Super User
Müasir İncəsənət Muzeyində Binnur Ersayın fərdi sərgisi açılıb
Müasir İncəsənət Muzeyində türk rəssamı və dekorativ tətbiqi sənət ustası Binnur Ersayın “Qarabağ atları” mövzusunda fərdi sərgisi açılıb.
AzərTAC xəbər verir ki, sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunub.
Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, sərgi tematik xarakterlidir və qardaş ölkənin istedadlı yeni nəsil sənətçisinin Azərbaycana, tarixi Zəfərimizə necə könül verməsinin parlaq təcəssümüdür.
Sərginin təşəbbüskarlarından Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək, Binnur Ersayın Türkiyə-Azərbaycan münasibətlərinə önəmli sənət töhfəsi verdiyini, Azərbaycan mədəniyyətində xüsusi rol oynayan Qarabağ atları ilə bağlı ilk sərgini uğurla təşkil etdiyini söyləyib.
Qənirə Paşayeva Türkiyə dövlətinin qurucusu, dahi Atatürkün sözlərini xatırlayaraq bildirib ki, deputat olmaq olar, ancaq sənətçi olmaq üçün istedad vacibdir: "Binnur xanım Qarabağ atlarını o qədər gözəl təsvir edib ki, tablolarda Qarabağın ruhu əks olunub". O, rəssama Qarabağ atlarını dünyada təbliğ etdiyi üçün təşəkkürünü bildirib. Rəsmlərin Şuşa başda olmaqla, işğaldan azad olunmuş digər şəhər və rayonlardakı muzeylərdə saxlanılacağını söyləyib.
Bu vaxta qədər Azərbaycanda Qarabağ atları mövzusuna toxunulmadığını deyən Qənirə Paşayeva Binnur Ersayın Azərbaycan Rəssamlar İttifaqına üzv olunması təklifini irəli sürüb.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev rəsm sənətini dünyanın birinci möcüzəsi adlandırıb. Bildirib ki, insanlar ilk dəfə olaraq gördüyünü, düşündüyünü rəsmlərdə əks etdirib və Qarabağ atları bu möcüzənin davamıdır. Sərginin, eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının bir rəmzi olduğunu vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın peşəkarlığından söz açıb: “Atın gözlərini ifadə etmək ən çətin işlərdən biridir. Ancaq Binnur Ersay bu gözləri ustalıqla kətan parça üzərinə köçürüb”.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva 30 il ərzində ermənilərin törətdiyi cinayətlərdən, müharibə zamanı flora və faunaya dəyən ziyandan və bunun fonunda Qarabağ atlarının məhv olma təhlükəsindən danışıb.
Bildirilib ki, Qarabağ atları mövzusu çox yerinə düşür. Çünki, Qarabağ atları vətənimizin bir simvoludur. Türkiyə bizimlə bu mübarizəni yaşayıb, bu gün isə Binnur Ersayın timsalında bizə belə bir sevinc bəxş edir.
Binnur Ersay çıxış edərək, təşkilatçılara, sərgiyə maraq göstərən sənətsevərlərə təşəkkür edib, rəsmlərlə bağlı fikrini bölüşüb: “Uzun bir pandemiya dövrü yaşadıq. Bütün dünya evdə oturduğu zaman Azərbaycan böyük bir qələbəyə imza atdı. Türkiyə də bu mübarizədə qardaş Azərbaycana mənəvi dəstək olaraq, "Qarabağ Azərbaycandır!" sözlərini deməkdən yorulmadı. Rəssam olduğum üçün Qarabağ atlarını çəkməyi düşündüm. Daxilimdəki coşqu, sevgi, kədər, sevinc - bütün bunlar çəkdiyim rəsmlərə hopduruldu, onlar da sanki daxilimdə baş verənləri yaşadılar”.
Sonda rəssama qızıl gül buketi və kəlağayı hədiyyə olunub, xatirə fotosu çəkilib.
Sərgi mart ayının sonuna qədər davam edəcək.
Günün fotosu: Vaşinqton Ukraynanın bayraqlarına bürünüb
Günün fotosu: Vaşinqton Ukraynanın bayraqlarına bürünüb
ABŞ-ın və Latviyanın baş şəhərləri Vaşinqton və Riqa Ukraynanın göy-sarı bayraqlarına bürünüb.
Bura Vaşinqtondur.
Foto: Euronews
Moskvada Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib
Moskvada müasir Azərbaycan mədəniyyətinin və kinosunun görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilib.
Mərasim Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində təşkil olunub.
Görkəmli soydaşımız, məşhur incəsənət xadimi ilə vidalaşmağa gələnlər arasında mərhumun qohumları, dostları və yaxınları, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri olub.
Sabah Akademik Milli Dram Teatrında premyera olacaq
Martın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın premyerası keçiriləcək.
Tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.
Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Tamaşada baş rollarda Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Səhnə əsərində həmçinin aktyorlar Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Ləman İmanova, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıb.
Şəkildə: “Filumena Marturano”ya çəkilmiş ilk filmin tarixi afişası
Rəsm qalereyası: Nazilə Fərzullayeva, “Təbiət lövhəsi”
Günün fotosu: Ruslar hücumu genişləndirir, kiyevlilər səngər qazırlar
Günün fotosu: Ruslar hücumu genişləndirir, kiyevlilər səngər qazırlar
Rusiya ordusu hücumu genişləndirərək Ukraynanın mərkəzindəki Dnepr şəhərini hədəf seçib, uşaq bağçası, yaşayış evləri, ayaqqabı fabriki bombalanıb.
Kiyevlilər şəhərin ətrafında səngərlər qazırlar.
Foto: Euronews
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinə dəyərli töhfə
Martın 11-də “LIBRAFF” kitab mağazasında “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı tədqiqat kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, BP-nin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, alimlər, Nizaminin ədəbi və fəlsəfi irsinin tədqiqatçıları iştirak ediblər.
BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının moderatorluğu ilə keçirilən tədbirdə şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək dahi şairin yaradıcılığından söz açıb: “Nizami Gəncəvi elə bir dühadır ki, gələcək nəsillər də onun misilsiz poetik və fəlsəfi irsini araşdırmağa davam edəcək. Nizaminin poeziya xəzinəsinin tədqiqinə bizim də kiçik töhfəmizin olmasından çox məmnunuq. Nizami, eyni zamanda, Şərqin ən böyük mütəfəkkirlərindən biridir və kitabda toplanmış yazılardan və mülahizələrdən də görünür ki, onun dərin fəlsəfi irsi həmişə elə şeirləri qədər yüksək tutulub. Azərbaycanın görkəmli dövlət xadimi və şairi Abbasqulu ağa Bakıxanov Nizami haqqında yazısında belə deyib: “Onun böyüklüyünü və fəzilətlərini söyləməkdən dil acizdir”. Bundan da mükəmməl və dəqiq söyləmək mümkün deyil”.
Şairin yaradıcılığının özünəməxsusluğundan danışan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov kitabı Nizaminin oxucuları, tədqiqatçıları və bütün pərəstişkarları üçün dəyərli bir töhfə adlandırıb. O, Nizami irsinin sadəcə ədəbiyyat deyil, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib.
Kitabın tərtibçisi və nəşrə hazırlayan professor Nəsiman Yaqublu bildirib ki, 564 səhifəlik nəfis nəşrdə Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış və unudulmuş fikirlər, yazılmış məqalələr və elmi araşdırma mətnləri toplanıb.
Tədbirdə şairin yaradıcılığına həsr olunmuş musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, kitab BP-nin dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə çap olunub.
Əfsanəvi “Rolling Stones” qrupu Avropa turnesinə hazırlaşır
Böyük Britaniyanın dünyaşöhrətli
“Rolling Stones” (tərcüməsi fırlanan daşlar) qrupu Avropada qastrol səfərinə çıxacağını təsdiqləyib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən məlumat verir.
Bu məlumat Britaniya qrupunun rəsmi twiter profilində yerləşdirilən videoda yayılıb. Qastrolun adı, tarixləri və yeri barədə məlumat verilməsə də videoda Madrid, Milan, Paris, Münhen, Amsterdam və London şəhərlərinin təsvirlərini görmək olar, bu da qastrolun məhz həmin məkanlarda baş tutacağı anlamına gətirir.
Xatırladaq ki, 1962-ci ildə yaranmış əfsanəvi “Rolling Stones” qrupu 2010-cu ildə vida konserti versə belə 2019-cu ildə yenidən səhnəyə qayıtmışdır. Qoca babalardan ən gənci olan Ronni Vudun hazırda 75 yaşı var.
Moskva Beynəlxalq Kinofestivalı təxirə salınıb
Aprelin 21-dən 28-nə qədər keçirilməli olan 44-cü Beynəlxalq Moskva Kinofestivalı təxirə salınaraq ilin ikinci yarısına keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
“Müharibə” kəlməsinin işlədilməsi qadağan olunduğu səbəbindən xəbərçilər məlumatı bu cür əsaslandırıblar:
“Cari şərait xarici kinomatoqrafların ölkəmizə gəlmələrini mümkünsüz edir”.
Marina Svetayevanın əlyazmaları, Lev Tolstoyun nadir kitabları, İosif Brodskinin çəkdiyi rəsm Litfond hərracında satılıb
Tanınmış rus şairəsi Marina Svetayevanın "Qədimi dumanlara sevgi" silsiləsindən olan beş şeirinin əlyazması cümə axşamı 1.4 milyon rubla hərracda satılıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə günü "Litfond" hərrac evinin mətbuat xidməti məlumat yayıb.
"Martın 11-də Moskvada, Litfondda keçirilən hərracda Svetayevanın milyonluq başlanğıc dərəcəsi ilə qiymətləndirilmiş əlyazmaları 1 400 000 rubla alınıb", - deyə məlumatda bildirilir.
Satılan əlyazmanın 1917-ci ilin avqustuna aid olduğu bildirilir. "Ekspertlərin fikrincə, bu, həmin şeir silsiləsinin “doğum" vaxtıdır. Əlyazmaları hərraca Mariya Samoylovnanın - dövrünün tanınmış naşirinin, rus mühacirəti mədəniyyət xadiminin arxivindən gəlib. Dedikcə dəyərli artefaktdır, xüsusən pulun dəyərdən düşdüyü, müharibənin maddiyyata ciddi zərbələr vurduğu hazırkı dönəmdə bu mirasın azı on dəfə artıq dəyəri var.
Bundan əlavə, hərracda 380 min rubla Lev Tolstoyun 1911-ci ildə çap olunmuş 20 cildliyi satılıb. Nəzərə alın ki, antikvariat hesab olunan bu nadir nəşrin realda qiyməti dedikcə bahadır.
Hərracda dahi şair İosif Brodskinin diyircəkli qələmlə çəkdiyi fəlsəfi "Pravoslavlıq haqqında Klementyevsk döngəsində Mixail Ardov ilə söhbət" rəsmi də satılıb, onun yekun dəyəri 180 min rubl olub. Rus rəssamı Viktor Vasnetsovun yeganə nəsr əsəri - 1914-cü ildə qızına avtoqrafla hədiyyə etdiyi “Sualtı reallıq” hekayəsi 100 min rubl müqabilində satılıb.
Həmçinin, hərracda Aleksey Batalovun Parisdə "Qaçış" filminin çəkilişi zamanı Marsel Marsonun tövsiyəsi ilə aldığı gödəkçə 40 min rubla satılıb.
Müharibə Rusiyada hər cəhətdən öz təsirini göstərməkdədir. Nə demək olar.