Super User

Super User

 

“Diaspor Akademiyası-2” layihəsinin növbəti 7-ci təlimi baş tutub. Təlim “Diasporun imic və nüfuzu” adlı mövzuya həsr edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına “İmic və nüfuz anlayışları”, “Diasporun imic və nüfuzunun özünəməxsus xüsusiyyətləri”, “Diasporun imic və nüfuzunun ölkənin obrazının formalaşdırılmasında rolu”, həmçinin “Diasporun imic və nüfuzunun formalaşdırılması və qorunması alətləri” və digər mövzular haqqında məlumat verib.

Təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda  yaşayan Kamil Qəhrəmanoğludur.

 

 

Kamil Qəhrəmanoğlu

Xiyav

 

BU GÜN QARĞALAR ŞEİR OXUDULAR

 

Bu gün qarğalar şeir oxudular,

Qoxudular yer üzündə pendirləri

Oxudular şeiri qarğalar

Və qarladılar ağacları qarrr, qarrrr

Geyindilər yarpaqlar fəlsəfələri

Yedilər də gecəlikləri yavanlıqlarına...

 

Bu gün qarğalar şeir oxudular

Dilləri pəltək qarğalar

Öskürəyin beli sınmış qafiyəsində!

Sancağın qarasıl lakında

Və araba baxışında ağaclar hücumunda beləsi...

 

Şeirlərdən dəlisəl sellər

Sellərdən dəlisəl şeirlər

Ölülər mahnılarda uzanmışlar

Cəsədləri qar, qar, qarlar qarğalar

Yuxlayırlar dodaqlarında

Məsafəsiz yollar uçuşudur, qarğaların

Və küləkli kölgələr qanadları, beləsi.

 

Qarğalar şeir oxuyarlar gündə

Qoltuqlarında bir at yükü kitab

İki it hürüşü vəngilti

Sözləri düyün salırlar gözlərində

Ancaq günorta saat vaxtında

Adsız ölürlər qarğalar

Havasız kəlmələrdə

Sözsüz şeirlərdə

Və ləhləyir ağzımda

Bir...

İki...

Və... Əlli üç it balası...

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 qaydadan ibarət “Uğur qazanmaq qaydası” təliminin 12 qaydası ilə sizləri tanış etmişdik. Bu gün sizlərə son qaydanı təqdim edəcəyik.

 

Qayda 13

 

Uğurun sizinçün nə olduğunu anlayın!

 

«Şəxsən mənim üçün uğur qazandığım pulun miqdarı deyil, məşğul olduğum işi necə sevməyimdir! Öz işindən tüklərin biz-biz durana qədər misilsiz həzz ala bilirsənsə, bax bu, əsil uğurdur».

Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:

 

Qayda 1

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

Qayda 2

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

Qayda 3

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

Qayda 4

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

Qayda 5

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

Qayda 6

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

Qayda 7

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

Qayda 8

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

Qayda 9

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

Qayda  10

Qətiyyətli olun!

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

Qayda 11

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

Qyda 12

Həmişə hər şeyin perspektivinə diqqət edin

«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2024)

 

İnci Məmmədzadə

 

Bu dəfə sizə varlı tacir oğlu olduğuna görə  Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmiş Almas İldırımdan söhbət açacam. Tale elə gətirir ki, sonradan o ölkədən də xaric olunur…

 

Almas İldırım 1907-ci il mart ayının 25-də 

Bakının Qala kəndində anadan olub.

1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir NKVD agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A. İldırım ideolojimiz üçün zərərli bir insandır…". Bundan sonra Türkmənistanda qalmaq onun üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

 

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar, dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilmir və  çox yoxsul, acınacaqlı həyat sürür.

Burada qala bilməyib tezliklə Türkiyəyə gedir və 1934-cü ildə qardaş ölkənin vətəndaşlığına qəbul edilir. O, burada  katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.

 

Vətən həsrəti, qəribliyin hüznü onun demək olar ki, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir. O, Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır.  

 

1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verir, onların dərhal yığışdırılmasını təklif edib. 1954-cü il oktyabrın 9-da qəbul edilmiş qərara əsasən aralarında Almas İldırımın da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılır…

 

Kitabları:

1. Seçilmiş əsərləri 

2. Qara dastan (şeir və poemalar)

3. Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev

4. Azərbaycan mahnıları

5. Азербайджан; До свидания, Баку! (стихи) (Авторский перевод А. Фересетели). "Молодёжь Азербайджана", 1993, 14–24 апреля.

6. Прощай Баку!; Азербайджан (стихи) (Перевод В. Кафарова). "Баку", 1993, 20 июля.

7. Что было?; Не вернулся (стихи) (Авторизованный пер. А. Манафова). "Молодёжь Азербайджана", 1994, 31 декабря.

 

Bəli. Bu gün onun anım günüdür. 

Və yetər ki, onun dillər əzbəri olan bir şeirini paylaşaq:

 

 ƏSİR AZƏRBAYCANIM

 

Nerdə məni gül 

qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə "layla balam" çağıran,

Azərbaycan mənim 

baxtsız anam, oy,

Neçə bir il həsrətinlə yanam, oy!..

 

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa, oy!..

Hökm etsə, bu sərsəm gediş 

dursa, oy!..

 

Xəbər alsam Muğanımdan, 

Milimdən,

Nazlı Bakım, o neft qoxan 

gülümdən,

Kim demiş ki, düşmüş adı 

dilimdən,

Azərbaycan, mənim eşsiz 

yurdum, oy!..

Ölməz eşqim,

içimdəki dərdim, oy!

 

Könlümə tək Kəbə yapdım 

səni mən,

Sənsiz nedəm qurbət eldə 

günü mən,

Sənsiz nedəm Allahı mən, 

dini mən,

Azərbaycan, mənim tacım, 

taxtım, oy!

Oyanmazmı kor olası 

baxtım, oy?!.

 

Allah rəhmət eləsin! Amin!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Nigar Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Müsahibimiz, Rusiya  Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutunun sosial texnologiyalar fakültəsinin dekanı Oleq Sergeyeviç Kuzindir. 

Rusiyanın Əməkdar jurnalisti, siyasi elmlər namizədi, professor Oleq Kuzin hələ “Tribuna” qəzetinin baş redaktoru olarkən bütün qəlbi və düçüncəsi ilə xalqımıza qarşı gözəl münasibəti, doğma Bakımıza bağlılığı ilə tanınırdı. O, Azərbaycan həqiqətlərinə, Qarabağ probleminə heç zaman laqeyd qalmayıb, beynəlxalq tədbirlər zamanı regionunun inkişafının məhz bu münaqişənin həllindən asılı olduğunu dəfələrlər dilə gətirmişdir. Əslində Oleq Kuzini ölkəmizlə sadəcə jurnalist fəaliyyəti bağlamır, onun Azərbaycanla, Bakı ilə bağlı maraqlı xatirələri var. Məhz buna görə də biz, onunla həmsöhbət olduq.

 

-Oleq Sergeyeviç, Azərbaycana ilk səfəriniz, doğma Bakımızla bağlı xatirələrinizi sizin dilinizdən eşitmək istərdik. Bir jurnalist olaraq dünyanın çox ölkələrinə səfərlər etmisiniz, amma məhz bizim ölkəyə xüsusi münasibətinizin olması həmişə hiss olunub. Bu, nədən qaynaqlanır?

 

-Mənim Azərbaycanla, Bakı ilə tanışlığımın tarixçəsi uzun illər əvvələ təsadüf edir. Təxminən 20 il “Leninqradskaya  pravda” və “Sankt-Peterburqskie vedomosti” qəzetlərinin baş redaktoru kimi çoxillik təcrübəmi nəzərə alaraq, “Tribuna” qəzetinə rəhbərlik etmək mənə həvalə olundu. O zamanlar “Tribuna” qəzeti Azərbaycanla sıx bağlı mətbu nəşri hesab olunurdu. Təsadüfi deyil ki, ölkənizin rəhbərləri haqqında iki kitabın müəllif olan Viktor Andriyanov bizim redaksiyada işləyirdi. Bu kitablardan birincisi böyük siyasi xadim və məşhur dövlət xadimi Heydər Əliyev haqqındadır. “Görkəmli adamların həyatı” seriyasından olan bu kitab bir neçə xarici dilə tərcümə olunub və həmin ölkələrdə də maraqla oxunur.

İkinci kitab Azərbaycanın indiki Prezidenti cənab İlham Əliyev haqqındadır. Yadımdadır, dahi şəxsiyyət Heydər Əliyevlə  bağlı məlumatların toplanılmasında Viktor Andriyanova tanımış yazıçı, dramaturq, uzun illər  Millət vəkili olmuş, çox   vətənpərvər insan  Hüseynbala Mirələmov kömək edirdi. O, Heydər Əliyevin Moskvadakı xidmət illəri ilə bağlı kifayət qədər ciddi məlumatlara sahib idi. Üstəlik, rus dilini də yüksək səviyyədə bilirdi. Elə Hüseynbala Mirələmovla da məni Viktor İvanoviç tanış etmişdir. Bəstəboy, bir az kök, lakin çox çevik olan Mirələmov elə ilk gündən məndə xoş təəssürat bağışladı. Elə o vaxtdan aramızda müəyyən qardaşlıq, doğmalıq yarandı və bir-birimizi tez başa düşdük. Kitab isə 2005-ci ildə işıq üzü gördü. Hətta sonradan bir neçə xarici dilə tərcümə olundu. Bir ildən sonra “Görkəmli adamların həyatı” seriyasından Prezident , cənab İlham Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım  Əliyeva haqqında kitablar üzərində iş başladı. Beləcə, bizim Mirələmovla dostluğumuz, Bakı ilə əlaqələrimiz da da möhkəmləndi, genişləndi.

 

-Bakıya ilk səfərinizi necə xatırlayırsınız?

 

-Bəlkə də təəccüblənəcəksiniz, amma Bakıya ilk səfərim də Hüseynbala müəllimin sayəsində baş tutub. Məhz bu səfər məni və həyat yoldaşımı böyük faciədən xilas edib. 2009-cu ilin noyabrında Hüseynbala müəllim “Yedinaya Rossiya" partiyasının 10-cu qurultayına dəvət edilmişdi və xarici qonaq kimi Moskvaya gəlmişdi. Sankt-Peterburqa getməzdən əvvəl ənənəvi olaraq Moskvaya gəlib, məni Bakıya dəvət etdi. Yadımdadır, mən razılaşmırdım, çünki noyabrın sonunda həyat yoldaşımın ad günü idi və ailə arasında qeyd etməyi planlaşdırmışdıq. Lakin o israrla bildirdi ki, tez evə zəng elə, yoldaşını razı sal, ad gününü Bakıda qeyd edək. Mən onun yanında həyat yoldaşıma zəng etdim. Düzünü desəm, razılaşmayacağını düşünürdüm. Amma o, eşidən kimi təklifi bəyəndi. Həyatında heç vaxt Azərbaycanda olmamışdı və sevinərək Bakı ilə tanış olmaq istədiyini məmnuniyyətlə  bildirdi. Beləcə, noyabrın 27-də Bakıya yola çıxdıq.

 

- Bir az əvvəlki söhbətimiz vaxtı  Bakıya gəlməklə böyük faciədən xilas olduğunuzu qeyd etdiniz. Siz, hansı faciəni nəzərdə tutursunuz?

 

-Dediyim kimi, Azərbaycana səfərimiz qəfil və  plansız oldu. Əslində Bakıya gəldiyimiz gün biz Sankt-Peterburqa yola düşməli idik. Biletlərimiz də alınmışdı. Amma tale elə gətirdi ki, həmin gün Bakıya səfər etməli olduq. Gecə otelə çatanda çox yorğun idik. Yeməyimizi yeyib yatdıq. Səhər yuxudan oyananda eşitdiyimiz xəbərdən çox sarsıldıq. Sən demə, biz yolda olarkən "Nevski Ekspres" qatarında terror aktı törədilib və xeyli sayda insan həlak olub. Bu, bizim Sankt-Peterburqa bilet aldığımız qatar idi. Təsəvvür edirsiniz?! O qatara minsəydik, həyat yoldaşımla qeyd edəcəyimiz sonuncu doğum günü olacaqdı. Həyatını itirənlər arasında yaxından tanıdığım insanlar da var idi. Həmin gün telefonlarımız susmadı. Tanışlar, qohumlar bizim terrorun qurbanı olduğumuzu düşünüb sarsılmışdılar. Bax beləcə, Hüseynbala Mirələmov özü də bilmədən həmin gün iki insanın həyatını xilas etdi. Elə həmin vaxtdan hər il Svetlana xanımın doğum gününü həm də mənim ikinci doğum günüm kimi qeyd edirik. Alın yazısı ilə bağlı sizin həmyerliniz olan Əbu Turxanın belə bir maraqlı aforizmi var: “Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir”.  Deməli, Böyük Yaradan bizə də bu şansı verdi ki, yaşayaq (Gülümsünür). Bu hadisədən sonra Hüseynbala Mirələmov mənim üçün əsl qardaşa, Bakı isə doğma şəhərə çevrildi. Təsəvvür edin ki, 2025-ci ilin iyununda Hüseynbala qardaşımın yubileyində iştirak etmək üçün artıq indidən məzuniyyətə çıxmağı nəzərdə tutmuşam (Yenidən gülümsünür).

 

- Çox güman ki, Bakını sizə sevdirən təkcə bu hadisə deyil...

 

- Əlbəttə. Bakıya ilk səfərimizdə təyyarədən düşən andan ancaq qonaqpərvər, gülərüz insanlarla rastlaşdıq. Kimin qonağı olurduqsa, yedirib-içirtməmiş bizə getməyə icazə vermirdilər. Qonağa bu qədər olan sayğı göstərilməsi məni sözün yaxşı mənasında təəccübləndirmişdi. Ümumiyyətlə, Bakıda olmaq mənim xoşuma gəlir. Ona görə ki, mən sizin şəhərinizi sevirəm, burada məni böyük dost kimi qəbul edirlər. Bakı sakinləri açıqürəkli olurlar, həmişə yaxşılıq etməyə hazırdırlar. Ümumiyyətlə, sizin millət başqa millətlərə nisbətən daha çox dostcanlıdır. Bu da yəqin ondan irəli gəlir ki, sizin millətin dostla bağlı çoxlu atalar sözləri, aforizmləri var. Bax, elə sizin millətin dostla bağlı bu atalar məsələləri hansı millətdə var?: “Dost-dosta tən gərək, tən olmasa gen gərək. Dost-dosta yaman gündə gərəkdir. Dost, dar gündə tanınan. Dost, ziyankar olmaz, ziyankar da dost ola bilməz”. Ümumiyyətlə, sizin millətin həm qədim tarixi və həm də çox qədim şifahi və yazılı xalq ədəbiyyatı var. Bütün bunlar da sizin millətin çox qədim olduğuna tutarlı bir sübutdur.

Sakinləri kimi Bakı özü də “qonaqpərvər”dir, celbedicidir. Burada özümü qərib kimi hiss etmirəm…

Çox böyük şəhər olmamasına baxmayaraq, gəzməli-görməli yerləri saymaqla bitmir. Şəhərin bir başı səni orta əsrlərə aparıb çıxardığı halda digər tərəfi Avropanın inkişaf etmiş şəhərlərini xatırladır. Zamanla Bakının necə gözəlləşdiyini müşahidə etmək çox xoşdur. Elə səfərimiz olmur ki, Dənizkənarı Milli Parkda gəzib-dolaşmayaq. Bakı bulvarı sanki gözümüzün önündə böyüdü. Bir zamanlar bir saata gəzib bitirdiyimiz Bakı bulvarının indi bir başından digər başına getmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Hər dəfə Bakıya gəldikdə, mütləq İçərişəhərə də baş çəkirik. Eyni mənzərəni yenidən  görməkdən qətiyyən bezmirik. Orada hər şey tarixlə nəfəs alır. Kiçik suvenir dükanlarına, milli ornamentlərlə dizayn olunmuş restoranlara daxil olanda adamın ürəyi açılır. Dünyanın bir çox yerlərində olsam da, Bakı məndə xoş təəssürat yaradan tək-tük şəhərlərdəndir. 

 

-Əminəm ki, milli yeməklərimizi də bəyənmisiniz...

 

- Məgər buna şübhə etmək  olarmı? Sizin millətin qədim yeməkləri olan lülə kababını, yarpaq dolmasını, plovu necə bəyənməmək olar? Nəvəm Bakıya gedəndə gecə-gündüz ancaq “kotlet” adlandırdığı lülə kababı yeyir.

Bilmək olmaz, bəlkə böyüdükdən sonra birdəfəlik Bakıya köçdü... ( Gülümsünür.)

Eşitsəniz təəccüblənməyin. Artıq evdə bu barədə müzakirələr başlayıb. Ölkənizi o qədər sevir ki, məktəbi bitirdikdən sonra beynəlxalq münasibətlər fakültəsini seçdi, türk dilini öyrənməyə başladı. Nəvəmin ən böyük arzusu diplomat kimi məhz Azərbaycanda işləməkdir. Onun bütün kurs işlərinin, hətta diplom işinin mövzusu da Azərbaycanın xarici siyasəti ilə bağlıdır.

Xarici siyasət demişkən, Azərbaycan indi bütün dünyada mustəqil siyasəti olan bir dovlət kimi tanınır, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Elə keçən ilin sonunda keçirilən COP 29 beynəlxalq tədbiri buna tam sübutdur.

Ən çox maraq doğuran da bu nüfuzlu tədbirlərin həm idman, həm mədəniyyət, həm din, həm siyasətlə bağlı olmasıdır. 2024-cü ilin sonunda Bakıda "Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq" adlı mədəniyyət və maarifləndirmə layihəsi, Səkkizinci Beynəlxalq Bank Forumu və xüsusilə bir daha vurğulamaq istədiyim BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Bu tədbirdə 200 ölkədən 80 minə yaxın insan iştirak etdi. Həmçinin, sentyabr ayında Bakıda “Formula 1” Dünya Çempionatının 17-ci mərhələsi keçirildi. Bütün bunlar sübut edir ki, cəmi  on bir milyondan bir qədər çox əhalisi olan Azərərbaycan dünyanın ən aparıcı, əhalisi 70-80 milyondan çox olan ölkələrilə bütün bu sahələrdə böyük rəqabət aparır. Bu da sizin məmləkətin ən böyük uğurudur. Mən, bir ziyalı və çoxlu xarici ölkələrdə olan insan kimi deyirəm: “Sizin məmləkətin böyük gələcəyinə çox inananıram”.

 

-Hörmətli Oleq  Sergeyeviç Kuzin, müsahibə üçün sizə təşəkkür edirəm və ümidvaram ki, yenidən görüşəcəyik. Çünki elə bu il Azərbaycanı daha böyük uğurlar və Qarabağa daha böyük qayıdışlar  gözləyir. Təki sağlıq və əmin-amanlıq olsun.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Bu dəfə "Ədəbiyyat və İncəsənət" portalının "Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olan Gədəbəydə dünyaya göz açan, AYB-nin üzvü, yazıçı-publisist, AMEA-nın  Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Pərvanə Bayramqızıdır.

 

-Xoş gördük, əziz Pərvanə xanım. Sizin kitablara, ədəbiyyata olan sonsuz sevginizi bilirik. Pərvanə xanım, düşüncə tərziniz, həyata baxış bucağınız məqalələrinizdən hiss olunur. Bir şeirinizdə:

 

Şeir də köhnələrmiş...

Birnəfəsə geyinilən nimdaş

paltarlar kimi

şeir dəbdən düşərmiş.

Köhnəlmiş paltarları

alırsan bir-bir ələ,

bəyənmirsən, atırsan.

Bəzən bəxşiş verirsən,

bəzən ucuz satırsan,

Şeirisə satmaq olmur.

Nə qədər incisən də

övladı atmaq olmur.

 

– kimi maraqlı misralar yazmısınız. Pərvanə xanım üçün poeziya nədir?

 

–Sualınız şeir haqqında yazdığım silsilə yazılarımı xatırlatdı. Poeziyaya dərindən bağlıyam. Çox şeir oxuyuram. Sevdiyim şeirləri dostlarla, oxucularla da paylaşıram. Mətnlərimdən birindən bir neçə fikri qeyd edəcəm, sualınıza aydın cavab olacaq. 

“Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi yanan ürəyinə sərinlik gətirir. Bəzən ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir”. 

Şeirə bundan artıq necə münasibət bəsləmək olar? 

 

– Gənclərin nə üçün kitaba olan maraqları azalıb? Bunu müasir texnologiya ilə əlaqələndirə bilərikmi?

 

–Cavab sualınızda var. Hazır informasiyalar (internetin “rahathülqum” məlumatları) gəncləri tənbəlləşdirib, kitabdan uzaqlaşdırır. 

 

– Pərvanə xanım hansı əsərin obrazı olmaq istəyib?

 

–O əsəri özüm yazacam. 

 

–Güclü ruha sahib olanlar dürüst, sadiq və insanlığı yüksək qiymətləndirənlərdir. Niyə bəziləri bu keyfiyyətə malik ola bilmirlər?

 

–Yaranış bu cürdür. Xeyirlə şər qoşa gedir. Keyfiyyətcə zənginləşməyin yolu kitablardan keçir, təəssüf ki, çox vaxt yaxşı əsər də eybəcər mənəviyyatı dəyişdirə bilmir. Daxili dünyası ali keyfiyyətlərlə zəngin olanlar rahat yaşayır, gözütox olurlar. Başqasının uğuru onları sevindirir. Yoxsul mənəviyyatlılarda əksinə olurlar. Kasadlıqlarının nədə olduğunu təyin edə bilmədiklərindən günahı yaxşı insanlarda görür, onları incidirlər. 

 

–Sizdən elə bu an üçün şeir söyləmənizi rica etsək, hansı şeiri dinləyərik?

 

–Əgər öz şeirlərimi nəzərinizdə tutursunuzsa, bundan qaçıram. Şeir yazmaq cavanlıqda etdiyim səhv idi, ötüb keçdi. Başqalarından istəyirsinizsə, buyurun: 

 

Vaxtında gəlmədin...

mən məndim onda;

Qanadım yerində,

qolum yerində...

 

Vaxtında gəlmədin. Bir çıxaq yola,

Bir gedək bir ömrün sonuna kimi.

Yollarda yorulaq, yolları yoraq,

Qəlbimiz baş-başa sönənə kimi.

 

Danışsaq çıxacaq dərd bir-bir üzə,

Qəlbimiz külü boz külqabı kimi.

Biz indi gərəyik bir-birimizə

Gərəksiz nəsihət kitabı kimi.

 

Səni kim yolladı ömrümə qonşu,

Qayıt, cəhlimini, yolumdan ayır.

Mən indi yol azan bir səhra quşu,

Səsim də, sözüm də sözə baxmayır...

 

Vaxtında gəlmədin...

Vaxt köhlən atdı!

Vaxtında yalına yatanlar udur,

Yer göyə tulladı, göy yerə atdı,

Budur gecikənin töhfəsi, budur!

 

Məmməd Arazın şeiridir.

 

– Gənclərə hansı kitabları oxumağı tövsiyə edərdiniz?

 

–Zövq məsələsidir, ola bilsin, mən sevdiyim kitabları bir başqası istəməsin. Amma elə kitablar var ki, onu hər kəs oxusa həm özünə, həm də cəmiyyətə faydası olar. İnsani hisslərin baş qaldırması, mükəmməl yetişmək üçün humanist duyğular aşılayan əsərləri tövsiyə edirəm. “Oğurlanan şamdanlar, “dirilən adamlar” adlı mətnim var, bütövlükdə bu mövzudadır. Hansı əsərləri məsləhət görəcəyim mütaliəsevərlərə maraqlıdırsa, “Ulduz” jurnalının 2025-ci ilin yanvar buraxılışını gözləsinlər. 

 

– Çağdaş Ədəbiyyatımızda hansı yazarların yaradıcılığını izləyirsiniz, ad çəkə bilərsinizmi?

 

–Xalqımızın taleyindən canıyananlıqla yazan kim olsa oxuyuram. Təki millətini ələ salmasın, dərdlərinə dərman ola bilsinlər. Amma millətin qüsurlarını ört-basdır etməklə də heç nəyə nail ola bilmərik. Konkret ad çəkməyə gəlincə, Şərif Ağayarı ardıcıllıqla oxumuşam. Bir də sanballı roman müəllifi kimi Sadıq Qarayevin adını çəkə bilirəm. 

 

–M. Fales söyləyib ki, özünü tanımaq çətindir, başqasına ağıl vermək isə asandır". Pərvanə xanım bu ifadəyə necə rəy bildirər?

 

–Özümü yaxşı tanıyıram. Nəyi edə biləcəyimi, nədən uzaq duracağımı dəqiq bilirəm. Bilirəm ki, şirnikləşdirici heç nə ilə əqidəmdən dönmərəm, təkcə sevgiyə yenilərəm. Həyatda indiyədək heç kəsin işinə qarışıb ağıl öyrətməmişəm. Buna bənzər hal yalnız yazılarımda olur. O da ağıl vermək iddiasından deyil, insanlara yaxşı tərəfdən təsir etmək niyyətimdən irəli gəlir. 

 

--İndi ki, öz şeirlərinizdən oxumadınız, qoyun mən oxuyum:

 

Dağ deyilsən, sən xırdaca təpəsən.

Yox zirvəndə tülə bənzər duman, çən.

Qəribədir, ay vəfasız, bəs görən,

Hansı dağın dumanında azmışam?

 

Gözdən axan yaşlar mavi gölümdü.

Niyə onun saf suları bölündü?

Bu məhəbbət mənim üçün ölümdü…

Öz qəbrimi əllərimlə qazmışam.

 

Küsdüm bəxtdən eşitdikcə dilini

İtirmişəm ömrümün çox ilini.

Sızıldatdın ürəyimin telini

Qəm üstündə köklənən bir sazmışam.

 

Dərd gözləyir məni hələ qabaqda.

Öləziyir ömrümdəki çıraq da

Yan-yörəmdə hamı gülən bir çağda

Mən kədəri uda-uda yazmışam. 

                                 ( Pərvanə Bayramqızı)

 

Əziz Pərvanə xanım, "Sevgi nədir?" – sualı əsrlərə yol gələn və hər kəsin elə qəlbini ələ verən sualdır, deyilmi? Elə Siz də söyləyin, nədir axı bu sevgi?

 

–Sevginin mücərrəd anlayışlar sırasına aid edilməsini qəbul edə bilmirəm. Sevgi konkretdir. Yeniyetmə vaxtlarımda “Mən sevgini görürəm” adlı şeir yazmışdım. Bəlkə də, poeziya nümunəsindən çox israr idi. Sevgini görmək olur. Bu təkcə duyğudan ibarət deyil. Bir-birini sevən adamları tez tanıyırıq. Görürük ki, biri digərini görməyə can atır, görəndə sevinir, ondan uzaqda darıxır. Onların daxilindəki hisslər özlərinin bildiyi, rəftarları isə bizim gördüklərimizdir. Sevgi özünü unudub başqası olmaqdır. Sevgi könüllü könülsüz qalmaqdır. Yəni qəlbini xoşluqla başqasına verirsən. 

 

–Dəyərli Pərvanə xanım, pozitiv enerjiniz, gözəl düşüncəniz, təxəyyülünüz hüzur vermə qabiliyyətinə malikdir. Zamanınızdan rubrikamıza pay verdiyiniz üçün Sizə minnətdarıq!

 

–Diqqətinizə, ruhlandırıcı fikirlərinizə görə mən də sizə təşəkkürümü bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Los-Anceles neçə gündür tarixin ən böyük fəlakətini yaşayır. Bu şəhərdə ümidlər külə qarışıb havaya sovrulub artıq. Yanğınlar bu şəhərin gözəlliyini, təbiətin təmiz nəfəsini və insanların ümidlərini öz tüstüsündə boğub yox edib. 

 

Külək yanğının miqyasını daha da böyüdür, səma qaranlıq tüstünün qarşısında özünü mələklərin vicdanına buraxır. 

Evlər, küçələr, maşınlar bir-bir yox olur. Xatirələr külə çevrilir. Meşələr sobadakı quru odun kimi əriyib köz salır. Quşların fəryadına heç göylərin sahibi Zevs tükünü belə təpətmir. Təbiətin, insanların illərcə ərsəyə gətirdi yaşıl meşələr bir andaca əriyib yoxa çıxır. Ümidlərin külə qarışdığı şəhərdə  Zevs hələ də yatır! 

İnsanlar Qəzzadakı insanların qaçdıqları kimi yox, onlardan daha sürətli qaçır.

İndi evini itirən sakinlərə təsəllilər, ümidlər fayda etmir. İndi yanan şəhərə canlı Los-Anceles sakinlərinin gözləri şahidik edir. Təbiətin qəzəbi Amerika Birləşmiş Ştatlarının cəsarətinə meydan oxuyur. Sanki yanğın öz əmrini şərqdən... alıb! Bu əmr tək Los-Ancelesə yox, bütün dünyaya xəbərdarlıqdır!

 

Bu günlərdə Los-Ancelesin səmasında təkcə alovların parıltısı görünür. Həyatlar külə dönür. Hər kəs üçün əlçatmaz olan arzuların şəhəri indi arzuedilməz şəhərə çevrilib. Əvvəllər ümidlərin, arzuların şəhəri olan bu şəhər indi qaranlıq tüstülərin, ölümün və iztirabın şəhərinə çevrilib. 

İnsanlar təkcə əllərində xatirələrini götürə bildikləri balaca əşyalarla bilinməyən səmtə doğru qaçırlar. İnsanlar Qəzzadakı insanların qaçdıqları kimi yox, onlardan daha sürətli qaçırlar. Evlərinin olmamasının nə demək olduğunu deyəsən indi anlayırlar. Bu sadəcə dörd divarın yox olması deyil, ömürlük xəyalların və ümidlərin yox olması deməkdir. 

Meşələrin son fəryadı... Ağaclar əlvida deyir

İnid insanlar bir-birinə dəstək olur, yardım əli uzadırlar. Təbiəti yenidən canlandırmaq üçün planlar qururlar. Bu plan küllərin içində parlayan kiçik qığılcımı ehtiva edir özündə. Şəhərin üzərindəki qara bulud tablosu qara qəlbli insanlara ayna tutub. Sanki bütün dünya bu şəhərdəkiləri unudub. 

Təbiət bizdən kömək gözləyir, bis izə onu qorumaqda gecikirik. Ümidlərin külə qarışdığı bu şəhərdən geriyə qalan yalnız bir mesajdır: Təbiətə biganələyin nəticəsi bir gün hər kəsin qapısını döyəcək... Hazır olun!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

​2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun “Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9.8 Trilyon dollarlıq bir fürsət” adlı hesabatı dərc olunub. Müvafiq hesabatda dövlət sektorunda şəffaflığın, səmərəliliyin və hesabatlılığın artırılması sahəsində hökumət texnologiyaları (GovTech), süni intellekt, data analitika və innovativ platformaların rolu müzakirə olunur. 

 

Bu xüsusda hesabatda Azərbaycan Respublikası daxil olmaqla 7 ölkənin təcrübəsinə yer verilir (Bəhreyn Krallığı, Braziliya Federativ Respublikası, Almaniya Federativ Respublikası, Malayziya, Ruanda Respublikası və Ukrayna).

​Sözügedən hesabatda “ASAN xidmət” modeli, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllər barədə məlumat dərc olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, həmçinin “ASAN müraciət” informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir. Bundan əlavə “ASAN Viza” sistemi vasitəsilə qısa müddət ərzində Azərbaycana viza əldə etməyin mümkünlüyü barədə məlumat verilir.

 

​Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin fəaliyyətinə də yer verilir.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Понедельник, 13 Январь 2025 15:15

Bişkekdə ədəbi forum keçirilib - BİŞKEKDƏN REPORTAJ

 

Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Qırğızıstanın paytaxtı Bişkekdə milli ədəbiyyatın imicini yüksəltmək məqsədi daşıyan ədəbi forum keçirilib. Tədbiri qırğız yazıçısı, publisist Oljobay Şakir təşkil edib. 

 

Tədbirdə yazıçılar, tarixçilər, ictimai-siyasi xadimlər, nəşriyyatların nümayəndələri və ümumi kitabsevərlər iştirak ediblər.

“Ədəbiyyat Forumu - 2025” tədbirində qırğız ədəbiyyatının bir sıra mühüm məsələləri müzakirə edilib, kitab sənayesi, kitab çapı, satışı, insanların kitab oxumağa maarifləndirilməsi, dünya tendensiyaları və ölkədəki kitabçılıqla bağlı vəziyyət müzakirə edilib.

Bundan əlavə, tarixçi Aida Kubatova “İlk maarifçi Cəditlər haqqında naməlum tarixi məlumatlar”, gənc alim və tarixçi Gülzat Alagöz qızı “Tarixi yaddaş: Stalin repressiyalarının anılmasında milli və yerli təşəbbüslər”, vətəndaş fəalı, ictimai xadim Ruslan Akmatbek “Milli kimliyimizi müstəmləkəçi gücün təsiri səbəbiylə necə qoruyaq?" mövzularında məruzələrlə çıxış ediblər. Bundan əlavə, forum ölkədə nəşr olunan yeni kitabların yarmarkası ilə müşayiət olunub.

Forumun təşkilatçısı olan yazıçı Oljobay Şakir tədbir haqqında “Ədəbiyyat və incəsənət”ə danışıb: “Bu günün prioritet mövzularını tapmaqda biz nəşriyyatlarla sıx əlaqə saxladıq və təhsildə həmrəyliyə daha geniş miqyasda baxdıq. Nəticədə bir sıra aktual mövzularda təqdimatlar edilib. Milli kimliyə önəm verilmiş, cədidçi-maarifçilər haqqında məruzə edilmişdir. Türkdilli xalqların inteqrasiyasını yaratmağa çalışan başqırd və tatar ziyalıları, qırğız Moldo Kılıçi kimi xalq ədəbiyyatı nümayəndələri haqqında yeni araşdırmalar təqdim olunub. Maarifləndirmə işi təkcə şair və yazıçılar tərəfindən deyil, həm də vətəndaş cəmiyyəti, dövlət məmurları tərəfindən aparılmalıdır. Xalqın maarifləndirilməsi problemi uzun müddətdir ki, davam edir və bu gün də deyə bilərik ki, biz bu səyləri davam etdiririk”.

Xatırladaq ki, bu forum Qırğızıstanda ikinci dəfədir keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

Понедельник, 13 Январь 2025 13:16

Rəsm qalereyası: Mikel Del Kampo, “Gəminin tərk etdiyi”

Rəsm qalereyası: Mikel Del Kampo, “Gəminin tərk etdiyi”

 

2011-ci ilə aid italyan rəsam Mikel Del Kamponun “Gəminin tərk etdiyi” adlı rəsmi həqiqətən də şedevrdir. 

Ölçüləri 130 х 89 sm. 

Yağlı boya.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.