
Super User
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
Əziz həmvətənlər.
2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.
2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.
Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.
Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.
Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.
Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.
Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.
Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.
Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.
Bayramınız mübarək olsun!
Fövqəladə hallarda Prezident reaksiyası
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
İndilərdə dost da, kağızüstü dost da, dost görünən, dost ola bilməyən də, AZAL-ın Bakı-Qroznı marşrutunu yerinə yetirən uçağının Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və olayların bundan sonrakı inkişafı ilə bağlı danışır.
Kişi pilotlarımızın, xanım bələdçimizin danılmaz qəhrəmanlıqları, yüksək mənəviyyatları və fövqəladə peşəkarlıqları dillərdə dastan olmaqdadır.
Olayın baş verdiyi ərazidə hökmü-fərman olanların izitirmə, malalama çabaları da dildən-ağızdan düşmür, əlbəttə… Qarşımıza səmimi etirafla deyil, “Quş sürüsü” quşbaşlığı ilə çıxanlar, qarşılarındakının kimliyini yaxşı bilmir, deyəsən…
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olaydan dərhal sonra özünün siyasi və strateji cavabları ilə çıxış etdi. Sankt-Peterburq səfərini (Moskva üzərindən geridönüşlə) təxirə salan dövlət başçısının olayla bağlı operativ müşavirəsini və qəhrəmanlıq göstərən şəxslərin bu gün yüksək dövlət təltifinə layiq görülməsini qürurla, şükranlıqla vurğulayırıq. Gəlin bu vurğunu bir neçə aspektdə ifadə etməyə çalışaq:
* Prezidentin dərhal hərəkətə keçməsi, onun həm xalqcanlı, dövlətcanlı lider olmasının növbəti təsdiqi, həm də prinsipiallığının, siyasi iradə və cəsarətinin növbəti parlaq sübutudur. Onun ölkənin, vətəndaşların taleyini öz taleyi kimi gördüyünü, yanarürək sahibi olduğunu hər kəs bir daha gördü;
* Prezidentin xanımı ilə birgə, qəhrəman pilotlarımız və bələdçimizlə vida törəninə qatılması, eləcə də, mövzu ilə bağlı AzTV-yə verdiyi müsahibədəki ismarıcları, ürəyimizə su səpdi, ictimaiyyəti toxtatdı və vətəndaşı tam bilgiləndirmiş oldu. Bu addım, həm də dövlət-vətəndaş bağlarında güvənin, şəffaflığın önəmli element olduğunu göstərir;
* Prezidentin reaksiyaları Azərbaycanın fövqəladə durumlarda çevik idarəetmə sisteminə malik olduğunu nümayiş etdirir;
* Pilotların və ekipaj üzvlərinin fədakarlığının, yüksək peşəkarlığının dövlət dəyəri görməsi, vəfadarlıqla yanaşı, dövlətin insan kapitalına verdiyi qiyməti də əks etdirir.
Olay mülki aviasiya ilə sıx bağlıdır və biz, öncəbhədə, hərb meydanında baş verməsə də, bu olayla bağlı yazımızda Prezidentin Müzəffər Ali Baş Komandan olmasını təsadüfən işlətməmişik. Ən yaxın tarixdə şanlı Zəfərə imza atmış İlham Əliyevin qətiyyətini, qüdrətini digər əməli fəaliyyət sahələrində də görürük. Zəfər quruculuğunu ustalıqla, daha doğrusu, ustadlıqla həyata keçirən İlham Əliyev, yalnız torpağımızı azad etməkdə qalmayıb, Azərbaycanın göyüzünü aydınladır, üfüqünü genişləndirir; o, bizim sözümüzü ötkəm, bayrağımızı ucalardan uca edir. Bu haqlı hərəkətlər, qürurlu, şanlı duruş, içiboş dikbaşlar önündə hər bir soydaşımızın başını dik, alnını açıq, yumruğunu dəmir edir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(30.12.2024)
31 DEKABR – ilin son gününə də gəldik
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İlin son günü
Hər kəs məhz bu son gündə oturub bütün ilinə yekun vurur, gələn ilə planlar qurur. 2024-cü il heç də uğurlu il olmadı xalqımız üçün. Əslində tək bizim yox, bütün dünyanın aktivinə deyil, passivinə yazıldı bu il. Müharibələr, təbii fəlakətlər dünyanı ağuşuna aldı.
2024-cü ildə dünyada iqtisadiyyatlar bir qədər də çökdü, insanların güzəranı bir qədər də pisləşdi. Təsadüfi deyil ki, hamı ümidlərini yeni – 2025-ci ilə bağlayır. Allah hamımızın köməyi olsun!
Dünya Azərbaycanlılarının Həmrəylik günü
33 ilə yaxın tarixə malik olan Həmrəylik Gününü azərbaycanlılara Heydər Əliyev ərməğan edib. Hələ Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürmüşdü. 1991-ci ilin dekabr ayında Muxtar Respublikanın Ali Məclisinin bu barədə qəbul etdiyi qərar çox keçmədən bütün Azərbaycan üzrə keçərli oldu və ümumilikdə dünya azərbaycanlılarını əhatə etdi.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinə ciddi diqqət yetirən Heydər Əliyevin bu sahədə atmış olduğu daha bir mühüm addım 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi oldu. Bu qurultay bir tərəfdən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən soydaşlarımızda onların arxasında güclü bir Azərbaycan dövlətinin dayandığı əminliyinin, güvəninin yaranması idi. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət çoxşaxəli xarakter daşıyır. Dünya azərbaycanlılarının həmrəyliyinə töhvə verən qurum kimi Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin ortaya qoyduğu əməyi də mütləq qeyd etməliyik. Və bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da xüsusi fəallıq nümayiş etdirirlər. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli və uğurlu fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası da xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın məhz bu kampaniya çərçivəsində birlik və həmrəylik nümayiş etdirməsinin nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırım kimi tanınıb.
Yaşasın dünya azərbaycanlılarının həmrəyliyi!
On iki üzüm günü
İspandilli ölkələrin çox maraqlı bir bayramları var, demək, onlar günorta saat on ikidən başlayaraq on iki saat ərzində hər saatın tamamında bir müxtəlif növ üzüm dadırlar, nəticədə, yeni il onlara ən faydalı, ən qədim və ən dadlı meyvənin timsalında uğur gətirir. İlk dəfə İspaniyada qeyd edilən bayram sonradan Cənubi və Mərkəzi Amerikanın bütün ispandilli ölkələrinə siyarət edib.
Maraqlıdır, biz də cənub, üzüm ölkəsiyik, bizdə də on iki növ üzüm tapıb dadmaq olarmı? Özümüzün çox dadlı üzüm növlərimiz var. Mən son vaxtlar qəhətə çıxmış məşhur ağ və qara şanı növünün və ağadayı növünün adını çəkə bilərəm, mədrəsə, dərbəndi, təbrizi və bayanşirə növlərini də tanıyıram. Neçə oldu? 7. 5-ni də gəlin xarici növlərdən seçək. Şardone, rislinq, kaberne-sovinyon, pino-nuar... 12-cini gətirə bilmədim. Özünüz internetdən tapın.
Orijinal bayramlar
Bu gün dünyanın müxtəlif ölkələrində olduqca orijinal bayramlar qeyd edilir. Fasiləsizlik günü. İlin son günündə hər dəqiqənin qədrini bilmək tövsiyə olunur. Hər dəqiqəni fasiləsiz, doya-doya yaşamaq lazımdır yəni. Yemanji bayramı. Bu, braziliyalılara xas olan bayramdır, bu ölkədə spiritizm hələ də güclüdür, mövhumata çox inanırlar braziliyalılar. Onlar hər il dekabrın 31-də dəniz sahillərinə gəlib sahil boyu ağ çiçəklər düzür, şamlar yandırırlar, “Balıqların anası” Yemanjinin ruhunu çağırırlar. Mövhumata görə, Yemanji ruzi-bərəkət və xoşbəxtlik gətirir. Şotlandlar – viski ölkəsinin sakinləri Hogmanau gününü qeyd edirlər. Hər bir kəs əlinə məşəl alıb yürüş edir, məşəllərlə əylənmək də aktual olur. Onları atıb-tutanlar, atıb altından keçənlər, ardıcıl yandırıb söndürənlər öz ustalıqlarını nümayış etdirirlər. Və bütün bu ayinlər “viski selində çimməklə” həyata keçirilir. Polyaklarda isə bu gün Silvester günü qeyd olunur, onlar da rəngbərəng maskalarda, atəşfəşanlıq edə-edə yeyib-içir, çalıb-oynayır, mifik obraz olan Silvesterdən uğurlu yeni il arzulayırlar.
Düşündünüz ki, yəqin Amerikada da nəsə orijinal bir bayram qeyd olunacaq ayın 31-də? Xeyir, qərblilər adətlərinə xilaf çıxmadan növbəti mətbəx bayramı keçirəcəklər. Bu dəfə Milli Şampan şərabı gününü.
Pəncərə vergisi
İngilislərinsə bu günlə bağlı heç də xoş olmayan xatirəsi var. 1695-ci ilin 31 dekabrında İngiltərə Krallığında pəncərə vergisi tətbiq etməyə başlayıblar. Hər cür vergi boyunduruğu altında qalmış əhaliyə indi də pəncərə vergisi tətbiq edilməsi özbaşınalığın son həddi olub. Sən pəncərədən küşəyə boylandınsa, zəhmət çək, vergi ver. Məmurlar əllərində siyahı camaatın üstünə tökülüşüblər.
Boşuna pul itirmək istəməyən sadə insanlar qorxudan pəncərəyə yaxın durmasalar belə bunu məmurlara sübut edə bilmirdilər, “baxmısan” hökmü ilə pul ödəməyə məcbur edilirdilər. Naəlac qalan insanlar pəncərələrini kərpiclə hörməyə başladılar, yalnız bu yolla bu ədalətsiz vergidən yayınmaq mümkün oldu. Şəhərlər öz gözəlliklərini itirdilər, ölkəyə başdan-başa pəncərəsiz evlərlə zülmət çökdü.
Xalqa çox zülüm vermək də bir şey deyil.
Qısaca doğum günü olanlar barədə də söz açmaq istəyirəm.
Niyazi Səmədov. 1971-ci ildə professor elmi rütbəsini alan Niyazı Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Niyazi Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Niyazi Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilib, o, bunların da 30-unu zərərverici kimi ilk dəfə təsdiq edib. O, Azərbaycan Ensiklopedyası və Qırmızı Kitablarının müəlliflərindən biridir. Onun 8 əsəri Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunub, rəhbərliyi altında yeddi elmlər doktoru, 40 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1982- ci ildə “Şərəf nişanı” ordeni və səkkiz medalla təltif edilən Niyazi Səmədov 1989-cu il may ayının 23-də Bakıda vəfat edib, ruhu şad olsun.
Ələkbər Süleymanov. 1962-ci ildə “Azərneft” Birliyinin rəisi, 1965-ci ildə Azərbaycan neft və qazçıxarma nazirinin birinci müavini, 1972-ci ildən “Xəzərdənizneft” Birliyinin, 1976-cı ildən 1978-ci ilə qədər “Xəzərdəniz neftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin baş direktoru, 1980-ci ildən ömrünün sonunadək “Dənizneftqazlayihə” İnstitutunun direktor müavini işləmiş Ələkbər Süleymanov “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə professor elmi rütbəsini daşıyıb. O, Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəriyyə və təcrübəsinə böyük töhfələr verib, onun sayəsində çoxlaylı dəniz yataqlarının çoxlu məhsuldar horizontları, ayrı-ayrı tektonik sahə və blokları aşkar edilib. Onun iştirakı ilə həm quruda, həm də dənizdə bir çox böyük neftqaz yataqları – Günəşli, QumDəniz, Bahar, Sanqaçal-dəniz-Xara-Zirə, BullaDəniz, Qarabağlı, Kürsəngə, Muradxanlı, Cənub-1, Cənub-2 və s. açılıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin hazırlanmasında və həyata keçirilməsində əməyi olub.
Görkəmli neftçi və alim “Şərəf nişanı” ordeninə, “Azərbaycan Respublikası Dövlət Mükafatı”na layiq görülüb, bir sıra medallarla təltif olunub. Ələkbər Süleymanov 2000-ci il iyulun 27-də vəfat edib, ruhu şad olsun.
Tamilla Musayeva. Azərbaycanda xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırılmış dövrləşdirilməsi, onun əsas mərhələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsusiyyətlərinin təhlili, xalqımızın keçdiyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi ilə Tamilla Musayeva Azərbaycan tarixşünaslığına dəyərli töhfə verib. O, həm də Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir, üçcildlik “Azərbaycan tarixi” kitabının müəlliflərindən biridir, 2003- cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir.
Professor Tamilla Musayeva 1984-cü ildə “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adını alıb. O, 2019-cu il yanvar ayının 24-də vəfat edib, ruhu şad olsun.
Ağalar Abbasbəyli. M.V.Lomonosov adına Moskva Dövlət Univer- sitetinin tələbəsi və aspirantı olmuş, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1988-ci ildə tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor elmi rütbəsini almış alimimiz 1974-1976-cı illərdə xarici ölkələrdə Sovet səfirliyində müşavir, 1981-1988- ci illərdə Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan KP Təşviqat Komissiyasının sədr əvəzi vəzifələrində çalışıb, 1987-1988-ci illərdə Azərbaycan Respublikası Təhsil naziri olub, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və Azərbaycan Respublikası Sülh Fondunun sədri olub, 550 məqalənin, 42 monoqrafiyanın, 55 dərslik və dərs vəsaitinin müəllifidir. 32 elmlər namizədi, 10 elmlər doktoru yetişdirib, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, Beynəlxalq münasibətlər ixtisası üzrə 50 nəfər magistrin ərsəyə gəlməsində mühüm rol oynayıb. 1991-ci ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edir.
Qəti qərarlar günü
Və ən nəhayət, sonda təqvimə salınan daha bir bayram barədə söz açmaq istəyirəm. Bu gün həm də Qəti qərarlar günü qeyd olunur. Yeni il gəlir, həyatını dəyişmək üçün bu gün qəti qərar qəbul etməlisən. Yeni ili yeni əhval-ruhiyyədə, yeni ideyalarla, işgüzarlıqla başlamalısan. Uğur düstürü yalnız budur.
Hər kəsin ömründə 2025-ci ilin xoşbəxtliyə doğru dəyişikliklər ili olması arzusu ilə. Yeni iliniz mübarək!
“Ədəbiyyat və incəsənət”
(31.12.2024)
Dərdləşək bəlkə? - ESSE
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyat müəllimim deyirdi ki, mətnlərin ilk və son cümləsi digərlərindən fərqli, daha mənalı olmalıdır ki oxucunun diqqətini cəlb etsin. Yəni ki həvəslə oxusun, sonda isə yazının təsirini hiss etsin.
Əgər hələ də oxuyursunuzsa, deməli ilk cümləm sizin diqqətinizi özünə çəkib.
Düşünürəm ki, elə şagird olub müəllimlərə qulaq asanda daha xoşbəxt olmuşuq. Ən azından, arzularımız digər insanların maraq və istəklərinə uyğun olaraq qurulmayıb.
Gəlin boynumuza alaq ki, hər hansısa yeni iş qururuqsa, ilk öncə pulu və digər insanların maraq dairəsini hesablayırıq.
Nəinki mətnlərin, ağzımızdan çıxan cümlərinin də ilki və sonu elə olmalıdır ki qarşımızdakı bizdən bezməsin.
Neçəmiz sırf özmüz kimi ola biləcəyimiz insanlarla bərabərik? Ən utandığımız, ən böyük səhvimiz, ən baxımsız, kefsiz, hər şeyə qarşı ümidsiz olduğumuz halları bilərək hələ də bizi sevən neçə insan var ki həyatımızda?
Bir, yoxsa sıfır?
Niyə də ki sözlərmizi qrim etməyək hər şeyin illüziyalandığı dünyada?
Mən maddiyyatı düşünmürəm, mənəviyyata üstünlük verirəm deyən insan, sən “uşaq sənin" arzularını gerçəkləşdirə bilmisənmi? İçdən güldüyün, sevdiyin musiqini dinləyib, sevdiyin yeməyi həvəslə yediyin gün yadındadırmı?
Həvəs demişkən, "uşaq sən" kimi hələ də doğum gününü, bayramları bir ay əvvəlcədən sayırsanmı?
Qəlb qırmadan çəkinirsən, ya öz qəlbini qurban edirsən?
Suallarımı çoxaldıb ürəyini boşaltmaq istəyirsənsə suallarım heç bitmək bilməz. Amma indi sadəcə bunlara cavab ver.
Ümumiyyətlə xoşbəxtsən?
Sual ver özünə! Axrıncı dəfə nə vaxt xoşbəxt idin və yanında kim var idi?
“Ədəbiyyat və incəsənət”
(30.12.2024)
Gedənlərə göz yaşı axıtmaqdansa gələnlərə sevinmək…
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Həmkarım Harunun fikirlərindən yola çıxaraq qocaman bir ilə sıxışan xatirələrimi bölüşmək istəyərdim mən də.
2020-dən bəri heç bir ili doyunca yaşadığımı, yetəri qədər yaşamış hiss etdiyimi düşünmürəm açığı. Bu il mənim üçün necə keçdi və ya mənə hansı hissləri doğmalaşdırdı? İlk öncə qəbullanmışlığı öyrəndiyim bir il olduğunu qeyd edə bilərəm. Beynimdə daim milyonlarla susmayan səslər, bir-biri ilə dava edən mənlər var idi və mən onları susdurmağa çalışdıqca daha çox danışırdılar, onlar danışdıqca mən daha çox susdurmağa çalışırdım.
Birdən sadəcə onları tək-tək dinləməyi qərara aldım, gördüm ki, hər biri özünə görə müəyyən zaman kəsiyində haqlıdır. İndi onların hər biri mənim dostumdur və mən onlarla özümə daha doğmayam.
2024 mənim üçün fərqindəlik və qəbullanmışlıq ili oldu. Demək olar ki, hər şeyi, hər kəsi, ən absurd düşüncələri belə qəbul etməyi öyrəndim. Məsələn, həyatımdan çıxan hər kəsin əslində bir vəzifəsi olduğunu dərk edib gedişlərinə, tərk edişlərinə kədərlənmək əvəzinə gəlişləri ilə mənə qatdığları hər şey üçün tanrıya təşəkkür etməyin nə qədər dəyərli olduğunu dərk etdim. Bolca şükr etməyin, su içməyin, günlük yürüyüşlər etməyin sağlamlığımıza faydasını kifayət qədər gördüyüm bu ildə özünü haqlı olaraq ifadə etməyə çalışmağın əslində boğazımızı düyünləyərək nəfəs darlığına səbəbkar olduğunu bir daha hiss etdim.
İstər maliyyə istər təhsil baxımından da, 2024 mənim üçün düşərli oldu. Açığı bakalavr vaxtı öyrəşdiyim mühitin yeri çox görünsə də, əlimdən gələn qədər çalışıb həyatımda xüsusi dəyəri olan nənəmi sevindirib magistr tələbəsi adını qazanmaq da, bir qədər qürurlu və duyğulandırıcı hissdir.
Dediyim kimi, pisi ilə yaxşısı ilə 4 ildə öyrəşdiyim uşaqlardan, müəllimlərdən, imtahan sistemindən çıxıb tamam yad bir mühitə düşmək insanı qəribsədir, amma bir yandan da, zəhmət çəkmək, bəhrəsinə inanmaq zövq verir. Özümü bildim biləli maddi azadlığımı özüm təmin etməyə çalışsam da, daim könüllü, təcrübə, part-time iş fəaliyyətlərim olsa da, heç gözləmədiyim anda, gözləmədiyim yerdən iş təklifi almaq mənə bu il möhtəşəm bir kolleqa, əyləncəli iş mühiti və yeni təcrübələr qazandırdı.
Eyni zamanda hazırda çalışdığım iş yeri sayəsində yeni bir adrenalin ilə tanış olub bu ilin ən dopaminli gününü keçirə bildim. O gün nələr oldu deyə soruşsanız keçən yazılarımda sizə bəhs etdiyim hiking macəramı, qorxduğum halda özümü "jivoy" aparmalı olduğum dağ turumu, yağışlı gündə palçıqlı, sürüşkən yollarla, qırılan budaqlara tutunaraq 2 saat yarıma qalxdığımız və sonunda dağların arasında qalan, dumanda gizlənən möhtəşəm Əmbil gölü mənzərəsini ağzı açıq izlədiyimi deyə bilərəm.
Və bu il, mənə ən çox səbr etməyi, həsrət çəkməyi, ümid etməyi, gözləməyi, yan yanaykən mənasız mübahisələr etdiyin insanın ikicə dəqiqəlik səsinə gözünün dolmasını, 5 dəqiqəlik zəngə bütün ürək sözlərini sığdırmağa çalışmağın necə çətin və dəyərli olduğunu öyrədən, əsgər yarəni olanların nələr hiss etdiyini anladan dopdolu bir il oldu.
Saatlarla düz divara baxıb düşüncələrimi bulaqlardan süzdüm, gördüm yetmir özümə bir çay süzüb bu dəfə bulaqları sətirlərə tökdüm, gördüm sətirlər yetərsizdi göz yaşlarımı səhifələrə tökdüm, ağladıqdan sonra ciyərlərimin boşaldığınş hiss edəndə yenidən dərin-dərin nəfəs alıb gözümün içi ilə güldüm, mənasız zarafatlar etdim yenə güldüm.
Yaz-yaz bitməyən bir il oldu bu il mənim üçün. İndi isə gələcək ildən sadəcə səbr diləyirəm. Bu diləyim həyatında olduğum insanların mənimlə yola getdikləri üçün olan mükafatıdır sadəcə..
“Ədəbiyyat və incəsənət”
(30.12.2024)
Bu il mənim üçün… - BAŞQA YOLU OLMAYANIN ETİRAFI
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bu il mənim üçün varlığın çılpaq mənasızlığını dərk etmək ili oldu. Həyat mənim üçün sadəcə ardıcıl hadisələrin təsadüfi bir yığımı idi, amma bu hadisələr sanki özləri ilə bir məcburiyyət gətirirdi: anlam axtarmaq məcburiyyəti.
Pnevmaniya məni bədənimə bağladı. İnsanın nəfəs almaq kimi sadə bir funksiyaya məhkum olduğunu anlamaq, mövcudluğun necə də ağır bir yük olduğunu göstərdi. Hər boğucu an, həyatın əslində bir zərurət olmadığını, amma ona dirənmək məcburiyyətinin insanın təbiətində olduğunu xatırlatdı.
Sonra itkilər gəldi: bibim, bibimin qızı, dostlarımın valideynləri... Ölüm insanı varlığın mənasızlığı ilə üz-üzə qoyur. Onların dəfnində dayanarkən düşündüm: torpağa qarışmaq insanın sonudurmu, yoxsa bu son belə mənasızdır? Ölümün özü belə bizə nə deyir? Heç nə. Biz ona mənalar yükləməyə çalışırıq ki, yaşamın ağırlığını daşıya bilək.
Maşınımın yanması... Əslində mənim heç nəyim yanmadı, çünki heç vaxt həqiqətən sahib olduğum bir şey yox idi. Amma bu hadisə mənə başqa bir şeyi xatırlatdı: insan yaratdığı hər şeyin köləsidir. Maşın, sevgi, hətta xəyallar – hamısı insanı özündən uzaqlaşdıran bir yükdür.
Sevgilimdən ayrıldım. Amma itirdiyim bir insan deyildi, özümün ona bağlanmış versiyam idi. Sevgi, sadəcə, iki varlığın bir-birinə məhkum olduğu bir zəncirdir. Bu zəncirdən qurtulmaq azadlıq gətirir, amma azadlıq özü necə də boş və ağrılıdır!
Daha çox içdim, daha çox əyləndim, daha çox qusdum, daha çox ağladım. Bütün bu xaosun içində özümü itirmək üçün çalışdım, amma nə qədər qaçsam da, öz varlığımın mənasız ağırlığını yenə də üzərimdə hiss etdim.
Kariyerada yüksəlişim oldu, amma o yüksəliş yalnız başqa bir qəfəsin pilləkəni idi. İmtahanlardan kəsilməyim isə mənə bir həqiqəti xatırlatdı: uğur və uğursuzluq da yalnız bizim yaratdığımız illüziyadır.
Bu il mənə bir şeyi öyrətdi: həyatın nə mənası var, nə də məqsədi. Biz bu mənanı özümüz yaratmağa çalışırıq ki, bu xaosun içində azıb getməyək. Amma o mənanı yaratmaq belə bir əzabdır. Mən isə bu əzabın içində yaşamağı öyrənirəm. Çünki başqa yol yoxdur.
“Ədəbiyyat və incəsənət”,
(30.12.2024)
Məni oyadan gecə - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Hər dəfə həyatın dərin mənasını düşünəndə özümü birqəribə hisslər burulğanında tapıram. Bu dəfə isə "Yerin üstünə baxdım yuxuya dalmışlar, altına baxdım çürüyüb torpaq olmuşlar" deyən Ömər Xəyyamın sözləri məni daha dərindən düşünməyə sövq etdi.
Gözlərimi bağlayıb bu sözlərin arxasındakı mənaları anlamağa çalışdım.
Bir anda qəribə bir yerə düşdüyümü hiss etdim. Ətrafımda nə günəş vardı, nə də ay. Sanki hər şey həm var idi, həm də yox. Birdən uzaqdan bir səs eşitdim.
– Nə axtarırsan, insan? – dedi səs.
Dönüb baxdım, bir kölgə gördüm. Amma bu adi bir kölgə deyildi, sanki həm bir insanın, həm də bütöv bir keçmişin xəyali idi.
– Mən? Mən sadəcə həqiqəti axtarıram. Bu dünyada niyə yaşadığımızı, niyə gəlib getdiyimizi anlamaq istəyirəm, – dedim.
Kölgə bir az yaxınlaşdı. Onun səsi artıq daha aydın idi.
– Yerin üstünə baxırsan, orada yuxuya dalmışlar görürsən. İnsanlar hər gün gözləri açıq, amma ruhları yuxuda gəzirlər. Onlar həyatın gözəlliklərini, dərin mənasını hiss etmədən yaşayıb gedirlər. Onlar yalnızca nəfəs alırlar, amma yaşamırlar. Bu, sənə tanış gəlmir?
Başımı aşağı saldım. Bəli, bu sözlərdə bir həqiqət vardı. Çoxları həyatın əsasını unudaraq boş məqsədlər arxasınca qaçırdı.
– Bəs yerin altı? Oradakılar? – soruşdum.
Kölgə dərindən bir ah çəkdi.
– Yerin altına baxanda çürüyüb torpaq olmuşlar görürsən. Onlar bir vaxtlar yerin üstündə yuxuda olanlardır. Bəziləri oyanmağa çalışdı, bəziləri isə heç bunu düşünmədən getdi. Onlar artıq torpağın bir parçasına çevriliblər. Amma onların izləri, xatirələri hələ də buradadır. Səncə, onların həyatı nə üçün idi?
Susdum. Düşüncələrim bir-birinə qarışdı. Həyatın dəyəri nə idi? Niyə gəlib gedirik?
– Bəs mən nə edə bilərəm? – soruşdum.
Kölgə yaxınlaşdı, elə bil mənim ürəyimə baxırdı.
– Oyandır ruhunu. Həyatı yalnız keçib gedən anlarla deyil, yaşanan dəyərlərlə doldur. İnsanlara sevgini, mərhəməti öyrət. Səni görənlər həyatın əsl gözəlliyini dərk etsinlər. Çünki bir gün sən də yerin altına enəcəksən. Amma izlərin yuxarıda qalacaq. Sənə necə xatırlanmaq istədiyini özün seç.
Oyananda artıq günəş çıxmışdı. Hər şey mənə daha parlaq görünürdü. Sanki hər bir ağac, hər bir quş, hətta yerdəki torpaq belə danışırdı.
Yerin üstü ilə altı arasındakı bu səyahət məni tamamilə dəyişmişdi. Artıq başa düşürdüm ki, həyat yalnız nəfəs almaq deyil. Həyat sevgi ilə yaşamaq, gələcəyə iz qoymaqdır.
“Ədəbiyyat və incəsənət”
(30.12.2024)
30 dekabrın təqvimi - SSRİ-nin yaranması, Risal, Əbülfət Əliyev
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
SSRİ-nin yaranması
Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.
Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.
Kerosin lampasındakı şeir
Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.
Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirəm, bekonun üstünə soda səpib yemək mümkündürmü.
Məşhur xanəndə Əbülfət Əliyevin mövludu
Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb. 1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.
Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.
Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.
Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.
Səddamdan Həbibədək
2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.
30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.
“Ədəbiyyat və incəsənət”
(30.12.2024)_
Nizami Cəfərov- Yusif Nəğməkarın “Ələsgər zirvəsi”
“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun şair Yusif Nəğməkar “Ələsgər zirvəsi” kitabı barədə qeydlərini diqqətinizə çatdırırıq.
Coşqun ilhamı – yaradıcılıq eşqi, ifadə- üslub məharəti ilə yanaşı, Yusif Nəğməkar müraciət etdiyi aktual mövzuları etibarilə zamanın nəbzini tutan, sosial- mədəni, mənəvi sifarişlərə kifayət qədər həssas reaksiya verən sənətkardır. Və onun “Ələsgər zirvəsi” bu nəzər nöqtəsindən, tərəddüdsüz deyə bilərəm ki, olduqca möhtəşəm – həm Ustadın adına, həm də onun get- gedə daha da artan şöhrətinə layiq görünür.
Təsadüfi deyil ki, son illər Aşıq Ələsgərin yaradıcılığına, şəxsiyyətinə, Ustadı yetirən coğrafiyanın – Göyçə mahalının tarixi, mənəvi- mədəni irsinə maraq xeyli artmışdır. Həm xalqın istəyi, həm də dövlətin iradəsi ilə yaradılmış Qərbi Azərbaycan İcması bu marağı ictimai- siyasi (və hətta ideoloji!) bir hərəkat səviyyəsinə qaldırmaqdadır ki, Aşıq Ələsgər sənəti həmin səviyyədən, heç şübhəsiz, yeni məzmun- mündərəcə kəsb edir. Göyçə gölünü Sevan adlandıran erməni işğalçıları kəm ağılları ilə düşünürdülər ki, bununla bütöv bir mahalı mənimsəmiş olacaqlar, qanmırdılar ki, həmin coğrafiya- mahal təkcə yer adlarından ibarət deyil, onun arxasında hər cəhətdən mükəmməl, danılması mümkün olmayan zəngin mədəni relyef dayanır ki, ən uca zirvələrindən biri də Ələsgər sənətidir.
Əsəri vərəqləyərkən qarşıya çıxan ilk yenilik, əgər belə demək olarsa, hətta qeyri- adilik onun bədii quruluşunda özünü göstərir. Müəllif sözə “Dəyər ünü” ilə başlayıb “Ən ön ün”ə, sonra “Ön ün”ə keçir. Bundan sonra gələn “Ünləmə”ni “Ünaxar”lar əvəz etsə də, arada “Dönərək”lərə müraciət olunur... Əsər “Son axar”, “Sonlama”, “Son ün”, nəhayət, “Ən son ün”lə yekunlaşır. Və beləliklə, dastan mətnini xatırladan lirik- epik təhkiyə mükəmməl bir simmetriya yaratmış olur.
Sözügedən yeniliyin müəllifi hər nə qədər Yusif Nəğməkarın özü olsa da, “Dədə Qorqud”dan gələn bu ün (və ünləmə) texnologiyasının – poetik arxetipinin aktuallaşmasında İsa Muğanna dühasının təsiri danılmazdır ki, poemada buna işarə edilir:
Od - həqiqət, ər - işıqdır “O dər”də,
Saf Ağ - elm dürüst çarə o dərdə...
Bağday Yurda Bağ bağlayan o pərdə
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
Və yeri gəlmişkən, eyni mövzuda yazan xalq şairi Zəlimxan Yaqub da “tarixəqədərki” dövrümüzdən gələn həmin “Ün”ə biganə qalmamışdı.
Aşıq Ələsgər, onun son dərəcə mükəmməl yaradıcılığı, ideya- estetik məramı barədə çox yazılmış, çox danışılmışdır... Azərbaycan aşıqlarının repertuarında, yəqin ki, Ələsgər qədər geniş yer tutan ikinci bir söz sənətkarı yoxdur. Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı xətti ilə gəlişən Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri (hətta birincisi) sayılmaqla yanaşı, Dədə Ələsgəri əfsanəvi ozan Dədə Qorqudun bilavasitə varisi hesab edirlər. Ustadın yazılı ədəbiyyatımızın dühası Füzuli ilə müqayisəsinə gəldikdə isə bu, bir tərəfdən, Ələsgər yaradıcılığının klassik səviyyəsini, digər tərəfdən, Füzuli yaradıcılığının xəlqiliyini nəzərə çarpdırır. Bu isə o deməkdir ki, Aşıq Ələsgər istər şifahi, istərsə də yazılı olsun, ümumən Azərbaycan ədəbiyyatı tarixinin ən etibarlı oriyentirlərindəndir. Və ona həm elmin, hə də sənətin xüsusi diqqət yetirməsi tamamilə təbiidir.
Ustadnamə əvəzi “Ən ön ün”də Yusif Nəğməkar özünə, sözünə, qələminə üz tutub deyir:
Könül, bulaq üstə salavat çevir,
Batində nə dərdi- sərin var, devir.
Dua et ki, o saf zikri ruh sevir,
Könlündəki havacatı telə yaz, -
Ələsgərdən yazırsansa, belə yaz.
Ələsgərdən yazmağın məsuliyyətini dərindən duyan, onun şair- mütəfəkkir dühası qarşısında ehtiramla baş əydikcə ruhu işıqlanan, vəcdə gələn şair Ustad haqqında “nə düşünüb, nə duyursa, onu yazacağını” vəd edib “Ün”lərə başlayır... Dədə Qorquddan Dədə Ələsgərə uzanan yolun tarixi harmoniyasından, ideya- estetik məntiqindən (və bütövlüyündən) söhbət açan Yusif Nəğməkarın “adı Qorqudun dilindən düşən Göyçə”nin təsvirinə geniş yer verməsi, əlbəttə, ona görə təqdirə layiqdir ki, hələ də Dədə Qorqudun – Dədə Ələsgərin vətəni düşmən işğalındadır və hələ də işğalçı o iddiadadır ki, Göyçənin tarixi (və müqəddəs) ünvanlarını nə məzmunu, nə də forması bir şey olmayan gülünc (və ünvansız) “ermənizm”lər altında gizlədə bilər.
Qədim Oğuz yurdum, türk elim, Göyçəm,
Şəninə min rəngli kəlmələrim var...
Qələm əyirəsi neçə sirr- düyçəm,
Neçə vurulası ilmələrim var... – bəndi ilə yeni “Ün”ə - “Ünaxar”a başlayan şair təsəvvürümüzdə Göyçə mahalının həqiqətən müfəssəl “bədii xəritə”sini canlandırdıqdan sonra onun böyük şəxsiyyətlərini yada salır. Və gələcəyin dahi sənətkar- mütəfəkkirinin dünyaya gəlməsinə hərarətli misralar həsr edir:
Göyçə mahalının Ağkilsə kəndi,
Soraq ver o dağdan o düzə kimi.
Bir tale müjdəsi Novruzda endi
O türk məskəninə möcüzə kimi...
Dühaların dünyaya gəlişi yalnız cəmiyyətin deyil, həm də təbiətin hadisəsi olduğuna görə şair bu hadisənin təkcə ictimai yox, təbii təfərrüatlarına da varır:
Çayların qıjhaqıj axan nəğməsi
Ana təbiətin laylalarıydı.
Qundağı isidən körpə nəfəsi
Həsrətin əriyən quzey qarıydı...
Poemada müəllif mövqeyi, müəllif üslubu nə qədər fəal, canlı olsa da, əsərin mövzusu, janrı, təhkiyəsi ümumilikdə dastana, onun metafizik formullarına, əbədi ritm və intonasiyasına çəkir. Ona görə də “qəhrəmanın doğuluşu” motivinin öz universal tipologiyası ilə poemaya daxil olması, prinsip etibarilə, “plagiat” deyil, əksinə, müəllifin mövzuya, onun klassik bədii həll texnologiyalarına bələdliyi, epik ənənəyə hörmətlə yanaşıb əməl etməsidir. Və onu da deməliyik ki, Yusif Nəğməkar aşıq sənətini dərindən duyan, bu sənətin ustalarından olan qələm adamıdır.
Növbəti “Ünaxar” Ələsgərin böyüməsindən, on dörd yaşa çatanda Kərbəlayı Qurbanın qızı Səhnəbanıya aşiq olmasından, saz çalıb söz qoşmasından danışır. “İlahi bir eşq ilə yaşayan” aşiqin daxili dünyasına, mənəvi- ruhi təkamülünə xüsusi diqqət yetirən şair təhkiyədən kənara çıxaraq bu məsələyə bir neçə ricət- dönərək həsr edir. Və Ələsgərin hər bir yeniyetməni sınağa çəkən insani eşqinin ilahi eşqə necə çevrildiyini əsaslandırır.
Bundan sonra gələn “Ünaxar”ın XIX əsrin ikinci yarısında Göyçədə, ümumən Qafqazda baş verən ictimai- siyasi hadisələrə, xüsusilə qaçaqçılıq hərəkatına həsr olunması həm də ona görə anlaşıqlıdır ki, böyük sənətkar həmin hadisələrə nəinki biganə qalmış, əksinə, dövrün qaçaq qəhrəmanlarını tərənnüm etməkdən belə çəkinməmişdir. Odur ki, poema müəllifi ustad sənətkarın yaradıcılığındakı istər “batini”, istərsə də “xarici” intibaların mahiyyətinə nüfuz etməyə çalışır. Və nəticə etibarilə, öz qəhrəmanını belə qiymətləndirir:
Ünvanlar yaşayır şərəf yeri tək,
Zaman əyarını bulub sənətdə.
Nizami, Füzuli zirvələritək
Ələsgər zirvəsi olub sənətdə.
Aşıq Ələsgərin yaradıcılıq tərcümeyi- halında ustadı Aşıq Alı ilə deyişib onu məğlub etməsi geniş yayıldığı qədər də çox müxtəlif söz- söhbətlərin mövzusu olan əhvalatdır. Yusif Nəğməkar bu əhvalatı poemada sadəcə xatırlatmaqla kifayətlənməmiş, eyni zamanda onu Ustadın hələ gənc yaşlarında keçirdiyi mənəvi- əxlaqi təkamülün səviyyəsini göstərmək baxımından çox yaxşı mənalandırmışdır. Ümumiyyətlə, Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi, bütün təfərrüatlarına rəğmən, son dərəcə anlamlı (və Azərbaycan aşıq sənətinin, sözün geniş mənasında, etikasını nümayiş etdirən) elə bir hadisədir ki, tamamilə təbii olaraq ona, “bir şəyird ki ustadına kəm baxa, onun gözlərinə ağ damar- damar” hikməti ilə nöqtə qoyulmuşdur.
Yusif Nəğməkar, artıq qeyd etdiyimiz kimi, aşıq sənətinə dərindən vaqif olduğuna görə, yeri gəldikcə, elə ricətlərə çıxır ki, bu, yalnız şairlik istedadının nəticəsi deyil, həmçinin sözügedən sahədəki peşəkarlığın göstəricisidir. Ən maraqlı ricət isə, heç şübhəsiz, “Köç gedir uşaqlığım” başlıqlı “Ünaxar”dır. Uşaqlıqda Göyçə, Kəlbəcər yaylaqlarına getdiyini xatırlayan şair həmin səfərlərdə Aşıq Ələsgərin kitabını da özü ilə apardığını, “hərdən də götürüb varaqladığın”ı yada salır:
Ozanlar qayaya, daşa ər demiş,
Öz adı- sanı var hər uca dağın.
...Kəkotu, qırxbuğum, çaşır, qantəpər-
Kim deyir seyr edən kəs dağı öyməz.
Zirvələr ruhuma məğrurluq səpər,
“Sərdara söz deməz, şaha baş əyməz”.
“Ələsgər zirvəsi” müəllifi “Koç gedir uşaqlığım”da, bir tərəfdən, Ustadla “polemika”ya girirsə, digər tərəfdən, özünün də təsadüfi şəyird olmadığını sübut etməyə çalışır. Sonrakı “Ünaxar”da isə Onun təkrarsız yaradıcı şəxsiyyətini tərənnüm etməklə yeni- yeni portretlərini yaradır:
“Şah”ı Allah, “dürr”, “gövhər”i Qurandı,
Sinəsi dağ, köksüaltı arandı.
Bir millətin əl açdığı “yar”andı,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
Ustadın qardaşı oğlu Növrəs İmana öyüd- nəsihət verməsi, ancaq bu od- alovlu gəncin tamamilə başqa bir dünyanın adamı olduğunu görüb onun gələcək taleyinə acıması həm Aşıq Ələsgərin, həm İmanın, həm də dövrün, zamanın xarakterinə gur işıq salır. Həmin epizod açıq- aydın göstərir ki, köhnə qaydalarla yaşaya bilməyən yeni nəsil tarix səhnəsinə çıxmaqda, öz çılğın təbiətləri ilə haqq- ədalət uğrunda mübarizə meydanına atılmaqdadırlar. XIX əsrin ortalarından etibarən daha da güclənən həmin ictimai- mənəvi intibanın yazılı ədəbiyyatda (Mirzə Fətəlidən Mirzə Cəlilə qədər) olduğu kimi xalq yaradıcılığında – aşıq ədəbiyyatında da özünəməxsus şəkildə əks olunması yaradıcılığın bu ikinci sahəsinin də nəsillərin dəyişməsinə, ümumən cəmiyyətdə baş verən təbəddülatlara həssas olduğunu göstərir.
Poema müəllifi inandırır ki, Ələsgər tarixi şəxsiyyət, dəyər olduğu qədər də bizim müasirimizdir. Ona görə də Dədə Ələsgər Ocağının yaradılmasını, haqlı olaraq, alqışlayır:
Yaradanın sayəsində,
Ulu ruh himayəsində.
Vurğunların qayəsində
Qalanacaq nar ocağı –
Dədə Ələsgər Ocağı.
“Son ün” Bakıda Aşıq Ələsgərə qoyulmuş abidədən danışır. Və “sənət ünvanı göylər” olan sənətkarın bu abidəsi “ruhun heykəli” adlandırılır.
Yusif Nəğməkarın əsərinin bir məziyyəti də odur ki, ustadın obrazı təkcə peşəkarlıqla yox, həm də sevgi ilə yaradılır. Əvvəldən axıra, “Ən ön ün”dən “Ən son ün”ə qədər müəllif bu sevginin izahından doymur. Və poemaya belə yekun vurur:
Ta Ələstdən “bəli”mizə büləndik,
Bələnmişəm ruhsal dolu sevgiyə.
Könül- könül, misra- misra ələndik,
Nöqtə qoymaq olmur ulu sevgiyə...
“Ələsgər zirvəsi” kitabında Dədə Ələsgərin yaradıcılığını tədqiq etmiş elm adamlarının, xüsusilə üç gənc ələsgərşünasın – Adilə Nəzərova, Hağdəli Keştəkli və Fəxrəddin Salimin mülahizələrinə geniş yer verilməsi mütəfəkkir sənətkarın “müdrik obrazını əhatəli təqdim etmək” istəyindən irəli gəlir. Ancaq həmin mülahizələrdə mübahisə doğuran məqamlar az deyil. Məsələn, Aşıq Ələsgərin dünyagörüşündəki metafizikanı tamamilə kənarda qoyub dialektikadan bəhs etmək, yaxud bugünə qədərki ələsgərşünaslıqdan imtina edib “Dədə Ələsgərin bütün yaradıcılığı gələcək nəsillər tərəfindən tamamilə başdan və yeni elmi metodlarla tədqiq edilməlidir” demək, yaxud da ustad sənətkarın dilində işlənən “elm” sözünü müasir anlamda başa düşmək etiraza səbəb olmaya bilməz... Başqa (və daha mühüm məqam, Ustadın yaradıcılıq metodunun müəyyən olunması ilə bağlıdır ki, bunu ən uğurlu şəkildə, görünür, nəvəsi İslam Ələsgərin sözləri aşkarlayır: “Aşıq Ələsgər böyük bir nasehdir. Onun yaradıcılığının əksər hissəsi oxucuya (dinləyiciyə) tərbiyəvi fikirlər aşılayır; neçə- neçə bəndi, onlarla beyti və misrası xalqın dilində atalar sözləri və zərb- məsəl hüququ qazanmışdır”.
Bununla belə, kitabda verilmiş (müəyyən mənada, sitat gətirilmiş) konkret müəllifli mülahizələr Aşıq Ələsgər haqqındakı poemanın elmi- nəzəri fonu olmaq funksiyasını, bütün mübahisəli tərəfləri ilə birlikdə, pis yerinə yetirmir. Hər şeydən əvvəl ona görə ki, bizim dövrümüz norma ilə anomaliyaların elə bir “vəhdət”inə əsaslanır ki, nəyin norma, nəyin anomaliya olduğunu hər dəfə yenidən sübut etmək lazım gəlir.
Və nəticə etibarilə demək mümkündür ki, Yusif Nəğməkar “Ələsgər zirvəsi” ilə mütəfəkkir sənətkara, sözün həqiqi mənasında, möhtəşəm bir poetik abidə ucaltmış, Ustadın təkrarsız yaradıcılığı (və şəxsiyyəti) barədəki təsəvvürlərimizi zənginləşdirmiş, onun dühasını tərənnüm etməklə ədəbi (və əbədi!) dəyərlərimizə ehtiramın parlaq olduğu qədər də səmimi bir örnəyini təqdim etmişdir.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Həyat və insan anlayışları bir ədəbiyyatsevərin baxışında
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Həyatı musiqi notları ilə izah edərdim. Pianinoda hər not dəyişəndə barmaqlar da sanki ritmlə hərəkət edir. Həyat da belədir. Həyatmız müxtəlif anlarda müxtəlif ritmlərdə ola bilir.
Həyat ritmlərimiz bəzən mənfi notlara da köklənir. Və keşməkeşli yollar bizi izləyir. Bu yollardan üzü ağ çıxıb daha da irəli baxmaq öz əlimizdədir.
İnsan yaradılmışların ən alisidir. İnsan düşüncəlidir, hissiyatlıdır,nitqlidir. Ancaq bizə verilən bu mükafat qədər dəyərli xüsusiyyətlərin hansının qədrini bilirik ki??
Düşüncəmiz ola-ola düşüncəsiz davranırıq, ən hissiyatlı olduğumuz halda qarşımızdakı insanlara qarşı insan kimi davranmırıq - ya onları insan kimi görmürük, ya da hissiyatmızı çoxdan itirmişik. Nitq də var bizdə, bəli. Ancaq nitqimizi cilovlaya da bilmirik. Qəlbimizin nümunəsi olan sözlərimizlə qəlb qırırıq, könül incidirik. Bəli, bu bizik. Bütün zənginliklərə sahib ola-ola kasıbıq.
Elə bu son hadisələrdə də biz bunu gördük. Bu təyyarə qəzasında dırnaqarası insanların neçə-neçə insanları ölümə məhkum etdiyinin şahidi olduq. Və başqa məsələlərin də şahidi olduq. Hələ də insanlığın var olduğunu gördük. Ancaq bəzi rəyləri oxuyandan sonra insanlığa yad kimlərinsə cəmiyyəti necə zəhərlədiyini də gördüm və hamımız gördük. Sanki rəylərdə hamı pilot oldu, hamı bələdçi oldu. Hətta bəziləri şəhid sevən oldu... İndi soruşsaq ki, hansı şəhidlərin hansı abidəsini bilirsən, hansı məzarını ziyarət etmisən, susar...
Məncə də belə olmalıdı, susmalıdır.
Amma tək bu mövzuda yox. Həm də başqalarının elm, siyasət, iqtisadiyyat, mədəniyyət sahəsinə aid olan mövzularına yersiz müdaxilə edəndə də beləkərini susmamağı özümüzə borc bilməliyik.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)