Bu gün görkəmli dövlət xadiminin doğum günüdür – MUSA ƏLİYEV -117 Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Musa Əliyevin gündəlikləri əsasınmda ölümündən çox-çox sonar işıq üzü görmüş “Ömrüm” kitabı barədə aşağıdakıları deyib:

 

"Fikrimcə, akademik Musa Əliyevin "Ömrüm" memuarı kimi qiymətli tale romanı görkəmli alim və tanınmış dövlət xadiminin yaşadığı dövrün konyukturalarından uzaq olan müstəqil bir akademik baxışın, daxilən, mənəvi cəhətdən azad olan obyektiv düşüncənin təbii əks-sədası olaraq yazılmışdır. Bizə görə, "Ömrüm" memuarının bir şəxsiyyətin tale romanı olmaqla, həm də geniş mənada böyük bir tarixi epoxanın salnaməsi kimi ümumiləşməsinin əsas səbəblərindən biri, bəlkə də ən birincisi onun müəllifinin şəxsiyyətə dəyər verərkən yaşadığı cəmiyyətin azad və müstəqil baxışının aparıcı siması meyarı ilə qiymətləndirməsi ilə əlaqədardır. "Ömrüm" memuarına təqdim olunan dövr və haqqında danışılan şəxsiyyətlər məhz həmin meyar əsasında işığı və ya qaranlığı təmsil edənlər kimi səciyyələndirilir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə, ölkəmizin tam ərazi bütövlüyü və suverenlik qazandığı tarixi bir mərhələdə "Ömrüm" memuarının Azərbaycan dilinə tərcümə edilməsi və kitab halında yüksək poliqrafik səviyyədə nəşr olunması da tamamilə qanunauyğun olub, hazırkı azad və demokratik bir cəmiyyətdə şəxsiyyətin müstəqil düşüncəsinin ölkəsinin müstəqilliyi ilə üzvi vəhdət təşkil etməsinin təntənəsini əks etdirir. Akademik Musa Əliyevin və "Ömrüm" kitabında onun əqidə və əməl dostları olaraq təqdim edilən görkəmli işıqlı simaların ağrısı da və ən böyük arzuları da məhz bundan ibarət idi".

 

***

Musa Əliyev 11 aprel 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.

Azərbaycanda mezozoy faunasının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1941–1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.

 

Musa Əliyevin prezidentliyi müddətində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda "Astronomiya ekspedisiyası, astrofizika" şöbəsi yaradılmışdır.

O, təbaşir dövrünün inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olmuş, Qafqazın, Orta Asiyanın, Qərbi Sibirin neft-qazlı komplekslərinin stratiqrafik tədqiqini aparmış, həmçinin Əlcazair Saxarası və Atlasların, Yaxın və Orta Şərqin regional geologiyası və neftliliyi ilə məşğul olmuşdur. Mezozoy üzrə Bakı paleontoloq və stratiqraflar məktəbinin yaradıcısıdır. 

Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 40 elmlər doktoru və namizədi yetişdirmişdir.210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.