həmin insan öz eqosuna qalib gəlməyi bacarıbsa dediklərinizi rahatlıqla qəbul edəcək, ya da hörmətlə yanaşıb fikirlərinizlə razılaşmayacaq. Əgər sizə qarşıdırsa, onda  nə dediyiniz heç bir önəm daşımır. Çünki o adamın tək hədəfi sizsiniz. Belələrinin  psixikası zəif olur və özlərində səhv görmək onlara sadəcə təhqirdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Cümə axşamı, 28 Sentyabr 2023 13:30

“Sonuncu ölən ümidlərdir” yeni qayıdış etdi

Azərbaycanda rəsmən ən çox satılan, elektron formatda ən çox yüklənən kitab - bu il 15 yaşını qeyd edən “kitab-əfsanə” adını almış “Sonuncu ölən ümidlərdir” (müəllif Varis) “Azərkitab yayınları”nda yeni redaktədə və dizaynda çap olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il konveyerlərdən  çıxan minlərlə keyfiyyətsiz pirat nüsxələrinin qarşısı alınmaqla yeni oxuculara romanın daha təkmil və nəfis çaplı variantı təqdim olunub.

Kitabı “Bakı Kitab Mərkəzi”ndə, “Ali və Nino”, “Libraff”, “Kitabevim.az” mağazalar şəbəkəsindən pərakəndə, habelə Sinkod Yayım və Dağıtım şirkətindən topdan əldə etmək mümkündür.

Kitabın satış qiyməti 10 manatdır. 

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.