ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

 

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

 

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

 

19.

 

KİTABXANA İŞİ HAQQINDA QANUN

 

 

 

Kitabxana işi haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə, kitabxanalar aşağıdakı vəzifələri həyata keçirməyə borcludurlar:

 

1.Cəmiyyətin hazırkı mənəvi təlabatını yaxşı bilmək, ona uyğun olaraq öz fondunu komplektləşdirmək.

 

2.Mövcud və yeni kitabxanaların varlığı haqqında əhaliyə müntəzəm məlumat vermək.

 

3.Bütün klassik və müasir təbliğat üsullarından istifadə etməklə kitab təbliğatını həyata keçirmək.

 

4.Əhalinin mütaliə səviyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə tədqiq etmək və onun yüksəldilməsinə çalışmaq.

 

5.Kitabxanaya oxucu gəlişini, eləcə də kitabxanaların cəmiyyətin həyatında yaxından iştirakını artırmaq.

 

 

 

Növbəti: 20.Uşaq kitabxanalarına diqqət artır

 

“Ədəbiyyat və incəsənət”

 

(06.11.2024)

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

6 noyabr. Kişilər Günü

Biz gözümüzü açandan 8 martın qadınlar günü kimi qeyd edilməsinə şahidik. Amma kişilər günü nədənsə qeyd edilməyib. Keçmişdə guya 23 fevral kişilər günü idi, əslində həmin günün təyinatı ordu günüydü. İndi isə sovetlər dönəmi öz işinin dalınca getdiyi kimi 23 fevral da gedibdir, milli ordu gününün isə təyinatı kişilər günü deyil, elə silahlı qüvvələr günüdür. Amma təqvimdə varmış axı kişilər günü. Budu bax, 6 noyabr. Xüsusən Şərqi Avropada geniş qeyd edilən bir gün. Özü də yaranışı 2000-ci ilə təsadüf edir. Amma bu günü şəxsən biz azərbaycanlılar heç vaxt qeyd edən deyilik. Niyə? Ondan başlayaq ki, təqvimdə 19 noyabr günü də var, Beynəlxalq Kişilər Günü. Onu ABŞ, Avstraliya, Böyük Britaniya, CAR, Hindistan və s. ölkələrdə qeyd edirlər. Bu 6 noyabrın qeyd ediılməsinin isə təşəbbüskarı Azərbaycana Dağlıq Qarabağ boyda dərd vermiş Mixail Qorbaçovdur. O, həyat yoldaşı, məkrli Raisaya sevgisini izhar etmək üçün bu günü BMT strukturlarında təsdiqlədib, qadınla kişi sevgisinin qarşılıqlı bayramlar şəklində ailə təməlini möhkəmlətməsinə istinad edib. İndi ruslardan tutmuş polyaklara, çexlərə qədər hamısı bu kişilər gününü qeyd edirlər, bizsə gəlin onun üstünü qara qələmlə xətləyək.

Yeri gəlmişkən, məktəblərdə 8 noyabr – Zəfər günündə qızların oğlanları təbrik etməsi ənənəsi yaranıb. Bu çox gözəl təşəbbüsdür. Azərbaycanlı kişisinə elə məhz qələbə, zəfər yaraşar!

 

6 noyabr. Müharibə və konfliktlər zamanı ətraf mühitin ekspluatasiyasının qarşısının alınması günü

Heç də uzağa getməyək, bar-bar bağıraq, dünya ictimaiyyətinə məhz bu gün mesajlar ötürək, görsünlər ki, erməni barbarları meşələrimizi necə dağıdıblar, yandırıblar, su hövzələrini necə zəhərləyiblər, flora və faunaya necə divan tutublar. Yerin təkini qazıb faydalı qazıntıları necə vəhşicəsinə istismar ediblər. Dünyada misli görünməmiş barbarlıq nümunələri göstəriblər bu insanlıqdan uzaq olanlar. Heç faşistlər işal etdikləri ərazilərdə bu cür həngamələr qoparmamışdılar.

Məhz bu gün Azərbaycanın sözügedən problemi aktual olacaq, hər kəs bu işə öz töhfəsini verə bilər.

 

6 noyabr. Beynəlxalq insan əlindən ölən heyvanların xatirəsi günü

İnsanlar heyvanları ya gülləylə öldürürlər, ya başını kəsib ətini yeyirlər. Bu günü kim təqvimə salıbsa yəqin o, bizim zavallı qoyunları bəzəyib-düzəyib, geyindirib-keçindirib kütləvi qətliama məruz qoymamızdan da bixəbərdir. İnsan heyvanın həyatının qənimidir, yüzə yüz belədir. Haçansa amma əksinə olub, qədim insan heyvanların qurbanı olub.

İndi belə bir günü təqvimə salmaqda məram odur ki, ildə bir gün heç bir insanın əlində heyvan ölməsin. Qəssablar, eşidirsiniz? Dana kəsməyə bir gün fasilə verəkmi? Broyler sahibləri. Bir gün toyuqqırmanı dayandıraqmı?

Saksafon gününü, fin və isveçlilərin vərəsəlik gününü, ABŞ-ın naços gününü (qarğıdalı çipsləri ilə müxtəlif ədvalardan ibarət qəlyanaltı) də qataq heyvanların xatirəsi gününün gözünə.

 

6 noyabr. Çaykovski və saksafon

1991-ci ilin bu günündə mühüm bir hadisə baş verib. SSRİ Kommunist Partiyası buraxılıb. 1951-ci ildə Kreşatikdə Ukrayna milli televiziyası öz yayımlarına başlayıb. 1947-ci ilin 6 noyabrı  əslən azərbaycanlı filosof, teoloq, Rusiyada islam dininin görkəmli nümayəndəsi Heydər Camalın doğum günüdür.  1945-ci ildə görkəmli aktrisamız Zərnigar Ağakişiyeva dünyaya göz açıb. 1931-ci ilin bu günündə şair, yazıçı, publisit Tofiq Mahmud dünyaya gəlib. 1917-ci ildə RSDRP (yəni bolşevik partiyası) Petroqradda qiyama başlamaq əmri verib. 1893-cü ildə böyük bəstəkar Pyotr Çaykovski dünyadan köçüb (bilirdinizmi, Çaykovski rus deyil, ukraynalıdır?).1814-cü ildə belçikalı usta, saksafonu icad edən Adolf Saks doğulub. 1600-cü ildə yapon tarixinin ən böyük samurayı – Konisi Yukinaqa vəfat edib.

1494-cü ilin bu günündə isə Trabzonda dünyaya sahiblənməyi bacarmış dahi türk imperatoru Sultan Süleyman Qanuni – Möhtəşəm Süleyman dünyaya gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

 

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlarla görüşəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar noyabrın 23-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və (018) 644-46-04 (daxili 308) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Yeganə Məmmədovanın hekayəsi təqdim edilir.

 

"Ay bala, yıxılarsan, qolun-qabırğan qırılar, düş aşağı, söz eşit!.."Anam idi, səsinə bir az qayğı, bir az da təpingən, ötkəm ahəng qatıb dəcəlliyimdən qorumağa çalışırdı məni; əlində oxlov, yuxa yaya-yaya bir gözü elə hey məndə idi: birdən yıxılar, nəsə olar...

Çıxıb-düşməkdən budaqlarını pilləkənə döndərdiyim armud ağacının da "acığı" tutmuşdu elə bil mənə - üzərində gəzdikcə qəzəbindən gövdəsi titrəyirdi. Özümü o yerə qoymurdum, haça budağında oturub ətrafa baxırdım, rənglərini seçməkdə hələ çətinlik çəkdiyim öz dünyama qapılırdım. Eh, o an ağlımdan nələr keçirdi, nələr... Göy üzündə qatarlaşan durnalara uşaq həsədi ilə baxırdım, istəyirdim mən də onların yanında olum, əlimi uzadıb göyün yanağında yumrulanan pəmbə buludlara toxunum, payızın xəfif küləyindən çöhrəsi solmuş günəşin pırtlaşıq saçlarını darayım, ağaclardan üz çevirib incik-incik qopan yarpaqların eniş "rəqsi"nə tamaşa edim, yorulanda yerə enib çayların ağuşunda gizlənməyə "can atan" sahillərində gəzinim. Nə deyim, əlçatmaz arzularım çox idi, lap çox...

Hərdən həyətin ortasında ocaq qalayan anamı da gözdən      qaçırmırdım. O, yanıb qor olmuş kösövləri sacın altından kənara itələyir, yenilərini qoyur, tüstüdən yaşaran gözlərini yaylığının ucu ilə silirdi. Tutuşub-yanan odunun çartıltı səsləri həzin, bir az da şirin nəğməni xatırladırdı, titrəşə-titrəşə bir-birinə "göz vuran" köz parçaları ətrafa hərarət yayır, insanın içində isti bir sevgi oyadırdı sanki.

İndi anamı xatırlarkən o anlar yadıma düşür: deyirəm, bəlkə, o tüstünün acısına anamın bizə hiss etdirmədiyi ağlı-qaralı günlərinin iztirabı, yaxınlarına belə deyə bilmədiyi ağrıları da qarışıb göz yaşına dönürdü. Bilmirəm, bəlkə də...

Kəndimizdə işıqlar tez-tez sönərdi. Camaat neftlə işləyən çıraq, lampa yandırıb başına yığışardılar. Özümə "sığınacaq" seçdiyim armud ağacının ətirli meyvələrinin saplağa birləşən hissəsi dar, ətrafı yumru olduğundan onları yandırdığımız o neft lampalarına bənzədirdim və adını da elə "lampa-armud" qoymuşdum (vaxtilə babamın calaq elədiyi həmin armud növünə bizim tərəflərdə "dədə-baba armud" deyirdilər). Gecələr ayın aydınlığı yerə çökəndə xoş qoxulu lampa-armudlar ətrafa sapsarı "işıq" saçardı.

Armudlar saralsa da, hələ dəyməzdi, kal olardı. Yetişəndə isə anam ondan bizə dünyanın ən gözəl yeməyi saydığımız armud əppəyi bişirərdi. Axşamüstü darısqal, görünüşü kasıb eyvanımızda süfrə açılardı, atam sinif dəftərlərini yoxlayıb (o, Azərbaycan dili və ədəbiyyatı müəllimi idi) süfrəyə tələsərdi, biz də onun yanında yerimizi tutardıq. Anam çömçəni (abgərdən də deyərdik) qazana batırıb kasalara boşaltdığı armud əppəyini aramızda bölərdi. Heç kəs danışmazdı, hamının başı yeməyə qarışardı. Sükutu yalnız qaşıqların kasaya toxunan cınqıltısı, bir də ara-sıra göydə dəstə bağlayan durnaların nəğməsi pozardı.

O vaxtlar qonşular da bir-birinə daha çox gedib-gələr, xoş günlərinə, dərdlərinə ortaq olardılar. Münasibətlərdə bir ilımlıq, yumşaqlıq vardı, arada mehribanlıq, səmimilik yaşanardı. Sonralar isə çox şey dəyişdi...

Məni gözləməyən ötən günlərə bir də dönmək, uşaqlığımın nağıl payında - armud ağacında gəzib rəngli dünyama sarılmaq, anamın bişirdiyi armud əppəyindən dadmaq istəyirəm yenə. Lakin indi o ağacın yerində tərpədilməsi mümkün olmayan iri bir daş "göyərib". Bəlkə də o, adi daş parçası yox, bir vaxtlar bar-bəhəri tükənməyən, budaqlarında böyüdüyüm həmin armud ağacıdır, olub-keçənləri, irili-xırdalı xatirələri içində yaşada-yaşada gövdəsi "fır" bağlayaraq daşlaşıb... Anamın yuxa bişirdiyi ocağınsa nə külü qalıb, nə kösövü, yel sovurub yerə qarışıb. Kövrəlirəm. Başımı qaldırıb göy üzünə baxıram: durnalar köç edir yenə - artıq payızdır axı...

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə İrəvan dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Qoyun əti – 130 qr

§ Quyruq – 20 qr

§ Soğan – 17 qr

§ Badımcan – 170 qr

§ Bibər – 10-15 qr

§ Pomidor – 130 qr

§ Yumru düyü – 10 qr

§ Müxəşşər – 15 qr

§ Kərə yağı – 20 qr

§ Keşniş – 8 qr

§ Şüyüd – 8 qr

§ Darçın – 0,1 qr

§ Sarıçiçək şirəsi – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr

 

QEYD: Bu xörək mal, toyuq, hinduşka, qaz, balıq ətindən də bişirilir. Qeyd edək ki, tərkibi və hazırlanma qaydası bölgələrə görə dəyişir. İrəvan mətbəxində tərəvəzlər, quru meyvələr, quru çərəzlər, paxlalı və dənli bitkilərdən geniş istifadə olunub və bu gün də olunmaqdadır. İrəvanın ətraf bölgələrinin əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Zəngibasar bölgəsi İrəvan və ətraf dağlıq bölgələri kənd təsərrüfatı məhsulları ilə təmin edirdi.

Bu xörək çox miqdarda bişirilərsə, ayrı-ayrı bişirilib süfrəyə verilə bilər.

 

HAZIRLANMASI:

Qoyun əti, quyruq tikələrə doğranır, kötüyün üstündə qiyməkeşlə xırdalanır, sonra soğanla birgə qiymə şəklini alana qədər döyülür. Duz- istiot vurulub qarışdırılır. Üzərinə su əlavə olunaraq, dərin tavada bişirilir. Yağa düşənə yaxın yarıbişmiş düyü, müxəşşər, ədviyyatlar əlavə olunur və bişirilir. Sonda xırda doğranmış göyərtilər vurularaq qarışdırılır. Ba- dımcanlar qulp hissəsindən kəsilir, orta hissədən uzununa kəsilir və duz- lu qaynar suda pörtlədilir. Acı suyu çıxarılır və yağda qızardılır.

Bibərlərin qulp hissəsi qapaq şəklində kəsilir, içi təmizlənir və yağda qızardılır. Pomidorlar da eyni şəkildə kəsilir, içi təmizlənir, duzlanır. Hazırlanmış qiymə tərəvəzlərin içinə doldurulur. Üzərinə işgənə əlavə olu- nur, pomidorların içi və pomidorlar doğranıb xörəyə əlavə olunur. Sonda kərə yağı əlavə edilir. Qaynara düşən- dən sonra vam odda bişirilir. 25-30 dəqiqəyə xörək hazırlanır. Pomidorlar bibər və badımcanlar yarı bişən- dən sonra qoyula bilər. Üzərinə rey- han səpilib, süfrəyə verilir. Yanında qatıq verilir.

 

Gülsüm Hüseynova (Makinskaya) (İrəvan şəhəri) eyni nüsxədə əlavə olaraq reyhan istifadə etmişdi. İçliyi aşağıdakı qayda ilə hazırlamışdı: ət xırda doğranır, bir qədər pörtlədilib, kəfi alınır və süzülür. Quyruq xırda doğranıb cızdaq edilir. Soğan əridilmiş yağda qızardılır, üzərinə ət, sonra cızdaq və bir qədər su əlavə edilir. Təmizlənmiş po- midor içi doğranıb ətə qatılır. Digər ərzaqlar ətin üzərinə aşağıdakı ardıcıllıqla əlavə edilir: xırda doğranmış bibər, noxud, əvvəlcədən isladılmış düyü, doğranmış göyərtilər, duz, istiot.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Tariximixin ən parlaq səhifələrindən birinə çevrilən Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin dördüncü ildönümü - Zəfər Günü münasibətilə 5 noyabr 2024 - cü il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi Anar Əliyevin xatirə bulağının önündə "44 günə fəth olunan Zəfər zirvəsi" adlı ədəbi-bədii kompozisiya keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid valideynləri və onların ailə üzvləri, içtimaiyyətin nümayəndələri, Oğuz rayon Gənclər-İdman və  Oğuz Rayon Təhsil Sektorlarının rəhbərləri və əməkdaşları, H.Babayev adına şəhər birsaylı tam orta məktəbin şagirdləri iştirak ediblər. 

MKS-nin direktor əvəzi Nəzakət Qasımova çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən söhbət açmışdır.

Daha sonra çıxış edənlər şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Oğuz rayon Həbib Babayev adına bir saylı tam orta məktəbin şagirdlərinin təqdimatında "Azərbaycana Zəfər yaraşır" movzusunda çox maraqlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Çərşənbə, 06 Noyabr 2024 13:29

“Payızın bizə borcu” - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Payızı sevməklə, payızı ölümünə yaşamaq arasında çox incə bir fərq var. Bu eynilə anı yaşamaq və zamanı dəyərləndirmək arasında olan fərqə bənzəyir. 

 

Zamanı ağırlaşdıran duyğuların şiddəti olduğu kimi, payızı da bu qədər çəkilməz edən onun dəhşətli soyuğunun mənəvi soyuqluq ilə mübarizəsindəki bərabərlik nəticəsidir. 

Yağışı sevmək bir növ hər şeyi olduğu kimi qəbul etmək deməkdir, amma payızı sevmək böyük ürək tələb edir. 

Sizə də elə gəlmirmi ki, payız, əslində, bizə bir çətir borcludur? 

Fəqət bizim çətirə ehtiyacımızın olduğunu kim söylədi?!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Çərşənbə, 06 Noyabr 2024 10:29

Sadə və təmiz insanın 93-ü

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Bir şair dostum vardı, 

Tofiq Mahmud adında. 

Sevgisi oxunardı 

Gözlərinin odunda.

Sadəydi Tofiq Mahmud, 

Şagird imlası kimi. 

Təmizdi Tofiq Mahmud, 

Bulaq damlası kimi...

(Zahid  Xəlil)

 

Bu gün tərcüməçi, şair Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Tofiq Mahmudun doğum günüdür.

Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabr ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 

1954-cü ildə  Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin Mədəni Maarif  Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb. Daha  sonra 1958-1961-ci illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. 

1961-ci ildə “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi, 1963-cü ildə məsul katib, 1976-cı ildən ömrünün sonuna qədər  isə jurnalın baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir.

O, həmçinin Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, 1989-cu ildən həm də rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Uşaq və gənclər ədəbiyyatı şurasının sədri olub.

Bədii yaradıcılığa gənc yaşlarında başlayan Tofiq Bayramın "Şirindir"adlı ilk şeiri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdur. 

"Yola çıxıram" adlı ilk kitabı isə 1959-cu ildə çapdan çıxmışdır. 

Sonralar şairin şeir və nəsr əsərlərindən ibarət "Dibçək", "Utancaq oğlan", "Meşədə səs", "Ana qucağı", "Dalğalar", "Pəncərəyə toxunan budaq", "Kəpənək gözəlliyi", "Yerə dağılan muncuqlar" kimi bədii kitabları işıq üzü görmüşdür.

Şairin "Qızımın sualları" və "Kəpənək gözəlliyi" adlı kitablarında toplanmış şeir və poemaları kiçikyaşlı uşaqlar arasında daha böyük rəğbət qazanmışdır.

Onun uşaq poeziyası Moskvada nəşr olunan  "Murzilka", "Pioner" və "Vesyolıye kartinki" adlı jurnallarda dərc olunmuşdur.

Şair 1984-cü ildə Azərbaycan Komsomolu mükafatı laureatı olub, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

O, 1997-ci il aprel ayının 4-də Bakıda vəfat edib. Şairin adına hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunan “Tofiq Mahmud mükafatı” təsis edilib. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.1024)

Cahangir NOMOZOV, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Şair qəlbinin rəngarəng dünyası həmişə sonsuzluğa bir yol axtarır... Hər bir yaradıcı insanın daxili aləmi — hələ kəşf edilməmiş dənizdir; orada ilham bir neçə şəklə bürünüb, ruhu bəsləyən şəffaf su kimi axır. 

 

Onların həyatı quru düşüncələr və adi dünyayla məhdudlaşmaz — bu dünya hər an özünəməxsus və gizli mənalarla doludur. Belə qəlb sahiblərinin düşüncələri, heyrət və ilhamları onlara yaxın olan şəxsiyyətlər vasitəsilə başqa bir dünyadan daşır. "Qəlbi anlayan insan dünyanı da anlayar" deyildiyi kimi, yaradıcı qəlbi dünyanı daxildən daha dərindən qavramağa çalışır. 

Mənim üçün Mövlana Rumi və Qəzzali əsərləri bu sırada xüsusi yer tutur. 

Onların hər sözü ilahi nur kimi qəlbimə süzülür, içimdə sakitlik oyadıb, mənəvi güc bəxş edir. Şair qəlbim isə məni ruhlandıran, ilhamlandıran başqa bir yaradıcı — Xosiyyət Rüstəmovadır. Onun şeirlərini oxuduqca hər dəfə ruhumda yeni rənglər, təəccüblər açılır. Rumi’nin “Çaya heyran olma, orada sənin heyrətin var” deyimi mənə Xosiyyət Rüstəmovanın şeirlərində bir daha canlanır. 

Onun yaradıcılığı da bir dərin, sirli çay kimidir, burada sözlər adi vasitə deyil, qəlbi açan bir açardır.

Hər misrada sözün cazibəsi, şeiriyyətin zərifliyi, insan təfəkkürünün qüdrəti ilə üz-üzə gəlirəm. Əsrarəngiz sətirlər duyğularımın gərgin tellərinə toxunub, təkrarsız ahənglər yaradır. Həyatın qayğıları və məişət təlaşları içində qalıb, şeiriyyətin ilham və heyrət mənbəyindən uzaqlaşdığımı hiss edirəm. Daim oxuyub, məqalələr yazsam da, qəlbimin dərinliyində bir təklik var... Şeir əskikliyi...

Yazı masasına oturub, nəsə qələmə almağa çalışıram, ancaq içim dolub-daşsa da sətirlərə tökülə bilmirəm... Bu hiss yalnız yaradıcı insanlara məlumdur... Ruhum xəzanlanır, yaradıcılıq əhvalım itir, bu zaman sevimli şairəm Xosiyyət Rüstəmovanın sətirləri qəlbimdə bərq vurur. O itmiş ilhamlarımı, "şair ruhum"u tapıram. Hər oxuduğum şeir qəlbimdəki şeiriyyətə olan ehtiyacımı azaldır, yaradıcılığa olan sevgimi yenidən alovlandırır. "Ruhu ruhuna yaxın olan ilhamlanar" deyimi fikirlərimin aydın sübutudur.

Yaradıcılıq üçün ilham — ruhun yaşamağıdır, şeirlər isə onların səsidir. Ruhuna yaxın yaradıcı tapmış insan, öz daxili səsini anlamağa başlayır və ona can atır. Belə yaradıcılarla hər görüş, hər poetik söhbət şairi şeiriyyətlə birləşdirir. Xosiyyət Rüstəmovanın yaradıcılığına nəzər salanda, o yalnız böyük istedada yox, həm də yüksək qəlbə sahib olduğunu dərk edirəm. Öz sənətinə səma nəfəsi verən, sözlər vasitəsilə insanın dərinliklərinə enən bənzərsiz bir şairdir. Xosiyyət Rüstəmovanın hər sözü, hər misrası sevgi və məhəbbətlə doludur. Adətən, böyük şairlərin qəlbi dəniz kimi geniş, okean kimi dərin olur. Xosiyyət Rüstəmova da geniş qəlbi və böyük istedadıyla fərqlənir — insanlara sevgi, yaxınlarına və oxucularına səmimi hörmətlə doludur.

Rüstəmovanın yaradıcılığının gücü həm mənanın dərinliyində, həm də ruhunun zərifliyindədir. Şairənin hər misrasında gizlənən dərin fəlsəfi baxış var — sözlərlə insanı təəccübləndirib dünyanı yeni gözlərlə göstərməyi bacarır. Xosiyyət Rüstəmova sadəcə bir yaradıcı deyil, mənim ruhumu işıqlandıran şairəmdir. Onun hər şeirində ruhum ilahi ilhamla dolur, həyata və yaradıcılığa olan həvəsim artır. Belə genişqəlbli, mehriban insanların mövcudluğu dünyamı daha da işıqladır.

Bu dünyada şeiriyyətin ucalıq səmasına yüksəlmək qismət olmuş şairəm, hər zaman ruhunuz ucalsın! Samavi sözlərinizlə qəlblərdə "Nicat" günəşi kimi parlayın.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Çərşənbə, 06 Noyabr 2024 11:04

Şuşanın yeni növrağı

Sevda İmran, Oğuz şəhəri, “Ədəbiyyat və incəsənət” üçün

 

Şuşa işğal olunanda mən heç dünyaya gəlməmişdim. Lakin kitablardan, verilişlərdən  öyrəndiklərimdən və gördüklərimdən, şahidlərin, o cümlədən dəfələrlə orada olmuş atamın söylədiklərindən sonra Şuşa mənim üçün möcüzələr şəhərinə çevrildi.

 

Nədənsə “Şuşa” deyəndə ilk xəyalıma gələn şəffaf və bərq vuran şüşə olur. Düşünürəm ki, Şuşa qızıl üzüyün brilyant qaşıdır. Şairin dili ilə üzümü Şuşaya tutub demək istəyirəm:

 

Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!
Gözəlliyin Tanrının qüdrətindən yaranmış,
Tanrı verən payından bütün cahan barınmış… 

(K.Kərimli)

 

Niyə “gözəlliyi Tanrının qüdrətindən yaranmış” Şuşa bizim üçün bu qədər onəmlidir? Bu suala Ümummilli liderimiz H.Əliyevin sözləri ilə cavab vermək istərdim. O deyirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. 

 

Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi təsvir etmək mənim üçün çox çətindir. Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Eşitdiyimə görə, keçmişdə dava-dərman təsir etməyən xəstələrə deyərmişlər ki: "Get, bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın.”

Dünyada uca dağlar da çoxdur, dilbər guşələr də, gözəl şəhərlər də. Amma bizim üçün Şuşanın əvəzi yoxdur, yeganədir, təkdir, taleyimizə, bəxtimizə yazılan cah-cəlaldır.

XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir tərəfindən üç tərəfi sıldırım qayalarla, dərin uçurumlarla, dərələrlə əhatə olunan hündür, əlçatmaz bir yerdə  əsası qoyulan Şuşa qalası  Qarabağ xanlığının inzibati paytaxtına, siyasi mərkəzə çevrilmişdi. Şuşada idarəetmə və dövlətçilik ənənələri mövcud idi.

“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət, sənətkarlıq və ticarət mərkəzi kimi tanınan Şuşa nəinki Qafqazda, Yaxın Şərq ölkələrində də məşhur idi. Getdikcə daha da gözəlləşən bu şəhər Qafqazın dəbdəbəli şəhərlərindən sayılır və Qafqazın incisi hesab olunurdu. Zənginliyinə və ticarət əlaqəsinə görə Şuşa İrəvan, Tiflis, Gəncə, Bakı, Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərlərlə bir sırada dayanırdı.

Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil, tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Şuşa mədəniyyət paytaxtı – mədəniyyət beşiyidir. Burada Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri yaşayıb, yaratmışlar.

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu və şərqlilərə məxsus şəhərsalma ənənələri ilə seçilən,   mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə şərəflənən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Q. Zakir, X. Natəvan, M.Nəvvab, N. Vəzirov, Ə.Haqverdiyev, Y. V. Çəmənzəminli, F. Köçərli, Ə. Ağaoğlu kimi şəxsiyyətlər bəxş edən Qarabağın dilbər guşəsi olan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.

Azərbaycan musiqisinin banisi hesab olunan Üzeyir Hacıbəyov da uşaqlıq illərində bu şəhərdə yaşamışdır.  Üzeyir bəylə yanaşı, C.Qaryağdıoğlu, Bülbül, X.Şuşinski, Niyazi, R. Behbudov, F.Əmirov və S.Ələsgərov kimi korifeylər də Şuşada yaşayıb yaratmışlar. Bu şəxslərə və Azərbaycan mədəniyyətindəki yerinə görə məhz Şuşa “Qafqazın Konservatoriyası” adlanırdı. 

Bu dilbər diyardan pərvazlanan şəxsiyyətlər o qədər çoxdur ki, hamısını xatırlaya bilmirəm.

Şuşanın gözəlliyi, füsunkarlığı, təbiəti və siyasi mərkəz rolunda olması bir çox fatehlərin diqqətini özünə cəlb etmişdir. “Şuşanı idarə edən Qarabağı idarə edər” fikiri də məhz buradan meydana gəlmişdir.

Tarixin müxtəlif dönəmlərində düşmənə təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. Lakin 1992-ci ildə  bu qədim şəhər səhlənkarlığın qurbanı oldu. Beləcə əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa həmişə təbiətinə, gur sulu bulaqlarına həsəd aparan ermənilərə əsir oldu. 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı.

Şuşa düz 28 il talandı, vuran qoyuldu. Düz 28 il dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükük qaldı. Susa şuşalılarsız qaldı. Cıdır düzü namərdlərin tapdağı altına düşdü. Düşmən gülləsindən “yaralanan”  Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma xalqına qayıdacağı günü gözlədilər.

Şuşa düşmən əsarətində də qəddini əymədi. Gözəl Şuşa özünün yeni növrağının başlayacağına inandı, səbir və həsrətlə onu xilas etməyə gələcək igid övladlarının yolunu gözlədi.

Azərbaycan xalqının da ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Şuşa inanırdı ki, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül yenə öz gözəlliyi ilə onları valeh edəcək. Hər kəs bilir və başa düşürdü ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. (H.Əliyev)

Nəhayət, belə bir gün gəldi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Şuşaya qələbə bayrağını cancdı.

Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşdü. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək onlarla          kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşmən-dən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla geri aldı. 

Həmin gün – noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını unutdurdu. Şuşa öz igid övladarının qəhrəmanlığı, canı və qanı bahasına azad oldu. 

Bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər. Bu qələbə milli tariximizin, qürürümuzun, mənliyimizin, mədəniyyət və incəsənətimizin, Qarabağın baş tacının xilas edilməsi demək idi. Bu, ordumuzun gücünün, xalqımızın birliyinin təzahürü idi. Şuşanın və digər işğal olunmuş ərazilərimizin azad olunması üçün həyatını qurban vermiş şəhidlərimizi, qazilərimizi və igid döyüşçülərimizi daim yad etmək və xatırlamaq hər birimizin borcudur. Bu borc isə heç nə ilə ödənilməz. 

Ölkə Prezidentinin sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 

Şuşanın xalqımız üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il “Şuşa ili” elan olundu. 2023-cü ildə türk dünyasının, 2024-cü ildə isə şəhərlərimizin gözəli “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 

Hazırda Şuşanın əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli bərpa və quruculuq işləri aparılır. Artıq Şuşa qüdrətli və qalib Azərbaycanın ictimai-siyasi, mədəniyyət və incəsənət mərkəzidir.

Bu gün Şuşa  özünün yeni növrağını yaşayır, sevilir və gözəlləşir. Bura gələn yerli və xarici turistlərin ardı-arası kəsilmir. Şuşada mötəbər beynəlxalq tədbirlər keçirilir. 

Artıq qədim  mədəniyyət beşiyi olan Şuşamız yenə də regionun və dünyanın ən gözəl məkanlarından birinə çevrilməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.