Şəkidə "Beynəlxalq İncəsənət Günü" musiqili tədbirlə qeyd edildi Featured

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Bu gün - aprelin 11-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbi və Şəki şəhər S.Vurğun adına Folklor evinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə "15 aprel- Beynəlxalq İncəsənət Günü" münasibətilə musiqili tədbir keçirildi. 

 

Tədbirdə Şəki-Zaqatala RMİ-nin, MİHİ Şəki rayon Komitəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri iştirak edirdi.

S. Vurğun adına Folklor evində keçirilən tədbirdə 4 nömrəli UMM -nin müəllim və şagirdlərinin ifasında milli musiqi nümunələri səsləndirildi. Həmçinin, bir qrup mədəniyyət işçisi  Fəxri Fərman və təşəkkürnamə ilə təltif edildi.

 

Beynəlxalq İncəsənət Günü 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını  təşviq etmək məqsədi daşıyır.

Onu da qeyd etmək lazımdır ki, 15 aprel -Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin imzalanması ilə bağlı idi.

 

Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirildi. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlandı.

İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.