Super User

Super User

 

Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə töhfə kimi “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi tərəfindən nəşrə hazırlanan və Alik Məmmədovun maddi dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab “Ələsgər çağırdım, Ələsgər dedim” Kitabda Xalq şairinin müxtəlif illərdə Aşıq Ələsgərə həsr etdiyi şeirlər və iki poema yer alıb. 

Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri və “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu, məsləhətçi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, rəyçi isə Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıdır.

 

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində oxucular maraqlı mövzularla tanış ola biləcəklər. 

Belə ki, jurnalın rubrikalarında Sara Nəzirlinin “Ehtiraslı gecə” hekayəsi, Rut Cabvalanın “İsti və toz” romanı”, Rollan Seysenbayevin essesi və Oljas Süleymenovun şeirləri, Anatoli Kimin “Neustroyevin qoxusu” hekayəsi, Somerset Moemin “Cənab Çoxbilmiş” hekayəsi, Edqar Allan Ponun “Məşhurluq”, Nikolay Leskovun “Xırda xəta”, “Nihilistlə səyahət” hekayələri və Marlen Ditrixin “Ürəkdən gələn sözlər”i yer alıb. Bundan başqa, oxucular jurnalın budəfəki nömrəsində V.M.Mayakovskinin məktubları, Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanı, “Tövrat”, Karel Çapekin “Ağ xəstəlik” pyesi, “Həyat və kino gündəlikləri” və digər əsərlər ilə tanış ola biləcəklər.

 

10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı sərgi nümayiş olunacaq.

Teatrdan AZƏRTAC- a bildirilib ki, ölkəmizdə peşəkar teatrın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.

Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş peşəkar rəssamların - Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədovanın, eyni zamanda, Validə Ümman və Vusal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.

112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrın sərgisində, həmçinin teatrın tarixini özündə əks etdirən lövhə, teatrın maketi, retro səhnə əsərlərinin afişaları, korifey sənətkarların oynadığı tamaşalardan fotoşəkillər, yaradıcı heyətin müxtəlif beynəlxalq tədbirlərdə aldıqları mükafatlar da sərgilənəcək.

Qeyd edək ki, martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs sərgini izləyə biləcək.

 

 “Ədəbiyyat və incəsənət” portalı oxucularına Polşa şairəsi olan Halina Posviatovskanın şeirlərini təqdim edir.  Halina Posviatovska (1935 -1967) çox qısa ömür yaşasa da gözəl lirik şeirlər ortaya qoyub. Şeirlərinin əsas motivi sevgi və ölümdür. Onun ayrıca aforizmləri də şox sevilir. Dünyaya ürək xəstəliyi ilə göz açan, erkən nikaha girən və cəmi 21 yaşında dul qalan, 23 yaşında ağır ürək əməliyyatı keçirən və bütün ömrü boyu ölümünü gözləyən şairə sağlığında 4 kitabının sevincini yaşayıb. Öləndən sonra çoxlu çap edilməmiş şeirləri, eləcə də “Dostum üçün hekayət” adlı avtobioqrafik povesti şap olunub.

 

 

Səndən yazmaq istəyirəm

 

Səndən yazmaq istəyirəm

Adından bir sığınacaq yapam

Qırılmış budaqlar üçün

Donmuş gilas ağacı üçün.

Dodaqlarından

Ki ayparanı xatırladır.

Kirpiklərindən

Ki aldadaraq qaranı xatırladır.

İstəyirəm barmaqlarımı

Saçlarında rəqs etdirəm

Boğazındaki sümüyə toxunam.

Toxunam səssizcə səsli yerinə,

O yerə ki ürək dodaqlarının sözünə baxmır!

İstəyirəm sənin adını birləşdirəm

ulduzlarla

qanla

ki yanında yox

içində olam...

gecənin dənizində qeyb olmuş

yağışdan bir damcı kimi

yox olmaq istəyirəm...

 

 

Məni adımla səslə

 

Məni adımla səslə

Ki sənə sarı gəlim,

Ey canımda olanım!

 

Məni adımla səslə

Soruşma ki,

adım bir quşmu

göy üzündə?

Ya da bir kol

Ki kök salıbdır torpağa caynağıyla

Və boyayır qan rənginə 

Göy üzünü.

 

Sorma

Ki nədir adım

Özüm də bilmirəm...

 

Axtarıram,

Adımı axtarıram.

Bilirəm əgər eşitsəm adımı

Dünyanın harasında olsam

Cəhənnəmin dibində belə

Tapıb gələcəm...

 

Diz çökürəm qarşında

Və yorğun başımı

Sənin əllərinə tapışırıram.

 

 

Mən öləndə…

 

Sevgili!

Günəşi tərk edəcəm

mən öləndə

Hündür kədərli canlıya dönəcəm

Qucağına alıb basacaqsanmı bağrına?

Saracaqsanmı qollarını kəmərimə?

Dəyişəcəksənmi qəddar taleyin sonunu?

Səni düşünürəm gahdan

Sənə yazıram gahdan

Sevgiylə, gülümsəməylə dolu boş məktubları

Gizlədirəm odların içində.

Odlar daha da alovlanır,

Sevgili!

Alovlara gözümü dikdikcə

Fağırlaşıram.

Sevgidən susuz olan ürəyimin sonunun 

necə olacağından gərək qorxummu?

Amma sənin mərhəmətin yox ki

bu bumbuz,

qaranlıq dünyada

Tək tənha ölürəm!

 

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında kitabxana və nəşriyyat işi sahələrində geniş şəkildə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsinə başlanılıb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbul şəhərində təşkil olunan İstanbul Beynəlxalq Naşirlər Həftəsi və kitabxana işi üzrə təlimlərə qatılıb.

Nümayəndə heyəti 2022-ci ilin 6 mart tarixində təşkil olunan Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan xalq kitabxanalarının fəaliyyətinə dair təlimlərdə iştirak etmişdi. Xalq kitabxanalarında tətbiq olunan təsnifləşdirmə və indeksləşdirmə sistemləri ilə tanış olunmuş, UOT (Universal Onluq Təsnifatı), KBT (Kitabxana Biblioqrafiya Təsnifatı) mövzularında fikir mübadiləsi aparılmış, iki ölkə arasında kitabxana işi üzrə sistemlərin eyniləşdirilməsi perspektivləri müzakirə edilmişdir.

Nümayəndə heyəti 7 mart 2022-ci ildə təşkil olunan Naşirlərin Fikir Maratonu (Ideathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının açılış mərasimlərində iştirak etmiş və keçirilən  tədbirlərin formatı və iş prinsipi ilə tanış olmuşdur.

İstanbul Beynəlxalq Naşirlər Həftəsində kitabxana və nəşriyyat işi üzrə 72 ölkədən 332, Türkiyə Respublikasından isə 223 iştirakçı təmsil olunur.

9 mart 2022-ci il tarixində Granda Cavahir Oteldə Naşirlərin Fikir Maratonunun (Ideathon) qaliblərinin mükafatlandırma mərasimi keçiriblər.

Kitabxana və nəşriyyat işi üzrə təlimlər və tərcrübə mübadiləsi mart ayının 13-dək davam edəcək.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin Kitab sənayesi şöbəsinin Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, həmin şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakov daxildir.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq bu gün - 10 mart – Milli Teatr Günündə, həmçinin 13 və 27 martda “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək. 

2019-cu ilin noyabrından Akademik Musiqili Teatrın repertuarına daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

Fransalı yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin Rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edirlər.

Четверг, 10 Март 2022 09:30

Bu gün Milli Teatr Günüdür

 

Bu gün Milli Teatr Günüdür və bu gün öz tarixini Azərbaycanda oynanılan ilk tamaşadan götürür.

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. 

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden gəlib Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı. 

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti olduğunu da xüsusi qeyd etmək lazımdır. O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, daha sonralar Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyli qardaşlarının da böyük əməyi olmuşdur.

AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-unun - Azərbaycan milli teatrının əsası qoyulan günün teatrsevərlər Milli Teatr Günü kimi qeyd edilməsi əlbəttə ki, ədalətli qərardır.

“Ədəbiyyat və incəsənət” portalı adından bütün teatr xadimlərini və teatrsevərləri səmimi qəlbdən təbrik edirik. 

 

 

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə ilk təqdimat qala-şəhərimizin poeziya mühitinə həsr olunub.

Azərbaycan ədəbiyyatının çox tanınmış simaları Şuşada doğulub boya-başa çatıb, yaxud da həyat və fəaliyyətlərinin müəyyən dövrü bu şəhərlə bağlı olub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətlərin adı Şuşa ilə qoşa çəkilir.

Azərbaycan ədəbiyyatında realist şeirin əsası M.P.Vaqif tərəfindən qoyulub. Xalq şeirinin ustadlarından olan şair milli ədəbiyyatın yеni istiqamətdə inkişafında mühüm rol oynayıb. Sonralar xalq şeiri Qasım bəy Zakir, Abdulla bəy Asi, Baba bəy Şakir, Abdulla Canızadə və başqaları tərəfindən inkişaf etdirilib, tənqidi realizmin üfüqləri genişlənib...

Şuşa ədəbi mühitində klassik ədəbi ənənələr də uğurla davam etdirilib. XIX əsrdə Şuşa ədəbi məclisləri divan ədəbiyyatını yaşatmaqla yanaşı, özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələrlə fərqlənib. Qarabağ xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan Nəva 1829-cu ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər təşkil edib. Sonrakı illərdə Xurşidbanu Natəvanın “Məclisi-üns” (“Dostluq məclisi”, 1864) və Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”, 1872) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyatı tarixində məclis mədəniyyətinin əsas mərkəzlərindən biri kimi məşhur olub.

Dövrünün mühüm ədəbi birlikləri olan bu ədəbi məclislər həm də bir şeir-sənət məktəbi missiyasını yerinə yetirib. Poetik məclislərdə ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmləndirilir və gələcək nəsillərə ötürülürdü. Ədəbi məclis təmsilçilərinin xalq şeiri tərzində yazmasına əhəmiyyət verən böyük maarifçi və mətbuat xadimi Həsən bəy Zərdabi onlara bu tip şeirləri aşıqlara verməyi, xalq şənliklərində oxutmağı, xalqı maarifləndirməyi tövsiyə etmişdi. Bu isə xalq ilə ziyalı və şairlərin ünsiyyətini artırır, cəmiyyətdə maariflənmənin təşkilinə yol açırdı. Məclis yığıncaqlarında yazılan şeirlərin müzakirəsi, forma-məzmun xüsusiyyətlərinin dəyərləndirilməsi ədəbi tənqid və ədəbi prosesin inkişafına öz müsbət təsirini göstərirdi.

“Məclisi-üns”də Mirzə Rəhim Fəna, Xurşidbanu Natəvan, Mirzə Sadıq Piran, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Məhəmmədəli bəy Məxfi, Mehdiqulu xan Vəfa və başqaları iştirak edirdilər.

Mir Möhsün Nəvvabın evində fəaliyyət göstərən "Məclisi-fəramuşan"da isə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları təmsil olunurdu.

Qeyd edək ki, həmin dövrdə Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən ədəbi məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışır, ədəbi prosesdəki yeniliklərdən xəbərdar olurdular.

Ədəbi yığıncaqlar həm də musiqi məclisi idi və burada söz, şeirlər yanaşı muğam sənətinin yaşadılması, təbliği diqqətdə saxlanılırdı. Tarzən və xanəndələr Sadıqcan, Hacı Hüsü, Məşədi İsi, Keştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqaları ədəbi məclislərdə fəal iştirak edirdilər. İncəsənətin fərqli növlərini əlaqəli formada təqdim edən Şuşa ədəbi məclisləri eyni zamanda rəssamlıq, xəttatlıq fəaliyyətini də mərkəzləşdirən mədəniyyət ocaqları idi.

Bütövlükdə Şuşanın necə bir ədəbiyyat və mədəniyyət mərkəzi olmasını, mədəni inkişafa verdiyi töhfələri elə şəhərdəki ədəbi məclislərin fəaliyyəti nümunəsində də görmək mümkündür.

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatr və kino aktrisası, Əməkdar artist Sona Mikayılovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq təbriklərini çatdırıb. 

Muzeyin elmi katibi Aytən Məmmədova aktrisanın sənət fəaliyyətindən ətraflı söhbət açıb.

Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru İslam Həsənov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Dövlət “Yuğ” Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov, rejissor Gümrah Ömər, Əməkdar artist Gülşad Baxşiyeva, Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Gülzar Qurbanova və başqaları aktrisanı doğum günü münasibətilə təbrik edib və onunla bağlı ürək sözlərini bölüşüblər. Təbriklərə, eyni zamanda Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Hümbətova da qoşulub.

Tədbir çərçivəsində S. Mikayılovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Həmçinin aktrisanın oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər göstərilib. 

Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kollecinin tələbəsi Məryəm Babayeva musiqi nömrələri ilə çıxış edib.

 

Türkiyənin məşhur layihəsi olan "Türkiye Exclusive Ödülleri 2022"nin Bakıda təqdimat mərasimi keçirilib.

“Avand Production" və "Oya Ulucan Event"in birgə təşkilatçılığı ilə baş tutan mükafatlandırma gecəsində il ərzində fərqlənən, fəaliyyəti ilə yaddaqalan müxtəlif peşə sahibləri, o cümlədən mədəniyyət xadimləri təltif olunublar.

“Türkiye Exclusive Ödülleri 2022” mükafatına layiq görülənlər arasında Xalq artistləri Mələkxanım Əyyubova, Məleykə Əsədova, Əməkdar artistlər Aybəniz Haşımova, Fərqanə Qasımova, Elza Seyidcahan, Gülüstan Əliyeva və başqaları yer alıblar.

Layihənin beynəlxalq direktoru Oya Ulucan, Azərbaycan üzrə direktoru "Avand Production"ın rəhbəri Ayaz Məmmədovdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.