
Super User
“Sevgi ayrılıqdan güclüdü vallah - BABA VƏZİROĞLUNUN DOĞUM GÜNÜDÜR
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan, burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan, ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.
Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan, inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.
Qorxu intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.
Nə fərqi yaxınam, ya da uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm, o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü vallah.
Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.
Bu gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, şeirləri musiqi notları ilə qanadlanıb könüllər oxşayan əməkdar incəsənət xadimi, tərcüməçi, nasir, şair, ssenarist Baba Vəziroğlunun doğum günüdür.
“Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.
Mənsimov Baba Vəzir oğlu 10 yanvar 1954-cu ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləmiş və 1971-ci ildə oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmişdir.
1972-1977-ci illərdə Universitetin jurnalistika fakültəsində təhsil almışdır.
Şair ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz" jurnalında çap etdirdiyi hekayələri ilə başlamışdır.
Nasir, şair, tərcüməçi, kinodramaturq kimi fəaliyyət göstərən Baba Vəziroğlu 1 avqust 2005-ci ildə əməkdar incəsənət xadimi adını almış, 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni,
11 yanvar 2024-cü ildə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif olunmuşdur. O, həmçinin Azərbaycan Kinomotoqrafçılar ittifaqının idarə heyyətinin katibidir.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
“Ana köçünü yığır” – SƏNƏDLİ HEKAYƏ
Günəş Kərim 1993-cü ildə Şəmkir rayonu Ələsgərli kəndində dünyaya gəlib. Əslən Göyçə mahalı Basarkeçər rayonu Dərə kəndindəndir. Orta təhsilə Ələsgərli kənd Nəsir Nəsirov adına orta məktəbdə başlayıb. Gəncə Humanitar Kollecinin “Maliyyə işi” fakültəsini bitirib. Əməkdar rəssam Nazim Babayevdən rəssamlıq dərsləri alıb. Göyçə həsrətindən bəhs edən “Ana köçünü yığır” hekayəsi sənədli hekayədir. Ona görə də təsiri daha çox, ağrısı daha dərindir. Həm də, sənədli olduğu üçün, ümidi da daha çoxdur.
(Anam Güldərən Vəlinin Göyçə ümidinə ehtiramla... )
Ana yenə balalarını başına yığmışdı.
İş-güc, ailə yükü, ev qayğısı, dolanışıq dərdi deyərkən, yalnız indi - bayram tətilində analarının başına yığılmışdı altı uşaq. Və hamısı da bir ayağı qaçaraq; evlərinin qapısını bağlayıb çıxmışdılar, qış idi, bunun suyunun donması var, bunun yolların buzlaması var, buzlamadan da betər, tıxacda qalmağı var...
Balalarının hamısının ürəyini öz evlərində qoyub gəldiklərini bilsə də, ana sevinməyindən qalmırdı, qalammırdı. Bilirdi ki, ən gec gedəni, cəmi, iki gecə yatacaq onun evində. Sonra yenə qalacaq bu evdə tək... Böyük oğlu da, kiçik oğlu da, bir həyətdə iki evi olan ortancıl qızı da dəfələrlə ona: “Tək yaşamaq səninçün çətindi, gəl, gedək, yanımızda qal!”-demişdilər... Amma o, köçmək istəmirdi. Daha doğrusu, köçməyə heyi qalmadığını anlayırdı. İndən belə, bircə dəfə köç yığa, daşıya bilərdi ki, onda da üzü Göyçəyə... Qoyub gəldiyi yurduna... Qapısını ehmalca çəkib örtdüyü, qıfıl vurmağa belə, ürəyi gəlmədiyi evinə... Basarkeçər rayonunun Dərə kəndindəki ikiotaqlı, bir aynabəndli, əhəng suvaqlı öz evinə... Və o, bu niyyətini balalarına açıqlamırdı...
...Ana yenə balalarını başına yığmışdı. Hərəsi öz evində nə bişirərdi, nə yeyərdi, özləri bilərdi, burada-ananın evində mütləq Göyçə yeməkləri bişməliydi. Motal şoru kərə yağının yanına qoyular, axşamdan qurud islanar, səhər əzilər, kalapıra kəklikotu ovucla tökülər, dovğaya yarpız qurusu ovxalanardı. Bu dadlar, bu qoxular neçə illərdi ki, Göyçədən danışardı altı uşağa; onlardan üçü Göyçədə doğulmasa da...
Ayağı o torpağa dəyməyən, ordakı bulaqların suyunu içməyən üç uşaq da hər yerdə şəstlə sinələrinə döyür, “Göyçədənəm!” deyirdilər. Hə, onlar Göyçədən idilər! Çünki anaları onları əsl göyçəli kimi böyütmüşdü; bunu bacarmışdı...
Göyçədən çıxanda köç yığmamışdı ana. Gecə ilə kəndə hay düşmüşdü: “Dığalar gəlir, arvad-uşağı, qız-gəlini kənddən çıxarın!” Kolxozun yük maşınlarının üstünü çadırlayan kişilər arvadlarını, qızlarını ən birinci yola salmışdılar üzü bəriyə-Odlar Yurduna doğru. Sonrakı maşınlarda uşaqlar, əldən-ayaqdan düşmüş qocalar gəlmişdilər. Günlər sonra olmuşdu hər ailənin başı papaqlısının gəlməyi... Son anadək kəndin dörd yanına ətdən çəpər çəkmiş, ulu yurddan çıxmaq istəməmişdilər. Amma o “son an” yüyrək gəlib çatmışdı... Onlar da yurdlarına bircə dəfə əl eyləyə bilmişdilər....Bu yellənən əl “qayıdacağıq” vədi vermişdi...Vədi verənlərin çoxu dünyasını dəyişmişdi, amma vəd qudsal miras kimi nəsildən-nəsilə ötürülməkdə idi.
...Ana yenə balalarını başına yığmışdı.
-Ana, şəkil albomlarını gətir, bir vərəqləyək!-Qurudlu xəngəlin həliminə soğança qatıb içəndən sonra demişdi böyük oğlu.
Ana ayağa qalxmamış kiçik qızı yerindən sıçramışdı:
-Bu dəqiqə gətirərəm, qaqa!
Hamısı bilirdi albomların yerini... Ananın Göyçədən çıxanda özüylə götürdüyü yeganə əşyada - uşaqlarının dəyişəyini yığdığı qara, dəri çemodanda idi. Dəyişəklərin altında gəlmişdi o albomlar... Uşaqların hərəsi bir ev sahibi olmuşdu, amma albomlar Göyçədə qoyulduqları yerdə idilər hələ - qara çemodanda...
Hər vərəqdə ana bir xatirə danışırdı...Albomun hansı vərəqində hansı şəkil olduğuna baxmağına gərək də yox idi; ana o şəkilləri də xatirələrinə yerləşdirmişdi çoxdan.
-Orda “məntəqəyə” gedirdik əmim oğlanlarıyla. Əmim kolxozda “baş çoban” idi, sürüsünü “məntəqəyə” gətirərdi, biz də ona evdən yemək aparardıq.
Uşaqlar ağ-qara şəklə yenə diqqətlə baxır, həmişəki kimi, indi də, əvvəllər görmədikləri bir nüans tapır, uzun-uzadı müzakirə edirdilər:
-Bax, Müşfiq əminin papağının qabağı əyilibmiş!
-Bəlkə də, özü əyib? Günlük günüydümü, ana?
-Hə...Gün işığında yol elə ağarırdı ki, elə bil əhəng tökmüşdülər, -Ana xəyalən o yolu bir də keçir, o gündə bir də yanırdı...
-Sabah səhər yola çıxacağam mən, gərək, qaçam, bir hörük əvəlik alam bazarın başından. Ay ana, bu bayram günlərində bazarın başına Daşkəsən alverçiləri gəlir? -Ortancıl qızı hörüyəgəlməz saçlarını qarışdıra-qarışdıra dedi.
Hamı susdu... Beş uşağın hamısı ürəyində ortancıl bacıya minnətdar oldular ki, getmək söhbətini ilk olaraq, məhz o, ortalığa atdı. Ana qızına cavab verməyə macal tapmamış, kiçik oğlu baxışlarını aşağı salaraq mızıldandı:
-Mən də sabah günortaya qalmaram, yəqin. O birisi gün işə çıxmalıyam, sabah axşam evdə bir-iki kişi işi var, onları yoluna qoyum, -Sonra da izahata keçdi:-Əlüzyuyanın altından su sızır, onu düzəltməliyəm, darvazanın kilidini dəyişməliyəm, açarı əyir, keyfiyyətsiz çıxıb.
Ana ayağa qalxdı. Artıq bilirdi ki, sabah hərəsi bir ayrı saatda olsa da, balaları başından dağılışacaq... Ayağa qalxması ilə o biri uşaqlarına bildirmək istəyirdi ki, “gedəcəyinizi anlayıram, deməsəniz də olar”.
Anlar keçdi... Ana əmin idi ki, balalarının ürəyi doludu, amma hamısı da onunla tək qalmaq, ürəyini təkcə ona açmaq istəyir. Hə, o, bütün uşaqları üçün “səbir daşı” idi...
Ana qayıdıb yerində oturanda altı uşağın hamısı rahat nəfəs aldı. Sükunətin hökmranlığı altında keçən anlarda hər ürəkdə bir ayrı giley, bir ayrı dərd, bir ayrı narahatlıq baş qaldırdı, amma bütün ürəklərin şükranlığı ortaq idi: “Bu bayramda da anamızın yanında ola bildik!”
-Aid olmaq hissi nədir, bilirsinizmi? -Ana sözə başladı: -Nəyinsə bir parçası olmaq, məsələn... “İnsan keçmişiylə yaşayar” deyirlər. Düz deyirlər... İnsanın bu gün kim olmağı, nə olmağı onun dünəni qədər bilinər. Hər ağac öz topağında bitər. Heç dağ yamacında əncir ağacı görmüsünüzmü? Yox! Dağ yamacının ən gözəl yaraşığı yabanı badamdır, üçbucaq fıstıqdır, əzgildir, quşburnu koludur.
Uşaqlar hələ süfrədən yığışdırılmamış həlim stəkanlarına baxır, analarının sözlərindəki özəyi anlamağa çalışırdılar... Ana danışmağında idi:
-Vətən kimin üçünsə ana, kimin üçünsə doğulduğu yer, yaşadığı yerdir... Mənim üçün isə zorla qoparılıb ayrıldığım, daima xəyalımda gedib gəzdiyim yerdir... Oxuduğum məktəb, barını dərib yediyim ağaclar elə tez-tez yuxuma girir ki!
Ana susdu... Köks ötürdü... Başlarını qaldırıb analarına baxmasalar da, uşaqlar əmin idi ki, bu dəqiqə analarının gözlərində yaş silələnib. Bilirdilər... Onların da qəhəri şahə qalxmışdı axı...
-Mən Göyçədən köçmədim... -Ana sözə pıçıltıyla davam etdi: -Yurdumu qoyub, qaçdım... Hə, qaçdım... Zalımın zülmündən, pis tamahın doymazlığından, qonşusuna xəyanət edənin xainliyindən qaçdım. Hə, köç yığmadım mən Göyçədən çıxanda. Paltarlarım dolabda, qazanım ocaqda, pendirim dələmə qaldı. Bir də, ruhumun bütövlüyü qaldı orada. Mən o gündən bəri yarım ruhla yaşadım hər şeyi. Azərbaycanımın köksündən qoparılan hər qarış torpaq dərd oldu, qalaqlandı Göyçə dərdimin üstünə. Yeni paltarlar, yeni əşyalar aldım, gün gəldi, yeni evim də oldu, amma mən heç yerə sığammadım. Yarım ruhla yaşayan sərgərdan olar... Yarım ruhla yaşayan laməkan olar...
Ana susdu... Sükunət yenə havadan asıldı... Balalardan heç biri sözə başlamağa, nəsə deməyə cürət edəmmədi; halbuki, hamısı öz içində özüylə danışırdı... Ortancıl qız ayağa qalxıb mızıldandı:
-Anamın toxunma nimtənəsini gətirim, kürəyinə atsın...
Onun ananın yataq otağına girməyiylə çıxmağı bir oldu. Əlində nimtənə yox idi, amma çöhrəsində tanıdığı dünya boyda təəccüb vardı:
-Anam köçünü yığır...-deyə bildi çətinliklə.
Uşaqlar bir-birlərinə baxdılar. Əvvəlcə, baxışlarında heyrət göründü, ardınca bu heyrət özünü sevincə təslim etdi:
-Mənimlə gedəcək! -Böyük oğul ayağa qalxdı.
-Mənim oğlum “nənə” deyə ağlayır gecə-gündüz! -Kiçik oğul ayağa durmasa da, belini dikəltdi.
-Mənim evimdə rahat olur anam, -Böyük qız arxayınlıqla dedi.
-Heç birinizlə getmirəm! -Ananın səsindəki qətiyyət uşaqların mübahisəsini başlamamış bitirdi.
Ayağa qalxanlar qayıdıb yerlərində oturdular. Oturmaqdan da ötə, büzüşdülər... Ana albomun açıq səhifəsindəki şəklin üstünə qoydu əlini. Bu, onun gənclik şəkillərindən biri idi... Ayaqyalın, başıaçıq Göyçə gölünün ləpədöyənində durmuşdu.
-Şükür Allaha! Qarabağımıza qovuşduq, yağı əlində bir qarış torpağımız da qalmadı. Baxıram, televizorda tez-tez göstərirlər Füzuliyə, Laçına qayıdanları. Hələ qayıtmayanların hamısı köçünü yığıb, hazır durub, yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Mən də köçümü indidən yığmışam ki, “Göyçəyə qayıdırıq!” deyiləndə gecikməyim.
Ananın səsindəki inam, nəinki, dünyaya, heç kainata da sığası deyildi!
(Bakı, 2024)
Şəkil həmin şəkildir: Ana albomun açıq səhifəsindəki şəklin üstünə qoydu əlini. Bu, onun gənclik şəkillərindən biri idi... Ayaqyalın, başıaçıq Göyçə gölünün ləpədöyənində durmuşdu.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Sabah Pantomima Teatrında “GİL” tamaşasının premyerası olacaq
Sabah - yanvarın 11-də Azərbaycan Dövlət Pantomima Teatrında “GİL” monotamaşasının premyerası keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Məlumatda bildirilir ki, tamaşa Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunub.
Əsərin müəllifi Pərviz Seyidli, tamaşanın rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, rəssamı Xəyyam Səmədov, geyim üzrə rəssamı Aygün Mahmudova, xoreoqrafı Elnur İsmayılov, bəstəkarı Əflatun Abdullayevdir.
Tamaşa yanvarın 12, 18, 19 və 26-da yenidən teatrın səhnəsində oynanılacaq.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
“Nadir muğam ifaçıları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Beynəlxalq Muğam Mərkəzində (BMM) “Nadir muğam ifaçıları” layihəsi çərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan tədbir keçirilib.
Mərkəzdən AzərTAC-a bildirilib ki, tədbirdə BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək rəhbərlik etdiyi sənət məbədində mütəmadi olaraq ustad xanəndələrin, muğam ifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açan S.Paşazadə bildirdib ki, onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb: “Hacıbaba Hüseynov xalq yaradıcılığına da böyük diqqət verib. Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq, bu sənət əsərlərinin tanınmasına və sevilməsinə zəmin yaradıb”.
Tədbirdə Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Əməkdar artist Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşərək unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xəti olduğunu vurğulayıblar. Bildirilib ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var.
Natiqlər, həmçinin Hacıbaba Hüseynovun gənc muğam ifaçılarının yetişməsi istiqamətində bir müəllim kimi yorulmaz fəaliyyətini də xüsusi qeyd ediblər.
Xalq artisti Teyyub Aslanovun, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndə Elbrus Niftəliyevin Hacıbaba Hüseynovun repertuarından təqdim etdikləri rəngarəng ifalar tədbir iştirakçılarının könlünü oxşayıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət , Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu və Əməkdar artist Emil Əfrasiyab müşayiət edib.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
CBC telekanalının sənədli filmi beynəlxalq festivalın 2 mükafatına namizəddir
CBC telekanalının “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” sənədli filmi FEEDBACK beynəlxalq sənədli filmlər festivalında “Ən yaxşı sənədli film” və “Ən yaxşı qadın ssenarist” nominasiyalarında seçim mərhələsini uğurla keçib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” sənədli filmi 2023-cü ilin oktyabrında Yaxın Şərqdə baş vermiş faciəvi hadisələrdən bəhs edir. Filmin ssenari müəllifi və prodüseri, jurnalist Elmira Musazadə baş verənlərə aydınlıq gətirmək üçün İsrailə, Kibbutz Beeriyə gedir.
Film israillilərlə fələstinlilər arasında köklü münaqişəni araşdırır, onilliklər boyu davam edən siyasi parçalanmaların və həll olunmamış tarixi problemlərin yaratdığı bəşəri faciələri üzə çıxarır. Müəlliflər cəbhə xəttində yaşayan insanların şəxsi hekayələrini işıqlandırır, eləcə də sülhə olan ümidlərdən danışırlar.
“Bu film sadəcə hadisələrin xronikası deyil, həm də insanların dözümlülüyünü, onların arzularını və sülh arzusunu xatırladır. İstəyirik ki, tamaşaçılar xəbər başlıqlarının arxasında ümidsizlik həddində yaşayan, lakin hələ də sülhə inanan insanların hisslərini, ümidlərini və arzularını görsünlər”, - deyə filmin rejissoru Vüqar Xəlilov qeyd edir.
Ssenarist və prodüser Elmira Musazadə əlavə edir: “Biz istəyirik ki, tamaşaçılar hər hekayənin arxasında təkcə statistika deyil, canlı insan görsünlər. Ümid edirik ki, bu film hər münaqişənin arxasında sülh içində yaşamaq istəyən insanların olduğunu xatırladacaq”.
FEEDBACK Female Film Festival – qadın kinorejissor və ssenaristlərin əsərlərini təqdim edən beynəlxalq festivaldır.
Beynəlxalq sənədli filmlər festivalına namizəd olan “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” CBC-nin istehsal etdiyi ilk sənədli film deyil. Ötən il telekanalın bir neçə sənədli filmi nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb ki, onların arasında Türkiyə Beynəlxalq İpək Yolu Film Festivalının (İnternational Silk Road Film Festival) ən yaxşı sənədli filmi olmuş və ABŞ-ın Nyu- York Beynəlxalq Film Mükafatlarının (New York International Film Awards) müsabiqə proqramının iştirakçısı olan “Türk damğaları”, Xorvatiyanın Smaragdni eko film festivalı, Malayziya Beynəlxalq Kuala Lumpur Eko Film Festivalı (Eco Film Fest) və Braziliyada keçirilən Ecocine – Ətraf Mühit və İnsan Haqları Film Festivalının (Ecocine – Environment and Human Rights Film Festival) müsabiqə proqramının iştirakçısı olmuş “Urmiya necə ölür”, eləcə də Türkiyənin Nartuqan Film Festivalının müsabiqə proqramının iştirakçısı olmuş “Türkiyədə faciə” sənədli filmləri var. Beynəlxalq festival meydanında diqqəti cəlb edən CBC filmləri arasında Los-Ancelesdə keçirilən IndieX Film Fest beynəlxalq qısametrajlı film festivalında “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı montaj” iki nominasiyada mükafata layiq görülmüş İrəvanın tarixindən bəhs edən “İrəvanın gizli irsi” filmini də qeyd etmək lazımdır. Müəllif və ssenarist Elşən Rüstəmovun bu ekran əsəri həm də Amsterdamda keçirilən nüfuzlu Around Beynəlxalq Film Festivalının (Around International Film Festival) finalçısı olub.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
yashat.gov.az portalı və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 4 il ötür
8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Bu günə qədər Çağrı Mərkəzinə 242 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 66 000-dən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 40 000-ə qədəri şəhidlərimizin ailə üzvlərinin, 26 000-dən çoxu isə yaralılarımızın müraciətləridir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
“Tarix qiymət verər uca başlara” - Xalq şairi Zəlimxan Yaqubun anım gününə
Könül, “Ədəbiyyat və incəsənət”
Onu dərin lirizmi ilə seçilən şeirləri, bir də qafiyəli söz düzülüşü ilə səciyyələnən parlaq nitqi ilə xatırlayırıq. Hətta bu nitqi “Planeta parni iz Baku” KVN komandası parlaq şəkildə səhnələşdirmişdi də.
Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 9 il ötür. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin Təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında Poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.
Ona məxsus misralardır.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, bununla bağlı olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət, Ə.Bakıxanov adına 6 nömrəli və 37 nömrəli Uşaq Musiqi məktəblərində, R.Behbudov adına 2 nömrəli və T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəblərində məlumatlandırma sessiyaları keçirilib.
Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər.
Sessiyaların keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunub maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.
Görüş zamanı qarşılıqlı dialoqlar vasitəsilə bir çox fikirlər səsləndirilib və geniş müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Gülüş klubunda fəst fud qurbanı Cokonda
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Sizə qaşıqla necə rəftar etmıyi öyrədən adamlara zaman keçir və siz mobil telefonla necə rəftar etməyi öyrədirsiniz.
2.
Bir qapaq şəklinə baxın, siz Allah.
Fəst-fud Cokondanı görün nə hala salıb.
Cokonda nahar etməyə Makdonaldsa getdi
Dabl çizburger bir görün onunla nə etdi.
3.
İnsanlar iki yerə bölünür:
Dubayda və Türkiyədə dincələnlərə.
Dubayda və Türkiyədə dincələnlərə nifrət edənlərə.
4.
Gərək at kimi çalışasan ki, böyük at gücü olan avtomobil alasan.
5.
Birisi üçün it də insandır. Ona qayğı göstərir. Digəri üçünsə insan da itdir. Ona daş atır.
6.
Araq qurtaranda “zakuska” çevrilib yemək olur.
Petya İvanov.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Sənə yağış dərirəm...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə 2025-ci ildə ilk görüşümüzdə sizlərlə yenidən Əlizadə Nuridir.
Yağış dərirəm sənə,
Buludun budağından.
-deyir şair. Düzdürmü, çox gözəldir? Əsl poeziya bax budur!
Xoş mütaliələr!
Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından.
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla.
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından...
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni-
Bir gülün nəfəsində.
Sənə nəğmə qoşuram
Axan çayın səsindən...
...Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə
Buludun budağından...
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)