“İnsanlar da ağac kimidi elə" - Əli Şirin Şükürlünün ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı tanıdaq layihəsində bu gün sizlərə Əli Şirin Şükürlünün şeirləri təqdim ediləcək. 

 

 

ƏDƏBİ SUPREMATİZM

 

Limit: yığılma nöqtəsi

 

Qış görkəmində ağac: altında əvvəlcə diri bildiyim, 

üzü torpağa "ayaqüstə" ölən quş - hərəkətsiz, 

heçliyə çevrilsə də, 

sanki təzəcə qonub yoxluğu boyda torpağa. 

 

Dayanıb bir mövcudolma 

hələ ki formasını itirməsə də. 

Dayanıb bir mövcudolma; ölən quş şəklində. 

 

Hər yoxolmanın 

öz forması olurmuş, demə.

 

Bütün ölümlər yerə doğru, quşcığaz, 

bütün ölümlər yerə çəkir hər şeyi 

və hər şeyin yığıldığı nöqtə var. 

 

Səma olduğu kimi, quşcığaz, 

qapqara, bambalaca yaranış, 

ehtimal edirəm xəbərin yox, səma olduğu kimi 

cızdığın və cızmadığın trayektoriyalarla birgə.

 

Nə yoxluq tam heçlikdi, nə heçlik tam yoxluq, 

quşcığaz - balaca yaranış, 

nəsə böyük bir sirr, bir məna var bilmədiyimiz, 

anlaşılması çətin. Bircə, gümanım:

hər yoxluq heçliyə keçid, 

hər heçlik yeni imkanlar çoxluğu,

ya xaos, ya nizam şəklində... 

 

...bilirəm, 

artıq təsəlliyə nə ehtiyac var, 

elə-belə danışıram, lirika xatirinə...

 

Mən də 

keçid edirəm heçliyə yavaş-yavaş, 

yarımçıq qalmasın lirika:

Yer də olduğu kimi, quşcığaz,

yer də olduğu kimi, balaca yaranış,

üstündə son eniş və çoxlu keçid nöqtəsi; 

bütün böyük, orta, kiçik uçuşların - cızılan və cızılmayan 

düz, əyri, çarpaz xətlərin yığıldığı son məkan.

 

 

MONİZM

 

Kənd evimizdə yenə də payız, 

payızda ağaclar, quşlarda payız.

 

Ağaclarda (quşlarda) zaman - nəsə dəyişib; axı 

ağaclar daha çox tanıdar dəyişmələri. 

(Bir də çiçəklər - onların öz zamanı

hamıdan fərqli; gündüz açıb, axşam solanlar).

 

Nəsə dəyişib deyəsən: yox olub(r) yaşıllıq, 

dayanıb bir mövcudolma, yerində başqası. 

Yaşıl sarıya çevrilib(r) - eyni ağaclar deyilmi

indi rəngini dəyişən?

Bəs yaşıl hanı? - sarıda gizlənib sadəcə. 

 

Eyni cür dəyişmələr bildirir; 

bütün ağaclar eyni ağacdır əslində, 

Ümumi olandan qopub 

tək-tək düşüblər torpağa

bir qədər fərqli formalarda.

 

İnsanlar da ağac kimidi elə, 

heç kim inanmasa da, 

mən dəqiq bilirəm; Bir olub 

və ayrı düşüblər nə vaxtsa - 

indi o Bir olan 

Hamının içində. 

 

 FENOMENOLOGİYA

 

Tünd yaşıl, yaşıl, açıq yaşıl...

açıq sarı, sarı, tünd sarı...

açıq qırmızı, qırmızı, al qırmızı...

nə çox rəng varmış təbiətin payız şəklində;

hər rəng cürbəcür rəng yaradır özündən sanki - 

sarı, qırmızı, yaşıl cürbəcür çalarlarıyla 

bu canlı şəkil mənzərədə.

 

Bu canlı əsərdə quşlar; rəngdən-rəngə qonur, 

birdən "pırr" edib qalxır səmaya, 

çıxa bilmir cazibəsindən, qayıdır... dönə-dönə qayıdır 

uçduğu şəklə - hər dəfə yeni sənət əsəri yaranır 

rənglərin çoxritmli çalarlarında; musiqiyə bənzəyir həm də - 

şəkillə musiqi bir-birinin içində; həyatın məna şəkillərindən biri.

 

"Nə gözəl imiş mövcudluq məna tapanda onda" - 

olumla ölüm arasında çırpınan insan baxıb 

evinin iri pəncərəsindən ilk dəfə görürmüş kimi 

musiqi içində rənglərə bürünmüş bu canlı mənzərəni 

vaz keçir romantikasının cazibəsindən çıxa bilmədiyi 

intihar həvəsindən: eros - yaşamaq...

yalnız yaşamaq "həyatın məna şəklində"! 

 

 

SUPERPOZİSİYA PRİNSİPİ

 

Biz insanlar da 

bir çox məkanda eyni zamanda varıq, 

təkcə bir qədər fərqli versiyalarda,

başqa var olan hər şey - məsələn, 

aləmə işıq paylayan fotonlar kimi - 

hər yerdə olduğumuzdan, 

"heç yerdə"yik həm də:  

Superpozisiya prinsipi.

 

İnkar edən 

heç bir elmi fakt olmasa da,

mən bunu sizdən sonra

daha çox anladım, 

doğrusu, daha çox inandım buna;

sizi 

hər yerdə olduğunuza inana-inana

tapa bilməyəndə.

 

Tapa bilməyəndə sizi, 

axtarıb tapa bilmədiyim 

bir çox gerçək olanlar - 

məsələn, ən sadəsi, hamının 

şahidi olduğu əriyən qar;

uşaqlıq illərindən

var olduğuna inana-inana 

tapa bilmədim heç vaxt. 

 

Kontinuum

 

Çəmənliyi 

uzun-uzadı seyr etməyi xoşlayıram mən də,

ən çox da sərhədləri geniş və ya hüdudsuz olanda. 

Sanki bir ayrılmazlıq, bir keçilməzlik var otlar arasında:

hər baxanda bir cür gözəllik yaradar 

sıx-sıx sarılıb bir-birinə yaşayan bu zərif məxluqlar. 

 

Hərdən astaca toxunuram çəmənliyə,

ürəyimdən keçir - ayırıb otları bir-birindən 

nəvaziş göstərim, oxşayım onları;

nəyisə tam, bütov görmək 

hələ onda olan hər şeyi görmək və duymaq 

deyilmiş, anlayıram.

 

Sonra düşünürəm: 

ayırsan otları bir-birindən, pozular nizam,

yox olar yavaş-yavaş tamlığın yaratdığı gözəllik, 

itər çəmənlik adlı mahiyyət. 

Otların, o zərif məxluqların 

ayrılmazlığı, birindən o birinə qeyri-səlis,

kəsilməz keçididir elə çəmənlik: kontinuum set*.

 

Bütün bütövlüklərin

fəlsəfəsi eynidir əslində,

ya gözəllik doğursun, ya şər yaratsın, 

ayrılıq gələndə pozular nizam,

xələl toxunar tamlıq adlı mənaya. 

 

* - kontinuum çoxluq, kontinuum - latınca tərcümədən kəsilməz mənasını verib çoxluğun gücünü göstərir: bu mövzuya aid elmi-fəlsəfi mətnlərdə çəmənlik və bunabənzər nümunələrə rast gəlmək mümkündür 

 

 

BÖYÜK ÇÖKÜŞ

 

Yanır şam, şam yanır, yanır şam, şam yanır...

yandıqca əriyir şam, əriyir şam yandıqca

əriyir şam, şam əriyir, əriyir şam, şam əriyir...

əridikcə azalır şam, şam azalır əridikcə

azalır şam, şam azalır, azalır şam, şam azalır...

azaldıqca tükənir şam, tükənir şam azaldıqca

tükənir şam, şam tükənir, tükənir şam, şam tükənir...

 

yanır öz-özünə şam, əriyir öz-özünə şam,

azalır öz-özünə şam, tükənir öz-özünə şam... 

 

yanırmı öz-özünə şam, əriyirmi öz-özünə şam,

azalırmı öz-özünə şam, tükənirmi öz-özünə şam,

bitirirmi öz-özünü şam?..

 

yoxsa... 

od var, var od, od var, var od - 

var, var, var od, od var e, od var...

 

hər şey belədirmi - sona doğru 

sıçrayış və enişlərlə 

iradi və qeyri-iradi tələsmədə;

azalırmı öz-özünə, tükənirmi öz-özünə, 

bitirirmi öz-özünü?..

 

yoxsa... 

qurtuluş var, var qurtuluş - 

var, var, qurtuluş var e, qurtuluş;

qurtuluş anı - 

təzələnmə, təzələnmə, təzələnmə...

 

son vaxtlar yorur məni elə bil köhnə nə varsa, 

təzə, özü də fərqli geyimlər almaq keçir könlümdən, 

yeni "mall"ların gecəyarıya qədər işıqları sönməyən 

bəzəkli salonları və şıx geyimli manikenləri 

cəlb edir adamı.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.