Super User

Super User

Вторник, 07 Январь 2025 11:00

“Əllərimi buraxma, qıyma ruhum çirklənsin...”-ESSE

Harun Soltanov və Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Çıxaq on dörd mərtəbəli binanın başına (Sumqayıtda uzun illər ən hündür bina məhz 14 mərtəbəli bina olub -red.), buraxaq özümüzü səmanın 16-cı qatına.Çox möhkəm gülək o anda, elə gülək ki, külək hər yerə yaysın xoşbəxtliyimizdə gizlənən kədəri.

 

Gedək dağları, dənizləri, meşələri kəşf edək, əllərimizdə kəsik izləri, dizlərimizdə yara, üst-başımız toz-duman olsun. Qıraqdan baxanlar dəli desinlər qoy bizə. Qoy bizə bizdən başqa heç kim inanmasın, heç kim sevməsin bizi.

Hə, arada lağa qoyub avara desinlər bizə, amma biz yenə də, köklərimizi eyni torpağa bağlayaq. Üzümüzə eyni-gülüşlərimizə bulaşmış külək və ya küləyə bulaşmış külək vursun, eyni yağışın altında islanaq biz.

Hər kəsdən küsək, hər şeydən qaçaq, amma bir-birimizə hər zaman doğma olaq. Bəlkə birgə böyüyək, bəlkə hər zaman sonsuz uşaqlıq yaşayaq. Amma ruhumuzu çirkləndirməmək üçün əllərimizi ayırmayaq.

Yağış yağanda çətirdən imtina edək, soyuq damcıların üzümüzə toxunmasına icazə verək. Yeməklərin dadını yox, onların arxasındakı hekayəni hiss edək. Yaxşı ya pis, fərqi yoxdur – bir loxma belə bizi uzaq bir yerə apara bilər.

Səhər tezdən maşının baqajında oturub gün doğumuna baxaq. Buludlara baxıb dünyanın fırlanmasını sorğulayaq. Dənizin sahilə vuran ləpələrini qovuşmamış birinin eşq nəğməsi kimi dinləyək; necəki sahil və dəniz qovuşa bilmir.

Həyatı sorğulayaq. Sahildəki kənd yollarında qaranlığı deşən işıqların arxasından gələn səslərə qulaq asaq. Yad insanlara baxıb onları başa düşməyə çalışaq – ya da sadəcə özümüzü daha yaxşı anlayaq.

İtirilmiş gücləri axtarmayaq-bəlkə də onları süd dişlərimizi salanda itirdik deyə heç vaxt qazanmamışıq. Amma indi tapdıqlarımız daha dəyərlidir – susub dinləmək, sadəcə nəfəs almaq. Çarpayının altının qaranlığını bir daha unutmayaq-qorxmaq bəzən ən dürüst hissdir.

Gecənin ortasında qalıb yuxunun bizi harasa aparmasına icazə verək. Birlikdə yuxularımızı paylaşaq, hər biri yeni bir macəranın başlanğıcı olsun.

Küçədə dayanıb əllərimizi havaya qaldıraq, dünyaya meydan oxuyurmuş kimi gülək. Dostların yaratdığı oyunlara qoşulmayaq; öz qaydalarımızı tapaq.

Təpələrdən yuvarlanmaq əvəzinə, zirvələrdə dayanıb küləyin necə sərt olduğunu hiss edək. Hər kəsin izah etdiyi nağıllara qulaq asmayaq, öz hekayəmizi danışaq. Sərxoş olub, sərxoşlara baxıb gülək. Yaxşı valideyn olub övladlarımızı özümüzdən qorumağı öyrənək.

Təsadüflərdən qorxaq, amma onlardan qaçmayaq. Çünki hər təsadüf bizi bir möcüzəyə aparır.

Hər kəsdən küsək, hər şeydən qaçaq, amma bir-birimizə hər zaman doğma olaq. Yaxşı ya pis, fərqi yoxdur – bir-birimizin yanında olmaq, həyatın mənası olsun.

Bəlkə birgə böyüyək, bəlkə də hər zaman sonsuz uşaqlıq yaşayaq.

Amma ruhumuzu çirkləndirməmək üçün əllərimizi heç vaxt ayırmayaq...

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir...

 

Şair, publisist Əbülfət Mədətoğlu da 1959-cu iliin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda Yenisəs.az saytının baş redaktorudur. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb...

 

Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz ümidlərlə addımlayır. Hər yeni ilin gəlişi ilə bir yaş böyüyür, bir yaş da ucalır. Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə mütəxəsislərin kifayət qədər təhlili və şərhi var. Mən onun bir publisist, bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm...

 

Deyir ki,- “Əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”

 

Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…

 

“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim "Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.

 

Çox çətinliklərlə üz-üzə gəlib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir...

 

Deyir ki,- “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki kimi yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki qarşılayanlar onlar idi məni...”

 

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir...

 

“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında "işbirliyi" yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə...”- söyləyir.

 

Qələm adamlarının qruplaşmasından çox narahatdır. İstəyir ki, ciddi əsərlərin sayı çoxalsın və azərbaycanlı müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın...

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)

Avstraliya İttifaqının Melburn şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyinin dəstəyi, Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olan Avstraliya Azərbaycan Cəmiyyəti və Azərbaycan Viktoriya Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, toplantıya bu ölkədə yaşayan çoxsaylı Azərbaycan icmasının üzvləri, Avstraliya Federal Parlamentinin və Viktoriya ştat parlamentinin deputatları, eləcə də şəhər bələdiyyə şurasının sədri və yerli milli icma rəhbərləri qatılıb.

Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov toplantı iştirakçılarını təbrik edib. Federal səviyyədə yenicə qeydiyyatdan keçmiş bütün icma təşkilatlarını özündə birləşdirən Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının fəaliyyətinə uğurlar arzulayıb. 

Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, mahiyyəti, bu günün təsis olunmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu haqqında qonaqlara məlumat verib.

Tədbirdə həmçinin Avstraliya Federal Parlamentinin üzvü konqresmen Keys Vollohan (Keith Vollohan), Viktoriya Parlamentinin üzvü konqresmen Riçard Velç (Richard Velch) və Azərbaycan Avstraliya Assosiasiyaları Alyansının rəhbəri Fuad Aydınbəyzadə çıxış edib. Avstraliyanı özləri üçün ikinci vətən sayan azərbaycanlıların qürbətdə yaşamalarına baxmayaraq, bu ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamağa çalışdığını söyləyiblər.

Daha sonra icma üzvlərinin ifasında Azərbaycanın milli rəqsləri və musiqiləri əsasında konsert proqramı təqdim olunub.   

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yanvarın 11-də Qara Qarayevin ev- muzeyində konsert proqramı təşkil olunacaq.

 

Bu barədə AzərTAC-a Mədəniyyət Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, “Solo gənclik” layihəsi çərçivəsində reallaşan konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edəcək. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Aydan Əliyeva simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnılar yazır.

 

Layihənin keçirilməsində məqsəd musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

İllər əvvəl lalə gülünün türk mifologiyasındakı qadın başlanğıcı simvollarından biri olması haqqında yazmışdım. Laləni bu qədər sevirəm. Lalənin əfsanələri də fərqlidir: hamısında həsrət, ağrı, gözləmək və ümid. 

 

Amma lalənin ehtiva etdiyi ümid bambaşqadır. Hətta boynubükük bənövşənin belə, lalə ilə müqayisədə bəxti gözəl gətirib; ona ümidi təbiət özü verir. 

Lalə isə özünü ümidləndirir... Duyğuların memarı da, bənnası da özün olanda daha doğma olmur, yox, sadəcə, itirilməsi daha çox ağrıdır, daha dərindən göynədir. 

 

İli, ayı, günü yadımdan çıxıb, bir gün “Adı Lalə idi o qızın...” adlı bir kitab gəlib tapdı ünvanımı.  Elə gəldiyi həftə oxumuşdum Xasiyyət Rüstəmin 2020-ci ildə qələmə aldığı poemasını. Təsirlənmişdim...  Qəfildən, haradansa 2024-cü ilin son günlərində o poemanı xatırladım. Kitab dolabımı tökdüm yerə, bu balaca, mənimçün dəyəri böyük olan kitabı tapdım, qayıdıb yenidən oxudum... Bəlkə də, ilin son həftəsində könlümüzü dinməz edən o təyyarə qəzası idi kitabı yadıma salan... Bəlkə də, Hökumənin səsindəki, Aydanın gözlərindəki, qəhrəman pilotların “yerə çata bilərik” cəhdlərindəki  o ümidlənmə idi Laləni xatırladan. Bircə onu bilirdim ki, poemanı yenidən oxumalıyam... O təəssüratı da, o lalə ümidlənməsini də yenidən və yenidən duymağa ehtiyacım vardı. 

 

*

Qardaş Özbəkistanın “Şöhrət” ordenli yazıçısı, tərcüməçisi, “Kitob dunyosi” (“Kitab dünyası”) qəzetinin redaktoru olan Xasiyyət Rüstəmin poeması Lalə adlı azərbaycanlı qaçqın qızdan bəhs edir. Və biz mətnin bətnində yox olmağa bəribaşdan məhkumuq. Çünki mətnin qatları daxilindəki məna qapılarının o üzündəki elə bizik-Azərbaycan xalqıdır... 

Poemanın qəhrəmanı olan Lalə həmişə əlində itkin düşmüş qardaşının şəklini gəzdirir. O balaca oğlan Lalənin yaddaşında eyni yaşdadır, hər ilin o günü-o qaçqınlıq günü... “Bunu məndən-3 aylıq körpə ikən anasının qucağında qaçqınlığı yaşayan, bələkdə donan, sağ qalmağı möcüzə sayılan, hələ də o donmanın ağrılarını canında daşıyan birindən başqa kim tam mənasilə anlayar ki?” sualını özümə vermədim. Qaçqınlıq, köçkünlük bir xalqın taleyində bir əsrdə dönə-dönə yaşandı... Ləfxanımın don vurmuş ayaqları, erməni zindanında 8 gün qalmış Dürdanə Ağayevanın  çəkdiyi zülm, Nüşabə Məmmədlinin “Zəngulə” romanında  əks edilən həqiqətlər, Varisin “Qızıl cib saatı”ndakı əsir anası, Yunus Orucovun “Tunel”indəki Yeganə və qardaşı Müşü unudularmı? Unutsaq, var olmayacağıq! Bu mənada, Xasiyyət xanımın poeması yaddaş proqramımızın “yenilənmə” düyməsinin növbəti dəfə basılmasıdır. 

Lalənin gözündəki yaş və əlindəki o şəkil... 

 

Xasiyyət xanım yazır: “Mən o gün bir dərya göz yaşı ilə / Sanki qucaqladım Azərbaycanı”.  Gözəlliyi, nemətləri, maddi-mənəvi sərvətləri ilə öyünməkdə haqlıdır Vətənim!  Amma necə deyərlər, “dediyini deyil, susduğunu anlayandır canı yanan...”   Axıtdığı göz yaşını, ağrısını tanıyan, o cür bağrına basandır Azərbaycanın canı yananı-Xasiyyət  Rüstəmdir! 

“İltimas edirəm, oxu, can bacım...”-Lalə belə deyir əlindəki dəftəri şairə uzadarkən.  “Can bacım” sözündəki ərkdir şair ürəyini titrədən bir az da... Və Lalə əmindir ki, özbək şair onun dəftərini oxuyub anlayacaq. Bu əminlikdir dünyanın unutmağa, unutdurmağa cəhd etdiyi Qızıl Almanın özəyi. Və səkkiz ay sonra şair həmin dəftəri açır... 

 

“Könlüm qəm içində olubdur qübar 

Üzümü-gözümü isti yaş yuyar. 

O səslər bir xeyli uzaqdan gəlir,

Dil deyib ağalayır qərib arzular... 

...Bəs hanı, bu səsin yiyəsi hanı?! 

Mən yenə bir dünya göz yaşı ilə 

Bağrıma basıram Azərbaycanı.”

 

Lalə qaçqınlıqda gəlinciyini qoyub gəlib... Uşaq ağlıyla özünün ən yaxın dostu bildiyi gəlinciyini... Bir kəlbəcərli ana ilə təsadüfən yolum kəsişmişdi. Yazıçı olduğumu biləndə   üzündə gülüşü donmuşdu... Sonra qəti baxışlarla üzümə baxıb danışmağa başlamışdı: 

-İki oğlum, bir qızım vardı. Böyüyü yeddi, ortancılı beş, kiçiyi üç yaşında idi. Dördüncü dəfə əkiz qızların anası olmuşdum.  Körpələr, cəmi, 1 həftəlik idi... Kəndə hay düşdü ki, ermənilər başdan ata-ata gəlirlər. Qabaqlarına çıxan qız-gəlinə rəhm etmir, uşaqları analarının gözləri önündə süngüyə keçirirlər. Xocalıda etdiklərini bilirdik artıq... Göyçədən camaatı qışın qarında, gecəylə necə çıxardıqlarını da unutmamışdıq.  O qarışıqlıqda uşaqlarımı götürüb çıxmalıydım.  Ha boylandım, bir adam gözə dəymədi ki, deyəm, “gəl, uşaqları çıxarmağa kömək et...”   Beş yaşındakını kürəyimə şəllədim, üç yaşındakını sinəmə bağladım, yeddi yaşındakının əlindən tutdum. Qalırdı əkiz qızlarım. Eşikdə bir boran, tufan vardı ki, onları eşiyə çıxarsam, öləcəkdilər, bilirdim. Yenə bir ümid, ikisini də adyala büküb iri zənbilə qoydum. Bir əlimə də o zənbili aldım... Qapıdan çıxaçıxada yadıma düşdü ki, böyüklər o yana, əkizləri saatlardır əmizdirməmişəm. Qayıtdım. Dar macalda onları əmizdirdim. Sonra təkrar zənbilə qoydum. Darvazayadək getdim...  Sonra darvazadan çıxdım. Kəndin mərkəzinə gedəmməzdim. Ermənilər o başdan gəlirdilərsə, mərkəzə artıq çatmalı olmalıydılar. Elə bu vaxt  güllə səsləri eşitdim. Bir uşaq kürəyimdə, biri sinəmdə, zənbil əlimdə, bir əlli də böyük oğlumdan yapışmış halda kənddən çıxdım... Meşəyə çataçatda  fərqinə vardım ki, əkizlərin cınqırı da çıxmır. Zənbili yerə qoydum... Qızlarım  artıq sağ deyildi... Bu soyuq, bu boran onların əhədini oradaca kəsmişdi...   Gözümə heç nə görünmədi, qayıtdım evə.  Adyala bükülü iki cansız körpə bədəni zənbildən çıxartdım, çarpayıya qoydum... Yenidən üç uşağımı götürüb kənddən çıxdım... Hər gün yadıma düşür onlar. 

-Adları nə idi?-gücüm elə bunu soruşmağa çatmışdı... 

-Qızılgül və Lalə... 

Ağlamaq tutmuşdu məni... Amma o ananın ağlamadığını görüb susmuşdum. O ana daha ağlamırdı, ağlayammırdı...  Mənə dediyi sonuncu cümlə bu olmuşdu: 

-Bacarsan, nə vaxtsa mənim qızlarımdan da yazarsan... 

...Bacarmadım... Yazammadım...  Bu  ağrını yazmaq cəsarətmi istəyir, hünərmi istəyir, bilmirəm.  Nədirsə, o ucalıqdadır Xasiyyət Rüstəmin qələmi. Ki, qaçqın Lalədən-xalqımın ağrısından yazıb...  İkicə misrada o bəşəri sualı da dilə gətirib: “Sənin övladına, can Azərbaycan, / Həyatın, taleyin nədir bu qəsdi?!”

 

Xasiyyət Rüstəm Azərbaycan qədər sevir azərbaycanlıları... Ürəyinin təmizliyinə, ruhunun duruluğuna əmin olduğu bir dostunu-azərbaycanlı şairi nəzərdə tutaraq deyir: “Ya Tanrı, sən onun qəlbinə xatir, /Qarabağı qaytar Azərbaycana!” 

Hə, Xasiyyət xanım Qarabağın Azərbaycan və azərbaycanlılar üçün hansı anlama gəldiyini yaxşı bilir... Bilir ki, illərlə əlimiz, ümidimiz uzalı qalıb Qarabağa... Bilir ki, ata-analar evlərində uşaqlarına Xan qızının qürbətdə çəkdiyi bayatını çəkir: “Aləm cənnətə dönsə, / Yaddan çıxmaz Qarabağ!” Bilir ki, lalə ləçəkləri uçur itirilən hər yurd yerimizə tərəf ümidlərimizdə.  Yoxsa, yazmazdı ki: 

 

“...bircə kəlmə QARABAĞ sözü

Titrədir, çalxadır Azərbaycanı!

...Yığılır qoluna tarixin gücü! 

O yurdda doğulan, böyüyən oğlan,

Namus döyüşünə hazır döyüşçü!”

 

Şagird ikən  bir yazıda oxumuşdum: “Hər qarışı tarix qoxur Azərbaycanın...” “Şablon fikirdir...” demiş, bəlkə bir az da, onu yazana kinayə etmişdim... Sonra böyüdüm... Böyüdükcə, qarış-qarış tanıdıqca daha yaxşı anladım o sözdəki həqiqətin hüdudsuzluğunu!  Hər qarışında şanlı, eləcə də, qanlı-qadalı bir tarix var Azrbaycanımın. Hansı əsrə aid tarix vərəqini açırıqsa, bir müharibə var, bir yadelli nəfsi var, bir yağı tamahı var... Və bütün bunlara sinəsini sipər edən oğullar, əyninə döyüşçü paltarı geyinib  özünü hərb  meydanına çatdıran qızlar var...

Xasiyyət Rüstəm bunları bilə-bilə yazır:  “Harda “müharibə oldu” desələr, / Ancaq Azərbaycan düşür yadıma!” 

Biz  elə bu ikicə misra ilə poemanın yazılma  səbəbindən, onun bədii əsər kimi məqsədindən, bəşəriyyətə nəyi anlatmaq istədiyindən xəbərdar oluruq.  

Və dəftəri oxuyub bitirdiyi ərəfədə Xasiyyət Rüstəm sosial şəbəkədə azərbaycanlı şair dostunun paylaşımını görür: “Tovuzda döyüş gedir...”  Şair qəlbi Lalənin dəftərinin verdiyi təəssüratla, Qarabağ  dərdiylə göynədiyi anda bir də bu xəbər... Yenə döyüş... Yenə düşmən tamahı... Yenə düşmən əliylə mərd oğullara atılan namərd güllələr...  Xasiyyət Rüstəmin iztirab duyan qəlbinin duyğuları misralarda zühur edir: 

 

“Nə gəldi başına, Can Azərbaycan?

Döyər qapıları şəhid xəbəri,

Yenə anaların qaçar yuxusu...” 

 

Poemanın sonunda şair qəhrəmanının-Lalənin o an harada olduğunu, hansı hissləri keçirdiyini fikirləşir...  Əmindir ki, Lalənin illərdir özünü ümidləndirməsi  çin çıxacaq: onun gəlinciyi tapılacaq, itkin düşmüş qardaşı  (bu qardaşın simvollaşdırdığı yurd yeri) qayıdacaq! 

 

...Azərbaycan sevdası üçün min yol mütəşəkkirəm Xasiyyət Rüstəmə!  Onun da, bizim də  ümidimiz çin çıxdı, şükür!  Haradan oxumuşdum, harada görmüşdüm o xəbəri, yenə unutdum: Xasiyyət xanımın Böyük Zəfərimizdən, şanlı Vətən müharibəsindən bəhs edən daha bir kitabı da işıq üzü görüb “44 gün” adlı... 

Bir gün o kitabın da ünvanımı tapması diləyilə... 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Вторник, 07 Январь 2025 09:29

Həyat fani, ölüm ani - DÜŞÜNCƏLƏR

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Ötən günlərdə aktyor, Bozbash pictures-in “ağsaqqal”ı Azər Baxşəliyev uzun müddətdir yaşadığı böyrək çatışmazlığı problemindən 39 yaşında dünyasını dəyişdi. 

 

Tərcümeyi-halına göz gəzdirək. O, 3 iyul 1985-ci ildə Bakıda anadan olub. Azərbaycan Beynəlxalq Universitetində ərəb ölkələri üzrə regionşünaslıq fakültəsi üzrə təhsil alıb. Mərhum aktyordan geriyə bir qız övladı qalıb. 

 

Azər Baxşəliyevin zamansız ölümü bəzi gerçəkləri üzümüzə vurur: ölümün bizi hansı vəziyyətdə oluruqsa olaq, yaxalayacağını, bu dünyanın yalan olduğunu və ən önəmlisi - ALLAHDAN qeyrisinə sığınmamağı. Ümumiyyətlə, istər aktyor, istər dövlət xadimi, istərsə də sadə vətəndaş olsun, sevdiklərimizin qədrini gec, çox vaxt da dünyadan köçəndən sonra anlayırıq. Sağalması üçün almalı olduğumuz mer-meyvəni yasında alırıq. Ayağa qalxması üçün xərcləməli olduğumuz pulu qəbir daşı və məzarı üçün xərcləyirik. 

Hər nə qədər ağır səslənsə belə ölüm yaxşı ki var. Əks halda sevdiklərimizin qədrini bilməz və onlara daha çox zaman ayırmalı olduğumuzu bəlkə də heç vaxt anlamazdıq. Gəlin ailəmizə, sevdiklərimizə daha çox zaman ayıraq. Birinin xəstəliyi varsa, indidən sağalması üçün çabalayaq. Bir porblemi varsa, həlli üçün indidən addım ataq. Çünki sabah gec ola bilər və dünən yadımıza gec-gec düşən dostlarımızın və yaxınlarımızın məzarı ilə qarşılaşa bilərik. 

Sonda fikirlərimi bir musiqi parçası ilə tamamlayıram: “Bir gün gələn bir gün gedər, bəhanədir ölümün adı”

 

“Ədəbiyyat və İncəsənət”

(07.01.2025)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Salam əziz izləyicilərimiz, bu dəfə “Əbülfəzqızının 10 sualı” rubrikasının qonağı ömrünün 40 ilindən çoxunu tələbələrin işıqlı zəkası üçün xərcləyən, ADPU-nun professoru, filologiya elmləri doktoru,  tanınmış ədəbiyyatşünas alim, Əməkdar müəllim, AYB-nin və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində mövcud olan Dissertasiya Şurasının üzvü Yaqub Babayevdir.

 

-Salam dəyərli müəllimim, bu cümlələrin davamı olaraq söyləmək istərdim ki,   tələbələrinizin yaddaşında söylədiyiniz şeirlər illərə meydan oxuyaraq qorunub saxlanılır. Adınız gələn kimi “saysız şeirləri əzbər bilib və xüsusi məlahətlə söyləyən müəllim ifadəsi" işlədirlər, mən də çox xoşbəxtəm ki, o tələbələrin siyahısındayam.

Xoş gördük, dəyərli alimimiz!

Sizinlə görüşmək üçün səbirsizlənən, "10 sualımızı" gözlətmək istəmirəm.

Beləliklə, birinci sırada yer alan sualımızı səsləyirəm.

 

1)Ədəbiyyatşünaslıq nədir və onun cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir?

 

—Bəllidir ki, ədəbiyyatşünasılıq üç sahədən ibarətdir; Ədəbiyyat tarixi, Ədəbiyyat nəzəriyyəsi və Ədəbi tənqid. Bunların hər üçü bir- biri ilə əlaqədardı və əhəmiyyətlidir. Başqa sözlə desək, ədəbiyyatşünasılığın cəmiyyət üçün əhəmiyyətindən danışarkən bu  hər üç sahənin cəmiyyətə əhəmiyyəti prizmasından yanaşmaq lazımdır. Bəllidir ki, hər bir xalqın ədəbiyyatı təkcə söz sənəti deyil, xalqın ədəbiyyatı həm də  onun dilidir, mənəviyyatıdır, məişətidir, arzularıdır, ideallarıdır, düşüncələridir, həyata baxışıdır. Bunların hamısı - xalqın, millətin, insanların düşüncələri, istəkləri, arzuları, həyatı, məişəti, dili ədəbiyyatda öz əksini tapır.

Ədəbiyyat tarixi isə ədəbiyyatın bu inkişaf yolunu öyrənir. Ədəbiyyat tarixi olmasaydı, onda yaranan söz sənəti itib- batardı, yox olub gedərdi və biz xalqın dilini, mənəviyyatını, mədəniyyətini onun arzu və istəklərinin tarixini öyrənə bilməzdik. Deyək ki, biz 14- cü əsrdəki dilimizin səviyyəsi, mənzərəsi barədə Nəsiminin, 16- cı əsrdə Füzulinin və ya Xətainin, 18- ci əsrdə Vaqifin, 20- ci əsrdə Səməd Vurğunun yaradıcılığına müraciət edirik. Bilirik ki, 14-cü əsrdə xalqımızın dilinin səviyyəsi necə imiş- onun estetikası, onun zənginliyi, poetikliyi Nəsiminin şeirlərində öz əksini tapır. Deməli, başqa sözlə ədəbiyyat tarixinin əhəmiyyəti ondan ibarətdir ki, o, xalqın Ədəbiyyatını ölüb itməkdən, yox olmaqdan xilas edir, bugünki və sonrakı nəsillərə ötürür.

Ədəbiyyat nəzəriyyəsinə gəkdikdə isə daha çox qələm sahiblərinə, söz sahiblərinə- yazıçıya, şairə lazımdır və eyni zamanda ədəbiyyatşünasılıqla məşğul olanlara, ədəbiyyat xadimlərinə ədəbiyyat nəzəriyyəsi ona görə lazımdır ki, ədəbiyyatın nəzəri məsələlərini dərindən bilsinlər. Ədəbiyyat nəzəriyyəsi əslində ədəbiyyatın elmidir. Elmli ədəbiyyat isə daha gözəl olur, daha məzmunlu, dəyərli olur.

Füzulinin məşhur bir kəlamı var:

"Elmsiz şeir əsassız divar olur,

Əsassız divar qayətdə bietibar olur".

Böyük sənətkarların hamısı bir qayda olaraq ədəbiyyatın nəzəri məsələlərini də yaxşı biliblər və yaxşı mənada faydalanıblar.

 

Ədəbi tənqid isə Müasir Ədəbiyyatla bağlı olub onun inkişafına istiqamət verir, ədəbiyyatı düzgün yola yönəldir, başqa sözlə xalqla Ədəbiyyatın qaynayıb- qarışmasına, xalqın istək və arzularından, həyatından, məişətindən gerçək həyatına ədəbiyyatın qaynayayıb qovuşmasına səbəb olur. Əlbəttə, söhbət sağlam tənqiddən gedir. Yaltaq, mənasız, çürük tənqiddən danışılmır. Ədəbi tənqid ədəbiyyatın düzgün istiqamətə yönəlməsi və onun sağlam məcrada inkişafında çox böyük rola malikdir. Nəticə etibari ilə ədəbiyyatşünaslıq cəmiyyət üçün xüsusi bir dəyərə malikdir və ona görə ki, ədəbiyyatın inkişafına yön vermək, onu unudulmaqdan xilas etmək, sağlam inkişafı üçün vacibdir. Ədəbiyyat olmadan cəmiyyətin mənəvi, estetik cəhətdən düzgün inkişafa yönləndirilməsi çox çətindir.  O xalqlar həmişə böyük ideallar uğrunda mübarizə aparıblar ki, onların həm də böyük ədəbiyyatları olub, istər şifahi, istərsə də yazılı şəkildə olsun, bunun heç bir fərqi yoxdur.

 

2. Klassik ədəbiyyat əsərlərinin müasir dövrdə aktuallığını necə qorumaq olar?

 

-- Klassik ədəbiyyat nümunələrinin müasir dövrdə aktuallığını qorumaq üçün ilk növbədə bu əsərlərin təbliği lazımdır. Bizim klassik sənətkarların əsərlərini çap etmək bu işin ən zəruri tərəfidir. Eyni zamanda çap olunandan sonra həm də təbliğ etmək, müxtəlif kanallar vasitəsilə, müxtəlif təbliğat vasitələri ilə- radioda, televizorda, mətbuatda, sosial şəbəkələrdə təbliğ etmək, əhəmiyyətini anlatmaq, Ədəbiyyatın dəyərini başa salmaq lazımdır. Bununla yanaşı sənətkarın yaradıcılığını oxucuya, dinləyiciyə çatdırmaq- anlatmaq lazımdır. Məsələn, deyək ki, Nəsimini, ya Füzulini bugünkü oxucu tam anlaya bilmir, onların əsərləri o qədər dərindir ki, onların dərin fəlsəfi qatları, böyük tərbiyəvi əhəmiyyəti var, lakin onların dili və fəlsəfi, dini görüşləri, müxtəlif təriqət baxışları onların əsərlərinin bugünkü  dərkini çətinləşdirir. Onların əsərlərini təhlil edib oxuculara başa salmaq və təbliğ etmək lazımdır. Çox təəssüf ki, bu gün onların təbliğatı o qədər də belə səviyyədə aparılmır. Biz klassiklərimizi  böyüməkdə olan nəslə tanıtmadan xalqımızın tarixini, dilini, onun keçdiyi inkişaf yolunu, mənəviyyatını, ruhunu gənclərə anlada bilmərik. Təəssüf ki, son dövrlərdə bu məsələyə az diqqət yetirilir. 

Nəsimidə, Füzulidə, Saib Təbrizidə, Qövsi Təbrizidə, Xətaidə və b. klassik sənətkarlarımızda, Mirzə Cəlil, H. Cavid, S. Vurğun kimi dəyərli sənətkarların əsərlərində insan  və insana münasibət mərkəzdə dayanır. Orta əsrlər klassik ədəbiyyatında daha çox insan və Tanrı münasibətləridir, son dövr ədəbiyyatında isə daha çox insan mərkəzdə dayanır. Sovet dövründə ateist ruhun mövcudluğuna görə daha çox insana münasibət ön planda olub. Bunun fərqi  yox, istər insan-Tanrı münasibətləri, istərsə də, ümumiyyətlə, insana münasibət ədəbiyyatda başlıca yer tutur. Bütün demokratik, ədalətli cəmiyyətlərdə insan faktoru öndədir. Bizim klassiklərin təbliğ etdiyi məqsədlər nədən ibarətdir? İnsanı sevmək lazımdır, insan sevgiyə möhtacdır, insanla ədalətli davranmaq lazımdır, onun haqlarına, hüquqlarına hörmətlə yanaşmaq lazımdır. İstər qadın, istərsə kişi olsun fərqi yox, Allahın yaratdığı hər kəsə ədalətlə yanaşıb haqqını, hüququnu müdafiə etmək lazımdır. Bizim klassiklər də bunu təbliğ edirdi. İnsan irqindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq qayğıya möhtacdır, hamının hüquqları qorunmalıdır.

Bu klassik ədəbiyyat nümayandələrinin təbliğ etdiyi  xususiyyətlər, ideyalar dünən də gərəkli idi, bu gün də gərəklidir, sabah da gərəkli olacaq.

 

3)Sizin yaddaşınızda ən çox təsir buraxan klassik əsərlər hansılardır və niyə?

 

-- Mənə daha çox təsir edib və yaddaşımda iz buraxan əsərlərə gəldikdə deyərdim ki, klassik sənətkarları iki yerə ayırardım; Azərbaycan sənətkarları və xarici ölkə yazıçı, şair, dramaturqları.

Azərbaycan ədəbiyyatında mənim ən çox sevdiyim sənətkarlar ruhi, dili, məzmunu, mövzusu ideyası etibarilə, şeirin poetik gözəlliyi və yaxud nəsr, dram əsərləri olsun və orada siqlət, mahiyyət, məzmun obrazların gözəlliyi etibarilə daha çox mənə xoş gələn Nəsimi, Füzuli, 20- ci əsr ədəbiyyatında Mirzə Cəlil, H. Cavid, S. Vurğundur. Son dövr poeziyamızda Bəxtiyar Vahabzadə, Musa Yaqubu daha çox sevirəm. Əlbəttə, burada şəxsi zövq məsələsi də var, ola bilsin ki, mən Musa Yaqubu daha çox sevirəm, lakin bir başqası Musa Yaqubu çox sevməyib soyuq münasibət bəsləyə bilər. Demək istədiyim odur ki, sənətkara münasibətdə sənətkarın böyüklüyü ilə yanaşı, oxucunun öz  şəxsi zövqü də var. O ki qaldı xarici ədəbiyyat yazarlarına, mənim daha çox Balzak, Şekspir, Viktor Hüqo, Gete, rus ədəbiyyatında Dostoyevski, Tolstoy, türk ədəbiyyatında Tofiq Fikrət, Əbdülhak Hamid kimi sənətkarları çox sevir və mütaliə edirəm.

Müasir dövr xarici yazıçılardan daha çox Çingiz Aytmatovun yaradıcılığını çox sevirəm. Onun əsərlərinin əksəriyyətini böyük məftunluqla oxumuşam. Çingiz Aytmatovun yaradıcılığında- "Gün var əsrə bərabər"  Manqurt əhvalatının yaratdığı təsir yüzlərcə romanın mövzusudur. Oğurlanmış yaddaş... 

Sovet dövründə bu şəkildə folklordan istifadə edib Sovet imperiyasının, rus imperiyasının millətlərin, xalqların yaddaşını, keçmişini necə oğurlaması məsələsini Çingiz Aytmatov dahiyanə bir şəkildə əsərində əks etdirmişdir. Çingiz Aytmatovun bu əsəri  SSRİ xalqlarında  milli fikir intibahında əvəzsiz rol oynamışdır. Albert Kamyunu da çox sevirəm.

 

4)Müasir texnologiyalar ədəbiyyatın inkişafına necə təsir edir? Siz dəmi düşünürsünüz, bədii ədəbiyyata olan maraq əvvəllər daha çox idi?

 

-- Müasir texnologiyalar ədəbiyyatın inkişafına kifayət qədər mənfi təsir göstərir. Belə demək mümkünsə, sosial şəbəkələrin artması təkcə radio, televiziya yox, kiçik sosial kanallar ki, var başqa sözlə desək, ədəbiyyatı “yeyir, didib dağıdır". Ədəbiyyatın tərbiyəvi əhəmiyyətini kifayət qədər azaldır, ona görə də son onilliklərdə ədəbiyyata meyil, maraq azalıb. Ədəbiyyat öz tərbiyəvi gücünü xeyli dərəcədə itirməyə başlayıb. Müasir oxucu Füzulini, Səməd Vurğunu, ya Mirzə Cəlili oxumaqdan daha çox sosial şəbəkələrdə dedi- qodulara, " laqqırtılara", boş, mənasız söhbətlərə vaxtını xərcləməklə məşğuldur. Çox təəssüf ki, bu Azərbaycan cəmiyyətində də belədir. Füzulidən danışsaq, 100 tamaşaçadan üçü qulaq asar  ya yox... Lakin Zaur və Xoşqədəmin verilişini, yaxud telekanallarda şou, boş, cəfəngiyyat dolu verilişləri çox sayda adamlar izləyir. Bu təəssüf doğuran bir haldır, ədəbiyyat öz gücünü, enerjisini müasir sosial şəbəkələrə, müasir texnologiyalara və onun yaratdığı fəsadlara uduzur. Ədəbiyyat bu texnologiyaların qarşısında acizləşib. Əlbəttə ki, bu hal yaxşı hal sayıla bilməz. Ona görə də insanların mənəviyyatında "üyünmə"  baş verir. Elə bil ki, dəyirmanda insan mənəviyyatının üyütmə prosesi bu müasir texnologiyaların vasitəsilə həyata keçirilir. Bu bütün dünyada baş verən mənfi prosesdir.

 

5)Müasir yazarlarla klassik yazarları fərqləndirən əsas xüsusiyyətlər hansılardır? 

 

-- Müasir yazarlarla klassik yazarlar arasında fərq qoymağı qəbul etmirəm. Bütün tarixi dövrlərdə  həmişə böyük sənət də olub, orta səviyyəli sənət də olub və kiçik sənət də olub. Dünən də elə olub, bu gün də belədir və sabah da belə olacaq. Məsələn, Nəsiminin, Füzulinin, Vaqifin də yaşadığı dövrdə kifayət qədər zəif sənətkarlar da vardı, orta səviyyədə yazanlar da vardı. Eləcə də Axundovun, Mirzə Cəlilin, H. Cavidin yaşadığı dövrdə, yaxud Sovet dövründə S. Vurğunun, R. Rzanın, B. Vahabzadənin yaşadığı dövrdə onlarla aşağı səviyyəli sənətkarlar da vardı və adını çəkdiyimiz bu böyük korifeylər də vardı.

Bütün xalqlarda bu belədir. Sənətkarın köhnəsi və müasiri olmur. Sadəcə olaraq dəyişən nədir? Dəyişən zaman və həyata baxışdır. Cəmiyyət inkişaf etdikcə ictimai mühitdə, cəmiyyətdə dəyişikliklər baş verir və sənətkar həmin dəyişikliklərə uyğun cəmiyyətin inkişafına uyğunlaşmalı, cəmiyyətin həyatına bağlı şəkildə dövrün tələblərinə uzlaşaraq yazmalıdır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında daha çox dini meyillər, təriqət meyilləri, sufizm, Allah eşqi, Tanrı həqiqəti mövzuları ön planda idi. " Xosrov və Şirin", "Leyli və Məcnun", “İsgəndərnamə" - bu tipli mövzuların önə çıxmasının səbəbi də onunla bağlı idi. Lirik poeziyada xalqın həyatından daha çox İlahi eşq, təsəvvüf eşqi, irfani fikirlər öndə idi, buna görə də bizim klassik yazarlar Nəsimi, Füzuli daha çox bu mövzuda yazırdı. Lakin zaman inkişaf etdikcə, zaman dəyişdikcə 18- 19- cu əsrlərdə realist meyillər irəli çıxdı. Nəticə etibarilə böyük sənət ictimai mühitlə və cəmiyyətlə uyğunlaşmalıdır. Əgər uyğunlaşa bilmirsə, o artıq enməyə başlayır. Böyük sənət deyəndə böyük sənətkarların yaratdığı sənətdən söhbət gedir. Böyük sənətkar o zaman böyük sənətkar olur ki, birinci, onun böyük istedadı olmalıdır, ikinci, o dövrün Ədəbiyyatının tələblərini anlamalıdır və ictimai mühitlə, ictimai mühitin arzu, ideal, istəkləri ilə öz qələmini uyğunlaşdırmalı və uzlaşdırmağı bacarmalıdır.

14- cü əsrdə Nəsimi böyük sənətkar idi, dövrün tələblərinə əsasən yazırdı.

20- ci əsrdə də Səməd Vurğun böyük şair idi və cəmiyyətin diktələri ilə qələmini uzlaşdırırdı. Səməd Vurğunun kifayət qədər dövrün ideologiyasına uyğun əsərləri var, amma biz Səməd Vurğuna o ideoloji əsərlərlə yox, həmişəyaşar əsərləri ilə qiymət, dəyər veririk. Nəticə etibarilə ədəbiyyatın “klassik sənətkarlar böyükdür, müasir sənətkarlar kiçikdir” anlayışını qəbul etmirəm. Böyük sənət həmişə böyükdür, gələcəkdə də böyük sənətkarlarımız olacaq. Bu dünya ədəbiyyatında da belədir. Şekspir 16- cı əsrdə böyük sənətkardı, 20- ci əsrdə də ingilisdilli ədəbiyyatda kifayət qədər böyük sənətkarlar yetişdi.

 

6) Müasir dövrdə ədəbi tənqidin rolu nə qədərdir, tənqidçi hansı bilik və keyfiyyətlərə malik olmalıdır?

 

-- Ülviyyə xanım, siz mənim yaralı yerimə toxundunuz. Ədəbi tənqidin ədəbiyyatın inkişafında çox böyük rolu var, birinci sualın cavabında bunu söylədim. Sağlam ədəbi tənqid ədəbiyyatı sağlam məcraya yönəldir, yəni xalqa yönəldir. Xalqın dərdlərinə, arzularına, ideallarına, mənəviyyatına, ruhuna, cəmiyyətin tələblərinə yönəldir. Ədəbi tənqidin ədəbiyyatın sağlamlaşmasında, xalqla qaynayıb- qovuşmasında kifayət qədər rolu böyükdür.

Çox təəssüf ki, müasir dövrdə bu belə deyil. Müasir dövrdə yaltaq və məddah bir tənqid peyda olub. Şəxsi münasibət, tanışlığa, vəzifəyə( cəmiyyətdəki statusa əsaslanan bir ədəbi tənqid meydana gəlib. Kimsə kimin dostudur, onun əsəri haqqında elə bəlağətli yazır ki, səviyyəsiz adam sanki Füzulidir. Yaxud "çılpaq" desək, vəzifə sahibi olan birinə, yaxud ona maddi dəstək olan birinə onun əsəri haqqında elə bəlağətlə yazır ki, adam oxuyanda xəcalət çəkir. Bunun saxta, yalan olduğu aydın olur. Bu adamları da hamımız tanıyırıq. Bəzən elə istedadsız, elə səviyyəsiz bir şairin yaradıcılığı haqqında təmtəraqlı, dəbdəli epitetlərlə tərif deyilir ki, onu heç Füzuli, Nizami, Şekspir, Geta haqqında demirlər. Əlbəttə ki, ədəbi tənqid belə gülünc vəziyyətə düşüb kəsərsiz olur, öz təsir gücünü itirir. Oxucu  ədəbi tənqiddəki bu səmimiyyətsizliyi, yaltaqlığı görür və ədəbi tənqiddən uzaqlaşır. Müasir dövrdə ədəbi tənqid öz funksiyasını yerinə yetirə bilmir və tənqidçilər də tənqidçi olmaq- tənqidçi şəxsiyyətini qorumaq vəzifəsini yerinə yetirə bilmirlər.

 

7) Bu an üçün Sizdən şeir söyləməyinizi xahiş etsək, bizə hansı şeiri söyləyərsiniz?

 

--Elə bu an şeir söyləməli olsam, mütləq Musa Yaqubun yaradıcılığına müraciət edərəm. Onun “Öyrətmə özünə öyrətmə məni" şeirini söyləyərəm, ya da:

“Bir günah sənin, bir günah mənim”

 

Bir gözünü mən əydim, bir gözünü sən,

Niyə narazıyıq bu tərəzidən?

Sən çeşmə qurudan, mən ağac kəsən,

Bir günah sənindir, bir günah mənim.

 

Bu südə su qatıb hərə bir qaşıq,

Arını şəkərə dadandırmışıq.

Bazarın yağı şor, balı qarışıq,

O mətah sənindir, bu mətah mənim.

 

Söz sözə gələndə sən nəfsi qıran,

Mən dünya malına göz yumub duran.

Amma ayrılıqda daşı da yaran,

Bir tamah sənindir, bir tamah mənim.

 

Görürük bu silah vurmur hədəfə,

Vurmur, ha atırıq mininci dəfə.

Əlimiz dolaşıb düşüb kələfə,

Bir əl gah sənindir, bir əl gah mənim.

 

Qoyma yalanımız qalxsın ayağa,

Hay deyirik, haya gəlmirik, qağa.

Sözü güləşdirib əhdi danmağa,

Bir vallah sənindir, bir vallah mənim.

 

Yamanca ustayıq hər ehtiyatda,

Dostluq şirnisi də dilimiz altda.

Amma yaman günə əlimiz altda,

Bir silah sənindir, bir silah mənim.

 

Ömür təsəllidi, ümid sabahdı,

İndi öz xeyrinə çoxu agahdı.

Hərə dolanışa bir cür nikahdı,

Bir nikah sənindir, bir nikah mənim.

 

Orda bulanıq su hopur torpağa,

Burda üzə çıxıb dönür bulağa.

Hələ ki vaxtımız var durulmağa,

Bir sabah sənindir, bir sabah mənim.

 

İzahat üçün, fəlsəfi mənada isə Füzulinin, ya Nəsiminin qəzəllərindən söyləyərəm.

Amma birbaşa şeir söyləməli olsam, sevdiyim sənətkar Musa Yaqubun şeirlərindən söyləyərəm.

 

8) Yaqub müəllim, məlumdur ki, 1989-cu ildə professor Məmməd Məmmədovun elmi rəhbərliyi ilə “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyasını  müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almısınız.

Hal- hazırda Uşaq ədəbiyyatı Sizi qane edirmi?

 

-- Mən deyə bilməzdim ki, müasir dövrdə Uşaq Ədəbiyyatımız acınacaqlı vəziyyətdədir. Uşaq Ədəbiyyatı ilə bağlı  müəyyən səviyyəli əsərlər yaranır. Daha çox poeziya sahəsində, amma nəsr, dramaturgiya sahəsində  elə bir uğur görə bilmirəm. Müəyyən uşaq şeirlərinə rast gəlirəm, amma ədəbiyyatımızın ümumi səviyyəsi aşağı endiyi üçün Uşaq Ədəbiyyatının da səviyyəsi xeyli aşağı enib.

Deyərəm ki, Abdulla Şaiqin, Abbas Səhhətin, S. S. Axundovun, Mikayıl Rzaquluzadənin, Teymur Elçinin, İlyas Tapdığın yaratdığı əsərlər kimi əsərlər yaranmır. Bunu iki səbəblə bağlayıram. Birincisi, ədəbiyyata marağın azalmasıdır. Oxucu tələbatı, eləcə də uşaqların da ədəbiyyata marağı azalıb. Tələb azaldığı üçün yazarların özündə də Uşaq Ədəbiyyatına maraq azalıb.

İkinci səbəbi isə istedadda görürürəm. Çünki Uşaq Ədəbiyyatı sahəsində Abdulla Şaiqin, Abbas Səhhətin, S. S. Axundovun, Mikayıl Rzaquluzadənin, Teymur Elçinin, İlyas Tapdığın istedadı səviyyəsində bir istedad görə bilmirəm. Ona görə də təəssüf ki, Uşaq Ədəbiyyatının da səviyyəsi müəyyən qədər aşağı enib.

 

9) Dəyərli alimimiz, bu yaxınlarda Füzuli yaradıcılığından bəhs olunan tədbirdə çox gözəl çıxış etdiniz.

Füzuli yaradıcılığının bənzərsizliyi nədədir?

 

-- Füzuli yaradıcılığına  bənzərsizdir deməyim, mən yalnız Allahın lütfü- ərmağanı kimi izah edə bilərəm. Böyük sənətkarlar ki, var, bu sənətkarların özündən asılı olmayaraq Tanrının verdiyi bir istedad- bacarıq, Tanrı lütfü, Tanrı ərmağanı deyək. Deyək ki, Firdovsiyə, qədim yunan ədəbiyyatında Esxilə, ingilis ədəbiyyatında, Şekspirə,  fransızda Viktor Huqoya, Balzaka, alman ədəbiyyatında Geteyə, rus ədəbiyyatında Tolstoya, Dostoyevskiyə, M. Şoloxova, türk ədəbiyyatında Y. Əmrəyə, C. Rumiyə, bizim ədəbiyyatımızda Füzuliyə, H. Cavidə, S. Vurğuna verilən istedad Tanrının lütfüdür. Tanrı elə böyük istedadı verib ki, bu istedadın gücü ilə əbədiyaşar əsərlər yarada biliblər.

Füzuli mübaliğəsiz deyirəm ki, dünya poeziyasında ən böyük lirik şairdir. Bunu Azərbaycan türkü kimi deyil, bir oxucu kimi söyləyirəm. Bu da Azərbaycan xalqının qismətinə, taleyidş

inə yazılıb və bu Füzulinin işi deyil, Allahın gücüdür ki, belə  böyük istedadı, qabiliyyəti Füzuliyə bəxş edib.

Mən bu məsələni yalnız teoloji mənada izah edə bilərəm.

 

 10) Gənc yazarlara nə tövsiyə edərdiniz?

 

--Gənc yazarlara məsləhətim bundan ibarət ola bilər ki, birinci növbədə onlar böyük və çoxlu əsərlər oxumalıdırlar. Ədəbiyyatın qayda- qanunlarını, mövzu, ideya, obrazlar aləmini anlamaq üçün mütləq mütaliə qabiliyyətinə yiyələnməlidirlər. İkinci, xalqın dərdi, arzuları, idealları, arzu- istəyindən yazmalıdırlar, xalqa baxmalıdırlar. Ədəbiyyat o zaman böyük olur ki, xalqın həyatı ilə qaynayıb qarışır. Üçüncü tövsiyəm budur ki, məddahlıq, yaltaqlıqdan uzaq olsunlar. Məddahlıq, yaltaqlıq müvəqqəti bir şeydir, kimdənsə nəsə ummaq xatirinə yaranan əsərlər ötəridir.

Məni narahat edən bir şey də son dövr ədəbiyyatımızda kədər, qəm, ağrı motivinin çox olmasıdır. Bu artıq gənc yazarların da günahı deyil, ictimai mühitin- cəmiyyət həyatında baş verən erroziyanın nəticəsidir. Mümkün qədər istərdim qəm-kədəri təbliğ etməsinlər, çünki Füzuli qədər bunu təbliğ edə bilməzlər. Xalqa nikbin əhval- ruhiyyədə əsərlər də lazımdır, xalqın tarixindən, müasir gerçəkliyin həqiqətlərindən yazsınlar.

 

-Ümümmilli Liderimiz Heydər Əliyevin Təhsil haqqında kəlamlarının birində deyilir ki:

"Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq".

İllər keçsə də, Sizin kimi müəllimlərimiz, ziyalılarımız unudulmur və Sizin sayənizdə aldığımız bilikləri biz gənc müəllimlər də öz şagirdlərimizə ötürürük. Rubrikamıza dəyərli zamanınızdan vaxt ayırdığınız üçün Sizə minnətdarıq, siz bizlərin həyat yolunu işıqlandıran daimi nursunuz!

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Вторник, 07 Январь 2025 16:16

İki düşmən-iki dost - HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalına Rusiyada yaşayan istedadlı yazar həmyerlimiz Yaşar Süleymanlı yeni hekayəsini göndərib. Onu məmnuniyyətlə dərc edirik. 

 

Həyat qəribə şeydir, harada başına nə gələcək, sənə nə sürprizlər hazırlayacaq, nələrdən keçəcəksən, təxmin belə edə bilməzsən.

Bu fikirlərlə Zaur, sağ tərəfində ona qısılaraq əlindəki avtomatla üstlərinə hücum edən düşmənə atəş açan Aşota baxırdı.

Dünənə qədər qatı düşmən idilər. Hələ bir neçə il əvvəl ikinci Qarabağ savaşında qarşı səngərlərdə bir-birinə silah tuşlayan, bir-birinin qanını içməyə hazır olan iki adam bu gün başqa bir dövlətdə, başqa bir səngərdə başqa bir düşmənə qarşı ölüm-qalım savaşı verirdi.

İkinci Qarabağ müharibəsi bitəndən bir müddət sonra Zaur Rusiyaya köçmüş, orada kiçik bir bizneslə məşğul olmağa başlamışdı. Sonralar tanış olduğu Rus gözəli Alyona ilə ailə həyatı qurmuş və Rusiya vətəndaşlığı almışdı.

Rusiya-Ukrayna savaşı başlayanda, savaşın elə ilk günlərindəncə könüllü olaraq orduya yazılmış və müharibəyə getmişdi.

Zaur üçün artıq Rusiya da vətən idi və o, bu ölkənin vətəndaşı kimi öz borcunu yerinə yetirməyi müqəddəs sayırdı.

Amma Aşotun tarixçəsi bir az fərqli idi.

Aşot da Qarabağ savaşından sonra Rusiyaya köç etmiş, burada özünə yeni bir həyat qurmağa çalışmışdı. Amma bir müddət sonra, restoranların birində düşən davada adam bıçaqladığı üçün həbs olunmuş və 12 il həbsə məhkum edilmişdi.

Rusiya-Ukrayna savaşı başlayanda müqavilə əsasında döyüşə getmiş və həbsdən azad olunmuşdu. Amma müqaviləsi bitəndən sonra da yenidən müqavilə əsasında cəbhəyə qayıtmış və həyatın ironik oyunu nəticəsində Zaurla bir cəbhəyə düşmüşdü.  

İlk günlər, onlar kim olduqlarını biləndə, al qana batana qədər dalaşmışdılar. Hər ikisi bir-birinə nifrət edirdi. Hər ikisi bir-birindən qorxur, arxadan vurar deyə ehtiyat edirdi.

Amma bir gün hər şey dəyişdi, hər şey başqa bir məcrada cərəyan etdi…

Qəfil raket zərbəsindən gizləndikləri blindaj göyə sovrulmuşdu. Fəryad səsləri göyə ucalmışdı. Parça-parça olmuş bədənlər, üst-üstə qalanmış cəsədlər…

Zaurun qulağında zərbənin təsirindən elə bir uğultu var idi ki, elə bil beyninin içində reaktiv təyyarə uçurdu. 

Gözü yanında ilan kimi qıvrılan Aşota sataşdı – o, qan içində idi.

Bir anlıq bütün nifrəti yox oldu, özünü Aşota yetirdi. O, bir neçə yerindən qəlpə yarası almışdı. Zaurun beyni uğuldayırdı, özünə gəlmək üçün başını silkələdi. Sonra çantasından çıxartdığı jqutla Aşotun ayağını sıxdı. Sinəsindən və çiynindən gələn qanı dayandırmaq üçün bintlərdən və yapışqan lentlərdən istifadə etdi.

“Aşot, Aşot! Məni eşidirsən?” – deyərək üzünü ehmalca sillələdi. Aşot gözünü zorla açdı. 

–Ölürəm, Zaur, daha sevinə bilərsən, –deyib yenə gözlərini qapadı.

Az keçməmiş həkim briqadası özünü yetirdi. Səhra qospitalında Zaur da Aşotun yanında idi. Onu əməliyyat edirdilər.

Həkimin səsi eşidildi:

–Lənətə gələsən, bunun qan qrupu AB mənfidir. Çox az təsadüf edilən bir qan qrupudur. Təcili qan köçürülməsə, yaşamaq şansı yoxdur, çox qan itirib...

Həkimin sözləri Zaurun qulaqlarında cingildədi. AB mənfi, AB mənfi…

Bu da həyatın bir ironiyası...

–Mən, mən, məndə AB mənfidir, – deyə həkimə sarı getdi.

Budur, qan düşməninə indi onu yaşatmaq üçün qan verir Zaur. Bir neçə il əvvəl qarşı səngərlərdə bir-birinə güllə atdığı düşməninin indi həyatını xilas edir…

 

Aşot qısa müddətdə özünə gəlmişdi, toparlanmışdı. Tam sağalandan sonra ordudan təxris olmaq istəməmiş, yenidən cəbhəyə - Zaurun yanına dönmüşdü.

Aşot Zauru görən kimi boynunu qucaqlamış, təşəkkür edərək uşaq kimi ağlamışdı. “Düzü, mənə deyiləndə ki, sənin həyatını Zaur xilas edib, mən əvvəl inanmamışdım”, – demişdi.

–Niyə? 

–Axı biz düşmənik, – deyə Aşot cavab vermişdi.

–Bilirsən, Aşot, biz Qarabağda düşmən idik, orda savaş bitib, amma indi biz burada hər ikimiz başqa bir ölkənin vətəndaşı kimi onun uğrunda savaşırıq. Bu mənim borcum idi və mən sənə öz qanımı verərək öz borcumdan çıxdım. Yeri gəlmişkən, sən indi artıq azərbaycanlı qanı daşıyırsan, deməli yarı azərbaycanlısan, -deyə Zaur gülərək Aşota söz atmışdı.

–Hə, axbercan, indən belə sənə qardaş deyəcəm, – deyərək Aşot onun boynunu bir daha qucaqlamışdı.

O gündən sonra Zaurla Aşot sözün əsl mənasında qardaş olmuşdular. Onların briqadasında demək olar ki, hər millətdən əsgər var idi: rus, azərbaycanlı, erməni, çeçen, inquş, belarus, yakut, başqırd, kalmık, tatar, çuvaş, hətta ukraynalı...

Necə ki, babaları 41-45-ci illərdə Böyük Vətən Müharibəsində bir olub faşizmə qarşı döyüşürdülərsə, bu gün də onlar bir çətir altında birləşib Rusiyanın müdafiəsinə qalxmışdılar.

Onlara Rusiya ordusunun siyasi təbliğatçıları  təlqin edirdi ki, bu gün də qarşı tərəfdə faşistlərin nəvələri – avropadan olan muzdlular, alman, rumın, polyak, fransız, ingilis və sair millətlər onlara qarşı döyüşürdü. Tarix təkrar olurdu…

Rusiya paqonluları onları ruhlandırırdı ki, siz haqq işi uğrunda savaşırsınız! 

Bu ölüm-qalım savaşında hər bir millətin nümayəndəsi inamla savaşır və yalnız bir şüarla döyüşə atılırdılar: “İrəli! Faşizmin son əsgərinə qədər irəli!”

 

Qanlı-qadalı bir ili Aşotla birlikdə neçə cəbhədən keçmişdi Zaur. Nələr görməmişdilər, nələr yaşamamışdılar bu bir ildə... İndi də ən ağır günləri, ən ağır anları idi. Dörd tərəfdən düşmənin mühasirəsində, başlarına mərmilər yağış kimi yağırdı. Yalnız ikisi sağ qalmışdı, bütün yoldaşları qəhrəmancasına həlak olmuşdular.

Zaur da yaralı idi və Aşota baxaraq düşünürdü: “Dünənə kimi biz düşmən idik, indi isə bir səngərdə bir-birimizin canı uğurunda döyüşürük”.

–Zaur, özünü necə hiss edirsən, yaran çox incidir? – Aşot əlindəki avtomatdan bir neçə dəfə atəş açıb soruşdu.

–Ağrıkəsici iynədən sonra demək olar ki, ağrı hiss etmirəm, – deyə Zaur güclə cavab verdi. 

Çiynindən, ayağından və qolundan ağır güllə yarası almışdı Zaur. 

– Aşot, belə görürəm, bizim burdan sağ çıxmaq şansımız yoxdur. Bu qaniçən faşistlərə təslim olmaqdansa ölmək daha yaxşıdır. 

–Narahat olma, Zaur, təslim olan deyilik, sona qədər, son damla qanımıza qədər döyüşəcəyik. Bu torpaqlar bizim babalarımızın qanı ilə sulanıb. Sona iki patron saxlamışam, biri sənin, biri mənim, – deyərək Aşot cibindəki patronları çıxardıb göstərdi.

Düşmən dayanmır, güllələri yağış kimi yağdırırdı. Aşot da bir neçə yerindən yüngül yaralanmışdı.

Qaranlıq düşmüşdü artıq. Göz-gözü görmürdü. Amma düşmən susmur, onların mövqeyini atəş altında saxlayırdı.

Aşot da arada bir atəş açaraq, düşmənə cavab verirdi.

–Zaur, Zaur, aç gözünü, – deyərək Aşot onu ehmalca şillələdi.

–Nə olub, vaxt yetişdi? – deyə Zaur güclə soruşdu.

–Nə vaxtı, nə sayaqlayırsan? – deyə Aşot mızıldandı.

–Demədin sona iki patron...

–Yox, hələ sona var, indi səni çiynimə alıb bu cəhənəmdən çıxmağa çalışacam, – deyə Aşot bildirdi.

–Sən get, mənsiz şansın daha çox olar, – deyərək inildədi Zaur.

–Yox, yox, elə şey ola bilməz, ölsək də, qalsaq da ancaq bir yerdə, – deyə Aşot qəzəblə dilləndi.

Yaraları sızıldayırdı Zaurun. Aşotun çiynində leş kimi qalmışdı. Zaurun ağırlığı altında əzilsə də, Aşot dayanmır, aram-aram sürünürdü. Artıq güllə səsləri eşidilmirdi, mühasirədən çıxıb meşə zolağına keçə bilmişdilər.

Beş dəqiqə nəfəsini dərmək üçün Aşot dayanıb səsləndi:

–Zaur, Zaur, eşidirsən, çıxdıq mühasirədən, artıq təhlükə yoxdur, eşidirsən?

Zaur zorla gözlərini açıb “Aşot, məni burda qoy get. Çox qan itirmişəm, sabahı çətin görəm”, – deyərək güclə cavab verdi.

–Yox, elə şey ola bilməz, sən ölməyəcəksən, söz ver ki, ölməyəcəksən. Eşidirsən, Zaur, söz ver, – deyə Aşot əsəbi halda dilləndi və birdən qışqırdı. –Zaur, Zaur, ay Zaur, eşidirsən, bizimkilər, bizimkilər, xilas olduq!

Zaur gözlərini güclə açaraq gülümsədi, amma nəsə deməyə taqəti yox idi.

Aşot kürəyindəki Zauru yerə uzadıb “Həkim, təcili həkim!” – deyə onlara tərəf gələn əsgərlərə bağırırdı...

 

Nəhayət ki, Zaur gözlərini açdı.

Xəstəxana otağında idi. Otağa nəzər yetirdi: dörd tərəfdə çarpayılarda sarıqlı əsgərlər, ora-bura qaçan tibb bacıları.

O, “Aşot, Aşot!” – deyə pıçıldadı.

Bir az sonra tibb bacısı ona yaxınlaşıb nəbzini yoxladı, gözünə işıq salıb baxdı və həkimi səslədi. Həkim də eyni qaydada onu müayinə edərək güldü:

–Təbriklər, cavan oğlan, sizi deyəsən o dünyada qəbul etmək istəməyiblər.

“Aşot, Aşot...” – deyə yenə pıçıldadı Zaur.

–Hə, sənə qan verən dostunu deyirsən? – deyə həkim soruşdu. – Çox nadir qan qrupunuz var, yaxşı ki, dostunuzla eyni qrupdur, yoxsa sənin həyatını xilas etmək mümkün olmazdı.

“Aşot, hanı?” – deyə Zaur yenə pıçıldadı.

Həkim tibb bacısına səsləndi:

–Çağırın, dostu gəlsin.

Və Zaura tərəf döndü:

–O da yaralıdır, yan otaqda müalicə alır.

Az sonra Aşot içəri girdi, gülərək Zaura baxıb: -Ara, nə ölməz şeysən sən, ara! – deyərək zarafat elədi.

–Aşot, həyatımı xilas etdiyin üçün sağ ol, minnətdaram, – deyə Zaur zorla dilləndi.

–Ara, sən mənə demişdin ki, bu mənim borcumdur. Yadındadır? Bax indi, mənim də borcumdur. Nə deyirsən, sənə borclu qalaydım? – deyə Aşot yenə güldü. –Sağal, tez sağal, hələ cəbhə, düşmənlər bizi gözləyir. Az qalıb, lap az qalıb, tezliklə babalarımız kimi biz də qələbə çalacağıq!

Zaur sual dolu baxışlarla Aşota baxır və düşünürdü ki, həyatın ironiyasına bax, dünənki düşmən bu gün ən yaxın dosta çevrilib, dünən bir-birinə güllə atırdılar, bu gün bir səngərdə döyüşürlər. Dünən bir-birinin qanını tökürdülər, bu gün bir-birinin həyatını xilas etmək üçün qan verirlər. 

Aşot əl-qolunu ölçə-ölçə, gülə-gülə nəsə deyirdi.

Zaur Aşota baxıb, gülümsəyərək pıçıldadı:

–Ey həyat, sən nə qəribəsən!..

 

REDAKSİYADAN: Təbii ki, müəllif Rusiya vətəndaşı olduğundan, onun Rusiya-Ukrayna müharibəsinə baxışı bir başqadır, bizimki bir başqa. Əsas hekayədir, onun bədii məziyyətləridir. 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Вторник, 07 Январь 2025 10:14

ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Azad Rzayev

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Azad Rzayevə ithaf olunub. 

 

 

AZAD ALLAHVERDİ OĞLU RZAYEV

(10.10.1965.-20.01.1990.)

 

Bakı şəhərində dünyaya gəlmiş, Dərin Dəniz Özülləri Zavodunun əməkdaşı, 20

Yanvar şəhidi

 

AZAD

 

Dedi, Vətən olsun azad,

Özün oda atdı Azad,

Qəhrəmantək şəhid oldu,

Hünəriylə qazandı ad.

Çox sevirdi Qobustanı,

Həyatı qeyrət dastanı,

Azərbaycan müstəqildir-

Yerdə qalmayıbdır qanı.

Qorxu nədir, bilməz oldu.

O, ölmədi, ölməz oldu,

Elə ömür yaşadı ki,

Zirvədən enməz oldu.

Azad sevilir ellərdə,

Yaşayacaq əməllərdə.

Bir azadlıq nəğməsitək

Oxunacaqdır dillərdə.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

 

Təqdim edir: İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Harun - Ölüm, bəlkə də, insanın heç vaxt anlaya bilməyəcəyi ən dərin fəlsəfi sirlərdən biridir. Bu ya müsibətdir, ya da səadət.. O, insanın həyatının sonu olaraq qəbul edilir, lakin bu sonun nə olduğunu və nə olacağını heç bir insan dəqiq şəkildə izah edə bilmir. İnsan ölümdən qorxur, amma ən çox qorxduğu şey, həyatını necə yaşadığını anlamamaqdır. Həyat, əslində, ölümdən qaçış deyil, onun qarşısında olan bir qarşıdurmadır. Ölümə yaxınlaşdıqca, biz həyatın daha çox qiymətini dərk edirik və bu, heç də ölümün bir təhdidindən çox, onun həyatı dərk etməyə verdiyi bir fürsətə çevrilir.

 

Nigar - Mən sadəcə insanın ölümlə üzbəüz olması anındakı qorxunun nə olduğunu yaşamış biri kimi kədərlənirəm. Qalan mövzuları isə müzakirə etmək, səhv və ya doğru axtarmaqdan özümü kənar tuturam. Çünki insanlığa olunanı Haqq sahibi Yaradan görür. 

 

Harun - Ölüm necə də qorxulu səslənir. Məncə, insan ölümdən qorxmur. Bilməməkdən qorxur. Necə ki, ölümdan sonrasını heç bir halda dəqiq bilmir..

 

İnci - İnsan bilirsiz, ən çox nə vaxt qorxur ölümdən? Kiminsə öldüyünü eşidəndə, çünki yaşamağa bəzən o qədər başımız qarışır ki, kiminsə ölümünü eşitdikdə, elə bil yuxudan ayılırıq. Yaşamaq insana həqiqətən şirindir. Peyğəmbərimiz buyurur (Allah'a həmd olsun, Məhəmməd Mustafa'ya (s.a.v) Salam olsun): ağızların dadını qaçıran ölümü çoxca xatırlayın ( tirmizi, zühd, 4)

 

Amil - Ölüm qorxusu dəyişkəndir. Son dərəcə dindar və son dərəcə dinsiz olanlar ölümdən ən az qorxanlardı. Ölümdən ən çox qorxanlar isə bir dinə inanıb o dinin qoyduğu qanunlar əsasında həyatlarını yaşamayanlardı. Çünki bunun nəticəsində ölümdən sonra onları sonsuz bir cəhənnəmin gözlədiyini düşünürlər.

 

Harun - Bu da təzad doğurur, fikrimcə. Axı hər dindar və hər dinsiz həyatlarında ən azı bir dəfə fikir ayrılığına gəliblər..

 

İnci - "Ölümdən ən çox qorxanlar bir dinə inanıb o dinin qoyduğu qanunlar əsasında həyatlarını yaşamayanlardi" - sən qanunu bilirsən, amma əməl etmirsən. İnsanı ən çox incidən budur. 

 

Amil - Dindar səmimi şəkildə Allaha inanır, bütün qanunlarına əməl etdiyini düşünür və ölümdən sonra Allahın ona vəd etdiyi cənnəti verəcəyini ümid edir. Buna görə ölümü səbirsizliklə gözləyir, çünki dindar üçün ölüm bu dünyadan daha gözəl bir aləmə keçmək üçün bir qapıdır. Dinsiz isə Cənnət Cəhənnəm kimi şeylərə inanmır. Onu cəzalandıracaq bir Tanrıya da inanmır. Epikürün dediyi kimi "Biz varıqsa ölüm yoxdur, ölüm varsa biz deyə bir şey yoxdu", buna görə ölümü həyatın bir qanunu olaraq görüb ondan qorxmadan üstünə gedirlər.

 

Harun - Məncə, dindar verilmiş vədlər naminə səmimidir. İnancsız biri isə sadəcə qumar oynayır.

Epikürə baxdıqda isə tamamilə komfortizm görürük. Yəni ki, "sənə hara rahatdırsa, ora sənin cənnətindir."

 

Amil - Verilmiş vədlərə görə dindardısa səmimiyətdən söhbət gedə bilməz. Dinlərə görə səmimiyyətin göstəricisi həmin hərəkətin Allahın rızası üçün edilmiş olmasındadı. Yəni bir insan sırf cəhənnəmə getməmək üçün namaz qılırsa qıldığı namaz boşa gedir. Şüuraltı olaraq, amma hamı mənfəətin düşünür. Özünə dindaram deyənlərin neçə faizi insanlar gözündə yaxşı görünməyi, cənnətdəki köşkləri qazanmağı düşünmədən sırf Allah rızası üçün birşeylər edir, maraqlıdı. İxlassız edilən və içində Allah rızası olmayan hər əməl boşunadı. İbadət Allah istədiyi üçün və onun istədiyi şəkildə olduğu zaman qəbul olunur. Riya isə İslamiyyətdə gizli şirk olaraq keçir. 

  

İnci - Kimlərin ibadəti qəbuldur və ya deyil sorgulamaq, bunun qərarını vermək bizim səlahiyyətimiz deyil. Cənnət üçün ibadət etmək, yəni cənnətin varlığını qəbul edir deməkdi. Necə ki deist insanlar var. Yalnız Allah'ın varlığını qəbul edirlər, peyğəmbərlərin göndərilməsi, digər qayda və əməlləri isə qəbul etmirlər.

 

Amil - Cüneyid Bağdadi var İslamiyyətdə, böyük alimlərdəndi, bir adamdan soruşur ki, namazı niyə qılırsan, adam deyir, ləzzət alıram. Deyir, Sən abdulləzzətsən. Başqasından soruşur, deyir ki, rahat oluram namaz qılanda. Deyir, Sən də abdulrahatsan. Başqasından soruşur, deyir cənnət üçün qılıram. Deyir, sən də  abdulcənnətsən və artıq dözə bilmir və qışqırır ki bəs bu dünyada abdullah hardadı? Yəni kim nəyi arzulayırsa onun quluna çevrilir. Allahın qulu olmaqçun onun razılığına görə etməlisən hər şeyi, yəni müsəlman alimlərə görə belədi.

 

İnci - Bir türk hocası danışırdı. Kimsə dua edirmiş ki, “Cənnəti istəmirəm. Cənnət də yaradılandı.  Mən Səni istəyirəm Allah'ım.”

Lakin, Amil bəy, bir şey var ki, biz Cənnətə girmək üçün qılsaq da yenə Allah rızası üçün qılırıq. Çünki ibadətimizin qəbulu qarşılığında biz Cənnətə daxil oluruq. 

 

Harun - Ölüm hər biri insanın həyatının, ölümünün və sonrasının mənasını axtarır. Epikür, ateizm və İslam ölümü və həyatı fərqli izah edirlər, amma hamısında bir ortaq həqiqət var: Həyat, yalnız bu anın, bu dünyadakı təcrübənin qiymətini anlaya bilməkdədir. Cənnət və cəhənnəm anlayışları, insanların bu dünyadakı mövcudluqlarını necə dəyərləndirdiyinə bağlıdır. Ölüm, həyatın içindəki bu anlayışları sınayır və hər birimiz onun qarşısında öz fəlsəfəmizi formalaşdırırıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.