Cahangir NOMOZOV, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Şair qəlbinin rəngarəng dünyası həmişə sonsuzluğa bir yol axtarır... Hər bir yaradıcı insanın daxili aləmi — hələ kəşf edilməmiş dənizdir; orada ilham bir neçə şəklə bürünüb, ruhu bəsləyən şəffaf su kimi axır.
Onların həyatı quru düşüncələr və adi dünyayla məhdudlaşmaz — bu dünya hər an özünəməxsus və gizli mənalarla doludur. Belə qəlb sahiblərinin düşüncələri, heyrət və ilhamları onlara yaxın olan şəxsiyyətlər vasitəsilə başqa bir dünyadan daşır. "Qəlbi anlayan insan dünyanı da anlayar" deyildiyi kimi, yaradıcı qəlbi dünyanı daxildən daha dərindən qavramağa çalışır.
Mənim üçün Mövlana Rumi və Qəzzali əsərləri bu sırada xüsusi yer tutur.
Onların hər sözü ilahi nur kimi qəlbimə süzülür, içimdə sakitlik oyadıb, mənəvi güc bəxş edir. Şair qəlbim isə məni ruhlandıran, ilhamlandıran başqa bir yaradıcı — Xosiyyət Rüstəmovadır. Onun şeirlərini oxuduqca hər dəfə ruhumda yeni rənglər, təəccüblər açılır. Rumi’nin “Çaya heyran olma, orada sənin heyrətin var” deyimi mənə Xosiyyət Rüstəmovanın şeirlərində bir daha canlanır.
Onun yaradıcılığı da bir dərin, sirli çay kimidir, burada sözlər adi vasitə deyil, qəlbi açan bir açardır.
Hər misrada sözün cazibəsi, şeiriyyətin zərifliyi, insan təfəkkürünün qüdrəti ilə üz-üzə gəlirəm. Əsrarəngiz sətirlər duyğularımın gərgin tellərinə toxunub, təkrarsız ahənglər yaradır. Həyatın qayğıları və məişət təlaşları içində qalıb, şeiriyyətin ilham və heyrət mənbəyindən uzaqlaşdığımı hiss edirəm. Daim oxuyub, məqalələr yazsam da, qəlbimin dərinliyində bir təklik var... Şeir əskikliyi...
Yazı masasına oturub, nəsə qələmə almağa çalışıram, ancaq içim dolub-daşsa da sətirlərə tökülə bilmirəm... Bu hiss yalnız yaradıcı insanlara məlumdur... Ruhum xəzanlanır, yaradıcılıq əhvalım itir, bu zaman sevimli şairəm Xosiyyət Rüstəmovanın sətirləri qəlbimdə bərq vurur. O itmiş ilhamlarımı, "şair ruhum"u tapıram. Hər oxuduğum şeir qəlbimdəki şeiriyyətə olan ehtiyacımı azaldır, yaradıcılığa olan sevgimi yenidən alovlandırır. "Ruhu ruhuna yaxın olan ilhamlanar" deyimi fikirlərimin aydın sübutudur.
Yaradıcılıq üçün ilham — ruhun yaşamağıdır, şeirlər isə onların səsidir. Ruhuna yaxın yaradıcı tapmış insan, öz daxili səsini anlamağa başlayır və ona can atır. Belə yaradıcılarla hər görüş, hər poetik söhbət şairi şeiriyyətlə birləşdirir. Xosiyyət Rüstəmovanın yaradıcılığına nəzər salanda, o yalnız böyük istedada yox, həm də yüksək qəlbə sahib olduğunu dərk edirəm. Öz sənətinə səma nəfəsi verən, sözlər vasitəsilə insanın dərinliklərinə enən bənzərsiz bir şairdir. Xosiyyət Rüstəmovanın hər sözü, hər misrası sevgi və məhəbbətlə doludur. Adətən, böyük şairlərin qəlbi dəniz kimi geniş, okean kimi dərin olur. Xosiyyət Rüstəmova da geniş qəlbi və böyük istedadıyla fərqlənir — insanlara sevgi, yaxınlarına və oxucularına səmimi hörmətlə doludur.
Rüstəmovanın yaradıcılığının gücü həm mənanın dərinliyində, həm də ruhunun zərifliyindədir. Şairənin hər misrasında gizlənən dərin fəlsəfi baxış var — sözlərlə insanı təəccübləndirib dünyanı yeni gözlərlə göstərməyi bacarır. Xosiyyət Rüstəmova sadəcə bir yaradıcı deyil, mənim ruhumu işıqlandıran şairəmdir. Onun hər şeirində ruhum ilahi ilhamla dolur, həyata və yaradıcılığa olan həvəsim artır. Belə genişqəlbli, mehriban insanların mövcudluğu dünyamı daha da işıqladır.
Bu dünyada şeiriyyətin ucalıq səmasına yüksəlmək qismət olmuş şairəm, hər zaman ruhunuz ucalsın! Samavi sözlərinizlə qəlblərdə "Nicat" günəşi kimi parlayın.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)