
Super User
“Əziz Şuşa, sən azadsan!” - SABAH AZADLIĞIN 4-CÜ İLDÖNÜMÜDÜR
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Əziz Şuşa, sən azadsan. Qartal kimi zirvələrdən baxırsan. Çiynində tarixin daş ağırlığı. Qəlbində isə azadlıq atəşin var.
Bu dağlar sənin şahidindir. Yurdumun vüqarı, qəlbimin sevinci. Kədərdən doğulan nəğmələrimizdə. Azadlıq səninlə birlikdədir.
Şuşa, sən qayıtmısan. Xarı bülbülün açdığı yerdə. Qələbənin, dirçəlişin səsi ilə. Sonsuzluğa uzanan bu torpaqda.
8 Noyabr 2020-ci il... Bu tarix qəlbimdə adi bir iz qoymadı, orada tam bərqərar oldu. Otuz il idi ki, bu yurdun dağları, qayaları, yolları bizdən ayrı düşmüşdü. Bu ayrılıq təkcə coğrafi deyildi; sanki əlimizdən bir sevgi, bir mədəniyyət alınmışdı. Bir yarımçıq qalmış xatirə idi Şuşa. O xatirənin boşluğunda çox illər boyu bizi yandıran məyusluq, qəzəb, həsrət vardı. Amma bu həsrətin sonu 2020-ci ilin payızında gəldi.
O gün gəldi ki, Şuşanın dağları bir daha bizim ayaq səsimizi eşitdi. Azərbaycanın qəhrəman əsgərləri bu torpağa addım atdı, hər daşın, hər qayasının haqqını qanlarıyla, canlarıyla geri aldı. Onlar üçün bəlkə də Şuşaya çatmaq yalnız bir hərbi qələbə deyildi; bu, bir şərəf, bir qürur məsələsi idi. Çünki Şuşa Azərbaycanın ruhudur, qəlbinin ta dərinindəki zərif bir simvoludur.
Şuşanın azad olunması təkcə bir qələbə deyil, həm də bütün xalqımız üçün bir dirçəliş oldu. İllərlə "Qarabağ bizimdir" dedik, həsrətlə o torpaqlara baxdıq, qayıtmaq arzusuyla yaşadıq. 2020-ci il həmin arzuların reallaşdığı an oldu. Əsgərlərimiz gecəni-gündüzə qatıb, dağları, dərələri aşıb, dumanların arasından, çətin yollarla Şuşaya qalxdılar. Bu yol təkcə coğrafi bir yol deyildi, həm də xalqın keçdiyi mənəvi yol idi.
Şuşanın azad olunmasıyla birlikdə tariximizin ən parlaq səhifəsi yazıldı. İndi o zirvələrdə bayrağımız dalğalanır, torpaq yenidən bizim nəfəsimizlə dolur. Xarı bülbül çiçək açır və o da sanki bizim qələbəmizə şahidlik edir. Hər il 8 Noyabrda bu qüruru bir daha yaşamaq üçün bu günü qeyd edəcəyik. Bu gün Azərbaycanın hər yerində qələbənin səsi, azadlıq nəğməsi kimi yayıldı.
Bu zəfər, Vətən uğrunda canını fəda edən bütün qəhrəmanlarımıza bir ehtiramdır. Şuşanın azad olunması ilə həm də şəhidlərimizin arzusu yerinə yetdi. Onların ürəyi bu torpaqlarda döyünməyə davam edəcək. Bu zəfər, tarixin bizə verdiyi bir hədiyyədir, gələcək nəsillərə əmanətdir. Bizim borcumuz o tarixi yaşatmaq, bu torpağın hər daşında, hər qarışında o qəhrəmanlıqları xatırlamaqdır.
8 Noyabr zəfəri - mənim üçün, bizim üçün təkcə bir tarix deyil, bu, ruhumuzun yenidən dirçəlməsi, həsrətimizin sona çatmasıdır. 2020-ci ildə o günkü göz yaşlarım sevincdən idi. Azərbaycan xalqının gücü, birliyi, sevgisi bu zəfəri gətirdi. Biz həmişə bu qələbəni qəlbimizdə daşıyacağıq, Şuşa daim bizim olacaq, Qarabağ bizimlə yaşlanacaq.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Tünzalə Zeynalova və Qönçə Qismətli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.
ŞAGİRD:
Mən, Qönçə Qismətli Vüqar qızı Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə 10-cu sinifdə oxuyuram. 2023-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Düşünən Şagird” müsabiqəsində ikinci yerə layiq görülmüşəm. 2024-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Bakı Elm Olimpiadasının final mərhələsində 3-cü yerə layiq görülmüşəm.
Boş zamanlarımda rəsm çəkməyi, mütaliə etməyi və hekayə yazmağı sevirəm.
HEKAYƏ
Bir an, yoxsa bir ömür
- İşıqlar!
- 3, 2, 1... Motor!
- Cənab Yoko Caya, Uşaq Yardım Fonduna göstərdiyiniz yardım üçün sizə minnətdarıq. Eyni zamanda bu sizin birinci yardım aksiyanız deyil. İnsanlara kömək əli uzatmağınızın səbəbi nədir?
- Uşaqlığım məhdudiyyət içərisində keçib və ehtiyacın nə olduğunu təəssüflər olsun ki, çox yaxşı bilirəm. Atam kənd məktəbində müəllim işləyirdi. Aldığı məvacib çox az idi və qazandığının böyük bir hissəsini şagirdləri üçün xərcləyərdi. Buna görə də ailəmiz çətinliklə dolanırdı. Mən də məktəbə gedirdim, oxumağa həvəsli idim. Yeni-yeni kitablar almağı arzulayırdım. Bu səbəbdən dostumla dərs oxumaq bəhanəsi ilə evdən çıxıb kəndimizin yaxınlığındakı mədəndə bir müddət muzdlu işçi kimi işləməyə başladım. Orada işlədiyim vaxtlar mənim yaddaşımda dərin və ağır izlər buraxıb. Mədən vulkanın ətəyində yerləşirdi. İşçilər soyuyub daşlaşmış maqmatik süxurları yarır, arabalara yığır və aparıb təhvil verirdilər. Tərkibində kükürd olan bu süxurlar muzdlu işçilərin ailələrinin yeganə qazanc yeri idi. Vulkandan çıxan zəhərli qazlar onların ağciyərlərini tədricən sıradan çıxardığı üçün əksəriyyətinin yaşı 50-ni keçmirdi. Belə çətin şəraitdə işləyən insanların zəhərli qazlardan qorunmaq üçün əleyhiqaz belə almağa imkanları yox idi. O zaman özümə söz verdim ki, gələcəkdə bu tərz həyat yaşayan insanlara kömək edəcəm.
- Bəs cənab Yoko, bilmək istərdik ki, sizin uğurunuzun sirri nədir?
Yoko Caya bir müddət düşündükdən sonra dedi:
- Mənim uğurumun sirri? Qəribə səslənsə də, qardır.
Zalda təəccüb nidaları eşidilidi:
- Necə yəni qar? Yəni siz düşünürsüz ki, uğurunuzun sirri qardır? Göydən yağan qar?!
- Bəli, bu sizin üçün gözlənilməz cavab kimi səslənə bilər. Qara fərqli prizmadan baxmaq mənim dünyamı büsbütün dəyişdi. Ümumiyyətlə, hamı fikirləşir ki, hər bir uğurun, nailiyyətin sirrini böyük şeylərdə axtarmaq lazımdır və ya böyük işlər edə bilmək üçün digərlərinə əl açmalıyıq. Kiçik detal və hadisələrin insanın həyatını tamamilə dəyişə biləcəyini unutmamalıyıq.
Zaldan təəccüb nidaları kəsilmirdi. Tamaşaçıların sual dolu baxışları Yokonun xəyalında kiçik qar dənələrinə çevrildi. İndi o nə insanları görür, nə də onları eşidirdi. Xəyalı onu qarla ilk dəfə tanış olduğu günə apardı.
Ətrafdakı qar sükutunu ayağının altından çıxan xartıltı səsləri pozurdu. Hava soyuq idi, lakin bu səssiz dünyada təkbaşına olmaq hissi insana sözlə izah oluna bilməyəcək bir həyəcan verirdi. Qarın üstündəki hər bir addım sanki zamanın bir anını dondurur, bütün dünyanı unudaraq yalnız bu anı yaşamağa dəvət edirdi. Bu qeyri-adi bir sakitlik idi. Xəyalların və düşüncələrin qanad açıb uça biləcəyi və heç vaxt itməyəcəyi bir məkan...
Üfüqdən azca boy verən günəşin hərarəti onu isitməsə də, indiyə qədər qanayan yaraları artıq onu ağrıtmırdı. Günəşin şüaları bərq vururdu və qarın üstündə yaranan rəngarəng parıltılar sayrışıraq sanki gözlərinin önündə rəqs edirdi. O, icazə verdi ki, bu mənzərə onu daha məsum və ümidlərin solmadığı bir yerə aparsın. Bu sükutda düşüncələrin dərin dalğaları ilə üzərək iki fərqli dünyanın müqayisəsinə daldı.
Bir tərəfdə Avropa, digərində vətəni olan və ona həyatının yolunu bəxş edən İndoneziya. Bir tərəfdə iqtisadi inkişaf, yüksək təhsil, maddi rifah, uzun ömür... Digərində iqtisadi çətinliklər, məhdudiyyətlər, qısa sürən ömür və həmişə onun əl-qolunu bağlayacaq zəncirlər...
Qət elədi ki, Avropa universitetindən qazandığı təqaüdü, iş imkanlarını öz ölkəsinin inkişafına, gələcəyinə sərf edəcək. Atası kimi əliaçıq olacaq, lakin onun xeyriyyəçiliyinin miqyası daha geniş olacaq. Bunun üçün yaxşı təhsil alaraq təcrübə qazanmalı və uğurlu iş adamı olmalıdır.
Jurnalistin sonuncu sualı onu xəyallarından ayırdı.
- Cənab Yoko, gənclərimizə tövsiyyəniz nədir?
- Davamlı öyrənməyi vərdişə çevirin! Davamlılıq və əzmkarlıq uğurun açarıdır. Kiçikdən başlayın, böyüməyə doğru gedin. Risk etməkdən qorxmayın. Məsuliyyətli və dürüst olun. Komandanızı düzgün seçin. Sosial məsuliyyəti unutmayın!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Bu gün kinonun tarixindən danışacağıq
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Sizə kino barədə danışacağıq.
Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.
Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər?
Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.
İlk olaraq sizlərə kinonun tarixindən bəhs edəcəyik.
Kino Sənayesinin Tarixi
Kino sənayesinin tarixi 19-cu əsrin sonlarında qısametrajlı filmlərin çəkilməsi ilə başladı. İlk filmlər səs və rəng olmadan sadə süjetlərlə çəkilirdi. 1895-ci ildə Lumyer qardaşları Fransada ilk film nümayişini təşkil etdilər və beləliklə, kino dövrü başladı. O vaxtdan bəri texnologiyanın və yaradıcılığın inkişafı kino sənayesində inqilab yaratdı.
Səssiz Kino Dövrü (1890-lar - 1920-lər):
Bu dövrdə filmlər səs olmadan çəkilir və pianonun və ya orkestrin müşayiəti ilə nümayiş olunurdu. Çarli Çaplin, Buster Keaton kimi aktyorlar səssiz kino dövrünün ən məşhur simaları idi. Bu dövrdə filmlər komediya, melodram və macəra janrlarında olurdu.
Səsli Kino Dövrü (1920-lərin sonu - 1930-lar):
1927-ci ildə “The Jazz Singer” filmi ilə səsli kino dövrü başladı. Artıq dialoqlar, musiqilər və səslər filmlərə daha çox real həyat elementləri qatmağa başladı. Hollywood dünyanın kino mərkəzi olaraq sürətlə inkişaf etdi.
Rəngli Kino və Texnoloji İnnovasiyalar (1930-lar - 1950-lər):
Rəngli film texnologiyası inkişaf etdikcə tamaşaçılar daha canlı və təsirli ekran təcrübəsi əldə etdilər. Bu dövrdə “Gone with the Wind” və “The Wizard of Oz” kimi filmlər rəng texnologiyasının populyarlaşmasına kömək etdi.
Növbəti yazıda sizlərə Dünya Kino Mərkəzləri barədə danışacağıq.
Şəkildə: Çarli Çaplin
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“Sözdən yaranan incilər”də - Çirkli qəlb heç kimi təmiz görməz.
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
-İnsan başqasına nəyisə aydınlaşdıranda, nələri bildiyi özünə də aydın olur.
-Özünü ulduz sayırsansa, sabah günəş çıxanda yox olacağını da nəzərə al.
-Ünsiyyətin qızıl qaydası; özünü öymə, başqasını söymə.
-Təhsil insanları fərqləndirir, tərbiyə onları bərabərləşdirir.
-Çirkli qəlb heç kimi təmiz görməz.
-Allah qadına sevgi hissini ona görə verib ki, kişiyə özünü ram etməyə kömək olsun.
-Hamının getdiyi yolla uğura çatmaq istəsən, növbəyə durmalı olacaqsan.
-Axmağa şans verən nəticəyə görə özü cavabdehdir
-Kişi yol tapar, qadın ona yol yoldaşı olar.
-Səni nə qədər öyrətsələr də, yadında öyrəndiklərin qalar.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Kədərli statistika - SÖHBƏT ALİMLƏRDƏN GEDİR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sonuncu dəfə keçirilən statistikaya görə, ölkədə alimlik dərəcəsi alan insanların sayı 7069 nəfərdir, onlardan 1343-ü elmlər doktoru, 5726-sı fəlsəfə doktorudur. Akademiklərin sayı 59, müxbir üzvlərin sayı isə 89 nəfərdir. Bəs 7069 alimdən neçəsi həqiqi, hansısa kənar yollarla bu ada yiyələnən alimdir? Yəqin ki, bunun cavabını alimlərin özündən başqa heç kim deyə bilməz.
Və 7069 alimdən 3271-i dövlət sektorunda, 117-si özəl sektorda çalışır. Ali təhsil sektorunda çalışan alimlərin sayı isə 3681 nəfərdir ki, onlardan 541-i elmlər doktorudur...
Maraqlısı da odur ki, ölkəmizdə olan 1343 elmlər doktorunun böyük əksəriyyəti humanitar elmlər üzrə bu adı alanlardır. Azərbaycanda dəqiq- ciddi elmlər üzrə elmlər doktoru çox azdır. Yəqin ki, texniki sahələrdə elmi iş müdafiə etməyin, yeniliyə imza atmağın çətinliyi buna səbəb olub...
İlahi, görəsən İslam peyğəmbərinin sözlərinə istinad edib, Azərbaycanda hansı alimlərin qələminin mürəkkəbini şəhid qanına bərabər tutmaq olar?
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
ƏN YENİ POEZİYA Əlizadə Nurinin “O dünyaya məktub” şeiri ilə
Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə Poetik qiraətin daimi müəllifi, sevilən şairimiz Əlizadə Nurinin yaradıcılıq laboratoriyasınadır yolumuz.
Yeni “O dünyaya məktub” şeirində nədən bəhs edir şair? O dünyaya məktub yazmaq olarmı?
Düzdü hələ ölməmişik,
Amma biz də can veririk.
Dirini ac saxlayırıq
Ölüyə ehsan veririk...
Mükəmməl yazıb, deyilmi?
O dünyaya məktub
Nə xəbər var o dünyadan?
Burdan gedən xəbərçilər
Ordan da bir xəbər versin.
Beliniz möhkəmdi barı-
Yoxsa deyim mələklərə
Sizə təzə kəmər versin?
Biz də ağ günə möhtacıq,
Üz qara, ev- eşik qara.
Sizə ağ don geyindirib
Biz də geyinmişik qara.
Hər gün qara xəbərlərlə,
Qapımızı döyənlər var.
Bəlkə xoşbəxt oldu deyə
Bir ömür gözləyənlər var.
Dağ yükü var bu dünyanın,
Adamları dağ götürür.
Gözüylə od götürənlər
Orda da torpaq götürür?
Düzdü hələ ölməmişik,
Amma biz də can veririk.
Dirini ac saxlayırıq
Ölüyə ehsan veririk...
Orda da düz danışanlar,
Öz dilindən qana düşür?
Fəxr edə bilmədiklərin
Fəxri xiyabana düşür?!
Ölü də ölürmü orda-
Kimlər kimin yasındadı?
Görəsən kimin əlləri
Kimlərin yaxasındadı?
Sorğu- sual olunanda,
Diliniz söz tuturmu heç?-
Susmağın da öz ahəngi,
Sözün də ahəngi olur.
Həqiqətin bir rəngi var
Yalanın min rəngi olur.
Oranın da göy üzü var?-
Qəndildimi ulduzları?
Burda yolu ayrılanlar
Orda yola gedir barı?
Nə var, nə yox cəhənnəmdə?-
Yəqin isti keçir yayı.
Cənnətdə kim var görəsən
Beş- on adamdan savayı?
Şahla şahmat oynayırmı?-
Vəzir qoymaz şah darıxa.
..Mən bir iltimas eyləyim:
İşdi, allahı görsəniz
Qoymayın allah darıxa...
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
KİNOTƏNQİDdə “Ölsəm Bağışla" və "Üçüncü Günün Adamı"
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Ölsəm Bağışla" və "Üçüncü Günün Adamı" filmləri ölümün qapısını aralayarkən insanın içindəki sükutlu fəryadları, qorxuları və mənasızlığa qarşı mübarizəsini özündə birləşdirən iki fərqli həyatın üzərindən bədii bir pəncərə açır.
"Ölsəm Bağışla" filmi, insanın ölümə yaxınlaşdığı anın psixoloji labirintində özünü itirən bir şəxsiyyətin daxili monoloqlarıyla bəzədilmiş bir dramdır. Bu film ölümdən qorxan insanın ən dərin emosiyalarını ortaya çıxarır, həyatın hər bir saniyəsini anlamaq istəyi ilə sarsılan bir varlığın qarşısında dayanır. Bu hekayət insanın özünü tapmaq və ölümün qaçılmaz gerçəklikləri ilə üzləşmək arasında bir yerdə yavaşca sönən işıqlara bənzəyir. Hər bir xarakterin üzləşdiyi əzab çox zaman daxili bir səssizliyi təmsil edir. Qorxunun gözlərdəki əks-sədası, həyatın və ölümün kəsişdiyi nöqtədə insanın içindəki sükutlu faciəni parlaq bir şəkildə göstərir.
"Üçüncü Günün Adamı" isə ölümlə qarşılaşan hər bir insanın üzləşdiyi bəzi suallarla üz-üzə gəlir: Həyat nədir? Necə yaşamalı və nə üçün?
Bu film ölümün yalnız fiziki yox, ruhsal bir təlatüm yaratdığını önə çıxarır. Varlığın gerçəkliklə üzləşdiyi anlarda ortaya çıxan anlıq gərginlik, həyatın nə qədər qiymətli olduğunu bir vəhşi cığır kimi göstərir. Sanki bir anda zaman dayanır, hər şey dondurulur və bu hərəkətsizlik içində insan, yalnız özünə qapalı bir yerdə varlığının acı gerçəkləri ilə qarşılaşır. Həyat və ölüm arasındakı incə xəttin üzərində gəzən hər bir xarakter, həm özünə, həm də ətrafdakılara qarşı bir növ təbii bir məsuliyyət hissi duyur. Ancaq ölümlə üzləşdikdə hər şeyin anlıq, keçici olduğunu daha yaxşı dərk edir.
Hər iki film varlığın meyarlarını sorğulayan və ölümün hər birinə gətirdiyi təzyiqi fərqli gözlərlə izah edən bir dünyaya işarə edir. Ancaq "Ölsəm Bağışla" filmində, ölümdən əvvəlki anların ağır psixoloji ağırlığı daha dərindir; o, insanın ən yaxın qorxularına və güclü tələsiklərinə işıq tutur. "Üçüncü Günün Adamı" isə, daha çox həyatın sınaqlarından keçərək ölümün daha həqiqi və təbii bir gələcək olduğunu təqdim edir, amma bütün bunlar bir-birinin qarşısında birdən-birə əks olunan işıqlardır.
Hər iki film insanın ən böyük sualları ilə, varlıq və ölüm arasında sarsılmaz bir bağ qurur, amma hər biri öz yolunda, öz bədii ifadəsi ilə tamaşaçını öz içindəki sükutla üzləşdirir. Həyatın və ölümün təzadında hər şey bir anlıq, amma sonsuzdursa, o an bu hər iki nəsnə bizim içimizdə öz dərinliyi ilə qalır.
Şəkildə: “Ölsəm bağışla” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“ASAN xidmət”də Zəfər Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Agentlikdən məlumat verilib.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in şəhid ailə üzvü, qazi, həmçinin müharibə veteranı olan əməkdaşları ilə görüşüb.
Görüşdə hər iki övladı, həyat yoldaşı və övladı şəhidlik zirvəsinə ucalmış ailələrin üzvləri iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ zəfəri ilə haqlı qürur hissi keçirir. Vurğulanıb ki, bu yolda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizlə bağlı məsələlər hər zaman xüsusi diqqətdə saxlanılır.
Tədbirdə həmçinin "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü İlham Zəkiyev, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr mənsubları, vətən müharibəsi qəhrəmanları, Şuşa fatehləri Zaur Hüseynov və Yaşar Hüseynov çıxış ediblər.
Vətən Müharibəsi Qəhrəmanı şəhid İntiqam Əsgərli və şəhid Nurlan Əsgərli qardaşlarının atası Bayram Əsgərov onlara dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Sonra şəhid ailə üzvləri, müharibə veteranları və iştirakçıları olan əməkdaşlara Dövlət Agentliyi adından “YAŞAT” Fonduna ianə ilə bağlı sertifikatlar da təqdim olunub.
Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı statusuna malik əməkdaş çalışır.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
Komitə sədri Media Qrupunu təbrik etdi
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa
“Yeni Müsavat” Media Qrupunun
qurucu-baş redaktoru,
Əməkdar jurnalist Rauf Arifoğluna məktub ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Yeni Müsavat”ın qarşıdan gələn 35 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:
“Hörmətli Rauf müəllim,
Sizi “Yeni Müsavat” qəzetinin ilk sayının gün üzü görməsinin 35-ci ildönümü ilə bağlı təbrik edir, Sizə, bütün “Yeni Müsavat”çılara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi torpaqlarımızın işğaldan qurtarılmasının, respublikamızın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsinin növbəti ildönümünün sevinci, qüruru içində keçirirsiniz.
“Yeni Müsavat” qəzetinin 35 yaşı həm də müstəqil və tolerant mətbuatın 35 yaşı deməkdir. Azərbaycanda siyasi partiya orqanı kimi yaranan çap mediasının çoxu öz siyasi mənsubluğunu tərk edə bilmədi. Toplumun bütünlüklə açılım etmək, necə deyərlər, “hər kəsin qəzeti” olmaq çox ağır, hətta, riskli işdir. Öz cizgisini qoruyaraq, bütün topluma açıq olmaq bir media orqanına, əsl milli media parametrləri qazandıraraq, ictimai faydalı düşüncələrin, fərqli görüşlərin yüksək mövqedən tirajlanmasında əvəzsiz rol oynayır. İllərdir bütün fərqli siyasi görüşlərin daşıyıcılarına tribuna verməsi “Yeni Müsavat”ın demokratikliyinin, əsl milli media orqanı olmasının dəyərli göstəricisidir.
İlk illər (1989-1991) gizli fəaliyyət göstərən “Yeni Müsavat”, bu gün eyniadlı qəzetlə yanaşı, öz tirajına görə qəzeti dəfələrlə üstələmiş, ayrıca, gündəlik 24 saat yayında olan internetə bağlı (online) xəbər portalı “musavat.com” daxil olmaqla, böyük bir media qrupu kimi fəaliyyət göstərir. Bir sözlə, “Yeni Müsavat” media qrupu, öz tirajına, əhatəsinə görə Azərbaycanın əsas media quruluşlarından biridir.
Siz vətəndaş cəmiyyəti institutlarının gördüyü işləri öz səhifələrinizdə davamlı şəkildə işıqlandırır, onlara media dəstəyi göstərirsiniz.
Sizi, Sizin şəxsinizdə bütün “Yeni Müsavat”çıları 35 illik yubileylə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
Radioinformasiya baş idarəsinin rəisi, Azərbaycan “Muğam”ının xilaskarı - BU GÜN RADİO GÜNÜDÜR
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Azərbaycan Radiosunun yarandığı gündür.
Stalin repressiyasının xofunun, «Böyük rəhbər»dən sonra əyalətlərdə hökm sürən qorxunun yavaş- yavaş səngiməsi, hakimiyyət dəyişiklikləri Azərbaycanda da gerçəkləşdi.
Mircəfər Bağırov rejiminin İmam Mustafayev hakimiyyəti ilə əvəzolunması milli ruhlu ziyalıların önə çəkilməsi ilə müşaiyət olundu.
Daha sədaqətli və peşəkar kadrlardan yararlanmaq ideyasını hakimiyyətinin prioriteti hesab edən yeni birinci katib Nəsir İmanquliyev kimi lazımlı, işini bilən kadrlardan imtina etmədi. Əksinə Mircəfər Bağırovun da əqidəsinə, ötkəmliyinə, iradəsinə hörmət bəsləyib pillə-pillə yüksəltdiyi Nəsir İmanquliyev kimi kadrlara etibar etməyi zəruri bildi.
İmam Mustafayev hakimiyyətə təzə gəldiyi ərəfədə qəzetlərin əksəriyyətində, hətta Moskvada işıq üzü görən mətbuat orqanlarının bir çoxunda erməni daşnaqlarının fitvası ilə «Bakıda Radionu nə vaxt açırsan «Rasta» rast gəlirsən, erməni mədəniyyəti, erməni tarixi sıxışdırılır» kimi bəd ruhlu, həqiqətdən uzaq məqalələr dərc olunur, Mərkəzi Komitə də yerli rəhbərliyi qınaq hədəfinə çevirirdi. Milli-mənəvi dəyərlərə sədaqət hissi ilə yanaşan İmam Mustafayev belə vəziyyətdə daha uğurlu bir siyasi gediş edir. Peşəkarlığına, ötkəmliyinə, eyni zamanda müdrikliyinə ehtiram bəslədiyi Mərkəzi Komitənin Təbliğat-təşviqat şöbəsinin müdirini 1956-cı il noyabrın 23-də Mədəniyyət Nazirliyinin Radioinformasiya baş idarəsinin rəisi təyin edir. Təyinat zamanı aralarında olan qısa söhbəti xatırlayan İmam Mustafayev 1989-cu ilin dekabrında Azərbaycan radiosuna verdiyi müsahibədə deyirdi: «Mən Nəsir müəllimi qəbul edən zaman, qəzetlər yazır ki, «Radionu nə vaxt açırsan «Rasta» rast gəlirsən», istəyirəm gedib «onların» cavablarını verəsən. İnanıram ki, verəcəksən. Öz metodunla» dedim. Nəsir müəllim özünəxas təbəssümlə cavab verdi. Səsi sonra bərk çıxdı. «Öxu tar, səni kim unudar!» Muğam müsabiqəsi ilə hədyan yazanları peşiman etdi. Nəsir müəllim müdrik adam idi. Belə bir kadrı vaxtında qiymətləndirdiyim üçün indi də, bu ağsaqqal çağımda da qürur duyuram!»
Mərkəzi Komitənin rəhbərlərindən biri olmuş, akademik İmam Mustafayevin 33 il sonra qürur hissi ilə xatırladığı o unudulmaz tarixin məsuliyyətli, eyni zamanda şərəfli anlarını yaşayan Azərbaycan Teleradio QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, xalq artisti Nəriman Əzimov isə sonralar Nəsir müəllimlə bağlı xatirələrində qeyd edəcəkdi: «Nəsir müəllim radioya rəhbər təyin olunanda radionun da, milli musiqimizin, ədəbiyyatımızın da ağır günləri idi. Stalin repressiyasının xofu, müharibənin dəhşətləri insanların canından çıxmamışdı. Muğamlarımıza, Üzeyir bəy kimi böyük bəstəkarımıza belə xüsusi hücumlar var idi. Bu qara yellər birbaşa mərkəzdən, özü də erməni daşnaqlarının əli ilə əsirdi. Ermənilərin Moskvada cızdığı planların başında doktor İonesyan dayanırdı. Və onlar bunu açıq-açığına edirdilər. Bunun qarşısını almaq isə müşkülə çevrilirdi. «Mənəm-mənəm» deyən kişilər belə bu mübarizəyə qalxmırdı. Bu cəsarət bircə nəfərdə tapıldı. Böyük bir qaragüruhun, imperiyanın qabağına Radioinformasiya Baş İdarəsinin rəisi, cəsarətin, ləyaqətin simvolu olan Nəsir İmanquliyev çıxdı. Sübut etdi ki, Üzeyir bəyə olan hücumlar birbaşa milli musiqimiz, muğamlarımızla bağlıdır. Çünki Üzeyir bəy «Koroğlu» operasını yazıb səhnəyə qoymaqla milli qəhrəmanlıq tariximizi vərəqləmiş, xalqı yaddaşa qaytarmışdı. Üstəlik, 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçiriləndə «Arşın mal alan» operettasını Xalq Çalğı Alətləri Orkestrinin ifasında təqdim edərək:
Oxuma tar, oxuma tar, Səni sevmir, proletar. - söyləyənlərə, imperiyanın dəyirmanına su tökənlərə dağ çəkib nakam şairimiz Mikayıl Müşfiqin haqqını özünə qaytarmışdı. Bu həm də bizim milli alətlərimizi özününküləşdirmək istəyən daşnaqlara dərs idi. Mərkəzi Komitənin, Mədəniyyət Nazirliyinin müşavirələrində çıxış edən, milli dəyərləri təbliğ edən Nəsir müəllim radioda fəaliyyətə başlayan kimi «Oxu tar, səni kim unudar» devizi altında müsabiqə elan etdi. Mən həmin dövrdə Səid Rüstəmovun rəhbərlik etdiyi, son bir neçə on ildə rəhbərlik etmək qisməti mənə düşən orkestdə tarzən idim. Bu müsabiqə yuxarıdakıları «vəlvələyə» salmışdı. Ölkənin ən dəhşətli məmurları Nəsir İmanquliyevlə, radionun rəhbəri ilə bacara bilmirdi. Çünki o, böyük ziyalı, müdrik şəxsiyyət, ləyaqətli rəhbər, işini bilən, işini ustalıqla görən, amalının arxasında əməli dayanan iradə və cəsarət sahibi idi...
1956-ci ildə təməli qoyulan bu müqəddəs işin nəticəsini 1958-ci ildə Moskvada keçirilən Ümumdünya Mədəniyyət Ongünlüyündə və 1959-cu ildə yaşadıq. Mərkəz bu tipli hücumların nəticəsiz qaldığını, Azərbaycanın Nəsir müəllim kimi şəxsiyyətlərinin iradəsini duyub düz 21 il sonra Moskvada yenidən Azərbaycan Mədəniyyəti Ongünlüyünü təşkil etdi. Xan əminin, Sara Qədimovanın, Şövkət Ələkbərovanın şaqraq səsi «Qarabağ şikəstəsi» ilə Şimal səhrasına həqiqətin mehini gətirdi.
Bu gün tez-tez seyr etdiyimiz, milli televiziyamızın ekranlarından ruhumuza köçürdüyümüz, Qarabağın ağır günlərində dərdə dərman dediyimiz məşhur kadrlar o illərin yadigarı, Nəsir müəllimin cəsarətinin, ləyaqətinin adı, ünvanıdı...»
Üstündən 50 il ötəndən sonra Azərbaycan “Muğam”ı keçid dövrünün burulğanına düşdü. Xilaskar və himmayədar qismində Tanrı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanı, professor Nəsir İmanquliyevin nəvəsini göndərdi. Ölkədə genişmiqyaslı Muğam lahiyələri gerçəkləşdi.Muğam müsabiqələri təşkil olundu.Muğam portal yaradıldı."Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəşr edildi.Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu.Azərbaycan Muğamı dünyanın maddi-mədəni irsi siyahsına yazıldı.Mehriban xanım Əliyeva bununla həm də XIX yüz ildə Şamaxıda ədəbiyyatın, mədəniyyətın, milli-mənəvi dəyərlərin qoruyucusu kimi tarix yaradan, malikanəsində “Beytüs-səfa”məclisini qrub,sənət-söz adamlarını, ustad sənətkarları himayə edən, Azərbaycan muğamlarının təbliğ üçün varını, dövlətini əsirgəməyən böyük babası, nənəsi Gövhər xanım Sultanzadənin babası Mahmud Ağanın ruhunu şad etmiş oldu...
Nəsir müəllim efir adamı olmamışdan, ruhunu səsə, nəfəsə köçürməmişdən öncə qəzetçi idi. Əslində el dili ilə desək, «O, təpədən dırnağa» qəzetçi idi. «Gənc işçi»nin, «Yeni yol»un bulağından içmişdi. Müqtədir qələm sahiblərini, dövrünün ayinəsini yaradan mühərrirləri də burada görmüşdü. Ağahüseyn Rəsulzadə, Allahverdi İsayev, Qulam Məmmədli kimi qəzet quran, oyanışın, qurtuluşun yolunu qəzet işində, təbliğat və təşviqatda görən ziyalılardan idi. 1956-cı ilin noyabrından 1957-ci ilin sentyabrına kimi efirdə, radioda biri- birindən möhtəşəm layihələrə imza atan professor Nəsir İmanquliyev 1957-ci il sentyabrın 14-də yeni yaranan Radio və Televiziya Komitəsinə sədr müavini təyin olunur. Televiziyaya rəhbərlik tanınmış şair-publisist Teymur Elçinə, Radioya rəhbərlik isə Nəsir İmanquliyevə tapşırılır. Bu təyinat, Radio və Televiziyaya verilən geniş imkanlar, Nəsir müəllimə göstərilən etimad onun əl-qolunu bir az da açır. Mərkəzi Komitəyə Radio və Televiziyanın mətbuat orqanını qurmaq üçün müraciət edir. Müraciətinə Moskvada baxılır. Bunun üçün ora ezam olunur.
Radio və Televiziyada keçən şərəfli günlər, məsuliyyətli anlar barədə sevə-sevə müsahibələr verdiyi radiojurnalistlərə həmişə: «Sizin indiki «Ekran-Efir» həftəlik qəzetinin yaranmasında bilavasitə iştirak etmişəm. Moskvada olmuşam, onun razılığını almışam, hətta kağız materialını da oradan gətirmişəm. O vaxt «Danışır Bakı» və «Radio proqramı» adı ilə çıxırdı» deyə, qürur hissi keçirər; «Radio və televiziyanı peşəkar jurnalistlərin, tanınmış ziyalıların, görkəmli alimlərin, istedadlı qələm sahiblərinin, səsi bulaq kimi çağlayan aparıcı diktorların, işini bilən rejissorların, texniki işçilərin birgə əməyi dinləyicilərə, tamaşaçılara sevdirə bilər...» kəlamı ilə dünyanın öyüd-nəsihət, ustad-şəyird müqəddəsliyinə döndərdi.
90 illik bir ənənəsi olan, beşiyinin başında Üzeyir bəy, Müslüm Maqomayev, Səid Rüstəmov,Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əhmədxan Bakıxanov, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Leyla Terequlova, Zəhra Salayeva, Tofiq Kazımov, Soltan Nəcəfov, Aydın Qaradağlı, İsrafil Nəzərov, Ənvər Əlibəyli, Nəbi Xəzri kimi istedadlı sənət-söz adamlarının, məlahətli səsi ilə ürəklərə yol tapan diktorların dayandığı Radio və Televiziya Komitəsinə Radionun 30 illik yubileyi ərəfəsində gələn Nəsir müəllim Mərkəzi Komitənin təyinatı ilə gəlsə də, söz adamı, səs adamı idi. Sözü, səsi, nəfəsi ilə mətbuat səhifələrindən, kürsülərdən çoxlarına tanış və doğma idi.
Hər gələn sədr, sədr müavini radionun, televiziyanın tarixində öz izini qoyur. Teymur Elçini, Nəbi Xəzrini xeyirxahlığın, İsrafil Nəzərovu, Nəsir İmanquliyevi, Elşad Quliyevi peşəkarlığın rəmzi kimi yaddaşına yazan dinləyicilər, tamaşaçılar ilk dəfə məhz Nəsir İmanquliyevin radioya rəhbərlik etdiyi aylardan ana dilli verilişlərin sayının artıdığını hiss etdilər. Bu ənənə Nəsir müəllimdən sonra Ənvər Əlibəyli, Rauf Kazımovski, Seyfəddin Abbasov, Tahir Rəsulzadə, Kamil Rzaquliyev, Rauf İsmayılov, Aydın Vəlixanov, Həbibə Məmmədxanlı, Firudin Ağayev, Kamil Rüstəmbəyov, Vaqif Mustafazadə, Faiq Aslanbəyov, Əhməd Aşurbəyov, Nazim Abbas kimi peşəkar jurnalistlərin, rejissorların, efir adamlarının zamanından başlayaraq bu günə kimi davam etdirilsə də, milyonların auditoriyasının - radionun yaddaşına bir fakt yazıldı: « Məhz Nəsir müəllimin icazəsi və xeyir-duası ilə idman verilişləri, futbol şərhləri rus dilinin hökmran olduğu bir vaxtda dinləyicilərə ana dilində təqdim olundu. Milli radionun tarixində ilk dəfə bu günə qədər davam edən «Muğam saatı» proqramı efirə vəsiqə aldı. Tanınmış rus və avropa ədiblərinin əsərləri onun şəxsi təşəbbüsü, redaktəsi və tərcüməsi ilə ana dilinə çevrilərək dinləyicilərə çatdırıldı. Əməkdar jurnalist, ömrünün yarısından çoxunu radio və televiziyamızın inkişafına həsr edən Valid Sənaninin dili ilə desək: «Bu, o zamanlar üçün cəsarətli addım, ləyaqətli bir iş idi. Bunu hər kişi, hər rəhbər edə bilməzdi...»
Nəsir müəllim efirdən, radiodan, səslər muzeyindən - xalqımızın gücünü, qüdrətini, mənəvi zənginliyini nəfəslə, səslə yaşadan məbəddən tez getdi. Amma işi qaldı. Adı, əməli xeyirxahlığı, peşəkarlığı qaldı. Qısa bir müddətdə bir ilə yaxın zaman kəsiyində efirə peşəkarlıq, milli ruh, ana dilli proqramlar gətirən Nəsir müəllim Üzeyir bəydən, Müslüm Maqomayevdən, Məmməd Səid Ordubadidən, Cəfər Cabbarlıdan, daha kimlərdən, kimlərdən yadigar qalan, işində, əməlində bir qaibanəlik, mübhəmlik olan radioda ahəngini, səsini, nəfəsini qoyub öz böyük arzusunun arxasıyca getdi. «Əkinçi»nin, «Molla Nəsrəddin»in bulağından içən, artıq 90-ı keçən, əyninə milyonlarla dinləyicinin məhəbbətindən don biçən, «Bulağ»ı, «Divani»si, «Yol»u, «Vaxt»ı, «Sarı tel»i, «Dövran»ı, «Səhər»i ilə zülmətləri yaran, «Axşam görüşləri»nin boxçasını səsdən, muğamatdan tutan, sevənlərinin, sevdiklərinin yuxusuna şəkər qatan milli radiomuz indi yeni yaranan neçə-neçə radionun, televiziyanın özəyinə çevrilib. Bu gün çox-çox istedadlı qələm sahibinin, şair və yazıçının: «Mən Nəsir İmanquliyev məktəbini keçmişəm», «Mən «Bakı» qəzetinin şinelindən çıxmışam» - sözlərini Nəsir müəllim radioya şamil edərdi: «Radio mənim üçün həmişə məktəb olub. Mən onun «şinelindən» çıxmışam. Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Məmməd Səid Ordubadinin bulağından içmişəm. Əgər çoxdan arzuladığım, mübarizə apardığım «Bakı» qəzeti olmasaydı, radiodan ayrılmazdım...»
Nəsir müəllim radiodan cismən getdi. Ruhu, duyğuları, sevgiləri mələyə dönüb bu məbəddə qaldı. Onun arzularını sevimli tələbələri gerçəkləşdirdi. Neçə-neçə efir təşnəsi illəri yola salsa da, yenə ustadını özünün önündə görür. İçindən gələn səs qulağında cingildəyib, dodağında pıçıltıya dönür: «Bizim jurnalistika fakültəsini bitirən gənclərin əksəriyyəti radio və televiziyada çalışır, onların bir çoxunu tanıyıram. Böyük ailə sahibi olublar, yaşa dolublar həm də öz maraqlı verilişləri ilə yadda qalıblar. Mən onların hər birini ekran-efir dəst- xəttindən tanıyıram. Mənim tələbəm olanlara da, olmayanlara da xoş arzularımı bildirirəm. Arzu edrəm ki, onların işi günün tələblərinə uyğun olsun və onlar xalqımızın apardığı tədbirlərdə ön sırada getsinlər...»
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)