Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

 

4) Yüksək səviyyəli təhsil ala bilmək.

Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

“Tanımadıqlarınız” – bu rubrikada söhbət yalnız məhdud dairədə tanınan, amma geniş kütləyə məlum olmayan köhnə dövr sənətkarlarından gedir. Bu gün sizlərə Abdulla bəy Divanbəyoğlu barədə danışacağıq.

 

Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də _"Nəşri-maarif" və "Nicat"_ cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. 

 

Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906)və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül"_əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959).

 "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911)və s. hekayələri, "Parlaq ulduz" (1912)felyetonu və s. kimi əsərləri də vardır.

 

Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923–1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923–1927). 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir.

Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır.

Dövri mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir.

1934 -cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir. 

1936-cı il yanvarın 6-da vəfat etmişdir.

Allah rəhmət eləsin Amin.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Heyva yarpağı dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR 

§ Ət – 117 qr

§ Heyva yarpağı – 41 qr

§ Soğan – 17 qr

§ Düyü – 55 qr

§ Ağ reyhan – 20 qr

§ Mərzə – 5 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Içlik üçün çəkilmiş ət, düyü (və ya noxud ləpəsi), xırda doğranmış soğan, mərzə, ağ reyhan, istiot, duz qarışdırılır. Içlik heyva yarpaqlarının içərisinə qoyulur və bükülür. Heyva yarpağı dolması adətən uzunsov bü- külür.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.025)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Ədəbiyyatda gənclik müxtəlif janrlarla məhrəm münasibətə girmək deməkdir. Bir janrın içində qala-qala qocalmaq olar. Janrdan janra adlayanda isə yazıçıya, elə bil, yeni energiya gəlir. Fizika öyrədir ki, atomun hissəciyi öz orbitindən çıxıb o birinə sıçrayanda özündən enerji buraxır. Janrdan janra sıçrayan zaman, neytral zonada yazıçı da belə bir energiyanı hardansa alır. Həmən atomdan olmasın?!

2.

“Nəhayət, baxışın mənə dəyəndə

 Nəhayət, tanıdıq bir-birimizi.

O uzaq dənizin dibsizliyində

 Sən su pərisiydin, su pərisi.”

3.

Başlamağı bacarmaq kimi qurtarmağı da bacarmaq lazımdır. Hər şeyin əvvəli və sonu vardır. Biz bu əvvəl ilə sonun arasındayıq. Hərəmiz bir nöqtədə.

4.

Mən heç bir tələbəmi heç vaxt heç bir müəllimin ayağına verməyəcəyəm. Amma heç bir müəllimi də heç bir tələbənin ayağına vermərəm.

5.

Nizami, Nəsimi, Füzuli kimi neçə-neçə təfəkkür və mərifət sahibi üçün Vətən bütün dünya, bütün kainat idi. Bu insanlar dünyanı ölkələrə, insanlığı millətlərə, irqlərə, rənglərə bölmürdülər. Onlar üçün “müsəlmanlar və başqaları” bölgüsü yox idi. Bəlkə elə buna görə onlar bizim üçün belə əlçatmazdılar?!

6.

Ali məktəblərdə Azərbaycan dilinin saatlarını artırmaqdan söz düşəndə bunu, adətən, filoloji istiqamətdəki ixtisaslar üçün nəzərdə tuturlar. Əslində isə, Azərbaycan dili saatlarının filoloqlardan daha çox riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər, iqtisadçılar... üçün artırılması mexanizmini işləmək lazımdır.

7.

Ədəbi təhlildə “Bu, azərbaycanca deyil!” hökmünə son qoymaq lazımdır. Belə düşüncə tərzi bütövlükdə dil inkişafının qarşısına sədd çəkir. Əsərin dilində, əlbəttə ki, müəllif tərəfindən dərk edilmiş icazəli pərakəndəlik, hərc-mərclik olmalıdır. Aydın olan odur ki, “azərbaycanca deyil!” baş verməsə, azərbaycanca dərinləşə, genişlənə bilməz! Sığallı, ütülü bədii dil 20-ci əsrin ortalarında qaldı. İnkişaf nəyisə qırmaq, nədənsə vaz keçmək, oxucunu təkcə təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

          

 

Erməni filosof, şair və publisist M.Nalbandyan yazırdı: “Erməni qusanlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar. Qədim nəğmə və mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb”. Bəlkə də, elə buna görə fransız tarixçi J.Ş.Deserbye  qeyd edirmiş ki, ”Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir.” Bəs, görəsən, erməni qusanları (ozan sözünün təhrif olunmuş formasıdır)  niyə Azərbaycan dilinə möhtac qalmışdılar?

 

Bir ayrı yazımızda da qeyd etdiyimiz kimi, ermənilərdə aşıq sənəti olmayıb. “Təbii, bəzi ermənilər olub ki, Azərbaycan aşıqlarının yanında (çox zaman züy tutan balabançı və ya dəmkeş olaraq-İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur. Çünki ermənilərdə tarixən aşıq olmayıb”. Sonralar bu züy tutanlar, dəmkeşlər qusanlıq (aşıqlıq) etməyə cəhd göstəriblər. Daha doğrusu, Azərbaycan aşıq sənətini təqlid etməyə başlayıblar. Amma məcburən Azərbaycan (türk) dilində çalıb-oxuyublar. Çünki şəmkirli erməni qusan Yervantın Azərbaycan Aşıqlar Birliyinin sədri, professor M.Qasımlıya dediyi kimi, “erməni dili aşığa uyğun deyil, saza yatmır”. Təsəvvür edin, erməni qusanı ermənicədən narazıdır, bu dildə çalıb-oxuya bilmir! Elə bu fakt sazın sırf Azərbaycan (türk) hadisəsi olduğunu sübut etmirmi?! Erməni qusanlarının “əsərlərinin əksəriyyətinin türkcə” olması da üstəlik sübut deyilmi?!

Bizcə, bunun əsas səbəbi Azərbaycan dilinin coğrafi dairəsinin genişliliyi ilə yanaşı, ta qədimdən Qafqazda linqva franka,həm də şeir və musiqi dili  olmasıdır. Professor Q.Namazov “Erməni qusanları qoşmalarını azərbaycanca yaradırdılar” adlı məqaləsində haqlı olaraq yazır ki, “Türk-Azərbaycan dilinin təsir dairəsi o qədər əhatəli idi ki, istər-istəməz azərbaycanlılarla qonşu olan başqa xalqlar da bu dildən  ünsiyyət vasitəsi, həm də fikrin poetik ifadəçisi kimi istifadə edirdilər. Azərbaycan xalq şeiri və ozan-aşıq lirikası Yaxın Şərqdə elə geniş bir vüsət almışdı ki, hətta erməni qusanlarının əksəriyyəti şeirlərini bu dildə yaradır, erməni əlifbası ilə yazıya köçürürdülər”. Ermənilərin özlərinin tarixçisi, professor A.Babaxanyan deyirdi ki, “Erməni qusan yaradıcılığının az bir hissəsi, hətta demək olar ki, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onların əsərlərinin əksəriyyəti türkcədir (azərbaycancadır)”.     

Azərbaycan (türk) dilinin erməni dilinə təsirinin tarixi isə çox qədimlərə gedib çıxır. Bu barədə ilk tədqiqatın müəllifi, XIX əsrdə yaşamış alman alimi, doktor Mordman yazırdı: “Məlumdur ki, ermənilər hind-Avropa mənşəli xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəsrlik əlaqə nəticəsində alınmış sözləri yox, eramızın IV, V, VI və VII əsrlərində erməni dilində işlənən Turan sözlərini nəzərdə tuturam”. Sonrakı əsrlərdə də “qədim erməni dili” həmişə Azərbaycan və digər türk dillərinə möhtac olmuşdur. Dilçi H.A.Acaryan 1926-cı ildə Bakıda keçirilmiş I Beynəlxalq Türkoloji qurultayda “Türk və erməni dillərinin qarşılıqlı əlaqələri” mövzusunda rus dilində etdiyi məruzəsində göstərirdi ki, “Adətən, bir dil başqa dildən isim, sifət, nadir hallarda feilləri alır. Erməni dili isə bunlarla yanaşı, türk dillərindən miqdar, sıra sayları, zərf və bağlayıcıları da almışdır. Azərbaycan və digər türk dillərinin erməni dilinə təsiri təkcə leksik alınmalardan ibarət deyil, erməni dilinin qrammatikası və fonetikası da bu dillərin güclü təsirinə məruz qalmışdır”.

Ona görə də realist erməni ədəbiyyatının banisi X.Abovyan: “Dilimizin yarısı Azərbaycan sözləridir. Onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl,zərb-məsəlləri azərbaycanca deyirlər. Azərbaycan dili bizdə o qədər yayılmışdır ki,bu dili hətta qadınlar və uşaqlar belə başa düşürlər. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (azərbaycanca) şeir yaratmaları və oxumaları çox təbii bir haldır. Öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar (Azərbaycan) dili başqa dillər arasında ən yaxşısıdır”,- deyirdi.   

Mənbələr göstərir ki, ermənilərin Azərbaycan dilində şeir yazmalarının və çalıb-oxumalarının da tarixi çox əvvəllərə gedib çıxır. Məsələn, hələ XIII əsrdəyaşamış Hovanes Zəncanlı «Məryəm» adlı şeirini azərbaycanca yazıb. Yenə həmin əsrdə Azərbaycan türkcəsində yazmış erməni şairi B.H.Yerzinqasinin şeirlərində Allaha “Tenqri”, Məryəmə “Tenqri anası” deyə dualar edilir, erməni qaynaqlarında təsadüf edilən azərbaycanca mənzumənin («Molla oğlu ilə keşiş qızının deyişməsi») məzmunu isə «Əsli-Kərəm» dastanının motivlərini xatırladır. XIV-XVIII əsrlərdə H.Tlkuransi, K.Yerzinkatsi, M.Naqaş və D.Bağişetsi, K.Axtamaretsi və V.Qucağ, D.Murad,, N.Ovnatan, S.Nova, Miran, Bağıroğlu, Əmiroğlu, Q.Yeqaz, T.Dədə, Ş.Meleko, K.Nova, Q.Hovanes və başqa onlarla erməni qusanları yaşamış, azərbaycanca (türkcə) yazıb-yaratmışlar. Bunlar “tək bir səbəbdən qusan idilər ki, öz məşhur əsərlərini onlar üçün anlaşılan dildə”, yəni Azərbaycan (türk) dilində ifa edirdilər” (tarixçi, professor Leo) 

İntibah dövründə Azərbaycan şifahi xalq ədəbiyyatının, eləcə də aşıq yaradıcılığının çiçəklənməsi və daha da inkişaf etməsi nəticəsində azərbaycanca çalıb-oxuyan erməni qusanlarının (aşıq deməyə də adamın dili gəlmir) da sayı artmışdı. Belə ki, həmin dövrlərdə Türkiyədə və Cənubi Qafqazda Anadolu və Azərbaycan türk ləhcəsi ilə yazıb-oxuyan yüzlərlə erməni qusanı yaşamışdır. Azərbaycanca şeir qoşan və oxuyan ermənilərin sayının getdikcə artmasının birinci və əsas səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazda əsas işlək dilin (linqva franka) Azərbaycan dili olması, ikinci səbəbi erməni dilli dinləyici və tamaşaçı auditoriyasının məhdudluğu idi. Üçüncü səbəb isə XIX əsrin birinci yarısınadək müasir erməni ədəbi dilinin – aşxarabarın formalaşmaması, əski erməni ləhcəsini – qraparı isə sadə və savadı olmayan ermənilərin başa düşməməsi sayıla bilər.  Beləliklə, Azərbaycan dilində yazıb-oxumaqdan başqa yol qalmırdı. Erməni qusanları ancaq Azərbaycan dilinin köməyi ilə özlərinə çoxlu dinləyici və tamaşaçı toplaya bilirdilər. Təsadüfi deyildir ki, erməni publisisti və ədəbiyyatşünası A.Arşaruni “Nizami və erməni ədəbiyyatı” adlı yazısında etiraf edirdi ki, “Azərbaycan dili, demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks-təqdirdə onlar dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmazdı”. Deməli, erməni qusanlarının azərbaycanca yazması movcud şəraitlə və həyati zərurətlə bağlı olub.     

Onu daqeyd edək ki, erməni qusanlarının Azərbaycan dilində yazıb-yaratmalarına    movcud siyasi həyatın da ciddi təsiri olmuşdur. Xüsusən XVI əsrdə mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması, Səfəvilər sülaləsinin ilk hökmdarı Şah İsmayılın hakimyyətə gəlməsi, ölkənin sosial-iqtisadi və mədəni həyatında dəyişikliklərin baş verməsi, şahın özünün də ədəbiyyat və incəsənətlə maraqlanması və ana dilində şeirlər yazması, saz-söz ustalarını öz sarayına toplayaraq onlara himayəçilik etməsi, Azərbaycan dilinin dövlət dili elan olunması və bu dilin Səfəvilər dövlətində yaşayan bütün xalqlar (o cümlədən ermənilər) arasında əsas ünsiyyət vasitəsi olması və s. prosesə təsirsiz qalmamış və bu, erməni qusanlarının da azərbaycanca yazmasına stimul yaratmışdı. 

Sonrakı dövrlərdə də türk-Azərbaycan dilinin coğrafi təsir dairəsi geniş və əhatəli olmaqda qalmış, azərbaycanca yazan erməni aşıqlarının sayı artmaqda davam etmişdir. Matenadaranda və Ermənistan arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri doktoru İ.Abbasov qeyd edir ki, XVII-XIX əsrlərə aid elə bir erməni əlyazması yoxdur ki, orada erməni əlifbasında Azərbaycan xalqının qədim nəğmələrinə təsadüf edilməsin. 

Bütün ölkədə olduğu kimi, ermənilərin sıx yaşadıqları İrəvan və Qarabağ xanlıqlarının ərazisində də Azərbaycan dili həmişə dominant olub. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopenin Azərbaycan dilinin yayılma arealı haqqında qeydləri də bunu sübut edir. Görkəmli yazıcımız Y.V.Çəmənzəminli də “Azərbaycan ədəbiyyatında erməni müəllifləri” adlı əlyazmasında qeyd edirdi ki, “Ermənilər, gürcülər və rus mühacirləri bir-birinə yavuqlaşdıqda onların dilək və arzularına yeganə tərcüman olan türkcəmizdir”. 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı A.Haksthauzen isə yazırdı: “Ermənilər öz mahnılarını ermənicə yox, tatar (türk) danışıq dilində qoşur və oxuyurlar, çünki məhz bu dil Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və anlaşma dilidir. Bu nöqteyi-nəzərdən Azərbaycan dili Avropada geniş işlənən fransız dili ilə müqaisəyə gələ bilər. Bununla bərabər, bu dil xüsusi poeziya dilidir. Çox güman ki, erməni şerlərinin zəif yayılmasının səbəbi məhz bundadır, ən məşhur erməni şairləri, əsərlərinin geniş yayılması üçün həmişə tatarca (azərbaycanca) yazırdılar”. 

Azərbaycan dilinin üstünlüyü XX əsrdə də davam etmişdir. Həmin əsrin əvvəllərində yaşamış erməni yazıçısı və pedaqoqu Q.Acayan bildirirdi ki, indi də “Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir, ona görə də biz türkcə oxuyuruq”. Acaryanın bu sözləri danılmaz tarixi həqiqəti əks etdirir.

Y.Ramazanov özünün “Azərbaycan dilində yazıb-yaradan erməni aşıqları” əsərində qusanların Azərbaycan dilində yazmalarının digər səbəblərindən birini də ermənicənin şeir dili kimi  yoxsul, (Akademik N.Y.Marr erməni xalqı kimi erməni dilini də hibrid dil adlandırırdi.) Azərbaycan dilinin isə poeziya üçün “əlverişli və qabil dil” olmasında, dilimizin zənginliyində, finksoinal imkanlarının genişliyində, ecazkarlığında, poetikliyində və musiqili ahəngdarlığında görürdü.

Bu həqiqəti erməni akademik M.Abeğyan da etiraf etməyə məcbur olmuşdu. O,“Xalq nəğmələri” adlı əsərində belə yazırdı: “Bədbəxtlikdən dilimiz qafiyə cəhətdən yoxsuldur. Həmahəng sözlər məhdud miqdardadır. Bu səbəbdən də xalq çox zaman qafiyə üçün tanış olduğu türk (Azərbaycan) dilinə müraciət edir”.Professor A.Babaxanyan isə əlavə edərək deyirdi ki, “Qusanlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etməkdən ötrü türk dili erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və dahazəngindir”.

Ümumiyyətlə, tədqiqatların nəticəsində XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə yazıb-oxuyan 400-ə (G.Tarverdiyana görə, 1300 nəfərə) yaxın erməni qusanı müəyyən edilmişdir.  

Əlbəttə, ermənilərin Azərbaycan dilində oxuyub-yazmasında ədəbi-mədəni əlaqələrin təsiri də olub. Akademik B.M.Jirmunski yazırdı ki, “heç bir milli ədəbiyyat, başqa xalqların ədəbiyyatı ilə canlı, yaradıcı və qarşılıqlı təsirdən kənar inkişaf etməmişdir”. Y.Ramazanov yuxarıda adını göstərdiyimiz əsərində qeyd edir ki, qusanların Azərbaycan dilində yazması həm də “ədəbi-mədəni əlaqələrin folklordaki təzahür əlamətlərindəndir”, Ə.Yeravanlı da bunu ədəbi əlaqələrin “ən parlaq təzahürlərdən” sayır. Folklorşünas alim H.İsmayılov isə dastanlarda olan şeirlərin ermənilər arasında geniş yayılmasını ermənilərin daima Azərbaycan-türk mədəniyyətinə tarixi bağlılığı, bədii düşüncələrin kasadçılığı üzündən folklorumuza möhtac qalması ilə əsaslandırır. Bunları erməni alimləri özləri də təsdiq edirlər. Ədəbiyyatşünas M.Canaşyan və erməni din xadimi, folklor toplayıcısı, naşir T.Y.Balean yazırdılar ki, erməni “qusan yaradıcılığı türk təsiri altında olub”. A.Arşaruni və M.Nalbandiyan bu təsirin mahiyyətini açıqlayaraq deyirdilər: ”Erməni xalqı daim Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir, bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşmışdır”. “Erməni qusanları hər zaman azərbaycanlı ustadlarının yaradıcılığına söykəniblər”.

Ümumiyyətlə, erməni folkloruna Azərbaycan aşıq ədəbiyyatının təsiri, erməni qusanlarının Azərbaycan aşıq sənətinin ənənələrindən bəhrələnmələri - lap düzü oğurluqları sübuta ehtiyacı olmayan aksiomadır. Nə etsinlər, özlərində olmayıb, istəyiblər ki, onların da aşıq sənəti olsun, amma bu sənəti yaratmağa iqtidarları çatmayıb, ona görə də oğurlamağa məcbur olublar. Öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, “cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşqul olan, şimal vəhşiləri kimi ov hesabına yaşayan”lardan bundan artıq nə gözləmək olardı?! 

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

Среда, 08 Январь 2025 12:47

BİR MƏKTUB, BİR ŞEİR – Ayxanın “Nöqtə”si

“Ədəbiyyat və incəsənət” portalının BİR MƏKTUB, BİR ŞEİR rubrikasında sizlərə AYB üzvü Ayxanın “Nöqtə” şeirini təqdim edirik.

 

 

Nöqtə

 

Abzasdan başlayaq,

                    bir tire qoyaq.

Yazaq ...

                 biraz səndən,

                 biraz da məndən.

Sənli fikirlərdə vergüllər olsun,

Qoyulsun üç nöqtə,

                  yenidən davam eləsin,

sənli düşüncələr heç vaxt bitməsin.

Məndən yazılanda ...

Sözdə həmişə,

                      qoşa nöqtə olsun.

Davamı səninlə -

                         səndən başlasın.

Dırnaq işarəsi açılsın hərdən,

Bizi yox, sevgini tərənnüm etsin,

Bizə məhəbbətin dərsin öyrətsin.

 

Bizli fikirlərdə nöqtə olmasın,

Fikir tükənəndə nöqtə qoyular.

Bir gün gələr,

                ölüm bizə qonaq olar,

O zaman, sualsız - nöqtə qoyular.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə,  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılıb.

Daha sonra azərbaycanlıları həmrəyliyə səsləyən video çarx nümayiş olunub.

Danimarkada yaşayan azyaşlı soydaşlarımıza bayram hədiyyələri verilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

Среда, 08 Январь 2025 11:14

ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Cəmil Həşimli

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Cəmil Həşimliyə ithaf olunub. 

 

CƏMİL ƏFLATUN OĞLU HƏŞİMLİ

(11.08.1995.-05.10.2020.)

Kürdəmir şəhərindən olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Qarabağın azad

edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

OLDUN ÜZÜAĞ, CƏMİL

Ömrün qısa olsa da, zəngin, mənalı oldu,

Elə hünər göstərdin, sevgin qəlblərə doldu.

Vətən sevgisi səni qoçaq, cürətli etdi,

Yurdumun hər yerində şanlı-şöhrətli etdi.

Uşaqlıqdan ağıllı, sadə, mehriban idin,

Hamı sevirdi səni, şirindil oğlan idin.

Həmişə düşünürdün - əsirdi torpağımız,

İntizarla gözləyir bizi, Qarabağımız.

Qarabağı düşməndən biz azad etməliyik,

Lazım gəlsə, yolunda ölümə getməliyik.

Həyatını hərbiyə bağladın saf amalla,

Gizirtək xidmət etdin, ləyaqətlə, kamalla.

Başladı müharibə- xalqımızın haqq işi,

Dünya özü gördü ki, kim qorxaqdır, kim “kişi”.

Minlərlə əsgər kimi göstərdin hünər, Cəmil,

Xeyir qələbə çaldı, məğlub oldu şər, Cəmil.

Dostların heyran oldu səndəki cəsarətə,

Torpaq yolunda yetdin əbədi şəhadətə.

Hünərinlə ucaltdın doğma eli, obanı,

Səni qoynuna alıb Şəhidlər Xiyabanı.

Ömrün qısa olsa da, oldun üzüağ, Cəmil

Kürdəmirdə açılıb adına bulaq, Cəmil.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan İsmayıl Pilpayədir.

 

 

İsmayıl Pilpayə

Muğan

 

 

Xatirə

Çıxmaz bir küçədir

Diş ağrısından da ağrılı, xatirədir.

 

Xatirə

Arazın o tayından gedən tirendir

Son görüşü

Bitirəndir.

 

Xatirə

İlk müəllimdir

Və mənlə oturan bir qız.

Ayaqlanmış bir güldür

Uşaqlıq bağında

Yeyilməmiş bir alma

Və alınmamış öpüşün həsrəti

Anların payızlığında.

 

Xatirə

Həsrətlə qarışıb

Axşam çağı pəncərədən qalxan

Hər səhər adamı yuxudan çağıran

Titrəməkdir küçə başında

Sevməkdir qorxa-qorxa

İlk “Alo”-dur telefonda.

 

Xatirə

Uduzmaq dəyəridir

Susqun və bom-boş əllərlə

Enməkdir dərəyə.

 

Xatirə

Bağlanmış bir pəncərədir

Gün çıxana

Bir ulduzdur, sönməyəcək

Düşməyəcək bu eyvana.

 

Xatirə

Açılmayan bir boğçadır

Damcı-damcı

Gözlərindən aslanır

Yavaş-yavaş boy atır.

 

Xatirə

Daşlar arasında cücərir

Ağrı doğan bir fəhlədir

Həm gündüzdür,

Həm gecədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

ABŞ-nin Florida ştatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Florida Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə soydaşlarımızla yanaşı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasının nümayəndəsi Cenifer Viskara və Türkiyənin konsulu Rəsul Şahinol ailə üzvləri ilə birgə iştirak ediblər.

Tədbirdə çıxış edənlər hər iki bayram münasibətilə Azərbaycan xalqına təbriklərini, sülh və əmin-amanlıq arzularını çatdırıblar.

Mayamidə yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçilər Xan Bəyli və Nərgiz Denton öz maraqlı ifaları ilə tədbirə əlavə rəng qatıblar.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.