Super User

Super User

Среда, 09 Март 2022 09:30

Azərbaycan hekayələri Çexiyada nəşr olunub

 

XX əsr Azərbaycan ədəbiyyatının Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış yazıçılarının çex dilinə tərcümə edilmiş hekayələrinin toplandığı “Sarı gəlin” Azərbaycan hekayələri antologiyası kitabı Çexiyada işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, kitaba daxil edilən əsərlərin orijinaldan çex dilinə tərcümə müəllifləri tanınmış çex tərcüməçiləri İvana Bozdexova və Klara Xoulikovadır.

Praqanın zəngin ənənəli “Karolinum” nəşriyyatında çap olunmuş kitab akademik Nizami Cəfərovun çex dilinə tərcümə olunmuş “Ön söz”ü ilə təqdim olunur.

Nəfis tərtibatda nəşr edilmiş toplunun yaxın günlərdə Praqanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

 

İldə dörd dəfə görüşünüzə gələn “Qobustan” sənət toplusunun yaz nömrəsi çapdan çıxıb. Toplu 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində çıxdığı üçün sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib. Öz sahələrində ilklərə imza atmış XIX-XX əsrin qadın simaları da var topluda, müasir xanımlar da.

 

Yazıçı Təranə Vahid “Odla təmas və ya zərif qanadların uçuşu” məqaləsində sənətin müxtəlif yönlərində birinci olan xanımlardan yazır. 

Dərgi yazıçı Günel Anarqızının ad gününü Narıngül Nadirin məqaləsi ilə təbrik edir. 

Kəmalə Səlim Müslümqızı “Cənubi Azərbaycanın xatunu”ndan, Pərvin Etisamidən söz açır. 

Gənc filoloq Xumar Paşazadə Nurəngiz Gün haqda məqaləsində şairənin ömür və yaradıcılıq yoluna nəzər salır.

Sevilən aktrisa Zemfira Əbdülsəmədova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır. Humay Quliyevanın “Anam haqda dörd esse” silsiləsini dərginin baş redaktoru Pərvin “Uçmaq üçün” məqaləsi ilə təqdim edir. 

Sevinc Kərimzadə gənc və istedadlı vokalist xanım İslama Abdullayeva ilə söhbətinin təəssüratlarını bölüşür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli “Rəssam qadınlarımız” məqaləsində təsviri sənətimizdə izləri olan xanımlardan söz açır. 

Aysel Kərim “Yoxluğunu bilə-bilə” məqaləsi ilə bəstəkar Elza İbrahimovanın təkrarsız mahnılarından və kədərli həyat yoldan danışır. 

Aynur Hilali “Tarixdə türk qadını” essesi ilə Azərbaycan-türk xanımlarının xarakterinin tarixi köklərinə nəzər salır. 

Zülfiyyə Qəniyevanın "Qurama"sında fərqli qadınlar haqda kiçik, amma maraqlı faktlar yer.

“Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Qarabağ müharibəsi zamanı fədakarlıqlar göstərmiş Fulya Öztürkə həsr olunmuş “Fulya” filminə aid təəssüratlarını bölüşürlər.

Günün fotosu:

Avropa nüvə partlayışı vahiməsi içindədir

 

Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına bomba atması və orada yanğın törədilməsi artıq Avropanı təşvişə salıb. Belçikada apteklərdə vətəndaşlara ailəbaşına 10 qutu pulsuz yod paylayırlar. 

 

Foto: Euronews

 

Sumqayıtda fəaliyyət göstərən “Günəşim” kukla teatrı sabah balaca tamaşaçıları üçün gün ərzində 4 dəfə tamaşa təqdim edəcək. 

Saat 11-də “Balıqçı pişik” tamaşası Azərbaycan dilində, 13-də rus dilində oynanılacaq. 

Saat 15-də isə “Qırmızı papaq” Azərbaycan dilində, 17-də rus dilində oynanılacaq.

Balaca tamaşaçılar, “Günəşim” yolunuzu gözləyəcək!

 

Martın 5-də Heydər Əliyev Sarayında Azərbaycan muğam sənətinin, Qarabağ̆ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək.

“Şuşa İli” çərçivəsində baş tutacaq gecədə Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Mələkxanım Eyyubova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, Səbuhi İbayev, tanınmış̧ xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak edəcək. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.

Xatirə gecəsində xanəndənin repertuarında yer alan “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ̆ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olunacaq. Həmçinin Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng ceyran”, “Ay qara qız”, “Qızılgül” və sairə mahnıları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Biletləri sarayın kassasında və ya onlayn əldə edə bilərsiniz.

 

Məşhur “Batman” filminin yeni bölümünün ilk fraqmenti ötən həftə paylaşılmışdı. Robert Pattinsonun baş rolda oynadığı film dünən - martın 4-ü tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, filmdə Zoe Kraviz, Paul Dano, Ceffri Uric, Endi Serkis, Kolin Farel və Con Turturro yer alıb.

 

Bu il Böyük Britaniya üçün çox xüsusi bir ildir. Biz Azərbaycanla Britaniya arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edirik. İkitərəfli əlaqələrimiz çox güclüdür və əminəm ki, gələcəkdə daha da sıx olacaq.

AzərTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley VII Britaniya Film Festivalının açılışı zamanı jurnalistlərə müsahibəsində deyib.

Festivalın ilk günü “Hersoq” retro-komediyasının nümayiş olunduğunu deyən Barkley bildirib ki, filmdə baş rolu Cim Brodbent oynayır: “Aktyor “Harry Potter and the Half-Blood Prince” filmində professor Horace Sluqhorn rolunu möhtəşəm oynayıb. Mənim qızlarım bu filmi çox sevir. Düşünürəm ki, tanınmış kino tənqidçilərinin rəğbətini qazanan “Hersoq” tamaşaçılara xoş anlar bəxş edəcək”, - deyə Barkley əlavə edib.

Bildirib ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanında olacaq.

Суббота, 05 Март 2022 11:30

İlin qadın müğənnisi Oliviya Rodriqo olub

 

Nüfuzlu “Billboard Women in Music Awards” mükafatının builki qalibi müğənni Oliviya Rodriqo olub.

Olivia Isabelle Rodrigo amerikalı aktrisa, müğənni və bəstəkardır.

Digər nominasiyalarda qalibləri də təqdim edirik: Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi mükafatlandırılıb. 

O ki qaldı əvvəlki illərə, 2021-ci ildə mükafatlar heç kimə verilməyib. 2020-ci ildə isə əsas mükafatı amerikalı hip-hop sənətçisi Cardi B. qazanıb. Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.

 

İspan yazıçısı Maria Saragosa İdalqo “Alov kitabxanası” romanına görə İspaniyanın ən mühüm ədəbiyyat mükafatına - “Asorinin roman üçün mükafatı”na layiq görülüb. 

45 min avro məbləğində pul çeki və qızılı statuetkadan ibarət mükafat 1994-cü ildən təqdim olunur. 

Genoveva Vilar təxəllüsü ilə tanınan yazıçının romanında hadisələr müharibədən sonrakı dövrdə cərəyan edir. Süjetə görə kitabxananın gənc əməkdaşı vətəndaş müharibəsində qalib gələn tərəfin yandırmaq istədiyi kitabları qorumaq məsuliyyətini öz üzərinə götürür.

Yeri gəlmişkən, “Premio de Azorina romana” mükafatı ispan dilində yazılmış və çap olunmamış romanlara görə verilir.

 

Əlimdə bir qələm qırıldı, şair,

Bir şeir çatmadı mənzil başına...

Mən də dərd edirəm, soruşma nəyi,

Açıb-bükəmmirəm, bəzək vururam

Döydüyüm başımla səbir daşına...

 

Adını bilmirəm, bircə gülüm var,

Sulamaq yadımdan elə çıxır ha...

Son dəfə tökdüyüm bir ovuc sudan

Yarısı sıçradı şeirimin üstə...

Şeirim suya dönüb elə axır ha...

 

Adını söylədi son hekayəmin,

"Bacım da oxuyub..." - yaman sevindim...

Bulud gözlərimin, qar əllərimin

Sevinci çırpıldı ruhuma, şair,

Bacım: "Oxudum da... Unutdum..." - dedi... 

 

"Yazıçı günü"ymüş...

Yazıram, şair,

Bütöv xoşbəxtlikdi sonuncu abzas.

Di gəl, naşükürdü insan ürəyi...

Şeirlər yazılmır toy dəftərinə,

Hekayə oxumur bank işçiləri...

Bir esse boyuyla gülmür ofisiant,

Demir ki:" Cibimə iki misra bas."

 

...ah, şair, qələmim qırıldı, axı...

Daha şeirlərim yadımda qalar?

"Tanrı şəfa versin!" - təsəllisiylə

Canımda bir susmaz ağrı darıxır...

Bir gün bu ağrıya könül bağlayıb

Ölsəm, təsəllilər adımda qalar?

(2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.