Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan İsmayıl Pilpayədir.

 

 

İsmayıl Pilpayə

Muğan

 

 

 DİŞLƏRİM TELEQRAF VURUR

 

Təklik basılır bağrıma

Göyün gözünün yaşlarında

Təklik kabinəsində;

Dişlərim teleqraf vurur...

 

Hey...

İstəyin bağrına qonmaq

Dənizim

Bağrında ada olmaq.

Hey...

İslanır gözlərim

Darıxdıqca sayaqlayır addımlarım

Dodaqlarım oxuyur yoxsul küçələri

Qulaq as

Hər addımda sənsizlik bağlı qapı-bacadan haray çəkir

Beynimdən nələr keçir, nələr...

 

Ah...

Yırtıq ciblərimdə əllərim döyünür

Qonaqsız küçələrdə

İnanıram ki, yorulmuşam

Addımlarım sayaqlayır

Damcı-damcı

Və yavaş-yavaş düşünürəm ki,

Heç bir kəs məni qurtarmayacaq!..

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

Четверг, 09 Январь 2025 16:12

“Qəribliyin dadı” - Qafar Cəfərlinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qafar Cəfərlinin hekayəsi  təqdim edilir. 

 

(Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan oğullarının əziz xatirəsinə)

 

Polkovnik Kozlov növbəti badəni əlinə götürüb qızarmış gözlərini Teymura zillədi,  yüngülcə udqundu və:

 

- Aslanov, sən yaxşı kişisən, - dedi. - Neçə ildi müavinimsən. Bütün sirlərim səninlədir. Üstəlik, bir yerdə döyüşmüşük, çətinliklər yaşamışıq, amma dost kimi qalmışıq. Deyim, biləsən: bu müharibə davam etdikcə vəziyyət çox gərginləşəcək.

 

Teymur qeyri-iradi ətrafa göz gəzdirdi. Pis vaxtlar idi, ehtiyatlı olmaq lazım gəlirdi. Bir neçə stol kənarda iki nəfər ortayaşlı rus həvəslə yeyib-içirdi. Zalda başqa kimsə gözə dəymirdi.

 

- Sergey Petroviç, bəlkə bu rumkanı içməyəsən?

 

Kozlov özündən çıxdı:

 

- İçəcəyəm Aslanov. Sən elə bilirsən, mən sərxoşam, yox, əzizim. Bilirsən də, mən iyirmi beş il Ukraynaya xidmət etmişəm, amma indi... Müharibə heç kimə xeyir gətirmir. Ortaya əbədi düşmənçilik düşdü. Gərək belə olmayaydı. - Susdu, ilan kimi fısıldadı. - Amma nə etmək olar, biz əmrə tabe adamlarıq.

 

- Yaxşı, Petroviç, bu rumkanı da vur, çıxaq gedək.

 

Kozlov gülümsədi və badəni birnəfəsə başına çəkdi. Sonra boşqabdan bir tikə çörək götürüb iylədi və yerinə qoydu.

 

- Aslanov, deyim, biləsən. Bir az əvvəl məlumat verdilər ki, sabah səhər saat 5-də Avdeyevka şəhərinə hücum olacaq. Döyüşdə biz də olarıq. Gecə saat 11-də şəxsi heyəti "Həyəcan" siqnalı ilə qaldıracağam. Saat 10-da hissədə olarsan ki, təchizata məsul müavin kimi bəzi məsələləri götür-qoy edə bilək. - Susdu, nəsə düşündü, dərindən köks ötürdü. - Kim bilir, bəlkə bir də görüşmədik, - dedi. Onun səsində aşkar kədər hiss olundu.

 

Eşitdiyi xəbər Teymurun içindən ilğım kimi keçdi. Bacardıqca içindəki narahatçılığı gizlətməyə çalışdı. Kozlovun içkili olması da köməyinə gəldi. Bu narahatçılıq döyüşdə iştiraka görə deyildi, artıq bunu iki-üç dəfə yaşamışdı. Səbəb daha ciddi və tamam başqa idi. Teymur özünü toparladı və gülərək:

 

- Görüşərik, Petroviç, narahat olma. İndi daha gedək, artıq günorta saat üçdür. Sizi evə aparım, bir az dincəlin, axşam görüşərik.

 

- Yaxşı, gedək. - Kozlov yanındakı stulun üstündən furajkasını götürüb ayağa durdu. Eyni vaxtda Teymur da stuldan qalxdı, onun arxasıyca qapıya tərəf yeridi. Kozlovun yerişində səndələmə hiss olunurdu. Teymur ona yaxınlaşmadı. Bir dəfə bu cür vəziyyətində qoluna girmişdi. Onda onun bərk hirsləndiyini unutmamışdı.

 

Restorandan çölə çıxanda hər tərəfi ağ örpəyə bürümüş bəyaz qardan Teymurun gözləri anidən qamaşdı. Gözlərini yumub başını aşağı dikdi. Elə bu an hərbi helikopter 80-90 metr hündürlükdən sürətlə uçub keçdi. Helikopterin gurultusu bir neçə saniyə çəkdi və bu gurultu helikopterlə bahəm, getdikcə səmada əriyib yox oldu. 

 

Qışın oğlan çağı olsa da, bu gün havada bir mülayimlik hiss olunurdu. Səhərdən çıxan günəş şaxtalı havadan əsər-əlamət saxlamamışdı. Hündür şam ağacları, yaxınlıqda olan parkdakı bəzəkli ağac və kollar, binaların üstü ağ örpəkdən qismən xilas olmuşdu. İstidən yumşalmış qar topa halında binaların ətrafında yerə sərilib qalmışdı.          

 

Teymur irəli keçib restoranın qarşısında saxladığı maşına tərəf getdi. Çataçatda cibindən açarı çıxarıb düyməsini basdı. "Mersedes-190" markalı qara rəngli maşından gələn "cuqqultu" səsi ilə eyni vaxtda yan işıqları yanıb-söndü. O əvvəlcə maşının qabaq sağ qapısını açdı. Kozlov fısıldaya-fısıldaya maşına oturdu.

 

Maşın hərəkətə keçdi, təkərlər qarlı suyu ətrafa səpərək irəlilədi. Təxminən, on dəqiqəlik yoldan sonra maşın ikimərtəbəli binanın qarşısında dayandı. Kozlov qolundakı saata baxıb gülümsədi və sol əli ilə Teymurun sağ dizinə vurdu:

 

- Mayor Aslanov, bu tarixi yadda saxla: bu gün on altı fevral iki min iyirmi dördüncü ildir. Sabah Avdeyevkada olarıq. Demək... - O, iti nəzərlərlə irəli baxıb bir anlıq nəsə düşündü, sonra aramla: - Beş saatdan sonra hissədə görüşürük, - dedi.

 

Teymur eyni təbəssümlə cavab verdi:

 

- Oldu, cənab polkovnik.

 

Teymur komandirlə sağollaşıb maşının üzünü arxaya çevirdi və sürətini artırdı. Bütün varlığını bürüyən narahatçılığın səbəbi isə beynində ildırım sürəti ilə dolaşırdı."-Avdeyevkaya hücum amansız olacaq. Bəs Seymur necə olsun? Bu döyüşdən salamat qurtara biləcəkmi?"

 

Həyəcandan ürəyi sıxıldı. Maşını yolun kənarına çəkdi. Yol qırağındakı hündür şam ağacları arxadakı binaları görünməz edirdi. Əks tərəfdə isə top, raket hücumları nəticəsində yanıb kül olmuş evlərin, dağılmış binaların qaralmış silueti qalmışdı. Teymur bir daha ətrafa diqqət kəsildi, maşının qarşı və arxa tərəfinə boylandı. Tam sakitlik idi. Cibindən mobil telefonu çıxartdı. Anidən beynindən: "Telefonla danışmaq olmaz, yenə təhlükəsizi "Votsap"dır" - fikri keçdi. Telefonun "Votsap" yerinə girdi. Barmaqlarının titrədiyini özü də hiss edirdi. Üst-üstə bir neçə zəngə cavab almadığından mesaj blokuna Azərbaycan dilində bu sözləri yazdı : "- Seymur, sabah səhər saat 5-də sizdə bərk tufan qopacaq. Çalış, qonşu şəhərə gedəsən. Mesajı oxuyan kimi zəng elə, ya da cavab yaz".                          

 

Teymur hələ səhərdən ürəyində küt ağrı hiss edirdi. Qəribə bir narahatçılığı vardı. Səbəbini özü də bilmirdi. Sanki bir bəd xəbər eşidəcəkdi. Səhər zəng edib anası ilə danışdı. Seymur da hər şeyin normal olduğunu demişdi. Nədənsə, bu narahatçılıq ötüb keçmirdi və budur sürpriz: "Sabah səhər döyüşə girəcəyik".

 

Əvvəlki döyüşlərdən birtəhər sağ-salamat qurtulmuşdu. Görəsən, bu döyüşdən salamat çıxa biləcəkdimi? Güllənin, mərminin də Allahı olmur. Harda yaxalayırsa, adamı elə oradan da birbaşa o biri dünyaya aparır.

 

Ətrafda bombalanmış binalar, yanıb sıradan çıxmış mülki və hərbi maşınlar, kömür kimi qaralmış ağaclar diqqət çəkirdi.

 

Teymurun sürdüyü maşın indi Gənclər Parkının kənarı ilə hərəkət edirdi.

 

Donetsk şəhərinin mərkəzində yerləşən bu parkın böyük bir ərazisi var idi. Parkdakı yaşıllıq, gül-çiçək, bəzəkli ağaclar və kollar insanı heyran qoyurdu. Sovetlər vaxtı köhnə ittifaqın iki şəhəri öz yaşıllığına görə lider hesab olunurdu. Biri Qazaxıstanın paytaxtı Alma-Ata, o biri isə Ukraynanın Donetsk şəhəri sayılırdı. Donetsk şəhərinin yaşıllığa görə İttifaqda ikinci olmasında bu parkın, yəqin ki, özünəməxsus, xüsusi payı var idi. Təəssüf ki, parkın möhtəşəmliyindən indi əsər-əlamət qalmamışdı. İllər boyu davam edən müharibə parka da öz zərbəsini vurmuşdu. Teymur bomba və raket zərbələrindən viran qalmış parkı seyr etdikcə dodağı səyridi və o, kədərlə köks ötürdü. Parkın giriş hissəsində olan hündür qovaq ağacının altındakı beton oturacaqlar gözünə sataşanda isə üzünə təbəssüm qondu.   

 

...Teymur 2005-ci ildə Bakıda kompüter mühəndisliyi ixtisası üzrə ali təhsilini başa vurmuşdu. Artıq hərbi xidmətdə olmuş, bərkdən-boşdan çıxmışdı. İşin tərsliyindən həmin ilin əvvəlində, qışın şaxtalı-sazaqlı günlərinin birində ailənin yeganə evə çörək gətirəni - atası Soltan kişi vəfat elədi. Böyük oğul kimi evin - ailənin bütün yükü Teymurun boynuna düşdü. İş üçün döymədiyi qapı qalmadı, amma "buyur" deyən də olmadı. Bir ara məcbur olub özəl şirkətlərin birində malpaylayan-ekspeditor kimi işə düzəldi. Belə işlərdən ötrü nəinki ali məktəb, heç orta məktəb bitirməyə də ehtiyac yox idi. Xersonda yaşayan bibisi oğlu Mahirin bir telefon zəngi ilə həyatı büsbütün dəyişdi. Deməsinə görə, oralarda iş çox, işləməyə isə təhsilli adam yox idi. Anası Zəhra xanımdan xeyir-dua aldı və Xersona yollandı. Əvvəlcə özəl şirkətlərin birində kompüter mühəndisi kimi işə düzəldi. Üç ildən sonra Ukrayna vətəndaşlığını aldı. Kompüter mütəxəssisi kimi "leytenant" rütbəsi ilə onu hərbiyə işə götürdülər. Dolanışığı pis deyildi. Hər ay evə pul göndərir, həftədə bir dəfə telefonla evə zəng edir, anasının əhvalı, bacısı Sənəmin və kiçik qardaşı Seymurun təhsili ilə maraqlanırdı. Sənəm orta məktəbi bitirib rayonda tibb kollecinə daxil oldu. Kolleci bitirən kimi ailə qurdu. Seymurun isə təhsilə həvəsi olmasa da, güləşçi kimi idmana marağı çox idi. Yarışlarda iştirak edib fəxri yerlər də tutmuşdu. Hərbi xidməti xüsusi təyinatlı dəstədə keçdi. Fəhləlikdən savayı bir iş tapa bilməyən qardaşını Teymur öz yanına çağırdı. Həmin vaxtı Teymur Avdeyevka şəhərində xidmət edirdi. Orda yaşayan bir dostunun köməyi ilə Seymur üçün ticarət obyekti aldı və bu cür iki qardaş bir şəhərdə yaşamağa başladılar.

 

Artıq 2011-ci il idi. Yaz günlərinin birində Donetsk şəhərinə gəzməyə gələn Teymur şəhərdəki məşhur Gənclər Parkının girəcəyindəki beton oturacaqda dostunu gözləyərkən təsadüfən Nadya adlı bir rus qızı ilə tanış oldu. Bu tanışlıq dörd aydan sonra evliliklə başa çatdı. Bir ildən sonra isə qardaşlar Vətənə qayıtdılar. Bir ayın tamamında toy edib Seymurun gözaltı elədiyi Aytəni də gəlin gətirdilər. Seymur bir ayın gəlini Aytəni anasının yanında saxlayıb çörək dalınca yenidən Avdeyevkaya döndü. 2013-cü ilin noyabr ayında Teymurun hərbi xidmət yeri Donetsk şəhərinə dəyişdirildi. Donetsk Avdeyevkadan cəmi 20 km şimal-qərbdə yerləşirdi və sözün həqiqi mənasında yaşıllıqlar diyarı idi. O vaxt bölgədə hər şey köhnə qaydadakı kimi firavan və sakit görünsə də, əslində münaqişə və müharibə ocağı tüstüləməyə başlamışdı...                                   

 

Qarlı havada maşın sürməkdə pərgar olsa da, Teymur maşını aşağı sürətdə sürməyi sevirdi. Xüsusən, indiki halında, həyəcandan bədənini bürüyən narahatçılığa, beynində yaranan qarışıq fikirlərə görə özünü ələ almağa, bir yol tapmağa çalışırdı. Nəhayət, "Bir az dincəlmək lazımdır" - düşüncəsi üstün gəldi və o, maşını yaşadığı bina istiqamətinə döndərdi. Son iki ildə yaşadığı bina vaxtilə Donetskin ən rahat və ən gözəl məkanı sayılan yerdə idi. Amma indi cəbhə bölgəsinə yaxınlığı: uçan raketlərin, topların, güllələrin və helikopterlərin səsi, vahiməsi, təhlükəsi buralarda yaşamağı dözülməz edirdi. Maşın binaya yaxınlaşdıqca iri çaplı güllələrin vahiməli vıyıltısı, hardasa bomba partlaması, bombardmançı təyyarələrin göydən yerə səpələnən uğultusu eşidilməyə başlandı. Bu səslərə insanlar artıq adətkərdə olmuşdular. Bu səslər daha Teymuru əvvəlki qədər qorxutmurdu. İndi əsas narahatçılığı, bütün ruhuna hakim kəsilməkdə olan qorxu tək qardaşı Seymur sarıdan idi.

 

Xaraktercə sakit adam olan Teymur tədricən əsəbiləşir, boğazı quruyur, əlləri əsir, heç cür aram ola bilmirdi. Bütün fikri-zikri sabah keçiriləcək hücum əməliyyatında və qardaşı Seymurun yanında idi. "Mesajı oxusa da, cavab yoxdur. Görəsən nə olub?" - deyə düşündü və anidən üşəndi...                            

 

Teymur qapını açıb kimsəsiz otağa daxil oldu.

 

İki ilə yaxın idi ki, burda yaşayırdı. Əvvəlki evi şəhərin başqa səmtində, hərbi hissənin daxilində idi. Avdeyevkadan pilotsuz təyyarə ilə hərbi hissə vurulanda Nadya təsadüfən həyətdəki parkda dincəlirdi. Balaca oğlu yanında, qızı isə qucağında imiş. Bombardman zamanı Nadya da, uşaqlar da həlak oldular. Hadisədən xəbər tutanda Teymur dəhşətə gəlmişdi. Nə üçün bağrının çatlamadığını, beyninə qan sızmadığını, dəli olmadığını indi də anlaya bilmirdi. İnsan ağlasığmaz, ən dəhşətli, ən acılı zərbəyə də, hadisəyə də, əzaba da dözə bilərmiş.

 

İki həftə hospitalda əsəb pozğunluğundan müalicə olundu.

 

Daha onun ailəsi yox idi.

 

Həmin binada yaşaya bilmədi. Gecələr kazarmada yatırdı. Sonra onun israrlı xahişlərini nəzərə aldılar və evini indiki yerə dəyişdilər.

 

Teymur bu mənzildə heç cür dinclik tapa bilmirdi. Burda onun uşaqlarının və bütün varlığı ilə sevdiyi Nadyanın səsi, nəfəsi, hənirtisi yox idi və bu səbəbdən xatirələrin əzabından azca da olsa, uzaqlaşıb bu mənasız həyatı yaşamağa çalışırdı. Teymur fərqində idi ki, bu mənzil son və əbədi mənzili xatırladır: soyuq və sakit.

 

Teymur əl-üzünü yuyub divana uzandı. Mobil telefonun zəngli saatını dörd saat sonraya qurdu. Seymuru bir neçə dəfə yığdı, yenə cavab olmadı. Əsəbi halda telefonu, siqareti və alışqanı yazı masasının üstünə atdı. Arxası üstə uzanıb əllərini bir-birinə keçirtdi və balış kimi başının altına qoydu. Nəzərləri tavanda ilişib qaldı. Beyninə hakim kəsilən qara düşüncələr onu rahat buraxmırdı: "Son on ildə nələr olmamışdı!? Donetsk və Luqansk səkkiz il əvvəl müstəqillik elan etdilər, iki il əvvəl isə Rusiyaya birləşdilər. Nə dəyişdi? Heç nə. Vəziyyət bir az da ağırlaşdı. Ukrayna bölgə ilə bütün işıq, qaz, su xəttini bağladı. Ruslar müəyyən köməklik göstərdilər, amma bu kifayət deyildi. Belə nə qədər davam edəcəkdi? Donbasda şəhərlər kimi, insanlar da iki yerə bölünüb: Ukrayna dövlətini müdafiə edənlər və ruslara tərəf keçənlər. Dünənə kimi xeyir-şəri bir olan, can deyib, can eşidən qan qardaşları bu gün bir-birinə rəqib, hətta düşmən kimi baxırlar. Yüz minlərlə insanın həyatı ikiyə bölünüb, eynən onunla qardaşı Seymur kimi".                               

 

Teymur dikəlib yazı masasının üstündəki siqaretdən götürdü, yandırıb damağına qoydu. Vurduğu qullabdan sonra tüstünü ağzından çölə pülədi, sonra illərin yorğunu kimi dərindən köks ötürdü. Yenə arxası üstə uzanıb gözlərini tavana zillədi. 2014-cü ilin noyabr ayında Seymurla birgə ata yurdunda olduğu günləri xatırladı.

 

Analarının 60 illik yubileyinə yığışmışdılar. Uzun illər ibtidai sinif müəllimi işləyən Zəhra ana artıq Krım hadisələrindən xəbərdar idi. Gəldikləri günün axşamı eyvanda çay süfrəsi ətrafında qardaşların söhbətlərinə təsadüfən qulaq şahidi olanda isə ananın dalağı möhkəm sancdı.

 

"Böyük qardaşı ilə həmişə ehtiramla danışan Seymurun səsində bir əsəbilik hiss olunurdu.

 

- Rusiya Krım vilayətini işğal etdi, - Seymur dedi.

 

- Orda heç bir məcburiyyət olmadı. Bircə güllə belə atılmadı.

 

- İşi ustalıqla düzüb-qoşdular. Amma bu Donetsk ilə Luqanskın ayrılması yaxşı nəticə verməyəcək.

 

- Təbii ki, bu hadisələr Rusiyanın dirijorluğu ilə baş verir. Bəs sizdəkilərin fikri nədir? Rusiyaya qatılacaqlar, ya yox?

 

Seymur fikrə getdi. Qardaşının simasındakı təbəssüm onu qıcıqlandırır, daxilən hirsləndirirdi.

 

- Avdeyevka Ukraynanın tərkibində qalacaq.

 

- Onda sən obyektləri sat, Donetskə köç. Yoxsa, səndən nigaran qalaram.

 

- Yox qardaş, mən ora öyrəşmişəm, heç yana getmərəm.

 

Teymur onda bir anlıq susmuş, Seymurun üzünə baxıb başını bulamış, sonra astadan köks ötürüb demişdi:

 

- Xoşluqla olmasa, zorla Rusiyaya qatacaqlar.

 

Söhbətin bu yerində Zəhra ana asta addımlarla onlara yaxınlaşıb masanın ətrafındakı stulda oturdu. Yalvarıcı baxışlarla oğlanlarını süzdü və yazıq səslə dilləndi:

 

- Övladlarım, bəlkə getməyəsiniz... Qayıdın Vətənə... Nə qədər çətin olsa da, acından ölmərik..."

 

Və... bu söhbətin üstündən artıq on ilə yaxın vaxt keçirdi...                                     

 

Teymur sağ böyrü üstə çevrildi. Əli ilə alnını ovxaladı. Narahatlıq içini dağıdırdı.           Avdeyevkaya hücum söhbəti belə qəfil hardan çıxmışdı? On il idi şəhər döyüşür, özünü qoruyurdu. Seymur da iki il olardı orduya yazılmış, əlində silah döyüşürdü. Taleyə bax ki, indi iki qardaş əks cəbhələrdə üz-üzə qalıblar. Bəs birdən döyüş meydanında qarşılaşsalar, necə olacaqdı?..

 

"Bircə mesajıma cavab verəydi!" Teymur son çarə kimi yalnız bu fikrə ümid edirdi.

 

Tərslikdən o tərəflərdə internet əlaqəsində də tez-tez məhdudiyyətlər olur. Neyləyə bilərdi, əlindən nə gələrdi? Seymurun Vətənə dönməsi üçün çox çalışdı. Burda qalıb boş yerə ölməyinə dəyərdimi? Seymur da ona eyni sözləri deyirdi. Fərqinə varmırdı ki, o hərbiçi zabitdir, qalmağa məcbur idi. Onsuz da iki-üç ilə təqaüd yaşı, xidmət stajı çatanda özü də geri qayıdacaqdı.

 

Allahım, özün kömək ol. Bircə sabahkı təhlükə sovuşaydı.

 

Teymurun fikri qəti idi: Seymuru Vətənə zorla, məcburən yola salacaqdı.

 

Ötən dəqiqələr onu da aram-aram özü ilə yuxuya dartıb aparırdı.

 

...Düz deyilən vaxtı Avdeyevkaya hücum başlandı. Əvvəlcə aviasiya ilə şəhər bombalandı, bir neçə yerdən artilleriya atəşinə tutuldu, "Şahed" tipli pilotsuz təyyarələrlə şəhərin ən vacib nöqtələri vuruldu və sonda piyadaların hücumuna əmr verildi.

 

Teymur bütün bunları canlı müşahidə edir, ürəyi qan ağlayırdı. Döyüş başlanandan dörd saatdan artıq vaxt keçsə də, Seymurdan xəbər tuta bilməmişdi. Bu onu tamam hövsələdən çıxardırdı. Xidmət etdiyi hərbi hissə də şəhərə ilk daxil olan qüvvələr sırasında idi. Avdeyevka az qala yerlə-yeksan olmuşdu. Bəzi yerlərdə qısa küçə döyüşləri getsə də, bunu ciddi müqavimət hesab etmək olmazdı.

 

Maşınla şəhərin küçələrini gəzir, vəziyyəti dəqiqləşdirirdilər. Arabir hərbi mundirli insanların meyidləri gözə dəyirdi. Ratsiya ilə verilən məlumatlara görə itkiləri çox olmasın deyə, ukraynalılar şəhəri qismən təslim etmişdilər. Bu xəbəri eşidəndə Teymurun əhvalı bir az düzəldi. Belə idisə, Seymur döyüşən hissədə şəhəri tərk edənlərin sırasında olmalı idi.

 

Teymur sürücüyə UAZ-ı şəhərin mərkəzinə tərəf sürməsini tapşırdı. Məqsədi Seymura məxsus "Super market"ə baxıb real vəziyyəti görmək idi. Maşın obyektə yaxınlaşdıqca Teymurun ürəyi az qala ağzından çıxacaqdı. Onun bələdçiliyi ilə maşın dağılmış bir tikilinin qarşısında dayandı.

 

"Super market" içindəki mallarla birlikdə darmadağın edilmiş, dam örtüyü yanıb kül olmuşdu. Mağazaya yəqin ki, arilleriya bombası düşmüşdü. Teymur bu mənzərəyə ürək ağrısı ilə tamaşa elədi. Tikilinin dörd tərəfini gəzdi, baxdı, sanki nəsə axtardı, daha nəsə görmək istədi. Gördükləri isə ətrafa səpələnmiş, dağılmış su və şirə qabları, konservlər, biskvit, kartof, soğan və digər ərzaq məhsulları idi. Külək gücü çatan hər şeyi yerindən qopardır, ətrafa yayırdı.

 

Teymur bikef halda beton parçasının üstündə oturub bir siqaret yandırdı. Bu obyekti aldığı, Seymurla burda görüşdüyü, deyib-güldüyü günləri xatırladı. Ətrafdan hələ də güllə və mərmi səsi gəlirdi. Hərbi təyyarə və helikopterlər şəhəri havadan müşahidə edirdilər.

 

Teymur maşına oturub şəhərin mərkəzi küçələri ilə sürməyi əmr etdi. Bir neçə yüz metr getmişdilər ki, yolun kənarında qumbaratanla vurulub aşırılan ağ rəngli PİKAP maşını göründü. Maşın tüstüləyirdi. Onun ətrafında əynində Ukrayna Ordusunun hərbi mundiri olan üç nəfər qan içində yerə sərilmişdi. Onun Rusiya tərəfdən - Teymurun xidmət etdiyi Ordudan açılan atəşlə vurulduğu aydın idi. Kim bilir, bəlkə də bu atəşi açmağa eləTeymurun özü əmr vermişdi.

 

Niyə? Nə üçün? Nədən ötrü? Nəyin uğrunda?

 

Anasının çağırış səsi qulaqlarını yalayıb keçdi.

 

Maşın bu ürəkağrıdan mənzərənin yanından ötüb bir neçə metr getmişdi. Birdən Teymur nəsə hiss etdi və bu duyğu ilə sürücüyə tez maşını saxlayıb arxaya verməsini əmr etdi. Sürücü əmri dərhal yerinə yetirdi. Teymur maşından düşüb meyitlərə sarı yüyürdü. Onlardan biri zabit, ikisi serjant geyimində idilər. Yolun kənarına düşmüş idmançı cüssəli serjantın meyidi onu daha çox cəlb elədi.

 

Sürücü maşından çıxmışdı və siqareti yandırmaq üçün alışqanın çaxmağını sıxmaq istəyirdi. Birdən eşitdiyi qəfil bağırtı səsindən diksindi və alışqan əlindən yerə düşdü. Onun baxdığı istiqamətdə mayor Aslanov bir meyidin qarşısında diz çökmüş, hönkürtü çəkərək onu qucaqlayıb yerdən qaldırmağa çalışırdı.

 

Teymur bərkdən ağlayır, çağırır, iki əlləri ilə meyidi silkələyirdi.

 

Birdən mərmi vıyıltısı eşidildi və bu səs tədricən artmağa, yaxınlaşmağa başladı. Və böyük partlayış qopdu. Partlayışın dalğası Teymuru və dizi üstünə aldığı qardaşı Seymurun meyidini kənara tulladı. 

 

...Teymur yaralı halda qardaşının nəşini maşınla aparıb hospitala təhvil verdi. Üç günün içində "əmisi oğlu" adı ilə çətinliklə olsa da, onu Vətənə gətirib çıxartdı. Komandiri Kozlovun bu işdə köməyi çox oldu. Tabutun təyyarəyə yerləşdirilməsinə qədər Teymuru tək qoymadı. Yolboyu söhbətində Kozlovun son qələbəyə görə sevinmədiyi də hiss olundu. Onun: "Vaxtilə ailəmlə, dostlarımla Avdeyevka şəhərində gəzib dolaşdığımız, deyib güldüyümüz yerləri viran görəndə sarsıldım," - deməsi də bundan xəbər verirdi.

 

Teymurun sanki özü də ölmüşdü və qardaşını ata yurduna onun ruhu aparırdı.

 

...Taxta tabutu həyətə maşınla gətirdilər. Hava küləkli olsa da, insanlar dəstə halında durub söhbət edirdilər. Tabut həyətin ortasına qoyuldu. Zəhra ananın xahişi ilə tabutun qapağı açıldı. Ana son vida üçün oğluna yaxınlaşanda qəfil güclənən külək meyidə bükülmüş mələfəni açdı. Seymur gözləri açıq vəziyyətdə sanki Vətən səmasını son dəfə seyr edirdi. Zəhra ana içinə dolan hönkürtü ilə oğluna yaxınlaşıb üzündən öpdü. Göz yaşları Seymurun yanaqlarını islatdı. Ətrafda olan insanlar susqun halda bu səhnəni böyük kədər və ağrı ilə izləyirdilər. Bəzilərinin doluxsunduğu da hiss olunurdu.

 

Meyit həyətdə düzəldilən xüsusi yerdə yuyulub kəfənləndi. Kənd məscidindən gətirilən tabuta qoyuldu.

 

Anasının vəhşət dolu ah-naləsi, mollanın "Yasin" səsi, qohum-əqrəbanın verdiyi başsağlığı Teymura sanki hansısa bir filmin epizodlarını xatırladırdı...

 

Yas məclisinə gələn insanlar bu mənasız müharibəni lənətləyir, həlak olan oğullarımıza görə heyfsilənirdilər. Əslində, son iki ildə bütün ölkədə olduğu kimi, bu kənddə də ikitirəlik düşmüşdü. Ukraynada yaşayanların qohum-əqrəbası bu müharibəni işğalçılıq, Rusiyadakılar isə ədalətli hesab edirdilər və hər birinin də "daşdan keçən sübutu" var idi.

 

Seymurun dəfni insan izdihamı ilə keçdi. Qardaşını qolları üstə torpağa tapşıran Teymuru dəfn yerinə toplaşanlar qəbirdən çıxarda bilmirdilər. Teymur özünə lənət oxuyur, qardaşını qoruya bilmədiyinə görə haray çəkib ağlayırdı.

 

Taleyin ironiyası çox olur və onlardan biri də bu gün insanları təəccübləndirdi. Seymurun məzarı Rusiya tərəfdən vuruşan və bir ay əvvəl dəfn olunan kəndin başqa bir gəncinin məzarı ilə yanbayan düşdü. Qoşa məzarlar arasında qalan insanlar sanki bir-birindən utanaraq başlarını yerə dikmişdilər.

 

Nəinki yas yerində, hətta ailəsində belə Seymurun həlak olduğu döyüşdə doğma qardaşı Teymurun Rusiya tərəfdən vuruşduğunu bilən olmadı. Heç Teymur da bu barədə danışmağa ürək eləmədi, hətta doğma anasına da boyun almadı. Ürəyində çəkdikləri isə özünə bəs edirdi. Başından kontuziya, bədənindəki qəlpə yaraları onsuz da ona olmazın əzab verirdi. Üstəlik də, qardaşının ölümü və onun yetim qalan iki uşağının dərdi. Ən vacibi isə, bir qərara gələ bilmirdi. Xəstə, ailəsiz biri kimi qəribliyin acılığını son nəfəsə kimi dadmaq, yoxsa, Vətəndə qalıb nə qədər əziyyətli olsa da, haqqına sahib çıxmaq? 

...Və bir gün Teymur qərarını qətiləşdirdi.

 

(Şabran

27-29.09.2024)

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.

Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.

Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.

Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Ümumiyyətlə danışmaq hələ Azərbaycan dilində danışmaq demək deyil. Azərbaycanca danışmaq isə Azərbaycan dilinin mütəxəssisi olmaq demək deyil.

2.

“ Sən büllur qab idin – soyuq, bəzəkli,

 Sənə nə oldu ki, canlandın belə?!

İçi susuz qabdın – süni çiçəkli

Səni kim aldatdı, inandın belə?!”

3.

Devin canı göyərçində olan kimi nəsrimizin də canı onun ritmində və aritmiyasındadır. Azərbaycan nəsrinin ritmi – aritmiyası oxucuya ünvanlanan ən ciddi mesajdır.

4.

Müəllifin pyes mətnində gizlətdiyi bir sıra iddialar ola bilər ki, tamaşa onların üstündən ağır texnikalı tank kimi keçib gedər.

5.

Tək əldən sükutun səsi çıxar. Tək əsərlə, yaxud tək yazıçı ilə “əlləşmək” sükutun səsini çıxarmaq deməkdir. Ədəbi prosesdən sükutun səsi gəlir.

6.

Sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan. Misran tənhadır, cümlən tənhadır.

7.

“ İşıq dediyin bir ilğım imiş,

Qaranlıq mənim var-yoxum imiş,

 Qaranlıq mənim varlığım imiş,

Əsl işıq da onun içində...”

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

 

 

 

Четверг, 09 Январь 2025 14:33

Qara qızın taleyi tellərindən qaradı…- HEKAYƏ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qara qızın taleyi doğulandan bəri qara tellərə bənzəyirdi – dolaşıq, qırıq və əyilməz. O özünü həmişə yalnız hiss edirdi. Atası sağ idi, amma qəlbən yox. Atası bir vaxtlar bəlkə də onu sevibdi, amma nə vaxt ki həyatda seçim etmək zamanı gəldi, öz anasını dinlədi və qızı həyatından çıxardı. Ən pisi isə bu idi: qara qız hələ uşaq yaşlarından “Atan səni atdı” sözləri ilə böyümüşdü.

Atasının gedişi qızın ruhunu yaralamış, ona atasızlıqdan daha dərin bir yara qoymuşdu. Axı o bilirdi ki, atası sağdır, amma onunla birlikdə olmağı seçməyib. Bu hiss onu hər gün yeyirdi. Anası güc göstərməyə çalışırdı, amma qara qız bilirdi ki, onun da içi yanır.

 

 Sevgi və ikinci zərbə

 

 İllər sonra qara qızın həyatı yenidən rənglənməyə başladı. O sevdi. Qəlbində yaranan sevgi həyatına işıq saçdı, atasının yoxluğundan doğan boşluğu doldurmağa çalışdı. Sevdiyi insan onun ən böyük dayaq nöqtəsinə çevrildi. O oğlanın baxışlarında qara qız öz gələcəyini görürdü. Amma həyat bir daha onu sınamaq qərarına gəldi.

Bir gün sevdiyi oğlanla yolları ayrıldı. Səbəb isə yenə eyni idi – bir ana qərarı. Oğlanın anası bu sevgini qəbul etmədi. “Sənə yaraşmaz,”-dedi, “başqasını tap.” 

Qara qız üçün bu sözlər illər əvvəl atasının onu tərk etməsi ilə eyni idi. Atası və indi də sevdiyi insan – hər ikisi analarını dinləmiş və onun əlini buraxmışdılar. İllər boyu atasından gələn yarasını sağaltmağa çalışarkən indi həyat eyni zərbəni başqa bir cür vurmuşdu.

 

Eyni yaranın izi

 

Qara qız artıq öz taleyini anlayırdı. O özünü sanki tale yolunun üzərinə atılmış daş kimi hiss edirdi – hər kəs gəlir, keçib gedirdi, amma o həmişə yerində qalırdı. Onu sevənlər, onun üçün əhəmiyyətli olanlar həmişə bir səbəb tapıb gedirdilər. Nə qədər güclü olsa da, bu itkilərin izini özündən silə bilmirdi.

Amma bir şeyi dərk edirdi: hər iki ayrılıqda səbəb özü yox, başqaları idi. O, heç vaxt öz dəyərini itirmədi, nə atasının seçimi ilə, nə də sevgisinin. 

Qara qız taleyinin telləri qara olsa da, o telləri güc və əzm ilə hörəcəkdi.

Axı qara rəng bir son deyil, bir başlanğıcdır. Bəlkə də bir gün o tellərin arasından parlaq bir nur görünəcəkdi. 

Amma o günə qədər qara qız öz yaralarını öz içində daşıyaraq həyatını yaşamağa davam edirdi – sakit, lakin əyilməz.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Четверг, 09 Январь 2025 13:16

Y. Rzanın yeni kitabı çapdan çıxmışdır

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Yeni təqvim ilinin ilk günlərində oğuzlu şair Yusif Rzayevin yeni kitabı -"Vətən birdi, iki olmaz..." kitabı çapdan çıxmışdır. 

 

AYB-nin üzvü, "Qafqaz-Media" İctimai Birliyinin "Cəsarətli qələm" medalına və "Xarı bülbül" diplomuna layiq görülmüş oğuzlu şair-tədqiqatçı Yusif Kamil oğlu Rzayev (Yusif Rza) ixtisasca filoloqdur, Azərbaycan Dövlət Pedaqoji Universitetini qurtarıb. Müxtəlif illərdə müəllim, jurnalist, dövlət qulluqçusu, elmi işçi vəzifələrində işləyib.

Onun şeirləri, elmi-publisistik məqalələri çoxsaylı qəzet və jurnallarda, almanaxlarda, Azərbaycanda və Türkiyədə dərc olunub. "Apar ürəyimi dağlara" (şeirlər), "Bura Oğuzdur" (məlumat-informasiya toplusu), "Hardan başlanır Vətən?" (şeirlər), “Oğuz Avestanın izləri" (elmi-etimoloji məqalələr toplusu), "Oğuz abidələri" (eImimonoqralya), "Dərə bilmədiyim gül" (şeirlər), "Oğuz və Qəbələ folkloru" (folklor antologiyası) və s. kitabların müəllifidir.

Yeni kitabda Oğuzun tanınmış şairi Yusif Rzanın həm şifahi xalq ədəbiyyatı, həm də klassik şeir formalarında (qoşma, gəraylı, təcnis, müxəmməs, qəzəl, rübai və s.) heca, əruz və sərbəst vəznlərdə yazdığı lirik, didaktik, fəlsəfi məzmunlu poetik nümunələri toplanıb. Bu şeirlərin çoxu  müqəddəs Vətənə, qəhrəman şəhidlərimizə, Vətənin şanlı tarixinin və təbiət gözəlliklərinin təsvirinə, sülhə, dostluğa, haqqa-ədalətə həsr olunub.

Yaxın günlərdə kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Четверг, 09 Январь 2025 13:07

İki adamlıq iki qəmin balladası

Harun Soltanov Kübra Quliyeva İKİ MÜƏLLİF BİR OBRAZDA

 

 

İki qəm gördü məni, qaçdı uzaqdan gəldi.

Biri soldan hücum etdi, biri sağdan gəldi.

Üzbəüz dağ ilə durdum, elədim dərdimi faş

"Buna insan dözə bilməz" səsi dağdan gəldi.

Yar olan səmtə gedən yellərə qoşdum ruhu

Qoxlayıb zülfün, öpüb lalə yanağdan, gəldi.

 

 

Mərhum şairin bu sətirlərini oxuduqca - yaşadıqca, həyat necə də tutqun görünür insana. Uşaqlıqda dahiləri-Cavidi, Dostoyevskini, Müşfiqi, Drayzeri, Hüqonu görürdüm. Hər birinin həyatında qaçılmaz tragediyalar olduğunu oxumadan hiss edirdim. Onlar kimi olmaq üçün həyatıma hansı tragediya və ya tragediyaların olması üçün sanki tələsirdim. İndi isə 23 yaşındayam. Bu fikirlərdən ayılaraq özümə gəlirəm və ya həyata qayıdıram.

 

Bəzən sən də, mənəvi baxımdan 23 yaşında olarsan. Evinin mətbəxində dayanıb səhər yeməyi hazırlayarsan, qəhvə dəmləyib musiqiyə qulaq asarsan. Nədənsə bu an ürəyinə toxunar. Orada eləcə dayanıb işə getməyi və quru təmizləmə xidmətindən paltar götürməyi düşünərsən. Həmçinin oxuduğun kitablar, planlaşdırdığın səyahətlər və yaranan münasibətlər kimi daha həyəcanverici şeyləri. Ya da bəlkə də yaddaşından silinər, bu isə daha az həyəcanverici olar. Bir anda özünü evində və ya bədənində hiss etməzsən və sadəcə evini istəyərsən, amma "analar" artıq evin kimi gəlməyə bilər.

 

Telefonunda əvvəllər bir nömrənin rahatlığı var idi,hər gün səni dinləyən bir qulaq və heç kimə məxsus olmayan qucaqlayan qollar. Amma beş dəqiqəlik bir dövrdə nostalji çox olduqda və olduğun şəxs haqqında düşüncələrin sənə yad gələndə, özünü tələyə düşmüş hiss edərsən. Bir daha bu qədər gənc olmayacağını dərk edəndə, amma ilk dəfə bu qədər yaşlı olduğunu hiss edərsən. On altı yaşından bura necə gəldiyini xatırlamadığın vaxt və eyni zamanda on altı yaşındakı kimi hiss edəndə, bu sənə artıq yad gəlir.

 

Mahnı bitir. Qəhvə hazırdır. Nəfəs alıb-verəcəksən. Təxminən beş dəqiqəyə yaxşı olacaqsan.Demişdim ki, telefona "dost-doğma" hesab etdiyim şəxsdən bildiriş gəlir... Beş dəqiqə sonra masanın kənarında sonuncu qurtumu fincanda qalan qəhvə ilə göz-gözə gəlib evdən çıxmalı olduğunu xatırlayarsan. Axı sənin iyirmi üç yaşın var. Sən niyə həyatı bu qədər tez yaşayıb bitirmək istəyirsən? Sən elə dünən on altı yaşında xəyalları yerə-göyə sığmayan gənc deyilsənmi? Gəzmək istəyən, arzularına sərhəd qoymayan, gələcəyin gələcəyinə dair ümidlərini tükətməyən o yeniyetməyə nə oldu? Nə vaxt qorxduğu passiv həyatı yaşamağa məcbur oldun?

 

Səhər işə gedib, axşam təhsilini davam etdirən, bütün həyatı iş-dərs-ev döngüsü olan biri kimi yaşamaq, arzularını itirmək, nəyin uğruna çalışdığını xatırlamamaq, ən çox bu yaşda aşiq olmağı arzulayıb incinmək və incitmək adlı məfhumlardan qorxduğun üçün addım belə ata bilməmək necə bir duyğudur?

Suallar arasında itmiş başını götürüb evdən çıxdım. Dayanacağa yaxınlaşanda ağlımda sadəcə bir sual var idi: -Qapını bağladım?

Bundan əmin deyildim. Amma qəlbimin bütün dünya üçün geniş olduğuna əmin idim. Açarı isə bəzən gözəl musiqidə, bəzən gözəl intonasiya ilə deyilmiş şeirlərdə, bəzən isə heç ayrıla bilmədiyim bir kitabdadır.

Deyəsən, içdiyimin qəhvə ya da neqroni olduğuna da əmin deyildim.

Evdən çıxarkən evə çox gecikdiyimin fərqinə varmışdım...

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

 

Четверг, 09 Январь 2025 18:11

Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Daxili Qoşunların mənsubu, Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Əslən Cəbrayıllıdır. 

 

Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirmiş, Ukraynada hərbi xidmət keçmişdir. Daha sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1985-ci ildə leytenant rütbəsi ilə oranı başa vurmuşdur. 

 

Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlamış, 1992-ci ildən DİN-ə işə düzəlmiş, bununla da onun həyatının narahat günləri başlamışdır.

Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi, onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu. 

Baş Leytenant, Birinci Qarabağ müharibəsi Şəhidi Mətləb Quliyev Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var. 

Allah rəhmət eləsin!

 Amin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Четверг, 09 Январь 2025 08:05

Sumqayıtda əbədi məşəli məhz o yandırıb - UNUTMADIQ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

II və III dərəcəli "Şöhrət" ordeni mükafatçısı, Böyük Vətən müharibəsi veteranı Mustafa Məmmədov 9 yanvar 1921-ci ildə Qərbi Azərbaycanın (İndiki Ermənistanın) Gəncə quberniyasının Qazax qəzasında, Qararaya kəndində doğulub. 

 

Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 77-ci Azərbaycan diviziyasının tərkibində döyüş yolu keçib. Novorossiysk, Kerç uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.

Novorossiysk — Qara dənizdə Rusiyanın ən böyük müdafiə şəhəri idi. Bu şəhər Qara dənizin ən rahat dəniz körfəzlərindən birində yerləşir. 1941-ci ilin noyabr ayının ortalarında alman-faşist qoşunları Sevastopol istisna olmaqla, bütün Krımı ələ keçirmişdi. Ali Baş Komandanlığın 16 noyabr 1941-ci il tarixli qərarı ilə Novorossiysk Sevastopolun ərzaq təminatı bazası müəyyən edilmişdir. Faşistlər Novorossiysk şəhərinin mühüm strateji əhəmiyyətini nəzərə alaraq, qısa müddətdə limanı məhv etmək və mühasirəyə almağı planlamışdılar.

225 gün sahəsi 30 kvadrat kilometr olan bu plasdarmada qanlı döyüşlər davam edib. Bu ərazini onlarca artilleriya və minaatan batareyası atəşə tuturdu. "Kiçik torpaq" düşmənin böyük qüvvələrini özünə zəncirləyib və 1943-cü ildə onun qoşunlarının darmadağın edilməsində böyük rol oynayıb. 

Sentyabrın 9-dan 10-na keçən gecə Mustafa Məmmədov uzun müddətdir gözlənilən, uzun aylar davam edən mühasirədən sonra Novorossiyskə hücumda iştirak etməyə hazırlaşırdı.

Şəxsi heyət məsuliyyətli vəzifəni yerinə yetirməli idi: ilk hücum üçün bir yol açmaq lazım idi. O zaman ordunun siyasi bölməsinin rəisi Leonid İliç Brejnev döyüşçülər qarşısında çıxış edərək onları həvəsləndirib. 

"Bu çıxış həlledici döyüşə ilham verən, əsgərlərin ürəyinə yatan sözlər idi. Bu, bizə yeni qüvvə və düşməni mümkün qədər tez əzmək arzusu bəxş edən ruhlandırıcı söhbət idi", — deyə uzun illər sonra öz uşaqlarına Mustafa Məmmədov bildirib.

(Yeri gəlmişkən, sonradan SSRİ baş katibi olaraq şəxsiyyətə pərəstiş yeridən Brejnev “Kiçik torpaq” adlı kitabını okivar reklam etmişdi).

Həmin gün əsgərlər tərəfindən qəhrəmanlıq möcüzələri göstərilib. Faşistlər bu şiddətli müqavimət qarşısında tab gətirə bilməyiblər.

Qəhrəmanımız “Qafqazın müdafiəsinə görə" medalı daxil olmaqla altı medala layiq görülüb. Gördüyü işə vicdanlı münasibət göstərdiyinə görə 11 dəfə fəxri fərmanlarla təltif olunub. Böyük Vətən müharibəsində Qələbənin 40-cı ildönümündə Sumqayıtda məhz ona yeni "Əbədi məşəl" abidəsinin alovunu yandırmaq tapşırılıb. Sumqayıtda Leonid İliç Brejnevin 75 illiyi münasibətilə ad gününə təbrik teleqramını Kremlə məhz o göndərib. 

O,  2001-ci ilin 9 iyununda Sumqayıtda dünyasını dəyişib.

Allah rəhmət eləsin Amin.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bugünkü təqvimi vərəqlədikcə doğum günü bu günə təsadüf edən bəzi şəxslər barədə söz açmaq istəyirəm. Onlardan biri Cavanşir Məmmədovdur. 

 

Cavanşir Məmmədov 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur.

O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir. Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor, kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor, "Yazıçı" nəşriyyatında redaktor, Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin, "Aydınlıq" qəzetində şöbə müdiri, "Xalq qəzeti"ndə isə baş müxbir  vəzifələrində çalışmışdır. Cavanşir "Ulus" qəzetinin əməkdaşı olmuşdur. 

XX əsrin 60-cı illərindən  bədii yaradıcılığa başlamışdır. İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görmüşdür.

 

Əsərləri:

1. Gözümün ilk ovu

2. Hörün məni divarlara

3. Qiblə yeli 

4. Durnalar qərib olmur

5. Mən qəribin qardaşıyam

6. Ömrümüzdə yanan ocaq

 

1990-cı ildən Azərbaycan Yazıçılar birliyinin, 1996-cı ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvü idi.

Şair ilk əvvəl  Eloğlu təxəllüsü ilə, 1992-ci ildən isə Dərviş təxəllüsü ilə yazılarını çap etdirmişdir. 

15 dekabr 2014-cü ildə ürək çatışmamazlığından vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. 

Allah rəhmət eləsin. 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.