Super User
Bakıda VII Britaniya Film Festivalının açılışı olub
Martın 3-də Nizami Kino Mərkəzində “British Council”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə VII Britaniya Film Festivalın açılış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, builki festivalda tanınmış kino tənqidçilərinin rəğbətini qazanan Britaniyanın ən yeni filmləri yer alıb.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva VII Britaniya Film Festivalına ev sahibliyi etdiyi üçün məmnunluğunu ifadə edib. Bildirib ki, festival çərçivəsində tamaşaçıları maraqlı sənədli və bədii filmlər gözləyir. O, festivalın proqramının zəngin olduğunu söyləyib. Bildirib ki, festivalda qlobal məsələlərə toxunan, beynəlxalq mükafatlar almış ekran əsərləri yer alıb.
Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley festivalın əhəmiyyətindən danışıb: “Mən çox şadam ki, biz bir daha Britaniya filmlərini Azərbaycana gətirməklə “British Council”a dəstək verə bildik. Bu, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin otuzuncu ildönümünü qeyd etmək üçün gözəl fürsətdir. Ümid edirəm, ətraf mühitin korlanması mövzusuna həsr olunan festivalda nümayiş edilən filmlər auditoriyanın marağına səbəb olacaq”.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo Azərbaycan auditoriyasına Britaniyanın ən son filmlərini gətirməkdən məmnun olduğunu vurğulayıb: “Məqsədimiz kinematoqrafiya təcrübəsini bölüşmək üçün bir daha kinosevərlərlə görüşməkdir. Bu ilin mövzusu tarixin həlledici məqamına təsadüf edir. Mövzu həm də bizi müzakirələr aparmağa, maariflənməyə və daha yaxşı gələcək naminə qlobal mübarizəyə qoşulmağa çağırır”.
Festivalın ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub.
Qeyd edək ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında olacaq.
Vüqar Əliyevin “Monteneqro - Adriatik sahilinin Incisi” kitabı işıq üzü görüb
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin “Monteneqro - Adriatik sahilinin Incisi” adlı kitabı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda müəllif tərəfindən son 10 il ərzində Azərbaycan və Monteneqro arasındakı siyasi, iqtisadi, mədəni, turizm, idman, səhiyyə, elm, təhsil, humanitar və gənclər siyasəti sahəsində bütün əlaqəlar haqqında mükəmməl şəkildə məlumatlar verilib və bu əlaqələrin yeni müstəvidə dinamik inkişafı ilə bağlı şərhlər dərc edilib.
Qeyd edək ki, Vüqar Əliyevin iki ölkə arasında əlaqələrin inkişafında müstəsna rolu vardır.
Portalımız adından onu “Monteneqro - Adriatik sahilinin Incisi” kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Günün Fotosu: Lavrovun BMT-də boykotu fotosu gündəmdən düşmür
Günün Fotosu:
Lavrovun BMT-də boykotu fotosu gündəmdən düşmür
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-də video çıxışının boykotu gündəmdən düşmür. Bu tarixi bir ittihamdır: Hamı zaldan çıxıb, qalanlarsa ona arxa çeviriblər.
Foto: Euronews
Bu gün Ümumdünya Yazıçılar Günüdür - İlk milyonçu, böyük ixtiraçı, dərzi, sabunbişirən, qazlarla gəzən, qaranlıqdan qorxan məşhur yazıçılar kimlər olub?
Cek London socialist idi, həm də tarixdə ilk olaraq milyon dollar qazanmış yazıçı idi.
Nikolay Qoqol əl tikişi üçün özündə hədsiz ehtiras hiss edirdi. Şarf və kəmərlər toxuyur, bacılarına libaslar tikir, yay boyunca nazik boyun örpəkləri tikirdi.
Mirzə Ələkbər Sabir sabun bişirib baqqal dükanında satırdı.
Aqata Kristi disqrafiyadan əziyyət çəkir, praktiki olaraq əl ilə yaza bilmirdi. Onun bütün məşhur romanları diktə etməklə yazılmışdı.
Fyodor Dostoyevski azartlı oyunlara meyl edirdi, dövrünün məşhur qumarbazı idi.
Edqar Allan Po bütün ömrü boyu qaranlıqdan qorxurdu.
Onore de Balzak isə həmişə qaranlıqda - cüzi şam işığının müşayiəti ilə yazırdı.
Mark Tven yaxşı ixtiraçı idi. Onun ixtiraları arasında jurnalistlər üçün vərəqləri qoparılan bloknot, sürüşmə rəfləri olan şkaf, həmçinin onun ixtiralarının ən dahiyanəsi - qalstukların bağlanması üçün maşın var idi.
Dikkensin qəribə xüsusiyyəti vardı, kabinetindəki stol və stulların hər hansının bir qarış yeri dəyişiləndə işləyə bilmirdi.
Lord Bayronun isə dörd sevimli ev qazı var idi ki, hər yerdə, hətta ictimai toplantılarda da onu izləyirdilər.
Bu gün Ümumdünya Yazıçılar Günüdür, belə bir günün təqvimə düşməsi 12-18 yanvar 1986-cı il tarixində keçirilən Beynəlxalq PEN-klubun 48-ci Konqresinin qərarı ilə rəsmiləşib, PEN-klub özü isə 1921-ci ildə yaradılıb və hazırda dünya yazarlarının ən nüfuzlu təşkilatıdır. Təşkilatın abreviaturasının açması bu cürdür: poets - şair, essayists – esse (oçerk) yazan, novelists – romançı. İngilis sözlərinin ilk hərflərindən yaradılan bu PEN qısaltması, qeyd etmək lazımdır ki, ingilis dilindən qələm kimi tərcümə edilən “pen” sözü ilə də üst-üstə düşür.
PEN-klubun yaradılması ideyası ingilis yazıçısı Ketrin Emi Douson-Skotta məxsusdur. PEN-klubun ilk prezidenti yazıçı Con Qolsuorsi olub. 1923-cü ildə Londonda PEN-klubun Birinci Beynəlxalq Konqresi keçirilib, o vaxt pen-mərkəzlər dünyanın 11 ölkəsində yaradılıb. Bu gün bu cür mərkəzlər 130 ölkədə fəaliyyət göstərir.
PEN-klubun Xartiyasında deyildiyi kimi, "PEN-klub hər bir ölkənin daxilində və bütün ölkələr arasında informasiya azadlığı prinsiplərini müdafiə edən Beynəlxalq yazıçılar birliyidir. Onun üzvləri öz mənsub olduqları ölkələrdə və cəmiyyətlərdə, eləcə də bütün dünyada, mümkün olduğu halda, söz azadlığının hər hansı şəkildə yatırılmasına qarşı çıxmağı öhdələrinə götürürlər. PEN klub söz və mətbuat azadlığının qorunması üçün çalışır və sülh dövründə senzuranın özbaşına tətbiqinə qarşı çıxış edir. PEN-klub hesab edir ki, bəşəriyyətin siyasi və iqtisadi təşkilatların daha yüksək formalarına doğru lazımi şəkildə irəliləməsi hökumətin, idarəetmə orqanlarının və siyasi institutların azad tənqidini tələb edir. Azadlıq könüllü təmkinlik nümayişini nəzərdə tutduğuna görə, PEN-klubun üzvləri saxta nəşrlər, qəsdən saxtalaşdırma, faktların təhrif edilməsi və ya siyasi, qrup və şəxsi məqsədlər naminə onların qərəzli, namuslu interpretasiyası kimi mənfi cəhətlərə qarşı çıxmağı öhdələrinə götürürlər”.
Bəli, bu gün yazarların günüdür. Qələmini hansısa hakimiyyətlərə və şəxslərə xidmət mənbəyinə çevirməyən, düzü düz, əyrini əyri yazan, xalqına və ədəbiyyata xidmət edən bütün vicdanlı yazarlara təbrik düşür!
Türk və erməni-tatar müğənnilər Rusiyanın hərbi təcavüzü əleyhinə Fələstində konsert verəcəklər
Ankaradakı Ukrayna səfirliyi Türkiyənin məşhur rok ifaçısı Haluk Leventə öz sosial media hesabı vasitəsi ilə müraciət edib.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, müraciətdə deyilir:
“Eurovision-2016" mahnı müsabiqəsinin qalibi, populyar Ukrayna müğənnisi Camala Rusiyanın davam edən hərbi təcavüzü səbəbindən iki uşağı ilə birgə Türkiyədə sığınacaq tapıb. Camala ilə birlikdə Ukrayna xalqı üçün xeyriyyə kampaniyamıza dəstək verən konsertdə sülh və azadlıq mahnılarını oxumaq istəmirsinizmi?"
Tvitterində səfirliyin müraciətinə cavab verən Haluk Levent isə yazıb: "Tamamilə! Məmnuniyyətlə! Bunu həm Ukrayna xalqı, həm də Yaxın Şərq xalqları üçün edək özü də. Konsertin yeri isə Fələstin olmalıdır. Mahnılar insanlar arasında fərq qoymaz. Mahnılar sərhəd dirəklərini görməz. Düşünürəm ki, bu konserti dinləmək hər kəs üçün xoş olacaq".
Xatırladaq ki, Ukrayna vətəndaşı Camalanın - Susanna Alimovna Cəmaləddinovanın atası tatar, anası ermənidir.
İclasda alt-üst əyləşən məmurların karikaturası
Həmyerlimiz, karikaturaçı-rəssam Soltan Soltanlı Quzey Kıbrısda keçirilən 9-cu Uluslararası Karikatura Yarışmasının finalına çıxıb, finalçısı kimi onun bir əsəri yarışmanın kataloquna daxil edilib.
Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsi anılıb
Beynəlxalq Muğam Mərkəzində şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Mərkəzdən AzərTAC-a bildirilib ki, gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatay yaradıcılığından, şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
Bildirilib ki, müəllifin ürəkləri riqqətə gətirən şeirləri, qəlbləri ovsunlayan nəğmələri ötən əsrin Azərbaycan ədəbiyyatı tarixində öz yerini tutur. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli sənət inciləri ilə zənginləşdirib. Tərcüməçi kimi Əlişir Nəvainin, Puşkinin, N.Nekrasovun, T.Şevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dillində həyat verməklə bədii tərcümənin qabil ustası kimi tanınıb.
Qeyd olunub ki, Ə.Ziyatay əsasən, nəğməkar şair kimi tanınırdı. Onun qəlb oxşayan mahnıları, incə qəzəlləri müğənnilərimizin, xanəndələrimizin sevə-sevə üz tutduğu ədəbi nümunələrdir.
Çıxışların sonunda şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə olan diqqətə görə təşkilatçılara minnətdarlığını ifadə edərək atası ilə bağlı xatirələrini bölüşüb.
Gecə bədii hissə ilə davam edib. Aktyorların ifasında şairin şeirləri və dillər əzbəri olan mahnılar səsləndirilib. Konsert proqramında Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, müğənnilər Rövşən Əziz, Sədəf Budaqova, Səbinə Ərəbli, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Vüsal Hacıyev və Gülzar Fərəcova çıxış ediblər. İfaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.
Bakıda rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “FantazEU” mədəni irs festivalı çərçivəsində Bakıda gənc xalçaçı-rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb.
AzərTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov və festivalın kuratoru Sona Quliyeva çıxış ediblər. Onlar qeyd ediblər ki, festivalın əsas məqsədi Avropa mədəni irsini təbliğ etmək, Azərbaycanın mədəni müxtəlifliyini populyarlaşdırmaqdır. Vurğulanıb ki, belə festivallar Avropa ilə Azərbaycan arasında möhkəm tərəfdaşlığın inkişafına kömək edəcək.
Sərgidə Fəridə Qarayevanın 14 əsəri nümayiş etdirilib. Rəssam öz əl işlərində xovsuz xalça (palaz, kilim, şəddə kimi növlər) texnikasından istifadə edib. Qeyd etmək yerinə düşər ki, Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini xalçaçı-rəssam ixtisası üzrə bitirib. O, müxtəlif kollektiv sərgilərdə, plener və festivallarda fəal iştirak edib.
Qeyd edək ki, “FantazEU” festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin 2018-ci ildən bəri keçirdiyi “Fantaziya” mədəni irs festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda Avropa və Şərq memarlığı üslubunda tikilmiş “Fantaziya” hamamının adından götürüb.
“Akvarel təəssüratları” adlı satış sərgisi açılıb
Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisinin açılışı olub.
Mərkəzdən AzərTAC-a bildirilib ki, sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə hazırlanıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Razi Nurullayev, Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin həmsədri Səbinə İskəndər və Xətai Sənət Mərkəzinin direktoru çıxış edərək rəssamların yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.
Bildirilib ki, sərgi ölkəmizdə suluboya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr edilib. Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunub.
Sərgidə 20-yə yaxın əsər satılıb.
Əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub və sərginin elektron kataloqu hazırlanıb.
Musiqi məktəbinin şagirdləri Üzeyir Hacıbəylinin ev-muzeyində konsert verib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi Üzeyir Hacıbəylinin ev-muzeyində konsert proqramı təqdim edib.
Baş İdarədən bildirilib ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Daha sonra konsertdə məktəbin violonçel ixtisası üzrə müəllimi Nərminə Qədirovanın şagirdlərinin ifaları dinlənilib.