Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir şair dostum vardı,
Tofiq Mahmud adında.
Sevgisi oxunardı
Gözlərinin odunda.
Sadəydi Tofiq Mahmud,
Şagird imlası kimi.
Təmizdi Tofiq Mahmud,
Bulaq damlası kimi...
(Zahid Xəlil)
Bu gün tərcüməçi, şair Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Tofiq Mahmudun doğum günüdür.
Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabr ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
1954-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin Mədəni Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlayıb. Daha sonra 1958-1961-ci illərdə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb.
1961-ci ildə “Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi, 1963-cü ildə məsul katib, 1976-cı ildən ömrünün sonuna qədər isə jurnalın baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir.
O, həmçinin Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, 1989-cu ildən həm də rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Uşaq və gənclər ədəbiyyatı şurasının sədri olub.
Bədii yaradıcılığa gənc yaşlarında başlayan Tofiq Bayramın "Şirindir"adlı ilk şeiri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdur.
"Yola çıxıram" adlı ilk kitabı isə 1959-cu ildə çapdan çıxmışdır.
Sonralar şairin şeir və nəsr əsərlərindən ibarət "Dibçək", "Utancaq oğlan", "Meşədə səs", "Ana qucağı", "Dalğalar", "Pəncərəyə toxunan budaq", "Kəpənək gözəlliyi", "Yerə dağılan muncuqlar" kimi bədii kitabları işıq üzü görmüşdür.
Şairin "Qızımın sualları" və "Kəpənək gözəlliyi" adlı kitablarında toplanmış şeir və poemaları kiçikyaşlı uşaqlar arasında daha böyük rəğbət qazanmışdır.
Onun uşaq poeziyası Moskvada nəşr olunan "Murzilka", "Pioner" və "Vesyolıye kartinki" adlı jurnallarda dərc olunmuşdur.
Şair 1984-cü ildə Azərbaycan Komsomolu mükafatı laureatı olub, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
O, 1997-ci il aprel ayının 4-də Bakıda vəfat edib. Şairin adına hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunan “Tofiq Mahmud mükafatı” təsis edilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.11.1024)