
Super User
Başqasını kitab kimi oxumaq istəyirsənmi? – QIZIL MƏSLƏHƏTLƏR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Fizionomist — insanın üz cizgilərini, mimikalarını və ümumi zahiri görünüşünü təhlil edərək onun xarakteri, psixoloji vəziyyəti, emosional durumu və bəzən hətta sağlamlıq vəziyyəti haqqında fikir yürütməyə çalışan mütəxəssisdir. Bu peşə əsasən fizionomiya elminə əsaslanır. Və bu sahə üzrə mütəxəssislə danışıb sahənin maraqlı özəllikləri barədə sizlərə bilgi vermək fikrinə düşdük. Mütəxəssis anonim qalmaq istədi, amma ətraflı da danışdı.
Fizionomistin əsas fəaliyyət sahələrihansılardır?
- Psixoloji təhlil: İnsanların üz ifadələrinə əsaslanaraq onların daxili dünyasını və davranışlarını təxmin etmək.
- İnsan resursları: İşə qəbul zamanı namizədlərin xarakterini daha yaxşı anlamaq üçün istifadə oluna bilər.
- Kriminalistika: Şübhəlilərin yalan danışıb-danışmadığını və ya hansı psixoloji vəziyyətdə olduqlarını anlamağa kömək edir.
- Sosial münasibətlər: İnsanlararası münasibətləri düzgün qurmaqda faydalı ola bilər.
Tələb olunan bacarıqlar hansılardır?
- Yüksək müşahidə qabiliyyəti
- Üz anatomiyasını və mimikaları yaxşı tanımaq
- Psixologiya və bədən dili bilikləri
- Analitik düşüncə və diqqətlilik
Təhsil hansı səviyyədə olur?
Fizionomiya spesifik bir sahə kimi universitetlərdə tədris olunmasa da, psixologiya, kriminalistika və insan davranışı ilə bağlı sahələr üzrə təhsil alanlar bu istiqamətdə ixtisaslaşa bilərlər. Bəzi kurslar və seminarlar vasitəsilə də bu sahədə bilik əldə etmək mümkündür.
Tanınmış Fizionomistlər və Tədqiqatçılar kimlərdir?
1. Johann Kaspar Lavater – XVIII əsrdə yaşamış və fizionomiya sahəsinin banilərindən sayılır. Onun “Essays on Physiognomy” adlı əsəri bu sahənin əsas mənbələrindən biridir.
2. Paul Ekman – Emosional mimikaların tədqiqi ilə məşhurdur. Onun "mikro ifadələr" (microexpressions) barədə tədqiqatları hüquq-mühafizə orqanları və psixoloqlar üçün əvəzolunmazdır.
3. Joe Navarro – Keçmiş FBI agenti, bədən dili və mimikaların oxunması üzrə mütəxəssisdir. “What Every Body Is Saying” adlı kitabı geniş auditoriyaya tövsiyə olunur.
Bu sahəyə aid Faydalı Kitablar və Mənbələr hansılardır?
- "Emotions Revealed" – Paul Ekman – Duyğuların üz ifadələrində necə əks olunduğunu izah edir.
- "The Definitive Book of Body Language" – Allan və Barbara Pease –Bədən dili və üz ifadələrinin gündəlik həyatda necə oxunacağını praktiki şəkildə göstərir.
- "What Every Body Is Saying" – Joe Navarro – Bədən dili və insan davranışlarını anlamaq üçün əla bələdçi.
Online Kurslar və Resurslar varmı?
- Coursera / Udemy:
Axtarış: “Body Language”, “Facial Expressions Analysis”, “Microexpressions”
- Paul Ekman Group (rəsmi sayt):
Mikro ifadələr üzrə ödənişli və pulsuz testlər və kurslar təqdim edir.
YouTube kanalları:
- The Behavior Panel
- Observe
- Charisma on Command
Bu kanallar insan davranışlarının təhlilinə əsaslanan videolar paylaşır.
MƏŞQ PLANI
Həmsöhbətimiz fizionomiya və bədən dili üzrə başlanğıc səviyyəli 2 həftəlik məşq planı təqdim etdi. Qeyd elədi ki, hər gün cəmi 20-30 dəqiqə vaxt ayırmaq kifayətdir.
1–7-ci günlər: Müşahidə və əsas anlayışlar
- Gün 1:
Oxu: “What Every Body Is Saying” kitabının giriş və ilk fəslini oxu.
Tapşırıq: Yaxın çevrəndə bir insanı müşahidə et – üz ifadələri dəyişəndə hansı emosiyaları ifadə etdiyini təxmin etməyə çalış.
- Gün 2:
İzlə: YouTube-da “Paul Ekman Micro Expressions” videolarından 2-3-nə bax.
Tapşırıq: Özünün güzgü qarşısında sevincli, qəzəbli, kədərli, təəccüblü mimikalarından imtina etmədən çalış və onları yadda saxla.
- Gün 3:
Öyrən: Üz bölgələrini tanı – alın, gözlər, burun, ağız, çənə – və onların hərəkətləri nə demək ola bilər?
Tapşırıq: Bir film səhnəsi seç və personajların mimikalarına diqqətlə bax.
- Gün 4:
İzlə: The Behavior Panel kanalından bir müsahibə analizi videosu izləyin.
Tapşırıq: Videodakı şəxsin emosional dəyişikliklərinə uyğun hansı mikro ifadələr baş verir, qeyd et.
- Gün 5:
Oxu: Allan və Barbara Pease kitabından üz mimikaları və bədən dili ilə bağlı hissəni oxu.
Tapşırıq: 5 nəfərin şəkilinə bax və onların emosional halını təsvir etməyə çalış.
- Gün 6:
İzlə: Joe Navarro’nun TED danışığı və ya qısa bədən dili təhlili videoları.
Tapşırıq: Özündə stress və yalan ifadə edən mimikaları tapmağa çalış (məsələn: qaş qaşlama, tez-tez göz qırpmaq).
- Gün 7:
Yenidən baxış və praktika: Həftə ərzində öyrəndiklərini təkrar et, 2-3 real insanın davranışını 5 dəqiqə izləyib qeydlər apar.
8–14-cü günlər: Dərinləşmə və praktika
- Gün 8–9:
Mikro ifadələri təyin edən testlər (Paul Ekman Group saytında və ya mobil tətbiqlərdə).
Tapşırıq: Yolda və ya ictimai yerdə insanları izləyərək mimikalarını yaz.
- Gün 10:
Yalanla bağlı ifadələrin müşahidəsi – şübhəli baxış, əl jestləri, tərləmə.
Tapşırıq: Bir müsahibəyə bax və yalan olub-olmadığını təxmin et.
- Gün 11–12:
Bədən dili + mimika birlikdə təhlil et – bədən duruşu, əl-ayaq hərəkətləri və üz mimikası birlikdə necə mesaj verir?
Tapşırıq: Öz hərəkətlərini güzgüdə və ya videoda izləyərək təhlil et.
- Gün 13:
Öz təhlil metodunu yarat: 5 əsas mimika və 5 jest üzərindən başqalarını anlamağa çalış.
Tapşırıq: Kiçik qeydlər kitabçası yarat və insanlarla qarşılaşmalarını oraya qeyd et.
- Gün 14:
Təkrarlama və özünü qiymətləndirmə – nələri öyrəndin? Hansı hissədə zəifsən?
Tapşırıq: Dostlarına bu biliklərlə bağlı kiçik “xarakter təhlili” et və necə uyğun gəldiyini yoxla.
Bəli, fizionomist — insanın üz cizgilərini, mimikalarını və ümumi zahiri görünüşünü təhlil edərək onun xarakteri, psixoloji vəziyyəti, emosional durumu və bəzən hətta sağlamlıq vəziyyəti haqqında fikir yürütməyə çalışan mütəxəssisdir. Və biz də bu sahə üzrə mütəxəssislə danışıb sahənin maraqlı özəllikləri barədə sizlərə bilgi verdik. Əminik ki sizlərə faydalı ola bildik.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
KİTAB BƏLƏDÇİSİ - Əqli və Fiziki hazırlığın vəhdəti
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əqli və Fiziki hazırlıq daim davam edən olmalıdır. Uğur qazanmaq fiziki hazırlığa bənzəyir. Hər səhər yuyunmaq, dişlərini fırçalamaq və ya yemək yeməyə bənzəyir. Bunu hər gün ardıcıl olaraq etmək lazımdır.
Başladıqdan sonra, karyeran bitənə və həyatda istədiyin hər şeyə nail olmayana kimi dayana bilmirsən. Bu yaxınlarda Sietlda seminarım var idi. Fasilədən az öncə dinləyicilərimə Satış, Vaxtın idarə edilməsi və Şəxsi inkişafa dair audio proqramlarımı alıb dinləməklərini məsləhət gördüm.
Fasilə zamanı dinləyicilərdən bəziləri mənim ətrafıma toplaşıb seminar mövzusuna dair müxtəlif suallar verirdilər. Satış işi ilə məşğul olan bir nəfər ətrafımdakı adamları aralayaraq mənə yaxınlaşdı: “Siz insanları audio proqramlar almağa ruhlandırarkən onlara düzünü deməlisiniz!” Mən: “Nəyi nəzərdə tutursunuz?” deyə soruşdum. Və o daha da ruhlanaraq: “Siz audio proqramlar haqda hər şeyi olduğu kimi demirsiz. Bu proqramlar yalnız müəyyən müddət işə yarayır, sonra heç bir effektə malik olmurlar.” Mən bayaqkı sualı olduğu kimi təkrar etdim: “Nəyi nəzərdə tutursunuz?” “Beş il öncə mən sizin seminarınıza gəlmişdim və prezentasiyanız məni çox ruhlandırmışdı. Sizin proqramlarınızı aldım və hər gün qulaq asmağa başladım. Hər gün satış haqda kitablar oxuyurdum. Və eynən siz deyən kimi üç ildən sonra mənim gəlirim üç qat artdı və mən şirkətimizin ən yaxşı satıcısı oldum. Sonrakı iki ili isə gəlirim azalmağa başladı. İş orasındadır ki, sizin proqram müəyyən bir vaxtdan sonra effektini itirir.”
Onda mən soruşdum: “İki il öncə, sizin gəlirləriniz azalmağa başlayan vaxt nə baş vermişdi?”
O bir az düşünüb cavab verdi: “Mən başqa şirkət tərəfindən işə dəvət edildim və o vaxtdan da gəlirim azalmağa başladı.”
Mən növbəti sualı verdim: “Bəs siz, əvvəlki işinizlə müqayisədə nəyi fərqli edirdiniz?”
Cavab vermək üçün ağzını açdı, amma cavab vermədən susdu və fikrə getdi. Sonra keçirdiyi daxili şok üzündə əks olundu və nəhayət boğuq səslə dilləndi: “Aman Allah, mən daha qulaq asmırdım. Mən daha bunu etmirdim! Satışa dair kitablar oxumurdum. O biri şirkətə keçdikdən sonra audio proqramlara qulaq asmadım, seminarlara getmədim. Mən daha bunları etmirdim!” O, başını bulayaraq fikirli şəkildə bizdən uzaqlaşdı. Müəyyən bir sahədə mütəxəssis olmaq, beşinci başlıqda bəhs açacağımız, daim bacarığı təzələmək fiziki hazırlıq kimidir. Təlimlərə ara versəniz, əvvəlki formada qala bilməzsiniz. Zəifləməyə başlayacaqsınız. Bədəniniz və əzələləriniz yumşalacaq və gücdən düşəcək. Gücünüzü və çevikliyinizi itirəcəksiniz. Onlara daim malik olmaq üçün, hər gün təlimlər etməlisiniz.
Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Oğuz rayonunda Dədə Qorqud izi ilə - ARAŞDIRMA
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
"Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır…Bu, bizim ana kitabımızdır”. (H.Əliyev)
Akademik T.Hacıyev “Kitabi-Dədə Qorqud” dastanını türkün yeddi möcizəsindən biri hesab edirdi. O deyirdi ki, “Kitabi-Dədə Qorqud” Oğuzun tarixidir. “Kitabi-Dədə Qorqud” Oğuzun dövlətçiliyidir, “Kitabi-Dədə Qorqud” Azərbaycanın tarixi coğrafiyasıdır”.
Tədqiqatçılar yekdilliklə qeyd edirlər ki, “Kitabi-Dədə Qoqrud”dakı hadisələr, əsasən, Azərbaycanda və qismən də Anadolu ərazilərində cərəyan edir. Dastanın ilk tədqiqatçılarından V.Bartold yazırdı ki, “Qorqudun adı ilə bağlı bu epik silsilə çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi”.
Dastan haqqında kifayət qədər araşdırma aparılmışdır. Biz bu barədə deyilən və yazlanları təkrarlamaqla sizi yormaq istəmirik. Bu yazıda ancaq Azərbaycanın kiçik bir bölgəsi olan Oğuz rayonunun ərazisində “Kitabi-Dədə Qorqud” izləri haqqında söhbət açmaq istəyirik.
Bütün Azərbaycan ərazisi kimi Oğuz rayonu da Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar burada nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu ərazidə neolit və eneolit dövrlərindən insanlar toplu şəkildə məskunlaşmışlar. Hələ 1948-ci ildə tanınmış arxeoloq S.Qazıyev rayonun Vardanlı (indiki Kərimli) və Qarabaldır kəndlərindən cənubda qazıntı işləri aparmış, qədim yaşayış yeri və qəbiristanlıq aşkarlamışdır. Böyük alim qədim qəbirlərdən, daş qutu abidələrdən 2500–3000 il bundan əvvələ aid edilən maddi-mədəniyyət nümunələrini taparaq elm aləminə bildirmişdir. Bunlar uzaq keçmişimizdən, Dədə Qorqud dünyasından xəbər verir.
Rayon ərazisində dəniz səviyyəsindən 1150 və 1160 metr yüksəkdə olan Baş Daşağıl və Filfilli kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış, əhalinin hələ də “oğuz qəbirləri” adlandırdığı, "Kitabi-Dədə Qorqud" dastanındakı boylarla səsləşən nəhəng qəbirlər indi də qalmaqdadır,
Rayon ərazisindəki bir sıra toponimlər də Dədə Qorqud qaynaqları ilə bağlıdır. Əslində bunlar torpağa sançılmış oğuz-türk möhürləridir. Məsələn, rayon ərazisində Daşüzə yaxın bölgədəki Qazan xan qalası, Oğuz şəhərinin cənubundakı Bayan kəndi, onun yaxınlığındakı Bayandur talası (bura “Baydar talası” da deyirlər), Oğuz şəhərinin yaxınlığındakı Oğuz qalası, Başdaşağıl kəndində Qazanın ağılı deyilən ərazi onların Dədə Qorqud soraqlı olmasını söyləyir. Daşüz yaxınlığındakı Qazan xan qalasının “Kitabi-Dədə Qorqud” dastanının əsas personajlarından, Oğuz elinin Salur boyundan olan Qazan xanla bağlı olduğu ehtimal olunur. Bu qala müdafiə istehkamı olub, lakin hazırda, demək olar ki, qaladan əsər-əlamət qalmayıb, ancaq xarabalıqları durur.
Başdaşağıl kəndinin yaxınlığındakı Qazan ağılı isə Qazan xanın qoyun sürülərinin saxlandığı yerdir. Ərazinin heyvandarlıq üçün çox əlverişli olması da bu ehtimalı gücləndirir. Yəqin ki, Qazan xanın qoyun sürüləri Dərbəndlə yanaşı, burada da bəslənmişdir. Hətta burda qoyunlar üçün daşdan ağıllar da düzəldilibmiş.
Rayondakı Bayan və Bayandur talası toponimləri isə dastandakı xanlar xanı Bayandır xanla əlaqələndirilir. Bayandurlar qədim türk tayfa adı olmaqla tarixdə mühüm iz buraxmışlar. Bayat eli, Bay komponenti də eyni soy olmaqla iç oguz soyuna mənsubdur.
Oğuz rayonundakı Qarabulaq (bu adda Azərbaycanın digər rayonlarında, Qərbi və Cənubi Azərbyacanda, İranda, Gürcüstanda, Qazaxıstanda, İnquşetiyada və Türkiyədə də çoxlu kəndlər vardır) və Qarabaldır (bu adda Qaxda da kənd mövcuddur) kənd adları da dastanın qəhrəmanları Qarabudaq, Qaragünə və Oğuz boylarından biri olan “Qarabölük”lərlə bağlı ola bilməzmi?! Tədqiqatçılar göstərirlər ki, Günə və Budaq adlarında “qara” sözünün işlədilməsi igidlərin güc və qüdrətini ifadə etməkdən əlavə, həm də nəsildən nəslə keçən bir aləmətin göstəricisi kimi çıxış edir.
AYB-nin üzvü, şair tədqiqatçı Y.Rzayevin fikrincə, Xalxal kəndinin şimalında Böyük Qafqazın cənub yamacında olan Xızovuz dağının adı da özündə “Xızır” şəxs adını və “Oğuz” tayfa adını hifz etmişdir.
Bu toponimlər göstərir ki, Oğuzun ərazi də Dədə Qorqud, Bayandur xan, Qazan xan, digər dastan qəhrəmanlarının yurd yeri, ata-baba məskəni olmuş, onların şanlı tarixi bütün Azərbaycanda olduğu kimi, onun kiçik bir parçası olan Oğuzda da yazılmışdır.
Oğuz rayonunda “Kitabi-Dədə Qorqud”un izlərinin varlığının bir başqa sübutu da bölgənin folklor nümunələrinin dastanın mövzuları ilə paralellik təşkil etməsidir. Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsi tərəfindən 2023-cü ildə çap olunmuş “Oğuz və Qəbələ folkloru” kitabında (tərtibçisi, şair, folklor tədqiqatçısı Y.Rzayev) verilmiş və Oğuz rayonundan toplanmış “Daşüz haqqında”, “Uğuz baba”, “Oğuz xan dayanan yer” adlı rəvayətlərdə, həmçinin bir sıra atalar sözlərində və alqışlarda bu paralelliyi aydın görmək mümkündür. Məsələn, “Daşüz haqqında” rəvayətdə oxuyuruq: “Nəsrullah kişi (rayonun Xaçmaz kənd sakin-söyləyicidir) deyirdi ki, kənddə bizim tayfaya, uruq-turuğumuza “qurdlar” adı vermişdilər. Daşüzdə çəltik zəmisi olardı. Lap qədim əyyamlarda isə buralarda uğuzlar, yəni ki, bizim ulu babalarımız yaşamışlar. İri, sağlam insanlar olublar. Hərəsinin də bir atı varmış. Azad, şən həyat sürürmüşlər. Çox qoçaq, işlək olan uğuzlar ha bu dərədən bizim Xaçmaz dağları tərəfə İçüz, ha o tərəfə , Ərəş tərəfə isə “Daşüz” deyərmişlər”. Mətindəki “uğuzlar”, “İçüz” və “Daşüz” kəlmələri diqqəti xüsusi olaraq cəlb edir. Bu kəlmələr “Kitab-Dədə Qorqud” dastanındakı oğuz, İç və Dış oğuz sözlərini etiva etməklə bu yerlərin də dastan qəhrəmanlarının Vətəni olduğnu göstərir.
Və yaxud “Uğuz baba” rəvayətində deyilir: “Uğuz baba Adəmdən çox sonra, bizim əyyamdan isə çox əvvəl yaşayıb...Yeddi yüz yetmiş yeddi il ömür sürüb. Oğul-uşağının, nəvə-nəticələrinin sayını özü də bilmirmiş. Hamı ondan məsləhət alarmış. Ölənə yaxın iki yüz əlli yaşlı oğlunu yanına çağırıb iki vəsiyyət edib.
Birinci vəsiyyəti ha bu olub ki, azalmağınızdan qorxuram, çalışın azalmayın, küsöyü dağılan ocaq tez sönər. İkinci vəsiyyəti də həblə olub ki, vətən, həyat dünyaya gəlib üstündə gəzdiyiniz torpaqdan başlanır, torpağı sevin, qoruyun, torpaq uğrunda ölümə yox, öldürməyə gedin. Bəli, bizim Uğuz babamız həblə baba imiş. Allah ona rəhmət eləsin!”
Gördüyünüz kimi, bu rəvayət də “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan cəmiyyətin etnik tərkibini təşkil edən, turkdilli xalqlardan olan “babamız” oğuzları yada salıb, Dədə Qorqud öyüdlərini xatırladır. Unutmyaq ki, əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, mifoloji mətnlərdə, əfsanə və rəvayətlərdə “çəyirdək qədər də olsa, tarixi gerçəklik olur”.
“Kitabi Dədə-Qorqud” dastanında adı çəkilən yemək və içkilərin tədqiqi göstərir ki, maddi mədəniyyət sahəsində ənənələr itməmiş, bu ənənələr cüzi dəyişikliklərlə günümüzə qədər gəlib çatmışdır. Bunların izinə Oğuzda da rast gəlmək mümkündür. Buna aid xeyli nümunə göstərmək mümkündür. Lakin biz bir nümunə ilə kifayətlənəcəyik. Söhbət “Kitabi-Dədə Qorqud”da adını eşitdiyimiz “yaxnı”dan (yəxni) gedir. Yaxnı əsasən qoyun ətindən, daha keyfiyyətli sayılan qara qoyun ətindən bişirilərdi. Lakin etnoqrafik materiallar yaxnının məişətdə həm qoyun və həm də mal ətindən bişirilib, qovurma deyil, soyutma olduğunu təsdiq edir. Yaxnı əksər zonalarda əhalinin mətbəx məişətindən çıxsa da, bir sıra zonalarda, o cümlədən Oğuzda indi də hazırlanmaqdadır. Yaxnı süfrəyə yəxnikeş adlı xüsusi qabda verilərdi, adətən mərasim xörəklərindən sayılırdı. Yuxarıda adı çəkilən “Oğuz və Qəbələ folkloru” kitabında (səh:191) oxuyuruq ki, “Kitabi-Dədə Qorqud” dastanlarında “yəxni” kimi qeyd olunan bu yemək növü aborigen Oğuz udilərinin də mətbəxində bu gün də yaşadılır. Mal ətindən hazırlanır. İri tikələrdə doğranıb qazanda bişirilən soyutma ətdir. Soğan tökülmür. Soğan və istiot ət bişdikdən sonra üstünə tökülüb süfrəyə verilir... Bu qədim Azərbaycan yeməyi bu gün Naxçıvanda da saxlanılmışdır. Orada “yəxnikeş” adlı qabdan indi də istifadə edirlər. Yaxnı/yəxni (soyutma ət) Qəbələ rayonunun Nic qəsəbəsində və Oğuz şəhərində yaşayan yerli udilərin də ən sevimli milli xörəklərindəndir”. İçkilərlə bağlı isə ayranı xüsusi qeyd etmək istərdik. Bu gün də süddən hazırlanan bu içkidən geniş istifadə olunur.
Yeməklər barədə dediklərimizi geyimlər barədə də deyə bilərik. Məsələn, rayonun ucqar kəndlərində “Kitabi-Dədə Qorqud”da adı çəkilən börk və külah (kişi baş geyimləri), cübbə (üstdən geyilən uzun ətəkli, enli və düyməsiz geyim) kimi geyimlər eyni adla adlanaraq, son dövrlərə kimi dəbdən düşməmişdi.
“Kitabi-Dədə Qorqud” dastanında börk ifadəsinə Qaraca Çobanın dilindən bu şəkildə rast gəlirik: “Başındakı turulğanı nə öyərsən mərə kafir, Başımdakı (keçə) börkümcə gəlməz mana”. Börkün təpəsi şiş uclu olurdu. Bəzi tədqiqatçılar börkün adının türk xalqlarının totemlərindən biri olan “boz qurd” – “börü”, “böri”nin adından törəndiyini iddia edirlər. Bəzi tədqiqatçılar isə onun “bürümək”, “bürük” sözlərindən yarandığını söyləyirlər.
Börkdən fərqli olaraq külahlar konus şəkilli olub, təpə hissəsində qotazı olmuşdur. “...altı ogəc dərısındən, külah etsə, qulaqlarını örtməyən qolu-budı xaranca, uzun baldırlan incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi” cümləsindən də bəllı olur ki, oğuzların külahı da qoyun dərısindən, xususılə erkək dərisındən tikilərmiş.
Cübbə isə həm kişi, həm də qadm üst geyim kompleksıni tamamlayan qədim tarixə malık libas növüdür. Cübbə yapıncısayağı gen gövdəli geyim tipi olub. Çuxadan fərqli olaraq, cübbəni bilavasitə qoldan bədənə geymir, sadəcə çiyinə alıb ona bürünürmüşlər. Kişi cübbəsindən fərqli olaraq qadınların cübbəsinin yaxasının kənarlarına və ətəyinə qiymətli xəz dəri tikilərmiş.
Yaşlı rayon sakinlərinin söylədiklərinə görə, onların ata-babaları həmin geyimləri özləri hazırlayarmışlar.
Dastanın ümumu məzmunundan da belə məlum olur ki, oğuz cəmiyyətində dağlar səmaya ən yaxın yerlər kimi Göy Tanrısı ilə əlaqəni simvolizə edir və müqəddəs yerlər hesab olunur. Oğuzlar dağlara təbii formasiyalar kimi baxmır, həm də onları qoruyucu, müqəddəs varlıqlar kimi qəbul edirlər. Dağlar türklər üçün təkcə ibadət yeri deyil, həm də mühüm mərasimlərin, ayinlərin, qurbanların kəsildiyi yerdir. Xüsusilə mühüm hadisələr və ya fəlakətlər zamanı insanlar dağlara çıxıb tanrılardan kömək diləyirdilər. Bu inanç türklərdə “dağ kultu” kimi tanınır. Araşdırmalar göstərir ki, hazırkı Oğuz rayonu ərazisində də Dağ kultunun izlərinə rast gəlinir. Məsələn, Xalxal kəndinin şimalındakı Əddağ və Xızovuz, Qarabulaq kəndinin şimal-şərqindəki Pirdağ və Yaqublu kəndinin şimal-şərqindəki Ərdağ bir zamanlar əhalinin intensiv (indi oralara ziyarətlər seyrəlib) ziyarət etdikləri, mühüm mərasimlərin, ayinlərin, qurbanların kəsildiyi, Tanrıdan kömək diləndiyi dağlar olub.
O da maraqlıdır ki, bu gün "Kitabi-Dədə Qorqud"da işlənmiş bir çox sözlər, tipik idiomlar, ibarələr, məsəllər vo atalar sözləri rayon sakinlərinin dilində indi də canlıdır, dipdiridir, eşidilməkdədir. Anaru (kənar), becid (tez), birər (bir-bir), qalabalıq/qələbəlik (böyük), di (təkid, əmr ədatı), zaval (ziyan), tıxmaq (acgözlüklə yemək), toxlu (6 aylıq qoyun balası), dürtüşmək (zorla bir yerə girmək) kərrə (dəfə), bozlamac (soba üzərində bişirilən fətir), şivən (hay-küy), yəlaq (yalaq), öylə (elə) nola (nə ola), yaraq (silah), qanrılmaq (dönmək), çomaq, sapan, yamaç, ayran və s. onlarla belə sözlər dediyimizə sübut sayıla bilər.
Zənn edirik ki, yuxarıda qeyd etdiklərimiz Oğuz rayonunun da “Kitabi-Dədə Qorqud” dastanının tarixi-coğrafi arealına daxil olduğunu sübut etmək üçün yetərlidir.
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Dağ Adamı – UĞURSUZ SEVGİ ƏHVALATI
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bütün ayrılıqların səsi olur, amma bu, sükutun içində çırpınan bir qopanlıq idi. O, “dağ adamı” idi – sakit, möhkəm, anlayışlı. Mən isə içimdəki fırtınaları sığdıra bilməyən biri.
İlk tanışlığımız qışın sərt günlərindən birində olmuşdu. Buz kimi hava vardı, amma o, sanki içində baharı gəzdirirdi. Sözlərində qışın soyuqluğu yox idi, baxışlarında çovğun yox idi. İstilik vardı. Təhlükəsiz hiss etdirirdi, sanki içimdəki bütün keçmişi donduran soyuqdan qoruyurdu məni. Amma bir problem vardı – mən onu sevə bilmirdim.
Sevməmək üçün bir səbəb axtardım, tapmadım. Çünki səhvi yox idi. Sən demə, bəzən səhvsiz olmaq da bir problemdir. Düzgün vaxtda, düzgün yerdə deyildi. Mən başqasının kölgəsində itmiş biri idim. O isə məni görən, məni anlayan, məni qorumaq istəyən biri.
Hər dəfə baxışlarım ona yox, uzaqlara, xatirələrə sürüklənəndə gözlərindəki o sükutu sezirdim. Bilməmiş kimi edirdi, amma hər şeyi anlayırdı. Çünki dağlar susar, amma hər şeyi hiss edər. Mən "bitdi" dedikcə, içimdə nəyinsə hələ də qırıntılarla yaşadığını bilirdi. O qırıntıları tamamlaya bilməzdi, çünki onları başqası sındırmışdı.
Səbr etdi, gözlədi, amma mənim yolum onsuz da daşlı idi. O yola heç kəsi salmaq istəmədim. Ona etdiyim ən böyük yaxşılıq ayrılmaq oldu. Əlim titrəyə-titrəyə mesajı yazdım. Düzgün, hörmətli, səmimi, amma onu məndən uzaqlaşdıracaq qədər aydın.
Cavabı qısa oldu. “Başa düşürəm.”
Təəccüblənmədim. Dağlar danışmaz, amma hər şeyi qəbul edər. O da etdi.
Günlər keçdi, heç birimiz bir-birimizə yazmadıq. Hərdən havanın buz kimi olduğu günlərdə içimdən bir səs deyirdi: “Bəlkə o, indi haradasa oturub səni xatırlayır?” Amma mən bunu bilmək istəmirdim.
Bir neçə ay sonra təsadüfən yolda gördüm onu. Daha xoşbəxt idi. Gözlərində o tanış sükut yox idi. Yanında biri vardı – gözlərində sevgi parlayan biri. O adamı sevən biri. O, artıq məni xatırladan soyuqluğun içində yox idi. Yaz gəlmişdi.
Gülümsədim. Bilirdim ki, bu gülüşdə bir az kədər, bir az rahatlıq vardı. O isə mənə baxıb başını yüngülcə tərpətdi.
Həmin gün anladım ki, doğrudan da dağ adamları bir gün çox gözəl sevilir. Mən isə hələ də keçmişimin kölgəsində, xatirələrin soyuqluğunda itmiş biri idim…
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Tarixin təkrarsız anı – Konstitusiya və Suverenlik İli
İlahə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” üçün
2025-ci il Azərbaycanın müasir salnaməsində xüsusi bir işıqla parlayır. Bu il, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin iki mühüm zirvəsinin – 1995-ci ildə qəbul edilmiş Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik yubileyinin və Vətən müharibəsindəki tarixi Qələbəmizin 5 illiyinin – eyni vaxta təsadüf etməsi ilə əlamətdardır.
Bu iki möhtəşəm hadisə, sanki millətimizin qəlbindəki azadlıq eşqinin və qürurun gücünü simvolizə edərək, bizi keçmişin sərt sınaqlarından gələcəyin işıqlı zirvələrinə doğru qaldırır. Bu il, hər bir azərbaycanlının qəlbində fəxr və vətənpərvərlik hissini daha da alovlandırır, bizi bir millət olaraq daha da sıx birləşdirir.
Konstitusiya: Azadlığın Qarantı, Dövlətçiliyin Ruhunu Yaşadan Müqəddəs Sənəd
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, müstəqilliyimizin ilk illərinin çətin və keşməkeşli dövründə dövlət quruculuğu- nun təməl daşı oldu.
Bu fundamental hüquqi sənəd, sadəcə qanunlar toplusu yox, əsrlər boyu xalqımızın qəlbində yaşayan azadlıqsevər ruhun, milli kimliyimizin və gələcək inkişaf hədəflərimizin parlaq bir əksidir. Konstitusiya, hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyaraq, dövlət idarəçiliyinin ədalətli və şəffaf prinsiplərini təmin edir. Bu, hər bir azərbaycanlının sabahına olan inamının möhkəm bir bünövrəsini yaradaraq ölkəmizin gələcək inkişafının əsasını qoyur.
Eyni zamanda, Konstitusiya vətəndaşların dövlət qarşısındakı mənəvi məsuliyyətini də özündə ehtiva edir. Hər bir azərbaycanlı öz hüquqlarını qorumaqla yanaşı, dövlətin qanunlarına, onun ali dəyərlərinə sonsuz hörmət bəsləməli, ölkənin inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu, hər birimizin gələcəyinin və ölkəmizin firavanlığının qarantıdır. Konstitusiya, dövlətin əsas vəzifələrini müəyyən edərək, vətəndaşların rifahını təmin etməyi, onların hüquqlarını qorumağı və ölkənin davamlı inkişafını təmin etməyi dövlətin ali məqsədi kimi müəyyən edir. Bu, bizim bir millət olaraq irəliləyişimizin əsas prinsiplərini müəyyən edir.
Suverenlik: Milli İradənin və Qələbənin Əbədi Himni
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə isə Azərbaycan xalqının yenilməzliyinin, milli iradəsinin və özünə inamının əbədi bir himnidir. Bu tarixi Zəfər, işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, xalqımızın birlik və həmrəylik nümayiş etdirdiyi, öz suverenliyinə olan sarsılmaz inamını bütün dünyaya bir daha qətiyyətlə bəyan etdiyi şanlı bir hadisədir. Suverenlik, bizim üçün sadəcə coğrafi bir anlayış deyil, əsrlər boyu ruhumuzda yaşayan azadlıq eşqinin, milli kimliyimizin ayrılmaz hissəsidir. Bu eyni zamanda öz torpaqlarımızın sahibi olduğumuzu, öz taleyimizin müəllifi olduğumuzu qürurla dünyaya hayqırmaqdır.
Vətən müharibəsində qazanılan parlaq Qələbə, Azərbaycanın beynəlxalq arenada müstəqil siyasət yürütmək, öz milli maraqlarını qorumaq və dünya birliyində öz layiqli yerini tutmaq hüququnu bir daha qətiyyətlə təsdiq etdi. Bu Zəfər, ölkəmizin beynəlxalq nüfuzunu artırdı, xalqımızın əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu, milli qürurumuzun ən yüksək təzahürüdür.
2025: Azərbaycanın Yeni Zirvələrə Doğru Birgə Uçuş İli
“Konstitusiya və Suverenlik İli”, Azərbaycan xalqı üçün yeni bir ümid, yeni bir ruh və yeni bir tarixi zirvədir. Bu il ərzində keçiriləcək genişmiqyaslı mədəni, elmi, təhsil və ictimai tədbirlər vasitəsilə Konstitusiyanın və suverenliyin əhəmiyyəti geniş ictimaiyyətə çatdırılacaq, gənclərimizdə vətənpərvərlik hissi daha da gücləndiriləcək və milli birliyimiz daha da möhkəmləndiriləcəkdir.
Bu il, həmçinin, ölkəmizin davamlı inkişafı, iqtisadiyyatın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, elmin və təhsilin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi və digər mühüm sahələrdə yeni, iddialı layihələrin və təşəbbüslərin həyata keçirilməsinə güclü bir təkan verəcəkdir. Bu, hər bir azərbaycanlının öz potensialını tam şəkildə ortaya qoyması üçün əlverişli bir mühit yaradacaqdır.
“Konstitusiya və Suverenlik İli”, Azərbaycan xalqı üçün yeni bir başlanğıc, yeni bir ruh və yeni bir tarixi zirvədir. Gəlin, bu mübarək ildən səmərəli istifadə edərək ölkəmizi daha da qüdrətli, daha da inkişaf etmiş və daha da xoşbəxt bir gələcəyə doğru birgə, əzmlə addımlayaq. Hər birimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirərək, bu tarixi anı daha da əziz edək.
Uçan arzularımız bizi hər zaman yüksəklərə, daha parlaq zirvələrə doğru aparsın!
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Mənim arzum”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
MƏNİM ARZUM
Daddıqca aləmin hər nemətin,
Dilbər guşələrdə ötdükcə ömrün, –
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.
B.Adil
Şair! Nə incədir rübabın sənin!
Uçurdu ruhumu çaldığın bu saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.
O səcdə qıldığın çinar kölgəsi
Mənim də şeirimin qibləgahıdır.
Qurbanı olduğum Odlar ölkəsi
Hüsnün də, eşqin də ilk sabahıdır.
Sən ana torpağı qarış-qarış gəz,
Hər daşın altında bir gövhər axtar.
Eşqinə, qəlbinə yad ola bilməz
Vətən sevgisiylə yanan sənətkar.
Şair! Yuvasından tərlanı səslə.
Qartal qanadınla fəzaları aş!
Bu ilk məhəbbətlə, bu ilk həvəslə
Mən keçən yolları sən də keç, qardaş!
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Bu gün görkəmli dövlət xadiminin doğum günüdür – MUSA ƏLİYEV -117
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Musa Əliyevin gündəlikləri əsasınmda ölümündən çox-çox sonar işıq üzü görmüş “Ömrüm” kitabı barədə aşağıdakıları deyib:
"Fikrimcə, akademik Musa Əliyevin "Ömrüm" memuarı kimi qiymətli tale romanı görkəmli alim və tanınmış dövlət xadiminin yaşadığı dövrün konyukturalarından uzaq olan müstəqil bir akademik baxışın, daxilən, mənəvi cəhətdən azad olan obyektiv düşüncənin təbii əks-sədası olaraq yazılmışdır. Bizə görə, "Ömrüm" memuarının bir şəxsiyyətin tale romanı olmaqla, həm də geniş mənada böyük bir tarixi epoxanın salnaməsi kimi ümumiləşməsinin əsas səbəblərindən biri, bəlkə də ən birincisi onun müəllifinin şəxsiyyətə dəyər verərkən yaşadığı cəmiyyətin azad və müstəqil baxışının aparıcı siması meyarı ilə qiymətləndirməsi ilə əlaqədardır. "Ömrüm" memuarına təqdim olunan dövr və haqqında danışılan şəxsiyyətlər məhz həmin meyar əsasında işığı və ya qaranlığı təmsil edənlər kimi səciyyələndirilir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə, ölkəmizin tam ərazi bütövlüyü və suverenlik qazandığı tarixi bir mərhələdə "Ömrüm" memuarının Azərbaycan dilinə tərcümə edilməsi və kitab halında yüksək poliqrafik səviyyədə nəşr olunması da tamamilə qanunauyğun olub, hazırkı azad və demokratik bir cəmiyyətdə şəxsiyyətin müstəqil düşüncəsinin ölkəsinin müstəqilliyi ilə üzvi vəhdət təşkil etməsinin təntənəsini əks etdirir. Akademik Musa Əliyevin və "Ömrüm" kitabında onun əqidə və əməl dostları olaraq təqdim edilən görkəmli işıqlı simaların ağrısı da və ən böyük arzuları da məhz bundan ibarət idi".
***
Musa Əliyev 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycanda mezozoy faunasının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1941–1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Musa Əliyevin prezidentliyi müddətində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda "Astronomiya ekspedisiyası, astrofizika" şöbəsi yaradılmışdır.
O, təbaşir dövrünün inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olmuş, Qafqazın, Orta Asiyanın, Qərbi Sibirin neft-qazlı komplekslərinin stratiqrafik tədqiqini aparmış, həmçinin Əlcazair Saxarası və Atlasların, Yaxın və Orta Şərqin regional geologiyası və neftliliyi ilə məşğul olmuşdur. Mezozoy üzrə Bakı paleontoloq və stratiqraflar məktəbinin yaradıcısıdır.
Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 40 elmlər doktoru və namizədi yetişdirmişdir.210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)
Mədəniyyət naziri Bakıda növbəti dəfə bir qrup vətəndaşın müraciətini dinləyib
Aprelin 9-da mədəniyyət naziri Adil Kərimli tərəfindən bir qrup vətəndaşın müraciətləri dinlənilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyində keçirilən və nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, yaradıcılıqla bağlı layihəyə dəstək verilməsi və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlər araşdırılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədilə qeydiyyata alınıb. Bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfər edib. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mənzil qərargahında Təşkilatın İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dəstəyi ilə təşkil olunan yüksək səviyyəli plenar sessiyada iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Ahentlikdən verilən məlumata görə, müvafiq sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusuna həsr olunub. Məqsəd 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Hökuməti və BMT arasında imzalanmış Töhfə Sazişi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərlə bağlı təşkilata üzv dövlətlərin məlumatlandırılması olub.
Həmçinin “ASAN xidmət” modelinin təşviqi, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsinin və təcrübə mübadiləsinin aparılması əsas hədəflər olub. Tədbirə müxtəlif qitələri təmsil edən dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərindən səfirlər, aidiyyati dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, sahəvi ekspertlər və akademik dairələrin nümayəndələri olmaqla 100-dən çox iştirakçı qatılıb.
BMT Baş katibinin köməkçisi Navid Hanif Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının qalibi olduğunu, eləcə də 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində “Dünyanın ən qabaqcıl dövlət xidməti” mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb. Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsinin və paylaşılmasının zəruriliyi vurğulanıb. Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in BMT-nin üzvü olan dövlətlərdə innovativ dövlət xidmətlərinin qurulmasına dəstək göstərməklə idarəetmə potensialını gücləndirəcəyini, şəffaf, əlçatan və effektiv dövlət idarəçiliyini təşviq edəcəyini qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabr ayında BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında təsis olunmuş Etimad Fondu çərçivəsində BMT ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsinin 4 qitədə ixracını təşviq edəcəkdir. Sessiyada BMT-nin müvafiq departamentinin bölmə rəhbəri və Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müvafiq olaraq layihə çərçivəsində görüləcək işlər və “ASAN xidmət” barədə geniş təqdimatlarla çıxış ediblər. Xarici ölkələrin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)
CƏLİL XƏLİLOV: “Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir”
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Ədəbiyyat və incəsənət” portalına açıqlama verib. Polkovnik qeyd edib ki, İrəvan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çxıarmalı, revanşist qruplara meydan verməməlidir:
“Prezident İlham Əliyev ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirdi, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirdi. Həmçinin, dövlət başçısı vurğuladı ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur. Prezident qeyd etdi ki, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırlatdı, Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğunu söylədi.
Hesab edirəm ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çxıarmalı, regional sülh və təhlkəsizlik üçün konkret addımlar atmalıdır. Bu addımlar mahiyyət etibarilə olduqca sadədir. Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləməli, revanşist qrupların regionda vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan anlamlıdır ki. Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir və bu variantın heç bir alternativi yoxdur”.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)