
Super User
“Çox vaxt yaxşı əsər də eybəcər mənəviyyatı dəyişdirə bilmir” - YARADICILIQ EMALATXANASINDA
Bu dəfə "Ədəbiyyat və İncəsənət" portalının "Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olan Gədəbəydə dünyaya göz açan, AYB-nin üzvü, yazıçı-publisist, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Pərvanə Bayramqızıdır.
-Xoş gördük, əziz Pərvanə xanım. Sizin kitablara, ədəbiyyata olan sonsuz sevginizi bilirik. Pərvanə xanım, düşüncə tərziniz, həyata baxış bucağınız məqalələrinizdən hiss olunur. Bir şeirinizdə:
Şeir də köhnələrmiş...
Birnəfəsə geyinilən nimdaş
paltarlar kimi
şeir dəbdən düşərmiş.
Köhnəlmiş paltarları
alırsan bir-bir ələ,
bəyənmirsən, atırsan.
Bəzən bəxşiş verirsən,
bəzən ucuz satırsan,
Şeirisə satmaq olmur.
Nə qədər incisən də
övladı atmaq olmur.
– kimi maraqlı misralar yazmısınız. Pərvanə xanım üçün poeziya nədir?
–Sualınız şeir haqqında yazdığım silsilə yazılarımı xatırlatdı. Poeziyaya dərindən bağlıyam. Çox şeir oxuyuram. Sevdiyim şeirləri dostlarla, oxucularla da paylaşıram. Mətnlərimdən birindən bir neçə fikri qeyd edəcəm, sualınıza aydın cavab olacaq.
“Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi yanan ürəyinə sərinlik gətirir. Bəzən ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir”.
Şeirə bundan artıq necə münasibət bəsləmək olar?
– Gənclərin nə üçün kitaba olan maraqları azalıb? Bunu müasir texnologiya ilə əlaqələndirə bilərikmi?
–Cavab sualınızda var. Hazır informasiyalar (internetin “rahathülqum” məlumatları) gəncləri tənbəlləşdirib, kitabdan uzaqlaşdırır.
– Pərvanə xanım hansı əsərin obrazı olmaq istəyib?
–O əsəri özüm yazacam.
–Güclü ruha sahib olanlar dürüst, sadiq və insanlığı yüksək qiymətləndirənlərdir. Niyə bəziləri bu keyfiyyətə malik ola bilmirlər?
–Yaranış bu cürdür. Xeyirlə şər qoşa gedir. Keyfiyyətcə zənginləşməyin yolu kitablardan keçir, təəssüf ki, çox vaxt yaxşı əsər də eybəcər mənəviyyatı dəyişdirə bilmir. Daxili dünyası ali keyfiyyətlərlə zəngin olanlar rahat yaşayır, gözütox olurlar. Başqasının uğuru onları sevindirir. Yoxsul mənəviyyatlılarda əksinə olurlar. Kasadlıqlarının nədə olduğunu təyin edə bilmədiklərindən günahı yaxşı insanlarda görür, onları incidirlər.
–Sizdən elə bu an üçün şeir söyləmənizi rica etsək, hansı şeiri dinləyərik?
–Əgər öz şeirlərimi nəzərinizdə tutursunuzsa, bundan qaçıram. Şeir yazmaq cavanlıqda etdiyim səhv idi, ötüb keçdi. Başqalarından istəyirsinizsə, buyurun:
Vaxtında gəlmədin...
mən məndim onda;
Qanadım yerində,
qolum yerində...
Vaxtında gəlmədin. Bir çıxaq yola,
Bir gedək bir ömrün sonuna kimi.
Yollarda yorulaq, yolları yoraq,
Qəlbimiz baş-başa sönənə kimi.
Danışsaq çıxacaq dərd bir-bir üzə,
Qəlbimiz külü boz külqabı kimi.
Biz indi gərəyik bir-birimizə
Gərəksiz nəsihət kitabı kimi.
Səni kim yolladı ömrümə qonşu,
Qayıt, cəhlimini, yolumdan ayır.
Mən indi yol azan bir səhra quşu,
Səsim də, sözüm də sözə baxmayır...
Vaxtında gəlmədin...
Vaxt köhlən atdı!
Vaxtında yalına yatanlar udur,
Yer göyə tulladı, göy yerə atdı,
Budur gecikənin töhfəsi, budur!
Məmməd Arazın şeiridir.
– Gənclərə hansı kitabları oxumağı tövsiyə edərdiniz?
–Zövq məsələsidir, ola bilsin, mən sevdiyim kitabları bir başqası istəməsin. Amma elə kitablar var ki, onu hər kəs oxusa həm özünə, həm də cəmiyyətə faydası olar. İnsani hisslərin baş qaldırması, mükəmməl yetişmək üçün humanist duyğular aşılayan əsərləri tövsiyə edirəm. “Oğurlanan şamdanlar, “dirilən adamlar” adlı mətnim var, bütövlükdə bu mövzudadır. Hansı əsərləri məsləhət görəcəyim mütaliəsevərlərə maraqlıdırsa, “Ulduz” jurnalının 2025-ci ilin yanvar buraxılışını gözləsinlər.
– Çağdaş Ədəbiyyatımızda hansı yazarların yaradıcılığını izləyirsiniz, ad çəkə bilərsinizmi?
–Xalqımızın taleyindən canıyananlıqla yazan kim olsa oxuyuram. Təki millətini ələ salmasın, dərdlərinə dərman ola bilsinlər. Amma millətin qüsurlarını ört-basdır etməklə də heç nəyə nail ola bilmərik. Konkret ad çəkməyə gəlincə, Şərif Ağayarı ardıcıllıqla oxumuşam. Bir də sanballı roman müəllifi kimi Sadıq Qarayevin adını çəkə bilirəm.
–M. Fales söyləyib ki, özünü tanımaq çətindir, başqasına ağıl vermək isə asandır". Pərvanə xanım bu ifadəyə necə rəy bildirər?
–Özümü yaxşı tanıyıram. Nəyi edə biləcəyimi, nədən uzaq duracağımı dəqiq bilirəm. Bilirəm ki, şirnikləşdirici heç nə ilə əqidəmdən dönmərəm, təkcə sevgiyə yenilərəm. Həyatda indiyədək heç kəsin işinə qarışıb ağıl öyrətməmişəm. Buna bənzər hal yalnız yazılarımda olur. O da ağıl vermək iddiasından deyil, insanlara yaxşı tərəfdən təsir etmək niyyətimdən irəli gəlir.
--İndi ki, öz şeirlərinizdən oxumadınız, qoyun mən oxuyum:
Dağ deyilsən, sən xırdaca təpəsən.
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?
Gözdən axan yaşlar mavi gölümdü.
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü…
Öz qəbrimi əllərimlə qazmışam.
Küsdüm bəxtdən eşitdikcə dilini
İtirmişəm ömrümün çox ilini.
Sızıldatdın ürəyimin telini
Qəm üstündə köklənən bir sazmışam.
Dərd gözləyir məni hələ qabaqda.
Öləziyir ömrümdəki çıraq da
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.
( Pərvanə Bayramqızı)
Əziz Pərvanə xanım, "Sevgi nədir?" – sualı əsrlərə yol gələn və hər kəsin elə qəlbini ələ verən sualdır, deyilmi? Elə Siz də söyləyin, nədir axı bu sevgi?
–Sevginin mücərrəd anlayışlar sırasına aid edilməsini qəbul edə bilmirəm. Sevgi konkretdir. Yeniyetmə vaxtlarımda “Mən sevgini görürəm” adlı şeir yazmışdım. Bəlkə də, poeziya nümunəsindən çox israr idi. Sevgini görmək olur. Bu təkcə duyğudan ibarət deyil. Bir-birini sevən adamları tez tanıyırıq. Görürük ki, biri digərini görməyə can atır, görəndə sevinir, ondan uzaqda darıxır. Onların daxilindəki hisslər özlərinin bildiyi, rəftarları isə bizim gördüklərimizdir. Sevgi özünü unudub başqası olmaqdır. Sevgi könüllü könülsüz qalmaqdır. Yəni qəlbini xoşluqla başqasına verirsən.
–Dəyərli Pərvanə xanım, pozitiv enerjiniz, gözəl düşüncəniz, təxəyyülünüz hüzur vermə qabiliyyətinə malikdir. Zamanınızdan rubrikamıza pay verdiyiniz üçün Sizə minnətdarıq!
–Diqqətinizə, ruhlandırıcı fikirlərinizə görə mən də sizə təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Ümidlərin külə qarışdığı şəhərdə Zevs hələ də yatır - LOS-ANCELES YANĞINI BARƏDƏ
Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Los-Anceles neçə gündür tarixin ən böyük fəlakətini yaşayır. Bu şəhərdə ümidlər külə qarışıb havaya sovrulub artıq. Yanğınlar bu şəhərin gözəlliyini, təbiətin təmiz nəfəsini və insanların ümidlərini öz tüstüsündə boğub yox edib.
Külək yanğının miqyasını daha da böyüdür, səma qaranlıq tüstünün qarşısında özünü mələklərin vicdanına buraxır.
Evlər, küçələr, maşınlar bir-bir yox olur. Xatirələr külə çevrilir. Meşələr sobadakı quru odun kimi əriyib köz salır. Quşların fəryadına heç göylərin sahibi Zevs tükünü belə təpətmir. Təbiətin, insanların illərcə ərsəyə gətirdi yaşıl meşələr bir andaca əriyib yoxa çıxır. Ümidlərin külə qarışdığı şəhərdə Zevs hələ də yatır!
İnsanlar Qəzzadakı insanların qaçdıqları kimi yox, onlardan daha sürətli qaçır.
İndi evini itirən sakinlərə təsəllilər, ümidlər fayda etmir. İndi yanan şəhərə canlı Los-Anceles sakinlərinin gözləri şahidik edir. Təbiətin qəzəbi Amerika Birləşmiş Ştatlarının cəsarətinə meydan oxuyur. Sanki yanğın öz əmrini şərqdən... alıb! Bu əmr tək Los-Ancelesə yox, bütün dünyaya xəbərdarlıqdır!
Bu günlərdə Los-Ancelesin səmasında təkcə alovların parıltısı görünür. Həyatlar külə dönür. Hər kəs üçün əlçatmaz olan arzuların şəhəri indi arzuedilməz şəhərə çevrilib. Əvvəllər ümidlərin, arzuların şəhəri olan bu şəhər indi qaranlıq tüstülərin, ölümün və iztirabın şəhərinə çevrilib.
İnsanlar təkcə əllərində xatirələrini götürə bildikləri balaca əşyalarla bilinməyən səmtə doğru qaçırlar. İnsanlar Qəzzadakı insanların qaçdıqları kimi yox, onlardan daha sürətli qaçırlar. Evlərinin olmamasının nə demək olduğunu deyəsən indi anlayırlar. Bu sadəcə dörd divarın yox olması deyil, ömürlük xəyalların və ümidlərin yox olması deməkdir.
Meşələrin son fəryadı... Ağaclar əlvida deyir
İnid insanlar bir-birinə dəstək olur, yardım əli uzadırlar. Təbiəti yenidən canlandırmaq üçün planlar qururlar. Bu plan küllərin içində parlayan kiçik qığılcımı ehtiva edir özündə. Şəhərin üzərindəki qara bulud tablosu qara qəlbli insanlara ayna tutub. Sanki bütün dünya bu şəhərdəkiləri unudub.
Təbiət bizdən kömək gözləyir, bis izə onu qorumaqda gecikirik. Ümidlərin külə qarışdığı bu şəhərdən geriyə qalan yalnız bir mesajdır: Təbiətə biganələyin nəticəsi bir gün hər kəsin qapısını döyəcək... Hazır olun!
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“ASAN xidmət” Dünya İqtisadi Forumunun hesabatında diqqət mərkəzində
2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun “Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9.8 Trilyon dollarlıq bir fürsət” adlı hesabatı dərc olunub. Müvafiq hesabatda dövlət sektorunda şəffaflığın, səmərəliliyin və hesabatlılığın artırılması sahəsində hökumət texnologiyaları (GovTech), süni intellekt, data analitika və innovativ platformaların rolu müzakirə olunur.
Bu xüsusda hesabatda Azərbaycan Respublikası daxil olmaqla 7 ölkənin təcrübəsinə yer verilir (Bəhreyn Krallığı, Braziliya Federativ Respublikası, Almaniya Federativ Respublikası, Malayziya, Ruanda Respublikası və Ukrayna).
Sözügedən hesabatda “ASAN xidmət” modeli, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllər barədə məlumat dərc olunub.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, həmçinin “ASAN müraciət” informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir. Bundan əlavə “ASAN Viza” sistemi vasitəsilə qısa müddət ərzində Azərbaycana viza əldə etməyin mümkünlüyü barədə məlumat verilir.
Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin fəaliyyətinə də yer verilir.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Bişkekdə ədəbi forum keçirilib - BİŞKEKDƏN REPORTAJ
Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi
Qırğızıstanın paytaxtı Bişkekdə milli ədəbiyyatın imicini yüksəltmək məqsədi daşıyan ədəbi forum keçirilib. Tədbiri qırğız yazıçısı, publisist Oljobay Şakir təşkil edib.
Tədbirdə yazıçılar, tarixçilər, ictimai-siyasi xadimlər, nəşriyyatların nümayəndələri və ümumi kitabsevərlər iştirak ediblər.
“Ədəbiyyat Forumu - 2025” tədbirində qırğız ədəbiyyatının bir sıra mühüm məsələləri müzakirə edilib, kitab sənayesi, kitab çapı, satışı, insanların kitab oxumağa maarifləndirilməsi, dünya tendensiyaları və ölkədəki kitabçılıqla bağlı vəziyyət müzakirə edilib.
Bundan əlavə, tarixçi Aida Kubatova “İlk maarifçi Cəditlər haqqında naməlum tarixi məlumatlar”, gənc alim və tarixçi Gülzat Alagöz qızı “Tarixi yaddaş: Stalin repressiyalarının anılmasında milli və yerli təşəbbüslər”, vətəndaş fəalı, ictimai xadim Ruslan Akmatbek “Milli kimliyimizi müstəmləkəçi gücün təsiri səbəbiylə necə qoruyaq?" mövzularında məruzələrlə çıxış ediblər. Bundan əlavə, forum ölkədə nəşr olunan yeni kitabların yarmarkası ilə müşayiət olunub.
Forumun təşkilatçısı olan yazıçı Oljobay Şakir tədbir haqqında “Ədəbiyyat və incəsənət”ə danışıb: “Bu günün prioritet mövzularını tapmaqda biz nəşriyyatlarla sıx əlaqə saxladıq və təhsildə həmrəyliyə daha geniş miqyasda baxdıq. Nəticədə bir sıra aktual mövzularda təqdimatlar edilib. Milli kimliyə önəm verilmiş, cədidçi-maarifçilər haqqında məruzə edilmişdir. Türkdilli xalqların inteqrasiyasını yaratmağa çalışan başqırd və tatar ziyalıları, qırğız Moldo Kılıçi kimi xalq ədəbiyyatı nümayəndələri haqqında yeni araşdırmalar təqdim olunub. Maarifləndirmə işi təkcə şair və yazıçılar tərəfindən deyil, həm də vətəndaş cəmiyyəti, dövlət məmurları tərəfindən aparılmalıdır. Xalqın maarifləndirilməsi problemi uzun müddətdir ki, davam edir və bu gün də deyə bilərik ki, biz bu səyləri davam etdiririk”.
Xatırladaq ki, bu forum Qırğızıstanda ikinci dəfədir keçirilir.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Rəsm qalereyası: Mikel Del Kampo, “Gəminin tərk etdiyi”
Rəsm qalereyası: Mikel Del Kampo, “Gəminin tərk etdiyi”
2011-ci ilə aid italyan rəsam Mikel Del Kamponun “Gəminin tərk etdiyi” adlı rəsmi həqiqətən də şedevrdir.
Ölçüləri 130 х 89 sm.
Yağlı boya.
Günün fotosu: Ukraynalılar iki koreyalını əsir götürdülər
Günün fotosu: Ukraynalılar iki koreyalını əsir götürdülər
Ukrayna silahlı üvvələri ilk dəfə Kursk vilayətində KXDR-in iki hərbçisini əsir götürdü. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz tvitter hesabında məlumat verib.
Onun sözlərinə görə, yaralanan Şimali Koreya əsgərlərinə yardım göstərilib, onlar Kiyevə çatdırılıblar. Onlardan biri xüsusi əməliyyat qüvvələrinin döyüşçüləri, digəri isə Ukrayna paraşütçüləri tərəfindən əsir götürülüb.
"Bunu etmək asan deyildi, çünki ümumiyyətlə ruslar və Şimali Koreyadan olan digər hərbçilər yaralılarını bitirir və KXDR-in Ukraynaya qarşı müharibədə iştirakına dair sübutların qalmaması üçün hər şeyi edirlər" - belə yazıb Zelenski.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Və mənim qorxduqlarım başıma gəldi…
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Özü də bilirdi ki, qorxaq biri ilə olmayacaq…
Qorxu dedikdə, itirmək və mənən incidilmək qorxusunu anlayıram. Bu, insanın özü ilə üzləşdiyi, varlığını təhlil etdiyi, ən dərin ehtiyaclarını və zəifliklərini göstərən bir aydınlanmadır.
İnsan sevdikləri ilə bağlandıqca, onları bir növ özü kimi hiss etməyə başlayır. Amma bu bağ, həyatın təbii axınında daimi bir təhlükə ilə qarşı-qarşıyadır- itirmək.
İtirmək qorxusu insanın ən köklü varlığına - təbiətinə toxunan bir hissdir. İnsan var olduğu müddətcə bir şeyləri itirir. Yaşamaq, zamanla bir şeyləri əldən vermək deməkdir. Fəqət, bu, yalnız gerçəkliklə üzləşmək deyil; bu, insanın özünün nə qədər məhdud olduğunu, bütün varlığının nə qədər təbii və ölümlü olduğunu qəbul etməsidir.
Mənən incidilmək qorxusu isə daha dərindir. Bu, sadəcə fiziki bir ağrı deyil; bu, insanın ruhunun sındığı, həyatın ona necə təhqiredici bir şəkildə müraciət etdiyi və ən dərin varlıq dəyərlərinin sarsıldığı andır. İnsan bəzən özünə dəyər verdiyi şeyləri itirərkən, bir növ öz kimliyini də itirir. O an insanın özü, sanki bir əfsanə, bir xəyal olaraq parçalanır. İnsan özünü başqasına verdikcə, onun qırılması daha asan olur. Sevdiklərinə, arzuladığına, həyatına toxunan hər bir şey bir növ ona çevrilir. Bunu itirmək, sanki özünü itirməkdir.
Amma bu qorxular həm də insanın özünü anlamasının yollarıdır. Hər qorxu, bir tərəfdən insanın inkişafının, özünü aşmasının başlanğıcıdır. İtirmək qorxusu insanı daha diqqətli, daha incə, daha həssas edir. Həqiqət budur ki, heç bir insan tamamilə itirməyəcək. İnsan yalnız özünü itirə bilər, amma həqiqətən itirən yalnız öz dərinliyinə nəzər yetirməyən insandır.
Bizə sevdiklərimizi itirmək qorxusu verilir ki, onlara daha çox dəyər verək, onlarla əlaqəmizi möhkəmləndirək. Bu qorxu, sevgi ilə əlaqəlidir və sevgi yalnız bu dərin qorxunun dərk edilməsi ilə daha da güclənir. Sevgi, bir tərəfdən qorxudur, amma digər tərəfdən, bu qorxu bizə həyatın özünü, vaxtın nə qədər qiymətli olduğunu xatırladır.
İncimək isə bir başqa həqiqətdir. Mənən incinmək, insanın öz varlığının ən təməl zədəsini hiss etdiyi andır. Lakin bu, daima mübarizə tələb edən bir hissdir. İncitmək və incidilmək hər ikisi insanın həyatının əbədi partnyorlarıdır.
Bəzən ağrı, sənin içindəki həyat qüvvəsini canlandırar, səni daha çox özünə gətirər, öz zəifliklərini və gücünü anlamağa doğru aparar. İnsan yalnız özünün ən dərin sızılarında özünü tapar, çünki o anlarda özünü tanımağa başlayar. İncimək qorxusu, insanın içindəki ən qaranlıq künclərə yol açar, amma bu qaranlıqda ən parlaq işıqlar da gizlənir.
Beləliklə, itirmək qorxusu və mənən incidilmək qorxusu insanın həyatın və zamanın müvəqqəti olduğunu qəbul etməsinin təbii bir nəticəsidir. Bu qorxular əslində insanın həyatın dərin anlamlarını tapması üçün bir vasitədir. İnsan yalnız qorxularını qəbul edərək, həyatın onu necə formalaşdırdığını daha dərindən anlayar. Zəifliklərimizlə barışaraq, onları özümüzün bir parçası kimi qəbul edərək güclənirik. Qorxularımızdan qaçmadıqca, həyatın bizə verdiyi bütün dərsləri mənimsəyirik.
İnsan özü ilə üzləşərək, həyatın həqiqətini kəşf edir və bu kəşf, bəlkə də ən böyük azadlıqdır.
Və mənim qorxduqlarım başıma gəldi. Bəlkə də həyatın ən qəribə ironiya tərəfi budur -biz qorxduğumuz şeylərə yaxınlaşdıqca, onları əlimizdə tutmağa çalışdıqca, o qorxular gerçəkləşir. Hər zaman belə deyilmi? İnsan, nə qədər qorxsa da, nə qədər uzaq durmağa çalışsa da, qorxularının ən yaxın şəklini, sanki bir vəzifə kimi həyat ona təqdim edir. Amma bu, yalnız bir yalan deyil, həyatın özü ilə üzləşməkdir. Hər qorxu gerçəkləşməsə də, biz onu yaşamağa başladığımız an, artıq onun içində gizlənən dərin mənaları, həyatın özünü anlamağa başlayırıq.
Və mənim qorxduqlarım başıma gəldikdə, heç bir şey əvvəlki kimi olmadı. İtirdiklərimi, mənən zədələndiklərimi gözlərimlə gördüm, amma bu sarsıntı, daxili bir boşluq yaratmaqdan daha çox, mənə başqa bir dünya açdı. Mənə elə gəlirdi ki, hər şey məhv olub, amma həqiqətində hər şey yenidən doğdu. İtirmək qorxusu, sevginin əsl gücünü, zədələnmək qorxusu, insanın öz zəiflikləri ilə barışmasını ortaya qoydu. Mənim qorxularım başıma gəldikcə, məni necə dirçəltdiyini, necə həqiqətən özümü tapmağa, bəzən bir parçanı daha sevməyə yönəltdiyini anladım.
Bəlkə də, qorxuların gerçəkləşməsi insanın ən böyük azadlıq nöqtəsidir - qorxularla üzləşərək, onlardan qaçmamağı öyrəndikcə, insan artıq nəhayət ki, özünü tapır.
Mən qorxularımı yaşadım, amma onları qalib gəlmək üçün deyil, onları özümə və həyatımın hər anına daxil etmək üçün qəbul etdim. Artıq qorxularım mənim üçün bir yük deyil, bir hərəkət nöqtəsi, bir başlanğıcdır. Mənim qorxduqlarım başıma gəldikcə, mən əvvəlki kimliyimi itirmədim, əksinə, daha çox özümdən bir şeylər tapdım. Bu, həyatın mənə verdiyi ən böyük dərs idi:
Həqiqətən azad olmaq üçün, əvvəlcə qorxularımızı sevməliyik.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Doqquz ayın sirlərində - ƏFSANƏ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bir zamanlar insan övladı ilə tanrıların arasını ayıran incə bir sərhəd vardı. Bu sərhədi qoruyan isə Qədim Şura idi – dünyaların taleyini yazan, insan ömrünü və ölümünü möhürləyən əbədi varlıqlar məclisi.
Onlar insanın həyatını elə doğulmazdan əvvəl doqquz ay ərzində yazıb tamamlayırdılar. Lakin bu sirri heç bir fani bilmirdi.
Ancaq bir gün bu qadağan olunmuş biliyə yaxınlaşan gənc bir qadın ortaya çıxdı. Onun adı Zahara idi – adı “şərqin işığı” anlamına gəlirdi. O, qədim biliklərə və itirilmiş sirlərə olan sonsuz marağı ilə tanınırdı. Zahara ulduzlardan gələn mesajları oxumağı bacarırdı, amma hər dəfə oxuduğu hərflər arasında sirli bir ifadə ilə qarşılaşırdı: “Sonun başlanğıcı: Doqquz ay.”
Zahara bu sözlərin mənasını öyrənmək üçün öz müəllimi, qədim müdriklərdən biri olan Ahrimanın yanına getdi. Ahriman sirrləri bilən, lakin onları qorumaq üçün ömrünü tənha dağlarda keçirmiş bir varlıq idi.
“Ahriman, mən hər yerdə eyni sözü oxuyuram: Doqquz ay. Bu nə deməkdir? Mənə anlat!” – Zahara həyəcanla soruşdu.
Ahriman uzun ağ saqqalını sığalladı, gözlərini ulduzlara dikdi və dedi:
– Doqquz ay… Bu, həyatla ölümün bağlandığı döngənin sirridir. İnsan doğulmazdan əvvəl onun ruhu Qədim Şuraya çağırılır. Orada ruhuna bir həyat və ölüm planı verilir. Amma ölüm başlamazdan doqquz ay əvvəl, insanın ruhu yavaş-yavaş öz bədənindən ayrılmağa başlayır. Bu, hər kəsdən gizlədilən sirrdir.
Zahara susmadı. Onun ürəyində bu sirri tam açmaq üçün qətiyyət vardı. Qədim əfsanələrdə deyirdilər ki, Şuranın möhürlənmiş kitabı – “Anuniyat” – yalnız Yer ilə Göyün qovuşduğu İlkqapı adlı bir məkanda gizlənib. Anuniyatı tapan insan həm öz taleyini, həm də başqalarının ölümünü idarə edə bilərdi.
Zahara bu kitabı tapmaq üçün yola çıxdı. Yol yoldaşı isə özünü daim kölgədə saxlayan və əsrarəngiz gücə sahib olan bir şəxs – Dariman idi. Dariman- əfsanələrə görə, bir zamanlar Şuranın keşikçilərindən biri olmuş, lakin insanlara mərhəmət göstərdiyi üçün qovulmuşdu.
– Dariman, sən niyə mənə kömək edirsən?, -Zahara bir gecə ona baxaraq soruşdu.
– Çünki mən bir vaxtlar Qədim Şuranın ən böyük səhvinin şahidi oldum. Sənin axtardığın Anuniyat insanlığın həqiqətini açacaq. Mən isə onların səhvlərini düzəltmək istəyirəm.
Gecələr və gündüzlər bir-birini qovaladı. Onlar İlkqapıya çatdılar. İlkqapı ucsuz-bucaqsız bir çayın ortasında, sanki göydən asılmış böyük qızıl tağlar kimi idi. Qapının qarşısında isə Şuranın keşikçiləri – Muraglar dayanmışdılar. Onlar həyatla ölüm arasındakı sərhədi qoruyan ruhlardı.
– Buradan yalnız ölümə hazır olanlar keçə bilər, – deyə Muragların başçısı Kaora dedi.
Zahara cəsarətlə irəli addımladı:
– Mən həqiqəti bilmək istəyirəm. Bu sirri açmaq üçün hər şeyə hazıram.
Kaora bir anlıq gözlərini yumdu, sanki Zaharanın ruhunu oxuyurdu. Sonra tağlar titrədi və Anuniyat ortaya çıxdı. Zahara kitabı əlinə alanda hər şey birdən-birə dəyişdi.
O, doqquz ay əvvəl başlayan bir ölümün şahidi oldu – özünün ölümünün. Onun bu kitabı tapması və sirri öyrənməsi onun həyatının sonunu gətirəcəkdi. Anuniyat bir qurban tələb edirdi, çünki həqiqəti bilmək həyatın özündən daha ağır idi.
Zahara susdu. O, kitabı bağladı və Darimana baxdı.
– Mən taleyimi bilirəm. Amma indi anlayıram ki, bəzən bilməmək daha gözəldir. İnsanların bu sirri bilməməsi onların yaşamaq arzularını qoruyur.
Anuniyat qapının arxasına çəkildi. Zahara və Dariman geri döndülər.
Zahara və Dariman geri dönərkən hər şey dəyişmişdi. Zahara kitabın əsl mahiyyətini anladıqca özündə qəribə bir sakitlik hiss etdi. Həqiqətin ağırlığı onun ruhunu yorsa da, bu biliklə yaşamağı qəbul etdi. Amma Darimanın gözlərində narahatlıq vardı.
– Zahara, sən kitabı görüb onun sirrini açdın. Bəs indi nə edəcəksən? Bu bilik səni rahat buraxmayacaq, -Dariman dedi.
Zahara sanki Darimanın sözlərini eşitmədi. Gözlərini üfüqə dikib asta səslə danışdı:
– Mən artıq öz ölümümü gördüm. Amma insan yalnız ölməyi gözləməklə yaşamamalıdır. Bu mənim sınağımdır. Bəlkə də Anuniyat məni bu həqiqəti öyrətmək üçün seçib.
Onlar dağların arxasından doğan ay işığında sükutla yollarına davam etdilər. Amma Zahara hər gecə yuxusunda eyni səhnəni görürdü: bir çay, çayın sahilində əyilən ağaclar və onun ruhunun bədənindən ayrıldığı an. Çayda onun əksi görünür, lakin əksindəki Zahara gülümsəyirdi. Bu, doqquz ay sonra baş verəcək olanın xəbərdarlığı idi.
Bir gün Zahara Darimana tərəf çevrilib dedi:
– Mən yalnız ölümlə barışmaq istəyirəm. Amma bəzən düşünürəm, bu bilik məni dəyişdi. İnsan bu qədər həqiqəti biləndə necə adi bir həyat yaşaya bilər?
Dariman dərindən nəfəs aldı:
– Zahara, sən əfsanələrdə adı çəkilən çox az insandan birisən. Sən ölümün başlanğıcını görmüsən. Amma unutma. Qədim Şura yalnız öz məqsədini güdür. Onlar sənə bu biliyi bəxş etdilərsə, sənin həyatında daha böyük bir missiya var. Bu missiyanı tapmaq sənə bağlıdır.
Zahara bundan sonra özünü insanların taleyinə həsr etməyə qərar verdi. O, kəndləri dolaşaraq ölümü qəbul etməkdən qorxanlara yardım edir, onları sakitləşdirirdi. İnsanların qəlbinə toxunaraq həyatın son dövrəsini necə dinc və mənalı keçirə biləcəklərini öyrədirdi.
Lakin doqquzuncu ay yaxınlaşırdı. Zahara hər gün öz bədəninin zəiflədiyini hiss edirdi. Gecələr onun ruhu yuxularında çaya doğru gedirdi. Bu, yaxınlaşan sonun əlaməti idi.
Bir gecə Dariman Zaharanın yanına gəldi. Onun gözlərində hüzün var idi.
– Bu səfər burada bitməməlidir. Mən səni itirmək istəmirəm, – dedi.
Zahara isə gülümsədi:
– Dariman, hər bir ruhun bir yolçuluğu var. Mənim yolum burada tamamlanır. Amma mən narahat deyiləm. Həqiqəti bilmək və qəbul etmək məni qorxusuz etdi. Sən də mənim üçün narahat olma. Hər son yeni bir başlanğıcın xəbərçisidir.
Sonuncu gecə gəlib çatdı. Zahara çayın sahilində oturdu, Dariman isə uzaqdan onu izlədi. Zahara sakitcə gözlərini yumdu. Hər şey bir anlıq susdu. Ay işığı çaya düşəndə Zaharanın ruhu bədənindən ayrılaraq çayın sularına qarışdı. Amma o, Darimana tərəf çevrilib son dəfə gülümsədi.
Zahara yox oldu, lakin çayın sahilində onun addımları qaldı – insanlıq üçün qoyub getdiyi izlər kimi. Dariman səmaya baxıb sakitcə pıçıldadı:
– Zahara, sən sadəcə ölümü deyil, həyatı da öyrətdin. Sənin nağılın bu dünyada heç vaxt unudulmayacaq.
Zahara Qədim Şuranın döngəsinə geri qayıtdı. Anuniyatın səhifələrinə onun adını yenidən yazdılar, amma bu dəfə yanında bir söz əlavə edildi: “Ölümsüz.”
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
İslanmış məktub - EPİTAFİYA
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Bir qədəh şərab alıb keçdim masamın arxasına, aldım qələmimi əlimə. Pəncərədən baxıram meşəyə baxan mənzərəmə. Məktubuma necə başlayım, haradan başlayım, planlamamışdım əslində. Amma qəlbim o qədər doluydu ki, qələm sanki özü-özünə tərpənərək qəlbimdən keçənləri köçürdü yazıya.
"Salam, necəsən? Yaxşısan deyə ümid edirəm. Mən yaxşıyam. Sənsiz hər gün biraz daha yaxşıyam. Səs-küyün yox, içkin yox, sözlərin yox. Əlbəttə ki yaxşıyam.
Vərdişlərimi dəyişmişəm. Daha əvvəlki kimi kitablar marağımı çəkmir. Sənlə nə çox oxuyardıq halbu ki... O kitabxananı yandırmaq belə keçdi ağlımdan, axı səndən geriyə qalan kitablar nəyimə lazım? Elə bil yadlaşıb səhifələr mənə. Sonra vaz keçdim, camaatın əziyyətini sənə görə niyə yandırım axı?
Piano çalmağı buraxmışam. Amma "Vals" çalanda xoşbəxt oluram. Sən sevərdin dinləsəydin o melodiyanı. Bir gəlib mənim ifamda dinləyəsən hələ, öz aramızdı, elə bil bəstəkarı mənəm, o qədər ruh verirəm mahnıya.
Qidalanmağıma da diqqət edirəm. Hər şey yaxşıdı. Ordakılara salam de. Bir gün görüşsək əgər bol-bol dərdləşərik."
Qoydum qələmi yerə. Yenə bir ton yalan. Yenə bir ton gözyaşıyıa islanmış bir kağız parçası. Aldım əlimə kağızı, çıxdım evdən. Budur, qapındayam. Qapının ağzındayam, amma yanına gələ bilmirəm, qorxuram, ayaqlarım tərpənmir.
Bu sənə yazdığım, amma sənin heç vaxt oxumayacağın 12-ci məktubdur. Gözyaşlarım o qədər isladıb ki vərəqi. Yazılar da oxunmayacaq birazdan.
Sənsiz yaxşı deyiləm. Kitabxanadan çıxmıram. Sənin qoxun gəlir oradan. Yeni kitablar oxumaq gəlmir içimdən. Ancaq sonunu bildiyim, əzbər bildiyim o yeganə kitabi artıq 3-cü dəfədir bitirdim sən gedəndən.
Piano yaxşı çala bilmirəm, yalan dedim. Sən bəlkə dönərsən deyə. Bəlkə gələrsən deyə... Amma öyrənərəm. Sən istəsən, öyrənərəm.
Yemək-içmək heç yadıma da düşmür. Bax, necə arıqlamışam, halbuki sən nə çox sevərdin yanaqlarımı. Yoxdular artıq.
Artıq ayaqda duracaq gücüm yoxdur, çökürəm sənin həyətində yerə.
Oyan, qalx o soyuq məzardan. Bax yenə sənə məktub gətirmişəm. Bir dəfə saçımı sığallasan, hər şey düzələr əslində.
Üşüyürəm...
Yağış altında səni gözləyirəm, adam da heç yağışın altında yatar?
Qızın çox darıxıb sənsiz. Şərab başımı döndürür. Mənə bir cavab ver. Hər şey yaxşı olacaq de. Düzələcək de. Ya da, əl çək daha məndən de. Ümidini kəs de. Hamı mənə qəribə baxır. Sanki mən təkmişəm, heç kimim yoxmuş kimi. Əslində, sən varkən də mən tək idim, ata. Onda səni yaxşı bilsinlər deyə hər yerdə nağıllar danışırdım. Bəs indi? İndi...
Nəysə. Bu vərəq də islandı, məhv oldu getdi. Bəlkə gələn məktubu oxuyaram sənə. İslatmadan gətirə bilsəm, hökmən oxuyaram.
Sən yenə öpmədən yola salırsan məni...
Sağ ol, ata. Sağ ol...
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Bir para xoşbəxtlik - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir gün Simurqun gözlərindən bir damla yaş düşdü ovuclarıma
Allah bir para xoşbəxtlik ithaf etdi mənə..
Balaca bir uşağın qoparıb sənə uzatdığı çiçək kimi saf, məsum, bahabiçilməz, qıtlıq zamanlarında süfrəyə qoyulan bir parça isti çörək, əsrlərlə suya həsrət qalmış, susuzluqdan dodaqları çatlamış səhraya düşən bir damla yağış kimi bir xoşbəxtlik.
Nağılların başlanğıcı kimiydi xoşbəxtliyim, yarısı vardı, yarısı yox..
İsidirdi, amma eyni zamanda da günəş kimi uzaq idi, nə çox yaxınlaşmaq olurdu ona, nə də çox uzaqlaşmaq olurdu ondan. Aydınladırdı, amma ay qədər də əlçatmaz idi. Nə baxmağa doyulurdu, nə də toxunmaq olurdu ona..
Arazın ikiyə böldüyü Azərbaycan, bir tayı itmiş bir cüt sırğa, oxsuz kaman, açarsız qıfıl, simsiz kaman, əqrəbsiz saat, son səhifəsi cırılmış kitab kimi yarım bir xoşbəxtlik.
Yazın ilk yağışı və onun sonrasında, narın yağış damlaları, buludların arxasından boylanan günəşin zərif şəfəqləri ilə göz-gözə gələndə üfüqdə ortaya çıxan o möhtəşəm göy qurşağı kimi misilsiz bir xoşbəxtlik.
O günə qədər heç vaxt bu qədər böyük bir hədiyyə bağışlanılmamış, o günə qədər heç vaxt bu qədər böyük xoşbəxtliyi olmamış balaca bir uşaq kimiydim, qınama, bəzən əlimdən salırdım onu.
Fəqət, yerə düşən kimi tez götürüb təmizləyər, öpüb gözümün üstünə qoyardım, müqəddəsdi, qiyməti ölçüyəgəlməzdi mənim üçün..
Təqdis etmişdim o para xoşbəxtliyimi.
Bir dilənçinin ömrü boyu aldığı ən böyük sədəqə, bir ofisiantın aldığı ən böyük bəxşiş, bir şagirdin aldığı ilk ən yüksək qiymət, işçinin aldığı ilk maaş, uşağın aldığı ən gözəl hədiyyə, gözü yol çəkənin aldığı ən gözəl müjdə, xəstənin şəfasına vəsilə olan ən yaxşı həkim, ən yaxşı dərman, bitmək bilməyən zülmət gecənin ardından açılan al səhər, şaxtalı, qarlı- çovğunlu qışın ardından gələn ilk bahar, valideynlərinə təbəssüm edən körpənin ilk gülüşü, atdığı ilk addımı, tələffüz etdiyi ilk sözü, öz əllərinlə əkdiyin fidanın ilk barı, çiçəyin ilk qönçəsi, yüzillər sürən intizarın, həsrətin sonundakı vüsal kimi bir xoşbəxtlik…
Ən əziz dostun bağışladığı və hər baxarkən onu xatırladan ən xüsusi hədiyyə kimi bir xoşbəxtlik…
Qəbul olunmuş dua kimi bir xoşbəxtlik…
Boyunbağı kimi boynumdan asıb həmişə ürəyimin başında gəzdirirdim o yarıxoşbəxtliyimi.
Mən o günə qədər onu diləndirən adam tərəfindən hər gün döyülən yetim bir uşaq kimiydim. O bir para xoşbəxtlik simurqun lələyi kimi ələdüşməz və onun göz yaşları qədər şəfalıydı.
Sağaldırdı o balaca dilənçi uşağın bədənindəki yaraları.
Hər dəfə həyatdan kötək yeyəndə boynumdakı o xoşbəxtliyə toxunar, təskinlik tapardım. Dəmir zirehə çevrilər, qoruyardı məni aldığım zərbələrdən.
Kimsə görməsin, kimsə əlimdən almasın deyə bərk-bərk gizlətməyə çalışırdım onu hamıdan..
Fəqət bir zaman sonra mənim dəmir zirehim zəifləməyə başladı, artıq yenə canımı yandırırdı aldığım zərbələr.
Hətta bu dəfə daha çox yandırırdı, onun məni qorumasına alışmışdım, onun varlığına bağlanmışdım deyə.
Mənim yarım xoşbəxtliyim hər gün günəş görməsə, su verilməsə solacaq bir çiçək, hər gün ana şəfqəti duymağa möhtac körpə uşaq kimiydi.
O susayırdı, mənsə quraq səhraydım, o şəfqət gözləyirdi, mənsə yetim-yesir uşaqdım.
Və gün keçdikcə, sulanmadıqca, şəfqət görmədikcə o yarımxoşbəxtliyin azalaraq yoxa çıxdığının fərqinə vardım.
Suyu süfrəyə dağıdıb deyə, elə süfrə arxasındaca döyülən, ağzına qoyduğu loxması daha boğazından keçməmiş ağladılan, qarşısına qoyduqları yeməyi burnundan gətirilən balaca uşaq kimi, həyat mənim xoşbəxtliyimi də çox keçməmiş əlimdən aldı.
Allahın bəxş etdiyi o yarımxoşbəxtliyi belə çox gördü mənə.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)