Super User

Super User

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Yarımçıq əlyazma” romanı ilə bağlı ağlına gələn ağlına gələni, ağzına gələn ağzına gələni yazdı.

2.

Dantenin 13-cü əsrdə yeni yaranan italyan dili üçün etdiyini Nəvai 15-ci əsrdə yeni özbək - çağatay dili üçün, Füzuli isə 16-cı əsrdə yeni Azərbaycan dili üçün etdi. Onlar da bu dilləri yaratdılar.

3.

Heç vaxt dəyişməyən dəyərlər var. Ən müxtəlif zamanlarda da eyni cür seviblər, eyni cür nifrət ediblər, eyni cür inanıblar... Əslində, tarixi, yaxud müasir mövzu yoxdur. Əslində, yalnız Mövzu var.

4.

Əsas olan mətndir. Yerdə qalan təfərrüatdır.

5.

Fal açana:

“Bu faldan bir ömür çıxart

Bir az yaraşığı olsun.

Torpaqdan bir az yuxarı

 Göylərdən aşağı olsun.”

6.

Müxtəlif janrları uyduranlar dünyanın müxtəlif yerlərində sərhədlər qurub ölkələri adamların üzünə qapatmaq kimi mənasız iş görürlər. Quş olub üstündən uçmaq bahasına olsa da adamlar o sərhədlərin üstündən vaxt yetişəndə uçub keçəcəklər. Janrların üstündən uçub birindən o birinə keçmək isə daha asan olacaq.

7.

Ədəbiyyatda janr yoxdur. Janr, olsa-olsa ədəbiyyatşünaslıqda olar.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

 

 

 

 

Понедельник, 06 Январь 2025 12:15

Rəsm qalereyası: Fransisko Ribeyro, “Kənd qadınları”

Rəsm qalereyası: Fransisko Ribeyro, “Kənd qadınları”

 

Portuqaliyalı rəssam Fransisko Ribeyronun “Kənd qadınları” rəsmində (fraqment təqdim edilir) Avropanın tipik orta əsrlər yaşayış məskəni təsvir edilib.

Понедельник, 06 Январь 2025 11:46

GÜNÜN FOTOSU: Türkiyədə 33,1 dərəcə şaxta

GÜNÜN FOTOSU: Türkiyədə 33,1 dərəcə şaxta

 

Yeni ilin başlaması ilə Türkiyənin Şərqi Anadolu hissəsində havaların kəskin soyuqlaşması müşahidə edilir.

Yanvarın 4-nə keçən gecə Ərzurum vilayətinin Tekman rayonunda termometrlər rekord - mənfi 33,1 dərəcəni göstərib.

Çaylar və göllər buz bağlayıb. Əhaliyə zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub.

Ardahan vilayətinin Gölə rayonunda 28,8, Ərzincanın Çayırlı rayonunda 27,8, Vanın Çaldıran rayonunda 26,6, Qarsın Sarıqamış rayonunda 22,1 dərəcə şaxta qeydə alınıb.

Türkiyənin şərqində şiddətli şaxtalar yanvarın 8-dək müşahidə ediləcək.

 

AzərTAC-ın Ankara müxbirinin materialı əsasında.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Понедельник, 06 Январь 2025 15:33

REDAKSİYANIN POÇTUNDAN - Cavidan Hacıyevin şeirləri

Yeni ildə poçtumuza gələn ilk məktub Cavidan Hacıyevin şeirlərindən ibarət oldu. Cavidan fərqli yazır, heç kəsi təqlid etmir. Mövzuları da özünəməxsusdur. Şeirləri diqqətinizə çatdırırıq. Düşünürük ki, onları bəyənəcəksiniz.

 

GÖYƏM AĞACI

 

Göyəm vardı bağçamızda. 

Qurumuşdu, kəsib atdıq. 

Babam əkmişdi vaxtında. 

O vaxt hələ biz uşaqdıq. 

 

Uşağın öz dərdi var ki: 

Topa tikanlar batmasın.

Yuxudan tez durardıq ki, 

Babam gəzməyə aparsın. 

 

Nə göyəm var, nə də ki top. 

Heç tikan yox batsın topa. 

Artıq qızım nəvə olub, 

İndi atam olub baba. 

 

Babam göydə, mən uzaqda:

O həyət mənsiz qalıbdır. 

Yenə qərib yad diyarda

Biri vətənsiz qalıbdır.

 

 

BU GECƏ YAĞIŞ YAĞIR

 

Yük daşıyıb bazarda taqətsiz bir güzarda 
Səmaya uşaq baxır.
Lap köhnədi libası, almağa yox atası.
Düşən yağış damlası onun gözündən axır.
Bu gecə yağış yağır. 
Səma dolu buludlar. 
Yüksəklikdən atılıb, damla edir intihar.
Çırpılaraq yerlərə, olurlar çilik-çilik.
«Arzular birdəfəlik, insanlar birdəfəlik» —
Düşünür gecələrkən fərqli-fə
rqli yataqda
Al boyası dodaqda.
Qəlbindəysə o qızın zülmət, qaranlıq cığır.
Bu gecə yağış yağır.

Yağır daha inadkar.
Uzadıb əllərini, istərkən sədəq
əni,
O körpənin səsini eşitməyir insanlar.
Bu eşiksiz balaca dözməyərək aclığa
Dəstək çıxıb yağışa
, ağlayır fağır-fağır.
Bu gecə yağış yağır 

Qədir gecəsi ilə.
İnsanlar edib hiylə, yalan gətirib dilə,
Toplayırlar mənfəət, toplayırlar qəbahət.
Bu gecəysə peşiman çağırır Allahını, yox etsin günahını.
Qəlb paklaşsa da belə, sabah dolacaq yenə
Xəyanət, yalan, hiylə.
Bir ömürü boş verən çətin bircə gecənin
Qədrin, qiymətin bilə.
Yerdə ürəklər qara, göydə buludlar qara
Göydə buludlar ağır 
Bu gecə yağış yağır.
Bu gecə yağış yağır...

 

 

ADSİZ

 

Eyni yolla gedirik biz, fərqli-fərqli mənzillərə
Eyni yolu gedirik biz, heç bilmirik mənzil nərə.
Heç bilmədən səbəbini lal sularda axanlarıq,
Diriləri basdırırıq, meyitlər ilə yaşarıq.
Sevgimizlə isidirik qəlbimizdə nifrətləri,
Sonra isə üşüyürük, qucaqlayıb cəsədləri.
Dönüb biz də buz oluruq, qucaqlayıb buz meyiti -
Məzardakı nəfəslərdən qalxıb yerin hərarəti.
Peyğəmbəri çarmıqlayib, peyğəmbəri daşlarıq biz.
Tanrıları öldürmüşük, indi adi daşlarıq biz. 
Atmayın siz daşı suya, axı dərdi, bir ahı var.
Daş nə qədər daş olsa da, onun da bir Allahı var.

 

 MÜASİR İBLİS

 
"İblis nədir? 
                  - Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
-Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətirləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar - yerin altına.

 

 

QAÇIŞ


Bəlkə bu gecə mən də

Olum bir azca uşaq.

Qaçım dərdsiz, qayğısız,
Bir azca olum şıltaq.

 

Qaçım yumub gözləri,

Qaçım hayana gəldi.

Dünya da kı… qoy qalsın,

O, əzəldən belədir.

 

Dünya öz qayğısında,

Bəlkə itib yaddaşı.

Bəlkə bizləri görmür,

Ya saymır, uzaqbaşı.

 

Bizdən dünyaya nə var?

Dünya öz işindədir.

Deyirlər, dünya dərdi

«Tabut, beşik dərdidir»

 

Bəlkə oyuncağıyıq

Bu ərköyün uşağın.

Söz var: «Dünya da qaçır

Başdan alıb papağı»


Məndən dünyaya nə var,
Dünya da mənlik deyil.
Mənimki ötəridir,
Beş-on misralıq meyil.

Qaçıram hara gəldi,
Bu dünyanın əlindən.
Bir gecəlik azadə,
Bir şeirlik küləyəm.

Bu şeirlə qaçıram
Bu gecə bu dünyadan.
Çox da ki qaç, bitəcək
Bu şeir də sonunda.

Uzun-uzun yazmaqla,
Qaçmağın nə mənası?
Gözlə, indi gəlirəm,
Salam, qayğı dünyası.

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

 

Понедельник, 06 Январь 2025 14:28

Eynurənin qızı Aynurə - HEKAYƏ

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

            Real hadisələr əsasında

 

            İyirmi səkkiz yaşında bir yazıçıya gələn zəng belə olmamalıydı. 11 ildən sonra kimdənsə nömrəsini tapan sinif yoldaşı “Alo?”dan sonra deməməliydi:

-Gözün aydın, sinif yoldaşımız da nənə oldu axı!

            Bu, olmamalıydı! Yox, olmamalıydı!  İyirmi səkkiz yaş nə idi ki? Yenə məktəbə gedən uşağın anası olmağı keçmək olardı...

           Yazıçı kinayə ilə gülümsədi:

            -Ana olmağı deyil, ana olmamağı bağışlamır bizim cəmiyyət.

            Əlindəki telefona baxdı. Danışıq bitmişdi. Haçan? Bir də baxdı telefona. Danışıq 28 saniyə çəkmişdi. Demək, sinif yoldaşı elə o xəbəri verməkçün zəng eləmişdi. Sonra da... Danışığı kim sonlandırmışdı: sinif yoldaşı, yoxsa yazıçı? Nə mənası vardı artıq?!

            Əsas odur ki, iyirmi səkkiz yaşında nənə olan sinif yoldaşının kimliyini bilirdi. Zəng edən adını çəkməmişdi onun, amma yazıçı bilirdi söhbətin Eynurədən getdiyini. 9 uşaqlı ailənin üçüncü qızı, 13 yaşında ərə gedən, 14 yaşında qızı Aynurəni qucağına alan Eynurə - ata-anasının, qonşuların çağırdığı adla Eliş.

            Sinif yoldaşı olmamışdan öncə qonşu idilər. Evlərinin arasında kəndin klubu və tibb məntəqəsi yerləşirdi. O kənddə niyəsə hamı kasıb idi. Amma hamı özünü Eynurəgilin  ailəsindən varlı sayırdı; o qədər ac-yalavac bir həyat yaşanırdı Hüseynovların döşəməsiz, pəncərəsiz evində. Yazıçı iki, bəlkə də üç dəfə olmuşdu uşaqkən o evdə. Hamı evə ayaqqabı ilə girirdi, pəncərələrdə şüşəni əvəzləyən qalın sellofan imkan vermirdi ki,  gün işığı o yana, bir azacıq təmiz hava girsin evə. 

            Hüseynovlarda gördüyü palçıq döşəmədən, kirli qablardakı kifli yeməklərdən, uşaqların bir-birinə söyüşlə müraciət etməsindən danışan qızcığaza anası bərk-bərk tapşırmışdı:

            -Eliş bizə gəlsə, həyətdə onunla oynaya bilərsən. Amma onlara getmə ha! Getsən, xəstələnəcəksən.

            Bir ilin 300 gününü canının harasısa ağrıyan uşaq bir daha Elişgilə ayaq basmamışdı. Amma Eliş həftədə, ən azı, üç dəfə onlara gəlir, həyətdə oynayır, evlərinə qayıtmadan da qarnını doyururdu. Arıq, qarayanız, dodaqları sanki sol tərəfdən azacıq yuxarı dartılmış kimi görünən Elişin ən sevdiyi oyun “qız ərə vermə” idi. Bu oyunu kimdən öyrənmişdi, yoxsa özündən uydurmuşdu, kimsə bilmirdi.  Çubuqdan qız düzəldər, köhnə parçalardan ona don tikərdilər. Sonda Eliş başqa çubuq tapıb gətirər, deyərdi:

            -Bunu da ər edək! Qızı ərə verək ki, canımız qurtarsın!

            Məktəbdə eyni sinifdə oxumaları da təsadüf olmuşdu. 34 uşağın bir sinifə sığmayacağını deyən direktor  lövhənin ortasından uzun xətt çəkmiş, bir tərəfə “1A”, o biri tərəfə “1B” yazmışdı.  Bütün hərfləri tanıyan, “Əlifba” kitabını əzbərdən söyləyən uşağın adını  “1B”nin altından yazandan sonra müəllimlər bir-birinə aman vermədən demişdilər:

            -Mənim qızımı da “B”-yə sal, ay Əhliman müəllim!

            -Mənim oğlumu da! Bəlkə o qıza baxıb oxuya...

            -Mənim qızım...

            ...Beləcə, “1B”də gələcəyin yazıçısının sinif yoldaşlarının əksəriyyəti müəllim uşaqları olmuşdu. Sonra nə yaşanmışdı, direktor niyə o qərarı vermişdi, yazıçı xatırlamırdı. Siyahının ən sonuna “Hüseynova Eynurə” yazılmışdı. Çubuq qızlarını ərə verməkdən yorulmayan iki qızcığaz sinif yoldaşı olmuşdular.

            Həftənin birinci günü dərsə gələn Eliş ikinci günü gəlmirdi. Üçüncü günü də ya gələrdi, ya da, ən azından, gecikərdi. Bircə dəftəri olardı... Qələm sarıdan həmişə korluq çəkər, ondan-bundan istəyərdi. Böyük bacılarının paltarlarından əlinə keçəni geyinərdi. Və çox vaxt əyninə yekə olan paltarlardan kəsif kir qoxusu gələrdi. Hərdən hansısa müəllim dilə gələr, onu danlayardı:

            -Oxumursan, adını-soyadını yazammırsan, barı, təmiz paltar geyin gəl, ay Eynurə!

            Qız utanıb-çəkinmədən ayağa qalxar, gülə-gülə deyərdi:

            -Day yumuram ey, ay müəllim. Mən hansı paltarı yuyuramsa, ya Mətiş, ya da Nəmiş onu geyinir. Qoymurlar axı təmizini mən geyinim.

            Mətiş Hüseynovların böyük qızı Mətanət, Nəmiş ikinci qız Nərminə idi.  Biri 8-ci sinfi bitirən kimi, rayon mərkəzindən evli kişiyə qoşulub getdi. Biri isə hələ 16 yaşındaykən oğlan uşağı doğdu. Atasının kim olduğunu soruşanlara deyirdi:

            -Əflatunun oğlunun toyunda çalan aşıq varıydı ha, tovuzlu, odur.

            Qəribədir ki, əynindəki cırıq paltara, kirli saça, içinə su dolan cırıq qaloşa görə bir-birinə lağ edən, ayama qoşan kənd əhalisi Nərminəyə pinə eləməmişdi. Əksinə, yazıqları gəlmişdi:

            -Yazıq Nərminə, indi o uşağa nəylə baxacaq? Özü yemək tapmır vaxtında, körpəni necə doyuracaq?

            Və bir gün Nərminə də, körpəsi də kənddən çıxıb harasa getdilər... Onlar kənddən qeybə çəkiləndə Eynurənin 12 yaşı vardı, 6-cı sinif şagirdi idi.  Bapbalaca canını dişinə tutub yazdan payızadək kəndi əhatələyən dağlarda gün keçirərdi. Yazda moruq yığıb satar, özündən balaca bacı-qardaşlarına sorma konfetlər, rəngli, şirin tozlar alırdı. O tozları bir vedrə suya qatanda şirə olurdu... Yay uzunu odun qıranların dalınca gəzər, yaylığının arasına baltadan pırtan qıtmıxları doldurar, öz aləmində qışa yanacaq hazırlayardı. Payızda isə meşə fıstığı, zoğal, əzgil, kolarmudu yığıb satar, özünə bir ətək, qardaşına köynək, bacısına corab almağa çalışırdı. Pulu nəyə çatsa, onu alırdı... Elişin bazarı kənd klubunun pilləkəninin başı olardı. Yığdıqlarını ora düzər, böyründə oturub qonşu uşaqlarla “Beş-daş”, “Mak-mak” oynayardı. Amma hər oyundan cəmi bir dəfə oynardı, ikinci oyun mütləq “qız ərə vermə” olardı...

            Basalağın arvadları bir-birinə hay salardı:

            -Eliş yaxşı zoğal yığıb!

            Pulu olan pul götürərdi, olmayan yumurta, pendir, kartof, toyuq - kimin nəyi varsa, yollanardılar Elişin yanına. Kimsənin ağlına da gəlməzdi onun haqqını kəsmək, bazarlıq eləmək. Çox vaxt Elişin yanında tərəzi də olmurdu. 3 yumurta gətirənə bir əsgər cəmi moruq verir, 1 toyuq gətirənə vedrəni uzadır, deyirdi:

            -Mən sənə borclu! Sabah da bir vedrə gətirərəm!

            Yaz açılandan don düşənə, yollar çətinləşənə qədər hər gün klubun bərisində-dördyolda arançı maşını dayanardı. Bu kənddə yetişməyən meyvə-tərəvəz, xırdavat malları, pal-paltar, kauçuk qablar, sintetik parçalar - itik adına axtarılan, pitik adına işə yarayan nə vardısa, arançıların maşınında tapmaq olurdu.  Basalağın arvadlarından aldığı pendiri, yumurtanı, toyuğu Eliş burada paltara, şokolada, sorma konfetə çevirərdi.

            Yazıçının yaxşı yadındaydı, bir gün anası da bir vedrə kartof götürüb arançı maşınına yaxınlaşmışdı:

            -Yaxşı plov qazanı gətiribsiniz, eləmi? Dedilər, gəldim almağa.

            Arançı qoca kişi sevincək başını vedrəyə doğru əymişdi:

            -Qırmızı kartofdu o? Əsl soyutmalıqdır ki! Hə, hə, ən gözəlini altda qoymuşam, bu saat verərəm!

            Arançı qazanı tapıb çıxaranacan Eliş qoltuğunda beçə maşının yanını kəsdirmişdi:

            -Dayı, ay dayı! Ələ yapışan kağızlardan gətirmisən? Ondan ver bizə çoxlu! Çoxlu ha!

            Kişi beçənin səsinə belini dikəltmişdi:

            -Bıy, sənsən? Beçəni bəri ver!

            Kişi beçəni maşının içinə atıb, oradan bir ovuc saqqız çıxarmışdı:

            -Bu saqqızların içindədir o yapışan kağızlar. Alın, çeynəyin, kağızları da  yapışdırın.

            Yazıçının anası başını bulamış, Elişə demişdi:

            -Bax, o beçəni aparıb anana versən, bir qazan yemək bişirər, yeyərsiniz, qarnınız doyar. Bir ovuc saqqızla noldu? Ağlınız artdımı?

            Eliş hırıldamışdı:

            -Aparıb verəndə bişirirlər, atamla xəlvətcə yeyirlər. Bizə vermirlər axı...

             Hə, Eliş öz faciəsini komediyaya çevirməyi bacarmışdı hələ o yaşda ikən... İyirmi səkkiz yaşın insana verdiyi günahkarlıq hissi ilə yazıçı bunu düşünürdü. Bir də, Elişin “özünü ərə vermə” oyununu necə oynadığını....

            7-ci sinifi təzəcə bitirmişdilər. Klubun pilləkəninin başında Elişin sürü yolundan yığdığı quşəppəyilər vardı. Saat başı quşəppəyi azalır, Elişin yanına qoyduğu iri, bir böyrü qırıq səbətin içində yumurta, pendir peyda olurdu. Kimsə bir təndir çörəyi də gətirmişdi. Çörək bayat idi, amma Eliş ondan bir parça qoparıb dişinə çəkməkdə gecikmədi. Sonra üzünü evlərinə tutub bacı-qardaşlarını çağırdı:

            -Gülüş, Yeqiş, Nüsüş, hey! Ay Lalə! Ay qız! Nüsüşşşşş! Qaqa, çörək var ey, çörək!

            Küçənin o başından bir-birinin dalına düzülüb gələn irili-xırdalı uşaqları görəndə yazıçının babası içini çəkmişdi:

            -İraq olsun! Elə bil Bahəddinin dişi itinin küçükləri qəssab Namazın çəpərinin dibindəki sümükləri gəvələməyə gəlir...

            Yazıçı bu bənzətməyə ürəkdən gülmüşdü... Amma babasının gözündə yaş görmüş, susmuşdu. Babası udqunub üzünü öz evinə sarı çevirmişdi:

            -A kişinin qızı (arvadını belə çağırardı ta əzəldən), o bişirdiyin təndir çörəyindən üçünü bəri elə, bu uşaq aparsın o yetimlərə versin!

            Nəvə çoxbilmiş-çoxbilmiş demişdi:

            -Yetim niyə olurlar ey?! Ataları da var, anaları da!

            -Onlar atalı-analı yetimdir, - Baba hirslə koğasını yerə vurmuş, aralanmışdı.

Nəvənin apardığı 3 təndir çörəyi də elə o pilləkənin başındaca parçalanıb yeyilmişdi... Eliş çörək tikəsinin üstünə quşəppəyi də qoymuşdu:

-Təndir çörəyinin qırağını xoşlayıram ey!

Yazıçı üz-gözünü turşutmuşdu:

-Quşəppəyini sürü yolundan yığırsan axı, inəklər, qoyunlar ayaqlayır onu. Niyə yumamış yeyirsən?

-Göy ot mundarlıq götürməz! –Eliş elə tonda demişdi ki bu sözləri, elə bil, qarıyıb müdrikləşmişdi.

Sonra da əyilib pıçıldamışdı:

-Sabah Xanpəri bulağınacan gedəcəyəm. Orada yaxşı baldırğan olur deyirlər. Kəlbəcərli Dünya xala var ha, deyir baldırğan gətir, turşu qoyacağam.  Əvəzində Nüsüşə çəkmə verəcək. Oğlunun ayağı yekəlib, keçənilki çəkməsi ayağına gəlmirmiş.

-Niyə Nüsrətə Nüsüş deyirsən axı?  Axırına “üş” artırırsan, qız adı olur ey!

-Nəəəm...- Eliş  çiynini çəkmişdi, -Atam elə deyir. Hələ çox içəndə hamımıza birdən “Üş yığını” deyir.

İki sinif yoldaşı bir-birinə qoşulub uğunmuşdular...

Ertəsi günü axşamtərəfi kəndə hay düşmüşdü: “Elişi  gədəbəyli bir oğlan Xanpəri bulağından o yana götürüb qaçıb”.  Sinif yoldaşı onu bir də avqustda  görmüşdü. Gədəbəyli oğlan evi bir çemodan pay götürüb Hüseynovlara barışığa gəlmişdi. Qonşular yığılıb Hüseynovların evini süpürüb-silmiş, həyətdə qəşəng stol açmışdılar. Qumaş arvad iki xoruz kəsib qızartmışdı, Nübar bostanındakı göy-göyərtidən yığıb kətə bişirmişdi, Məleykə iri şirəli qazanda dovğa gətirmişdi, Gülşən bir təknə kürə çörəyini tək gətirə bilmədiyi üçün Xanbaba kişinin qızı Səhmanı köməyə çağırmışdı. Təkcə yazıçının ailəsi bu barışıq stoluna heç nə aparmamışdı. Aparmaq o yana, həmin gün anası pərdələri çəkmiş, uşaqlarına bərk-bərk tapşırmışdı:

-Eşiyə çıxmayın ha! Əl boyda uşağı  meşədən oğurlayıb aparıblar, utanmayıb barışıq da edirlər. Bunlar heç, bunlar uşağın başından çoxdan keçiblər.

Yazıçı anasının cümləsindəki “bunlar”ın Elişin ata-anası olduğunu yaxşı bildiyindən heç nə soruşmamışdı...  Eşiyə çıxmaq nədir, pərdəni azacıq aralayıb Elişgilin həyətinə tərəf boylanmağa da ürək eləməmişdi o gün. Onun nəzərində də Eliş boyda qızlar ərə getməməliydilər. Hələ özlüyündə utanırdı da: “Sentyabrda dərsə gedəndə sinif rəhbərimiz məndən Elişi soruşsa nə deyəcəyəm? Deyim ki, Eliş məktəbi qurtarmamış ərə gedib? Müəllim məni danlamazmı ki, axı siz qonşuydunuz, niyə qoydun ərə getsin?”  Birdəncə qulağına Elişin səsi gəlmişdi:

-Bıy, yayın günü pərdələri niyə bağlayıblar a? Bıyyy!

Anası təəccüblə pərdəni qaldırıb həyətə boylanmışdı:

-Eliş? Nə yaxşı gəlmisən?

-Nəmm... Hamı orda yeyib-içir. Məni də buyurub-çağıran yoxdur. Ürəyim yemək istəmədi. Dedim, gedim sinif yoldaşımla bir az oyun oynayım mən də. Gör nə vaxtdan oynamırıq ey!

Anası gülümsəyərək qızına baxmışdı:

-Get oyna həyətdə Elişlə, get. Amma  ona qoşulub evlərinə getmə ha! Elə həyətdə oynayın, mən də sizə qarpız-pendir gətirərəm, yeyərsiniz.

Qızcığaz aynabəndi hərlənib pilləkənə çataçatda ona elə gəlmişdi ki, anası üzünü divara tutub ağlayır. Bir istəmişdi ondan niyə ağladığını soruşsun, bir də düşünmüşdü: “Qəfildən Elişi evə çağırarlar, onunla oynaya bilmərəm”. Qaçaraq özünü Elişə çatdırmışdı. Eliş bu dəfə “qız ərə vermə” oynamamışdı. İndi o, daha maraqlı oyun bilirdi: “Ərə qulluq eləmə”. Kirəmitdən masa düzəltdilər, üstünə gülxətmi ləçəyindən boşqab qoydular, alma saplaqlarından çəngəl-qaşıq düzəltdilər... “Qazan nədən olsun?”-deyə fikirləşirdilər ki, yazıçının anası əlində iri sini yanlarına gəldi. Qarpızı, pendiri,  kəpəkli soba çörəyini görən Eliş  kirəmitin rəngi çıxmış barmaqlarını bir-birinə sürtmüşdü:

-Elə ürəyim bunu istəyirdi, ay xala!

Eliş kirli əlləriylə çörəkdən kəsir, qarpızdan götürür, pendirdən çörəyin arasına ovxalayırdı. Hər tikəsinin sonunda ürəkdən köks ötürürdü. Yazıçı bu mənzərəyə baxan anasının əlini yanağına söykəməsini, gah öz qızına, gah da Elişə baxmasını heç zaman unutmamışdı. Handan-hana kiminsə çağırmasıyla elə əlində çörək-qarpız yeyə-yeyə gedən Elişin dalınca baxıb:

-Anan ölsün, anan! O narkoman anan ölsün! –deməsi də yaddan çıxası söz olmamışdı.

...Növbəti ilin martında uşaqlar Novruz şənliyi üçün səhnəciklər hazırlamışdılar. Yazıçı həmin şənlikdə söylədiyi şeiri indi də əzbərdən deyə bilər. O şeiri özü uydurmuşdu... Onda hələ şair olmağın, yazıçı olmağın nə anlama gəldiyini bilmirdi, amma özündən uydurduğu şeiri hamı sevmişdi. Direktor səhnədə çıxış edəndə onun adını xüsusi çəkmiş, belə bir ağıllı, nizamlı övlad yetişdirdikləri üçün valideynlərinə təşəkkür düşdüyünü demişdi. Evə həmin həvəslə gəlmişdi - direktorun adını çəkdiyi yeganə uşaq olmağın fərəhini hələ bir həftəlik bayram tətili boyunca yaşayacaqdı! 

Evdə onu sükut qarşılamışdı. Atası harasa getmişdi... Anası isə səssiz-səmirsiz onu qucaqlayıb bağrına basmış, dəqiqələr boyunca eləcə durmuşdu. Bu, qızcığaz  üçün yeni bir şey idi. Quruldayan mədəsi də anasının eyninə gəlməmişdi. Halbuki səhər onu şənliyə yola salanda: “Sənə qəşəng qaşıqxəngəli bişirəcəyəm! Kartofu bol olacaq”-demişdi. Başı anasının sinəsində gözünü hərləyib odun sobasının üstünə baxmışdı. Qazan orada idi. Korun-korun yanan sobanın üstünə kartof dilimləri də düzülmüşdü. Bəs niyə anası onu qucaqlayıb oturub? Niyə  qoymur ki, qızı əynini dəyişsin, əl-üzünü yusun, gəlsin anasının çəkdiyi qaşıqxəngəlini yeməyə? Hələ o kartof dilimləri... İyi asta-asta otağı bürüyür!  Dodağını marçıldatması anasını sanki yuxudan oyatmışdı. Qızının başını əlləri arasına alıb üzündən öpmüş, yavaşca pıçıldamışdı:

-Elişin bu gecə bir qızı olub. Adını Aynurə qoyublar. Bax ha,  Gülüşdən, Yeqişdən hansısa gəlib səni çağırsa, getmə ha! Kitabxanadan sənə maraqlı kitab gətirmişəm. “Kapitan Qrantın uşaqları”. Tətildə onu bitirərsən, sonra da fikirlərini inşa kimi yazarsan. Yaxşımı?

-Yaxşı! –deyən  uşağın fikrində “Aynurə” adı kiçicik bir yer eləmişdi özünə...

            ...Çağıran tapılmışdı, yazıçı anasının sözünə qulaq asıb getməmişdi Elişin atası evinə. Uşağın qırxı çıxandan sonra Eliş Gədəbəyə - ər evinə qayıtmışdı. Növbəti payızda kartof yığımı zamanı bir gün Eliş qucağında körpəsi həyətlərində peyda olmuşdu. Gülə-gülə demişdi:

            -Xala, qızımı bilirsən niyə gətirmişəm sizə? Sən o vaxt qızlarının kuklalarına paltar tikirdin ey, qırçınlı-zadlı, onlardan ver qızıma geyindirim də! Onlar mənim qızıma olar. Bax, kukla boydadır elə!

            Anası ağlaya-ağlaya sandığından çıxardığı iki dəst uşaq paltarını Elişin dizinin dibinə qoymuş, sonra demişdi:

            -Yaxşı  qızılqor sıxması bişirmişəm, gətirim yeyirsənmi?

            Eliş qızılqor sıxmasını ovcuna doldurub yeyə-yeyə o biri əliylə beş-daş oynayırdı. Arada-bərədə də döşəkçənin üstündə, yorğançanın arasında yatan qızına tərəf boylanırdı. Qabın dibini sıyırandan sonra üzünü sinif yoldaşına tutmuşdu:

            -Qızılqor süd artırırmı görən?

            Sinif yoldaşı mat-mat ona baxmışdı:

            -Ay Eliş, qızılqor gövdəsi qırmızı olandır ey, kartofun aralarında bitən. Sən deyən südlüdür, qırırsan, gövdəsindən süd axır. Onun mövsümü keçib ta, qocalıb, toxumlayıb. Südlü iyulda yeyilir. Bilmirsənmi?

            Eliş əlini sinəsinə qoyub uğunmuşdu:

            -Yox ey, qanmırsan ha! Məndən də süd gəlir, bu uşaq onu içir!

            ...Sonra illər keçmişdi. Yazıçı məktəbi bitirmiş, şirinli-acılı tələbəlik yaşamış,  ailəsi şəhərə köçəndən sonra böyük şirkətlərdən birində redaktor kimi işləməyə başlamışdı. İndi-iyirmi səkkiz yaşında yaxşı kitab redaktoru kimi tanınırdı. Bu illər ərzində öyrəndiyi fəlsəfələrdən biri də bu idi: “Geriyə baxmaq geridə qalmaqdır bəzən”. Amma gerinin - yaşanmışların  əlində güzgü qırığı dalınca düşməsini anlamasının məqamı gəlib çatmışdı demək... 

            -Yaxşı... Yaxşı, o məqam gəlib çatıbsa, çatıb. Bəs niyə belə? Niyə Eynurənin qızı Aynurənin də anasının taleyini yaşaması kimi?

            Yazıçı bu suallara cavab tapa bilməyəcəyini bilirdi. Hardan bildiyi ilə bağlı fikri yox idi... Nənəsinin dilinin əzbəri olan bir məsəl  əvvəlcə Eynurənin narkoman anasının görkəmində gəlib dayandı gözlərinin önündə. O narkoman ana ki, 9 uşağın heç birinin taleyi onu zərrə qədər də maraqlandırmamışdı. Ana olmaq onun üçün doğmaqdan ibarət idi.  Yazıçının birdən ağlına gəldi: “Bəlkə heç doğum sancısı da çəkməyib, bədbəxt.  Onda da hallı olurmuş, çox güman...” Məşhur məsəl qəfildən Eynurənin cildində göründü gözünə. Öz faciəsini komediyaya çevirmək bacarığını o qız haradan alırdı? Həmişə, hər şeyə gülürdü... O ucuzluqda gülüşü anasının cibindən, yoxsa yastığının altından oğurlayırdı Eliş?  Uşaq ağlıyla o həblərin asılılıq yaratdığını bilmirdi bəlkə də bədbəxt qız...

          “Eynurə necə ana olmuşdu, görəsən?”-deyə fikirləşmək yazıçının heç yadına da düşmədi. Cavab sinif yoldaşının telefonda ona dediyi cümlə idi: “Gözün aydın, sinif yoldaşımız da nənə oldu axı!”

            Bu dəfə nənəsinin sevimli məsəli özünü yazıçının dodaqlarının ucundan eşiyə atdı:

            -Anası gəzən ağacı balası budaq-budaq....

            Yazıçını indi də başqa dərd götürdü: “Eynurənin qızı Aynurənin körpəsi qızdır, ya oğlan?”

                                                                                                                             2024, Şəki

           

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

           

           

 

Понедельник, 06 Январь 2025 15:00

“Ulduzlara uçdun sən...” – POLAD HƏŞİMOVUN 50 İLLİYİNƏ

 

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərahgah rəisi, general-mayor, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi, əfsanəvi qəhrəman Polad Həşimovun doğum günü idi. Şəhid generalımız sağ olsaydı 50 illik yubileyini qeyd edəcəkdi. 

 

 

 

Şair, AYB üzvü  Çoşğun Xəliloğlu “Şəhidlər barədə şeirlər” silsiləsindən bir şeirini də Polad Həşimova ithaf edib. Şeiri təqdim edirik:

 

 

 

 

 

POLAD İSRAYIL OĞLU HƏŞİMOV

 

(02.01.1975.-14.07.2020.)

 

 

 

 

 

ULDUZLARA UÇDUN SƏN

 

 

 

Qələmin gücü yetməz  vəsf etsin hünərini,

 

Dünya boyda işıqdın, boğdun dünya şərini,

 

Belə tez gözləmirdik cənnətə səfərini,

 

Getdin, gedişin ilə ürəklərə köçdün sən,

 

Azadlıq mələyitək ulduzlara uçdun sən.

 

 

 

Tanrı  bəxş eyləmişdi  sənə tərtəmiz ürək,

 

Yaşayıb çalışırdın  ana yurdu sevərək,

 

Ən şərəfli peşəni məhəbbətlə seçərək,

 

Addım-addım yüksəldin, şərəfli yol keçdin sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Sən  xalqın ürəyində nur kimisən- sönməyən,

 

Azadlığın yolçusu, öz yolundan dönməyən,

 

Elə  zirvədəsən ki, heç bir zaman enməyən,

 

Müqəddəs yolçuluğu məhəbbətlə, seçdin sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Polad kimi komandir, general unudulmaz,

 

Elə yaralar  var ki, heç zaman, ovudulmaz

 

Zaman keçər, dəyərin  itirməz yaqut, almaz,

 

Parlayan almaz kimi nurlu şəfəq saçdın sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Təbəssümün nur saçır  günəş kimi  üzündə,

 

Sabaha bir inam var  baxışında, gözündə,

 

Hələ yola çıxacaq çox oğullar izinlə,

 

Zəfər yoluna çıxan təzə bir yol açdın sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

Hünərindən söz açır, bax, Ali Baş Komandan,

 

Peşəkar zabit idin, həm də xeyirxah insan,

 

Bu torpağı, Vətəni əziz bilirdin candan,

 

Şəhidlik şərbətini birnəfəsə içdin sən,

 

Azadlıq mələyi tək ulduzlara uçdun sən.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(06.01.2025)

 

 

 

 

 

 

Fransanın paytaxtı Parisdə “Galerie Francis Barlier” rəsm sərgisi keçirilib.

Sərgidə fransız rəssamları ilə yanaşı, Azərbaycanın incəsənət xadimləri Əsmər Nərimanbəyova, Sahib Əsədli, Leyla Əliyevanın, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Rövşən (Nur) Quliyevin sənət əsərləri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sərgi iki xalq arasında mədəni əməkdaşlığı gücləndirmək və azərbaycanlı rəssamların yaradıcılığını beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm platforma olub.

Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafı çərçivəsində Parisdə təşkil olunan bu birgə sərgi mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm xarakter daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

 

Понедельник, 06 Январь 2025 10:44

Azərbaycan Yaponiyada keçirilən Gənclər Festivalında təmsil olunub

Yaponiyanın Vakayama prefekturasında Tanabe Təhsil Komitəsinin dəstəyi və “Youth Fest” Komitəsinin təşkilatçılığı ilə "Gənclər Festivalı" adlı mədəniyyət tədbiri keçirilib.  Tanabe şəhərində yuxarı sinif şagirdləri tərəfindən “Tanabe Enplus” mərkəzində baş tutan festivalda yemək və sərinləşdirici içki satışı, ustad dərsləri, müxtəlif təqdimatlar təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə soydaşımız Minarə Şükürova Azərbaycan haqqında təqdimatla çıxış edərək qonaqlara mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumat verib. Festival zamanı xoreoqraf Lalə Aslanur yaponlara Azərbaycan rəqsləri haqqında onlayn dərs keçib.

Qeyd edək ki, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur 5 ildən çoxdur ki, milli rəqslərimizi təbliğ edir, Azərbaycan mədəniyyətini dünyada tanıdır. Növbəti belə ölkə Yaponiya olub. Azərbaycan milli rəqsləri gündoğar ölkənin sakinləri tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın səkkizinci kitabı - “Bir qadının anatomiyası” əsəri Türkiyədə çapdan çıxıb.

 

AzərTAC xəbər verir ki, əsərdə etibar, güvən kimi dəyərlərin çətin sınaqlar qarşısında qaldığı dövrdə güclü qadın xarakterinin üzləşdiyi çətinliklərdən və onların öhdəsindən gəlmək üçün ortaya qoyulan mübarizədən bəhs olunur.

 

Qeyd edək ki, 32 ildir Almaniyada yaşayan yazıçının bundan əvvəl “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh”, “Tükənmiş xəyalların izində”, “Ağlayan divar” və digər əsərləri çapdan çıxıb. Onun əsərləri dörd dildə üç ölkədə çap olunub. “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanı 2016-cı ildə İsveçdə ingilis dilində, 2019-cu ildə isə isveç dilində nəşr edilib. “Tükənmiş xəyalların izində” əsəri isə Türkiyədə çapdan çıxıb.

 

Müəllif əsərlərində daha çox bellestrika janrına müraciət edib. Gizli təşkilatlar, Yaxın Şərq siyasəti və digər mühüm problemlər onun əsərlərinin əsas mövzularını təşkil edir. Beş dil bilən yazıçı əsərlərini qələmə almaq üçün romanlarında adı keçən ölkələri gəzib, onların ictimai, siyasi və mədəni həyatını dərindən öyrənib, gördükləri əsasında düşüncə və təxəyyülünü romanlarında əks etdirib. Əzimə Ağalarova indiyədək dünyanın 45 ölkəsinə səyahət edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında "Manqurt" və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

 

Hər iki əsərin pantomim janrında təqdim olunması emosional təsiri artıran qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında dərin izlər buraxıb və böyük maraqla qarşılanıb.

 

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.