Super User

Super User

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi 

 

 

 

Qədim yəhudi zərb-məsəllərindən birində deyilir: “Sən kimə daha çox inanırsan – mənə, yoxsa öz gözlərinə?” Gözlərimin gördüyü, beynimin dərk etdiyi reallıq mənə erməni iddialarından tamamilə fərqli mənzərəni göstərərək deyir ki, ermənilərin saz-söz sənəti heç yerli-dibli olmayıb. Alimlərimizin də dediyi kimi “bu sənəti erməni etnik mədəniyyətinə gətirən və onu bu xalqa sevdirən xristian və alban mənşəli türklər” olub.

 

Filologiya elmləri doktoru İ.Cəfərsoy türkdilli xristian aşıqlar barədə qısa məlumatda bildirir: "Ə.İrəvanlının 1958-ci ildə nəşr olunan kitabında əlli-altmış (onların sayı qat-qat çox olmuşdur-İ.V.) türkdilli erməni aşığının yaradıcılığı haqqında məlumat verilir. Əslində onların çoxu erməni deyildi, xristian qıpçaqlar, peçeneqlər, berendeylər idi”.

İ.Sarıyeva isə “Erməniləşdirilmiş türkdilli xristian aşıqlara - Sayat Novadan Qul Eğaza və Aşıq İzaniyədək” adlı məqaləsində yazır ki, “Sayat Nova (Sayat Nəva) başda olmaqla onlarla türk xristian aşıqvar... Təbii, bəzi ermənilər olub ki, Azərbaycan aşıqlarının yanında (çox zaman balabançı və ya dəmkeş olaraq-İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur. Çünki ermənilərdə tarixən aşıq olmayıb”.

1912-ci ildə İzmirdə nəşr edilən, həm ermənicə, həm də türkcə yazan erməni aşıqlarının şeirləri toplanmış kitabın müqəddiməsində xristianşünas araşdırmaçı da yazır ki, bunların hamısı mənşə etibarilə türklərdir.

Çünki aşıq sənətində və aşıq şeirlərində, nəğmələrində türkün milli ruhunun sәsi aydın duyulur. Bu ruh erməniyə yaddır. Ona görə onlar sazda nə qədər yaxşı çalıb-oxusalar da,şəmkirli Aşıq Muradın qeyd etdiyi kimi “bizim kimi oxuya bilmirdilər”. Çünki ruh, o ruh deyildi. Min yaşlı “Qabusnamədə” deyildiyi kimi, “onların ruhunda, xarakterində və təbiətində ancaq murdarlıq vardır”.

         Məhz bunları nəzərə alan məşhur mütəxəssis A.Koroşşenko hələ 1896-cı ildə “Moskva xəbərləri” qəzetində dərc olunan “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” məqaləsində qeyd edirdi ki, “…ermənilərin özlərinin xalq musiqisi yoxdur”.

Onlar yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul olmuşlar. “Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxarmışlar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başlamışlar”.

Filosof, şair və publisist M.Nalbandyan yazırdı ki, “Erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar. Qədim nəğmə və mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb”.

Görünür, elə buna görə də fransıztarixçi J.Ş.Deserbye qeyd edirmiş ki, ”Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir.”

Onlar hətta öz təxəllüslərini də bizim aşıqların təxəllüslərinə bənzətmiş, bizim musiqi alətlərimizdən, şeir formalarımızdan və hacavatlarımızdan istifadə etmişlər. Məlum olduğu kimi, türk aşıqları şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Haqverdiyan adlı bir erməni 80-ə yaxın aşıq havacatlarının tamamilə türklərə aid olduğunu yazırdı. Sənətşünas və professor Q.Levonyan isə açıq şəkildə etiraf edirdi ki: “Erməni aşıqlarının həm özlərinə götürdükləri adların, həm də onların şeir və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir”. 

Professor A.Bayramov “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik vahidlər” məqaləsində tamamilə haqlı olaraq yazır: “Dilimizin gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu bütün dövrlərdə erməniləri məftun etmiş, onlar hazır söz qəliblərindən və deyimlərdən yetərincə faydalanmışlar. Azərbaycan türkcəsinə aid olan sözlərin başqa dillərdə işlədilməsi yaxşıdır, amma sözləri və sözlərin ifadə etdiyi əşya və məfhumları özlərinə çıxmaları elmi saxtakarlıqdır”.

Aşıq yaradıcılığının mayası türkün ruhundadır. Erməni ruhunda isə yaradıcılıq yoxdur, “aşıqlıq qüdrətinə varmaq, onu yaşatmaq hünəri yoxdur! Heç “qafiyə cəhətdən yoxsul”, “həmahəng sözləri məhdud miqdarda” olan erməni dili özü də buna imkan vermir. Erməni heç vaxt saz-söz sənəti yaratmaq iqtidarında olmayıb, o, sadəcə, məharətli təqlidçidir, plagiatçıdır, oğrudur - vəssalam.   

         Türk mədəni dəyərlərinə sahib çıxmaq cəhdi isə erməni xislətinin bariz nümunəsidir. Erməni tarixçisi M. Xorenlinin (V-VI əsrlər) də dediyi kimi, “İndi olduğu sayaq, keçmişdə də elmə, şifahi ötürülən mahnılara həvəsləri olmayan, ona görə də kəmağıl, nadan və vəhşi qalan qədim hayların” tör-töküntülərinin birbaşa piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə aid olan, türkün milli-mәnәvi vә dini-irfani dәyәrlәrlә süslәnmiş saz-söz sənətini yalandan erməni mədəni mülkiyyəti hesab etməkləri absurddur. Öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, “Cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşqul olan, şimal vəhşiləri kimi ov hesabına yaşayan”, bədii təfəkkürü yerlə sürünən, bədii-estetik   zövqü biabırçı vəziyyətdə olan ermənilərin intellektual-idraki məzmun daşıyan aşıq ədəbiyyatına malik olmasını iddia etməsi doğrudan da gülməlidir. Bu bədbəxtlər başa düşmürlər ki, aşıqlıq “ruh və yaşam biçimidir”, bu “geyim” onların əyninə biçilməyib.   Azərbaycan Aşıqlar Birliyinin sədri, professor M.Qasımlı  müsahibələrinin birində deyir ki, “Şəmkirdə erməni aşıq Yervant vardı, o Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə söyləyirdi”.

         Əsil həqiqəti isə  erməni tədqiqatçısı və ədəbiyyatşünası S.Palasanyan hələ 1886-cı ildə Sank Peterburqda nəşr etdirdiyi “Erməni nəğmələri” kitabında yazmışdı: “Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünki hesab edirik və özümüzünkü kimi təqdim edirik”. Bu, bir etiraf idi. Ermənilərin belə etirafları isə çoxdur, lap çox. Lakin unutmayaq ki, bu etiraflar səmimiyyətdən yox, onların həqiqət qarşısında aciz qalmaqlarından irəli gəlir.

 

Şəkildə: Aşıq Sayat Novanın da erməniliyə heç bir dəxli yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

 

Вторник, 07 Январь 2025 13:03

O gün səni son dəfə gördüyümü bilmirdim… -ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər şey adi bir gün kimi başlamışdı. Günəş pəncərədən otağa dolmuş, külək pərdələri yavaşca yelləmişdi. Heç nə fərqli deyildi, amma bəlkə də mən fərqli bir şeyin olacağını hiss etməli idim.

 

İnsan sevdiyi ilə son görüşünün gəldiyini bilsə, daha uzun qucaqlayar, daha çox baxar, daha çox danışar, elə deyilmi? 

Amma mən bilmirdim…

O gün səni son dəfə gördüyümü bilmirdim. Bəlkə də ona görə sözlərim yarımçıq qaldı, bəlkə də ona görə baxışlarımı daha uzun saxlamadım. Gedişin adi bir ayrılıq kimi göründü – elə ayrılıqlar ki, ardınca qovuşmaq həmişə var. 

Amma bu dəfə yox idi.

Sən mənə baxıb gülümsədin. O gülüşündə həyat vardı, ümid vardı. Həmişəki kimi isti idi, amma indi düşünəndə o gülüşdə bir vida gizlənmişdi. O zaman bunu görə bilməmişdim. “Sonra danışarıq,” dedim. Sən də başını yüngülcə tərpətdin. Amma o “sonra” heç gəlmədi.

 Həyatın nə qədər qəddar ola biləcəyini o gün başa düşdüm. Hər şey bir andaca dəyişdi. Sənin yoxluğun qəfil külək kimi həyatımdakı hər şeyi alt-üst etdi. 

Hər gün özümə sual verirəm: “O gün səni son dəfə gördüyümü bilsəydim, nə edərdim?” Daha çox danışardım? Əllərini daha uzun tutardım? Baxışlarımı səndən ayırmazdım? Həyatın məndən oğurlamaq istədiyi hər saniyəni sənə həsr edərdim?

Amma o gün… O gün səni son dəfə gördüyümü bilmirdim. Sözlərimi yarımçıq qoydum, hisslərimi tam ifadə etmədim. İndi düşünürəm ki, bəlkə sən bunu gözləyirdin, bəlkə də mənim fərqində olmağımı istəyirdin. Amma bilmədim, anlayamadım.

İndi hər səhər o günü xatırlayıram. Sənin gülüşünü, baxışlarını, hətta ətrini. 

Səni o qədər aydın xatırlayıram ki, sanki hər an içimdə yaşayırsan. Amma hər dəfə də öz-özümə deyirəm: Kaş ki, o gün səni son dəfə gördüyümü bilsəydim…

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Başa çata 2024-cü il Azərbaycan tarixinə COP29-a - BMT-nin iqlim dəyişkənliyi ilə bağlı sammitinə evsahibliyi etməsi ilə yadda qaldı. Azərbaycandan bütün dünyaya planeti gözləyən təhlükə barədə mesaj verildi. 

Gəlin 2024-cü ildə planetin hansı fəlakətlərlə üzləşdiyinə gəlin birlikdə göz yetirək: 

 

Yaponiyada Yeni il zəlzələsi

 

Bir sıra güclü təbii fəlakətlər sözün əsl mənasında 2024-cü ilin ilk günündə başladı. Yanvarın 1-də Yaponiya 1885-ci ildən bəri ən güclü zəlzələ ilə sarsıldı, 7,5 bal gücündə, Noto yarımadasının şimal hissələrinə təsir etdi. Yeni il zəlzələsi yanğınlar, torpaq sürüşmələri və sunamilər də daxil olmaqla bir sıra təbii fəlakətlərə səbəb oldu. 100-ə yaxın tikili zədələndi, 120 hektar ərazi su altında qaldı, 23 min insan təxliyə edilməli olundu, yarımadanın 280-ə yaxın sakini həlak oldu. Noto zəlzələsinin ziyanları Yaponiya hakimiyyətinə 6 milyard dollardan çox başa gəldiyi təxmin edilir.

 

BƏƏ-də daşqın

 

Demək olar ki, heç vaxt təbii fəlakətlərin qurbanı olmayan Birləşmiş Ərəb Əmirlikləri 2024-cü ilin aprelində əsl daşqını yaşadı. BƏƏ ilə yanaşı, uzun sürən leysan Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və İran ərazilərini də su basıb. BƏƏ-də 24 saat davam edən aprel leysan yağışı son 75 ilin ən güclü yağışı olub: nəticədə iki illik yağış yağıb, Dubay hava limanını su basıb, bir çox magistral və magistral yollar su altında qalıb. İqlim dəyişikliyinin səbəb olduğu görünməmiş yağışın BƏƏ-yə 850 milyon dollardan çox ziyan vurduğu təxmin edilir.

 

Braziliyada fəlakət

 

2024-cü ildə növbəti ən böyük təbii fəlakət Braziliyada baş verib. Aprel-may aylarında ölkənin cənubundakı Rio Qrande-du-Sul ştatı güclü yağışlar səbəbindən su altında qalıb. 2,4 milyon insan fəlakətli daşqınların nəticələri ilə üzləşdi. Təxminən 600 min ştat sakini evlərini tərk etmək məcburiyyətində qaldı, 169 nəfər öldü. Faciə nəticəsində 200 minə yaxın ev dağılıb, müəssisələrin 90%-nə ziyan dəyib. Mütəxəssislərin fikrincə, Braziliya üçün görünməmiş daşqın ölkənin kənd təsərrüfatı sektorunun 3,5% azalmasına səbəb olub və itkilər 15 milyard dollardan çox olub.

 

Həcc zamanı faciə

 

2024-cü il tarixdə ən isti il olub. İsti dalğası dünyanın hər bir bölgəsinə təsir edib və rekord yüksək temperaturla bağlı 2024-cü ilin ən faciəli hadisəsi Səudiyyə Ərəbistanında baş verib. İyunun 14-19-da Məkkəyə illik həcc ziyarəti zamanı həddindən artıq istilər səbəbindən 1301 nəfər dünyasını dəyişib. 2024-cü ilin Həcc ziyarəti tarixdə ən ölümcül hadisələrdən biri olub və ilk dəfə istidən belə sayda insanlar ölüb. Həcc ziyarəti zamanı Məkkədə temperatur demək olar ki, 52 °C-ə çatıb.

 

Yagi qasırğası

 

2024-cü ilin ən güclü qasırğa Asiyada 2024-cü il avqustun sonu – sentyabrın əvvəlində baş verib. Yagi qasırğası Çin, Filippin, Laos, Tailand, Myanma və Vyetnam kimi ölkələrə təsir edib. Bir həftədən çox davam edən qasırğa infrastrukturun dağılmasına, içməli su çatışmazlığına və sanitariya şəraitinin xeyli pisləşməsinə səbəb olub. Vyetnamda 237 minə yaxın, Çində 50 mindən çox, Filippində 12 min və Taylandda 8 min ev dağıdılıb. Təxminən 850 nəfər ölüb, ən azı 320 min nəfər məcburi köçkün vəziyyətinə düşüb. Yagi qasırğasının vurduğu maddi ziyan 16 milyard dollar qiymətləndirilir.

 

Elena qasırğası

 

Hər il silsilə təbii fəlakətlərlə üzləşən ABŞ üçün 2024-cü il də istisna deyil. 2024-cü ilin sentyabrında Amerikanın cənub-şərqini vuran Elena qasırğası 2005-ci ilin avqustunda baş verən Katrina qasırğasından sonra ən faciəli qasırğa olub. Fırtına 230-dan çox insanın həyatına son qoyub, 73 minə yaxın evə ziyan vurub, 380 min insanı təxliyə etməyə məcbur edib, 160-dan çox su və kanalizasiya sistemini sıradan çıxarıb, əmlaka və biznesə 20 milyard dollardan çox ziyan vurub.

 

Valensiyada daşqın

 

2024-cü ilin iqlim fəlakətləri təkcə çoxlu sayda qurbanlara deyil, həm də siyasi iğtişaşlara səbəb oldu. 2024-cü ilin oktyabr ayının sonu və noyabr ayının əvvəlində İspaniyanın Valensiya şəhərinə yağan güclü yağışlar ölkə tarixində görünməmiş daşqınlara səbəb oldu. Nəticədə 220-dən çox insan həlak oldu, minlərlə insan isə evlərini tərk etdi. Şəhərin infrastrukturuna, o cümlədən yollara, körpülərə, qatar stansiyalarına və relslərə ciddi ziyan dəyib. Təbii fəlakət kütləvi etirazlara səbəb olub. 130 min Valensiya sakini region rəhbərinin istefasını tələb edərək şəhərin küçələrinə çıxıb. İspaniya Bankının hesablamalarına görə, bu böyüklükdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ölkəyə 20 milyard dollardan çox başa gələcək.

 

2025-ci il necə olacaq?

Yuxarıda sadalanan fəlakətlər 2024-cü ildə planeti silkələyən təbii fəlakətlərin tam siyahısı deyil. Bütün dünyada təbii fəlakətlərin statistikası üzücüdür. Meşə yanğınları, quraqlıqlar, daşqınlar və qasırğalar hər il daha dağıdıcı xarakter alır və onların nəticələrindən daha çox insan əziyyət çəkir. On milyonlarla insan aclıq astanasındadır, yüz minlərlə insan evlərini itirir, infrastruktur dağıdılır, flora və fauna tələf olur. 2024-cü ildə təbii fəlakətlərin ümumi zərəri 310 milyard dollardan çox qiymətləndirilir və yalnız 2025-ci ildə vəziyyətin yaxşılaşacağına ümid etmək olar. Təəssüf ki, ciddi iqlim dəyişikliyi yaşayan dünya onun fəsadlarına tam hazır görünmür.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Понедельник, 06 Январь 2025 17:29

Şaxta Babadan 2026-cı il istəyi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Yeni il girər-girməz Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər bahalaşdı. Bahalaşmanın memarı olan Tarif Şurası xəbəri mediaya bu cür yaydı: 

 

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib”.

 

Bahalaşıb yox a, tənzimlənib!

Beləliklə, artıq işıq, qaz, su və dərmanlar yeni - daha baha qiymətlərlə satılır. 

Elə bu yerdə zəruri qeyd: əgər qiymət artımı dövlətin rifahı naminədirsə hamı bunu anlayışla qarşılamağa borcludur. Qarabağı dirçəldən dövlətimiz orada misli görünməmiş nəhəng quriculuq layihələri həyata keçirməkdədir!

Amma iş ondadır ki, Azərişıq, Azərsu, Azərqaz kimi qurumlar  illərdir ki, yarıtmaz fəaliyyətləri nəticəsində dövlətdən dotasiya alırlar. Necə işlədikləri bəlli olduğundan qiymət artımları da ilbəil davam etməkdədir. 

Onlar işlərini düzgün qurmadıqca Tarif Şurası “təmzimləməkdən” usanmayacaq əlbəttə!

 

Təbii ki, qiymət artımı üzləri güldürməz ki. 

Yeni il girən kimi valideyinlərini qəm dəryasına düçar olmuş görən uşaqlar bunun səbəbinin Tarif Şurası adlı birisində  olduğundan xəbər tutub dərhal qərarlaşdırdılar ki, yeni - 2026-cı il gələndə bu dəfə Şaxta Babadan hədiyyə əvəzində Tarif Şurasının bir daha onların valideyinlərini narahat etməməsini istəsinlər. 

İşıq, su, qaz, dərman işinə baxan əmilərdən isə uşaqlar xahiş edirlər ki, nə olar, beş özünüz üçün çalışanda bir də dövlət üçün, xalq üçün çalışın!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Понедельник, 06 Январь 2025 17:00

PA - Uğur üçün 15 keyfiyyət - 2) Möhkəm ailəyə malik olmaq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

2) Möhkəm ailəyə malik olmaq.

Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.

Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Ərdəbildə yaşayan İlqar Müəzzinzadədir.

 

 

İlqar Müəzzinzadə

Ərdəbil

 

QAR ADAMI

 

Yuxuda bir qar adamı görürəm. Mənim nə qar ilə problemim var idi, nə də qar adamı ilə! Söz burda idi, evə girmişdi, çıxmaq fikri də yox idi.

Otuz il subay qalmamışdım ki, sonunda bu buza oxşar qar ilə evlənəm. Pis-pis kobud və soyuq heykəli ilə qucaqlamaq da istəyirdi. Bir təhər qopmalı idim. Baş açmırdım, qadın bir qar adamından çox, erkək bir cinə bənzəyirdi. Sanki damlarda olanları da bu yönəldir kimi davranırdı. Bir an dama sarı qaçıb qar adamlarına baş çəkdim. Hərəkətsiz və düzənli bir sırada dayanmışdılar.

Yenə pəncərə qırağına getdim. Saat gecə biri sovuşmaqda idi. Evdə zalın bucağındakı balkonun qırağında, soyuq kafelin üstündə lüt ayağımla dayanmışdım, sazaq ayağımı sancırdı. Qar dənələri getdikcə yekəlirdilər. Qoz boyda, qırıq-qırıq, havada fırlayaraq, hər yerə yox, balkona çox yağırdı, beş metr otaylığa isə az. Dam ilə balkonda hər yerdən çox gəzişirdilər.

Balkonda özünü tərpədib, üst-başını silkələdi. İrəli gəldi. Qarnının ortasından bir təpik geydirdim. Yerə tökülüb dağılsa da, yenə qar adamı şəklinə qayıdırdı. Vurduğum təpik heç vecinə də deyildi. Peyk antenası boşqabının böyüründən sovuşub, qırmızı dəmir qapıya söykəndi. Evə girmək istəyirdi. Ayaqlarım donuxub, əllərim keyimişdi. Dəmir qapının soyuq qıfıl yerini çəkib açdım, içəri keçdi. Boyu bir metr olardı. Başını yuxarı qaldırıb üzümə zilləndi.

Qar qırmızı çırağın işığında işıldayırdı. Yumşaq və pambıq telefon telinə, xiyaban qırağında sıralanmış ağacların xollarına düşür, qırmızı işıq altında şəhərə sərilirdi. Xiyaban qırağındakı ağacların budağı arasında uçuşub üşüyən sərçələr isti yer axtarırdılar, amma nə isə, bu isti heç də qar adamının könlücə ola bilməzdi. Çıxıb dam yolundan kürəyi götürdüm, başını bədənindən ayırmaq istəyirdim. Damın üstündən yerimək səsi gəldi. Səsin olub-olmamasına şübhələndim. Səs getdikcə ucalırdı, pəncərə qırağından ayrılıb, dama sarı getdim. Bir neçə qar adamı damın üstündə oturmuşdu. Başqa qonşu damlar və balkonlarda da habelə.

Qara asfaltın çirkin sir-sifəti, yavaş-yavaş qar quşunun altında itirdi. Ötən ay, damda manqalda bişirdiyim kababın közləri də, qar dənələri altında itməkdə idi. Qar dənələri, hansısa bir şəhəri təsxir etmək istəyən komanda paraşütizmləri kimi kirpiklərimə qonduqca, ürəyimə soyuq bir şübhə sarılırdı. Sevirdim qarı, yağmasına varam, qarışam, qaynayam, zarafatlaşam. “Hooooy gözümə ala-bula dəyirsən ha!” bir-bir tutub öpəm. Dodağımda soyuq yaş oturmuşdu, dişlərim üşüyürdü, amma nə isə bu qar adamı çox nanəcib birisinə oxşayırdı, zərrə-zərrə göydən yağan gözəl qar dənələrindən düzəldilmiş qar adamı deyildi sanki.

Dam yolunun soyuq qara mərmərli daşlarının üstündən, ayaq yalın sovuşub evə düşdüm. Qar adamı openin üstündə sırtıqca oturmuşdu. “Mənə qızıl almırsan, mənə lap son moda olmuş paltarlar hədiyyə etmirsən, xarici səfərlərə aparmırsan” deyən qadınlara bənzəyirdi. Nə papağı var idi, nə burnunda yerkökü, hər nəyi qardan düzələn yalnız ağappaq bir heykəl idi. Onun kristallarının arasında narın sarı-narıncı işıltılar parlayırdı. Yuxu gözümü çıxardırdı, davalarımı atmışdım, amma dama papaqsız çıxdığım üçün, sinüzitim yenə incitməyə başlamışdı. Bilmirəm elə doğurdan ağrıyırdı, yoxsa yuxu idi! Başıma ağrı sıçrayırdı. 

Gecə saat 01:30 olardı. Mən isə hələ də qar dənələrinin ovsununda idim, sehirli yağmasına dalmışdım. Pəncərənin arxasından bir an belə qopa bilmirdim. Nəfəsimdən şüşə buğlanmışdı. Qar adamı məni qucaqlayıb öpmək istəyirdi. Çox zorlu olsaydı da müsibətlə ayrılıb kürəyi əlimə götürmüşdüm. “Mənim səninlə heç bir sabahım yox, açıl get burdan” deyə bağırmışdım. Kürək ilə başını bədənindən ayırmaq istəyirdim. Üstünə yürümüşdüm. Çırpışmışdıq. Çilçırağın qırılıb yerə düşməsini də vecinə almamışdı, qucaqlamaq istəyirdi. Soyuqluğunu mənə təqdim etmək üçün. Pəncərənin şüşəsini silib ara-sıra eşiyə baxırdım. Qar dənələri balkon üstünə toplanmaqda idi. üst-üstə qalandqdan sonra, təzədən dönüb qar adamına dönüşürdülər.

Pəncərədən ayrılmışdım, qar adamı zalın bucağına getmişdi. Əlində bir kubik var idi. sarı-narıncı rəngində. Qarın böyümüş kristalları kimi idi. O, kristalın işıqla sayrışan əşyasını, xırıltı, xırpıltı, cırınq-cırınq səslər içində, qabağına qoyub başını üzərinə əymişdi. Yuvasını oğurluq qır-qızıldan doldurmuş qarğa kimi idi. Ara-sıra balkona çıxıb, bir qucaq qar gətirirdi və uşaqlarımızdır deyirdi, sonra da qabağına töküb qovurğa kimi hərdən birini ağzına atırdı.

Yenə də dam yolunu soyuq mərmərindən keçib, evə qayıtdım. Soyuq, cırıq corabımdan dabanıma süzüb sancırdı. Qar adamı yox idi. Balkona sarı getdim. Otağı, şkafı, vannanı, tualeti, hər yeri alt-üst elədim; kaş yenə də dədəsi evinə cəhənnəm olmuş qadınlar kimi olaydı. Kəbini icraya qoymayıb, çıxıb gedənlər kimi. Evdə bir yaş da görmədim. Demək su olub yerə də getməmişdi. Zala qayıtdım. Mebelin bazası qırağında səkkiz bucaqlı kristalı işıldayırdı. Əlimə götürdüm. Göz qırpımında əriyib yox oldu. Əlim üşümürdü. Sanki əlimə isti su dağıldı. Aşpazxanaya gedib əlimi soyuq suya tutdum. Üzümə su vurdum. Yuxu içində yuxu görürdüm, qorxu canıma çökürdü. Openin altındakı üst-üstə qalanmış şey-şüylərə gözlərim sataşdı, soyuducunun içində hər nə var idisə, eşiyə tökülmüşdü, meyvə, tomat pastası, mürəbbə, limonada kimi. Soyuducunun öz-özünə açılması ilə diskindim. Ansızın ağ bir əl yaxamdan yapışdı. Uzun barmaqlarını boğazıma sardı. Gözlərim kəlləmə çıxdı. Nəfəsim kəsildi. Bir an danışmağa belə fürsət vermədi. Sonra  da öz şikarını çəngəlləri arasında boğub göylərə aparan qartal kimi, yuxarı qovzayıb aşağı çırpdı, yerdə sürüyüb soyuducunun içinə təpdi. Qapını bağlayıb bağrına basdı, dayanmadan öpməyə başladı. Başım gicəllənir, nəfəsim kəsilməkdə idi. Lap boğulurdum, həm soyuqdan, həm havasızlıqdan. Soyuducunun içi qap-qaranlıq idi. Və həmişə uşaqlığımdan soyuducu qapısının açılıb-bağlanmasında, çırağının necə yanıb-sönməsi mənim üçün sual idi. İndi soyuducunun içində bu fikirləri bir anlıq belə beynimdə dolandırsam da, yalnız buraxılıb eşiyə qaçıb canımı qurtarmağa çalışırdım. Demək qapı bağlananda çırağın necə sönüb-sönməmək tapmacasını kəşf etməyə heç də yaxşı fürsət deyil idi. Kvant fizikində kvark zərrələri kimi bir şey idi, baxsan var, baxmasan yox! Qar adamına baxmamağa çalışırdım. Bu həçəldən necə olursa olsun qurtarmalı idim. Bağrına basıb dodağımı yeməyə çalışsa da, başa sala bilmirdim ki, mənim sənin ilə heç sabahım ola bilməz. Qışqırdım. Səsim çıxmadı. Bir neçə dəqiqə soyuducunun içində qucağında dartındım. Qaranlıq və soyuq hər tərəfimi keyitmişdi. Soyuducu yerə aşdı, çətinliklə eşiyə çıxıb ayağa durdum. Başını bədənindən qoparmaq istəyirdim, hər nə qədər zor verdim tərpənmədi. Çox yoğun, qoca və köklü bir ağac kimi idi. Tez başını mənə sarı tutub qucağına götürdü. Qıçlarımdan yapışıb yuxarı qaldırdı, sonra son gücü ilə kitabxanaya tərəf tulladı, sifəti kitablara öz günüsü kimi yanaşan qadınlar kimi olmuşdu. Soyuducunun qulpu belimə keçdi, bağırtım göyə ucaldı. Özümə gələnə kimi yenə yox oldu. Soyuducunun içindən çıxıb zalın bucağına qayıtdım. Soyuducuya sarı addımlayıb qapısına yaxılan qar dənələrinə əlimi sürtdüm. İşıldayıb sarı işıqla yox oldular. Yerdə bir zərrə belə su qalmamışdı.

Soyuducunun qapısını örtüb zala qayıtdım. Əlini sinəsinə salıb bir başqa səkkiz bucaqlı kristal çıxartdı. Onun kristalları alma boyda olardı. Qarın sarı-narıncı dənələri balaca lampalar kimi yanıb-sönürdü. Elə bil şəhərdə bir iş görüləcəkdi. Yoxsa bu qədər qar ordusunu mənə görəmi tökmüşdü dam üstə? İşıq dalğaları səkkiz bucaqlı kristalın ortasına süzüb Savalan dağının rəsmini yaradırdı. Sonra da şəhərin damlarını göstərirdi. Sanki damlarda olanlara siqnal verirdi.

Ayağa qalxıb soyuducuya sarı getdi. Qapısını açıb içinə keçdi. Daha təcrübəli idim, bayaqkı oyun başıma gəlməsin deyə, bu dəfə soyuducuya yaxın düşməyəcəkdim. Bir daha çıxıb zalın bucağındakı qara mebelə qayıtdı. Saat beş, səhər açılıb dan sökülüncə, hər yarım saatdan bir, soyuducuya girib zalın bucağına qayıdırdı.

Dama çıxdım. Qar adamları başqa damlarda olanlar ilə yer dəyişirdilər. Binada ərləri ilə yatmayıb, başqa evlərdəki kişilərin yatağına gedən qadınlar kimi idilər. Sərçələr qrupunun uçuşunu xatırladan qar dənələri, dama qonduqda, yenə də qar adamı formasına qayıdırdılar.

Pillələrdən qaça-qaça evin içinə qayıtdım. Zaldakı qar adamını damlarda olanların başqanı olduğunu sanırdım. Dama çıxanda zal ilə otağın sobası sönmüşmüş, çıraqlar da habelə. Evdə soyuq hökm sürməkdə idi. nəfəsim qaranlıq evin soyuğunda buğlanırdı. Xalçanın qıraqlarında zalın divarına yapışıq sərilmiş yorğanı qucağıma aldım. Mebelin üstündə dizlərimi qarnıma yığarkən, yorğana bürünüb, qar adamının işlərinə baxırdım. Mən ilə rahatlıq hiss etməsini düşünürdüm. O isə məni təsxir etmiş sanırdı, bəlkə də təhlükəsizliyimə özünü inandırıb vücudunu toxunulmaz düşünürdü. Bəlkə də elə ilk evə girdiyində mənim  çevrilmə sürəcimi başlamışdı; məni də özü kimi bir qara çevirib, ömürlük sevgi yaşatmaq istəyirdi.

Yorğan içində tərləmişdim. Bəlkə də əriməkdə idim. Varlığımın nə olduğuna yavaş-yavaş şübhələnirdim, barmaqlarım keyiyib, dırnaqlarım ağarmaqda idi. gözlərim qaranlıq çalırdı.

Yorğandan ayrılıb otaqdakı güzgüyə sarı getdim, qırov bağlamışdı. Qar adamının səkkiz budaqlı kristalında Savalan ətəklərini görə bilirdim. Savalan sığınacağında hərbi təlim görən əsgərlərin düzülüşünə bənzəyən bir formada minlər qar adamı düzülmüşdü, dağın başında dörd qatlı bina ucaldıqda yüzlər katapult kimi sistemlər, qartal daşının çevrəsinə yerləşirdi. “Ağa pox yedim” deyə ucadan bağırsaydım da, səsim çıxmırdı. Qucaqlayıb mən səninəm desəydim də eşitməz, görməz kimi öz işini görürdü. İş belə qabağa gedirdi ki, biraz sonra bütün şəhər qar altına getsin.

Qara buludlar Qartal daşının üstündə toplaşıb vur hay qar yağdırmaqda, maşınlar boyda qar topuları yetişdirməkdə idilər. Qar topular oluşduqdan sonra şəhərə sarı tuş tuturdular. Şəhər qar ilə basdırılacaqdı. Qartal daşı getdikcə qar talalarının altında itməkdə, bir qarlı dağa çevrilməkdə idi...

 

*

 

Bilmirəm haçan yuxudan durmuşdum. Səhər çağı idi, acıxmışdım. Belimin ağrısından tərpənə bilmirdim. Barmaqlarımın da ikisi çıxmışdı. Çətinliklə paltarımı geyinib evdən çıxdım. Saat səhər 10:00 zad olardı. Çörəkçi Hüseynəlidən sümü almağa getdim. Ordan da sınıqçı Əlinin yanına gedib çıxığı saldıracaqdım. Hüseynəli ağappaq rəsim dəftəri kimi olmuşdu. Daha çörək bişirmişdi, yarım metrlik buz qaliblərini kürənin qabağına uzatmışdı. Kürədən şaxta eşiyə püflənirdi. İki dənə yarım metrlik buz alıb evə döndüm.

 

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Yarımçıq əlyazma” romanı ilə bağlı ağlına gələn ağlına gələni, ağzına gələn ağzına gələni yazdı.

2.

Dantenin 13-cü əsrdə yeni yaranan italyan dili üçün etdiyini Nəvai 15-ci əsrdə yeni özbək - çağatay dili üçün, Füzuli isə 16-cı əsrdə yeni Azərbaycan dili üçün etdi. Onlar da bu dilləri yaratdılar.

3.

Heç vaxt dəyişməyən dəyərlər var. Ən müxtəlif zamanlarda da eyni cür seviblər, eyni cür nifrət ediblər, eyni cür inanıblar... Əslində, tarixi, yaxud müasir mövzu yoxdur. Əslində, yalnız Mövzu var.

4.

Əsas olan mətndir. Yerdə qalan təfərrüatdır.

5.

Fal açana:

“Bu faldan bir ömür çıxart

Bir az yaraşığı olsun.

Torpaqdan bir az yuxarı

 Göylərdən aşağı olsun.”

6.

Müxtəlif janrları uyduranlar dünyanın müxtəlif yerlərində sərhədlər qurub ölkələri adamların üzünə qapatmaq kimi mənasız iş görürlər. Quş olub üstündən uçmaq bahasına olsa da adamlar o sərhədlərin üstündən vaxt yetişəndə uçub keçəcəklər. Janrların üstündən uçub birindən o birinə keçmək isə daha asan olacaq.

7.

Ədəbiyyatda janr yoxdur. Janr, olsa-olsa ədəbiyyatşünaslıqda olar.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

 

 

 

 

Понедельник, 06 Январь 2025 12:15

Rəsm qalereyası: Fransisko Ribeyro, “Kənd qadınları”

Rəsm qalereyası: Fransisko Ribeyro, “Kənd qadınları”

 

Portuqaliyalı rəssam Fransisko Ribeyronun “Kənd qadınları” rəsmində (fraqment təqdim edilir) Avropanın tipik orta əsrlər yaşayış məskəni təsvir edilib.

Понедельник, 06 Январь 2025 11:46

GÜNÜN FOTOSU: Türkiyədə 33,1 dərəcə şaxta

GÜNÜN FOTOSU: Türkiyədə 33,1 dərəcə şaxta

 

Yeni ilin başlaması ilə Türkiyənin Şərqi Anadolu hissəsində havaların kəskin soyuqlaşması müşahidə edilir.

Yanvarın 4-nə keçən gecə Ərzurum vilayətinin Tekman rayonunda termometrlər rekord - mənfi 33,1 dərəcəni göstərib.

Çaylar və göllər buz bağlayıb. Əhaliyə zərurət olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub.

Ardahan vilayətinin Gölə rayonunda 28,8, Ərzincanın Çayırlı rayonunda 27,8, Vanın Çaldıran rayonunda 26,6, Qarsın Sarıqamış rayonunda 22,1 dərəcə şaxta qeydə alınıb.

Türkiyənin şərqində şiddətli şaxtalar yanvarın 8-dək müşahidə ediləcək.

 

AzərTAC-ın Ankara müxbirinin materialı əsasında.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Понедельник, 06 Январь 2025 15:33

REDAKSİYANIN POÇTUNDAN - Cavidan Hacıyevin şeirləri

Yeni ildə poçtumuza gələn ilk məktub Cavidan Hacıyevin şeirlərindən ibarət oldu. Cavidan fərqli yazır, heç kəsi təqlid etmir. Mövzuları da özünəməxsusdur. Şeirləri diqqətinizə çatdırırıq. Düşünürük ki, onları bəyənəcəksiniz.

 

GÖYƏM AĞACI

 

Göyəm vardı bağçamızda. 

Qurumuşdu, kəsib atdıq. 

Babam əkmişdi vaxtında. 

O vaxt hələ biz uşaqdıq. 

 

Uşağın öz dərdi var ki: 

Topa tikanlar batmasın.

Yuxudan tez durardıq ki, 

Babam gəzməyə aparsın. 

 

Nə göyəm var, nə də ki top. 

Heç tikan yox batsın topa. 

Artıq qızım nəvə olub, 

İndi atam olub baba. 

 

Babam göydə, mən uzaqda:

O həyət mənsiz qalıbdır. 

Yenə qərib yad diyarda

Biri vətənsiz qalıbdır.

 

 

BU GECƏ YAĞIŞ YAĞIR

 

Yük daşıyıb bazarda taqətsiz bir güzarda 
Səmaya uşaq baxır.
Lap köhnədi libası, almağa yox atası.
Düşən yağış damlası onun gözündən axır.
Bu gecə yağış yağır. 
Səma dolu buludlar. 
Yüksəklikdən atılıb, damla edir intihar.
Çırpılaraq yerlərə, olurlar çilik-çilik.
«Arzular birdəfəlik, insanlar birdəfəlik» —
Düşünür gecələrkən fərqli-fə
rqli yataqda
Al boyası dodaqda.
Qəlbindəysə o qızın zülmət, qaranlıq cığır.
Bu gecə yağış yağır.

Yağır daha inadkar.
Uzadıb əllərini, istərkən sədəq
əni,
O körpənin səsini eşitməyir insanlar.
Bu eşiksiz balaca dözməyərək aclığa
Dəstək çıxıb yağışa
, ağlayır fağır-fağır.
Bu gecə yağış yağır 

Qədir gecəsi ilə.
İnsanlar edib hiylə, yalan gətirib dilə,
Toplayırlar mənfəət, toplayırlar qəbahət.
Bu gecəysə peşiman çağırır Allahını, yox etsin günahını.
Qəlb paklaşsa da belə, sabah dolacaq yenə
Xəyanət, yalan, hiylə.
Bir ömürü boş verən çətin bircə gecənin
Qədrin, qiymətin bilə.
Yerdə ürəklər qara, göydə buludlar qara
Göydə buludlar ağır 
Bu gecə yağış yağır.
Bu gecə yağış yağır...

 

 

ADSİZ

 

Eyni yolla gedirik biz, fərqli-fərqli mənzillərə
Eyni yolu gedirik biz, heç bilmirik mənzil nərə.
Heç bilmədən səbəbini lal sularda axanlarıq,
Diriləri basdırırıq, meyitlər ilə yaşarıq.
Sevgimizlə isidirik qəlbimizdə nifrətləri,
Sonra isə üşüyürük, qucaqlayıb cəsədləri.
Dönüb biz də buz oluruq, qucaqlayıb buz meyiti -
Məzardakı nəfəslərdən qalxıb yerin hərarəti.
Peyğəmbəri çarmıqlayib, peyğəmbəri daşlarıq biz.
Tanrıları öldürmüşük, indi adi daşlarıq biz. 
Atmayın siz daşı suya, axı dərdi, bir ahı var.
Daş nə qədər daş olsa da, onun da bir Allahı var.

 

 MÜASİR İBLİS

 
"İblis nədir? 
                  - Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
-Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətirləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar - yerin altına.

 

 

QAÇIŞ


Bəlkə bu gecə mən də

Olum bir azca uşaq.

Qaçım dərdsiz, qayğısız,
Bir azca olum şıltaq.

 

Qaçım yumub gözləri,

Qaçım hayana gəldi.

Dünya da kı… qoy qalsın,

O, əzəldən belədir.

 

Dünya öz qayğısında,

Bəlkə itib yaddaşı.

Bəlkə bizləri görmür,

Ya saymır, uzaqbaşı.

 

Bizdən dünyaya nə var?

Dünya öz işindədir.

Deyirlər, dünya dərdi

«Tabut, beşik dərdidir»

 

Bəlkə oyuncağıyıq

Bu ərköyün uşağın.

Söz var: «Dünya da qaçır

Başdan alıb papağı»


Məndən dünyaya nə var,
Dünya da mənlik deyil.
Mənimki ötəridir,
Beş-on misralıq meyil.

Qaçıram hara gəldi,
Bu dünyanın əlindən.
Bir gecəlik azadə,
Bir şeirlik küləyəm.

Bu şeirlə qaçıram
Bu gecə bu dünyadan.
Çox da ki qaç, bitəcək
Bu şeir də sonunda.

Uzun-uzun yazmaqla,
Qaçmağın nə mənası?
Gözlə, indi gəlirəm,
Salam, qayğı dünyası.

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.