
Super User
Sənətə və elmə dəyər verən toplumlar gələcəyə daha güclü addımlayır - RENESSANS BARƏDƏ
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Renessans dövrü insanlıq tarixində mədəni, elmi və fəlsəfi yüksəlişin altun dövrü sayılır. Bu dövrün əsas özəlliyi insanın kainatda mərkəzi rola sahib olduğu fikrinin gücləndirilməsi və sənət ilə elmin harmonik şəkildə inkişafıdır. Bu mənzərədə Rafaello və Mikelancelonun yaratdığı əsərlər, Renessansın estetik kanonlarının formalaşmasında və dərinləşməsində önəmli rol oynayıb. Onların təsiri olmadan Renessans dövrünü təsəvvür etmək çətindir. Çünki onların yaradıcılığı olmasaydı, estetik sahədə dərin boşluqlar yaranardı.
İnsanın mərkəzi rolunun gücləndirilməsi
Rafaello və Mikelancelonun əsərləri insanı kainatın mərkəzi kimi təqdim edən antropomorfik yanaşmanı təsdiqlədi və gücləndirdi.
•Onların təsirinin olmaması insan fiqurunun fiziki və mənəvi ideal kimi qəbul görməsini çətinləşdirə bilərdi.
•İnsan bədəninin anatomik dəqiqliyini və mənəvi gücünü vurğulayan əsərlər sənət meydanında yer almazdı.
Harmoniya və perspektiv konseptinin çöküşü
Rafaellonun əsərlərindəki harmoniya, tarazlıq və perspektiv Renessans estetikasının əsas dayaqlarından biridir.
•Bu üslub olmasaydı, sənət qarışıqlıq və disharmoniya ilə qarşılaşa bilərdi.
•Perspektivin zəifləməsi təsvir sənətində və memarlıqda məkan dərinliyinin ifadəsində texniki çatışmazlıqlara yol aça bilərdi.
Heykəltəraşlıq və memarlıqda boşluqlar
Mikelancelonun heykəlləri insanın mənəvi gücünü və daxili mübarizəsini təcəssüm etdirərək monumental estetikanın əsasını qoydu.
•Onun təsiri olmasaydı, heykəltəraşlıq daha çox dekorativ xarakter daşıya bilərdi.
•Mikelancelonun “Qutsal Pyotr bazilikası” kimi layihələri olmadan Avropa memarlığında monumental üslub zəifləyə bilərdi.
Fəlsəfi və simvolik aspektlərin daralması
Mikelancelonun əsərlərində insanın daxili mübarizəsi və İlahi bağlılığı fəlsəfi simvolizmlə əks etdirilib.
•Bu əsərlərin olmaması fəlsəfi təfəkkürün zəifləməsinə və simvolizmin daralmasına səbəb olardı.
•Dini və dünyəvi elementlərin vəhdəti pozulmuş olardı ki, bu da estetik inkişafın dar məzmun daşıması ilə sonuclanardı.
Təhsilin və sənət patronajının zəifləməsi
Rafaello və Mikelancelonun örnəkləri sənət məktəblərinin yaranmasında və patronajın inkişafında böyük rol oynadı.
Onların təsiri olmadan, sənət təhsili və hamiliyin keyfiyyəti aşağı səviyyədə qala bilərdi. Bu isə digər sənətkarların inkişafını çətinləşdirərdi.
Özümüz üçün gəldiyimiz sonuclar
Renessans dövrünün bu dəyərləri bizə göstərir ki, Dirçəliş (Diriliş) yalnız bir sahənin deyil, bütün əməli fəaliyyət sahələrinin harmonik inkişafını ehtiva edir. Əgər biz çağdaş Azərbaycan və Ümumtürk Dirçəlişindən (Dirilişindən) danışırıqsa, Renessansın təcrübələrindən öyrənməliyik.
Bu baxımdan dövlətlə yanaşı toplumun da üzərinə məsuliyyət düşür. Biz sənətə, təhsilə və elmin inkişafına qayğı göstərərkən, yeni nəsillərin estetik, mədəni və elmi inkişafını təmin etmiş oluruq. Bunun üçün:
•Təhsil və elm sahəsinə ayrılan maliyyə və resursların artırılması,
•Elm, təhsil, mədəniyyət və sənət ocaqları arasında sıx işbirliyinin yaradılması,
•Gənclər arasında yaradıcı və tənqidi düşüncəni inkişaf etdirən təhsil modellərinin tətbiqi,
•Sənətkarların maliyyə dəstək və təşviq imkanlarından məhrum qalmaması,
•Muzeylər, teatrlar, sərgilər və digər sənət institutlarının fəaliyyətinin genişləndirilməsi kimi addımlar atılmalıdır.
Bu tədbirlər toplumun mədəni inkişafını təmin edərək, estetik dəyərlərimizin və yaradıcılıq potensialımızın güclənməsinə gətirib çıxaracaq.
Beləliklə,
Renessansın estetik, fəlsəfi və mədəni yüksəlişini tamamlamış faktorları nəzərə alaraq, biz də öz toplumumuzun mədəni qalxınmasına, estetik dəyərlərinin güclənməsinə töhfələrimizi əsirgəməməliyik.
Ağlın yolu birdir – sənətə və elmə dəyər verən toplumlar gələcəyə daha güclü addımlayır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“Adəmin lüğəti” - Vahid Məmmədlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vahid Məmmədlinin hekayəsi təqdim edilir.
Tək olanda öz-özümə hələ də mənşəyini tapa bilmədiyim yad bir dildə danışıram. Məsələn, dünən bəstəkar dostuma zəng edəndə ki gəl bizim evin yanındakı parkda gəzək, dostum: "Nə yaxşı zəng etdin, elə mən də səni yığacaqdım. Mənə təcili min manat lazımdır. Borca deyirəm. Gələndə gətir ki, mən də həvəslə gəzim, bu gün on min addım məsafə qət edərik" deyib güldü. Özü də bunu elə tərzdə dedi ki, yəni min manatı gətirmirsənsə, gəzməyə də gəlmirəm. Ona borc söz verib telefonu qapadan kimi qışqırdım: "Takama sasa tuta!" - mənasını anlamadığım bu sözləri sanki içimdən bu dildə danışan başqa birisi dedi, "tərcüməsi" də həmin situasiyaya uyğun olaraq yəqin ki, belə idi: "Mənim ağılsız başım, sən heç bir müğənninin ifa etmək istəmədiyi kutumatların (yəqin ki, tərcüməsi "bayağı mahnı" deməkdir) müəllifi olan bu şumuttaya (eqoistə) niyə zəng edirsən axı, min manatının başı ağrıyır?" Qışqırığımı eşidən həyat yoldaşım mətbəxdən gəlib soruşdu ki, yenə nə olub öz dilində danışırsan? Mən yenə "öz dilim"də ona cavab verdim: Amada takama sasa tuta. Kxı mataka. Yamasa kasa mitita, yamasa kosa mota, yamasa kutumat.
Sən demə, həyat yoldaşım uzun müddətdir ki, özümlə danışdığım bu dili eşitdiyindən bəzi sözlərin "mənası"nı artıq bilir. Çünki mənə: "Ağılsız adamlara niyə zəng edirsən ki?" deyib getdi.
Mənasını bilmədən, fərqində olmadan sərbəst danışdığım bu mövcud olmayan dil mənə haradan, necə bəllidir, mənimçün sadəcə, sirri-xuda, çözümsüz tapmacadır. Məsələn, yaxın dostlarım bilir ki, mən çox xoşuma gələn bir şey gördükdə, "superdir" demirəm, "superauzadır" deyirəm. Görünür, mənim danışdığım dildə də "super" tipli xarici sözlərdən istifadə olunur, "auza" da yəqin ki, çox mənasını verir, yəni çox superdir. Bir dəfə filoloq qızım soruşdu ki, ata, sən danışdığın, görəsən, hansı xalqın dilidir? Cavab verdim ki, hansı xalqın dili olduğunu bilmirəm, amma hiss edirəm ki, nəsə qədim dildir. Hələliksə mənim ömrüm belə keçir, öz dilimdə danışa-danışa.
Son zamanlar mən bu dildə çox inandığım dostlarımın yanında da danışıram. Düzünü deyim ki, bu artıq məndən asılı deyil... Bir dostum var, dünyanı gəzir, Bakıya da ildə bir-iki dəfə gəlir. Gələn kimi də zəng edir ki, gəl İçərişəhərdə xəngəl yeyək. Bir dəfə o, Mərkəzi Klinik Xəstəxanadan zəng vurdu ki, qardaşım, üstünə sağlıq, Tanzaniyada məni ekzotik cücü dişləyib, qızdırmam düşmür, dünyanın işlərini bilmək olmaz, bəlkə, gələsən. Həyatsevər dostumun belə bədbinləşməsi məni kədərləndirdi və xəstəxanaya yollandım. Dostuma fasiləsiz olaraq sistem köçürülür, həkimlər əllərindən gələni edirdilər. Mən isə səhərdən axşama kimi onun yatdığı palatadakı kresloda oturub, tez-tez deyirdim ki, yəqin sabaha sağalacaq və biz onunla gedib İçərişəhərdə xəngəl yeyəcəyik. Bilirdim ki, xəngəl sevgisindən başqa heç nə onu belə tez sağaltmaz. Hər dəfə palataya girib-çıxan tibb bacısı ciy-ciy səsiylə dostuma, mənə o qədər sual verirdi ki, sonda o getdikdən sonra dözməyib yenə də öz dilimdə dedim: "Strenka". Dostum sözün mənasını bilməsə də, anladı ki, bu həmin çoxdanışan, zəhlətökən tibb bacısına aiddir. Mənsə, tibb bacısı barədə dediyim sözün mənasını heç özüm də bilmirdim.
Şükürlər olsun ki, dostum tez bir zamanda sağaldı və biz onunla İçərişəhərdə xəngəl yemək arzumuzu reallaşdırdıq. Kafenin önündə dilimdən yenə o məchul dildə bir söz çıxdı: "Ninakupenda" (məncə, mənası "bu xəmir xörəkləri bizi öldürəcək" demək idi). Həmin xəngəldən sonra dostum bu dəfə Cənubi Amerikaya səyahət edəcəyini deyib getdi. Dostumun arxasınca "kata susapa" dedim (yəqin ki, "yolun açıq olsun" demək idi).
Bir müddət sonra vatsapa görüntülü zəng edib salam-kəlamdan sonra: - Cənubi Amerikada Surinamdayam, sənə gözəl xəbərim var, - sifətindəki şillə yerini göstərib dedi: - Düzdür, bu mənə asan başa gəlmədi, amma dostum, mən müəyyən etdim ki, sən işlətdiyin bir söz surinamlıların sranan tonqo dilindədir. Sən dediyin sözlərin çoxu beynimdən çıxmır, ona görə də ara-sıra küçədə, oteldə, okeanın kənarında tək darıxanda danışdığın dildəki sözlərdən öz-özümə deyirəm. Bu gün də oteldən okean sahilinə çimərliyə gələrkən səni yadıma saldım və bərkdən dedim "strenka". Qabaqda gedən qadın çevrilib sifətimə bir şillə çəkdi. Polisdə məlum oldu ki, bu surinamlıların dilində "cırcırama" deməkdir. Qadından üzr istədikdən sonra cərimə ödətdirib məni buraxdılar. Amma heç də peşman deyiləm. Sonra üzümdəki şillənin ağrısını unutmaq üçün otelin restoranında əyləşib bir şeylər içmək istəyəndə ürəyimdən xəngəl keçdi və "ninakupenda" dedim. Xidmətçi qız gülümsəyib "siz suxaili dilini bilirsiniz?" soruşdu. Sən demə, qız konqoluymuş və bura surinamlıya ərə gəlibmiş. Suxaili dilində "ninakupenda" - "mən səni sevirəm" deməkdir. Orda xəngəlxananın qarşısında sən xəngəli sevdiyini demək istəmisən.
Dostumun dedikləri o qədər ağlıma batmasa da, gülümsəyib telefonu qapatdım. Mən hara, Surinam hara, mən hara suxaililər hara...
Dostumun bu zəngindən xeyli müddət keçmişdi. Bakıya qar yağırdı. Yaxşı xəngəl havası vardı. Səyahətçi dostum yadıma düşdü, telefonda onu aradım. Dostum çox ciddi görünürdü:
- Qardaşım, mən sənin naməlum dildə dediyin sözləri eşitdikcə dəftərçəmə yazırdım. Bir araşdırma apardım. Məsələn, tez-tez işlətdiyin "superauza"dakı "auza" qədim latış dilindədir. Sən danışdığın o dildə dünyanın bütün xalqlarının, millətlərinin sözləri var. Bir çox alimlərlə də danışdım. Belə qərara gəldilər ki, sənin danışdığın dil Adəmin danışdığı dildir. Təbrik edirəm! Həmin alimlər tezliklə mənimlə birlikdə sənin görüşünə gələcəklər. Sən demə, hər bir xalq Adəm babamızın danışdığı dildən bir söz götürüb, öz dillərini yaradıb. Sənə də halaldı, kişinin genləri çox güclüymüş, Adəmin genləri səndə yenidən təzahür edib...
Dostumun dedikləri mənə fantastik görünsə də, ağlıma batdı. Axı deyirlər, Allah insanlarla yalnız bir dəfə - dünyanın başlanğıcında danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi - bütövlükdə heç kimin, ayrı-ayrılıqda hamının anladığı sözlər...
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
ELÇİN İMANOV, “Özüm özümü hələ də tanımıram…”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Elçin İmanov ömrünün 54-cü baharına qədəm qoydu.
Etiraf edir ki, “Hicran” tamaşası həyatında böyük dönüş yaradıb. Aktyorluğu seçib. Buna görə ona evdə “mütrüf” deyiblər. Riyaziyyatı sevsə də, aktyorluğa olan həvəsi riyaziyyat biliyini də üstələyib. Teatrı kinodan üstün tutsa da, çoxları onu “Həkimlər” serialındakı Sabir obrazı ilə tanıyıb, qəbul edib.
Deyir ki:- “Özüm özümü hələ də tanımıram, tanısaydım xoşbəxt adam olardım. Amma bunu deyə bilərəm ki, 1971-ci ildə Yardımlıda anadan olmuşam. Məndə aktyor olmaq istəyi Hicran tamaşasına baxandan sonra yarandı. “Hicran” tamaşası həyatımda dönüş oldu. Baxmayarq ki, riyaziyyatı yaxşı bilirdim. Hətta böyük siniflərin də məsələlərini həll edirdim. Ancaq aktyorluğa olan həvəsim riyaziyyat biliyimi üstələyə bildi. Ailədə 9 uşağıq ən dəcəlləri və ən ərköyünləri də mənəm. Mənə evdə “mütrüf” deyirdilər. Universitetə imtahan verəndə məndən imtahanı Həsənağa Turabov və Şəfiqə Məmmədova götürdü. Beləcə, teatr kollektivinin rejissorluq fakültəsinə daxil oldum. Turabov mənə dedi ki, bu fakültədə oxu səni 3-cü kursdan aktyorluğa keçirərik. Ancaq elə qəbul olunduğum fakültədən məzun oldum."
Haqqında söhbət açmaq istədiyim Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir.
1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir.
Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.
Ailəlidir. Bir övladı var...
“Mən ampulaya sığan aktyor deyiləm. Hansı rol təklif edilirsə, onu məmnuniyyətlə ifa etməyə hazıram. Rejissora etiraz etməyə haqqın yoxdur. Təklifi qəbul edirsənsə, oynamalısan. Bu sözümə görə mən qınaq obyekti ola bilərəm, ancaq rol təklif ediləndə hansının daha çox qonorar verəcəyini düşünürəm.”- söyləyir.
Yaradıcılğında elə bir period olub ki, dalbadal eyni rollar qismətinə düşüb. Məsələn, 2004-2006-cı illərdə ancaq polis rollarını oynayıb. Sonra ilk olaraq “Həkimlər”, daha sonra “Pərvanələrin rəqsi serialında həkim roluna dəvət alıb. “Pərvanələrin rəqsi”nə onu ssenarı müəllifi Arzu Soltan dəvət edib. Əslində bu rolu həqiqi həkim canladırmalı idi. Sadəcə olaraq, həkimin həyəcanı rejissoru aktyor dəvət etməyə vadar edib. Ən çox pərəstiş etdiyi aktyorlar isə Nəsibə Zeynalova, Siyavuş Aslan, Ramiz Novruz, Nurəddin Mehdixanlı olub...
Deyir ki:- “Aktyorluq işi insana mənəvi qidadır. Amma bunu da danmaq olmaz ki, madiyyat ikinci plana keçırsə mənəviyyat üçüncü olur. Əgər aktyorun maddı vəziyyəti yaxşı deyilsə, səhnəyə fikirli çıxırsa onun hansı mənəvi qida verməyindən danışıla bilər. Məcbur olub ailən üçün daha çox qonorar verilən təklifi qəbul edəsən...”
Əgər məndən soruşsalar ki, eloğlun, aktyor Elçin İmanovu qısa şəkildə necə ifadə edərsən, deyərəm, çox intelegent və canlara dəyən adamdır...
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
İsmailliyə: Dəyərlərin əyarı
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Bakının memari incilərindən biri hesab olunan İsmailliyə binası özünün zəngin tarixi, həm də, taleyi ilə milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutur. İçərişəhər metrosu istiqamətində, İstiqlaliyyət küçəsində yerləşən bu möhtəşəm abidə Bakı milyonçusu Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaldılsa da, təməli qoyulandan bu günədək bir elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib.
Qotika üslubunda inşa edilən bu tarixi memarlıq abidəsinin layihə rəhbəri və baş memarı məşhur Polyak memarı İosif Ploşkodur. Müsəlman Xeyriyyə Cəmiyyətinin baş ofisi kimi fəaliyyətə başlayan İsmailliyə sarayının təməli 1907-ci ildə qoyulub.
İsmailliyə binasında Bakının əsilzadələri tərəfindən dəfələrlə xeyriyyə tədbirləri keçirilmiş, Şərqdə və Qafqazda ilk olaraq Müəllimlərin Qurultayı çağrılmış, bu qurultayda qadınlara səs hüququnun verilməsi məsələsi müzakirə edilmiş, onların kütləvi şəkildə təhsilə cəlb olunması gündəmə gətirilmişdir. Musa Nağıyevin nakam oğlu Ağa İsmayılın şərəfinə ucaldılan bu bina 1918-ci il soyqırımları zamanı Təzəpir məscədi ilə birlikdə sınağa çəkilmiş, top və mərmilərin hücumuna məruz qalmışdır. Təzəpirdən fərqli olaraq, o, daha çox faciə ilə üzləşmiş, erməni daşnakları binanın dağıdılması, yandırılıb külə çevrilməsi üçün tarixi cinayətə əl atmışlar. Bina yandırılan zaman burada bir neçə təşkilatın: İsmailliyə binasının, Müsəlman Xeyriyyə Cəmiyyətinin, Səadət Cəmiyyətinin, Səadət-Ruhani Məktəbinin arxivləri də yandırılaraq külə çevrilmişdir. Bakı işğaldan azad edildikdən sonra, Bakı əsilzadələrinin, xüsusən də Hacı Zeynalabdin Tağıyevin və Təzəpir məscidinin axundu Ağa Əlizadənin təkidli tələbi ilə Cümhuriyyət zamanında İsmailliyə binasının təmir-bərpa edilməsi barədə məsələ qaldırılmışdır. Binanın təməli qoyulanda onun tikintisinə can yanğısı ilə yanaşan Bakılılar təmir-bərpa işlərində də ürək yanğısı ilə iştirak etmiş və ianələr toplamışlar.
Milli-mənəvi dəyərlər və qəhrəmanlıq tariximizdə mühüm yer tutan İsmailliyə binası bir faktı da, özündə ehtiva edir. 1918-ci il Sentyabrın 15-də Bakı işğaldan azad olunur, erməni daşnaklarından təmizlənilir. Sentyabrın 16-sı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Təzəpirin axundu Ağa Əlizadə ilə birlikdə minbərə qalxıb Bakı əhlinə göz aydınlığı verir. Sentyabrın 16-da həm də,Bakıda Zəfər Paradı təşkil olunur. Paradın təşkil olunduğu ünvan külə döndərilmiş İsmailliyənin müqəddəs binası olur. Həmin gün İsmailliyə binasından Hacı Zeynalabdin Tağıyevin mülkünə qırmızı xalı salınır. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, Xəlil Paşa və xilaskar Türk əsgərləri onun üzərindən keçib Tağıyevin mülkündə təşkil olunan bayram ziyafətinə yollanır.
Sovet Hökuməti qurulduqdan sonra İsmailliyə binasının bütünlüklə sökülməsi barədə məsələ qaldırılsada, Bakının vətənpərvər insanları buna etirazını bildirir. Bu səbəbdən də, nə qədər kədərli olsa da, binanın bərpa işinə memar Vartan Sarkisov cəlb edilir. Onun layihəsi əsasında, görülən işlər çərçivəsində binanın fasadında olan Qurani-Kərimdən iqtibas edilən ayələr ləğv edilir, yerinə ulduzlar həkk olunur.
Qızılı rəng və əlvan mərmər daşlardan istifadə olunaraq Venesiya sarayları klassikasının təcəssümü kimi tikilən İsmailliyə binasının saray fasadındakı və yan tərəflərindəki ayələr kalliqraf Mirzə Əsədulla Hilal tərəfindən işlədilmişdir.
Şura Hökuməti illərində, öncə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin, Arxeologiya Komissiyasının, Əlyazmaları Fondunun iqamətgahı kimi fəaliyyət göstərən İsmailliyə binasında 1945-ci ildən sonra, elə həmin il fəaliyyətə başlayan Azərbaycan SSR Elmlər Akademiyası yerləşib.
Musa Nağıyevin övlad həsrətinə və nisgilinə, Ağa İsmayılın şərəfinə ucaldılan İsmailliyə binasının fasadına Əli əleyissalamın bu müdrik kəlamları həkk olunmuşdu: “İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlayın.”
İsmailliyə binası Hacı Zeynalabdin Tağıyevin istəyi, Musa Nağıyevin sərmayəsi ilə quruldu, Ağa İsmayıla ad olundu. Bu müdrik kəlamlarla qapısını insanların üzünə açdı. Düz 80 ildir dəyərlərin əyarı İsmailliyə binası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iqamətgahı kimi fəaliyyət göstərir. “Elm Çində olsa belə onun dalıyca get”, “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” nidası ilə qələm çalan Azərbaycan alimləri elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirir, bu möhtəşəm abidəni millətə, məmləkətə miras qoyunları sayğı ilə anır!
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Nənəmin və onun küçədən tapdığı pişiyin əhvalatı
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Şəkildəki mənim nənəm və onun pişiyidir. Nənəmin 74 yaşı var, Novxanıda əmimgillə birlikdə yaşasa da, gününün böyük bir hissəsini tək keçirməli olur. Çünki, ailənin digər üzvləri işə və təhsilə yönəliblər.
Nənəmin heyvanlara qarşı mərhəmətini görəndə düşünürəm ki, o bu dünyada cənnəti məhz heyvanlara baxaraq qazanıb. Baxın, elə bu qucağındakı pişiyi nənəm küçədə görüb, gətirib evə salıb ki, xəstədir, soyuq olar heyvana. Bizim nənə-baba ocağı köhnə daş evlərdən olduğu üçün evdə yekə "peç" var, hansı ki, yarım saata bütün evi isidə bilir. Deməli, nənəm gəlib bu peçi qızdırıb, daha sonra gedib pişiyi hamamda qəşəycə ilıq suda yuyub, tüklərini darayıb, dırnaqlarını tutub, hələ o da azmış kimi, başını bağlayıb, alıb qucağına, gətirib qoyub peçin dibinə ki, isinsin.
Danışır ki, elə həmən anda evdə tək olub deyə pişiyə yem aldırmağa uşağları tapmadığından, heeç ərinmədən iki çömçə mərci supunu qızdırıb, içinə qəşəycə çörək doğrayıb, gətirib qoyub pişiyin qabağına. Baxıb görüb ki, heyvan doğrudan da, acdı deyə axıra qədər yeyib yeməyi.
Elə neçə vaxtdı bu pişik nənəmin yanındadır, nənə ona hər baxımı edib və elə öyrədib ki, pişiyin təbii ehtiyacı gələn vaxtı heyvan qapını döyəcləyir ki, bayıra çıxa bilsin. Və nənə qapını açır, pişik gedir çöldə öz qumunu tapır, işini həll edir və gəlib hovuzun qırağında pəncələrini yuyub qayıdır evə.
Nə vaxt nənəmgilə getsəm, orda babamı axtarır gözüm. Düzü, əvvəlki qədər çox gedə də bilmirəm, amma hər gedəndə nənəmi ya namazda tapıram, ya da televizora baxan yerdə görürəm.
Nənəylə bu gün babadan söhbət açmışdım ki, gördüm gözləri dolub. Mənə deyir ki, mən bu evdə 50 ildən çoxdur ki, yaşayıram, əvvəl Hacı (yəni babam) var idi, qapını döyən çox olardı, siz də tez-tez gəlrədiz, indi nə siz tez- tez gəlirsiz, nə də bir qohum-qonşu.
Deyir, deyəsən insanların yadına ancaq bayramdan bayrama düşürəm.
Sonda pişiyini qucağına alıb söyləyir:
-Deyirəm, ay Kubra, yaxşı ki, bu pişiksə var, yoxsa təklikdən tamam bağrım çatlayar.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Təbrizdə daha bir kitab təqdimatı
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Vida Heşmətinin “Son qapı” adlı hekayələr kitabının təqdimatı Təbrizdə keçirilibdir.
“Son qapı” kitabı Vida xanımın 11 hekayədən ibarət olan birinci nəsr əsəridir.
Vida Heşmətidən kitab barədə fikirlərini almışıq. O deyib: “Demək olar, hekayələrin çoxunda qadınların problemləri, sevdaları, sosial yeri, zorakılığa uğranmağı, habelə ictimai təbizləri göstərməyə çalışmşam.”
Kitabın təqdimatı isə Təbrizdə tarixi Nikdel Evində keçirilibdir.
Qeyd edək ki, Vida xanım Heşməti 2023-cü ildə mənimlə birgə portalımızın “Güney Azərbaycan ədiblərini tanıdaq” layihəsində fəal iştirak edibdir.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Bütün təsadüflər zərurətdən doğurmu? -ESSE
Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün
Hərdən öz -özümə sual verirəm ki, görəsən bütün təsadüflər zərurətdən doğurmu? Yaşadıqlarımız, qarşılaşdığımız bütün təsadüflərin arxasında zərurət dayanırmı? Axı təsadüfi görüşlərin hamısı vüsala, xoşbəxtliyə aparmır adamı. İşgəncəyə, göz yaşına, ölümə aparanlar da olur.
Sual doğur, bu zərurəti yaradan səbəb nədir bəs? Bütün təsadüflərdən sonra üzümüzə qapılar açılmırsa, təsadüfən görüşdüyümüz adamlarla bir də rastlaşmırıqsa, bunun harası zərurət oldu?
Bəzən uğursuzluqlarımızın adını sınaq qoyuruq, Tanrı tərəfindən göndərilən imtahan adlandırırıq. Bir sözlə, burda da işi öz xeyrimizə həll etməyə çalışırıq. Yəni təsəlliylə ovuduruq özümüzü.
Şairləri çox incidən bir sualla çıxırlar bəzən adamın qarşısına? "Niyə ağrıdan, acıdan, kədərdən, həsrətdən yazırsız? Dünyaya işıqlı tərəfdən baxın. Qaranlıq yorur və qorxudur adamı"
Axı heç kim xoşbəxtlikdən şair olmur. Elə insanı şair edən onun əzabları , yaşadıqları, eyni zamanda yaşaya bilmədikləridı axı. Kefindən yazan şair rastıma çıxmayıb hələ. Ən xoşbəxt şeirlərin də arxasında lirika dayanır. Lirika poeziyanın canıdı, sütunudu. Poeziyanın özü həsrətdən yaranıb. Mənim aləmimdəsə həsrətdən doğan şeirlər daha mükəmməldi.
Hamının kədərini özününkü edə bilmirsə, o şairdən heç nə gözləməyin. Şair təkcə özünü yaşamamalıdı. Şairun ruhu yerdədirsə, ona Tanrı sığalı çəkilməyibsə, demək onun yazdıqları da adi söz yığınıdı. Nəfəssizdi. Şeir doğulmalıdı. Əks halda yazılan bütün şeirlər əlsiz, ayaqsız, gözsüz, dilsiz, ağızsız yaranacaq. Zorla , süni, başdansovdu, ürəksiz, sevgisiz yazılan bütün yazılar şeir statusu ala bilmir. Bayağı, sönük, nursuz, qaranlıq yazı oxuyuruq, vəssalam.
Axı şikəst şeirlər kimə lazımdı?
Qaldı ki, təsadüflərə. Bütün təsadüflər zərurətdən yaranırsa, demək, bizim şairliyimizin də bir "Ol" tərəfi var yəqin ki.
Yadımdadı, dördüncü sinifdə oxuyurdum. Qısa hekayələr yazırdım və anama oxuyurdum. Xoşuna gəlirdi. Anam heç vaxt məni tərifləməzdi. Gözlərindən oxuyurdum ürəyindən keçənləri. Düşünürdüm ki, əgər anamın xoşuna gəldisə, demək, hər şey qaydasındadı. Sevinirdim. Atamısa razı salmaq qeyri -mümkün idi. Ona görə də çox vaxt atamdan hər şeyi gizlədirdim.
Bir gün mənim hekayələrimi tapıb oxumuşdu. Mənə stimul verməkdən, alqışlamaqdansa, "hekayə yazmağa nə var ki, hünərin var, şeir yaz"- dedi. İçimdə nəsə qırılıb düşdü o an, amma heç nə demədim, susdum. Dördüncü sinifdə oxuyan, doqquz yaşlı bir uşağa bunu deməklə onun bütün istəklərinin qarşısına sədd çəkilərdi bəlkə də. Amma mən ruhdan düşmədim. Özümə söz verdim ki, şeir yazacam. Səhəri gün şeirlə gəldim atamın hüzuruna. Bu dəfə də üzünün ifadəsi dəyişmədi. Sonra bir də ona şeir oxumadım. Bəlkə bu da zərurət idi. Bəlkə də atam elə deməsəydi mən öz yaradıcılığımı elə hekayədə də tamamlayacaqdım. Atamın arzusuyla hüquqşünas olacaqdım bəlkə də. Ya qanunlarımızın keşiyində ayıq-sayıq dayanacaqdım, ya da yazılmayan qanunlar məni dəyişib tamam ayrı adam edəcəkdi.
Təsadüf zərurətdən doğdumu? Mütləq idimi mən şair olum? Mənim şairliyimlə dünya dəyişdimi, mənim sözümə qulaq asdımı Göy üzü? Mənim arzularımın mərkəzində fırlandımı hadisələr, ya yalançı hay-küyümdə asılıb qaldı duyğularım? Çox sevdiyim azadlığıma qovuşa bildimmi?
Bilmirəm. Bircə onu bilirəm ki, bütün təsadüflərin arxasında nəsə dayanmır.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımova uşaqlarıyla vaxt keçirtməyə zaman tapırmı?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.
Dörd övlad anasısınız. Uşaqlarınızla vaxt keçirtməyə zamanınız olurmu? Böyük qızınız bilirik ki, tələbədir.
Bəli Allah cümlə balaları valideynlərinə çox görməsin. Bu bəşəriyyət üçün, bu cahan üçün hər bir övladı xeyirli övlad etsin ki, zamanəmiz, dövrümüz pisliyə deyil yaxşılığa getsin in şa Allah. Bu bizim dünyaya gətirdiyimiz övladlardan çox asılı olan bir şeydi. Nə qədər zamanım olubsa mənə ayırılan həyat ömründən mən zamanımı övladlarıma ayırmışam. Mən özüm üçün yaşamamışam bu həyatda. Nə qədər vaxtım olub övladlarım üçün, sənətim üçün yaşamışam. Xüsusi bir zaman ayırmamışam özümə. Yalan nə deyim. Bəlkə bundan sonra ola bilər övladlarım böyüyər bəlkə ola bilər ki, bundan sonra zamanım olar. Amma çox şükür ki, Allah təala mənə zaman verib ki, sənətim üçün, xalqıma yararlı insan olmaq üçün, sənətimi yaşatmaq üçün yaşamışam. İnsanlara paklğı mesaj etməklə yaşamışam. Kimin üçün, kimlər üçünsə yaşamaq mənim üçün böyük hissdir. Bəli qızım tələbədir. Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Heykəltaraşlıq üzrə təhsil alır.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“Yazıçı olmurlar, yazıçılığı yaşayırlar” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Yarımçıq əlyazma”da məqbul sayılmayan dil nümunələrinin tənqidi ancaq “Dədə Qorqud” hissəsiylə bağlı oldu. Şah İsmayıl hissəsindəki 16-cı əsr Azərbaycan dili ilə bağlı etiraz səsini qaldıran, gərək ki, olmadı. Bu məsələ mətnlə bağlı idi. “Dədə Qorqud” mətni var idi, amma Şah İsmayıl mətni yox idi. “Sehrbazlar dərəsi”nin və “Unutmağa kimsə yox...”un da arxasında mətnlər dayanmamışdı. Arxasında mətn dayanan roman və arxasında mətn dayanmayan roman! Bütün bu məqamları dillə bağlı iradlarını qəribə bir təkidlə irəli sürənlər nəzərə almalı idilər. Almadılar.
2.
“ Bu dəniz bu dağa yaman oxşayır
Həmən buluduyla, həmən göyüylə.”
3.
Və bütün bunları düşünüb-daşınandan sonra bir daha inanırsan ki, bizim dünyamızı yaradanlar onu yaratdıqdan sonra bu kainata salıb itiriblər.
4.
“Yarımçıq əlyazma”dakı casus fantom dur. Hamı casusdur və eyni zamanda heç kəs casus deyil. “Ol vaxtlar”ın casusu ilə bu günün casusu başqa-başqa şəraitdə “işləyirdilər”.
5.
İsa Hüseynov xəstə olarkən qızı deyir ki, “Yarımçıq əlyazma”nı ona oxutdurub qulaq asırmış. Nə idi onu çəkən?! Bəlkə bu yazıçını mənim sakrallığa baxışım özünə çəkmişdi - bilmirəm. İki müxtəlif istiqamətdən baxış var ortada. O dahi üçün sakrallıq həqiqət idi, mən binəva üçün həqiqət sakrallıqdı.
6.
Dostlarımın yanında darıxmıram. Ancaq yazmaq üçün darıxıram. Xüsusən də, başladığım işi sona çatdırmağa həmişə darıxmışam, təntimişəm. Çayld Harold kimi, Oblomov kimi isə - yox! O cür darıxanların vaxtı keçib getdi. İndi “darıxıram” deyənlər, əslində, özlərinə bioqrafiya yazırlar.
7.
Yazıçı olmurlar, yazıçılığı yaşayırlar
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
PA - Uğur üçün 15 keyfiyyət - Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)