İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əqli və Fiziki hazırlıq daim davam edən olmalıdır. Uğur qazanmaq fiziki hazırlığa bənzəyir. Hər səhər yuyunmaq, dişlərini fırçalamaq və ya yemək yeməyə bənzəyir. Bunu hər gün ardıcıl olaraq etmək lazımdır.
Başladıqdan sonra, karyeran bitənə və həyatda istədiyin hər şeyə nail olmayana kimi dayana bilmirsən. Bu yaxınlarda Sietlda seminarım var idi. Fasilədən az öncə dinləyicilərimə Satış, Vaxtın idarə edilməsi və Şəxsi inkişafa dair audio proqramlarımı alıb dinləməklərini məsləhət gördüm.
Fasilə zamanı dinləyicilərdən bəziləri mənim ətrafıma toplaşıb seminar mövzusuna dair müxtəlif suallar verirdilər. Satış işi ilə məşğul olan bir nəfər ətrafımdakı adamları aralayaraq mənə yaxınlaşdı: “Siz insanları audio proqramlar almağa ruhlandırarkən onlara düzünü deməlisiniz!” Mən: “Nəyi nəzərdə tutursunuz?” deyə soruşdum. Və o daha da ruhlanaraq: “Siz audio proqramlar haqda hər şeyi olduğu kimi demirsiz. Bu proqramlar yalnız müəyyən müddət işə yarayır, sonra heç bir effektə malik olmurlar.” Mən bayaqkı sualı olduğu kimi təkrar etdim: “Nəyi nəzərdə tutursunuz?” “Beş il öncə mən sizin seminarınıza gəlmişdim və prezentasiyanız məni çox ruhlandırmışdı. Sizin proqramlarınızı aldım və hər gün qulaq asmağa başladım. Hər gün satış haqda kitablar oxuyurdum. Və eynən siz deyən kimi üç ildən sonra mənim gəlirim üç qat artdı və mən şirkətimizin ən yaxşı satıcısı oldum. Sonrakı iki ili isə gəlirim azalmağa başladı. İş orasındadır ki, sizin proqram müəyyən bir vaxtdan sonra effektini itirir.”
Onda mən soruşdum: “İki il öncə, sizin gəlirləriniz azalmağa başlayan vaxt nə baş vermişdi?”
O bir az düşünüb cavab verdi: “Mən başqa şirkət tərəfindən işə dəvət edildim və o vaxtdan da gəlirim azalmağa başladı.”
Mən növbəti sualı verdim: “Bəs siz, əvvəlki işinizlə müqayisədə nəyi fərqli edirdiniz?”
Cavab vermək üçün ağzını açdı, amma cavab vermədən susdu və fikrə getdi. Sonra keçirdiyi daxili şok üzündə əks olundu və nəhayət boğuq səslə dilləndi: “Aman Allah, mən daha qulaq asmırdım. Mən daha bunu etmirdim! Satışa dair kitablar oxumurdum. O biri şirkətə keçdikdən sonra audio proqramlara qulaq asmadım, seminarlara getmədim. Mən daha bunları etmirdim!” O, başını bulayaraq fikirli şəkildə bizdən uzaqlaşdı. Müəyyən bir sahədə mütəxəssis olmaq, beşinci başlıqda bəhs açacağımız, daim bacarığı təzələmək fiziki hazırlıq kimidir. Təlimlərə ara versəniz, əvvəlki formada qala bilməzsiniz. Zəifləməyə başlayacaqsınız. Bədəniniz və əzələləriniz yumşalacaq və gücdən düşəcək. Gücünüzü və çevikliyinizi itirəcəksiniz. Onlara daim malik olmaq üçün, hər gün təlimlər etməlisiniz.
Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(11.04.2025)