“Armud əppəyi “ - Yeganə Məmmədovanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Yeganə Məmmədovanın hekayəsi təqdim edilir.

 

"Ay bala, yıxılarsan, qolun-qabırğan qırılar, düş aşağı, söz eşit!.."Anam idi, səsinə bir az qayğı, bir az da təpingən, ötkəm ahəng qatıb dəcəlliyimdən qorumağa çalışırdı məni; əlində oxlov, yuxa yaya-yaya bir gözü elə hey məndə idi: birdən yıxılar, nəsə olar...

Çıxıb-düşməkdən budaqlarını pilləkənə döndərdiyim armud ağacının da "acığı" tutmuşdu elə bil mənə - üzərində gəzdikcə qəzəbindən gövdəsi titrəyirdi. Özümü o yerə qoymurdum, haça budağında oturub ətrafa baxırdım, rənglərini seçməkdə hələ çətinlik çəkdiyim öz dünyama qapılırdım. Eh, o an ağlımdan nələr keçirdi, nələr... Göy üzündə qatarlaşan durnalara uşaq həsədi ilə baxırdım, istəyirdim mən də onların yanında olum, əlimi uzadıb göyün yanağında yumrulanan pəmbə buludlara toxunum, payızın xəfif küləyindən çöhrəsi solmuş günəşin pırtlaşıq saçlarını darayım, ağaclardan üz çevirib incik-incik qopan yarpaqların eniş "rəqsi"nə tamaşa edim, yorulanda yerə enib çayların ağuşunda gizlənməyə "can atan" sahillərində gəzinim. Nə deyim, əlçatmaz arzularım çox idi, lap çox...

Hərdən həyətin ortasında ocaq qalayan anamı da gözdən      qaçırmırdım. O, yanıb qor olmuş kösövləri sacın altından kənara itələyir, yenilərini qoyur, tüstüdən yaşaran gözlərini yaylığının ucu ilə silirdi. Tutuşub-yanan odunun çartıltı səsləri həzin, bir az da şirin nəğməni xatırladırdı, titrəşə-titrəşə bir-birinə "göz vuran" köz parçaları ətrafa hərarət yayır, insanın içində isti bir sevgi oyadırdı sanki.

İndi anamı xatırlarkən o anlar yadıma düşür: deyirəm, bəlkə, o tüstünün acısına anamın bizə hiss etdirmədiyi ağlı-qaralı günlərinin iztirabı, yaxınlarına belə deyə bilmədiyi ağrıları da qarışıb göz yaşına dönürdü. Bilmirəm, bəlkə də...

Kəndimizdə işıqlar tez-tez sönərdi. Camaat neftlə işləyən çıraq, lampa yandırıb başına yığışardılar. Özümə "sığınacaq" seçdiyim armud ağacının ətirli meyvələrinin saplağa birləşən hissəsi dar, ətrafı yumru olduğundan onları yandırdığımız o neft lampalarına bənzədirdim və adını da elə "lampa-armud" qoymuşdum (vaxtilə babamın calaq elədiyi həmin armud növünə bizim tərəflərdə "dədə-baba armud" deyirdilər). Gecələr ayın aydınlığı yerə çökəndə xoş qoxulu lampa-armudlar ətrafa sapsarı "işıq" saçardı.

Armudlar saralsa da, hələ dəyməzdi, kal olardı. Yetişəndə isə anam ondan bizə dünyanın ən gözəl yeməyi saydığımız armud əppəyi bişirərdi. Axşamüstü darısqal, görünüşü kasıb eyvanımızda süfrə açılardı, atam sinif dəftərlərini yoxlayıb (o, Azərbaycan dili və ədəbiyyatı müəllimi idi) süfrəyə tələsərdi, biz də onun yanında yerimizi tutardıq. Anam çömçəni (abgərdən də deyərdik) qazana batırıb kasalara boşaltdığı armud əppəyini aramızda bölərdi. Heç kəs danışmazdı, hamının başı yeməyə qarışardı. Sükutu yalnız qaşıqların kasaya toxunan cınqıltısı, bir də ara-sıra göydə dəstə bağlayan durnaların nəğməsi pozardı.

O vaxtlar qonşular da bir-birinə daha çox gedib-gələr, xoş günlərinə, dərdlərinə ortaq olardılar. Münasibətlərdə bir ilımlıq, yumşaqlıq vardı, arada mehribanlıq, səmimilik yaşanardı. Sonralar isə çox şey dəyişdi...

Məni gözləməyən ötən günlərə bir də dönmək, uşaqlığımın nağıl payında - armud ağacında gəzib rəngli dünyama sarılmaq, anamın bişirdiyi armud əppəyindən dadmaq istəyirəm yenə. Lakin indi o ağacın yerində tərpədilməsi mümkün olmayan iri bir daş "göyərib". Bəlkə də o, adi daş parçası yox, bir vaxtlar bar-bəhəri tükənməyən, budaqlarında böyüdüyüm həmin armud ağacıdır, olub-keçənləri, irili-xırdalı xatirələri içində yaşada-yaşada gövdəsi "fır" bağlayaraq daşlaşıb... Anamın yuxa bişirdiyi ocağınsa nə külü qalıb, nə kösövü, yel sovurub yerə qarışıb. Kövrəlirəm. Başımı qaldırıb göy üzünə baxıram: durnalar köç edir yenə - artıq payızdır axı...

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.