
Super User
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Bənövşə”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
BƏNÖVŞƏ
Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana, bənövşə!
Sənsən əzəl gündən mənim sirdaşım,
Gözündən ayrılsın axar göz yaşım;
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə!
Çıxmışam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzəli
Çoxları küsəndi mana, bənövşə!
Üzündə gördüyüm nə intizardır?
Qəlbində Vaqifin sirrimi vardır?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə!
Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə;
Vurğunun şeirilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)
Əməkdaşlıq, güc və ərazi bütövlüyü: Forumdan dünyaya mesaj
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Təbii ki, hamınız məlumatlısınız, aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forum keçirildi. Bu forum artıq yeddinci dəfədir təşkil olunur. Forum həm - ölkənin beynəlxalq nüfuzunu artırmaq, həm də qlobal gündəmdəki mühüm məsələləri müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev forumda çıxışı zamanı sürətlə dəyişən dünyada əməkdaşlığın əhəmiyyətinə toxundu, yeni fikir və mesajlar səsləndirdi. Onun çıxışı yalnız cari reallıqları əks etdirməklə kifayətlənməyib, həm də gələcək trendlər və çağırışlar barədə mühüm ideyalar ortaya qoydu.
Forumda iştirak edən beynəlxalq qonaqlar isə ölkəmizin keçmişi, bu günü və gələcəyini daha yaxından tanımaq imkanı əldə etdilər. Bu, Azərbaycanın dünyaya özünü təqdim etməsi baxımından önəmli platformadır.
Prezidentin çıxışında bir neçə əsas məqam xüsusilə diqqət çəkdi:
1.Azərbaycanın beynəlxalq arenada artan nüfuzu
2.Post-münaqişə dövründə informasiya diplomatiyası
3. Zəfər və bərpa prosesi: Ərazi bütövlüyünün təmin olunması
4.Separatizmin tarixi kökləri və bu konteks də baş verənlər
5.Qloballaşan dünyada əməkdaşlıq və qarşılıqlı anlaşmanın əhəmiyyəti
Yeni dünya nizamında Azərbaycanın yeri və rolu
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev bildirib ki,Prezident İlham Əliyev forumdakı nitqində, Türk Dövlətləri Təşkilatının Avropa İttifaqı və NATO ilə müqayisədə daha harmonik və daxili ziddiyyətlərdən uzaq olduğunu qeyd edib. Prezident, təşkilatın artıq kifayət qədər potensiala – insan resursları, təbii sərvətlər, nəqliyyat marşrutları və hərbi gücə sahib olduğunu vurğulayıb.
O, Türk Dövlətləri Təşkilatını gücləndirmək üçün Azərbaycanın atdığı addımlardan danışıb. Türk dövlətlərini birləşdirən ortaq tarix, mədəniyyət, dil və ənənələrin təşkilatı unikal etdiyini bildirib və bu təşkilatın qlobal gücə çevrilməli olduğunu vurğulayıb. Onun fikrincə, təşkilatın daha fəal olması, qlobal problemlərə münasibət bildirməsi və beynəlxalq səviyyədə təşəbbüskar mövqe tutması vacibdir.
Forumun mövzusu – “Yeni dünya nizamı” – son dövrlərin ən çox müzakirə olunan məsələlərindəndir. Bu ifadə müxtəlif baxış bucaqlarından qiymətləndirilir və hər kəs bu anlayışa özünəməxsus şəkildə yanaşır. Ancaq ümumi fikir budur ki, dünyada qəti söz sahibi olan bir dövlət yoxdur və heç bir ölkə təkbaşına dünya nizamı yarada biləcək qədər güclü deyil. Hazırkı dünya düzənində bir neçə geosiyasi aktor – ABŞ, Rusiya, Çin, Avropa ölkələri və digərləri – öz maraqlarını irəli sürməyə çalışır. Bu səbəbdən dünya nizamı ziddiyyətli və qeyri-sabit xarakter daşıyır.
Demokratik dəyərlər, hüququn aliliyi, ərazi bütövlüyü və insan hüquqları kağız üzərində qəbul olunsa da, reallıqda bu prinsiplərə riayət edilmir. Tarixboyu güclü dövlətlər bu prinsipləri pozaraq öz maraqları naminə digər ölkələrin daxili işlərinə müdaxilə edib, ərazi bütövlüyünü pozub və nəticədə, milyonlarla insan həlak olub. Günümüzdə də bu mənzərə dəyişməyib – əksinə, vəziyyət daha təhlükəli və daha kompleks hal alıb.
Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionu bu geosiyasi toqquşmalardan təsirlənib. Ermənistanın uzun illər işğalçı siyasəti nəticəsində Azərbaycanın əraziləri zəbt olunub. Lakin Azərbaycan 2020-ci ildə öz gücü ilə bu torpaqları azad edib. Buna baxmayaraq, beynəlxalq güclərin ikili standartlara əsaslanan siyasəti hələ də davam edir. Bu reallıq göstərir ki, beynəlxalq hüquqdan çox güc balansı və maraqlar əsas rol oynayır.
Forumda Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqedən geniş bəhs edib. O, Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqlə əlaqələrindən danışıb, ölkəmizin bu bölgələr arasında körpü rolunu oynadığını qeyd edib. Eyni zamanda, Prezident Azərbaycanın ABŞ, İran, Çin və Afrika ölkələri ilə əlaqələri, eləcə də bəzi Qərb dövlətlərinin anti-Azərbaycan mövqelərinə qarşı tutduğu prinsipial mövqeyi də diqqətə çatdırıb.
Ermənistanla bağlı məsələlərə toxunan Prezident, bu ölkədə revanşist düşüncələrin güclü olduğunu bildirib. Ermənistan siyasi elitasını fəal və passiv revanşistlərə bölərək, onların bölgədə sabitlik üçün ciddi təhdid yaratdığını vurğulayıb. Prezident bildirib ki, Azərbaycan bu təhdidləri nəzərə alaraq hərbi gücünü artırır, lakin bu, təcavüz niyyəti ilə deyil, müdafiə məqsədilə həyata keçirilir.
Ümumilikdə, forumda səsləndirilən fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlarda tutduğu yeri və gələcək üçün müəyyən etdiyi prioritetləri aydın şəkildə ortaya qoydu. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzlu aktora çevrildiyini bir daha təsdiqləyir.
Çinlə strateji tərfdaşlıq – yeni qlobal düzəndə önəmli addım
İqtisadçı Eldəniz Əmirovqeyd edib ki,Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın maliyyə müstəqilliyi, çinlə strateji tərəfdaşlıq, yaşıl enerji, nəqliyyat layihələri və geosiyasi manevr imkanları baxımından çox önəmli mesajlar ehtiva edir. Çin və Azərbaycanarasında münasibətlərin çoxşaxəli xarakter daşıması və bu münasibətlərin artan dinamika ilə inkişaf etməsi artıq digər ölkələr üçün nümunə modelinə çevrilib. Bu münasibətlərin bariz nümunəsi kimi, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 21 faizə artaraq 3.7 milyard dollara çatmasını göstərmək olar. 2025-ci ilin ilk iki ayında isə bu dövriyyədə 55 faizədək artıb. Bu həqiqətən də heyrətamiz artım dinamikasıdır.
Digər tərəfdən, Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsi və Azərbaycanın Orta Dəhlizdə əsas aparıcı ölkə kimi çıxış etməsi nəticəsində Çin öz məhsullarını ixrac edən ölkə olaraq Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Azərbaycan Çinin “bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və təşəbbüs çərçivəsində Orta Dəhlizin infrastrukturunu ən yüksək səviyyədə təmin edən ölkə kimi tanınır.
Çin isə bir ixracatçı kimi bu cür infrastruktura sahib etibarlı ölkə ilə - yəni Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır. Bu maraq Şimal Buzlu okeanından Hind okeanına qədər olan geniş coğrafiyada Azərbaycanın əlverişli mövqeyindən də qaynaqlanır.
Gürcüstanla münasibətlər
Gürcüstanla münasibətlərə gəldikdə isə, buəlaqələr həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyət daşıyır. Gürcüstan da ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşdiyindən, ölkəmizin ona ona göstərdiyi dəstək olduqca önəmlidir. Gürcüstan, enerji təhlüksəziliyini təmin etmək üçün Azərbaycanın dəstəyinə ehtiyacı duyur. Azərbaycanın həyata keçirdiyi iri layihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tblisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın iqtisadiyyatına ciddi töhfələr verib və bu ölkəni Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevirib. Bu layihələr, eyni zamanda, Ermənistanı regionda iqtisadi təcridə məruz qoyub.
Gürcüstanla-Azərbaycan münasibətləri Azərbaycanın üçüncü enerji strategiyası olan alternativ enerji siyasəti çərçivəsində də özünü göstərir. Əgər neft və qaz strategiyalarında Gürcüstan tranzit ölkə kimi çıxış edibsə, alternativ enerji strategiyasında da eyni rolu davam etdirir. Gürcüstan həm tranzit, həm də öz daxili istehsalı ilə bu sahədə mühüm rol oynayacaq. Gürcüstanın alternativ enerji resursları da kifayət qədər zəngindir.
2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Buxarestdə imzalanmış Anlaşma Memrendumuna əsasən, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə keçəcək elektrik kabeli Gürcüstan, Ruminya və Macarıstan, eləcə də digər Avropa ölkələrini elektrik enerjisi ilə təmin edəcək. Bu layihə Azərbaycanın Avropanın eneji təhlükəsizliyində oynadığı rolu bir daha nümayiş etdirir və həmin rolun Gürcüstan üzərindən həyata keçirildiyini göstərir.
İqtisadçı transsərhəd çaylarına münasibət bildirərkən vurğulayıb ki,Azərbaycan təbii sərvətlər baxımından zəngin neft və qaz ehtiyatlarına malik olsa da, torpaq və su ehtiyatları baxımından Cənubi Qafqazda o qədər də əlverişli mövqedə deyil. Bölgədəki su ehtiyyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistannın, cəmi 10 faiz isə Azərbaycanın payına düşür. Üstəlik, bu 10 faizin də 70 faizindən çoxu transsərhəd çaylar vasitəsi ilə təmin olunur. Başqa sözlə, hər 100 ton suyun cəmi 3-4 tonu Azərbaycana çatır.
Bu qədər asılılıq fonunda sərhəd çaylarının, xüsusilə də Araz çayının çirkləndirilməsi təkcə ekoloji baxımdan deyil, həm də hüquqi və siyasi baxımdan ciddi məsuliyyət yaradır. Belə davranışlar cinayət xarakteri daşıyan hallardır və qarşısı qətiyyətlə alınmalıdır.
Orta Dəhliz Azərbaycanın strateji maraqlarına tam uyğundur
İqtisadçı Xalid Kərimli bildirib ki, Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji bir element kimi təqdim olunur və bu məsələ bir neçə aspektdən vurğulanır. Orta Dəhliz Azərbaycanın iştirak etdiyi mühüm tranzit logistika koridorudur. Və bu dəhlizin inkişaf etdirilməsi ölkəmizin birbaşa strateji maraqlarına daxildir. Hal-hazırda bu dəhliz Azərbaycanda tam gücü ilə fəaliyyət göstərir. Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm infrastruktur layihələri bu dəhlizin əsas dayaqlarıdır.
Lakin bu yayihələrin uğurla həyata keçməsi təkcə Azərbaycanın fəaliyyətindən asılı deyil. Burada Mərkəzi Asiya ölkələri və digər tərəfdaş ölkələrin koordinasiyalı və birgə fəaliyyəti də mühüm rol oynayır.
Azərbaycan-Gürcüstan münasibətlərinə nəzər saldıqda, bu iki ölkə arasında qarşılıqlı faydalı və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu görürük. Azərbaycan enerji resusrsları və nəqliyyat dəhlizləri məhz Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropaya çatdırılır. Bu, Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın ciddi töhfəsi olduğunu göstərir və iki ölkə arasında strateji müttəfiqqlik münasibətlərinin formalaşmasına səbəb olub.
Orta Dəhliz Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Bir çox ölkələr bu dəhlizin imkanlarına daha çox diqqət ayırmağa başlayıblar. Lakin dəhlizin genişləndirilməsi üçün hələ də böyük potensial mövcuddur.
Əgər biz Orta Dəhlizi tam formalaşdırmaq istiyiriksə, bu zaman Zəngəzur dəhlizinin də fəaliyyətə başlaması zəruridir. Bu, həm Azərbaycanın yükötürmə qabiliyyətini artıracaq, həm də Naxçıvanın blokadasının aradan qalxmasına səbəb olacaq.
Bundan başqa nəzərə almaq lazımdır ki, Gürcüstan limanlarında yüklənmə səviyyəsi yüksəkdir. Bu baxımdan alternativ liman və marşrutların olması da vacibdir.
Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi təkcə bu ölkəyə deyil, eyni zamanda türk dünyasına və ümumilikdə qlobal əməkdaşlığa ciddi ziyan vurur. Ermənistanın bu mövqeyi, çox zaman xarici qüvvələrin təsiri altında formalaşır. Bu xarici qüvvələr Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışırlar. Çünki onlar anlayırlar ki, bu dəhliz həm Azərbaycanın, həm də Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynaya bilər.
Bütün bu maneələr baxmayaraq, Azərbaycan Şərq-Qərb Dəhlizinin inkişafı üçün ciddi addımlar atır. Son illərdə bu istiqamətdə yükdaşımalarda 30-40 faiz artım qeydə alınıb. Bu da Azərbaycanın tranzit imkanlarının ildən-ilə genişləndiyini göstərir.
USAID-lə bağlı məlumatlar ictimai rəyə təsir etmək məqsədi daşıyır
Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Yeganə Hacıyeva bildirib ki, Prezident İlham Əliyev çıxışında USAID-i “tamamilə korrupsiyaya uğramış bir nəhəng” adlandırıb və onun Azərbaycanda sabitliyi pozmağa yönəlmiş fəaliyyətdə iştirak etdiyini qeyd edib.
USAID-in bağlanmış saytında və ABŞ-in xarici yardım aktları ilə bağlı məlumatların yerləşdiyi rəsmi resurslarda bu barədə dolğun məlumatlar var. Məsələn, pandemiyanın artıq iki il əvvəl başa çatdığı 2024-cü ildə USAID Azərbaycana “pandemiya ilə mübarizə” adı altında 1 milyon 930 min dollar məbləğində vəsait ayırıb. Eləcə də, 2024-cü ildə dünyanın bir çox ölkələrinə humanitar yardım göstərildiyi bir vaxtda Azərbaycanda kimlərsə USAID-dən 3 milyon dollar dəyərində ərzaq yardımı alıb.
Tarixə nəzər yetirsək 2005, 2010 və 2015-ci illərdə USAID-in Azərbaycanda keçirilən parlament seçkilərində QHT-ləri, medianı və deputatlığa namizədləri dəstəkləmək üçün ayırdığı maliyyələr barədə məlumatlar mövcuddur. Bu zaman ortaya belə bir sual çıxır: Sonrakı illərdə USAID seçkilərdə hansı destruktiv fəaliyyətlərə və nə qədər vəsait ayırıb? “İcmaların dayanıqlığı mədəniyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində, 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının xilaskarı, Qarabağın Fatehi İlham Əliyevin əleyhinə kampaniyalara nə qədər maliyyə ayırıb? Və ya 2024-cü ilin sentyabrında keçirilən parlament seçkilərində, müstəqil seçki manitorinqi üçün QHT-lərə, mediaya və ən əsası dəstəklədikləri namizədlərə nə qədər vəsait yönəldilib?
USAID-lə bağlı araşdırmalar göstərir ki, 2024-cü ildə Ermənistan höküməti ABŞ-in Beynəlxalq İnkişaf Agentliyindən (USAID) cəmi 110 milyon dollar qrant alıb. Halbuki həmin il üçün Ermənistanla USAID arasında imzalanan qrant sazişində 250 milyon dollar nəzərdə tutulmuşdu. Ayrılan 110 milyon dollar 2024-cü ilin sentyabrında Ermənistan baş nazirinin müavini Mxer Qriqoryan və USAID/Ermənistan missiyasının direktoru Con Allelo arasında imzalanan sənəddə qeyd olunub.
Bu qrantın 49 milyon dolları Ermənistanda “demokratik keçidin asanlaşdırılması”na yönəldilib. Bu təşəbbüs çərçivəsində Ermənistanda beş proqram həyata keçirilib:
- Qanunun aliliyi və insan hüquqları - 6,6 milyon dollar;
- Efektiv idarəetmə 18,9 milyon dollar ;
- Siyasi rəqabət və konsensusun yaradılması - 8 milyon dollar ;
- Vətəndaş cəmiyyəti və media - 13,6 milyon dollar ;
- Humanitar yardım 1 milyon dollar ;
Qalan 60 milyon dollar Ermənistanın iqtisadi təhlükəsizliyinin artırılması məqsədilə aşağıdakı sahələrə bölüşdürülüb:
- Özəl sektorun məhsuldarlığının artırılmasına - 29,8 milyon dolları,
- İşçi qüvvəsinin inkişafı üçün 3,2 milyon dollar ;
- Enerji təchizatı üçün 25,8 milyon dollar ;
- Humanitar ərzaq yardımı üçün 1 milyon dollar.
Yerdə qalan 140 milyon dollar isə USAID-in sattelit təsisatları vasitəsi ayrılıb.
Qeyd etmək lazımdır ki, 2024-cü ildə USAID-in Cənubi Qafqazda ən az maliyyə ayırdığı ölkə məhz Ermənistana olub. Ən çox maliyyə isə Gürcüstana yönəldilib-ümumilikdə 500 milyon dollar. Bunun 309 milyon dolları birbaşa qrant kimi, 191,6 milyon dolları isə sattelit təsisatları vasitəsi ilə ayrılıb.
USAID-in rəsmi məlumatlarına görə 2024 cü ildə Cənubi Qafqaz ölkələri arasında ayrılan maliyyənin həcminə görə Azərbaycan ikinci yerdədir.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)
Zəka ilə sakit, əqidə ilə qürurlu: FƏZAİL İBRAHİMLİ BARƏDƏ
Aygül Bağırova, “Ədəbiyyat və incəsənət” üçün
Bəzən elə insanlar olur ki, onların ömrü təqvimlərin deyil, dəyərlərin içində ölçülür. Onların varlığı bir xalqın düşüncə tarixində sükutla yazılmış, amma qəlblərdə dərin iz buraxmış cümlələrə bənzəyir. Aprelin 12-də doğum gününü qeyd etdiyimiz Fəzail İbrahimli məhz belə insanlardandır – sadəcə bir tarixçi, sadəcə bir siyasətçi deyil; o, zamanla harmoniyada yaşayan, düşüncənin, vicdanın və milli mənəvi yaddaşın simvoluna çevrilmiş ziyalıdır.
O, zamanın içindən keçərək düşüncənin şöləsi ilə xalqın yolunu aydınladan, hər dönəmin öz dilində danışaraq sabit qalan dəyərləri qoruyan və onları gələcəyə miras qoymaq əzmi ilə çalışan bir mənəviyyat adamıdır. O, millətin mənəvi sütunları üzərində ucalan bir simadır – o sütunlar ki, əsrlər dəyişsə də, küləklər əsə də, sınmır, əyilmir, öz möhkəmliyini qoruyur.
Onun adı çəkiləndə ilk ağıla gələn təkcə akademik titullar, siyasi mövqelər, vəzifə pillələri deyil – onun adı ilə birlikdə bir bütöv mənəviyyat təcəssüm edir. Çünki o, elə bir yolçudur ki, bu xalqın tarixi ilə nəfəs alıb, keçmişin ağırlığını düşüncəsində daşıyıb, bu günün mürəkkəb çağırışlarına elmi ilə, ağlı ilə, sarsılmaz mənəvi dayağı ilə cavab verməyi bacarıb. Onun simasında biz yalnız bir mühazirəçinin zəkasını deyil, həm də bir vətəndaşın dərdini, xalqın ağrısına çevrilmiş susqunluğunu, dövlətin gələcəyinə yönəlmiş uzaqgörənliyi oxuyuruq.
O, tarixçi olub, lakin keçmişin qaranlığında ilişib qalmayıb – tarixi bu günlə danışdırıb, bu günü sabaha işıqlandırıb. O, müəllim olub, amma yalnız dərs deməyib – öyrətmək üçün yaşamış, yaşatmaq üçün yazmış, yazdıqlarına isə özü yaşamı ilə nümunə olmuşdur. O, siyasətçi olub, lakin siyasətin sərt dillərində ruhunu itirməmiş, əksinə, əqidəsini qoruyaraq siyasətə mənəviyyat gətirmişdir.
Fəzail müəllim elə bir düşüncə sahibidir ki, hər cümləsi sadəcə söz yığını deyil – o cümlələrin içində min bir illik tarix yatır, o cümlələrin kökündə vicdan yatır, millət dərdi yatır. Onun danışığı bir insanın şəxsi fikri deyil – bir xalqın içindən süzülmüş təfəkkürün ifadəsidir. Məhz buna görə də onun hər çıxışı, hər yazısı, hər mülahizəsi müvəqqəti səs-küy deyil, düşüncəyə çevrilir, yaddaşda qalır, yön verir.
Bəlkə də bir çoxları onun nitqlərindəki sadəliyi görür, amma o sadəliyin içində nə qədər dərinlik olduğunu yalnız düşünənlər anlayır. Çünki onun sadə danışığı arxasında yüzlərlə kitabın yükü, on illərlə formalaşan intellektin izləri, bir ömrün səssiz, sakit, sadiq xidmətləri yatır. Onun bir baxışı, bir susqunluğu, bir tənqidi – bütün bunlar təkcə söz deyil, mövqedir. Və bu mövqe – həmişə millət, dövlət və insanlıq naminə olmuşdur.
Onu doğum günü münasibətilə sadəcə təbrik etmək azdır. Çünki bu günün özündə təkcə bir insanın yaşını qeyd etmirik – biz onun timsalında zamanın imtahanlarından alnıaçıq çıxmış bir ömrü, cəmiyyətin mənəvi sərhədlərini qoruyan bir şəxsiyyəti, düşüncənin, vicdanın və əqidənin sarsılmaz qalasını dəyərləndiririk. Biz 12 aprel günündə təkcə bir ziyalının yeni yaşını yox, həm də onun təmsil etdiyi bir əxlaq məktəbinin, bir həyat fəlsəfəsinin davamlılığını qeyd edirik.
Bu gün biz Fəzail müəllimə “doğum gününüz mübarək” deyərək, əslində onun təmsil etdiyi bütün mənəvi dəyərlərə – səmimiyyətə, dürüstlüyə, əqidəyə sədaqətə, milli ruhun qorunmasına və ziyalı məsuliyyətinə təşəkkür edirik. Bu təşəkkür səthi bir minnətdarlıq deyil – bu təşəkkür, uzun illər boyu dəyişməyən bir mövqeyin, haqlı olanı müdafiə etməkdən çəkinməyən bir qürurun, sözün və düşüncənin məsuliyyətlə daşınmasının simvoluna çevrilmiş bir ömrə duyulan hörmətin ifadəsidir.
Bu gün biz ona uzun ömür arzulamaqla yanaşı, əslində belə insanların varlığı ilə möhkəmlənən, güvən qazanan, sabit qalan milli özümüzlüyümüzün yaşamasını diləyirik. Çünki Fəzail İbrahimli kimi insanlar, yalnız öz ömürlərini yaşamırlar – onlar xalqın yaddaşında kök salan, millətin ruhuna toxunan, cəmiyyətin əxlaqi konturlarını müəyyən edən mərkəz fiqurlardır. Onlar zaman keçsə də dəyişməyən, dəyişsə belə özülündən vaz keçməyən mənəvi qiblə daşıdırlar.
Bu gün biz onu anmaqla, əslində öz içimizdəki aydınlıq ehtiyacına sığınırıq. Çünki belə insanların işığında biz öz yolumuzu daha aydın görür, qarışıq zamanlarda nəyi qorumaq, nəyə sadiq qalmaq lazım olduğunu xatırlayırıq. Onun mövcudluğu bir çox insan üçün sadəcə bir nümunə yox, bir dayaq, bir fikir, bir yön, bir sığınacaqdır. Çünki o, zamana uyan deyil, zamana yön verənlərdəndir.Çünki belə şəxsiyyətlər yaşadıqca, xalqın içində işıq sönməz, söz dəyərdən düşməz, haqqın səsi batmaz. Bu gün biz Fəzail müəllimi tək bir insan olaraq deyil, xalqın mənəvi sərvəti kimi anırıq. Onun hər yaşını, əslində, bir xalqın bir pillə daha müdrikləşməsi, bir nəsilin bir addım daha irəli getməsi kimi dəyərləndiririk.
Bu səbəbdən də bu gün sadəcə bir təqvim günü deyil – bu gün mənəviyyatın, əxlaqın, milli kimliyin, ziyalılıq mədəniyyətinin bayramıdır. Bu günün əsl qəhrəmanı – illərdir sözün, düşüncənin və dürüstlüyün keşiyini çəkən bir insanın həyatına yazılmış dərin hörmətin günüdür.
Siz bu xalq üçün bir güzgüsünüz, Fəzail müəllim – keçmişin yaddaşını, bu günün həqiqətini və sabahın ümidini əks etdirən bir güzgü. Allah sizə güc, sağlamlıq, dinclik, yaradıcılıq və bir ziyalıya ən çox yaraşan nemət olan – daxili rahatlıq nəsib etsin. Qoy ömrünüz özünüz qədər mətləblə dolu, həyatınız yazdığınız tarix qədər izli, və düşüncəniz danışdığınız qədər işıqlı olsun.
Siz həyatınızla, əməl yolunuzla, şəxsiyyətinizlə bizlərə yol göstərdiniz – öyrətdiniz ki, sükut da təbliğ ola bilər, baxış da bir mövqedir, və ən əsası, bu dürüstlük hələ də mümkündür. Sizi tanımaq bir xoşbəxtlik, sizdən öyrənmək isə bir şərəfdir. Allah sizə uzun ömür, sağlam can, aydın təfəkkür, və könlünüz qədər işıqlı günlər bəxş etsin. Qoy bu yeni yaşınız, yalnız sizin deyil – sizə sevgi ilə baxanların, sizə hörmət bəsləyənlərin, sizin sözünüzdən, baxışınızdan güc alanların bayramı olsun.
Doğum gününüz mübarək olsun, dəyərli Fəzail İbrahimli!
Sizin varlığınız bu xalqın düşüncə atlasında sönməyəcək bir ulduz kimi parlayır.Və o ulduzlar ki, onların işığı zaman keçdikcə solmur, əksinə, hər yeni nəsilə yol göstərməyə davam edir.
Sizə sonsuz hörmət və ehtiramla!
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)
Qəhrəmanların izi ilə
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Dövlət Iqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi, Türk Dünyası GənclərTəşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərində iştirak edən hərbçi və qazilər də iştirak edirdilər.
Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səsləndi. Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən qısa film izlənildi.
Türk Dünyası Gənclər Təkilatının sədr müavini Ziyad Ağayev öz çıxışında bildirdi ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq. 2016-cı ildə düşmən təxribatının qarşısını almaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrildi. Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq.
Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışdı. Qeyd etdi ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub.
Aprel və Zəfər döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından və vətənin azadlığı uğrunda döyüşlərdə türk insanına məxsus olan döyüş ruhunun onlara güc verməsindən danışdılar.
Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə “Qalibiyyət: şahidlər vəşəhidlər” ikicildliyinin müəllifi , türkdünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk də iştirak edirdi. Aida Eyvazlı Göytürk 2016-cı ilin ilk aprel günlərindəbaşlanan döyüşün bugünkü qələbəmizin müjdəçisi olduğunu dedi. Öz çıxışında apreldə, həmin o zəfər ismarıcı ilə dolu olan günlərdə şəhid olan hər bir şəhidin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin söhbətlərini qələmə alarkən bu günkü Zəfərə inandığını söylədi. Ali Baş Komandan İlham Əliyevin və onun müzəffər əsgərlərinin qazandığı Zəfəri türk dünyasının zəfəri, Qarabağın düşməndən azad olmasını isə Türk Dövlətləri Təşkilatının yaranmasına bir ümid və inam verdiyini söylədi.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı özünün bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa etdi.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkildi.
“Ədəbiyyat və incəsənət”
(12.04.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti IV Antalya Diplomatik Forumunun açılış mərasimində iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova IV Antalya Diplomatik Forumunun açılış mərasimində iştirak edib. Forum Antalya şəhərində “Diplomatiyanın parçalanmış dünyaya qaytarılması” devizi altında keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, təntənəli açılış mərasimində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Türkiyə Respublikasının Xarici İşlər Naziri cənab Hakan Fidan çıxış edərək, müasir beynəlxalq şəraitdə diplomatik səylərin əhəmiyyətinə toxunublar.
Tədbir 20-dən çox dövlət və hökumət başçısını, 50-dən çox xarici işlər nazirini, 70-dən artıq müxtəlif naziri, 60-a yaxın beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini və 4,000-dən çox qonağı, o cümlədən tələbələri bir araya gətirib ki, bu da Forumun miqyası və əhəmiyyətini göstərir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Forumda iştirakı diplomatik və beynəlxalq əməkdaşlığın təşviqində mədəni mübadilə və irsin əhəmiyyətini ön plana çıxarır.
Forum çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın müxtəlif tərəfdaşlarla bir sıra ikitərəfli görüşləri planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(12.04.2025)
Oğuzda “İncə naxışlar” adlı məşğələlər keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən Oğuz şəhərindəki məktəblərdə şagirdlərə “Muzey eksponatları şagirdlərin rəngli dünyasında“ layihəsi çərçivəsində “İncə naxışlar” adlı öyrədici və tematik məşğələlər keçirilib.
Məşğələlər xalçaçılıq və tikmə sənətinə həsr olunub. Şagirdlərə Azərbaycan xalqının qədim və zəngin xalçaçılıq ənənələri, naxışların mənası və onların necə hazırlandığı barədə, o cümlədən Oğuz rayonun xalçaçılıq tarixindən geniş məlumatlar verilib. Eyni zamanda tikmə sənətinin incəlikləri göstərilib. Müxtəlif sap və alətlərlə tikmə texnikaları nümayiş olunub.
Məşğələlər şagirdlər arasında milli dəyərlərimizə olan marağı daha da artırnışdır. Şagirdlər məşğələlərdə yüksək fəallıq nümayiş etdirmişlər.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Şəkidə "Beynəlxalq İncəsənət Günü" musiqili tədbirlə qeyd edildi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Bu gün - aprelin 11-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbi və Şəki şəhər S.Vurğun adına Folklor evinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə "15 aprel- Beynəlxalq İncəsənət Günü" münasibətilə musiqili tədbir keçirildi.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin, MİHİ Şəki rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri iştirak edirdi.
S. Vurğun adına Folklor evində keçirilən tədbirdə 4 nömrəli UMM -nin müəllim və şagirdlərinin ifasında milli musiqi nümunələri səsləndirildi. Həmçinin, bir qrup mədəniyyət işçisi Fəxri Fərman və təşəkkürnamə ilə təltif edildi.
Beynəlxalq İncəsənət Günü 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını təşviq etmək məqsədi daşıyır.
Onu da qeyd etmək lazımdır ki, 15 aprel -Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin imzalanması ilə bağlı idi.
Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirildi. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlandı.
İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
“İnsanlar da ağac kimidi elə" - Əli Şirin Şükürlünün ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı tanıdaq layihəsində bu gün sizlərə Əli Şirin Şükürlünün şeirləri təqdim ediləcək.
ƏDƏBİ SUPREMATİZM
Limit: yığılma nöqtəsi
Qış görkəmində ağac: altında əvvəlcə diri bildiyim,
üzü torpağa "ayaqüstə" ölən quş - hərəkətsiz,
heçliyə çevrilsə də,
sanki təzəcə qonub yoxluğu boyda torpağa.
Dayanıb bir mövcudolma
hələ ki formasını itirməsə də.
Dayanıb bir mövcudolma; ölən quş şəklində.
Hər yoxolmanın
öz forması olurmuş, demə.
Bütün ölümlər yerə doğru, quşcığaz,
bütün ölümlər yerə çəkir hər şeyi
və hər şeyin yığıldığı nöqtə var.
Səma olduğu kimi, quşcığaz,
qapqara, bambalaca yaranış,
ehtimal edirəm xəbərin yox, səma olduğu kimi
cızdığın və cızmadığın trayektoriyalarla birgə.
Nə yoxluq tam heçlikdi, nə heçlik tam yoxluq,
quşcığaz - balaca yaranış,
nəsə böyük bir sirr, bir məna var bilmədiyimiz,
anlaşılması çətin. Bircə, gümanım:
hər yoxluq heçliyə keçid,
hər heçlik yeni imkanlar çoxluğu,
ya xaos, ya nizam şəklində...
...bilirəm,
artıq təsəlliyə nə ehtiyac var,
elə-belə danışıram, lirika xatirinə...
Mən də
keçid edirəm heçliyə yavaş-yavaş,
yarımçıq qalmasın lirika:
Yer də olduğu kimi, quşcığaz,
yer də olduğu kimi, balaca yaranış,
üstündə son eniş və çoxlu keçid nöqtəsi;
bütün böyük, orta, kiçik uçuşların - cızılan və cızılmayan
düz, əyri, çarpaz xətlərin yığıldığı son məkan.
MONİZM
Kənd evimizdə yenə də payız,
payızda ağaclar, quşlarda payız.
Ağaclarda (quşlarda) zaman - nəsə dəyişib; axı
ağaclar daha çox tanıdar dəyişmələri.
(Bir də çiçəklər - onların öz zamanı
hamıdan fərqli; gündüz açıb, axşam solanlar).
Nəsə dəyişib deyəsən: yox olub(r) yaşıllıq,
dayanıb bir mövcudolma, yerində başqası.
Yaşıl sarıya çevrilib(r) - eyni ağaclar deyilmi
indi rəngini dəyişən?
Bəs yaşıl hanı? - sarıda gizlənib sadəcə.
Eyni cür dəyişmələr bildirir;
bütün ağaclar eyni ağacdır əslində,
Ümumi olandan qopub
tək-tək düşüblər torpağa
bir qədər fərqli formalarda.
İnsanlar da ağac kimidi elə,
heç kim inanmasa da,
mən dəqiq bilirəm; Bir olub
və ayrı düşüblər nə vaxtsa -
indi o Bir olan
Hamının içində.
FENOMENOLOGİYA
Tünd yaşıl, yaşıl, açıq yaşıl...
açıq sarı, sarı, tünd sarı...
açıq qırmızı, qırmızı, al qırmızı...
nə çox rəng varmış təbiətin payız şəklində;
hər rəng cürbəcür rəng yaradır özündən sanki -
sarı, qırmızı, yaşıl cürbəcür çalarlarıyla
bu canlı şəkil mənzərədə.
Bu canlı əsərdə quşlar; rəngdən-rəngə qonur,
birdən "pırr" edib qalxır səmaya,
çıxa bilmir cazibəsindən, qayıdır... dönə-dönə qayıdır
uçduğu şəklə - hər dəfə yeni sənət əsəri yaranır
rənglərin çoxritmli çalarlarında; musiqiyə bənzəyir həm də -
şəkillə musiqi bir-birinin içində; həyatın məna şəkillərindən biri.
"Nə gözəl imiş mövcudluq məna tapanda onda" -
olumla ölüm arasında çırpınan insan baxıb
evinin iri pəncərəsindən ilk dəfə görürmüş kimi
musiqi içində rənglərə bürünmüş bu canlı mənzərəni
vaz keçir romantikasının cazibəsindən çıxa bilmədiyi
intihar həvəsindən: eros - yaşamaq...
yalnız yaşamaq "həyatın məna şəklində"!
SUPERPOZİSİYA PRİNSİPİ
Biz insanlar da
bir çox məkanda eyni zamanda varıq,
təkcə bir qədər fərqli versiyalarda,
başqa var olan hər şey - məsələn,
aləmə işıq paylayan fotonlar kimi -
hər yerdə olduğumuzdan,
"heç yerdə"yik həm də:
Superpozisiya prinsipi.
İnkar edən
heç bir elmi fakt olmasa da,
mən bunu sizdən sonra
daha çox anladım,
doğrusu, daha çox inandım buna;
sizi
hər yerdə olduğunuza inana-inana
tapa bilməyəndə.
Tapa bilməyəndə sizi,
axtarıb tapa bilmədiyim
bir çox gerçək olanlar -
məsələn, ən sadəsi, hamının
şahidi olduğu əriyən qar;
uşaqlıq illərindən
var olduğuna inana-inana
tapa bilmədim heç vaxt.
Kontinuum
Çəmənliyi
uzun-uzadı seyr etməyi xoşlayıram mən də,
ən çox da sərhədləri geniş və ya hüdudsuz olanda.
Sanki bir ayrılmazlıq, bir keçilməzlik var otlar arasında:
hər baxanda bir cür gözəllik yaradar
sıx-sıx sarılıb bir-birinə yaşayan bu zərif məxluqlar.
Hərdən astaca toxunuram çəmənliyə,
ürəyimdən keçir - ayırıb otları bir-birindən
nəvaziş göstərim, oxşayım onları;
nəyisə tam, bütov görmək
hələ onda olan hər şeyi görmək və duymaq
deyilmiş, anlayıram.
Sonra düşünürəm:
ayırsan otları bir-birindən, pozular nizam,
yox olar yavaş-yavaş tamlığın yaratdığı gözəllik,
itər çəmənlik adlı mahiyyət.
Otların, o zərif məxluqların
ayrılmazlığı, birindən o birinə qeyri-səlis,
kəsilməz keçididir elə çəmənlik: kontinuum set*.
Bütün bütövlüklərin
fəlsəfəsi eynidir əslində,
ya gözəllik doğursun, ya şər yaratsın,
ayrılıq gələndə pozular nizam,
xələl toxunar tamlıq adlı mənaya.
* - kontinuum çoxluq, kontinuum - latınca tərcümədən kəsilməz mənasını verib çoxluğun gücünü göstərir: bu mövzuya aid elmi-fəlsəfi mətnlərdə çəmənlik və bunabənzər nümunələrə rast gəlmək mümkündür
BÖYÜK ÇÖKÜŞ
Yanır şam, şam yanır, yanır şam, şam yanır...
yandıqca əriyir şam, əriyir şam yandıqca
əriyir şam, şam əriyir, əriyir şam, şam əriyir...
əridikcə azalır şam, şam azalır əridikcə
azalır şam, şam azalır, azalır şam, şam azalır...
azaldıqca tükənir şam, tükənir şam azaldıqca
tükənir şam, şam tükənir, tükənir şam, şam tükənir...
yanır öz-özünə şam, əriyir öz-özünə şam,
azalır öz-özünə şam, tükənir öz-özünə şam...
yanırmı öz-özünə şam, əriyirmi öz-özünə şam,
azalırmı öz-özünə şam, tükənirmi öz-özünə şam,
bitirirmi öz-özünü şam?..
yoxsa...
od var, var od, od var, var od -
var, var, var od, od var e, od var...
hər şey belədirmi - sona doğru
sıçrayış və enişlərlə
iradi və qeyri-iradi tələsmədə;
azalırmı öz-özünə, tükənirmi öz-özünə,
bitirirmi öz-özünü?..
yoxsa...
qurtuluş var, var qurtuluş -
var, var, qurtuluş var e, qurtuluş;
qurtuluş anı -
təzələnmə, təzələnmə, təzələnmə...
son vaxtlar yorur məni elə bil köhnə nə varsa,
təzə, özü də fərqli geyimlər almaq keçir könlümdən,
yeni "mall"ların gecəyarıya qədər işıqları sönməyən
bəzəkli salonları və şıx geyimli manikenləri
cəlb edir adamı.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
TOP-20. Dünyanın ən xoşbəxt ölkələrinin ünvanı yenə də şimal və xristian dünyasıdır
“Ədəbiyyat və incəsənət” portalının növbətçisi Kənan Məmmədli bu dəfə axtarıb sizlər üçün XXL dərgisinə istinad edərək “Dünyanın ən xoşbəxt ölkələri” reytinqini təqdim edəcək. Bu reytinq az öncə digər xarici KİV-də cüzi fərqlə çıxmışdı, amma biz bu mənbəyə etibar etdiyimizdən məhz burada dərc edilən reytinqi sizlərə çatdırmaqda israrlıyıq.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi qlobal sorğu məlumatlarından istifadə edərək ən xoşbəxt ölkələri müəyyən edib. Hesabata görə, Skandinaviya ölkələri hər il olduğu kimi bu il də birinci yerdə qərarlaşıb. İlk dəfədir ki, qlobal 20-liyəpost sovet məkanından da bir ölkə daxil ola bilib. Təbii ki, Baltik respublikalarından biri olan Litvadır bu xoşbəxt ölkə.
Büləliklə, dünyanın 20 ən xoşbəxt ölkələsini təqdim edirik:
1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsrail
5. Niderland
6. İsveç
7. Norveç
8. İsveçrə
9. Lüksenburq
10. Yeni Zellandiya
11. Avstriya
12. Avstraliya
13. Kanada
14. İrlandiya
15. ABŞ
16. Almaniya
17. Belçika
18. Çexiya Respublikası
19. Böyük Britaniya
20. Litva.
Portalımızın növbətçisinin reytinqə şərhini də təqdim edirik: “Deyirlər ki, günəş insanlara sevinc, pozitivlik və demək ki, xoşbəxtlik gətirir. Amma nədənsə bol günəşli cənub xalqları xoşbəxt ola bilmirlər. Günəşə tamarzı şimallılar isə ən xoşbəxt insanlardır. Dünyanın işləri bax bu cür tərsinədir.”
Hələlik isə yalnız onu deyə bilərik ki, finlərin sağ əlləri bizim başımıza.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
PORTAL AKADEMİYASINDA - Con Maksvell. «Uğurlu insanlar necə düşünür».
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
Con Maksvell. «Uğurlu insanlar necə düşünür».
Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.
Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.
Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:
- Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.
- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.
- Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.
- «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!
- Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.
- Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.
- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.
- Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.
- Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər. – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.
İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.
“Ədəbiyyatvə incəsənət”
(11.04.2025)