“Ədəbiyyat və incəsənət” portalı dünən sizə yola saldığımız payız barədə gözəl lirik peyzaj yaratmış Təranə Dəmirin iki şeirini təqdim etmişdi. Bu günsə şairin insan duyğularından yaratdığı daha iki şeir-portretini təqdim edirik.
ALDADIR SƏNİ
Bu dünyanın sonu bəlli,
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.
Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu ,
Boşu da aldadır səni.
Gələri var, gedəri var,
Ziyanı var, xətəri var,
Qurunun nə xəbəri var-
Yaşı da aldadır səni.
Nəfəsi də borc, sələmdi,
Alıb vermək dərd, ələmdi,
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.
QOCA
Yol-yol, küçə- küçə sürünən qoca,
Əlin ətəyindən uzun, gedirsən.
Bəlkə neçə-neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.
Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya
Asılıb bu yorğun dizindən sənin.
Köhnə papağın da başından düşür,
Papaq da yekədi başından, qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca
Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal yerişindən tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.
Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.
Daha arzular da yorğun düşüblər,
Əlindən tutmağa gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün,
Daha aldanmağa küçə qalmayıb.
Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.
Şəhərin səs-küylü küçələrində
Küləklə, yağışla sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)